Super User

Super User

Çərşənbə axşamı, 25 İyun 2024 12:16

Sənin nə işin var - MİNİATÜR HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

 

Konsulluğun qadın əməkdaşlarından biri baş konsulun kabinetinə gəlib, Bakıya xəstə anasının yanına getmək üçün ondan bir həftəlik icazə istəyir.

X.Qoca deyir:

-Bir həftə az olar, get, iki-üç ay Bakıda gəz, sonra gələrsən...

Əməkdaş:

-Bəs, mənim işimi kim görəcək?

X.Qoca gülümsəyərək:

-Burada heç mənim işim yoxdur, sənin nə işin var? - deyir.

Doğrudan da həmin qadın üç il idi konsulluqda çalışırdı, amma heç kim bilmirdi o nə işlə məşğuldur. Baş konsul isə bilirdi ki, ailə başçısını itirmiş bu qadını maaş alıb dolanmaq üçün bu işə göndərmişdilər...

 

Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

        

 

Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.

Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.

 Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).

Gəlin bunlara diqqət yetirək:

11.

Həyat imtahanı verməkdən, vacib kontrakt imzalamaqdan öncəki gün çalışın beyninizə tam rahatlıq verib fikrinizi həmin vacib imtahan və kontraktdan kənarlaşdırasınız. Ertəsi gün – imtahanqabağı tam dincəlin, filmə baxın, yaxşı musiqi dinləyin, dadlı çay için. Az ünsiyyətdə olun, sadəcə orqanizmə və şüurunuza dinclik verin. Nəticədə tam harmoniyada olacaqsınız. Siz artıq uduzmağa da hazırsınız, amma udacağınıza tam əminsiniz. Əsəblər möhkəmdir, səhv etməyəcəksiniz.

 

Bu isə öncəki gün paylaşdığımdır:

1.

Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.

2.

Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.

3.

Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.

4.

Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.

Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.

5.

Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.

6.

İnsanı öyrənmək istəyirsinizsə, melodramlara, kino dramlarına tamaşa etməli,  klassik ədəbiyyatı oxumalısınız.

7.

İnternet və televizordan üstünüzə tökülən bütün informasiyaları qəbul etsəniz keyləşəcəksiniz, ümumiyyətlə nə investisiya, nə idarəçilik, nə şəxsi həyatınız üzrə bircə düzgün qərar verə bilməyəcəksiniz.

8.

Əgər siz sonsuz dərəcədə varlısınızsa, amma həm də qulsunuzsa, xoşbəxtlik duyğularınız itəcək. Amma siz tam azad şəkildə karyera üstünlükləri qazanmısınızsa bundan həzz duyacaqsınız. Karyera xoşbəxtliyinin bax belə bir metodikası var: drayv, kayf və karyera.

9.

Hədsiz uğurlu olmaqçün fasilələr seçməyi bacarmalısınız. Bəzən hiss edirsiniz ki, bir yerdə dayanmısınız. Bu o deməkdir ki, öz potensialınızı xərcləmisiniz, beyninizi «cari məsələlərlə» doldurmusunuz. Belə vəziyyətdə pauza götürmək, necə deyərlər, «valı dəyişmək» lazımdır. Bağa getmək, kitab oxumaq, tam gərginlikdən çıxmaq lazımdır. Təklik çox faydalıdır. Bax belə bir pauza prosesində siz düzgün yolu seçə bilərsiniz.

10

Əgər siz ölüm döyüşündə qalib gəlmək istəyirsinizsə qabaqcadan ölməlisiniz. Çünki ölünün əsəbləri olmur.

 

Sabah davamı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Həmid Herisçinin "Şiircə" silsiləsindən şeirlərinin təqdimini  davam etdirir.

 

9.Seçim

 

Dayanmışam bir gözəl ağac budağı qarşısında.

Seçimim ağırdı - pencəyimimi, asım budaqdan?

Yoxsamı özümü?

Məsləhətinizə ehtiyacım var.

Quşlardan o tərəfdə göy var.

Qoy, o tərəfdən gəlsin

Doğru-dürüst cavabım.

Xəyanətkar tatu

 

Arıqlamış bir şou-biznes gözəli girib yuxuma,

Tatusu dirildi.

Başqa həyət, başqasını seçdi qəfil,

Başqa bədənə keçdi.

Çox amansız idi bu seçim.

Çox ciddi xəyanət idi,

Ancaq çox adiydi oralarda.

 

 

10.Xarı bülbül

 

Xarı bülbül indi daha münbit bir ərazidə -

məmur kostyumlarının yaxasında bitir.

Çiçəkləyir.

İkisindən birini seçəcək gec-tez.

Ən uzaqlardakı bir avtomobilin

            iti gözləri tamaşaçısız qoymayacaq bu dramatizmi.

Bu seçimimizi işıqlandıracaq

gözlərimizi qamaşdıraraq.

 

 

11.Yol göstəricisi

 

Gün batdıqca, buludların da rəngi dəyişir.

Mənim də daxilimdə nələrsə dəyişir eyni vaxtda.

Avtomobilimin yan güzgüsünü bacardığımca təmizlədim.

Sildim.

Yolum uzaqdı.

Təbrizsizəm.

Və ümidsiz.

Əyilmiş elektrik dirəyi

dünyanın ən qəliz yerini,

            tam dəqiqliyinən, işarələyib göstərdi mənə.

Yolum uzaqdı.

Elə, o tərəflərədi.

 

 

12.Rauf Denktaş

 

İngilislərə, Britaniyaya daha bağlıydı,

Nəinki Türkiyəyə.

Uilyam Çerçili xatırladırdı? Yamsılayırdı?

Eyni çəkili, eyni sifətli gördüm ikisini də.

Mənlə danışarkən,

üzdə çox mehribandı.

"İnsanlarla münasibətim nə qədər uzanırsa,

            köpəklərə sevdam bir o qədər də artır" ifadəsi,

məncə, ona da tam doğmaydı.

 

Köpəyi, Çerçill nəslindəndi.

 

Qorxuram, mənlə söhbətindən sonra da

            köpəklərə sevdası bir az da artdı.

 

 

13.Qara pişiklər aləmində

 

Bu küçədə qara pişiklər

insanlara tam biganəydilər,

Ciddiyə almırdılar insanları.

Ancaq məni duyunca, görüncə

qəflətdən ayrıldılar, ayıldılar, elə bil.

Bir ağızdan miyoldadılar,

Elə bil bizimcə də danışdılar bir ağız,

Bir azacıq.

Mən tam anlayırdım bu gün pişikləri,

Quşları.

Xüsusən, göyləri saran qaranquş fəqanlarını.

 

"Sekond cup" barında başım çox aşağıydı.

Yalnız şuşələrdəki əksimi görüncə özümə inandım.

Özümə qayıtdım.

Özümə inandım.

Ayrıldım qara pişiklər aləmindən.

 

Xüsusən, şampan qədəhindəki əksim,

mənlə söhbətləşməkdən doymaq bilmirdi.

 

Özümə ilk dəfə salam verməyə tələsdim.

Qorxdum, qaçırdaram bu kölgəmi.

 

 

14.Novruz

 

Novruzu tərsinə oxusan,

"Zervan", yəni əbədiyyət tanrısının

adını eşidərsən.

Deşifrəni düz vaxtında,

düz bayram ərəfəsində azad edilmiş ərazilərdə eşitdim.

Çocuq Mərcanlı məktəbinin "Novruz" lövhəsini

bu cür oxuyub bərk həyəcanlandım.

Ağlıma gətirəmməzdim qədim Zərdüşt tanrısı Zervan,

mənlə görüşünü Qarabağda, xarabalıqlar arasında təyin edəcək.

Nə vəd edir mənə bu görüş?

Yaxşı sualdı.

Azərbaycanda son 2000 min ildə

kimsə Zervanla bu cür görüşməmişdi.

 

Tonqal ətrafında, paxlava-filan yeyəndə həəə...görüşdüm

bu qədim kölgələrlə.

Ancaq çox gücsüzdü,

uduzmuşdu bu qədim tanrı.

 

 

15.Aya səyahət

 

Əhənglə ağardılmış əyri-üyrü divara

taxta pilləkan dirəmişdilər,

Yuxarısında Ay ağarırdı.

 

Elə bil kimsə bu pilləkanla həmin o Aya dırmaşmaq istəmişdi.

 

İstədim mən də bu pilləkanda öz bəxtimi sınayım.

 

Görüm, o bəxt varmı məndə?

 

 

16.Lakramoza, yaxud qara göz yaşları

 

Zarafat-zad deyil, Bakının, özüm görmüşəm,

qapqara göz yaşları var...

Söhbət, köhnə evlərin damından yavaş-yavaş əriyib

aşağı tökülən, süzülən, divar boyu

            izlərini qoyan qara qır ləklərindən gedir...

Budur Bakının qara göz yaşları...

 

Divarları ağdı, qapıları göy, göz yaşları qapqaradır, Bakının.

 

Bu üç rəngin vəhdətində böyümüşəm,

Rəngləri, bu mənzərədən tanımışam.

 

Motsart "Rekviyem"indəki "Lakramoza" hissəsi

"Qara göz" yaşları deməkdi.

 

Bakının o qara göz yaşlarınamı bəstələnib

bu əsər?

Sualımı musiqi kimi eşidin,

Xahiş edirəm.

 

 

17.Təbrizdə

 

Təbrizdə yeddi bibimlə ilk görüşümüzdü,

Bibiblərim, təbrizlilər demiş, "əmmələrim"

məni əvvəlcə naməhrəm bildilər.

Yaşmaqlandılar.

Üzüdivara mənlə danışmağa başladılar.

Güllü çadralarını çənələri altında ikiəlli bərk sıxmışdılar.

Sonra, danışığımız uzandıqca,

isinişdikcə bir-birimizə

Sifətləri, tədricən, yavaşcana

soyuq divarlardan ayrılırdı.

Dikilirdi düz sifətimə.

Divarlar uduzurdu bax, beləcənə mənə.

Divarlara qalib gəlirdim.

Qəfil, qapı dəstəyi aşağı əyildi, lal-dinməz.

Bibilərim mənzərəni axıracan izləyib

bir ağızdan: "Əqdəsddi. Zinətin kiçik qızı.

O da səni görmək istəyir", dedilər.

Qapı arxasındakıları da, həəə...

görürdü,

seçirdi qocaman gözləri.

Sonra, lap axırmacalda birisi girdi içəri.

Bibilərim yenə bir ağızdan dilləndilər:

"Tanıdınmı? Tanıdın?"

Xalça naxışlarında azmadı gözlərim.

Bildilər

təbrizliyəm,

Özümüzküyəm.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Çərşənbə axşamı, 25 İyun 2024 14:34

“Musiqisiz” - SƏFƏR ALIŞARLININ HEKAYƏSİ

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Səfər Alışarlının “Musiqisiz” hekayəsini təqdim edirik. 

 

Yekə, güclü və yaraşıqlıdır. Zavodun çoxdan buraxdığı, köhnəlmək bilməyən uğurlu modelinə oxşayır. Axtarsan, bəlkə də nəsil-nəcabət şəcərəsi əsrlərin dərinliyindən qızıl damar kimi keçib xanlara, xaqanlara calanar. Görəsən, indiyədək o haqda, bircə dəfə də olsa, düşünübmü? Özünün kran maşinisti ömrünün başqa bir həyat qəlibinə uyğunluğunu ölçüb-biçibmi? Əzələli yanaqlarından iki barmaqla möhkəm tutub buraxmasan, başını qaldırmaqla adamın ayaqlarını yerdən üzər, karusel kimi göydə fırlayar. 

Əlləri tərtəmizdir, kranı çoxdan işlətmir. İdarəyə gəlib tanımadığı adamlarla görüşəcəyini bildiyindən iki hektarlıq dərə-təpəli üzünü gücü çatan qədər qaşıyıb. Köynəyinin ütüsü boyunluğunun qırağından görünür. Uzunboğaz çəkmələri qəzet yalanı kimi par-par parıldayır. Geyindirəsən buna general mundirini, yaxasına da beş-on medal taxasan, qabağında müdafiə nazirləri farağat durar - yoptvaymat!

Hər şeyin kəllə-mayallaq olduğu əyyamda bu boyda vücudun işsiz necə keçindiyini, ailəsini necə dolandırdığını düşünmək ağırdır. Onu ölkə iqtisadiyyatına bağlayan son ümidini - kranı da itirir.

Arxada oturub acizanə cütlədiyi uzun ayaqlarını "Jiquli" darısqallığına birtəhər yerləşdirib: "Uzaq yol döy ki, budu, buradı", - qabaqda oturmaqdan təvazökarcasına imtina edib. Yüngül dumana bürünmüş 15 kilometrlik şüarlı, böyürtikənli, itli-pişikli qış yolu maşının qabağınca qaçan tumançaq uşaq kimi hey burulub aradan çıxmaq istəyir. O, elə bil sifətinin güzgüdə görünməsindən, biz isə daymanın yubanacağından, stansiyada gözləyən vaqonun "prostoy"undan qorxuruq. 

Gecəni pis yatmışıq. Qaçqınların arı pətəyi kimi daraşdığı rayon mehmanxanasında müdir öz kabinetini və qonaq-qara üçün yalnız bir otağı qoruyub saxlaya bilib. Gecə-gündüz uzağa getmir ki, birdən onlar da əldən çıxar. Axşamdan sönmüş işıqlar elektrik qızdırıcısının işə düşəcəyinə ümid yeri qoymadığından paltarlı yatıb paltomuzu da üstümüzə atmışdıq. Ancaq canımız qızmadı, hələ də üşüyürük.

Vəziyyətini yaxşı təsəvvür etdiyimizdən danışıqla kişinin ürəyini üzməməyə çalışırıq. Daha çox sussaq da, arada danışmamaq mümkün deyil.

- Maşının yanacağı qurtarmış olar, - Abışov geri qanrılmadan deyir. - Eləsə, buralardan salyarka alıb aparaq. Gedib orada məəttəl qalarıq.

- Yo-ox, yanacaq var, - Əbülhəsən inamla  deyir. - Bakın ağzı qıfıllıdı.  

- Neçə ay olar işlətmədiyin?

- Axırıncı dəfə sentyabr ayının 16-da orada olmuşam. Bağlıyıb, qarovulçuya təhfil verib çıxmışam.

- İndi yanvardı, beş ay keçib, - Abışov tez hesablayır. - Xoddanacaqmı? Akumlyatoru ölmüş olar...

Əbülhəsən başını qaldırmadan yüngülcə köks ötürür, sözləri elə bil xəyalən qıfılını açdığı kran motorxanasından bir ovuca götürüb sakitcə ortaya qoyur:

- Bu maşınlarda akumlyator olmur. Bunlar puskatelnən xoddanır.

- Hə-hə, kəndirnən, - Abışov səhvini düzəldir.

- Mən onu kran kimi yox, "Jiquli" kimi işlətmişəm. Bu on ildə nə bir dəfə motoru açılıb, nə xadovoyu axsayıb, nə də oxunun bir seksiyası əyilib. Kitab-dəftəri də eləcə bardaçokda duroyur.

"Duroyur"! Rəhmətliyin oğlu, elə bil qız ərə verir: bu da bunun diplomu!

- Təzəsini almışdı idarə onun? - Abışov dəqiqləşdirməyə çalışır.

- Hə-ə... - Əbülhəsən cavabı gecikdirmir. - Stansıda vaqondan özüm endirmişəm.

Özün endir, özün mindir, - istər-istəməz fikirləşirsən. A nöqtəsində azalan, B nöqtəsində artır. Maddə itmir, halını dəyişir. İndi heç halını da dəyişmir, sadəcə, yerini dəyişir. Ancaq maddə qırx tonluq özüyeriyən kran qismində Əbülhəsən üçün itir. Əksini ona nə Dekart, nə Leybnits, nə də PMK-29-un rəisi Kərim müəllim sübut eləyə bilər. 

Kran nə qədər güclü olsa belə, dünyanın yazılmamış bir qanununu da qaldıra bilməz. O qanunlara görə Əbülhəsən kranın idarədən çox, şəxsən ona məxsus olması qənaətindədir. Əmindir ki, bu illər ərzində onun yerinə başqası olsaydı, maşını belə saz vəziyyətdə saxlaya bilməzdi. Ya yük altında aşırıb zay eləyərdi, ya da hissələrini çıxarıb dəyər-dəyməzə satardı. İdarə rəisi onu pusan deyildi ki! İndi rəisin aldığı məbləğdən ona çatanı da, çox güman ki, çəkdiyi zəhmətə, göstərdiyi xidmətə müqabil saymır.

Sürüşüb arxada qalan kəndlərin küçə mənzərəsi o qədər eyni və dəyişməzdir ki, artıq hansının qurtarıb, hansının başlandığı yad göz üçün də fərq etmir. Bu minvalla lövhələrin də fərqinə varmadan gedib Gürcüstan sərhədinə çatmaq olar: çoçxeli, çoçxeli!

Sükutu pozmaq üçün Abışov radionun düyməsini basır, ancaq oradan xırıltı-pırıltıdan başqa bir səs çıxmır. Abışov onun içində oturmuş diktorlar, həkimlər və müğənnilərlə barmağının ucu ilə tezbazar vidalaşır: yaxınlıqdakı hərbi aerodroma görə danışmır Bakı!

- Musiqisiz ləzzət eləmir ki! - Alışov deyir və arxa təkərləri valaylayan eşşək arabasını ötüb keçəndən sonra əlavə eləyir: - Musiqisiz heç nə ləzzət vermir. Elə deyil, Əbülhəsən kişi?! - Əbülhəsən dinmədiyi üçün məni söhbətə çəkir: - Əcoşun məsələsini danışmamışam sənə?

- Yox, - mən deyirəm.

Dünyanın ən əcaib-qəraib işlərinin məhz Abışovun və Koroğlunun iki dəlisinin doğulduğu Qırtmıqlı kəndində baş verdiyini bilirəm. Ancaq musiqinin o kəndə nə dərəcədə dəxili olduğunu bilmirəm.

- Danışaram, - Abışov söz verir.  

Yarımçıq tikintinin divarı önündə sarı qülləsindən qarmağını əyilməz polad qüruru ilə sallayıb durmuş kran Dədəbala kəndinin ətəyində texniki tərəqqinin yeganə heykəlidir. Onsuz bütün yol qırağı, tikinti meydançası qarışıq, dağılmaqda olan xarabazara bənzəyəcək.

Əbülhəsən maşının başına fırlanıb ora-burasına - qıfıllarına, qülləsinə, tros mancanağına, işıq faralarına, sepin içindəki qoşa təkərlərə göz gəzdirir, sonra yekə ayağının pəncəsilə kiçik nərdivan pilləsini cırıldadıb yuxarı qalxır. Elə bil padşah taxta çıxır, çəkmələrinin parıltısı yuxarıda bir az da artır. Paltosunu soyunub kabinədən çıxardığı köhnə sırıqlısını döyüş libası kimi əyninə geyinir və puskatelin şkiflərini əllə bir-iki dəfə fırlayandan sonra onu kəndirlə işə salmağa çalışır. Doladığı kəndiri bir neçə dəfə dartandan, motorun ora-burasını şübhə ilə qurdalayandan sonra başını pəncərədən çölə çıxarıb qış sükutuna bürünmüş, yarımcan tikintiyə təzə xəbəri çatdırır:

- Təpir, zəhrimar!

Maşının nazı ilə oynayırmış kimi, Əbülhəsən böyük hövsələ və səbirlə yenə gödək kəndiri şkifə dolayıb dartışdırır, yenə puskatel tırıldayıb-pırıldamadan, inadla susur - onun istədiyini vermir.

- Təpir,  - bu dəfə Əbülhəsən tikintiyə, maşına yox, özünə astaca deyir və aşağı düşüb bir siqaret yandırır. Sanki zarafatı kənara qoyub, bütün ciddiyyətilə özünə və puskatelə fikirləşmək üçün vaxt verir.    

- Həmişə belə xoddanırdı? - Abışov narahatlıqla soruşur.

- Yo-o, bu mənə əziyyət verməyib. Olub ki, ilnən dayanıb, ancaq heç vaxt belə dirəşməyib. Qoy, bir az özünə gəlsin görək, dərdi nədi...

Elə bil bir azdan maşın umu-küsünü kənara qoyub onu uzun müddətə tərk etmiş sahibi ilə barışacaq, dil açıb dərdini deyəcək.

Bu vaxt daymanın sual işarəsinə oxşar əyri, qoşa buynuzunu özünün dəmirçixana kimi bərbad dalına soxmuş "K-700" fit çala-çala gəlib yolda dayanır. Bunun da rəngi nə vaxtsa kran kimi sarı olub, ancaq indi ləkəli şəkildə bozarıb, qoturlayıb. Eybəcərliyi və xallılığı ilə çənədən möhkəm Afrika kaftarlarına oxşayır. Abışov mənə kranın korpusu üzərindəki yerimdən tərpənməməyi tapşırıb deyinə-deyinə daymana yüklənmək üçün münasib yer axtarmağa gedir. Guya mühərrik işə düşmüşdü, guya kran yeriyib darısqal tikinti ərazisini tərk etmişdi, bircə qalırdı onu daymanın belinə mindirmək.

Gün günorta yerindədir, seyrəlmiş duman arxasından uzaq dağların qara yerləri və aerodromun uca qülləsi görünür. Daymanı sürüyüb gətirmiş K-700 yolun qırağında gücənə-gücənə özünə yüklənmə yeri düzəldib qurtarıb, amma Əbülhəsən hələ də mühərriki işə sala bilmir.  Puskatel inadla təpməyinə davam edir. Abışovun qabağına qatıb köməyə gətirdiyi "K-700" sürücüsü tam komplekti ilə Azərbaycan əsgərinin qış geyimindədir. Rütbəsi, paqonu-filanı olsa, ən azı mayordu. Qışqıra-qışqıra danışır, səsi yeddi yüz at gücündə mühərrikin ahəngdar, fitli döyüntüsünə qarışıb göy üzünün qatığını ox kimi deşərək itmiş günəşi axtarmağa gedir.

Çatan kimi də gözünü qıyıb, altdan-yuxarı kranın oxundan sallanan qarmağa baxa-baxa kiməsə xitabən mızıldanır:

- Siyim sənin lebyodkana! - Sonra da sepin üstünə tullanıb içəridə itmiş Əbülhəsənin yanına keçir. - Bəlkə yanacaq nasosu işləmir, a qa! - bilər-bilməzə səslənir.

- Yo-o, nasos işləyir, şlanqı çıxardıb baxmışam, - Əbülhəsən deyir. - Yanacaq gəlir. Elə bil nəsə tərsliyi tutub andırın...

- Yəqin gücü çatmır, - sürücü deyir. - Sən ipi dola, reski çək, mən də şkifi əlimnən hərriyəcəm!

Deyir və yüz belə mühərriki öz əli ilə yığan adam kimi bir təpiyə yatmış vulkanı oyadır! Maşın haradansa qarnının dərinliyindən gələn, bayaqkılardan fərqli və zəif səslə, sanki dəqiq say hesabı ilə bir neçə dəfə öskürür, sonra tələsik "pır-pır-pır-pır" tırıltısı ilə işləməyə başlayır. Mühərrikin getdikcə şənlənən bu döyüntüsü yarımçıq qalmış tikintinin ölü sükutuna dərhal nəfəs verib onu canlandırır. Abışov sevincək ətrafa boylanır. Elə bil altı-yeddi aylıq nahar fasiləsindən qayıdan inşaatçılar bu dəqiqə dəstə ilə həyətə girib fermanın tikintisini davam etdirəcəklər. Naxır çöldən gəlib tövlələrə dolacaq, sağıcı qızlar inəklərin süd sızan yekə əmcəklərinə ovucları ilə toxunan kimi, güclü çırtımlar əvvəlcə vedrələrin dibini danqıldadacaq, sonra isə qalxan ağappaq köpüyün içinə fışqıraraq südü altdan yuxarı qaldıracaq. Bununla da Dədəbala kəndində həyat coşqusu və kolxoz firavanlığı yenidən çağlayacaq.

Sürücünün qalib hərbi formasından aşıb-daşan məmnunluğun kiçicik bir hissəsi də Əbülhəsənin sifətində təcəlla edir. İti baxışları nisbətən sakitləşib xəcalət kölgəsindən azad olmağa başlayır.

- Heç məni bu qədər incitməmişdi, - yerə düşüb əlinin yağını cında ilə silə-silə gileylənir və Abışov tərəfə baxmağa, sanki ehtiyat edir.

- Sür, gəlsin görək, axşam oldu! - deyə sürücü ot-ələf basmış çınqıllı cığırla qayıdıb gedir.

Güclü mühərrik işlədikcə döyüntüsünün ahəngini nizamlayıb porşenlərə normal nəfəs verir. Bir azdan səliqəli, artıq-əskiyi olmayan qıvraq mexanika səsi "K-700"ün pəltək fitinə qoşulub ətraf dərələrə yayılır.

Qısa sevincini siqaret kimi, bir-iki qullaba çəkib qurtarmış Abışov tükənməz mühəndis qayğılarının növbəti mərhələsinə qədəm qoyur.

- Bircə sağ-salamat daymana mindirsəydik, - narahatlıqla mənə deyir. Sanki kran burada hələ də hansısa təhlükə altında qalmaqdadır.

Ondansa, şadlıq coşqusunda Əcoşun haqq-hesabını danışsa, yaxşı olar. Unudub.

Əbülhəsən uzaqda bir neçə kimsəsiz evi və çılpaq həyətləri görünən kəndlə, yarımçıq tikinti ilə vidalaşırmış kimi, dərindən köks ötürüb kabinəyə qalxır və bir azdan sapsarı dəmir oxu aşağı endirməklə maşının mancanaq hissəsini beş aylıq sükunətdən çıxarır. Abışov gedib oxun ucunda qoşa tros dolamalardan sallanan ağır qarmağı dartışdırmaqla, sanki kranla salamlaşır. Bəlkə də ürəyində özünü maşına onun yeni sahibi kimi təqdim edərək tapşırır ki, bundan sonra şıltaqlıq eləməsin. Mühərrik havaya qara tüstü püskürüb gücənir və seplərinin ətürpəşdirici ciyiltisilə kran yerindən tərpənir. Torpağa həkk olmuş sep pəncələrinin izlərindən qara böcəklər, termitlər çıxıb qaçışır, bir qurbağa kənara tullanıb qışın gəldiyinə təəccüblə domba gözlərini bərəldir. Şüşə kabinədə qoşa linklərdən möhkəm yapışmış pəhləvan cüssəli Əbülhəsən kosmik gəmi pilotu kimi səriştəli, azman və sarsılmazdır.

Kran belə daşınmanın ən primitiv variantlarına hesablanıb: zəif manevr imkanları ilə yalnız düz xətt üzrə yeriyir, sağa, sola çətinliklə dönür. Mühərriki necə işə düşmürdüsə, daymanın belinə minməyi də o cür alınmır. Yolu eşib bərbad hala salır, Əbülhəsənin üz-gözünü məyusluğun xəcalət tərinə qərq edir, Abışovu əsəbiləşdirir, az qalır sürücünü də hövsələdən çıxara, bu müsibətin qızğın yerində, haradansa bir toy karvanı peyda olur: gəlin maşını, ardınca başqa maşınlar, ağzınacan dolu avtobus. Kranın uzun oxu isə yolu elə qapayıb ki, maşın nədir, heç velosiped də keçə bilməz. "K-700"ün cıyıltılı dəmir qanmazlığından bezmiş sürücüsü keçid məntəqəsinin hərbçi rəisi kimi tez karvanın qarşısına çıxıb musiqiçilərə maşından enməyi əmr edir.

- Yo, yo, nəmər istəmirəm, - toyun ağsaqqalına deyir. - Amma oynayajam! Oğraşın malı minmir, - krana işarə ilə deyir. - Bəlkə qabağında oynayam, rəhmə gələ! Manısları çağır!

Kranın daymana minmək cəhdləri hər dəfə, sanki mexanizm dəqiqliyi ilə eyni vəziyyətdə, eyni cür boşa çıxa-çıxa Abışovu bayaqkından da betər əsəbiləşdirib. Uğursuz cəhdlərdən yorulmuş Əbülhəsən üçün də toy elə bil göydəndüşmə olur. Daymana minmək istəməyən kranın primitiv texniki inadından yaranmış bu çarəsiz qaranlıqda toy öz şən görüntüsü ilə ən azı təskinlik verəcək bir ümid işığı kimi yanır: məmləkətdə hələ evlənərək sabaha inamla yaşayanlar, əlindəki işi uğurla başa çatdıranlar var. Aşağı düşüb maşından aralanmadan onun yorğun canını "Prima" tüstüsünə tutur.                  

- Bizim kənddə bir Əcoş olub, - Abışov əsəbi məzhəkə fasiləsində mənə deyir. Unutmayıbmış! - Bu, əsgərlikdən gələndə dədəsi bir hinduşka kəsir... Əcoş da dirəşir ki, "Yo-o-o, bez muzıka net xleb!"- musiqisiz mən çörək yeyə bilmərəm.

Gedib zurnaçı Qələndərnən nağaraçı OndaBeşi gətirirlər. OndaBeş, yəni sıfır tam onda beş: maşın qəzasında bir gözü, bir xayası gedib, bir qoluynan, bir ayağı da şikəst olub. Camaat kəndçilik xatirinə hələ də toya bunu çağırır. Bunlar gəlir, basıb hinduşkanı yeyəndən sonra başlayırlar çalmağa. Əcoş düşüb ortada meymunnuq edir, arada da musiqiçilərə səslənir: "Davay, davay, çastuşka Tambovskaya!" Dədəsi baxır bunun ədalarına, deyir, köpəyoğlu, oyna, oyna, axşam hinduşka yerinə OndaBeşin tay ...ğını yeyəssən! 

"K-700"ün sürücüsü isti gödəkcəsini soyunub ulduzlu general toqqasını bərkidir, ölkədəki fövqəladə vəziyyətin komendantlarından biri kimi musiqiçilərə Şəki rəqsi çalmağı sifariş verir. Bircə anın içində, sanki kran müsibətini unudaraq əl-qolunu açır və ortada qartal kimi süzməyə başlayır: küçənin daşına, torpağına baxmadan əsgər çəkmələrinin gah burnu, gah da dabanı üzərində dolu bədənini yüngül əsintilərlə oynadır, tullanıb dizi üstə yerə düşür, təzədən sıçrayıb dövrə boyu fırlanır. Vəcdə gəlmiş toy əhli ona qoşulur.

Sonda Əbülhəsən oxu qaldırır və musiqisiz toy karvanı bənddən buraxılmış su kimi sürətlə sorulub asfalta tərəf gedir.

- Sür, gəlsin! - sürücü bayaqdan süzdüyü göylərdən rahatlıqla daymanın üstünə enib oxu yönləyən Əbülhəsənə səslənir. - İndi minər daha, qaramatını tökdük!

Əbülhəsən maşını maksimum sürətlə yerindən tərpədir, bu dəfə kranın burnu daymanın ortası ilə bərabərləşməyənə qədər sol sepi yoldan aşağı salmır. Yalnız daymanın ortasına çatanda eynən sürücünün rəqsdə fırlandığı yüngül, sərt hərəkətlə sol sepi aşağı endirib dərhal da sağa burmaqla daymanın körpüsü üzərinə minib dayanır. Həmişə bu anda sol sep sürüşüb aşağı gedir, daymanı itələyib özündən uzaqlaşdırır və oxun ağırlığı olmasa, maşını aşırmaq halına çatdırırdı. Bu dəfə dayanır. Saatlarla davam edən işgəncə, nəhayət, belə, gözlənilməz asanlıqla, bitir. Belə çıxır ki, həqiqətən də "bez muzıki net xleb!"

Abışovun üzü yenə gülür, dodaqları səxavətlə onun ağappaq dişlərini sarı maşına,  yarımçıq qalmış tikintiyə və Əbülhəsənə göstərir:

- Yolda sənə demədimmi, musiqisiz iş olmaz?!

Sürücü Əbülhəsəni öz yanında oturmağa dəvət edir. Əbülhəsən az qalır səhərki kimi "budu, buradı da" desin və ani tərəddüddən sonra gəlib "Jiquli"də öz yerini tutur.

- Orada mənə görə bir iş olmazmı? - yolda əhvalı düzəlmiş Abışovdan soruşur.

- Harda, Bakıda?

- Aha.

Abışov məsələnin vələzzaliminə getmir, kranı iş sahibi Turqut bəyə satdığımızı demir.

- Olsa, xəbər eləyərəm, - inamla müxtəsərcə deyir. - Telefonun məndə var.

Kəndlər çılpaq ağacları və bozumtul damları ilə stansiyaya gedən asfalt yola lülə-kabab kimi bülənib. Sapsarı kran yüklü "K-700" həngaməsinin gözqamaşdıran işıqları qış yuxusuna getmiş daşın-divarın arasından bayram atəşfəşanlığı kimi keçib gedir. Hərdən səsə çıxan adamlar maşına baxa-baxa öz aralarında nəsə danışır, bəlkə də dağların arxasında mürgü vuran müharibədə nəsə baş verdiyini fikirləşirlər.

- İtə-qurda rast gəlmiyək, - xeyli yorğun görünən Əbülhəsən deyir. Elə bil at belində qılınc vurmaqdan qayıdır.

- İt-qurd bizə neyləyəsədi? - Abışov dərhal cavab verir. - Oğurluq eləmirik ki... Sənədimiz qaydasındadı. Elə sənədlərə görə düz, üç ay ləngimişik, yoxsa, payızda gəlib aparasıydıq.

- Olsun da... Deyir, tülkü tülkülüyünü sübut eləyincə dartıb dərisini boğazından çıxarırlar.

- Biz xozan tülkülərindən deyilik! - Abışov zarafat eləyir. - Biz qütb tülküləriyik!

Əbülhəsən daha heç nə demir, kranın arxaya çıxmış on metrlik oxunun başından sallanan qarmağın ağır-ağır yırğalanmasına baxa-baxa stansiyaya qədər susur.

Stansiyada kimsə gözə dəymir. Yolların o üzündə boş yük vaqonlarından ibarət heyət quyruğunu Qarayazı çölünə qədər uzadıb yatıb. "K-700" anbarlar tərəfə ayrılan, relsləri güclə görünən dərin yolu bütün maşınların keçdiyi yerdən keçəndə daymanı aşırır. Kranın motor və kabinə hissəsi öz oxu ətrafında ağır ballast qarışıq fırlanıb daymanın belindən sürüşərək küncünü yerə qoyur. Daymanın təkərlərinin yarısı göydə qalır. "Jiquli"nin dörd gözü önündə hər şey o qədər yavaş, səliqəli və hesablanmış kimi baş verir ki, heç kim səsini də çıxara bilmir. Proses tam bitəndən sonra Abışovun "vay" deyə sükana ikiəlli vurduğu qapaz, sanki arxada Əbülhəsənin başına dəyir. Sonra dəqiqələr çəkən ani bir sükut yaranır və bu sükut sərhədlərinin yaxınlığında qəflətən Abışovun radiosunun itmiş musiqisi gurlamağa başlayır. Elə bil şıdırğı oyun havası müğənninin oxuduğu mahnı avazına qarışıb kranın aşmağından, soyuq mehmanxana gecəsindən, Əbülhəsənin qayğılarından və bütün tikinti dünyasından xəbərsizcəsinə, kimlərinsə sərxoşluq nəşəsilə çuğlaşaraq maşındakılar üçün cəza yanğısı yaradır. Xoşbəxtlikdən, bu çox sürmür, qapı şıqqıltı ilə açılanda bitir. Əbülhəsən gedib kran motorxanasının yerə dəyib əzilmiş küncünü diqqətlə müayinə edir, əlini dəmirə sürtür. Onun pəhləvan cüssəsi, uzun qol-qıçı, qulaqlı papağını qısa saçları üzərinə üskük kimi taxmış başı da duruşunu itirmiş nəhəng kranla müqayisədə kiçik, köməksiz və lazımsız görünür.

- Ayə, bu on ildə mən bir çöpü də qoymamışdım bunu cızmağa! - Geri dönəndə deyir. - Ancaq ballast xilas elədi, qoymadı motora ziyan dəyə. Əzilən yerini dəmirçi düzəldər.

Bu çökək yerdən, sanki bütün vağzal ərazisinə, oradakı bütün dəlmə-deşiklərə hadisə haqda ultrasiqnal gedir və beşcə dəqiqənin içində təkərlərinin yarısı göydə qalmış daymanın ətrafına xeyli adam toplaşır. Kran çox ağır olmasa, bəlkə də həmin adamların gücü ilə onu itələyib yerinə oturtmaq olar. Ancaq deyirlər ki, bunu qaldıra bilsə, yalnız dörd avtokran qaldıra bilər, çünki onların hər biri 4-5 tondan artıq qaldırmır.

Abışov bir camaata baxır, bir hərbi geyimli sürücüyə baxır, bir çökəkliklə gedən, yolun qırağına tökülmüş köhnə tank, top və minamyot mərmilərinin qorxunc, paslı təpələrinə baxır və heç kimdən yox, az-çox, etibar etdiyi stansiya rəisindən soruşur:

- İndi mən dörd kranı hardan tapım?

- Sən dördünü tapma, - rəis deyir, - birini tap. O özü zəngləşib yığacaq o biriləri. Mən də tapşırım, vaqonu versinlər bura. Elə qaldırmışkən birdəfəlik qoysunlar platformanın üstünə.

Bu sözlərdən sonra elə bil krana ciddi ziyan dəymədiyinə, ondan yenə də istifadə etməyin mümkünlüyünə inanırıq. Dəmirin əziyi düzələr!

Abışov vaxtı itirmədən maşına əyləşib, ən yaxın kran ünvanı kimi deyilmiş Vidadi küçəsini axtarmağa gedir. Tələsir, qışda hava tez qaralır.  

- Deyirəm, yaxşı ki, mən sizin yanınızda oturmuşd, - bir azdan mümkün qədər həlim səslə Əbülhəsən mənə deyir.

Mən onun yorğun, qayğılı gözlərinə, mis rəngli üzünə baxıram, təskinlik üçün nəsə deyirəm. Fikirləşirəm: "Görəsən, Turqut bəyə kran maşinisti lazım olsa, bu necə gedib Bakıda işləyəcək?"

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş “O, Xarqo idi” adlı sənədli filmi nümayiş etdirilib. Sənədli filmin nümayişi Azərbaycan səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən verir ki, Mədəniyyət Nazirliyinin “Salnamə” film kinostudiyasının istehsal etdiyi sənədli filmin təqdimatında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Şantal Puare, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, “O, Xarqo idi” sənədli filminin ssenarist və rejissoru Tahir Tahiroviç və Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov, fransız siyasətçiləri və incəsənət xadimləri, azərbaycanlı diplomatlar, eləcə də yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, ölkəmizin İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi çoxsaylı mühüm hərbi, iqtisadi və strateji töhfələrdən danışıb. Faşizmlə mübarizədə sovet ordusunun yanacaq ehtiyacının 90 faizinin məhz Azərbaycanın qarşıladığını vurğulayıb. Səfir qeyd edib ki, həmin dövrdə 3 milyon əhalisi olan Azərbaycandan 600 min əsgər 1941-1945-ci illərdə nasistlərə qarşı müharibəyə yollanıb və onların bəziləri müxtəlif Avropa ölkələrinin azadlığı uğrunda partizan hərəkatlarına qoşulublar. 130-dan çox azərbaycanlı İkinci Dünya müharibəsində qəhrəman adına layiq görülüb, 170 mindən çox əsgərimiz müxtəlif orden və medallarla təltif olunub. Müharibədə kişilərlə yanaşı, azərbaycanlı qadınlar da şücaət göstəriblər.

Səfir L.Abdullayeva Əhmədiyyə Cəbrayılovun Fransanın azadlığı uğrunda mübarizəsindən, Müqavimət Hərəkatında fəaliyyətindən, bu ölkənin Tarn və Qaron departamentində Kabertat partizanlarına qoşulmasından, müxtəlif əməliyyatlarda qəhrəmanlığından danışıb.

Səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsindən, igid oğullarımızın qəhrəmanlığından danışıb, Azərbaycanın sülhün, ədalətin bərqərar olmasında maraqlı olduğunu vurğulayıb.

Bir çox Avropa ölkəsində azərbaycanlı əsgərlərin partizan hərəkatlarında göstərdikləri qəhrəmanlıqlar xatırladılıb. Sonra “O, Xarqo idi” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra tədbirdə iştirak edən “O, Xarqo idi” sənədli filminin ssenarist və rejissoru Tahir Tahiroviç əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən keçirilən silsilə tədbirlər çərçivəsində bu filmin lentə alınmasından, onun yaranması ideyasından, ekran əsərində hər bir hadisənin arxiv materiallarına əsaslanmasından, filmin ərsəyə gəlməsindən və məqsədlərindən bəhs edib.

Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov babası ilə olan xatirələrindən danışıb. O, Ə.Cəbrayılovun faşistlərə qarşı fransız partizanlarla birgə çiyin-çiyinə mübarizə aparması, müxtəlif xalqlardan olan partizanların Fransanın azadlığı uğrunda qardaşlığı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Şantal Puare ölkəmizdə səfir olduqları zaman Fransa qəhrəmanı Ə.Cəbrayılovun doğma şəhəri Şəkiyə səfərlərindən, onunla söhbətlərindən, onun ölümündən sonra qəbrini ziyarət etmələrindən, Əhmədiyyə ilə birgə partizan hərəkatında olmuş Rene Şambarın Şəkidə dostunun qəbrini ziyarət etməsindən danışıblar.

Həyat yoldaşı Fransanın Azərbaycandakı səfirliyində işləmiş Aleksanr Vattən Fransanın azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı partizanlarla bağlı arxivlərdə işləməsindən, onlarla bağlı hazırladığı kitabdan söz açıb.

Tədbir çərçivəsində müharibə vaxtı azərbaycanlı əsgərlə ailə qurmuş, Azərbaycanda yaşamış və 50 ildən sonra ölkəsinə səfər etmiş fransız İvon Bottonun xatirəsi də yad edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Çərşənbə axşamı, 25 İyun 2024 11:01

BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Özü pay-piyada sözləri atda, 

Xəyalı dövr edir ən qəlbi qatda. 

Zəhəri saxlamır dilinin altda, 

Gülləyə atılan ilandı vallah, 

Şairlik ən ali məqamdı, vallah

(M.Ələkbərli) 

Şairlərin çətin anları çoxmu “ağrılı” olur? 

 

 

CAVAB:

Ədəbi aləm qəribə aləmdir. Yaxşı şairin qarşısına çəpər çəkənlər, kölgəsini qılınclayanlar zaman-zaman olub, indən belə də olacaqdır. Bir-iki yaxşı şerin müəllifi kimi mən də onlardan az çəkməmişəm. Demədiyim, heç könlümdən belə keçirmədiyim sözləri gərəkli ünvanlara, lazımı şəxslərə çatdıranlarım, məni çox vaxt ən yaxın dostlarımla yaman eləyənlərim, şair qəlbimə necə amansız zərbə vurduqlarının bəlkə heç fərqində olmayıblar. Dumduru suyumu bulandıranlar, bu ömür yolumda məni ləngidənlər, əlimə-ayağıma daş bağlayanlar, arabir şeirimə hədəf olsalar da, cəhdim-çabam həmişə cavabsız qalıb. “Ah xırda qayğılar” adlı şeirimdə bu cür adamlardan şikayətimi dilə gətirmişdim: 

 

Ah xırda qayğılar, xırda qayğılar 

Böyük arzulara toy tutdunuz siz. 

Sinəmdə qaynayan bulaq istəyi 

Hər gün damcı-damcı qurutdunuz siz.  

 

Sizin oxşarınız xırda adamlar, 

Hər tində, döngədə yolumu kəsdi. 

Mənzilə gecikdim hər gün bir addım, 

Mənə bir addımın acısı bəsdi 

 

Yollarda bir addım ləngidi adım. 

Sözüm xırdalandı qara pul kimi, 

Neçə yol əlimi-üzümə tutdum.  

Qızardım zamanın, vaxtın yanında 

İlhamın yanında bir yoxsul kimi. 

 

Ah xırda qayğılar, xırda qayğılar 

Mənə “sus” dediniz, mən dilə gəldim. 

Sizinlə həmişə yumruq-yumruğa 

Sizinlə həmişə əl-ələ gəldim.. 

 

Fürsət külək kimi keçdi yanımdan  

Bir saatlıq yolu bir ilə gəldim. 

Büdrədim, yıxıldım, dikəldim, durdum, 

Ömrün bu çağına bax belə gəldim.  

 

Həmin adamlar mənim dırnaqarası “dostlar”ım bu gün də fəaliyyətlərindədir. Yaşı yetmişi ötən bir şairin yolunda çəpərə dönür, üzünə qapı bağlayırlar.  

 

Tanı məntək naçarını 

Dərdə-qəmə düçarını. 

Harda gəzim açarını 

Üzümə bağlanan qapı? 

 

Gah söyülən, gah öyülən, 

Vaxtsız, vədəsiz döyülən. 

Sən idinmi bəxt deyilən, 

Üzümə bağlanan qapı? 

 

Hər günümə qada verdin, 

Kömürümü oda verdin. 

Bir şairi bada verdin, 

Üzümə bağlanan qapı. 

 

Şahidsən buna özün də 

Qalmışam çölün düzündə. 

Nələr var arxa üzündə 

Üzümə bağlanan qapı?!  

 

 Bəlkə sənsən sirr qapısı, 

Güman yeri, pir qapısı. 

Tanrının səbir qapısı 

Üzümə bağlanan qapı! 

 

Dediklərimdən belə çıxmasın ki, məni ancaq pisliklər, yamanlıqlar izləyib. İlk gənclik illərimdən, qələm tutub ilk şeirlərimi yazdığım günlərdən bəri, əsil ağsaqqalların qayğısı, diqqəti üstümdə olub. Yazılarıma qəzetlərdə, jurnallarda yaşıl işıq yandıran yazıçı, şair dostlarımı bu gün də minnətdarlıqla yad edirəm. Xalq şairlərimiz Süleyman Rüstəmin, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Söhrab Tahirin, Hüseyn Arifin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Qabilin, Xalq yazıçılarımız Əli Vəliyevin, İsmayıl Şıxlının, İsa Muğannanın, Mirzə İbrahimovun, eləcə də Ustad Şairlərimiz Fikrət Sadığın, İlyas Tapdığın, İsa İsmayılzadənin, Hidayətin ağsaqqal nüfuzunu, kölgəsini öz üzərimdə hiss eləmişəm. 

Mən şeirə gəldiyim illərdə ədəbiyyatımızda ağsaqqal mövqeyi, gənclərə ağsaqqal diqqəti vardı. Mənə SSRİ Yazıçılar İttifaqının üzvlük biletini xalq yazıçısı, Sosialist əməyi qəhrəmanı, AYİ-nin sədri Mirzə İbrahimov təqdim eləmişdi. O zamanlar imzası ilə ədəbi orqanlarda tanınmayanların kitabları çap oluna bilməzdi. Bunun adına indi Sovet sensuzarı desələr də, bu ədəbi-bədii senzura idi. Bədii materialın ədəbi dəyərini yaxşı mənada təyin edən senzura idi. Ədəbiyyatın kütləviləşməsi təəssüf ki, əsil yazıçının, şairin gözdən düşməsinə xidmət elədi. Dəyərlər itdi, heç kəs heç kəsin kitabını oxumadığı bir vaxtla üzləşməli olduq. Sosial şəbəkələr bu işdə çox böyük rol oynayır. Bu gün uşaqdan böyüyəcən hamı o şəbəkədən asılı qalıb. Kitabdan, oxumaqdan uzaqlaşan gəncliyimizin sonrakı taleyi bizi dərindən düşündürməlidir. Nəinki, müasir yazıçılarımıza, heç klassiklərimizə də yetərincə bələd olanlarımız get-gedə azalmaqdadır. Nəhayət, mətləb üstünə gəlib deyim ki, şairlərin ən çətin anları özünə-sözünə biganəlik görəndə ağrılı olur.  Eşidilməmək, duyulmamaq, yazdıqlarının poetik gücünü, misralarının siqlətini, ilhamının nəyə qadir olduğunu hər kəsdən yaxşı bilən bir şair üçün dözülməzlik sindromu yaradır. Özü ilə çəkiyə gəlməyən qələm dostlarının, hansı səbəbdən irəli çəkildiyinin, ad-san, titul qazanmağının səbəbləri üstündə düşünməli olur. İllər öncə yazdığım bir şeirdə özümü belə düşüncələrdən xilas etməyə çalışmışdım: 

 

Seçilmək yanğısı – buydumu dərdim? 

Onda şüar deyim, dəm verim dilə. 

Bütün şairləri təltif edərdim 

Vətənin “Bütövlük” ordeni ilə. 

 

Şükürlər olsun indi biz Vətənin bütövlüyünə də qovuşmaqdayıq. Böyük şairimiz – qərbə və şərqə kükrək ilhamının qanadlarını gərən Məmməd İsmayılın bir misrası bizi ümidli gələcəyə səsləyir: “Hələ yaşamağa dəyər bir az da...”

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Peyğəmbər Qədir-xumda buyurur: "Mən sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm. Görüm məndən sonra o iki əmanətlə necə davranacaqsınız." Bu vaxt səhabələrdən biri uca səslə soruşur ki, ey Allahın elçisi, bu əmanətlər hansılardır?  Peyğəmbər isə belə buyurur: "Bunlardan biri Allahın kitabı, digəri isə mənim əhli-beytimdir. Bunlara bağlı olduğunuz müddətdə yolunuzu azmazsınız. Allah mənə bu iki şeyin qiyamət günü mənə gəlib çatanadək bir-birindən əsla ayrılmayacağını xəbər vermişdir." 

 

Bu gün İslam dünyasının ən böyük bayramlarından biri olan Qədir-xum bayramıdır. Və biz bu gün sizlərə ziyalı fikri rubrikasında Ramil Bədəlovun Nəzəriyyə və nümunə başlığı altında bu mövzu ilə bağlı olan fikirlərini təqdim edirik. 

 

Həzrət Məhəmmədin 63 illik ömrünün 23 ili peyğəmbərlik dövrü olmuşdur. O bu müddət ərzində çox əziyyət çəksə də, ömrünün sonunadək İslam dinini təbliğ etmişdir. Görəsən, qatlaşdığı hər bir əziyyətin müqabilində onun bir ümmət olaraq bizdən hər hansı bir istəyi varmı? Qurani-kərimin ayələrinə nəzər salsaq, bu xüsusda dörd cür ayə ilə rastlaşırıq. İlk baxışda bu ayələr bir-birini tamamlamasa da, diqqətlə baxdıqda onların bir-birilə əlaqəli olduğunu görərik. Bu xüsusdakı ayələrin birində Allah belə buyurur: "...De: "Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində Əhli-beytim barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm..." Allah bizdən Əhli-beyti sevməyi, onlardan uzaq düşməməyi istəyir. Əhli-beytə olan sevgi bizi xilas edəcək. Məhz buna görə biz həyatımızda Əhli-beyti özümüzə örnək seçməliyik.

Digər bir ayədə isə Allah Peyğəmbərin dilindən belə buyurur: "Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində - sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq (hərəkət etmək) istəməsi istisna olmaqla, bir muzd istəmirəm". Deməli, Peyğəmbər ümmət üçün çəkdikləri zəhmətlərin müqabilində, bu rəhmətlərin qarşılığı olaraq bu ilahi yolu getməyimizi istəyir. Sanki bir xeyirxah insan bir kəndə bulaq çəkdirir, onun istəyi isə insanların həmin bulaqdan istifadə etməsidir. Bu mənada yuxarıda qeyd etdiyimiz ayə olduqca maraqlı ayədir. Burada yalnız ilahi yolu görməkdən yox, bu yolda hərəkət etməkdən söhbət gedir. Hərəkət etmək isə Quransız mümkün deyil. Başqa sözlə desək, Qurandan uzaq düşməklə bu yolda addım atmaq olmaz. Ayədə Allahın bizə çatdırmaq istədiyi mesaj Qurandan muğayat olmaq mesajıdır. Peyğəmbər bizdən muzd olaraq Qurana uyğun şəkildə yaşamağımızı istəyir.

Yuxarıda qeyd olunan hər iki ayəyə diqqətlə nəzər yetirsək, onların birində Əhli-beytdən, digərində isə Qurandan danışıldığını görərik. Necə ki Peyğəmbər

 

Qədir-xumda buyurdu: "Mən sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm. Görüm məndən sonra o iki amanətlə necə davranacaqsınız?" Bu vaxt sahabələrdən biri uca səslə soruşur ki, ey Allahın elçisi, bu əmanətlər hansılardır? Peyğəmbər isə belə buyurur: "Onlardan biri Allahın kitabı, digəri isə mənim əhli beytimdir. Allah bu iki şeyin bir-birindən ayrılmayacağını mənə xəbər vermişdir..." Bunlar biri digərini tamamlayır. Bunlardan biri, yəni Quran nəzəriyyə kimi, Əhli-beyt isə nümunə kimi çıxış edir. İlahi yolda hərəkət etmək üçün onların hər ikisinə ehtiyac var. Nəzəriyyə zehni qidalandırırsa, nümunə qəlbi rahatlaşdırır. İnsan nümunələri gördükdə, ilahi yola qədəm qoya biləcəyini və özü də bu nəzəriyyənin canlı nümunəsi ola biləcəyini başa düşür. Çünki tarixdə belə nümunələr var. Nümunə eyni zamanda insana əzm və iradə bəxş edir.

İslam dini yalnız nəzəriyyədən ibarət deyil, eyni zamanda həm də nümunədən ibarətdir. Diqqət yetirsək, sözügedən ayələrdə ilk baxışda fərqli fikirlər səsləndirilsə də, onlar sanki bir qəpiyin iki tərəfi kimidir; bir üzü nəzəriyyə, digər üzü isə nümunədir.

Qurani-kərimin sözügedən mövzu ilə əlaqədar üçüncü bir ayəsində məzmun dəyişilir. Allah Peyğəmbərin dilindən belə buyurur: "...Mən bunun (ilahi peyğəmbərlik vəzifəsinin təbliği) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm (tələb etmirəm)..." Maraqlıdır, yuxarıda qeyd olunan iki ayədə bizdən iki şey istənildiyi halda, bu ayədə heç nə istənilmir. Bir misalla məsələyə aydınlıq gətirək. Pulu olmayan bir xəstə, həkimin yanına gəlir və ondan müalicə olunmasını istəyir. Həkim nəvaziş göstərərək onu müalicə edir, sonda isə “mən səndən heç nə istəmirəm, yalnız bir istəyim var", - deyə söyləyir. Bunu eşidən xəstə narahat olur ki, birdən həkim ondan gördüyü işin müqabilində pul İstəyər. Lakin həkim xəstədən onun yağlı və şirin şey yeməməsini istəyir. Həkimin istəyinə diqqətlə nəzər yetirdikdə bu istəyin həkimə deyil, məhz xəstəyə aid olduğunu görürük. Əslində, həkim özü üçün heç nə istəmir, yalnız qarşı tərəfin müalicəsi üçün nəsə istəyir. Elə buna görə də hədis qaynaqlarında Peyğəmbərin "səyyar həkim" olduğu qeyd olunur. 

Mövzumuzla əlaqədar sonuncu, yəni dördüncü ayə isə belədir: "De ki: "Sizdən istədiyim bütün muzdlar sizin üçündür. Mənim mükafatım yalnız Allahın öhdəsinədir..."

Yuxarıda qeyd etdiyimiz dörd ayənin hər biri bir- biri ilə əlaqəlidir və biri digərini tamamlayır. Nəticə etibarilə Allahın bu ayələrlə bizə vermək istədiyi mesaj bundan ibarətdir: biz Qurandan və Əhli-beytdən heç bir zaman uzaq düşməyək. Quran və Əhli-beyt bir quşun iki qanadı kimidir. Bu qanadlardan biri və ya hər ikisi olmazsa, quş uça bilməz. Biz də mənəvi aləmə qanadlanıb uçmaq istəyiriksə, Quran və Əhli-beyt qanadına bir nəzəriyyə və bir nümunə kimi ehtiyacımız var. Bu mənəvi pərvazın isə insana xeyri var, insan ucaldıqca o xeyri görür və dərk etməyə başlayır. Unutmayaq ki, nümunələr olmasa, nəzəriyyələr tədricən aradan gedər. Nümunələr aradan getdikdə isə nəzəriyyələr də tədricən aradan gedər; yaxşı insanlar olmasa, yaxşılıqlar ölər; ədalətli insanlar olmasa, ədalət dəfn olunar; fəzilətli insanlar yox olarsa, fəzilətlər sıradan çıxar. Bu, məsələnin birinci tərəfinə aiddir. Məsələnin ikinci tərəfi isə budur ki, dəyərlərə verdiyimiz qiymət dəyərlilərə olan münasibətimizdən asılıdır. Dəyərli olana nə qədər qiymət veririksə, nəzəriyyəyə də bir o qədər qiymət veririk. Bir şərtlə ki, ilk olaraq dəyərin nə olduğunu anlayaq. Yəni haqqı tanıyıb, haqqa bağlanmalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Çərşənbə axşamı, 25 İyun 2024 13:30

Unudulmaz sevgi şeirləri: Səyavuş Sərxanlı, “Necəsən"

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Səyavuş Sərxanlı adı da çoxunuza heç nə demədi. Amma bir vaxtlar - sovet dönəmində onun da şeirləri, sözlərinə yazılan mahnılar çox populyar idi. 

“Necəsən” onun lirik poeziyasının ən gözəl nümunələrindəndir. 

 

Necəsən?

Günlərim leysandı, ürəyim çadır,


Döyülür aylarım, ilim, necəsən?


Nə əlim yetişir, nə ünüm çatır,


Mən kimdən öyrənim, bilim, necəsən?


 


Həsrətin keçilməz ormanlar təki,


Döyüldüm, sovruldum xırmanlar təki,


Gah yıxıb, gah da ki quranlar təki


Özümə dağ çəkir külüm, necəsən?


 


Sənə inanmışam, yenə inanım,


Oda qalanmışam, yenə qalanım,


Necəsən, başına dönüm, dolanım,


Necəsən, küsənim, gülüm, necəsən?


 


Təkliyim dağ olar, çənə bürünər,


Döşündə yol azan eşqim sürünər,


Yataram, yanımda yerin görünər,


Özünə yetişməz əlim, necəsən?


 


Qalanar dumanım, çənim yolumda,


Ömrümə, sevgimə qənim yolumda;


Sən ey qurban olan mənim yolumda,


Gəlim qabağında ölüm, necəsən?!

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

                                                                                                           

Ramiz Göyüş, yazıçı-publisist. “Ədəbiyyat və incəsənət” üçün

                                                                                                         

 Çağdaş poeziyamızın tanınmış və ünlü nümayəndələrindən biri olan Rafail İncəyurdun poeziyası barədə fikirlərimi, böyük filosof və ədəbiyyat adamı Yaşar Qarayevin məşhur bir kəlamı ilə başlamaq istədim: "Ruh kimi poeziyada həmişə bizim hələ gəlib çatmadığımız yerdə olur... Poeziya həm də qövsü-qüzehə, ilğıma da bənzəyir. Sən ona yaxınlaşdıqca, o səndən uzaqlaşır. Sən şeirə çatanda, o artıq yeni mənzil başında olur”.

 

Bu yazıda mən çalışacam ki, Rafail İncəyurdun bu günlərdə haləsində olduğum və Professor Yaşar Qarayev demiş, hələ məndən uzaqlaşmamış poeziyasına, sətirlərinin arxasından boylanan mətləblərinə, demək istədiklərinə,  yaxınlaşım.

Bu il poeziyasevərlər Rafail İncəyurdun 70 illik yubileyini qeyd edəcəkdir. Ona görə də mən Rafail müəllimin yaradıcılığı barədə fikirlərimə keçməmiş, istədim ki, onun 70 illik ömür və yaradıcılıq yoluna kiçik bir nəzər salaq... 

... Qazaxdan çıxıb üzü Borçalı mahalına, məşhur Sınıq Körpü istiqamətinə yol alanda, Azərbaycan xalqına başda Molla Pənah Vaqif və Səməd Vurğun olmaqla çox böyük dahilər bəxş etmiş Yuxarı Salahlı kəndindən (Qıraq Salahlıdan) sola bir yol burulur. Bu yol səni ətrafı yazda gül-çiçəklə, payızda isə yovşan kolları ilə bəzənmiş təpələr arasından şairlər, aşıqlar yurdu, söz-sənət vurğunlu, irfan dünyalı insanların məkanı olan bir dərəyə - İncə dərəsinə aparır.

Tale elə qismət elədi ki, mən elə Qazaxdan kənara çıxdığım-tələbə adını qazanaraq mərkəzi şəhərimiz Bakıya gəldiyim ilk günlərdən, əsgəri xidmətdə olduğum zamanlardan, əmək fəaliyyətinə başladığım günlərdən başlayaraq, tələbə yoldaşlarımın, əsgər yoldaşlarımın, iş yoldaşlarımın, ünsiyyət bağladığım insanların ən çoxu bu dərənin insanları oldu. Təmasda olduğum bu insanların yüksək mənəvi keyfiyyətləri, sözə-sənətə vurğunluğu, insani keyfiyyətləri, dostluğa sədaqəti, etibarı ilə bu dərənin bütün insanları haqqında təsəvvür yaratmağa imkan verdi. Onların adını saymaqla bitməz. İş elə gətirdi ki, sonralar mən bu dərədən pöhrələnərək boy atmış söz-sənət adamlarının yaradıcılığını  incələməli oldum. Bu araşdırmalar nəticəsində belə qənaətə gəldim ki, cəmi üçcə kəndən ibarət olan bu dərə, istər adət-ənənəsi, istər folkloru, istər istedadları, istər sazlı-sözlü məclisləri, istər fərqli dini dünyagörüşü ilə az qala bütöv bir xalqın etno mədəniyyətini və ədəbiyyatını təmsil etmək qüdrətinə malikdir. Doğrusu, mən bu yurdun şairlərini ciyin-çiyinə vermiş sıra dağlara bənzədirəm. Bu sıra dağların Aşıq Avdı, Aşıq Cəlal, Ələddin İncəli, Aslan Kəmərli, Ağamalı Sadiq, Kərəm İncəli, Akif Səməd, Məmməd İlqar, Məmməd Dəmirçioğlu, İbrahim İlyaslı, Avdı Qoşqar, Mahmud Vəli, Sayad Mustafaoğlu adlı və adını bu yazıda çəkmədiyim neçə-neçə zirvələri var. Bu zirvələr bir dağ silsiləsində yerləşsə də, hər biri öz gözəlliyinə, əzəmətinə, möhtəşəmliyinə görə biri-birindən fərqlənir. 

Bu sıradan, İncə dərəsinin Azərbaycan poeziyasına bəxş etdiyi, çağdaş poeziyamızda öz səhfəsini yazmış, öz yeri, öz sanbalı olan  çox dəyərli şairlərimizdən biri də Rafail İncəyurddur. Rafail İncəyurd müəllim ailəsində doğulmuşdu. Valideynləri  onu müəllim görmək istəyirdi.  Elə bu məqsədlə də, orta məktəbi bitirdikdən sonra ölkənin ən nüfuzi ali məktəblərindən birinin, ən nüfuzlu fakültələrindən birinə- Azərbaycan Dövlət Universitetinin  mexanika - riyaziyyat  fakültəsinə daxil oldu. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olan Rafail müəllim sonradan ömrünü –gününü yazı-pozuya, bağladı. 1981–1998-ci illərdə Azərbaycan Dövlət Universiteti Hesablama Mərkəzində proqramçı, redaktor müavini, redaktor, “Müəllim” nəşriyyatında redaktor, Bakı Dövlət Universiteti nəşriyyatında kompüter proqramçısı, “Odlar Yurdu və Diplomat” nəşriyyatlarında baş redaktor və s. vəzifələrdə çalışdı. Lakin şairlik onun stixiyası idi. Ədəbi həyata yeniyetmə yaşlarından başlamışdı. Elə bu fəaliyyətlər də getdikcə onun şair kimi yetişməsinə, püxtələşməsinə, tanınmasına bünövrə oldu.  

Bəs niyə şairliyi seçdi Rəfail müəllim? Düşünürəm ki, onu şair edən əsas amil İncə dərəsinin mühiti idi. O  da bütün yaşıdları kimi İncə dərəsini sazlı-sözlu, nağıllar, əfsanələr, əsatirlərlə dolu dünyasında böyümüşdü. Saz havaları, bayatılar, incə qımqımıları anasının südü, laylaları ilə onun qan yaddaşına hopmuşdur. Lap erkən uşaqlıq, yeniyetmə vaxtlarından nəbzi sazın pərdələri ilə döyünmüş, dili, ləhcəsi danışığı şairlərin misraları ilə köklənmişdi. İncə dərəsinin yalnız bu dərəyə məxsus olan folkloru və irfan dünyası Rafail İncəyurdun formalaşmasında mühüm rol oynamışdı. Və  bu yerlərin genetik kodu, havası, suyu, şeir-sənət aləmi və Böyük Yaradanın vediyi istedad şair etdi Rafail  İncəyurdu.

 

       İrfan soylu kişilərin elindən,

       Bayatılı nənələrin dilindən,

       Şah palıdlar kökünün saf telindən

       Qətrə-qətrə, sıza-sıza gəlmişəm.

 

       Yol  gəlmişəm: yarı yağmur, yarı toz,

        Üz görmüşəm: biri gülər, biri boz.

        Bəzən yoldan eyləyib bir çürük qoz,

        Nə danım ki, hərdən duza gəlmişəm.

 

İncə dərəsi Rafail müəllim üçün müqəddəsdir. Təkcə ona görə yox ki, tək Azərbaycan da deyil , onun hüdudlarından kənarda da məşhur bir ziyarət kimi tanınan Hacı Mahmud  ocağı bu məkanda yerləşir. Həm də ona görə ki, həmin məkanda Rafail İncəyurdun dünyaya göz açdığı bir ocaq var, ilk dəfə ayaq tutub addım atdığı həyət var, ilk dəfə dil açıb ana çağırdığı, örəndiyi dil var, ləhcə var, qucağına sığınıb, laylasını eşitdiyi anasının, çörəyini yediyi, öyüdünü dinlədiyi, tərbiyəsini aldığı atasının məzarları, ruhu var, uşaqlığını keçirdiyi, quzu otardığı dərə, təpə var, həmin dərə-təpələri dolanan şığır-çəhlimlərdə izi, uşaqlıq xatirələri qalıb. Çiynində anasının parçadan tikdiyi məktəb çantasında qədəm qoyduğu məktəb, sinif otağı xatirələrində yaşayır. Onu Bakıya  ölkənin ən adli-sanlı ali məktəbə, yola salan məktəb var, ona əlifbanı, ana dilini, xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətini öyrədən müəllimlərinin ruhu yaşayır. Uşaqlığında dirədöymə, çiling-ağac, beş daş oynadığı, çərşənbə günlərində papaq atdığı, yumurta döyüşdürdüy, tonqal çatdığı uşaqlıq yoldşlarının xatirələri yaddaşında həmişəlik həkk olunub.     

Məhz ona görə də Rafail müəllimin yaradıcılığının bir hissəsi həmin müqəddəs insanların, yerlərin, hadisələrin tərənnümünə həsr olunub. Həmin şeirləri oxuduqca həmin müqəddəsləri xatırlayırsan , onlara qayıdırsan. Və xatırlacıqa, düşündükcə  ruhun təzələnir, səndə nastolji hisslər oyadır, adamı o yerlərə qayıtmağa, o  anları yaşamaqa səsləyir:

 

       Niyyətimlə qoşalaşdım,

       Göy Türfəni öpdüm, keçdim.

        Ziyarət etdim dostları,

        Müşkülümnən ötdüm, keçdim,

        Keçdim müqəddəs dərəmi-

        Gah hücrəni, gah hərəmi.

        Yandı ürək köz-köz oldu,

        Xatirələr cüt göz oldu...

 

Rafail müəllimlə tez-tez ünsiyyətdə oluram və mənə elə gəlir ki, şeirlərini oxuyanda onu daha yaxından tanıyirsan, iç dünyasına, tər-təmiz, saf xarakteri, xeyirxah , mərhəm düşüncələri ilə  daha yaxından tanış olursan. Düşünürəm ki, onu oxuculara sevdirən də, elə bu xarakterdən, bu duyğulardan yaranan  şeirlərdir. Şeirləri sadədir, səmimidir, koloritlə, etnoqrafik nümunəlrə zəngindir. Oxucu ilə çox asanlıqla təmas –dil tapır. Oxucu demək istədiklərini onun şeirlərində tapır. Uzun illərdir Bakı şəhərində yaşamasına baxmayaraq, danışığını da ləhcəsini də dəyişməyib. Məncə dəyişməyə heç cəhd də eləməyib. Onunla görüşəndə , ünsiyyətdə olanda elə bil İncə dərəsindən dünən gəlib. Onunla ünsiyyətdə olanda  Qazağın, İncə dərəsinin ab-havasını, şirinliyini hiss edirsən.

 

           Sənsən andım, sənsən adım,

            Sanım ay Qazax, ay Qazax,

            Yüyrüyümdən bəri gələn,

            Sonum ay Qazax, ay Qazax!

 

            Məni də sal varağına,

            Bir küncünün qırağına.

            İncə adlı budağına,

            Qonum ay Qazax, ay Qazax!

                                                     ...     Səcdəgahım, Qibləm, Pirim,

Yönüm ay Qazax, ay Qazax!

                                           

Rafail İncəyurdun yaradıcılığının böyük hjissəsini ictimai məzmun kəsb edən şeirlər təşkil edir. Onu narahat edən problemlər təkcə ətrafında, onu əhatə edən mühitdə, aləmdə baş verən proseslər, haqsızlıqlar, ədalətsizliklər deyil, həm də dünyanı narahat edən problemlərdir. Bu problemləri qələmə almaq istəyi onun içindən baş qaldırır, kükrəyir  və sonra bu  hisslər şeirə çevrilir. 

                                                   

 Şah Abbasın nağılından bu yana

 Hökmü olan ağlı kəmdən qorxuram.

 Bu dünyanın gedişatı bilinmir,

 Heç bilmirəm kiməm, kimdən qorxuram.

 

Yaşının müdrik çağına qədəm qoyan Rafail İncəyurd hesab edirəm ki, müdrik bir şair kimi bu gün dünənkindən daha məhsuldar fəaliyyət göstərir, daha məhsuldar yazıb-yaradır . Onun əsas mətbəəsi, yazı masası olan feysbook sosial şəbəkəsində demək olar ki, hər gün yeni şeiri ilə tanış olursan. Bu şeirləri mən müdrik yaşın müdrik şeirləri adlandırardım. Həmin şeirlərdin son vaxtlar yazdığı bir şeirindən nümunə gətirmək istədim:

 

           Tükənmirsə yaratmağın həvəsi,

           Duyulursa gələn yazın nəfəsi,

           Çağlayırsa sevgilərin zil səsi

           Dərdin səsi pəs deyilmi, İncəyurd?

 

           Ömür-gündü şeir-şeir sökülən,

           Susur, dinmir abırına bükülən…

           Qara geyib ağ kağıza tökülən

           Vaxtdan gələn his deyilmi, İncəyurd?

 

       Can deyilmi eşq əhlinə bəslənən?

        Ruh deyilml gecə-gündüz süslənən?

        …Nədir belə uzaqlarda səslənən?-

       Göydən gələn “SOS” deyilmi, İncəyurd?”

 

Rafail İncəyurdun poeziyasına oxuduqca, bu şeirlər sənə sanki dastan danışır. Ona görə də onun yaradıcılığından ətraflı yazmaq üçün  bir dastan yazmalısan. Bu isə gələcək tədqiqatçıların üzərinə düşür. Elə ona görə də ona olan azularımı onun öz duaları ilə tamamlayıram:

 

          Sevgi – körpü, sevgi – tağ,

          Sevgi – hörgü, sevgi – bağ…

          Hər sinndə nəsə quraq –

          Dilək gəlsin yaş üstə...

 

          …Tanrım, pozma gərdişi,

          Qoy bitirək hər işi

           Yaxınlaşan 70-i

           Hələ yazma daş üstə.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Xan baliğı (Göyçə baliğı) buğlamasının hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR:

§ Balıq – 152 qr

§ Pomidor – 35 qr

§ Bibər – 20 qr

§ Acı bibər – 10 qr

§ Cəfəri – 11 qr

§ Kəvər – 11 qr

§ Kərəviz – 11 qr

§ Soğan – 20 qr

§ Kərə yağı – 15 qr

§ Duz – 4 qr

Xörək əlavəsi:

limon – 15 qr, narşərab – 5 qr, nar – 5 qr

 

HAZIRLANMASI:

Balıq və tərəvəzlər yuyulur, təmiz- lənir. Tərəvəzlər halqavarı doğranır. Ərzaqlar lay-lay qazana düzülür. Üzərinə su, duz, istiot, alça, göyərtilər əlavə olunur və bişməyə qoyulur. Qay- nayandan sonra 20-25 dəqiqə ərzində vam odda bişirilir. Süfrəyə verilərkən narla bəzənir və yanında limon, nar- şərab verilir.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.