Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Könlümdə tufan olar,
Könlüm boşalar,dolar,
Könlüm yollarda qalar
Təbrizi görməyincə.
Sazdan,neydən betərəm,
Nə susar,nə yataram.
Dərdli-dərdli ötərəm
Təbrizi görməyincə.
Bilin ey əzizlərim.
Yuxu görməz gözlərim.
Alov saçar sözlərim
Təbrizi görməyincə.
Sınasınlar kaş məni.
Bu torpaq doğmuş məni.
Yormaz yol,yoxuş məni,
Təbrizi görməyincə.
El dərdinə qalanam,
Hər gün oda qalannam.
Vüsal deyib dolannam.
Təbrizi görməyincə.
Sözlə doludur sinəm.
Şam deyiləm mən sönəm.
Bir dərdli quşa dönəm.
Təbrizi görməyincə.
Qırılmazdır qanadım.
Məni yaşadar andım.
Belə keçər həyatım
Təbrizi görməyincə.
Hələlik gəlmirəm mən,
Kamımca gülmürəm mən.
Ölmərəm,ölmərəm mən
Təbrizi görməyincə.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)