Super User
Bakı koloriti başqırd kətanında
Könül, “Ədəbiyyat və incəsənət”
Hər bir rəssamın uğur yolunu onun mənsub olduğu xalqın mədəniyyət zənginliyi şərtləndirir. Bu, boğazdan yuxarı sözlər deyil, reallıqdır. Dahi rəssam Toğrul Nərimanbəyovun bütün yaradıcılığı xalqımızın milli-mənəvi-mifik təfəkkürü müstəvisində formalaşmayıbmı? Mən istedadlı və çox bəyəndiyim rəssam Eldar Babazadə barədə danışanda onu məhz Toğrul Nərimanbəyov məktəbinin davamçısı hesab edirəm.
İyulun 18-28-də Rusiya Federasiyasının Başkortostan Respublikasında “Tura-xan” etnik-bədii simpoziumu keçiriləcək, Eldar Babazadə də simpoziumda iştirak etmək üçün dəvət alıb. Demək, “Köhnə Bakı”, “Bakı”, “Natürmort”, “Etnik mənzərə” kimi milli koloritli tablokarı ilə Azərbaycanımızı qardaş türk respublikasında təmsil edəcək.
Eldar Babazadə simpozium çərçivəsində xalq adət-ənənələri mövzusunda öz eskizlərini təqdim edəcək. Rəssamın iştirakı xalqlar arasında mədəni dialoqun inkişafına və Azərbaycan incəsənətinin beynəlxalq aləmdə populyarlaşmasına töhfə olacaq.
Simpozium ənənəvi təsviri sənət növlərinin aktuallaşdırılması və Avrasiya Köçəri Sivilizasiyalar Muzeyinin yaradılması mövzularına həsr olunub.
Rəssamın açıqlamasına görə, “Tura-xan” etnik-bədii simpoziumu Rusiya Federasiyası Başkortostan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəni İrsin Daşınmaz Əmlak Obyektlərinin Mühafizəsi və İstifadəsi üzrə Elmi-İstehsalat Mərkəzi və “Şulqan-Taş mağarası” Tarix-Mədəniyyət Muzey-Qoruğunun dəstəyi ilə “Avrasiya Köçəri Sivilizasiyalar Muzeyi” qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunur.
Yaradıcılığında etnik və folklor mövzularına toxunan peşəkar rəssamlar üçün maraqlı olacaq bu simpozium mühüm cazibə mərkəzləri olan Tura-xan məqbərəsində və Şulgan-Taş mağarasında keçiriləcək. Avrasiyanın coğrafi mərkəzi olan Başkortostan regionun zəngin mədəni irsini və adət-ənənələrini nümayiş etdirərək, həmçinin dünyanın hər yerindən iştirakçıları qəbul etməyə hazırdır.
“Tura-xan” etnik-bədii simpoziumu Avrasiyanın köçəri xalqlarının incəsənətini və mədəni irsini təbliğ etmək məqsədi daşıyan illik tədbirdir.
Rəssamımızın simpoziumda iştirakını “Arts Council Azerbaijan” təşkilatı reallaşdıracaq. Bu təşkilat Azərbaycanın müasir və ənənəvi incəsənətinin beynəlxalq arenada dəstəklənməsi, onun təbliği ilə məşğul olan aparıcı təşkilatdır.
Bu gün portalımızın Rəsm qalereyasında da Eldar Babazadənin bir rəsm əsəsrini yerləşdirmişik. “Köhnə Bakı” adlı rəsm zövqünüzü oxşayacaq.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
Rəsm qalereyası: Eldar Babazadə, “Köhnə Bakı”
Gənclər Kitabxanasında Abbasqulu ağa Bakıxanovun 230 illiyi münasibətilə məlumat bazası hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası XIX yüzilliyin birinci yarısında Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafında özünəməxsus şərəfli yer tutan, görkəmli Azərbaycan şairi, yazıçısı və tərcüməçisi Abbasqulu ağa Bakıxanovun 230 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlayıb.
Kitabxanadan “Ədəbiyyat və incəsənət” portalına verilən xəbərə görə, məlumat bazasında şairin çoxcəhətli bədii və elmi yaradıcılığı haqqında geniş məlumat verilərək Bakıxanovun dövrünün ən yaxşı bibliofillərindən, tarixçilərindən biri olduğu bildirilir.
Həmçinin burda ədib haqqında qələmə alınan “Abbasqulu ağa Bakıxanov gəmisinin əbədi səfəri”, “İdrak və əbədiyyət yolunun yolçusu”, “Abbasqulu ağa Bakıxanovun tarix fəlsəfəsi” və “Tarixdə iz buraxanlar: Abbasqulu ağa Bakıxanov” adlı məqalələrin tam mətni, müəllifi olduğu əsərlərin, məqalələrin, sözlərinə bəstələnən musiqi əsərlərinin, haqqında Azərbaycan və rus dillərində qələmə alınan kitabların siyahısı, görkəmli şəxsiyyətlərin ədib haqqında söylədikləri dəyərli fikirlər, Abbasqulu ağa Bakıxanovun özünün qiymətli fikirləri və nəsihətləri yer alır.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Mükafatlar”, “Virtual sərgi” kimi bölmələr, görkəmli ədibin əziz xatirəsinin əbədiləşdirilməsi haqqında materiallar nümayiş olunur.
Elektron məlumat bazası ilə kitabxananın rəsmi saytından
https://ryl.az/melumat-bazalari/Bakixanov_el_melumat_bazasi/index.html tanış olmaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
Məhsəti Gəncəvi yaradıcılığı İtaliya ədəbiyyat portalında
İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Məhsəti Gəncəvinin italyan dilinə tərcümə edilmiş rübailərinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzinin yaydığı məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan rübailərin italyan dilinə tərcümə müəllifi tanınmış italyan tərcüməçisi və filoloqu Olqa Mazzinadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Dante Aligyeri, Françesko Petrarka, İtalo Kalvino, Covanni Bokaçço, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
Silahlı Qüvvələr gününə həsr olunmuş Braziliya Ciu-Citsu üzrə Açıq Bakı turniri keçirilib
Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə 200-dən çox idmançının yer aldığı Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş Açıq Bakı Turniri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikasının və Braziliya Federativ Respublikasının dövlət himnlərinin səsləndirilməsilə start götürən turnirdə İctimai Birliyin prezidenti Aqil Acalov açılış nitqilə qonaqları salamlayıb. O, çıxışında günün önəmi ilə bağlı qısa məlumat verməklə yanaşı, fəaliyyətləri boyu əsas qayələrinin vətənpərvərliyin təbliği olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təsisçisi, Azərbaycanda Braziliya Ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənov söz alaraq qonaqları salamlayıb və bütün iştirakçılara uğurlar arzulayıb.
İctimai Birliyin sədri Fuad Kərimov isə nitqi zamanı bu idman növünün perspektivlərindən danışıb. Sonda Kərimov sözü Braziliyanın Azərbaycandakı səfiri Manuel Montenegroya verib. Səfir çıxışında bu idman növünün Azərbaycan və Braziliya arasında ortaq dəyərlərin formalaşdırmasındakı rolunu önəmli sataraq ölkələrarası münasibətlərin hərtərəfli və sıx olmasından məmnunluğunu dilə gətirib.
Qeyd edək ki, müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə idmançıların yer aldığı turnirin sonunda qaliblər müvafiq nominasiyalar üzrə diplom və medallarla təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
Şamaxıda QHGT-nin milli bölmələrinin iştirakı ilə mədəniyyətlərarası mübadilə tədbiri keçirilib
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumu çərçivəsində Şamaxıda QHGT-nin milli bölmələrinin iştirakı ilə mədəniyyətlərarası mübadilə tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə 17 ölkədən, o cümlədən Belarus, Kamboca, Ekvador, İndoneziya, Mali, Malayziya, Mozambik, Nigeriya, Tanzaniya, Özbəkistan, Uqanda, Zambiya, Zimbabve, Malavi, Mavriki, Qambiya və Nigeriyanın milli bölmələrinin rəhbərləri təmsil etdikləri ölkələrə aid süvenirlər, şirniyyatlar, kitablar, hədiyyələr və ölkələrinə xas olan əşyalar sərgiləyiblər.
Sərginin təşkilində məqsəd bu ölkələrin mədəniyyətlərini nümayiş etdirmək, ölkələrə xas müxtəlif ornamentlərin və əşyaların digər ölkə nümayəndələri ilə bölüşmək, mədəni mübadilə, xüsusilə mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdir.
Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndələrinin iştirak etdiyi Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti zamanı şəbəkənin təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu (Şuşa razılaşması) qəbul edilib.
Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətləri üzrə 59 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
“Balaca qara balıq”dan Araz çayında müəmmalı boğulmayadək - SƏMƏD BEHRƏNGİNİN XATİRƏSİNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yan-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur?!
Balaca qara balıq, Səməd Behrəngi
Bu gün müəllim, tərcüməçi, nasir, publisist, dünya miqyasında daha çox “Balaca qara balıq" əsəri ilə məşhurluq qazanmış, İranda uşaq ədəbiyyatının banisi sayılan, böyük nağıl ustası adlandırılan Azərbaycan yazıçısı Səməd Behrənginin doğum günüdür.
Səməd Behrəngi 24 iyun 1939-cu ildə Təbriz şəhərində, fəhlə ailəsində dünyaya gəlib. İbtidai təhsilini Təbrizdə "Tərbiyyət" məktəbində alıb. Daha sonra təhsilini Təbriz pedaqoji texnikumunda davam etdirib.
Hələ tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk
ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazıb.
Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb. Eyni zamanda 1956-1961-ci illərdə Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb.
Azərbaycan kəndlərini dolaşaraq folklor nümunələri toplayıb, Azərbaycan nağıllarını toplayaraq fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Bu səbəbdən həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.
Eyni zamanda onun fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda dərc olunub.
Səməd Behrəngi həm də İranda uşaq ədəbiyyatının banisi sayılır. İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Sonralar “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını qələmə alıb.
Ona dünya şöhrəti qazandıran "Balaca qara balıq" əsərini siyasi manifest adlandırıb və hətta İranda qadağan ediblər.
Yaşının gənc olmasına baxmayaraq böyük nağıl ustası adlandırılan Səməd Behrəngi 28 yaşındaykən 1967-ci ildə avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəkildə boğulub. Fəaliyyətinə, əsərlərindəki siyasi motivlərə görə dəfələrlə təqib olunduğu və əsərlərinə qadağa qoyulduğu üçün yazıçının şah rejimi tərəfindən öldürüldüyü iddiaları da mövcuddur.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
Bülbülün anadan olmasının 127-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Bülbülün Memorial Muzeyinin və Bülbül Vokal Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün anadan olmasının 127-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq dahi Bülbülün əziz xatirəsinin hər il olduğu kimi bu il də 24 il yaşadığı evdə yad edildiyini vurğulayıb.
Tədbirdə Bülbül məktəbinin davamçısı, Əməkdar artist Ramil Qasımov çıxış edərək bu məktəbin davamçısı olduğundan qürur duyduğunu, Bülbül ənənələrini yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə yaratdığı Bülbül Vokal Məktəbindən bəhs edib.
Bülbülün anadan olmasının 127-ci ildönümünə həsr olunmuş tədbirdə Bülbül Vokal Məktəbinin tələbələri çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
POETİK QİRAƏTdə Narıngül Babayevanın “Qarışıq şeir”i
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yeni təqdimatdır, yazar Narıngül Babayevadır. Adətən hekayələrlə portalımızda görünən Narıngül xanım bu gün fərqli ampluadadır. “Qarışıq şeir”də bir qədər nostalgiya var, bir qədər niskil. Amma daha çox pozitivlik. Pozitiv sonluq bu kədərli şeirə sonda bir can verir sanki.
Xoş mütaliələr!
Qarışıq şeir...
Unutdunmu, dostum?
İndi bu şəhərdə
Qara div kimidir
Böyük göydələnlər.
Böyük göydələnlər ev olar, dam olmaz.
Quşlar yuva qurmaz.
Quşlar hürküb uçar.
Hanı bu şəhərin neft iyi,
Hanı mazut iyi?
Külək alıb qaçar.
Unutdunmu, dostum?
Sən özün hardasan?
Unutdunmu, dostum?
Gizlənpaç oyunu kimidir ömrümüz.
Mən varam, sən yoxsan.
Mən yoxam, sən varsan.
Bir gün şəhər-şəhər köçərsən,
Sonra küçə- küçə qayıdıb gələrsən
Bütün küçələrdə özünü taparsan,
Bütün küçələrdə azarsan.
Bakı qayıtmaq üçündür.
Bakı ovutmaq üçündür.
Bakı unutmaq üçündür.
Darıxsan, bilet al
Parisə, Londona,
Ufaya,
Perimə, Hataya...
Hər yerə bilet var.
Yetər ki, bilet al.
Şəhərə nə var ki,
Atıb getmək olur.
Amma ki, özündən
Getmək olmur, dostum.
Bunu sən bilirsən...
Bunu sən bilirsən-
Bütün gedişlərin qiyməti bahadır.
Bütün qayıdışlar havayı.
Qarşıda nə var ki, yollardan savayı?..
Unutdunmu, dostum?
İndi sən
Mənim ölkəmdəki
Heç bir xəritədə olmayan şəhərsən.
Çoxdan köçmüş şəhər.
Daha nələr, nələr.
Paslı qıfıl kimidir, bütün xatirələr.
Bir də ki,
Günəş eynidir, dostum,
Şəhərin "Tarqovli" küçəsində.
Yaxud da ən ucqar dağ kəndinin
Ən ucqar guşəsində.
Günəş eynidir, dostum.
Yetər ki, sən gülümsə.
Günəş göydədirsə,
Gülümsə...
Ədəbiyyat və incəsənət”
(24.06.2024)
“Dünyanın finalına hələ çox qalırdı…” - HƏMİD HERİSÇİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Həmid Herisçinin "Şiircə" silsiləsindən şeirlərini təqdim edirik.
1.Qordi düyünü
Süfrəni dəyiş, bircə əl hərəkətinlə.
Sevgini də təzələ, bircə ürək döyüntünlə.
Yaxanın bircə düyməsini, bircə cümləsini aç sonra.
Qordi düyünü yaxamızdakı elə həmin o düymədəydi, biləsən.
Dükan vitrinlərindəki manikenlərədir son umudum.
Sevgi əzablarını görüb də, diriləcəklər mütləq.
Yaxalarındakı düyməni də özləri açacaqlar.
Bizsiz.
2.Kölgələr itəndə
Kafenin içalatından
bir haykırtı qopdu qəfil:
"Dur burdan!
Liftçiyimin üstündə oturubsan!"
Siqaretsiz gecəyə nifrət etdi küncdəki müştəri.
Papağımı yan qoydum ki, özümə oxşamayım.
Bir də gördüm kimsə mənim kölgəmlə danışır.
Kölgəm boşanmışdı sanki məndən.
Öz kölgə həyatı ilə yaşayırdı.
Mənsizdi
və tam mənasızdı bu küçələrarası qaranlıq otellərdə.
3.Final
Yüksək gərginli elektrik xətləri altında dayanmışam.
Ana həyət qapısından ayrılmadan,
öz uşağına "Final!" nidasını göndərdi.
Özü də təkcə bir dəfə demədi bu qorxunc sozü,
Dəfələrlə təkrarladı.
Özü də, hər dəfə ucalan, yüksələn bir səslə
təkrarladı bu məhşər məzmunlu sözü.
Axırda bəlli oldu, məsələ bir o qədər də
faciəli deyil burda mənimçün,
Elə bu anadan ötrü də.
O sadəcə, oğluna "Final" yağı almağı tapşırırmış.
Səmadan qaranquş fəğanı gəlirdi.
Günəş də batırdı,
Elə bil uzaqlarda deyil də,
Lap yaxınlığımda.
Qaranquş fəğanını bir daha dünyanın ən guclü nəğməsi bildim,
Dünyanın finalına hələ çox qalırdı, deyəsən.
4.Söyüş
Qəfil ağzımdan üçmərtəbəli söyüşlar qopdu.
Kimi söyürdüm mən?
Fatalistlər kimi qoca zəmanənimi söyürdüm, bəlkə?
Yoxsa, qapıbir qonşumdan bezib...
Bəlkə səbəbkar siyasi qüvvələrdi?
Qapımıza yapışdırılmış növbəti kommunal ödəniş qəbzidir?
"Bolt" taksilərinin nazlanmasıdır müştəriləri qarşısında?
Yox...
Söyüşümün bircə ünvanı var, deyəsən...
Deyəsən, artıq özümü söyməyə başlamışam.
5.Modern sevda
Süni intellektlə sevişdim -
ancaq nə adını dedi mənə, nə çöhrəsini göstərdi,
Ən qaranlıq küçə səkilərindən gəldi səsi.
Kölgəsi, "İnterbellum" dükanına girdi, çıxdı.
Mənə öz hədiyyəsini paketlədi bir bahalı ünvanda.
Qapımı, çox musiqili cırıldatdı.
Baletdəki hərəkətlərlə hüzuruma tələsdi,
Dematereallaşdı, əlimi sıxınca.
Mənlə çəkdirdiyi fotoları anında sıfırladı.
Gedincə, çarpayımın altına baxdım,
Masama təzə üzqırxan buraxıb getmişdi.
Yazmışdı: "Sifətin tüklüdü. Üzümü qızartdın".
Etirafını, iradını qəbul edincə, yenidən pərdəarxasından,
bütün qacetlərdən göz vurdu mənə.
Musiqimizi özü bəstələdi,
Qəhvəni, təkcə özü bildiyi bir üsulla dəmlədi.
Kölgəsi, hələ də evimdədi,
Özü, isə AZdrama pərdələri arxasında itdi.
6.Tüstülü ünvanlardan
İtirdiyin gözəli çoxxx...çox sonralar
bir bahalı dükanın geyim kataloqunda tapdınsa...
Həyat davam edir.
Qəhvəni xahiş et, tünd dəmləsinlər.
Get, otur bir tüstülü, uzaq ünvanda,
Gələcəyə ordan bir yol axtar,
Geriyə boylanma bir daha.
Öz kölgənə salam ver.
Cavab salamı eşitsən, diksinmə.
7.Bəxtsiz bloqqer
"Qəşəng hava var,
Əsil, odun sobasında kartof dilimi havasıdır.
Sən dilimləyəsən, yar duzlaya.."
Harda, hansı xarabada, hansı internet küncündə eşitdim bu şeri?
Barmağımdakı gümüş üzüklə
taqqıldatdım yazı masamı da, yaddaşımı da.
Bəxtsiz bir bloqqer düşdü yadıma:
Bağımızın açarını istəmişdi bir gün məndən.
SMS-lədi bu xatirə məni.
Əl telefonumun musiqisi də
çox uyğun idi
bu isti nəfəsli xatirəmə.
8.Anamdan sonra
Pensiya fondundan evimizə gəldilər,
Yoxlamaydı.
Anamı yoxlayırdılar,
Diridi hələ?
Yoxsa, çoxdan ölüb?
Təqaüdünü özümü alır, yoxsa, başqası?
Anam qışqırdı sifətlərinə - "Sağam. Hələ ölməmişəm ki!"
Bildilər, hə..anam hələ sağdı.
Tərs baxdılar biz tərəfə,
Çayımızı içmədən durdular süfrə arxasından.
Divara vurduğum paslı mismara
öz bahalı plaşlarını etibar etmədilər,
Elə üst geyimlərində qaldılar.
Az sonra anam öldü.
Anamı bax, beləcə öldürdülər,
Vallah.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)