Super User
O – Orxan Fikrətoğlunun sənədli film ssenarisi
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
O
Keçən əsrdə Bakıda oxunan “Onun adı Nuru paşaydı” nəğməsi ağ-qara arxiv görüntüləri üzərində səslənir...
Mətn: “Onun adı Nuru paşaydı, şahintək süzərdi. Daşnakların, bolşeviklərin boynunu üzərdi... və s.”.
Gəncə.
Gəncə çayının kənarı. Aparıcı aktyor hərəkətdədir. Ümumi plan.
Aktyor: “Fikrimcə, insanı insan edən hisslərdən birincisi minnətdarlıq hissidir. Mən Nağı bəy Şeyxzamanlıya minnətdar olduğumu anlayıram. Ən azı ona görə ki, dövlətimin təməl prinsiplərindən biri olan milli özünüdərk gerçəkliyini mənimçün çox vacib olan tarixi zaman kəsiyində o və onun ətrafı müəyyən etdi. O, mənimçün milli kimliyimizin, dövlətçilik ənənəmizin heykəlidir”.
Aparıcı iri planda.
Aparıcı: “Axar çayda yalnız bir dəfə çimmək olduğunu bilsəm də, axar tarixə baş vurmaq fikrindəyəm. Sizi tanımadığınız Nağı bəy Şeyxzamanlı ilə tanış edəcəyəm. Biz millət olduğumuza görə kimlərə minnətdar olduğumuzu bilməliyik”.
Gəncə. Xan bağı.
Aparıcı: “1917-ci ilin dekabr ayında Leninin xüsusi əmri ilə Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi. Bu fakt bolşeviklərin Qafqazlarda və Doğu Anadoluda hansı siyasəti həyata keçirəcəklərinə bir işarə idi. Belə bir fövqəlzamanda yaşayan milli mücahidlərimiz iki yol ayrıcında qaldı. Onlar ya, özlərinin elan etdikləri kimi, Qafqaz Konfederasiyası ilə bərabərhüquqlu fəaliyyətlərini davam etdirməli idilər, ya da Türkiyə ilə yeni bir ittifaq yaratmalı idilər. Leninin bolşevik-daşnak birlikləri üçüncü yolu istisna edirdi. Konfederasiya üzvlərindən ikisi – Gürcüstan və Ermənistan Türkiyə ilə silahlı mücadilə etmək qərarına gələndən sonra Azərbaycan Türkiyə ilə dost və qardaş olduğunu rəsmən bəyan etdi. 1918-ci ilin 28 mayında Azərbaycan müstəqilliyini elan etdi. 1918-ci ilin 4 iyununda isə Azərbaycan–Türkiyə dostluq anlaşması imzalandı. Və bu imzalama tarixin səhnəsinə Nağı bəy Şeyxzamanlını da çıxartdı”.
Gəncə. İmamzadə piri.
Aparıcı: “Nağı bəy Şeyxzamanlı bütün dünyada məşhur olan Şeyx Nizami Gəncəvi soyundandır. Onun doğma əmisi “Qüdsi” təxəllüsü ilə Azərbaycan ədəbiyyatı tarixinə düşmüşdür. Qüdsi ilk Azərbaycan tarixçisidir. Düzdür, Abbasqulu ağa Bakıxanov da “Qüdsi” imzası ilə tanınır. Amma Şeyxzamanovların “Qüdsi”sinə rus tarixçiliyində qadağan olunmuş addır deyə, daha çox osmanlı arxivlərində rast gəlinir. Nağı bəy Şeyxzamanlının atası Saleh bəy Şeyxzamanlı Gəncə və Gəncəətrafı bölgələrin ən məşhur ruhani mərkəzi sayılan “İmamzadə” pir ocağının baş ruhanisi olub. Bu pir və bu pirdə basdırılan imam övladlarının haləsi Gəncəyə o zamandan İmam şəhəri adını verib. Saleh bəy Nizami Gəncəvi soyundan olduğu ilə fəxr edərmiş. Əməlisaleh, əfəndi bir adam imiş. On qızı varmış. Bir dəfə zövcəsi oğlan doğa bilmədiyinə görə onu boşamağı tələb edir. Bu xəbəri də bir-birinin arxasınca doğulan qızları kimi təmkinlə qarşılayan Saleh bəy üzünü Allaha tutur. Və Allah ona və daha çox da Azərbaycana dalbadal doğulan üç oğlan uşağı hədiyyə edir. Əvvəlcə Məmmədbağır bəy doğulur. Sonra İsrafil bəy anadan olur.Və nəhayət, Nağı bəy dünyaya gəlir. Bu üç oğuldan ikisinin taleyinə Şərqdə ilk demokratik cümhuriyyət qurmaq və bu cümhuriyyətin əks-kəşfiyyat idarəsinə rəhbərlik etmək düşür. Şeyxzamanlılar keçən əsrin əvvəllərində Azərbaycan adlı coğrafiyanı bizim üçün Vətən edənlərdəndir. O qan-qadanın içində İstanbula gedib Ənvər paşa ilə görüşən, ona olanları doğru-dürüst anladan adam Nağı bəy Şeyxzamanlı olub. Azərbaycanlıların milli soyqırımını əngəlləmiş Nuru paşanı Gəncəyə dəvət edən də Nağı bəy olub”.
Gəncə. Gecə. Parlament binasının içi. Xan Xoyskinin otağı.
Aparıcı: “Nağı bəy Şeyxzamanlı ilk Cümhuriyyətin baş naziri Xan Xoyskidən bu otaqda İstanbula gedib Ənvər paşa ilə görüşmək təlimatını alıb. Bu görüş 1918-ci ilin 28 mayından bir qədər əvvəl olub. Və yalnız Nağı bəylə Ənvər paşanın bu tarixi görüşündən sonra Nuru paşa Trablusqərbdən, komandanlıq etdiyi Misratlı cəbhəsindən İstanbula çağırılıb. Bu ərəfədə Sultan Rəşad onun Qafqaz İslam Ordusuna komandan təyin edilməsi haqqında əmr də imzalayıb. Bolşevik-daşnak birliklərinin Azərbaycan türklərinin soyqırımını həyata keçirəcəyini məxfi yollarla öyrənmiş Nağı bəyin o zaman hansı hisslər keçirdiyini düşünmək çətin deyil. Milli dövlət hələ elan olunmayıb. Qan qapıdadır. O, əlində silah xalqını xilas etməlidir. Belə bir ərəfədə ona xüsusi bir tapşırıq verilib. Xislətən mərd doğulmuş Nağı bəy, əlbəttə ki, vətəndə qalıb daşnak-bolşevik birlikləri ilə vuruşmaq istəyir. Amma onu da anlayır ki, Ənvər paşadan alacağı ordu həm də Bakını düşmənlərdən təmizləyib milli dövlətimizin sınırını müəyyən edəcək. Və Nağı bəy düşünmədən yola çıxır. Və o, bu gedişlə tarixi yaradır”.
Cəncə. Məxrəsə bağı...
Aparıcı: “Nuru paşa at belində Gəncəyə 1918-ci iln 25 mayında daxil olur. Nağı bəy bu yürüşdə onu yol boyu müşayiət edir. İran türklərinin yaratdığı meşə qardaşları əsgərlərinin, Tatar diviziyasının bu ərəfədə Gəncəyə gəlişi də Nağı bəyin adı ilə bağlıdır. 1918-ci ilin 15 iyulunda isə Qafqaz İslam Ordusu bolşevik-daşnak birliklərini darmadağın edərək Bakiya daxil olur”.
Bakı. Filarmoniyanın binası.
Aparıcı: “Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev bu binada Nuru paşanın şərəfinə ziyafət təşkil edir. Ziyafətdə qoçu Nəcəfquluya və digər otuz bir adama Nuru paşa Bakını daşnaklardan mərdliklə qoruduğuna görə ordenlər verir. Gecədə Üzeyir bəyin Nuru paşanın şərəfinə yazdığı marş səslənir. Tofiq Fikrətin şeirləri dinlənilir. Bakıya gələnə qədər Göyçay və Kürdəmir qələbələrini qazanmış Qafqaz İslam Ordusunun əsgərlərinin şərəfinə əhaliyə nəzir-niyaz paylanır”.
Azərbaycan–Gürcüstan sərhədi.
Aparıcı: “1918-ci ildə Gürcüstan Almaniyanın nüfuz dairəsində idi. Ermənilərin həm bolşeviklərlə, həm də çökməkdə olan Çar Rusiyası ilə bağlanmış müqavilələri vardı. Hər iki halda ermənilərə dövlət və torpaq veriləcəkdi. Onlardan istənilən isə türklərə xəyanət idi. Gürcüstanın gücü olmadığından bölgədə neytralitetini saxlamaq zorundaydı. Ruslar erməniləri onların da üstünə qısqırdırdılar. Siyasi baxımdan heç zaman bir ola bilməyəcək üç Qafqaz ölkəsinin siyasi sazişi artıq pozulmuşdu. Bir yandan denikinçilər, bir yandan Birinci Dünya müharibəsindən tərxis olunmuş erməni birlikləri Azərbaycana doluşurdu. Azərbaycana kömək ancaq dünya müharibəsinə zorən qatılmış, işləri bir o qədər də yaxşı getməyən qardaş Türkiyədən gələ bilərdi. Turan ideyası Ənvər paşanı qane edəcəkdimi? Axı Osmanlı dünya müharibəsinə cəlb olunmuşdu. Osmanlı dövlətinin öz taleyi həll olunurdu. Nağı bəyin Ənvər paşa ilə görüşü dörd saat çəkir. Və sizin də bildiyiniz tarix gerçəkləşir. Biz Nuru paşaya və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusuna ən azı bir millət olaraq yer üzündən silinmədiyimizə görə minnətdarıq. Bəs Nuru paşanın Azərbaycana gəlməsini təşkil edən Nağı bəyə necə? Qafqaz İslam Ordusunun sıralarında vuruşan Tatar alayını yaradan Nağı bəyə necə?”
Gəncə vağzalı. Gecə.
Aparıcı: “Birinci Dünya müharibəsi zamanı ruslara əsir düşmüş türk əsgərlərini Nağı bəyin rəhbərlik etdiyi gizli “Difai” mücahidləri qədim Gəncənin bu vağzalında xilas edirdi. Onlar əllərində silah əsirləri daşıyan qatarlara hücum edib türk əsgərlərini qaçırırdılar. Gizli “Difai” təşkilatının silahlı dəstələri içində türk əsgərləri də vardı. Difaiçilər erməni millətçilərinə qarşı vuruşurdular. Sonralar difaiçilər Müsavat hökuməti ilə koalisiyaya girib ilk cümhuriyyətimizin kabinetini də yaratdılar. Səməd bəy Mehmandarovun təşkil etdiyi ilk Milli Ordumuzun kəşfiyyat və əks-kəşfiyyat idarələrində xidmət edənlərin əksəriyyəti difaiçilər idi. Nağı bəyin böyük qardaşı Məmmədbağır bəy Şeyxzamanlı Azərbaycan əks-kəşfiyyat idarəsinin ilk rəisi olub. O da difaiçiydi. Onu bolşeviklər çevrilişin ilk günlərində həbs edib güllələyiblər. Bu qatarlarla Sibirə sürgün olunan türk əsgərlərini xilas etdikdən sonra Nağı bəy gizli yollarla Türkiyəyə ötürərmiş”.
Bakı. Dəniz mənzərəsi. Hərbi gəmilər.
Aparıcı: “1919-cu ildə Xəzərin Bakı sahillərində devrilmiş Çar Rusiyasının 27 gəmisi üzürmüş. Onlar təpədən-dırnağa kimi silahlıydılar. Və gənc Azərbaycan müstəqilliyi üçün böyük təhlükə mənbəyi idilər. Bunu anlayan Nağı bəy əks-kəşfiyyat idarəsinin rəisi kimi əvvəlcə gəmilərlə bağlı operativ məlumatlar əldə edir. Gəmilərdə olan admiralların bitərəf olduqlarını biləndən sonra onlara barış sazişi imzalamaq təklifini edir. Admirallar bircə güllə belə atılmadan Nağı bəyin təklifi ilə razılaşırlar. Və o gündən 27 rus gəmisi iki il azad sularda Azərbaycan bayrağı altında üzür. Nağı bəy onlara nə təklif etmişdi, onlardan nə tələb etmişdi? – Bunu heç kəs bilmir. Tarix də bu saziş barədə susur. Mən isə bu fikirdəyəm ki, bircə güllə belə atmadan 27 rus gəmisini Azərbaycan hərbi donanmasının malı edə bilən Nağı bəy ilk milli diplomat kimi də Azərbaycan tarixinə düşə bilər”.
Batum. Batum qalası.
Aparıcı. “1918-ci ildə imzalanmış Mondros sülh sazişinə görə Nuru paşa Bakını tərk etməli olur. Genaral Tomsonun komandanlığı altında ingilis, fransız və amerikan birlikləri Bakıya qalib kimi daxil olur. Azərbaycan milliləşir. Özgürcəsinə ordusunu, hüquq institutlarını yaradır. Qanunun aliliyi cəmiyyətə aşılanır. 1919-cu ildə bölgədə gücə çevrilmiş ingilis, fransız və amerikan gücləri Türkiyəyə də nüfuz edir. Oranın da bir çox şəhərlərini işağal edir. Onlar Nuru paşanı İstanbulda həbs edib Batum həbsxanasına gətirirlər. Batumda Nuru paşanın üzünə ölüm hökmü oxunur. Nə qədər qəribə səslənsə də, erməni-bolşevik birliklərinin törətdiyi qətliamlara görə məhkəmə qurmalı olan dırnaq içində “ədalət carçıları” Nuru paşanın üzünə erməniləri qətlə yetirmək ittihamı ilə ölüm hökmü oxuyurlar. Bu hökmün sədası Bakıya qədər gəlib çatır. Nəsib bəy Yusfbəyli yenə dar günün aslanı, əks-kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyxzamanlını otağına çağırıb deyir: “Bizim Nuru paşaya bir millət olaraq borcumuz var. Onu bizim adımızdan sən ödəməlisən. Get, Nuru paşanı o qaladan xilas et”. Və Nağı bəy Şeyxzamanlı gizli yollarla kiçik dəstəsini Batuma keçirir. Bu dəstə az bir zaman içində açıq döyüşdə Batum qalasına daxil olub Nuru paşanı xilas edir. O döyüş zamanı Nağı bəyin difaiçilərindən altı nəfər şəhid olub əbədi olaraq Batumda qalır. Nuru paşanı isə həmin gecə Nağı bəy Türkiyəyə adladır. Nuru paşa 1920-ci ildə Dağıstandan keçərək Qarabağa girir. Orada artıq oturuşmuş erməni-bolşevik birliklərinin yaratdığı hökuməti devirir. Qarabağı yenə müstəqil Azərbaycan dövlətinin ərazisi elan edir. Oradan isə Ərzuruma və Naxçıvana keçib “Naxçıvan birlikləri” kampaniyasında 1923-cü ilə qədər savaşlar aparır”.
Bakı. “İsmailiyyə” binasının önü.
Aparıcı: “Nağı bəyin əks-kəşfiyyat idarəsinin kiçik çinli casusları içində Lavrenti Beriya və Mircəfər Bağırovun da adları var. Bu haqda Nağı bəy “Xatirələrim” kitabında gizli şifrlərlə yazır. Sonralar “NKVD”-nin başçısı olan, böyük və qorxunc Beriyanın azərbaycanlılara etdiyi bir çox yaxşılıqların da Nağı bəylə bağlı olduğunu düşünürəm. Hər halda Beriyaya qarşı Nağı bəyin əlində kompramatlar olmamış deyildi. Kim bilir, bəlkə biz azərbaycanlıları o illərdə hamılıqla Sibirə bu kompramatlara görə sürgün etməyiblər. Hər halda tarix bu məsələ ilə bağlı dəlilsizdir”.
İstanbul. Qalata körpüsünün önü.
Aparıcı: “1922-ci ildə Sovetlər İttifaqının Xarici İşlər Komissarlığı Mustafa Kamal paşa Atatürkə diplomatik tərzdə yazılmış bir not yollayır. Not bu sözlərlə bitir: “Türkiyə ərazisində yaşayıb antisovet təbliğatı aparan insanların Sovetlər İttifaqına təhvil verilməsini sizdən xahiş edirik. Və hesab edirik ki, bu kiçik insanların əməlləri bizim böyük dostluğumuza xələl gətirməyəcək”. Əlbəttə ki, Mustafa Kamal paşanın ölkəsində yaşayan Azərbaycan türklərindən xəbəri vardı. Mustafa Kamal paşa onları çox sevirdi. O, Əhməd bəy Ağayevin Tiflisdə qətlə yetirildiyini eşidəndə ağlamışdı da. Amma o, Sovetlərlə düşmənçilk də edə bilməzdi. Onun yeni müharibəyə gücü və zamanı yox idi. Bu səbəblərdən də Nağı bəy Şeyxzamanlı da, digər Azərbaycan mücahidləri kimi, Türkiyəni tərk etməli oldu. O zamandan Nağı bəyin mühacir həyatı başladı. Nağı bəy Şeyxzamanlı 1922-ci ildə İstanbuldan Amerikaya köçdü. Və bir də Türkiyəyə ölməyə gəldi”.
İstanbul. Dod. Qəbiristanlıq.
Aparıcı: “Bura da ən azı Nağı bəyə, Sarı Ələsgərə görə vətəndir. Harada ki bizim tarixi, bizi biz edənlər gömülür, ora vətəndir. Bizim mühacir siyasi elitamızın tarixi daha çox İstanbul ilə bağlıdır. Və bu baxımdan İstanbul həm də bizim real tariximizdir. Nağı bəyin ömrü burada bitir. Bizim müstəqillik tariximizin kökü də elə bu bitkinlikdən doğur. Sənə minnətdarıq, Nağı bəy. Səni unutmamışıq”.
Bir qalanın sirri...
“Difai” təşkilatı və Nağı bəy Şeyxzamanlının ömürlüyü. Müsavat dönəminin adları. Nağı bəyin həyat və fəaliyyəti. Etdikləri.
Çəkilişlər. Gəncə. Bakı. İstanbul.
Nağı bəyin İstanbul səfəri.
Çəkiliş. İstanbul.
Nuru paşa ilə görüşü. Onun Gəncəyə dəvət edilməsi. Ordu və kəşfiyyat quruculuğu.
Bolşevik-daşnak birliyinin törətdikləri.
Nuru paşanın Bakını azad etməsi. Mondros sülh sazişi. Nuru paşanın Bakını tərk etməsi.
Bakı. 1918.
Nuru paşanın tutulması.
Üzünə oxunan ölüm hökmü. Erməni qətliamlarında günahlı bilinməsi. Çəkiliş. Batumi.
Nəsib bəy Yusifbəylinin başçılığı ilə keçirilən iclas.
Nağı bəyə verilən tapşırıq.
Bakı. Canlandırma.
Xilas olunma.
Nağı bəyin keçirdiyi əməliyyat. Nuru paşanın azad olunması.
Batumi. İstanbul.
1920-ci il. Nuru paşanın Qarabağ yürüşü.
Naxçıvan. Ərzurum savaşları.
Final.
Bakı.
“Ədəbiyyat və incəsənət”
(27.06.2024)
Qərbi Azərbaycanda aşıq yaradıcılığı – SEYFƏDDİN RZASOY
“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin RzasoyunQərbi Azərbaycanda aşıq yaradıcılığı: milli yaddaş və tarix” məqaləsi təqdim ediləcək.
Seyfəddin RZASOY
QƏRBİ AZƏRBAYCANDA AŞIQ YARADICILIĞI: MİLLİ YADDAŞ VƏ TARİX
Folklor – bütün tarix və zaman boyunca onu yaradan, yaşadan, qoruyan, nəsillərdən-nəsillərə ötürən xalqın yaddaşıdır. O, fərdin, etnosun, millətin və bütöv xalqın yaddaş səviyyələrindən təşkil olunan ənənəvi düşüncə sistemidir. Bir xalqın bütün söz və sənət kodları folklor yaddaşında inikas olunur. Folklor xalqın tale yoludur və hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından birbaşa asılıdır. Yaddaşını qoruyan və zamanla ona qayıda bilən xalq onu millətlər içərisində millət edən zirvəyə qalxa bilir.
Hər bir xalqın folklor yaddaşının daşıyıcı tipləri var: onlar yaddaşın qoruyucuları və yaşadıcılarıdır. Azərbaycan folklor yaddaşının daşıyıcıları içərisində əlahiddə yerdə duran, milli yaddaşın bütün poetik yükünü və tarixi-mədəni məsuliyyətini daşıyan sənətkar aşıqdır. Milli yaddaş sistemini bir orqanizmə bənzətsək, aşıq sənəti və yaradıcılığı həmin sistemin onurğa sütununu təşkil edir. Aşıqlıq ənənəsinin zəiflədiyi müasir qloballaşma şəraitində onun qorunması, qayğı göstərilməsi bizləri biz edən, millət edən, milli kimliyimizi itməyə qoymayan genetik yaddaş sistemimizin yaşaması deməkdir. Milli tarix, milli kimlik, milli özünüdərk, milli özünü yaratma kimi bütün dəyərlər aşığın varlığında kəsişməklə onu milli mövcudluğumuzun tarixi diskursu statusunda göz bəbəyimiz kimi qorumağı bizlərdən tələb edir. "Aşıq" demək – "millət", "xalq", "dövlət" və "milli tarix" deməkdir. Milli kimlik tariximizin banisi Şah İsmayıl Xətai Azərbaycan dövləti və kimliyini aşığın sazı və sözü ilə qurdu. O, milli dövlətçilik ideologiyasının xalqın ruhunu passionarlaşdıran bütün dəyərlərini insanlara aşıqların və el şairlərinin sazı, sözü, nəfəsi ilə çatdırıb onları vahid milli dövlətdə birləşdirə bildi. Azərbaycanın bir xalq kimi tarixi taleyinin "yazıldığı" həmin dövrdə Xətainin yanında bir tərəfdə əllərində qılınc tutmuş qazi-ərənlər, o biri tərəfində sinələrində saz və dillərində "Vətən" sözü olan aşıq-ərənlər durmuşdular. Məhz XVI əsrdə Şah babamızın sərkərdəliyi ilə aşıqlar, el şairləri ilahi-irfani dəyərləri tərənnüm edən sənətkar mərtəbəsindən milli kimlik və dövlətçilik ideyalarını tərənnüm və təbliğ edən, vətənçilik, yurdçuluq idealları uğrunda savaşan eşq ərənləri məqamına qalxdılar. Bu ruh, bu ali məqam əbədi olaraq aşıqların yaddaşında yaşamaqla xalqımızı tarixin ən çətin günlərində məhv olmağa qoymamış, milli varlıq və kimliyimizi qorumuşdur. Qafqaza ayaq açan rus işğalçıları və onların iyrənc xislətli nökərləri olan ermənilər hər vəchlə Azərbaycan-türk milli kimliyini məhv etməyə çalışanda aşıqların sözündə və sazında yaşayan milli yaddaş xalqımızın milli-mənəvi düşüncə sistemini dağılmağa, məhvə məruz qalmağa qoymadı. Saz və söz xalqımızın daim milli ruhunu oyatmış, ona milli kimliyini xatırlatmış, qanını və genini cuşa gətirərək milli kimlik savaşına ruhlandırmışdır. Heç təsadüfi deyildir ki, Qərbi Azərbaycanda ermənilər Rusiya imperiyasının çirkin demoqrafik siyasətini həyata keçirərək türk əhalini təcrid, inkar, deportasiya və s. antimilli təqiblərə məruz qoyanda aşıqlar erməni ideoloqlarına "güldən-bülbüldən", "aşiq-məşuqdan" nəğmələr oxuyan "təsirsiz", "zərərsiz" ünsürlər təsiri bağışlasa da, məhz onlar milli varlığımızı ayaqda saxlamağa nail oldular. Çünki ana etnosdan siyasi, inzibati, linqvistik, mədəni və s. cəhətlər baxımından ayrı düşmüş etnik toplumlarda etnoqrafik özünəməxsusluqlar milli özünüqoruma və özünüyaşatma mexanizmlərinə çevrilir. Bu cəhətdən, Qərbi Azərbaycan aşıqlarının yaradıcılığının bütün funksional-milli mahiyyəti məhz bu amilə – Azərbaycan-türk kimliyinin yaşadılmasına müncər olunmuşdur.
Qərbi Azərbaycan aşıq yaradıcılığı sənət göstəriciləri, mədəni-coğrafi ölçüləri, fəlsəfi-poetik dəyərlər sistemi, sənət və yaradıcılıq xüsusiyyətləri, funksional mahiyyəti ilə ümumtürk şifahi sənət və yaradıcılıq sisteminin üzvi tərkib hissəsidir. XX əsr sovet inzibati-siyasi ərazi bölgüləri onu Şimali və Cənubi Azərbaycan aşıq yaradıcılığından təcrid etməyə çalışsa da, Qərbi Azərbaycan aşıq sənəti və yaradıcılığı nə özünün tarixi köklərindən, nə də ümumtürk mədəni ənənələr sistemindən heç vaxt ayrı düşmədi. Bunun əsas səbəblərindən biri Qərbi Azərbaycanda XIX əsrdə parlamış Aşıq Ələsgər adlı sənət günəşi idi.O, Azərbaycan ozan-aşıq sənəti tarixinin bütün bədii-estetik, mədəni-milli yaradıcılıq və ifaçılıq ənənələrini öz varlığında təcəssüm etdirərək Qərbi Azərbaycan folklor arealını bütün Azərbaycan aşıq sənəti və yaradıcılığının ən mühüm ocağına çevirdi. Aşıq Ələsgər özünün ilahi-ecazkar istedadı sayəsində sənət möcüzəsi yaratmaqla öz yaradıcılığını, əslində, çox nəhəng fiziki və mədəni coğrafiyanı əhatə edən Azərbaycan aşıq sənəti və yaradıcılığının bütün qollarını vahid məcrada birləşdirən konsentrasiya mərkəzinə çevirməyi bacardı.
Aşıq Ələsgər sənətinin möcüzəsi həm də onda idi ki, onun cismində və ruhunda təkcə özünün sazı və sözü deyil, eyni zamanda sənətin bütün tarixi yaddaşı dilə gəlirdi. Ələsgərin sazında və sözündə Şah İsmayıl Xətainin ideoloji-mənəvi silahdaşı Miskin Abdalın, Göyçəli Ağ Aşığın, Aşıq Alının poetik ruhu səslənirdi. Bu, türkün milli-mənəvi və dini-irfani dəyərlərlə süslənmiş, dünyanı və insanı onu yaradan Allaha, Allahı isə yaratdıqlarına xatir sevən Azərbaycan türkünün milli ruhunun səsi idi. Aşıq Ələsgər "dünya binə olandan""Ələst" məclisindən yol alıb gələn türkün mənəvi varlığını tərənnüm edərək onu özünə və bütün dünyaya sevdirməyi bacarmışdır:
Ələstidən "Bəli!" deyən Sübhana baş endirir,
Məhəmmədə nazil olan "Quran"a baş endirir.
Özü birdir, adı min bir, vəhdətu əl-laşərik,
Əhli-mömin görə bilməz, Pünhana baş endirir.
Aşıq Əlsəgərin sənətkar taleyinin naxışı onda idi ki, o, Qərbi Azərbaycanın aşıq mühitlərinin nüvəsi, ocağı olan Göyçə "sənət məbədində" pərvəriş tapmışdı. Ona qədər bu mühitdə XVI əsrdən üzü bəri Miskin Abdal, Aşıq Əliqulu, Ağ Aşıq, Aşıq Alı kimi nəhəng sənət korifeyləri olmuş, aşıq sənəti və yaradıcılığı ənənələrini daim sənət inciləri ilə zənginləşdirmişlər.
Qərbi Azərbaycan aşıq sənəti və yaradıcılığı Göyçə, Dərələyəz, Qaraqoyunlu, Dərəçiçək-Loru-Pənbək, Ağbaba kimi mühit və mədəni-inzibati arealları əhatə edir. Göyçə aşıq mühiti sənət və sənətkarlıq miqyası, yaradıcılıq dinamikası və poetik ehtiyatlar sisteminin tutumu baxımından mərkəz rolunu oynamış, Qərbi Azərbaycanın və ümumən bütöv Azərbaycanın aşıq mühitləri arasında körpü funksiyasını həyata keçirmişdir. Bu mühitin yaranmasında böyük rol oynamış Miskin Abdalın yaradıcılığında tərənnüm olunan milli-irfani ideyalar əsrlər boyunca aşıq yaradıcılığının bədii-estetik ənənələrini qidalandırmışdır:
Məğribdən Məşriqə səf çəkib durub,
Qüdrətdən çəkibdi baş-başa dağlar.
Qoynunda mehmandı Şahi-mərdanım,
Yanaşı qarıyın siz, qoşa dağlar.
Şeirdə işlənmiş "qoşa dağlar" ifadəsi XVI əsrdə Azərbaycan milli yaddaş sisteminin ən mühüm bədii-estetik, ideoloji-poetik konseptini ifadə edir. Şeirdəki iki dağın – irfani "Şahi Mərdan" dağı (Həzrət Əli ə.) və Oğuz türkünün əcdad kimi sığındığı "qarşı yatan Qara dağın" əbədi yaşaması haqqındakı arzu-dilək sazı və sözü ilə dövlət quran ərənlərdən olmuş Miskin Abdalın öz xalqına və sənət sələflərinə etdiyi vəsiyyəti idi. Azərbaycan aşıq şeirinin bütün tarixinə nəzər saldıqda bu "qoşa dağlar" hər tərəfdən ən uca məqamlar kimi boy verir. Nə Azərbaycan xalq poetik yaddaşı, nə də Qərbi Azərbaycan aşıqları heç vaxt bu "qoşa dağlar"dan ayrı düşməmiş, hər zaman onu milli yaddaşlarında gəzdirmiş və saz-sözləri ilə günümüzədək yaşatmışlar. Azərbaycan xalqı məhz həmin qoşa dağların eşqindən irfanlandığı üçün özünü bir xalq, millət, dövlət olaraq günümüzə qədər yaşada bilmişdir. Təsadüfi deyildir ki, "torpaqdan yaranmışlıq" fəlsəfəsi "dünya binə olandan" fitrətində yaşayan, torpağı öz əcdadı sayan oğuz türkləri hər səhər günəş boylananda "qarşı yatan Qara dağ"a salam verdikləri kimi, Oğuz Xatunu Mahirə Nağı qızı da Qarabağda dağlara sığınan "mehmedciyə" salam verir:
Nağıqızı, az de, deyin,
Qardaş verər dərdə çiyin.
Kəlbəcərdə mehmedciyin
Salamına salam olsun.
Şah babamızın Miskin Abdalın dilindən bizlərə ünvanlanan "qoşa dağlar" vəsiyyəti, sadəcə, bir poetik bənzətmə olmayıb, türklüyün özünüqoruma, özünütəşkil və özünüyaşatma formuludur. Və çox maraqlı və çox əlamətdardır ki, türkün milli kimlik fəlsəfəsinin formulları Azərbaycan milli yaddaş sistemində həmişə poetik sözlə deyilib və qılıncla gerçəkləşib. Bu cəhətdən, Mahirə Nağıqızının "Qardaş verər dərdə çiyin" poetik kəlamı Miskin Abdalın "Yanaşı qarıyın siz, qoşa dağlar" kəlamının bütün yükünü özündə daşımaqla Şah babamızın dövlətçilik fəlsəfəsinin özəyini, mayasını, cövhərini təcəssüm etdirir. Məhz "qoşa dağlar" Qarabağda "çiyin çiyinə verərək", Azərbaycan kimliyinin qüdrəti və zəfərini əbədi olaraq təmin etdi. Bu, ilk baxışdan, bəlkə də, gözə dəyməsə də, milli zəfərimiz həm də aşıqların yaddaşında yaşayan milli kimlik ruhunun təcəssümü və təntənəsidir.
İri sənət və yaradıcılıq coğrafiyasına malik olan Göyçəni Aşıq Ələsgər dövründən günümüzədək Şair Məmmədhüseyn, Məhərrəm Alçalı, Aşıq Əziz, Aşıq Aydın, Musa Ağkilsəli, Aşıq Şirin, Çoban Məhəmməd, Nəcəf Daşkəndli, Usta Abdulla, Qurban Göyçəli, Aşıq Talıb, Aşıq Mehdi, Zodlu Aşıq Ağayar, Aşıq Savad, Mahmud Ardanışlı və s. kimi çoxsaylı aşıqlar və el şairləri təmsil edir.
Dərələyəz Qərbi Azərbaycanın nəhəng aşıq bölgələrindən biridir. Özünəməxsus sənət və ifaçılıq ənənələri ilə seçilən Dərələyəz mühiti XIX əsrin görkəmli sənətkarı Aşıq Cəlildən başlamaqla Aşıq Qəhrəman, Aşıq Nəbi Əhmədoğlu, Aşıq Xanlar, Aşıq Məhəmməd, Axtalı Aşıq Qafar, Qulu Bayramoğlu, Bəhmən Sallılı, Aşıq Fətulla, Aşıq Behbud, Aşıq Əli Fərmanoğlu, Aşıq Şükür, Aşıq Talıb, Aşıq Abdulla və başqaları kimi sənətkarlarla təmsil olunur.
Qərbi Azərbaycan aşıq sənəti və ifaçılıq ənənəsində görkəmli rol oynamış Sallı Aşıq Cəlilin şeirlərində ümumən Azərbaycan aşıq poeziyası üçün səciyyəvi olan ənənələr öz əksini tapdığı kimi, onun özünə məxsus olan poetik nəfəsi, bədii-estetik dünyaduyumu da təcəssüm olunmuşdur. Aşıq Cəlilin şeirlərində tərənnüm olunan Gözəl obrazı ilahi dəyərlərlə süsləndiyi kimi, dövrün milli-siyasi ədalətsizlikləri də öz əksini tapmışdır. Məsələn, sənətkarın "Hardasan" qoşmasında rus antitürk və antimüsəlman siyasətini amansızcasına həyata keçirən ermənilərə qarşı kəskin etiraz ifadə olunur:
Yapon bu yerlərdə meyvə sulayır,
Nijdə belimizdə ocaq qalayır,
Yurdumda-yuvamda bayquş ulayır,
Sönür od-ocağım, közüm, hardasan?
Sənətkarın bu şeiri milli yaddaşın poetik-fəlsəfi sistemi baxımından qatbaqat quruluşa malikdir. Şeirin üst qatında haray, fəryad, çağırış var. Aşıq Cəlil ermənilərin xalqımıza qarşı törətdiyi amansız və qanlı faciələri göz yaşları içərisində misralara çevirməklə milli yaddaş tarixi yaradır:
Kafir süngüsünə keçir qız-oğlan,
Arpa qayasından qan süzülür, qan!
Qalmadı mahalda ər, sənə qurban,
Şahid olur oğlum-qızım, hardasan?
Civə, Sallı, Ərgəz oda qalandı,
Leyliqaçan, Bülbülölən talandı,
Arpa qan ağladı, sular talandı,
Açılmaz baharım, yazım, hardasan?
Aşıq Cəlil yurdun talanmasını təsvir etməklə, əslində, oğuz türkünün yaddaşını oyatmağa çalışır. Bu cəhətdən, şeirin misralarında yağı düşmən, kafir tərəfindən talanmış yurdunun qarşında durub qız-gəlinin fəryadını gözləri qarşısında canlandıran, öz qəzəbini, nifrətini, qisas duyğularını haraylayan Salur Qazan da boy verir:
Kəsdilər yağılar bərəni-bəndi,
Odlara qalandı Əmağu kəndi.
Bütün Dərələyəz ağlayır indi,
Bu dərdə mən necə dözüm, hardasan?
Və son dərəcə əlamətdardır ki, sənətkar şeirin son bəndində "qoşa dağlar"ı – Xan Abbası, telli sazı səsləyir:
Cəlil deyər, gözlərimiz qan ağlar,
Viran oldu abidələr, saraylar,
Sinəm üstə gecə-gündüz haraylar,
Xan Abbasım, telli sazım, hardasan?
Şeirin son misrasındakı "Xan Abbas" özünün real kimliyindən asılı olmayaraq, adının "Həzrət Abbas" semantikası ilə "Şahi-Mərdan" dağını, telli saz isə "qarşı yatan Qara dağı" təcəssüm etdirir. Telli saz ulu əcdadla sənətkar, övliya ilə bəndə arasında mediativ vasitə, ilahi-kommunikativ ünsiyyət mexanizmi kimi çıxış etməklə milli yaddaşı oyadır. Aşıq Cəlil öz himayəçi əcdadlarını, mədətkar ruhları davulu ilə çağıran qam-şamanlar, qopuzu ilə səsləyən ozanlar kimi "Xan Abbas"ı telli sazı ilə səsləyir.
Qərbi Azərbaycanın Qaraqoyunlu bölgəsi Əsəd Rzayev, Məhəmməd Rzayev, Cahad Qaraqoyunlu, Səlim Abdullayev, Kərəm Bəkiroğlu, İxtiyar Qocayev və bu kimi sənətkarlarla təmsil olunur.
Əlamətdardır ki, Qərbi Azərbaycan aşıq yaddaşı ozanların adlarını da qoruyaraq günümüzə qədər yaşatmışdır. Bu cəhətdən, XV əsrdə Dərəçiçək mahalının Ozanlar kəndində yaşayıb-yaratmış Ozan Heydərin, yenə də həmin kənddən olan Ozan İbrahimin (XVI əsrin sonu – XVII əsrin əvvəlləri) yaradıcılığından bəzi incilər hələ də Qərbi Azərbaycan folklor yaddaşında yaşamaqda davam edir:
Ozan İbrahim:
Sübh ikən Sübhana düşdüm,
Baş qoydum ocaq üstündə.
Dəryayi-ümmana düşdüm,
Şam gördüm çıraq üstündə...
Ozan İbrahim:
Bar İlahim, bu nə işdi,
Haqq işim divana yetməz?
Öz-özünü adil bilən
Günahsız qurbana yetməz...
Sufi-irfani dəyərlərlə süslənmiş bu poeziya nümunələri Qərbi Azərbaycan aşıq yaradıcılığının bütün hallarda ilahi dəyərlərə bağlı olduğunu, bədii-fəlsəfi sisteminin mayasında ilahi dəyərlərin durduğunu, bölgə insanı və onu təmsil edən sənətkarın dəyərlər dünyasının ilahi mizanlara söykəndiyini təsdiq edir.
Qərbi Azərbaycan aşıq yaradıcılığında Ağbaba bölgəsi sənətkarlarının da böyük rolu vardır. Bölgə Azərbaycan aşıq sənəti və yaradıcılığına Xəstə Hasan, Qarani, Çıldırlı Şenlik, Çorlu Məhəmməd və s. kimi sənətkarlar bəxş etmişdir. XVIII-XIX əsr sənətkarı Xəstə Hasan aşıq yaradıcılığının klassik poeziya ənənələrini, əsrlərin sınağından çıxmış bədii-estetik mizanlarını yaşatmaqla yanaşı, özünəməxsus poetik kimlik çalarlarını da şeirlərində təcəssüm etdirməyi bacaran sənətkar olmuşdur. O, bir el ağsaqqalı, el adabının qoruyucusu kimi, milli-mənəvi dəyərlərin də keşiyində durmuş, onların aşınmasına dünyanın ilahi nizamının pozulması kimi baxmışdır:
Geyinib-kecinib toya gedənlər,
Amandı, amanat qız oynamasın.
Cavandı, oynamaq ona xoş gələr,
Yüngüllük eyləyib tez oynamasın...
Bölgənin daha bir sənətkarı Çıldırlı Aşıq Şenliyin (1853-1912) şan-şöhrəti təkcə bölgə ilə məhdudlaşıb qalmamış, o, özünün yüksək estetizmə malik şeirləri və yaratdığı dastanlarla digər aşıq mühitlərində də tanınan və sevilən ustad aşıq olmuşdur. Səciyyəvidir ki, Aşıq Şenlik də başqa ustad sənətkarlar kimi, saz-söz vergisini ilahi aləmdən almış, bütün yaradıcılığı boyunca ilahi dəyərlərdən ayrı düşməmiş, dünyanı və insanı, Allahın yaratdığı bütün gözəllikləri dini-irfani ülgülər baxımından bədiiləşdirmiş və tərənnüm etmişdir:
Düşmüşəm qəm dəryasına, ümmanda üzən mənəm,
Röyada çərxi-aləmi dövr edib gəzən mənəm.
Dərsim aldım Pünhandan, əyana çıxmaz sirrim,
Əhli-mərifət, xoş nəsihət, cəvahir lisan mənəm...
Eşqin qəm dəryasına düşən, ilahi eşq ümmanında üzən, buta yuxusunda varlıq aləmini seyri-süluk edən Aşıq Şenlik dərsini Panhandan aldığı üçün sirrini hamıya bəyan edə bilmir. Şenliyin təsvir etdiyi bu hal "aşiqlikdən aşıqlığa" gedən yolun sxemi, düsturu, irfani-psixoloji mexanizmidir. İnsanda təcəlla edən Allaha "aşiq" olmadan "aşıq" olmaq mümkün deyildir. Aşıqlıq ilahi butadan başlanır. Bu cəhətdən, Qərbi Azərbaycanın ilahi vergili aşıqlarının yaradıcılığı başdan-başa ilahi dəyərlərlə süsləndiyi üçün əsrarəngiz gözəlliyə və intəhasız cazibəyə malikdir. Aşiqlərə dərs verən Pünhan ilahi aləmi təmsil edən varlıq – övliyadır. İlahi eşqə düşüb "çərxi-aləmi" seyri-süluk edən "Aşiq" elə ilahi sirlərə şahid olur ki, onları bəyan edib aşkara deyə bilməz. Bu – aşiqlik məqamıdır: Aşiq öz Məşuqunun camalında gördüyü ilahi sirri bir kimsəyə bəyan edə bilməz. Çünki eşqin sirri buta olaraq yalnız onun özünə verilmişdir. Bu məqamdan "aşiq"in "aşıq"lığı başlanır: Pünhandan dərs alan, sirrini bəyan edə bilməyən "aşiq" mərifət əhli, xoş nəsihət verən, danışdığı ləl-cəvahir olan "aşığ"a çevrilir. Ona görə də təkcə Qərbi Azərbaycan aşıq yaradıcılığında deyil, ümumən, Azərbaycan aşıq yaradıcılığında "dədə aşıqlar" ilahi aləmin qasidləridir. Onlar nə deyirlərsə, nə oxuyurlarsa, Pünhanın təlqini ilə oxuyurlar. Ona görə də sazları və sözləri sirli-sehrlidir; insanları ovsunlayır, onları ilahi mizanlardan yayınmağa qoymurlar. Bu – aşıqların insan, cəmiyyət, xalq, millət və ümumən, bəşəriyyət qarşısında ilahi-tarixi missiyalarıdır. Erməni faşistləri Qərbi Azərbaycan aşıqlarını yer-yurdlarından qoparıb didərgin salsalar da, onlar öz tarixi-mədəni missiyalarından ayrı düşməyib, vətən, yurd, el-oba, dövlət və dövlətçilik, insan sevgisini tərənnüm etməyə davam etdilər. Elə bu sevgi də bizləri yağı düşmən üstünə aparıb tarixi zəfərimizə qovuşdurdu.
“Ədəbiyyat və incəsənət”
(27.06.2024)
Şəhidlər barədə şeirlər - Cəmil Məmmədli
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Cəmil Məmmədli
Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil almış, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinin Materialşünaslıq fakültəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblərarası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür.
2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq, sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir.
Əsgərlikdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə, ona Milli Qəhraman Mübariz İbrahimovun istifadə etdiyi silahdan verildiyini demişdi.
"Atıcılıq" - bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Füzuli rayonunun Dördçinar kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəldi.
Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Habil oğlu Məmmədli "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Quruca söz yazıram,
Başqa neynəyim, şəhid?
Sənə laylamı deyim,
Ağımı deyim, şəhid?
Nə deyim ki, borcumu
Zərrə qədər ödəyim.
Nə deyimki, toxtasın,
Bu çırpınan ürəyim?
Deyim ki, nə danışa,
Nə də susabilirəm.
İstəyirsən sən danış,
Qulaq asa bilirəm.
Danış müharibədən,
Bilən əsgərsən, axı.
Füzuliyə ilk dəfə
Girən əsgərsən axı.
Bilirəm, danışanda,
Yaran ağrıyır, şəhid.
Danışmasan, bilmərəm
Haran ağrıyır, şəhid!
Yəqin, yaralarını
Duyan ağrıyır indi.
Atan ağrıyır indi,
Anan ağrıyır indi.
Ağrıyır sənin üçün
Şuşanın qala yeri.
Millətin şəhid yeri,
Vətənin bala yeri.
Zəfər yerisən bizə,
Bütün tarix, zamansan!
Bu millətə, bu xalqa
Əbədi qəhrəmansan!
“Ədəbiyyat və incəsənət”
(27.06.2024)
Özünüzü və ailənizi təmin edəcəyiniz qədər qazanmağa çalışın - Uğura doğru kreativ irəliləmənin Xakamada yolu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.
Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.
Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).
Gəlin bunlara diqqət yetirək:
12.Özünüzü və ailənizi təmin edəcəyiniz qədər qazanmağa çalışın. Daha çox pul qazanmağa meyl etsəniz daha çox zaman itirəcəksiniz pul idarəçiliyinə. Artıq pullar enerjinizi aparacaq. Ona görə də tamahınızı boğun.
Bu isə öncəki gün paylaşdığımdır:
1.
Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.
2.
Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.
3.
Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.
4.
Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.
Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.
5.
Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.
6.
İnsanı öyrənmək istəyirsinizsə, melodramlara, kino dramlarına tamaşa etməli, klassik ədəbiyyatı oxumalısınız.
7.
İnternet və televizordan üstünüzə tökülən bütün informasiyaları qəbul etsəniz keyləşəcəksiniz, ümumiyyətlə nə investisiya, nə idarəçilik, nə şəxsi həyatınız üzrə bircə düzgün qərar verə bilməyəcəksiniz.
8.
Əgər siz sonsuz dərəcədə varlısınızsa, amma həm də qulsunuzsa, xoşbəxtlik duyğularınız itəcək. Amma siz tam azad şəkildə karyera üstünlükləri qazanmısınızsa bundan həzz duyacaqsınız. Karyera xoşbəxtliyinin bax belə bir metodikası var: drayv, kayf və karyera.
9.
Hədsiz uğurlu olmaqçün fasilələr seçməyi bacarmalısınız. Bəzən hiss edirsiniz ki, bir yerdə dayanmısınız. Bu o deməkdir ki, öz potensialınızı xərcləmisiniz, beyninizi «cari məsələlərlə» doldurmusunuz. Belə vəziyyətdə pauza götürmək, necə deyərlər, «valı dəyişmək» lazımdır. Bağa getmək, kitab oxumaq, tam gərginlikdən çıxmaq lazımdır. Təklik çox faydalıdır. Bax belə bir pauza prosesində siz düzgün yolu seçə bilərsiniz.
10
Əgər siz ölüm döyüşündə qalib gəlmək istəyirsinizsə qabaqcadan ölməlisiniz. Çünki ölünün əsəbləri olmur.
11.
Həyat imtahanı verməkdən, vacib kontrakt imzalamaqdan öncəki gün çalışın beyninizə tam rahatlıq verib fikrinizi həmin vacib imtahan və kontraktdan kənarlaşdırasınız. Ertəsi gün – imtahanqabağı tam dincəlin, filmə baxın, yaxşı musiqi dinləyin, dadlı çay için. Az ünsiyyətdə olun, sadəcə orqanizmə və şüurunuza dinclik verin. Nəticədə tam harmoniyada olacaqsınız. Siz artıq uduzmağa da hazırsınız, amma udacağınıza tam əminsiniz. Əsəblər möhkəmdir, səhv etməyəcəksiniz.
Sabah davamı olacaq.
“Ədəbiyyat və incəsənət”
(27.06.2024)
İKİ DÖVLƏTİN VƏHDƏTİ - Bu gün Türkiyədə “Zəfər müjdəsi” adlı sərgi açılacaq
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Palitradakı rənglər sevinc mövzusunda sanki daha parlaq olur, kədər mövzusunda isə solğunlaşırlar. Bunu mən demirəm, sənətşünaslar deyirlər. Və təsəvvür edin ki, rənglər 30 illik məğlubiyyət acısı daşımış bir xalqın qələbə müjdəsinə həyat verirlər. Onda necə ecazkar mənzərə yarandığı dərhal bəll olar.
Bu gün İstanbulda Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında istedadlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılacaq və “Eldəniz Babayev. Zəfər müjdəsi” adlı kitab-kataloqun təqdimatı keçiriləcək.
Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin isə 100-cü ildönümü münasibətilə düzənlənəcək sərgi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Atatürk Mərkəzinin, Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Rəssamlar Birliyinin, Bakı Rəsm Qalereyasının və “Yeni Gallery” Bakı Sənət Mərkəzinin dəstəyi ilə baş tutacaq.
Mən bu sərgi ilə şəxsən tanışam, mayın 26-da Bakıda, Muzey Mərkəzinin Sərgi Qalereyasında azərbaycanlılar üçün “Zəfər müjdəsi” adlı fərdi sərgi nümayiş olunmuş və eyniadlı kitabın təqdimatı olmuşdu.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxış edərək demişdi: “Türkiyə-Azərbaycan əlaqələri həmişə qardaşlıq münasibətləri üzərində qurulub. Bu gün burada açılan rəssam Eldəniz Babayevin sərgisi Qarabağ Zəfəri ilə bağlıdır. Bu münasibətlə onu təbrik edir və Türkiyədə də bu cür sərgisinin açılmasını tövsiyə edirəm".
Budur, onun tövsiyyəsi reallaşdı. İndi Eldəniz Babayevin yaratdığı gözəlliklərlə tanışlıq növbəsi türkiyəli sənətsevərlərindir.
Tanınmış ictimaiyyət və mədəniyyət xadimlərinin, konsulluğumuzun əməkdaşlarının iştirak edəcəyi sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərini əks etdirən portret, natürmort, məişət və tarixi janrlarda olan və təqribən yetmişə qədər bоyakarlıq və qrafika əsərləri nümayiş olunacaq.
Sərgidə Azərbaycanın Vətən müharibəsində qazandığı misilsiz Qələbə, “Bir millət, iki dövlət” ifadəsinin aktuallığını açıqlayan, Azərbaycan–Türkiyə dоstluğunu tərənnüm edən, həmçinin xalqımızın məişətini, adət-ənənələrini, mədəniyyətini vəsf edən təsviri sənət nümunələri nümayiş olunacaq.
Sərgidə Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də Azərbaycanın müstəqillik qazanması uğrunda müstəsna rol oynamış Azərbaycan və Türkiyə hərbi komandanlarının portretləri də yer alacaq.
Mayın 26-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin 100 və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə istedadlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisinin açılışı və eyniadlı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni, həmçinin Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.
Sonda sərgi barədə Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədlinin fikirlərini qeyd etmək istərdim: “Sərgidə rəssamın əsasən portret, natürmort, məişət və tarixi janrlarda yaratdığı təqribən yetmişə qədər boyakarlıq və qrafika əsəri nümayiş olunur. Burada Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəsini, “Bir millət, iki dövlət” kəlamının aktuallığını, Azərbaycan-Türkiyə dostluğunu tərənnüm edən, həmçinin xalqımızın məişətini, adət-ənənələrini, mədəniyyətini vəsf edən təsviri sənət nümunələri sərgilənir. Sərgidə Azərbaycan və Türkiyənin istiqlal, azadlıq ideyalarını yaradıcılıqlarında önə çəkmiş şairlərin qrafik portretləri nümayiş olunur ki, bu da ilk növbədə, millət vəhdətin və iki dövlətin heç vaxt enməyəcək bayraqları altında müstəqil həyatının rəmzidir”.
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı - AMEA SADIQ QARAYEVİN YUBİLEYİNİ KEÇİRDİ
İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyasında yazıçı, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi” adlı tədbir keçirilib. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Sadıq Qarayevdən tədbirlə bağlı aşağıdakı bilgiləri alıb.
İSA HƏBİBBƏYLİNİN ÇIXIŞI
Öncə ondan başlayaq ki, tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli məni 50 illik yubileyim münasibətilə təbrik etdi. Məni yazıçı, alim və ictimai xadim olaraq vətənpərvər fəaliyyətimlə tanındığını, əsərlərimdə azərbaycançılıq məfkurəsi və ideyasını əsas tutaraq, azərbaycançı düşüncəni təbliğ etdiyimi bildirdi, bir yazıçı kimi mövqeyimin mahiyyətini milli mənafe, ölkə maraqları və bəşəri dəyərlərin təşkil etdiyini vurğuladı.
Akademik qeyd etdi ki, müxtəlif elm sahələrini təmsil edən insanların həm də bədii sənət və yaradıcılıqla məşğul olması təqdirəlayiq haldır. Dedi: “Bu mənada, Sadıq Qarayev həm elmi-fəlsəfi, həm də bədii üslubda yazdığı əsərləri ilə Azərbaycan ədəbiyyatında yeni cığır yaradıb, milli və bəşəri dəyərləri özünəməxsus tərzdə əks etdirib, azərbaycançılıq ruhu və şüuruna dair mülahizələrini qələmə aldığı əsərlərində ustalıqla ifadə edib: “Azərbaycançılıq məfkurəsi” onun bir əsərinin adıdır, amma bu ideya onun bütün əsərlərinin mərkəzində durur”.
Akademik müstəqillik illərindən ədəbiyyatımızda yaranmağa başlamış akademizm cərayanının ictimai-siyasi ideyasından bəhs etdi. Yaradıcılığımda elmi idrakla bədii istedadın vəhdət təşkil etdiyini qabardaraq məni bu cərəyanın layiqli nümayəndələrindən olduğumu söylədi.
Natiq müəllifi olduğum “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının adlarını sadaladı, onların ümumi xülasəsini xarakterizə etdi.
DİGƏR ÇIXIŞLAR
Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov əsərlərim haqqında fikirlərini bölüşdü. Qeyd etdi ki, elmi biliklərimi bədii yaradıcılığım vasitəsilə ictimaiyyətə çatdıran aliməm.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi” adlı məruzəsində yaradıcılığımı fəlsəfi aspektlərdən qiymətləndirərək söylədi: “Azərbaycançılıq məfkurəsinin bütün faktları onun əsərlərində sujet və xırdalığı ilə elmi və bədii sintez təşkil edir”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri millət vəkili Fazil Mustafa çıxışında bildirdi ki, yaradıcılığımda azərbaycançılıq məfkurəsini elmi postulat kimi ədəbiyyata gətirməyim ən uğurlu cəhdlərimdındir.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli yaradıcılığımı təhlil edərək, azərbaycançılıq ideyasını yeni fikir müstəvisində məharətlə təqdim etdiyimi dedi. Əsərlərimin elmi-ədəbi fikrin müasir səviyyəsini əks etdirən dəyərli nümunə kimi milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətli olduğunu, bununla, milli ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilərək azərbaycançılıq düşüncəsinin, ideologiyasının carçısı kimi mövqe qazandığımı bildirdi.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rektoru vəzifəsini icra edən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov,
AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov məni yubileyim münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzuladılar.
Çıxışların ardınca “Aləmlərin söhbəti” adlı videoçarx izlənildi.
Daha sonra Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun kollektivi adından təbrik məktubunu institutun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Xuraman Xəlilova diqqətə çatdırdı.
Sonda tədbirin təşkilinə görə AMEA rəhbərliyinə və iştirakçılara minnətdarlığımı bildirdim.
Təbii ki, yaradıcılığıma verilən bu qiymət məni daha həvəslə yazıb yaratmağa sövq edəcək.
“Ədəbiyyat və incəsənət”
(27.06.2024)
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb
2024-cü il oktyabrın 2-dən 6-dək Bakıda Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Assosiasiyadan AzərTAC-a bildirilib ki, animasiya peşəkarları, həvəskarları və studiyaları festivalın müsabiqə proqramında iştirak etməyə dəvət olunur.
Animasiya filmləri festivalın onlayn FilmFreeway platforması vasitəsilə qəbul edilir.
Filmlər aşağıdakı şərtlərə uyğun olmalıdır:
1. Filmlər yerli və beynəlxalq kateqorıyalar üzrə qəbul olunur.
2. Filmlər 2023-cü il yanvarın 1-dən sonra çəkilməlidir.
3. Filmin 50 faizdən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikaları və mövzularına məhdudiyyət qoyulmur. İştirakçılar iyulun 15-dək müraciət edə bilərlər.
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.
“Ədəbiyyat və incəsənət”
(27.06.2024)
Yazıçı Natəvan Dəmirçioğlunun “Açar” romanı çap olunub
Yazıçı Natəvan Dəmirçioğlunun son 10 ildə üzərində işlədiyi “Açar” romanı “Təhsil” nəşriyyatında çap olunub.
Yazıçının “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, romanda Birinci və İkinci Qarabağ müharibəsi qəhrəmanlarının obrazı yaradılıb, 44 günlük Vətən müharibəsi və Zəfər lövhələrini roman realist üslubda təqdim edib. Obrazlar sistemi real həyatdan götürülən, şəhid və qazilərimizin prototipini yaradan əsərdə hadisələrin fövqündə dayanan Ali Baş Komandan obrazı da diqqət çəkir.
Qeyd edək ki, proza nümunəsi bədii keyfiyyəti ilə də diqqət çəkir. Yüksək dizayna və poliqrafik keyfiyyətə malik roman təkcə müharibə ədəbiyyatı nümunəsi deyil, eyni zamanda müasir, psixoloji, oxunaqlı nəsr nümunəsidir.
“Ədəbiyyat və incəsənət”
(27.06.2024)
Bakıda argentinalı bəstəkar-müğənninin həyatından bəhs edən film nümayiş olunub
III Beynəlxalq Bakı Piano Festivalı çərçivəsində Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən film gecəsi təşkil olunub.
AzərTAC xəbər verir ki, “Landmark Hotel Baku”da keçirilən tədbirdə argentinalı müğənni-bəstəkar Miriam Aleksandra Biançinin həyatından bəhs edən film nümayiş edilib.
Nümayişdən əvvəl festivalın təsisçisi və direktoru, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli və Argentina səfirliyinin nümayəndəsi, konsul Leandro Daniel Verteramo açılış nitqi ilə çıxış ediblər.
Argentinalı konsul ölkəsinin musiqi ənənələri ilə bağlı tamaşaçılara məlumat verib. Həmçinin növbəti, IV Beynəlxalq Bakı Piano Festivalında argentinalı musiqiçilərin də bu tədbirə cəlb edilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, “I’m Gilda” filmi 30 yaşında sənətə atılmağa qərar vermiş, amma sənətinin zirvəsində, 36 yaşında faciəvi şəkildə avtomobil qəzasında həyatını itirmiş, məşhur “Gilda” ləqəbli argentinalı müğənninin yaradıcılıq yolundan bəhs edir.
Xatırladaq ki, ilk dəfə 2022-ci ildə baş tutan və bu il 3-cü dəfə keçirilən Beynəlxalq Bakı Piano Festivalının iyunun 16-da Rebeka Orteqa – “Flamenco Company”nin iştirakı ilə flamenko konserti ilə açılışı baş tutub. İki həftə davam edəcək festival iyunun 29-da İsak Jamba qrupunun ifası - Braziliya samba konserti ilə başa çatacaq.
“Ədəbiyyat və incəsənət”
(27.06.2024)
Malayziyadan Şuşanın necə görünməsi coxmu aktualdır?
Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki Yunus Əmrə İnstitutunda Şuşa şəhərinin tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib. Sözügedən tədbir “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının tərəfdaşlığı ilə həyata keçirdiyi “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir.
Tədbiri Yunus Əmrə İnstitutunun direktoru Ömər Altun açaraq, xalqlar arasında mədəni mübadilənin əhəmiyyətindən danışıb, Şuşanın tarixi ilə bağlı müzakirənin Yunus Əmrə İnstitutunda keçirilməsindən qürur duyduğunu bildirib.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva Şuşanın keşməkeşli tarixi haqqında məlumat verib və 30 ilə yaxın erməni işğalı altında qalan şəhərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi tarixindən danışıb.
Daha sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İctimai Televiziyanın hazırladığı “Şuşanın dağları başı dumanlı” bədii-sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Nəsimi Məmmədoğludur.
Tədbirdə Malayziya Universitetinin professoru Şanmuqam Krişnavani Şuşa şəhəri haqqında fikirlərini bölüşüb. O, aparılan müzakirələrdən, eləcə də Şuşa haqqında filmdən Şuşanın gözəl və güclü şəhər olduğunu anladığını qeyd edib və bildirib ki, üzləşdiyi bütün çətinliklərdən qalib çıxan şəhərin tarixi insanlara həyat dərsi verir.
Professor ilk imkan yaranan kimi Şuşanı ziyarət edəcəyini bildirib.
Türkiyənin Malayziyadakı baş konsulu Tolqa Uçak Şuşanın qürur şəhəri olduğundan danışıb, Şuşanın tarixinin film vasitəsilə belə əyani görməyin və göstərməyin əhəmiyyətini qeyd edib.
Filmi izləyənlər Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzi olan Şuşa şəhəri haqqında fikirlərini bölüşüblər.
Tədbirdə Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanov, səfirliyin əməkdaşları, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.
Tədbir iştirakçılarına araşdırmaçı-jurnalist Vasif Quliyevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ingilis dilində nəşr etdirilmiş “Şuşa qalası” tarixi-etnoqrafik broşürlər dəsti hədiyyə olunub.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşıb. Malayziyadakılara Şuşa barədə danışmaq üçün “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinə nə az, nə çox, düz 34900 manat vəsait ödənilib.
“Ədəbiyyat və incəsənət”
(27.06.2024)