Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Xan baliğı (Göyçə baliğı) buğlaması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Xan baliğı (Göyçə baliğı) buğlamasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Balıq – 152 qr
§ Pomidor – 35 qr
§ Bibər – 20 qr
§ Acı bibər – 10 qr
§ Cəfəri – 11 qr
§ Kəvər – 11 qr
§ Kərəviz – 11 qr
§ Soğan – 20 qr
§ Kərə yağı – 15 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
limon – 15 qr, narşərab – 5 qr, nar – 5 qr
HAZIRLANMASI:
Balıq və tərəvəzlər yuyulur, təmiz- lənir. Tərəvəzlər halqavarı doğranır. Ərzaqlar lay-lay qazana düzülür. Üzərinə su, duz, istiot, alça, göyərtilər əlavə olunur və bişməyə qoyulur. Qay- nayandan sonra 20-25 dəqiqə ərzində vam odda bişirilir. Süfrəyə verilərkən narla bəzənir və yanında limon, nar- şərab verilir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasının məzunu, hazırda bəstəkar kimi fəaliyyətini kino və teatr sahəsində davam etdirən, beynəlxalq müsabiqələr laureatı Nigar Süleymanın İkinci Qarabağ müharibəsində şəhid olmuş Rəşad Babayevə həsr etdiyi “Simli kvartet” əsəri Polşada keçirilən beynəlxalq “WBM” müsabiqəsində birinci yerə layiq görülüb.
Bakı Musiqi Akademiyasından AzərTAC-a bildirilib ki, müsabiqə qalibləri arasında Amerika, Yaponiya, Çindən olan bəstəkarlar da var.
Şəhidə ithaf edilən əsərdə qəhrəmanın ürək döyüntüləri, mübarizəsi və ölümü əks olunub.
Müəllif musiqi bəstələməyə 13 yaşından başlamışdır. Daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Pikə Axundovanın sinfində ilk bəstəkarlıq təhsilini alıb. Eyni zamanda o, Kəmalə Şıxəliyeva, Nəzakət Heydərova, Ayaz Qəmbərli, Yulizana Kuxmazovanın da dərslərində iştirak edib. Məktəbdə oxuduğu illərdə fortepiano üçün pyeslər, violin və fortepiano üçün miniatürlər, simli orkestr üçün “Zülmətin rəqsi”, klarnet və fleyta üçün 7 miniatür və digər əsərlər yazıb.
Hələ məktəbdə oxuduğu illərdə Türkiyədə Caspiart, Rusiyada “Stars project” müsabiqələrində iştirak edib. Bakı Musiqi Akademiyasında oxuduğu illərdə Nizami Gəncəviyə həsr olunmuş Romans müsabiqəsinin diplomantı, Bakı Caz Festivalının qalibi (2-ci yer), “Bəstəkarlar üçün çağırış” müsabiqəsinin qaliblərindən biri olub.
2021-ci ildə Estoniya Musiqi və Teatr Akademiyasında Erasmus proqramı çərçivəsində Malle Maltis, Tammo Summera, Lisa Hirsch kimi bəstəkarlardan elektroakustik bəstəkarlıq dərsləri alıb.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb
İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb.
AzərTAC xəbər verir ki, həmin reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.
İndi həmin müsahibənin tam variantını təqdim edirik.
Müxbir: Cənab Prezident, hər zaman Sizi burada görmək olduqca xoşdur. Bu gün Siz “Masdar” və Zati-aliləri Sultan Əhməd Əl-Cabir ilə çox mühüm xəbər verdiniz. Xahiş edirik, planlarınız barədə daha çox məlumat verərdiniz.
Prezident İlham Əliyev: Bəli, həqiqətən əla tədbirdir və o, əslində, bizim yaşıl gündəliyimizi nümayiş etdirir və eləcə də göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Müxbir: Ənənəvi enerji sektorunun olması ilə yanaşı, yeni yaşıl bərpaolunan enerjiyə keçidə gəldikdə, çətinliklər hansılardır?
Prezident İlham Əliyev: Bilirsiniz, əslində, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik.
Müxbir: Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox iştirakçının olması digər şirkətlərin bu işə sadiqliyini və bu konfransın nəyə görə enerji sektorunda qlobal liderliyi əks etdirdiyini göstərir. Elə deyilmi?
Prezident İlham Əliyev: Mən də belə düşünürəm. Tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Siz qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.
Müxbir: Yeri gəlmişkən, Siz xüsusi Sərəncamla bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiniz. Elə deyilmi?
Prezident İlham Əliyev: Bəli, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Müxbir: Cənab Prezident, hər zaman Sizi görməkdən məmnunuq.
Prezident İlham Əliyev: Çox sağ olun.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
BİRİ İKİSİNDƏ layihəsində üç mükafatçı hekayə - “Yazgülün nəvəsi”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə təqdim etdikləri BİRİ İKİSİNDƏ layihəsində sizlərə Azərbaycan Ədəbiyyat Fondunun və “Ulduz” jurnalının birgə keçirdikləri Xalq Yazıçısı Anarın 85 illik yubileyi mkünasibətilə hekayə müsabiqəsinin mükafatçılarının hekayələri təqdim edilir.
3-CÜ YER
Xanbala MAHMUDOV
Mahmudov Xanbala Elçin oğlu (Xan Abdulla) 1994-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub. 2017-ci ildə BDU-nun hüquq fakültəsini bitirib. Hazırda "Teas Press" nəşriyyatının redaktorudur.
YAZGÜLÜN NƏVƏSİ
Yataqxanada itikçilər yaşayırdılar – qaçqınlar, məcburi köçkünlər, dolanmaq üçün kənddən şəhərə gələnlər, kimsəsizlər... Yataqxananın məxsusi qoxusu vardı. Bu, səfalətin qoxusu idi; yüz addım uzaqda olsan belə, gəlib burnunu dalayır, ürəyini bulandırırdı. Buna rəğmən, yataqxananın qarşısından keçmək, kir tutmuş divarlara, uçuq-sökük eyvanlara, zivələrdən asılmış qara-qura paltarlara baxmaq xoşuma gəlirdi. Qışqırıqçı, hay-küyçü arvadlar bir-birlərini təhdid etməkdən, söyməkdən, saçlamaqdan, dişsiz, maymaq qocalar həyətdə domino, nərd oynamaqdan, burnufırtıqlı uşaqlar ağlayıb-zırıldamaqdan, burnuyelli gənclər binanın qarşısında küllənməkdən bezməzdilər. Ən çox pəncərələrə oğrun-oğrun baxmaqdan xoşlanırdım, qıraqdan bu bəxtsiz insanların həyatına tamaşa edirdim. Bəzi evlərin içi aydınca görünürdü – maykalı arıq bir kişi tosqun arvadını öpürdü, balaca bir uşaq iştahla çörək gəmirirdi, ana yeniyetmə oğlunu döyürdü...
Demək olar ki, yataqxanın bütün sakinləri qarabəniz idi. İkisindən başqa...
On beş yaşım təzəcə tamam olmuşdu. Yaşdaşlarım kimi bütün gün qadınlar barəsində düşünürdüm. Erotik filmlərə baxır, xoşuma gələn, gözüm tutan qızları fikirləşib yaşdaşlarım nə edirdisə, onu edirdim. Sakit, qaradinməz, adamayovuşmaz bir uşaq idim. Hansısa qızın dodağından öpmək, hətta əlindən tutmaq mənimçün əlçatmaz bir xəyal idi. Qızlarla dilxoşluq edən söhbətcil, qanışirin, yapışıqlı oğlanlara qibtə edirdim. Çirkin uşaq deyildim... Sadəcə, bəxtim gətirməmişdi, dovşandodaq doğulmuşdum... Dodağımın üstündə çəhrayı bir çapıq vardı. İndi də var, amma çox da bilinmir. Çünki bığ saxlayıram...
Günlərin bir günü tənəffüsdə sinif yoldaşım Həsəni yanlayıb müxtəsərcə dedim:
– Məni Yazgülün yanına apar. Pulum var.
Yazgül fahişə idi. Yataqxanada yaşayırdı. Onu bir neçə dəfə uzaqdan görmüşdüm. Yataqxananın iki sarışın sakinindən biri o idi. Həsən danışanda eşitmişdim, bilirdim ki, on manata görüşür. Anam mənə hər gün bir manat verirdi ki, məktəbdə acsam, nəsə alıb yeyim. On gün heç nə alıb yeməmişdim.
Həsən mənə baxıb rişxəndlə gülümsədi. Sinfin ən hərcayi uşağı idi. Qalın, pırpız qaşları vardı – sanki kimsə kiminsə saqqalını yolub alabaşına-külbaşına Həsənin qonur gözlərinin üstünə yapışdırmışdı. Həsən rişxəndlə gülümsəyəndə şeytana oxşayırdı. Düzdür, heç kəs şeytanın necə göründüyünü bilmir, amma Həsəni (daha doğrusu, rişxəndlə gülümsəyən Həsəni) şeytana oxşadanların sayı az olmadığı üçün bunu əminliklə yaza bilirəm.
– Deyəsən, qızmısan, – Həsən dedi. – Özün niyə getmirsən? Qorxursan?
Sözün düzü, qorxurdum. Daha doğrusu, utanırdım. Yazgüllə necə danışmalı olduğumu bilmirdim. Çünki heç vaxt heç kimlə belə bir sövdəyə girməmişdim. Bir az həyəcanlanan kimi dilim dolaşırdı, boğulurdum. Yazgülün yanında gülünc vəziyyətə düşmək, naşı kimi görünmək, pərt olmaq istəmirdim.
– Aparırsan, ya yox? – mən soruşdum.
– Yaxşı, dərsdən sonra gedərik, – Həsən cavab verdi.
Dərsdən sonra birlikdə yataqxanaya getdik. Mart ayı idi. Binanın həyətindəki ağaclar çiçəkləmiş, çiçəklərin xoş rayihəsi binanın üfunətinə qarışmışdı. Həyəcanlı idim. Ürəyimin guppultusunu eşidirdim. Qaçıb getmək, aradan çıxmaq istəsəm də, namusa boğulub gözləyirdim.
Yazgül birinci mərtəbədə yaşayırdı. Bloka girib qapıya yaxınlaşdıq. Həsən qapını döydü. Bir neçə dəqiqə sonra qapı açıldı, iyirmi-iyirmi beş yaşlı kürən bir oğlan mənzildən çıxdı və bizə salam verib getdi. Yazgül Həsəni tanıyıb gülümsədi:
– Xoş gəlmisiniz, – dedi.
Mənim üzümə baxanda duruxdu, sanki özünü itirdi. Mən daha da həyəcanlandım. Elə güman etdim ki, qadının sir-sifətimdən xoşu gəlmədi.
– Xoş gördük, Yazgül, – Həsən əkəc-əkəc diləndi. – Necəsən? Nə var, nə yox? Dostum görüşmək istəyir. Siftəsidir.
Yazgülün otuz-otuz beş yaşı olardı, parlaq dərisi, nazik dodaqları, yaşıl gözləri, əyri və bəyaz dişləri, sısqa ayaqları, iri döşləri vardı. Qəhvəyi rəngli şort, pələngi köynək geyinmişdi.
– Yaxşıyam, şükür...
– Gör nə deyirəm... On beş manatımız var. Bəlkə, ikimiz də girək?
– Yaxşı... Keç içəri, iki dəqiqəyə gəlirəm.
Yazgül həyətə düşdü.
– Qapının ağzında gözlə, – Həsən dedi və bic-bic gülümsəyib içəri keçdi.
Yazgülün səsini eşitdim, kimisə haylayırdı: “Yaqut... Yaqut... Yaqut...” Üç-dörd dəqiqə sonra qayıtdı. Yanımdan keçib içəri girdi və qapını kilidlədi. Gözləməyə başladım...
Beş-altı yaşlı sarışın bir qız uşağı gəlib qapının dəstəyini burdu, kilidli olduğunu anlayıb geri çəkildi. Əlində sarısaç bir kukla vardı. Bu qızı bir neçə dəfə uzaqdan görmüşdüm. Amma dodağının üstündə çəhrayı rəngli, səliqəsiz bir çapıq olduğunu bilmirdim. Qıza ürəyim yandı. Mən heç olmasa bığ saxlaya bilərdim... Kuklasının da ağzı cırıq idi. Güman ki, hansısa uşaq ona sataşmaq üçün gəlinciyin ağzına mismar batırmışdı. Mənim özüm də belə zarafatlara, hənəklərə tez-tez məruz qalırdım. Bəlkə də, bunu qızın özü etmişdi, istəmişdi ki, kuklası özünə oxşasın...
– Sən Yazgülün qızısan? – ondan soruşdum.
– Hə, – deyə qız gülümsədi.
Yaşıl gözləri par-par parıldayırdı. Ağzında dişi yox idi. Bununla belə, gülümsəmək ona yaraşırdı. Allah bilir, kimin qızı idi. Yaşım çatsaydı, Yazgüllə beş-altı il qabaq görüşsəydim, elə bilərdim ki, mənim qızımdır. Çünki mənə çox oxşayırdı. Qızın başını sığallamaq, üzündən öpmək istədim. Lütf edirmiş kimi... Nədənsə belə güman etmişdim ki, indiyədək anasından başqa heç kim onu tumarlamayıb, üzündən öpməyib.
– Nə gözəl kuklan var, – deyə qızın saçını sığalladım, amma öpmədim, çiyrəndim. – Anan alıb?
– Hə, o mənim qızımdır, – uşaq sevincək dedi və kuklasını möhkəmcə qucaqladı.
Nitqi qüsurlu idi, sözləri düzgün tələffüz edə bilmirdi. “O mənim qızımdır” yox, “o əim ıdımdı” demişdi...
– Böyüyəndə nə olmaq istəyirsən? – vaxt keçirmək üçün soruşdum.
– Həkim... Anamı sağaltmaq istəyirəm... Başı ağrıyır tez-tez...
– Hə, mən də həkim olmaq istəyirəm. Ananı çox istəyirsən?
– Hə, hamıdan çox istəyirəm. O da məni hamıdan çox istəyir. Qızımı da hamıdan çox istəyirəm...
– Necə yəni? Ananı hamıdan çox istəyirsən, ya qızını? – deyə gülümsədim.
– İkisini də, – qız gülə-gülə dedi və qaçaraq həyətə düşdü.
Bir neçə dəqiqə sonra qapı açıldı. Həsən mənzildən çıxdı. Pörtmüşdü. Üzünə xoş bir təbəssüm qonmuş, yumru sifəti sanki daha da yumrulaşmışdı.
Əlini çiynimə qoyub dedi:
– Qorxma, keç içəri.
Deyəsən, həddən artıq həyəcanlı olduğumu anlamışdı.
İçəri keçdim. Mənzilin təmirinin, şəraitinin bizim evimizə bab olması məni əməllicə təəccübləndirdi. Dəhlizdə yaşıl bir ləyənlə qırmızı aftafa vardı. Yazgül otaqda siqaret çəkirdi.
– Keç əyləş. Çəkənsən? Götür birini.
Nəzakətlə imtina elədim və keçib divanda – televizorun qarşısında oturdum.
– Qızının adı Yaqutdur? – deyə soruşdum.
– Hə, gözləri yaşıldır deyə, adını Yaqut qoymuşam, – Yazgül məmnunluqla cavab verdi.
Onda yaqutun, əslində, qırmızı rəngdə qiymətli bir daş olduğunu mən də bilmirdim. Yazgül qızının adını “Zümrüd” qoymalı idi.
Televizorda hansısa cizgi filmi göstərilirdi. Yazgül gözlərini televizora zilləmişdi, aramla siqaretini tüstülədirdi. Nəhayət, siqaretini külqabıya basdı. Ayağa qalxıb dəhlizə doğru addımladı. Ləyənin yanında dayanıb şortunu çıxardı və əyilib aftafadan su tökərək qasığını yaxşı-yaxşı yudu. Sonra birlikdə çarpayıya uzandıq...
Doğrusu, heç bir dəqiqə də çəkmədi. Qalxıb alt paltarımı, şalvarımı geyindim. Yazgülə on manat verdim və sağollaşıb mənzildən çıxdım. Həsən həyətdə idi.
– Sən də kişi oldun? – məni görüb irişərək dedi.
– Kişiliyi bununla ölçürsən?
– Yazgülün ləyəninə düşmüşdün? – deyə Həsən qəhqəhə çəkdi. – Elə bildim, düşüb boğulmusan. Niyə gec çıxdın?
– Gec çıxmadım. Mən on manat verdim, sən beş manat. Niyə məndən qabaq girdin?
– Kişi kimi düzünü de. Sənə milyon manat versələr, ləyəndəki sudan içərsən?
– Söhbəti fırlatma.
Doğrusu, əməllicə peşmanlamışdım. Hər şeyi başqa cür təsəvvür edirdim. Belə olacağını bilsəydim, nəinki on, heç beş manatımı da qıyıb verməzdim. On manata nə qədər kökə, şirni, qutab almaq olardı. İçəri birinci girməyin elə bir təfavütü yox idi. Sadəcə, Həsəni acılamaq istəyirdim. O yanımızda Yazgüldən şirin-şirin danışmasaydı, belə bir həvəsə düşməzdim.
– Əşi, birinci girsəydin, guya nə edəcəkdin? Bu gün bizdən qabaq, kim bilir, neçəsi girib.
– Sən girəndə tamam soyundu?
– Necə yəni?
– Koftasını da çıxardı? Döşlərini gördün?
– Hə, əlbəttə.
– Bəs niyə mənlə görüşəndə soyunmadı? Soruşdum ki, koftanı soyuna bilərsənmi. Dedi, yox.
– Mən haradan bilim? Ac tülküyə oxşayırsan. Yəqin, düşünüb ki, dişləyib qopardarsan.
– Görəsən, Yazgül bu yola necə düşüb?
– Sənin kimi yaramazlara görə.
– Çaşma. Allah haqqı, vurub ağzını dağıdaram.
– Yaxşı, incimə. Bir dəfə soruşmuşdum, yetimxanada böyüdüyünü demişdi. Sonrası da məlumdur...
Deyişə-deyişə məktəbə qayıtdıq, çantalarımızı sinifdən götürüb evə getdik. Eyni binada yaşayırdıq...
Gələn il Yazgülün qızı Yaqut məktəbə başladı. Görəndə salam verirdim, başını sığallayırdım. Məhzun-məhzun salamımı alırdı. Deyəsən, ona salam verməyimi, başını tumarlamağımı istəmirdi. Həmişə sıranın ən axırında dururdu. Mən də vaxtilə sıranın ən arxasında dururdum, hamının gözündən oğurlanmağa çalışırdım. Deyəsən, onun da sinif yoldaşları ilə arası yaxşı deyildi. Gözləri əvvəlki kimi parıldamırdı. Özü boyda çantası vardı. Əyin-başı həmişə səliqəli olurdu.
Aradabir zarafatla ondan soruşurdum:
– Qızın necədir, Yaqut?
Üzünü turşudub cavab verirdi:
– Yaxşıdır.
Yaqutun şəklini şərəf lövhəsinə vurmuşdular. Şərəf lövhəsinə əlaçı şagirdlərin şəklini vururdular. Nədənsə şəkildə dodağındakı çapığı silmişdilər. Yaqutun təhrif olunmuş şəkilləri cəmi iki il şərəf lövhəsini bəzədi. Uzun illər bəzəyə bilərdi, amma olmadı...
O məşum hadisənin üstündən on beş il keçib. Mən həkiməm. Şəhər xəstəxanasında işləyirəm. Aradabir Çexov kimi hekayələr yazıram... Ailəm, arvad-uşağım var. Şəhərin küçələrində Yazgülü tez-tez görürəm. Bütün günü veyil-veyil gəzir. Cındırından cin ürkür. Öz-özünə danışır, qışqırıb-bağırır, kimisə söyür... Yay-qış boynuna şərf dolayır... Yaqutun ağzıyarıq kuklası həmişə qucağında olur... Yataqxananı uçurub yerində çoxmərtəbəli, qəşəng bir bina tikiblər. Həmin məşum hadisədən altı ay sonra dağıtdılar yataqxananı...
Bir nəfər Yazgülün boğazını kəsmiş, qızını boğub öldürmüşdü... Xoşbəxtlikdən, Yazgül sağ qalmış, qatilin kim olduğunu polislərə deyə bilmişdi. Qatil Yazgülün qonşusu idi. Sərxoş halda gəlib onunla görüşmüş, sonra pulu olmadığını bildirmişdi. Yazgül hay-kül qaldıranda kişi öz bıçağı ilə onun boğazını kəsmişdi. Evdən çıxanda Yaqutun qapının ağzında durduğunu görmüş, talesiz qızcığazı içəri çağırıb kandardaca boğazlamışdı... Ələ keçməmək üçün...
Yaqut indi yoxdur... Nə vaxtsa Yazgül də olmayacaq... Günlərin bir günü haradasa soyuqdan donacaq, acından öləcək, ürəyi partlayacaq, beyninə qan sızacaq, ya da maşın vuracaq onu... Yaqutun ağzıyarıq gəlinciyi hansısa zibilxanada yandırılanda iki öksüz başdaşından savayı bu dünyada Yazgülün və onun qızının izi, nişanəsi qalmayacaq...
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
Şəhidlər barədə şeirlər - Elzamin Təhməzov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Elzamin Təhməzov
Elzamin Kamal oğlu Təhməzov (26 oktyabr 1979; Bərdə rayonu, Azərbaycan SSR — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi.
Elzamin Təhməzov 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub.
Əslən Laçın rayonunun Malxələf kəndindən idi. Ailəli idi. 2 qızı yadigar qaldı.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Elzamin Təhməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elzamin Təhməzov sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zəfərin bu taydadır,
Özün o tayda, şəhid.
Balası boyda ata,
Vətəni boyda şəhid.
Şəkillərə baxıram,
Təbəssümün ucalır.
Adam sənə baxanda
Baxışından güc alır.
İgidliyin çıxıbdır,
Şəkillərinə, şəhid,
Nümunəsən əbədi,
Bu millətin gələcək
Nəsillərinə, şəhid.
Sən döyüş meydanına
Öndə gedən komandir.
Sən dörd yüz əsgərini
Xilas edən komandir.
Rahat uyu, şəhidin
Məqamı da cənnətdir.
Rahat uyu, balan da
Vətənə əmanətdir.
Əmanətdir adın da
Dillərdə əzbər kimi.
Səninlə fəxr edirik
Hamı bir nəfər kimi.
Sən ordunun polkovnik -
Leytenant komandiri,
Sən kəşfiyyat şəhidi,
Kəşfiyyat komandiri.
Sən döyüş meydanında
Tufan qoparan oğul.
Şuşaya, Füzuliyə
Bizi aparan oğul.
Sağ ol, sənsən düşmənin
Yeddi postunu yenən.
Şəhid əsgərlərinə
Hamıdan salam denən.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
Oğurlanmış ata yurdu – Qərbi Azərbaycan - NAZİR ƏHMƏDLİ
“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin məqaləsi təqdim ediləcək.
Nazir ƏMMƏDLİ
OĞURLANMIŞ ATA YURDU – QƏRBİ AZƏRBAYCAN
XVI əsrdə Səfəvilər dövlətinin vilayətlərindən biri də mərkəzi Təbriz şəhəri olan Azərbaycan vilayəti idi və o, 4 bəylərbəyliyinə bölünürdü: Təbriz bəylərbəyliyi, Gəncə-Qarabağ bəylərbəyliyi, mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyi və Şirvan bəylərbəyliyi. Nadir şahın 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra bu dörd bəylərbəyliyin ərazisində 20-yə yaxın xanlıq və sultanlıq meydana çıxdı. İran coğrafiyasında uzun sürən daxili iğtişaşlar, taxt-tac qovğaları mərkəzi hakimiyyəti zəiflətdiyinə görə mərkəzdənqaçma qüvvələri güclənmiş, periferiyalardakı ərazilər nəzarətdən çıxmışdı. Ağaməhəmməd xanın əsasını qoyduğu Qacarlar dövləti möhkəmlənənə qədər keçən 50 ilə yaxın bir dövrdə həmin xanlıqlar və sultanlıqlar arasında şiddətli ara müharibələri fasiləsiz olaraq davam etmiş, xeyli insan tələf olmuş, ticarət və iqtisadiyyat tənəzzülə uğramışdı. Bu dövrü "hamının hamıya qarşı vuruşduğu" dövr kimi də qiymətləndirmək olar. Çoxdan bəri Cənubi Qafqaza göz dikən təcavüzkar Rusiya imperiyası uyğun zamanın gəldiyini görüb 1801-ci ildə tərkibindəki Qazax, Borçalı və Şəmşəddil sultanlıqları ilə birlikdə Gürcüstanı ilhaq etdi, 1804-cü ildə isə Qacarlar dövlətinə qarşı müharibəyə başladı. Keçmiş Şirvan və Gəncə-Qarabağ bəylərbəyliklərinin yerində meydana çıxan bütün xanlıqlar və sultanlıqlar Gülüstan müqaviləsi (1813) ilə Rusiyaya ilhaq edildi. Sərdar Hüseynqulu xan Qacarın idarə etdiyi İrəvan xanlığı hələ dirənməkdə davam edirdi. İrəvanı tutmaq üçün Rusiya iki dəfə – 1804-cü və 1808-ci illərdə cəhd etmiş, amma istəyinə nail ola bilməmişdi. Rusların bütün şirnikləndirici təkliflərinə, vədlərinə uymayan yeganə xan Sərdar Hüseynqulu xan idi.
"Ağacı qurd içindən yeyər", – deyiblər. Satqınlığına görə Ağaməhəmməd xanın 1797-ci ildə dünya işığından məhrum etdiyi naxçıvanlı Kəlbəli xan, onun öümündən sonra oğlanları Ehsan xan, Nəzərəli xan, Şeyxəli bəy, Vedibasarda isə Aslan Sultan Şadlinski rus işğalına kömək etmək üçün əllərindən gələni əsirgəmirdilər.
1827-ci ilin yazında imperator I Nikolay qraf Paskeviçi İrəvanı tutmaq üçün göndərdi. General Paskeviç görkəmli sərkərdə olmaqdan başqa, həm də mahir diplomat idi, satqınları tapmağı və onların xidmətindən yararlanmağı bacarırdı. İki ay ərzində İrəvan qalasını tutmağa nail olmadıqdan sonra üzünü Naxçıvana çevirdi. Ehsan xan onu gözləyirdi. Ehsan xan guya müdafiəçisi olduğu möhkəm Abbasabad qalasında Qacarlara qarşı qiyam qaldırıb qalanı ruslara təslim etdi. Paskeviç Naxçıvanda möhkəmləndikdən, kifayət qədər taxıl və ərzaq əldə etdikdən sonra yenidən üzünü İrəvan qalasına çevirdi və dörd aylıq gərgin döyüşlərdən sonra oktyabrın 1-də İrəvanı tutdu. Xəbəri Riqada alan İmperator I Nikolay 3 günlük bayram elan etdi. Bu, İrəvanın Rusiya imperiyası üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərirdi.
Qraf Paskeviç 1827-ci ilin iyununda öz hökumətinə yazdığı məktubda bildirirdi ki, bu böyük ölkədə Aslan Sultan Şadlinskidən başqa bizə kömək edən yoxdur. Məktubdan məlum olur ki, o, kəndxudaları rusların tərəfinə çəkmiş, Paskeviçin ordusunu aclıqdan xilas etmişdi.
Qacar hökmdarı Fətəli şahın oğlu, Azərbaycan valisi, vəliəhd, bacarıqlı sərkərdə Abbas Mirzə bu məğlubiyyətlə heç cür barışmaq istəmir və müqaviməti davam etdirirdi. Lakin cənubdakı xəyanətkarların köməyi ilə bir-birinin ardınca Xoy, Salmas, Urmiya, Ərdəbil, Təbriz itirildikdən sonra 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsini imzalamağa məcbur oldu, bu müqavilə ilə Azərbaycan türklərinin Arazın şimalındakı son qalası İrəvan və Naxçıvan xanlıqları da Rusiyaya ilhaq edildi. Qacarlar dövləti o dövr üçün misli görünməmiş miqdarda – gümüş pulla 20 milyon rubl təzminat da ödədi. Danışıqlarda Rusiyanı təmsil edən məşhur yazıçı-diplomat (həm də Psakeviçin qohumu) A.Qriboyedov aşkar həyasızlıqla Abbas Mirzəyə demişdi: ona görə sizdən bu qədər pul tələb edirik ki, bir daha müharibə aparmağa gücünüz çatmasın. Təzminat ödənilməyəcəyi halda, ruslar Təbrizi və Cənubi Azərbaycanda tutduqları digər əraziləri tərk etməyəcəklərini bildirirdilər.
Dərd şahzadə Abbas Mirzəni yıxdı, çox keçmədən, 1833-cü ildə vərəmləyib öldü.
İrəvan xanlığının süqut etməsi ermənilərin də çoxəsrlik arzusu idi və erməni keşiş Nerses Ehsan xan və Aslan Sultan Şadlinski kimi bunun üçün Paskeviçə əlindən gələn köməyi etdi. Nəticədə ermənilər torpaq qazandı, Azərbaycan türkləri isə öz ata yurdlarını itirdilər.
Türkmənçay müqaviləsinin imzalan-masından 40 gün sonra, Novruz bayramı günündə imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqların ləğv edilərək onların yerində Erməni vilayəti deyilən yeni qurum yaradıldı, xanlıqların yerində yaradılan İrəvan və Naxçıvan əyalətləri Erməni vilayətinin tərkibinə daxil edildi. Və qonşuluqdakı xarici ölkələr-İran və Türkiyədən İrəvan və Naxçıvan əyalətlərinə erməni axını başlandı. Müharibədə ölənləri və ölkədən qaçanları, işğalçıların hakimiyyəti altında yaşamaq istəməyənləri nəzərə almasaq belə, işğaldan qabaq İrəvan xanlığında 9.139 oturaq (26.625 kişi, 23.250 qadın qadın, cəmi 49.825 nəfər), 1.344 elat ailəsi (3.885 kişi, 3.604 qadın, cəmi 7.489 nəfər), cəmi 10.483 müsəlman ailəsi, 30.510 kişi, 26.854 qadın, cəmi 57.364 müsəlman, 3.498 erməni ailəsi, 10.450 kişi, 9.623 qadın, cəmi 20.073 nəfər erməni yaşayırdı.
Yuxarıdakı rəqəmlərdən görünür ki, müharibədə həlak olanları, müharibədən sonra İrana və Türkiyəyə gedən Azərbaycan türklərini nəzərə almasaq belə, Rusiya işğalından əvvəl İrəvan xanlığı əhalisinin 74 %-i türk müsəlman, cəmi 26 %-i erməni idi.Ölənləri və qaçanları da nəzərə alsaq, əhalinin ən azı 80 %-i müsəlman-türklər olmuşdur.
İşğaldan dərhal sonra, 1828-ci ildə təkcə Göyçə mahalını Nağı xanın başçılığı altında 900 qarapapaq ailəsi, yəni mahal əhalisinin yarısı tərk etmiş, Göyçə mahalında 999 müsəlman ailəsi qalmışdı. Zəngibasar mahalının köklü sakinləri olan uluxanlı tayfasının da çoxu işğalçıların hakimiyyəti altında yaşamaq istəməyib İrana və Türkiyəyə getmişdilər.
İşğaldan sonra vəziyyət kökündən dəyişdi. İşğala qədər cəmi 15 yerli erməni ailəsinin yaşadığı Göyçə mahalına 1829-cu ildə Türkiyənin Bəyazid paşalığından 1.485 erməni ailəsi köçürdülər və ermənilər sayca türkləri üstələdi. İrəvan xanlığının digər 14 mahalında və İrəvan şəhərinin özündə də vəziyyət eyni idi. İşğaldan sonra elatların da yarıdan çoxu xanlığın ərazisini tərk etmişdi.
1828-ci ilin mart ayından başlayaraq cəmi bir neçə ayın ərzində İrəvan əyalətinə İrandan 4.559 ailə (cəmi 23.568 nəfər), Türkiyədən 3.6.74 ailə (cəmi 21.639 nəfər) erməni köçürüldü və onların sayı 20.073 nəfərdən 65.280-ə çataraq müsəlmanların sayını (57.364 ) keçdi.
Türkmənçay müqaviləsinin mürəkkəbi qurumamış ermənilərin keçmiş İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarınn ərazilərinə köçürülməsi Rusiya imperatoru Pyotrun yüz il əvvəlki vəsiyyətlərinə tamamilə uyğun idi. Pyotr 1722-ci ildə Bakını, Dərbəndi, Gilanı, Rəşti tutan Rusiya qoşunlarının komandanı general-leytenant Matyuşkinə yazırdı ki, tutduğumuz ərazilərdə möhkəmlənməyimiz üçün özləri də hiss etmədən müsəlmanların sayını azaldıb xristianları çoxaldın, xristianların içərisində isə ermənilərə üstünlük verin. Rus generalları belə də etmiş, erməniləri adı çəkilən ərazilərə köçürmüşdülər. İlk ermənilər də Bakıda o vaxt yerləşdirilmişdi. I Nikolay da, Paskeviç də Türkmənçay müqaviləsindən sonra öz sələflərinin strateji planlarını həyata keçirirdilər.
Yuxarıdakı məlumatlar kameral təsvirlərin ilk dəfə tərtib edildiyi 1831-ci ilə aiddir. Köçürülmə prosesi sonrakı illərdə də intensiv şəkildə davam etdirildi. Türkiyədən köçürülən ermənilərin axını 1853-1856-cı və 1877-1878-ci illərdəki rus-türk müharibələri zamanı, eləcə də 1894 və 1896-cı illərdə xüsusilə gücləndi. Rus alimi N.Şavrov 1913-cü ildə yazırdı ki, hazırda Cənubi Qafqazda yaşayan 1.300.000 erməninin 1 milyonunu bu ərazilərə biz gətirmişik. Bu, bütün erməni əhalisinin 77 %-i demək idi!
1828-ci ilin martında İrandan gətirilən ermənilərin hamısını İrəvan və Naxçıvan əyalətlərində yerləşdirmək mümkün olmadığına görə rus hökuməti 1.300 ailəni Qarabağda, indiki Ağdərə rayonunda yerləşdirmişdi.
1918-ci il may ayının sonlarında Cənubi Qafqazda türklər, gürcülər və ermənilər öz dövlət müstəqilliyini elan etdikdən çox keçməmiş onların arasında torpaq mübahisələri və bunun məntiqi davamı olaraq qanlı toqquşmalar başlandı. Bu hadisələr zamanı Ermənistan daha əlverişli vəziyyətdə idi. Azərbaycan hələ ordu yaratmağa macal tapmadığı bir vaxtda vaxtilə Osmanlı ordusunda xidmət etmiş quldur Andranik çoxminlik nizami ordu ilə Ermənistan hökumətinin yardımına gələrək 1918-ci ilin yayında Naxçıvanda, Dərələyəzdə, Zəngəzurda, Qarabağın digər ərazilərində və başqa yerlərdə kütləvi qırğınlar törətdi, ölən öldü, sağ qalanlar da baş götürüb qaçmağa məcbur oldu. Minlərlə digər ailələr kimi, Azərbaycan Respublikasının prezidentləri H.Əliyev və Ə.Elçibəyin, Xalq şairi M.Arazın ailələri də 1918-ci ildə Andranikin Zəngəzurda törətdiyi qırğınlar zamanı labüd ölümdən xilas olmaq üçün Zəngəzurdan Naxçıvana pənah gətirdilər. Azərbaycan türklərinin bu qeyri-bərabər döyüşlərdə göstərdikləri ağlasığmaz qəhrəmanlıqlar nəticəsində gənc respublikamız davam gətirə bildi! 1918-ci ilin mart-iyul aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada və başqa yerlərdə də kütləvi qırğınlar törətmişdilər.
1918-ci il may ayının 28-də müstəqilliyini elan etmiş Ermənistan Respublikası ermənilərin 1500 ildən sonra yaratdıqları ilk dövləti idi. Tarixi Azərbaycan torpaqlarında qurulan bu dövlətin ərazisi cəmi 9 min kv. km idi. Bu dövlət işğalçılıq üsulu ilə ərazisini 29,8 min kv. km-ə çatdıra bildi. Bu işdə rus bolşevik hökuməti də onlara kömək etdi. Bolşeviklər Ermənistanı da sovetləşdirməyə hazırlaşdıqlarına görə ermənilərin rəğbətini qazanmaq üçün Azərbaycan torpaqlarının böyük bir qismini, o cümlədən Zəngəzurun yarıdan çoxunu Ermənistana verdilər. Əhalisinin əksəriyyəti türk-müsəlman olan Dərələyəz və Göyçə mahallarının taleyi də bu cür oldu. 1829-ci ilə qədər cəmi 15 erməni ailəsinin yaşadığı Göyçə və cəmi 58 erməni ailəsinin yaşadığı Dərələyəz mahalları 90 ildən sonra Ermənistan Respublikasına hədiyyə edildi. Həmin vaxt Ermənistana birləşdirilən Göyçə mahalının türklər yaşayan şimal-şərq hissəsinin və Dərələyəz mahalı əhalisinin böyük əksəriyyəti yenə də türk-müsəlman idi.
Beləliklə, indiki Ermənistan Respublikası 1828-ci iə qədər mərkəzi Təbriz şəhəri olan Azərbaycan vilayətinin bir hissəsi, Azərbaycan Respublikasının Azərbaycan türklərindən oğurlanan qərb hissəsidir, başqa sözlə, Qərbi Azərbaycandır!
Erməni alimi S.Badalyan yazır ki, Sovet Emənistanı (Qərbi Azərbaycan-N.Ə.) Cənubi Qafqazın aşağıdakı ərazilərindən təşkil edilmişdir:
1)İrəvan quberniyasının 71,2 %-i, o cümlədən qəzalar üzrə:
2)İrəvan qəzasının 90,4 %- i və İrəvan şəhəri;
3)Aleksandropol şəhəri və Aleksandropol qəzasının 100 %-i;
4)Novobəyazid şəhəri və Novobəyazid qəzasının 100 %-i;
5)Eçmiadzin qəzasının 100 %-i;
6)Şərur-Dərələyəz qəzasına daxil olan Dərələyəz nahiyəsinin 100 %-i;
7)Naxçıvan qəzasının 5,4 %-i (Meğri rayonuna verilmiş Karçevan kəndlər icması və Mikoyan (Paşalı) rayonuna verilmiş Digin-Almalı kəndlər icması);
8)Yelizavetpol quberniyası Zəngəzur qəzasının 59,%-i: o cümlədən I polis sahəsi bütövlükdə;II polis sahəsindən Əliqulu, Geranzur, Gorus, Dığ, Xoznavar və Xınzirək kəndlər icmaları; III polis sahəsindən Arsevanik, Oxtar, Ucanis və Xələc kənd icmaları; IV polis sahəsindən Aldərə, Astazur, Vartanizur, Güdgüm, Kavart, Girətağ, Lehvaz. Meğri, Nüvədi, Oxçu və Şıxavuz kənd icmaları;
9)Yelizavetpol quberniyası, Qazax qəzasının 44,5-i (Qazax qəzası 1867-ci ildə Qazax və Şəmşəddil nahiyələrinin ərazisində yaradılmışdır);
10)Tiflis quberniyası Borçalı qəzasının 33,5 %-i; o cümlədən Borçalı nahiyəsinin Körpülü, Şınıx və Çoçkan kənd icmaları;
11)3 kiçik kənd istisna olmaqla bütün Loru nahiyəsi;
12)Qars vilayəti, Qars dairəsinin 14,7 %-i; o cümlədən Ağbaba nahiyəsi bütövlükdə, Şörəyel nahiyəsindən Qaraməmməd, Molla Muğan kəndlər icmaları və Baş Şörəyel kənd icmasından Aralıq kəndi;
Qərbi Azərbaycanın Rusiya imperiyasına birləşdirildiyi vaxtdan da onun faciəli günləri başladı. İşğaldan əvvəl bu ərazidə yaşayan əhalinin 80 %-i türk və 20 %-i erməni olduğu halda, XIX əsrin sonunda, yəni 70 ildən sonra intensiv erməniləşdirmə siyasətinin nəticəsində 1897-ci ildə Qərbi Azərbaycanda ermənilərin sayı artıq 64 %-ə çatdırılmışdı.
Əgər bu vaxta qədər demoqrafik vəziyyət nisbətən dinc yolla idarə edilirdisə, XX əsrin əvvəllərindən başlayaraq bölgənin türk müsəlman əhalisi silahlı təcavüzə məruz qalmağa və sıxışdırılmağa başlandı. Bu baxımdan, yuxarıda qeyd etdiyimiz kimi, 1918-ci il hadisələri öz amansızlığı və fəlakətləri ilə xüsusilə fərqlənirdi. Ədalət naminə demək lazımdır ki, Cənubi Qafqazda sovet hakimiyyəti möhkəmləndikdən sonra etnik münaqişələrin qarşısı alındı və Qərbi Azərbaycandan qaçqın düşənlərin bir hissəsi geriyə, ata yurdlarına dönə bildilər. Lakin 1948-ci ildə onları yeni sınaq gözləyirdi: Sovet İttifaqının rəhbərlərindən biri, Siyasi Büro üzvü A.Mikoyanın məkrli siyasəti ilə Livandan, Suriyadan və başqa ölkələrdən gələn erməniləri yerləşdirmək üçün qərbi azərbaycanlıları adət etmədikləri iqlim şəraiti olan Kür-Araz ovalığına köçürtdülər, onların bir çoxu xəstəliklərdən tələf oldu. İ.Stalinin 1953-cü ildə ölümündən sonra onların bir hissəsi geri qayıtsa da, ermənilərin düşünülmüş şəkildə həyata keçirdiyi siyasət nəticəsində azərbaycanlıların Qərbi Azərbaycandan köçü qarşısıalınmaz prosesə dönmüşdü. Azərbaycanlıların yaşadığı kəndlərdə erməni dili tədris edilmədiyinə görə azərbaycanlıların yalnız bir qismi erməni dilini məişət səviyyəsində bilirdilər. Ona görə də Azərbaycanın müxtəlif ali məktəblərini bitirən azərbaycanlılar geri döndükdə iş tapa bilməyəcəklərinə görə Azərbaycanda qalmağa məcbur idilər. Yalnız kəndlərdəki Azərbaycan məktəblərində müəyyən miqdarda müəllimlər və kənd təsərrüfatı mütəxəssislərinin bir qismi işlə təmin oluna bilirdilər. 1980-ci illərdə apardığımız hesablamaya görə, Əzizbəyov rayonunun Gabud kəndindən məcburi köçənlərin sayı təxminən kənddə yaşayanların sayına yaxın idi. Onlar da 1988-ci ildə Dağlıq Qarabağ ətrafında erməni separatçılarının başladığı iğtişaşlar, deportasiya nəticəsində öz vətənlərini tərk etmək məcburiyyətində qaldılar və Qərbi Azərbaycan türksüz qaldı. Həmin hadisələr zamanı xeyli insan itkisi də oldu.
Qərbi azərbaycanlılar inteqrasiya olduqları Azərbaycanın ictimai-siyasi, iqtisadi, elmi, mədəni, təsərrüfüt strukturlarında olduğu kimi, Azərbaycan torpaqlarının erməni faşistlərindən müdafiə və azad edilməsində də bütün azərbaycanlılar kimi fəal iştirak etdilər, onların arasında Azərbaycanın Milli Qəhrəmanı adını alan, vətənin azadlığı uğrunda canından keçən, yaralanan, vətənin yüksək döyüş mükafatlarını alan xeyli qərbi azərbaycanlı var.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə 1 günlük antiterror əməliyyatı nəticəsində 35 illik Qarabağ müharibəsi Azərbaycan türklərinin tarixi qələbəsi ilə başa çatdı. Bütün dünya azərbaycanlılarının həll etməli olduqları Qərbi Azərbaycan problemi isə hələ də qalır.
Rus havadarlarının köməyi ilə ermənilərin oğurladığı Ata yurdu – Qərbi Azərbaycan məsələsi öz həllini gözləyir!
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
Güneydən gələn səslər – Araz Asif , “Leyləklər”
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Araz Asifin şeirlərini təqdim edir.
*
Bakıdan yola düşən leyləkləri eşidirəm dan sökülməmiş
Və isti və gənc gövdəmi Muğanın yay havasına tapşırmışam.
Havalar iyirmi beş ildir isti keçir burda
Və mən iyirmi beş ildir qulaq danışıram,
Ağız eşidirəm
Və dərilirəm hər nazik qızın barmaqlarında.
Hər qız sənmişsən!
Hər barmaq sən!
Axı nədən burda bütün başı ləçəklilər sənə
Oxşayırlar?!
Yağış yağandan günəş batana qədər
Soyuq deyil bura,
Soyuq...
Soy...
Soyun demirəm sənə
Onsuz da dam üstə akasiyaların qoxusuna varmış beynim də.
Sənin cizgilərini lüt-lümbəz[1] təsəvvür etmək çətin deyil
Mən qızıl tənlərin bələdçisiyəm qadan mənə.
Çətini gündüzləri xiyabanda sol qulağımla
Eşitdiyimə inanmamaqdır.
Çətini iyirmi beş ildir, sonrası boğazımda
Xalq hərəkatı partlasa da,
Səni sevmək çətin olmayacaq ey...
Bakıdan qalxan leyləklər
Sənin sinənin gəzişməsindən qayıdırlar.
Anam “Hacı” – deyir onlara,
Atam “Hacı leylək”.
Bunu həm mən eşidirəm,
Həm bütün Muğan şairləri.
Hətta Muğan gölləri səfehləyirlər sənin leyləklərində,
O leyləklər ki, sənin ağzından danışırlar
Sənin gövdəni vəsf edirlər.
Tutub əlindən dağ aşırıq, dərə batırıq tənində
Və yamaclar yaman dad verir səsin gələndə
Səsin gəlsin sarı bülbül...
(Oxuyur Qədir Rüstəmov)
Və mən təsəvvür edirəm hardan hara çəkilmiş xətt, şişmiş dəri Bitmiş tən.
Qartımış ət və od vermiş hər yan, hər yay, hər yaz Muğanlısı
Artıq danış məni,
Qulaq asım səni...
De, hansı yanın mənim sinəmdən uzaqda mənə qan uddurur?
De, içimdəki hıçqırıqmı, ya fəryad?
Haramdan harama murdardır mənə Muğanın leyləkli yay gecələri?
İyirmi beşdə kiminsə əlindən bir iş gəlmir,
Kiminsə divarından aşmaq da belə olmur!
Şəhərin bütün sənə oxşarların qaçırdıblar çoxdan,
Daha olan deyil,
Olan deyil,
Olan...
Olan...
Ol...
Səni sərf edirmişəm deməli bu şeirdə
Oğlanlığım hədər deyilmiş onda.
İyirmi beşdən bu yana itirilmiş kimi batmış başım
Və yerlə göy arasında qəfil gülləyə rast gəlmiş mən...
Evin yıxılsın oyyyyy Tehran!
Evin yıxılsın leyləksiz şəhər...
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
YAŞIL BÜLBÜL– Orxan Fikrətoğlunun kinossenarisi
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
YAŞIL BÜLBÜL
Kinossenari
1-ci erizod
Mərmər pillələrə zəif işıq düşür.
Səssizliyin arxasından adətən hündür binaların mərtəbəarası dəhlizlərində duyulan batıq küy duyulur.
Artırma və pillələr zil qaranlıqdır.
Yuxarı mərtəbələrdən birində şaqqa-şuruqla qapı açılır.
Bir müddət qaranlıq içində ancaq ayaq səsləri eşidilir.
Kamera tərpənməzdir.
Çox keçmir pillələri düşənin yaşlı qadın olduğu bəlirlənir.
Yaşlı qadın işığın düşdüyü pillələrə çatanda dayanıb ağır-ağır nəfəsini dərir.
Qadın bir qədər dincəlib yenə aşağı enir.
Qadın pillələrə düşən zəif işığı adlayıb görünməz olur.
Bir qədər sonra biz ancaq onun ayaq səslərini eşidirik.
2-ci epizod
Dolu bədənli, iri qorxaq gözlü Bibi telefonla danışır.
Bibi güzgünün qarşısında dayanıb.
Pırtlasıq saçları, o qədər də gözəl olmayan üzü gözlərinin ifadəsinə tən deyil.
Bibinin gözlərində qəribə bir qorxu var.
Bibi: – Bibi ad gününə səninçün nə alsın, göyçək qızım? Nə alım? Necə quş olsun? Yaşıl bülbül? Yaşıl bülbül olmur axı... Yaxşı, yaxşı, ağlama. Tapıb alaram!
Bibi telefonun qapağını qapayır.
Bibi güzgüdə bir müddət dinməzcə özünə baxır.
Sonra Bibi qollarını quş qanadları kimi yanlara açıb uçurmuş kimi yelləyir.
Bibinin gözlərindəki qorxu hələ də yerindədir.
3-cü epizod
Bibi zoomaqazindədir.
O, sıra ilə düzlümüş bülbül qəfəslərinin önündən keçir.
Nəhayət, sıranın sonundakı qapısı açıq dar qəfəsdə “yaşıl bülbülü” görür.
Bülbülün görkəmi o qədər də ürəkaçan deyil.
Yaşıla çalan tükləri tökülmüş bülbül süstdür.
Bibi satıcını əliylə yanına çağırır.
Bibi: – Bu, dəqiq bülbüldür?
Satıcı: – Görmürsən qarğa deyil?
Bibi: – Yaşıl bülbül olur bəyəm?
Satıcı: – Nə rəng desən, bülbül olur, ay bacı!
Bibi: – O niyə belə əldən düşmüş görünür? Bəlkə yorğundur?
Satıcı: – Yorğun deyil, yeməyini də hər gün yeyir. Tipi belədir. Qanı həmişə qaradır. Dişilərlə cütləşmir, erkəklərlə vuruşur! Qəfəsin qapısı bağlı olanda boğulur! Səndən pul-zad istəmirəm. Xoşun gəlirsə, götür hayayı apar!
Bibi: – Bəlkə xiffət eləyir?
Satıcı: – Vallah, bilmirəm, ay bacı, bülbülcə bilsəm, özüm ona nə qədər sual verərəm!
4-cü epizod
Bibi açıq kafedə tənha oturub.
Miz üstündə üç-dörd adamlıq yemək olsa da, Bibi təkdir.
Bibi qəhvə içə-içə əlindəki telefonun nömrələr siyahısına baxır.
Siyahıda cəmi bir nömrə var.
Bibi həmin nömrəni yığır.
Xəttin o tayından səs gəlmir.
Bibi cavabı səbirlə gözləyir.
Nəhayət, onun zənginə cavab verirlər.
Bibi danışdığı adamın uzun monoloqunu dinləyəndən sonra: “Onda sabah sənə zəng vuraram!” – deyir.
Bibi telefonu mizin üstünə atıb ətrafa boylanır.
Kafedə ondan savayı tək oturmuş müştəri yoxdur.
Bibi başını aşağı salıb utana-utana mizin üstündəki hamburgerləri acgözlüklə yeyir.
Qəfil Bibinin gözü qəfəsdə sıxılan yaşıl bülbülə sataşır.
Yaşıl bülbülün qəfəsi Bibinin qarşısındakı mizin üstündədir.
Bibi əlindəki tikələri qəfəsin içinə atır.
Yaşıl bülbül yeməyə gözünün ucuyla belə baxmır.
Bibi yeyib doyandan sonra bülbül kimi cəh-səh vura-vura fit çalır.
Yaşıl bülbül dar qəfəsdə var-gəl edir.
Bibi əyilib başını qəfəsin kiçik qapısından içəri soxmaq istəyir.
5-ci epizod
Bibi qəfəs satılan dükanın içindədir.
Bibi yaşıl bülbül üçün iri bir qəfəs seçib alır.
Bibi əlində qəfəs dükandan çıxır.
Bibi əlindəki pultla maşınının qapısını açıb arxa oturacağa oturur.
Bibi arxa oturacaqda yaşıl bülbülü balaca qəfəsdən əli ilə götürüb iri, təzə qəfəsin içinə buraxır.
Təzə və geniş qəfəs yaşıl bülbülün xoşuna gəlir...
Yaşıl bülbül qəfəsdə qanadlarını gərir.
Yaşıl bülbül yeni və geniş qəfəsində cəh-cəhə yaxın səslər çıxarır.
Bibinin üzü gülür.
6-cı epizod
Bibi maşını idarə edir.
Artıq qaranlıq düşüb.
İri qəfəs maşının arxa oturacağı üstündədir.
Yaşıl bülbül iri qəfəsdə əylənir.
7-ci epizod
Bibi hündür binanın qapısı ağzında dayanıb.
İçində yaşıl bülbül olan iri qəfəsi qucağında tutub.
İri qəfəs Bibi üçün çox böyükdür.
Bibi qəfəsin arxasından görünmür.
Bibi əlləri boş olmadığı üçün qardaşının yaşadığı evin divardakı kod düyməsini basa bilmir.
Bibi nə əlindəki qəfəsi yerə qoya, nə də divardakı düyməni basa bilir.
O, qəfəsi qarnı ilə divar arasında sıxsa da, əli qapının qarşısındakı düyməyə çatmır.
Xoşbəxtlikdən qapıya bir cavan oğlan yaxınlaşır.
O, əlindəki xüsusi keçid kartı ilə qapını açır.
Oğlan Bibiyə içəri keçməyə də kömək edir.
Liftin düyməsini də basır.
Oğlan: – Necənci mərtəbəyə qalxacaqsız?
Bibi: – On altıncı!
Oğlan: – Sizə kömək edim?
Bibi: – Zəhmət olmazsa!
Oğlan qəfəsi əlunə götürən kimi yaşıl bülbül çığırmağa başlayır. Bibi də, oğlan kimi, yaşıl bülbülün bu qəribə çığırtılarına məəttəl qalır.
Liftin qapıları açılır.
Bibi qorxa-qorxa liftə baxıb qəfəsi oğlanın əılindən zorla alır.
Bibinin bu hərəkətindən şaşırmış oğlan çaşqın halda liftin içinə keçir.
Oğlan: – Gəlirsiz, xanım?
Bibi: – Xeyr, mən liftə minmirəm!
Oğlan: – Sizin üçün çətin olar axı!
Bibi: – Sənə dedim ki, get!
Liftin qapıları bağlanır.
Liftin qapılarına düşən zəif işıq altında Bibi fləşbək görüntülərlə keçmişə dönür.
Onun altı yaşı var.
Kök, yaşıl bantlı qızcığazdır.
Liftin qapıları qarşısında dayanıb kiçik düyməciyi basır.
Liftin qapıları açılır.
Liftin içində yaşlı bir kişi dayanıb.
O, şəhvətlə qızcığıza baxır.
Heç nə başa düşməyən qızcığaz sevinə-sevinə liftə daxil olub arxasını kişiyə çevirir.
Liftin qapıları bağlanır.
Liftin aralı qapıları arasından içəri düşən zəif işığa həsrətlə baxan qızcığaz.
Arxadan yaşlı kişinin iyrənc nəfəsi duyulur.
Qızcığaz qapıların açılmasını səbirsizliklə gözləyir.
Kişinin arxadan nə etdiyini də anlamır.
Nəhayət, qapı açılan kimi qızcığaz qışqıra-qışqıra pillələrə doğru qaçır.
Qızcığazın qorxu dolu gözlərindən pillələri qaça-qaça çıxan Bibinin gözlərinə keçirik.
Qəfil qəfəs Bibinin əllərindən pillələrin üstünə düşür.
Bibi qəfəsi qaldırıb bağrına basır.
Qəfəsdəki yaşıl bülbül səssizdir.
Bir küncə qısılıb, susub.
Bibi ağır-ağır yuxarı qalxır.
Bibi filmin əvvəlindən bizə tanış olan zəif işıq altında gördüyümüz pillələrə çatır.
Ağır nəfəs ala-ala aşağı enən bir dəfə gördüyümüz yaşlı qadın da yenidən kadrda görünür. Bu səfər işıq bircə anda qadının üzünü aydınlaşdırır.
Yaşlı qadın üzünü Bibiyə tutub: – Nə gözəl quşdur? – deyir.
Bibi: – Gözəl gününüz olsun, ay xala!
Yaşlı qadın: – Qapısını açıq qoy, ürəyi sıxılmasın, yazıqdır, qızım!
Bibi: – Açıqdır!
Bibi qəfəsi yerə qoyub dincini almaq üçün pillələrin üstünə oturur.
Yaşlı qadın aşağı enməkdədir.
Bibi yaşlı qadının aşağı pillələrdən eşidilən ayaq səslərinə qulaq asır.
Çox keçmir ayaq səsləri kəsilir...
Bibi yenə fləşbək görüntülərlə xatirələrə dalır.
Onu liftdə zorlamış yaşlı kişi qaranlıq dəhliz boyu arxasınca qaçır.
Onu qovan polislər kişiyə doğru atəş açırlar.
Bibinin anası dizlərinə döyə-döyə ağlayır.
Bibi ilə dəniz kənarında dayanmış gənc bir oğlan eşitdiyi sözün sarsıntısından dənizin içinə doğru qaçır. Həmin oğlanın görüntüsündən Bibiyə keçid. Bibinin bu xatirələrdən gözləri dolub.
8-ci epizod
Bibi növbəti mərtəbəyə çatanda liftin qapılarına doğru gedir.
O, çətinliklə nəfəs alır, yaman yorulub.
Bibi liftin düyməsini basır.
Liftin qapıları açılır.
Bibi içəri keçməyə cürət etmir.
Liftin qapıları yenidən bağlanır.
Bibi düyməni bir də basır.
Qapılar yenidən açılır.
Bibi yenə içəri keçməyə cürət etmir.
Liftin qapıları bir də bağlanır.
9-cu epizod
Bibi pillələrin üstündə oturub.
Qəfəs yanındadır.
Bibinin mobil telefonunun zəngi eşidilir.
Bibi uzun müddət telefona cavab vermir.
Nəhayət, Bibi telefonu qulağına tutub dinləmək düyməsini basır.
Bibi: “Gəlirəm də!” Harda olacam? Pilləkənlərdə! Əlbəttə almışam! Yamyaşıldır!”
Bibi danışan zaman yuxarıdan açılan qapı səsi eşidilir.
Qardaşının evindən aşağı enən uşaqların şən gülüşləri qaranlıq pilləkənləri də sanki işıqlandırır. Kadrın işığı da artıb rəngli olaraq görüntülənir.
Qardaşının uşaqları qəfəsi dövrəyə alır.
Bibi ayağa qalxır.
Bibi: – Bu da sənin yaşıl bülbülün, Səmra!
Uşaqlar qəfəsi qucaqlarına götürüb sevinə-sevinə liftə minirlər.
Liftin qapıları Bibinin üzünə bağlanır.
Bibi pilləkənlərin başında təkcənə durub, bilmir hara getsin. Qorxa-qopxa ətrafına boylanır.
Haradansa aşağıdan yenə də bizə tanış olan yaşlı qadının ayaq səsləri eşidilir.
Qəfil yuxarıda qışqırıq qopur.
Çox keçmir qışqıra-qışqıra aşağı enən uşaqların sözlərini seçə bilməyən Bibi qarşısından uçub keçən yaşıl bülbülü görür.
Yaşıl bülbül qəfəsdən qurtulub çıxışa doğru uçur.
Uşaqlar da bülbülün arxasınca qışqırışa-qışqırışa aşağı enirlər.
Uşaqlardan biri əlində tutduğu iri qəfəsi Bibinin dayandığı daş pillələrin üstünə qoyub aşağı qaçır.
Quşun xilası Bibini də ürəkləndirir.
Bibi qorxa-qorxa liftə yaxınlaşıb düyməsini basır.
Liftin qapıları həmin dəqiqə açılır.
Bibi yenə tərəddüd edir.
Liftin qapıları ağzında dayanıb nə edəcəyini bilmir.
Həyatını dəyişmək istəsə də, buna gücü çatmır.
Liftin qapıları yenidən bağlanır.
Bibi qorxa-qorxa geri qayıdıb iri qəfəsin içinə girir.
Bibi qəfəsin içində dayanıb yuxarı qalxan pillələrə doğru baxır.
Bibinin qorxu dolu gözləri üstündə filmin son titrləri görünür...
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
“Və tez çıxar uşaqlığın yadından... “ – ŞEİR
“Ədəbiyyat və incəsənət” portalı adətən nəsr nümunələri ilə tanıdığımız Habil Yaşarın bu dəfə yeni şeirini oxuculara təqdim edir. Şeirdə lirik Mən iztirab və kədər içindədir. O, dünyanın gərdişlərindən narahatdır. Yetər ki, Tanrı Xeyir qüvvələri Şər qüvvələrin ağuşuna buraxmasın.
Bu dünyaya xoş gəlmisən, deyənlər,
Yaxşı bilir dünya gəlməz xoşuna.
Yastığına beş-on manat qoyarlar,
Dolanarlar beşiyinin başına.
Ağlayarsan kimsə duymaz səsini,
Göz yaşların axır-axsın, kimə nə.
Bir balaca yatağın var, bəsindi,
Körpəlikdən od sancılar köksünə.
Beşiyindən məsum-məsum baxarsan,
Günah dolu adamların üzünə.
Sən hələki balacasan, uşaqsan,
Xəbərin yox sabahından, özündən...
Və beləcə böyüyərsən ürəksiz,
Qəfəs adlı bir qəfəsin içində.
Ömür sənin gözlərində kiçilər,
Dünya sığar əllərinin içinə.
Və tez çıxar uşaqlığın yadından,
Unudarsan mələk adlı varlığı.
Günahlara “əşi” deyib keçərsən,
İtirərsən təmizliyi, paklığı...
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
BİTMƏYƏN ÖMRÜN AKKORDLARI – Varis (Tam mətn)
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin görkəmli dövlət xadimi Musa Əliyev barədə sənədli povestini təqdim edir. Bir müddət öncə povestin bir hissəsi portalımızda dərc edilmişdi. İndisə tam mətni diqqətinizə çatdırırıq.
“Ən çətin şey hərəkət etmək qərarına gəlməkdir. Qalanları əzm məsələsidir”.
Ameliya Erhart
Sizə onun barəsində danışmaq istəyirəm. Onun – Musa Əliyevin.
İlk baxışda bu ad çoxunuza heç nə demədi. Bəzən tarixi ardınca daşıyan insanlar olur ki, gördükləri çox böyük, nəhəng işlərin müqabilində heç vaxt öndə görünməyə can atmır, özləri barədə əfsanələr qoşulmasını istəmirlər. Sakitcə öz işlərini görür, dövlət və xalq mənafeyi üçün hər şeylərindən keçməyə hazır olurlar. Görkəmli Azərbaycan alimi, ictimai və siyasi xadim, akademik Musa Əliyev də belə bir şəxs olub.
İlk olaraq ondan başlayım ki, əfsanəvi Neft Daşlarının istismarı layihəsinə məhz o həyat verib və tək elə bu fakt da onun tarixdə qalmasını təmin edir. Neçə-neçə faydalı qazıntı yatağını üzə çıxaran, paleontologiya və stratiqrafiyanın naməlum təbəqələrini kəşf edən, Yura dövrünün elmə məlum olmayan molyuska növünü aşkarlayaraq onu Vətənimizin şərəfinə seramus-azerbaycanius adlandıran, Azərbaycan Sənaye İnstitutunda rektorluğu zamanı “O illərdə aldığım təhsil, tərbiyə, intizam, biliklər həyatımda çox böyük rol oynadı” deyən Heydər Əliyev kimi bir dahi məzunla öyünə bilən,Azərbaycan Elmlər Akademiyasına prezidentlik edərkən akademiyanın qızıl dövrünün müəllifinə çevrilən, 350-yə yaxın elmi əsərin müəllifi olan, 60-dan artıq elmlər doktoru və fəlsəfə doktoru yetişdirən, Dövlət Plan Komitəsinin sədri ikən Bakının simasına olduqca mükəmməl arxitekturası ilə seçilən binalarla, o cümlədən Bakı Metrosu ilə gözəllik qatan, Qırmızı terrordan Səməd Vurğun, Mirzə İbrahimov kimi dahilərimizi qoruyan, Mir Cəfər Bağırov tərəfindən həbslə, sürgünlə hədələnsə belə, daim satqınlıqlarla, xəyanətlərlə üzləşsə belə, bir an da olsa ümumxalq mənafeyindən geri çəkilməyən, məcburən qürbətə gedib bu dəfə ruslara geologiyanın sirlərini açan, daha sonra Əlcəzair prezidentinin neft məsələləri üzrə müşaviri işləyərək neftlə zəngin Saharanı kəşf edən, ömrünün sonlarında vətən həsrəti ilə qovrulan, görmə qabiliyyətini büsbütün itirən, amma vətən sevgisi bir an belə azalmayan, sözün həqiqi mənasında adı böyük hərflərlə yazılan bir azərbaycanlı olub Musa Əliyev.
Bizim bu çür şəxsiyyətləri unutmağa haqqımız yoxdur.
1.
ANA HƏSRƏTİ
O, bir bahar günündə - 1908-ci il aprelin 11-də Şamaxı şəhərində anadan olub. Atası Mirzə Mahmud zəngin iş adamı, əmisi Məmmədtağı Əliyev tanınmış maarifçi imişlər. Əmisi hətta bir müddət Sankt-Peterburqda yaşamış, I Dövlət Dumasının deputatı olmuşdu. Əlbəttə ki, insanın formalaşmasında nəsil şəcərəsi əhəmiyyətli rol oynayır.
Musa bir yaşından gəzməyə başlayanda artıq duyulurdu ki, bu uşaq fərqli uşaq olacaq. Sakit, həlim, yaraşıqlı, gur qara saçlı, saatlarla öz-özüylə oynayan bir oğlan imiş. Uşaqlıqdan yaşayış yerləri taleyin hökmü ilə Şamaxıdan Bakıya, ordan Aşqabada, sonra yenə də Bakıya dəyişilmişdi.
Uşaqlıq xatirələrində həmişə başda anası Nabat – çox erkən itirdiyi, dünyada ən çox sevdiyi şəxs dayanırdı. Anası çox gözəl, zərif, incə bir xanım idi. Onun Avropa və Şərq tərzində bahalı geyimləri, çox sayda qızıl-zinyət əşyaları vardı, atası anasını çox sevir, daim dəbdəbə içində saxlayırdı. Balaca Musa anasının dalınca gəzər, başını onun dizləri üstünə qoymaqdan, ona sığınmaqdan rahatlanardı. Gecələr anası ona nağıl kitablarından nağıllar oxuyardı, onun sonrakı ziyalılıq ümmanının ilk damlaları bax bu cür yaranırdı.
Nabat xanım Musanın tək tərbiyəçisi, himayəçisi deyildi, həm də uşaq qəlbinin sirdaşı idi, ona təbiətin gözəlliklərindən – çiçəklərin ətrindən, günəşin qürubundan, quşların cəh-cəhindən vəcdə gəlməyi, mənəvi ünsiyyətdən zövq almağı öyrədirdi.
1913-cü ildə - Musanın 5 yaşı olanda anası qəfil xəstələndi, həkimlər ona ağciyər vərəmi diaqnozu qoydular. Anasının sağalması üçün atası hər şeyə əl atırdı, daha geniş, bol havalı, bol işıqlı yeni mənzil, çox sayda qulluqçular, Rusiya İmperiyasının ən dəbdəbəli Samara xəstəxanasında müalicə - əfsus ki, bunların heç biri anasına kömək olmadı. Müalicə aldığı Samaradan Aşqabada dönəndən sonra o lap zəiflədi, çəkisini itirdi.
O dönəmdə Musa həyətdə uşaqlarla oynamağa belə getməz, anasının yanında bitərdi. Vərəm yoluxucu xəstəlik olduğundan, bu hal çox təhlükəli idi. Nəticədə atası məcbur qalıb Musanı gimnaziyaya hazırlıq bəhanəsi ilə pansiona yerləşdirdi, altı yaşlı uşaq bir anda evdən, ailədən, ən əsası, ayrı qala bilmədiyi anasından uzaq düşdü.
Kədərdən, həsrətdən əzab çəkir, gecələr ağlayırdı. Anası da bu möhnətə dözə bilmədi, tezliklə Musanı evə qaytartdı. Balaca Musa gəlib anasının yanında oturarmış, ona kitabdan şeirlər oxuyarmış ki başını qatsın, ağrılarını unutdursun:
Öndə Bayan adası, Çar Saltanın qalası,
Əynində qızıl bafta, Saltan əyləşib taxtda
Başda tac, üzdə kədər, onu nə qəmli edər?
Atası anasını hətta uzaq yol qət edib müalicəvi suya malik olan bulağa, Məşhəd ziyarətinə belə apardı, amma yenə xilas edə bilmədi. Bir gün Musa dərsdən gələrkən həyətlərində izdiham gördü, hövlnak evə cumdu, anasını yataqda gözüyumulu, gülümsər sifət ifadəsi ilə gördü. Onun üzünə toxundu, gördü ki, bumbuzdur. Və kimsə deyəndə ki, anan ölüb, hüşunu itirdi. Onda 1917-ci il idi...
Çox-çox sonralar – 70 yaşında oturub xatirələrini yazanda Musa Əliyevin anası barədə olan hissəni göz yaşları içində yazması dərhal duyulacaqdı. Bu qədər illər keçməsinə baxmayaraq anası onun gözü önündən əsla çəkilməmişdi. Və bu xatirələrin ən təsirli hissəsi 8-9 yaşlarının hafizəsindən qopub gələn anasının geyindiyi libasın, taxdığı zinyət əşyalarının rəsmini 70 yaşında ikən çəkməsi idi...
2.
ŞAMAXI QIRĞINI
1918-ci ildə Musa həyatdan ikinci zərbəni aldı. Bu dəfə qardaşı İsa vəfat etdi. Atası bu dərdə tab gətirməkdə çətinlik çəkərdi, gizlində zülüm-zülüm ağlayardı, Musa da heç cür doğmalarını itirməsi ilə barışa bilmirdi. Amma 1918-ci il tək qardaşını öldürməklə kifayətlənmədi, onlara növbəti zərbəni vurdu. Ermənilər Şamaxıya basqın edib misli görünməmiş qırğın törətdilər. Məhz bu hadisə Musanın uşaq yaddaşına bu qonşu millətin əsl simasını hopdurdu. Sonradan özü də dəfələrlə erməni tələsinə düşəcəkdi, amma tədbirli çıxıb qurtula biləcəkdi.
Əmisi Məmmədtağı Əliyev həmin dönəmdə Sankt-Peterburqdan ata yurdu Şamaxıya köçmüşdü, ailəsi ilə birgə orada yaşayırdı. Təpədən dırnağadək silahlanmış erməni qəsbkarları hücum edəndə çaxnaşma düşür, əliyalın insanlar evlərini, mal-dövlətlərini atıb qaçmağa başlayırlar, Məmmədtağı Əliyev isə qaçmır. Onun olduqca zəngin kitabxanası varmış – orada ən dəyərli kitablar, unukal tarixi sənədlər, hətta Nizami Gəncəvinin əlyazması toplanmışdı. Belə bir sərvəti qoyub necə qaça bilərdi axı? Evinin qarşısında durub düşmənə müqavimət göstərir. Və vəhşicəsinə öldürülür...
Qardaşının öldürülməsi xəbərini alanda Musanın atası həyatını riskə atıb Aşğabaddan gəlir, salamat qalmış əzizlərini, o cümlədən də qardaşının qızı Sonanı ölümün ağuşundan qopararaq xilas edə bilir və özüylə Aşqabada aparır.
Mən bu epizodu boşuna xatırlatmadım. Çünki sonradan Sona Musanın həyatında ən əsas yeri tutacaqdı...
1918-ci il faciələri bununla da bitmədi. Aşqabadda dəmiryolçular tətil etdilər, özbaşnalıqlar başladı, soyğunçuluq, qətl hadisələri kütləvi hal aldı. Musagilin evləri bir neçə dəfə gülləbaran da edildi. Zəngin adamlar hədəfə alınmışdılar, xüsusən də əcnəbi olanlara burada qalmaq mümkünsüz idi. Atası qərar verdi və gecəylə Aşqabaddan qaçdılar, min bir zülmlə Bakıya yetişdilər.
Artıq Mirzə Mahmud zəngin adam deyildi, demək olar ki, bütün varidatından məhrum olmuşdu, üstəlik, bu qədər başsız qalmış qohum-əqrəbanı dolandırmaq yükü də onun üzərində idi. Bakı dönəmi bax bu cür məhrumiyyətlərlə dolu bir dönəm oldu...
O illərdə Musanın uşaq yaddaşına bir də Azərbaycan Cumhuriyyətinin rəsmən tanınması münasibətilə İçərişəhərdə düzənlənən parad qalacaqdı. Bu, adi parad deyildi, illərlə çarizm boyunduruğu altında inləyən bir xalqın şirin azadlığı dadması idi, bundan başgicəlləndirici sərməstlik duyması idi.
Tarix tək onu görüb yaşamaq deyil ki. Tarix həm də ondan öyrənmək, ibrət dərsi almaq üçün ən böyük müəllimdir.
1920-ci il bolşevik istilasından sonra Musagil yenidən Aşqabada qayıdası oldular, anasının, qardaşının qəbri olan bir məkana dönmək onların tale yazısı imiş. Amma ürək ağrısı ilə evlərinin zəbt olunduğuna, mal-mülklərinin talan edildiyinə şahidlik etdilər.
Ağır keçən günlər davam edirdi. O dönəmdə Musaya anasının aşıladığı kitab sevgisini ədəbiyyat müəlliməsi Olqa İlyiniçna davam etdirir, ona oxuması üçün müxtəlif kitablar verirdi. İlk verdiyi Mayn Ridin cildləri olmuşdu. Sonradan Musa əlinə pul keçən kimi Aşqabad bazarındakı bukinistdən kitablar almağa başladı. Cek Londonu, Uilyam Lokkanı, Viktor Marqeriti uşaq yaşlarında maraqla oxudu. Beləcə, onun şəxsi kitabxanası formalaşırdı, Bakıya təhsil almağa yollananda bu kitabxananı da özüylə aparacaqdı.
Kitablar onun üçün asudə vaxtını keçirmək üçün vasitə deyildi, o, kitablardan yaxşı, gərəkli insan olmağı, paxıllıqdan, eqoizmdən uzaq qaçmağı, xeyirxahlığı, humanizmi, vətən sevgisini öyrənirdi. Həm də liderlik keyfiyyətlərini.
Çox-çox sonralar ən yaxın dostuna çevriləcək Xalq şairi Səməd Vurğunun “Vaqif” pyesini əzbər söyləməsi ilə hamını təəccübləndirəcəkdi. Çünki bu tarixi pyesdə hər bir misra onun yaşadığı dövrlə səsləşirdi:
-Şair, hökmdarın hüzurundasan
-Bunu sizsiz belə düşünürüəm mən.
-Bəs baş əymədiniz.
-Əymədim, bəli.
Əyilməz vicdanın böyük heykəli.
Bəli, o, hökmdarlara baş əymədən 77 illik vicdanlı və şərəfli bir ömür yaşayacaqdı...
3.
BİR ADDIM ÖNDƏ
Yeddinci sinifdə oxuyanda Musanın təşəbbüsü ilə SİVREN adlı qrup yaradıldı. Bu abreviatura rus dilindən tərcümədə güc, zaman, enerji sözlərinin birləşməsindən yaranmışdı. Daha sonra Musa hamını növbəti dəfə təəccübləndirdi, ikisilindrli mühərrikli təyyarə konstruksiyası yaratdı. Ona birinci dərəcəli diplom və otuz manat da pul mükafatı verildi.
Məktəbi bitirəndə ona fizika-riyaziyyat, bir də təbiət-biologiya sahəsindəki biliklərinə görə fərqləndirici sənəd – çıxarış verilməli idi, amma məktəbin rəhbəri olan Rublyov bir şagirdə birdən-birə iki sahə üzrə fərqlənmə verməyin əleyhinə getdi, dedi, bu ki əksinqilabçı ünsürün, keçmiş tacirin oğludur.
Üstəlik, Musanın Moskvaya gedib ali təhsil alması üçün lazım olan arayışı da vermədi. Nəticədə, Moskvada Musanın sənədləri qəbul edilmədi və o, Bakıya yollanası oldu. Sənədlərini Azərbaycan Politexnik İnstitutunun Energetika fakültəsinə verdi. Əminliklə qəbul oldu.
O zamanlar Bakıda tələbə az idi, tələbə furajkası qoyanlara hər kəs, xüsusən qızlar həsədlə baxırdı. Musa bu xoşbəxtliyi daddı, üstəlik, aldığı 25 manat təqaüd ona xərclik üçün gen-bol bəs etməkdəydi. Məmmədtağı əmisinin Bakıdakı evində yaşayırdı. Ağır və məşəqqətli həyatın zülməti arxada qalmışdı, ömrünə günəş doğmuşdu...
Təhsil alır, acgözlüklə kitablar oxuyurdu. Teatra xüsusi marağı vardı, bir tamaşa belə buraxmırdı.
4.
SONALI GÜNLƏR
Ömür ağ və qara zolaqların fasiləsiz olaraq bir-birini əvəzləməsi deyilmi? Qəflətən Musa qarın yatalağı xəstəliyinə tutuldu. Xəstəlik sonradan quru plevrit kimi daha dərin fəsad verdi. 15 kilo çəkisi itdi, gün-gündən gerilədi. Hətta ölüm ayağında olduğu deyilirdi. Atası xəbəri eşidib Aşqabaddan gəldi, bulud kimi tutqun halda övladının xilası üçün əlindən gələni əsirgəmədi.
Musa ev şəraitində müalicə alırdı. Həmin vaxt Tibb institutunda təhsil alan əmisi qızı Sona onun müalicəsi ilə özü məşğul olurdu. Həkimin verdiyi dərmanların vaxtı-vaxtında içilməsi, necə qidalanma, necə yatıb-durma – hamısına nəzarət edirdi. Bəlkə də, Musanı həyata məhz Sonanın bu fədakarlığı qaytardı. Məhz o dönəmdə onların arasında qırılmaz ülvi bağlılıq yarandı. Sevginin ilk baxışdan cücərdiyini deyənlər sadəcə utopistlərdir. İlk baxışdan yalnız bəyənmə mümkündür. Sevgisə daha mürəkkəb bir prosesdir. Onun yaranışı tək baxışlardan şərtlənmir, beyin, ürək, ən əsası da ruh birləşdikdə sevgi yaranır.
...Sonaya çox imkanlı bir yerdən elçi gəlsə belə o, gələnləri əliboş qaytardı. Sonradan Musa məhz Sona ilə ömür-gün yoldaşı olacaqdı. Bu, 1930-cu ilin 30 sentyabrında baş verəcəkdi...
5.
UÇURUMLA ÜZBƏÜZ
1928-ci ildə Palentologiya və tarixi geologiya kafedrasının müdiri elm sahəsinin əfsanəsi sayılan Vladimir Boqaçov idi. Əlaçı olan Musanın istedadını kim də görməsəydi məhz o görməliydi. O, Musanı öz köməkçisi təyin etdi, ardınca isə öz kafedrasına laborant. Təqaüddən əlavə 60 manat maaş da almaq Musanın işinə lap yaradı. Ən əsası isə tələbənin bu cür yüksələ bilməsi üstünlüyünün avantajı idi ki, bu da Musaya qol-qanad verirdi.
O, geoloji ekspedisiyalara gedir, hətta ən təhlükəli olanları seçir, biliyi, intuisiyası sayəsində zəngin qızıl, kobalt, molibden yataqları kəşf edirdi. Bir dəfə hətta qayadan yıxıldı, uçuruma yuvarlanarkən bir təsadüf onu həyatda saxladı, sıldırımda bitmiş tikan koluna ilişib qaldı, onu xilas etdilər.
Sonradan hər dəfə həyatına təhlükə duyulanda, hər dəfə faciə onu ağuşuna alanda bir sehirli əl onu çəkib çıxarır, bir sehirli qüvvə onu hifz edirdi. (Rəvayətə görə, Gözəgörünməz öz seçilmiş bəndələrinə həmişə göz qoyur, onları güdaza vermir).
Musa Əliyev 1931-ci ildə Azərbaycan Politexnik İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdi, sonra aspirantura oxuyacaqdı, 27 yaşında namizədlik dissertasiyası müdafiə edəcəkdi. İnanılmaz bir yüksəlişlə karyera qurmaqdaydı.
O dönəmdə Sona ilə İçərişəhərdə yaşayırdılar, Musa Aşqabadda yaşayan atasının da Bakıya köçüb onlarla yaşamasını təmin etmişdi. Atasına iş də tapmışdı. Amma bir gün evlərinə milis soxuldu, xeyli axtarış etdilər, atasını da Aşqabada deportasiya elədilər. Guya o, Aşqabadda ikən gizlincə İranla alver edirmiş. Atasını sadəcə qurama işlə şərləmişdilər. İş yerindən qopa bilməyən Musa özü gedə bilməsə də Sona Aşqabada getdi, neçə-neçə qapı döyüb əmisinin günahsız olduğunu sübut edə bildi, ona bəraət aldı.
1933-34-cü illər çox ağır dönəmlər idi, kollektivləşmə dövrüydü, ərzağın qiyməti sürətlə qalxır, pul dəyərdən düşürdü. Musanı Leninqrada ezam etmişdilər, ailənin güzəranı lap pisləşmişdi, körpə övladları Ömər Xəyyamı böyütmək, ailəni dolandırmaq Sonanın boynunda idi. Musanın atasına iş də tapa bilmirdilər, sovet rejimi keçmişinə görə bu dürüst insanı təqib etməkdən əsla usanmırdı.
Musa Bakıya qayıdanda vağzalda üstünə gələn arıqlamış, qocalmış xanımı əsla tanımadı. Bu, həyat yoldaşı Sona imiş, maddi sıxıntı onu bu hala salıbmış...
O dönəmdə insanların aqibəti bax bu idi: maddi sıxıntı, azadlıqların tam məhdudlaşması, yersiz təqiblər...
6.
SÜRƏTLİ YÜKSƏLİŞ
Çox savadlı, çox istedadlı, təşəbbüskar, əzmkar olması, geoloji ekspedisiyalarda özünü ən yaxşı şəkildə göstərə bilməsi tezliklə öz sözünü dedi, 1935-ci ildə Musa Əliyev Mərkəzi Komitənin təqdimatı ilə Zaqafqaziya Geologiya Trestinin nəzdindəki Azgeolbüroya rəis təyin olundu. İdarədə əsl inqilab etdi, ora ən layiqli kadrları topladı, geoloji ekspedisiyaların sayını otuz dəfəyə qədər artırdı.
İdarə üçün avadanlıq almaq bir ayrı çətinlik törədirdi. O, artıq millətçi damğasına da tuş gəlmişdi, Gürcüstana gedən avadanlıqların daha vacib olan Azərbaycana gətirilməsi üçün dəridən-qabıqdan çıxmış, buna nail də olmuşdu. Nüfuzu qalxdıqca köhnələr daim ondan şikayət yazır, onun işdən getməsini arzulayırdılar. Elə bu avadanlıq məsələsi də onun üzərinə Moskvadan yoxlama gətirilməsinə səbəb oldu. Amma yoxlamanın başında duran Rıbin soyadlı şəxsin ədalətlilik prinsipi güclü imiş. O, Musa Əliyevin elm üçün nələr etdiyini görüb də “Sənin kimi oğullarla Azərbaycan batmaz” deyərək Moskvaya onun xeyrinə rəy vermiş oldu.
1936-cı ildə Musaya daha bir vəzifə verildi. Azərbaycan Sənaye İnstitutunda fakültə dekanı. 28 yaşında bu institutda dekan olmaq o dövrdə heç kəsə müyəssər olmamışdı. Sonradan institutun rektoru vəzifəsinə də çəkiləcəkdi. Və məhz həmin dönəmdə Azərbaycanın ümummilli lideri Heydər Əliyev orada təhsil alacaqdı. Heydər Əliyev həmin dönəmi sonradan bu cür xatırlamışdı:
“Nizam-intizam çox ciddi idi. Tələbələr çalışırdılar ki, dərsə gecikməsinlər. Qapıda həmişə tıxac əmələ gələrdi. O illərdə aldığım təhsil, tərbiyə, intizam, biliklər həyatımda çox böyük rol oynadı. Ona görə də həmin illəri həmişə dərin məmnuniyyət hissi ilə xatırlayıram.
O dövrdə burada rektor Musa Əliyev idi. O, sonradan görkəmli alim, akademiyanın prezidenti oldu.”
Musa Əliyevin bu cür yüksəlişi anonim məktubların, şikayətlərin, qurma işlərin yeni dalğasının başlamasına rəvac verdi, üstünə komissiya dalınca komissiya gəldi. Onun institutdan kənarlaşdırılması məsələsi gündəmə gələndə haqqında daim tərif eşidən respublika rəhbəri Mir Cəfər Bağırov “Əliyev kimi mühazirəçiləri biz institutdan kənarlaşdıra bilmərik” deyərək işinə davam etməsini məqsədəuyğun saydı.
7.
REPRESSİYA DALĞASI
Kim eşitməyib 1937-ci il barədə? Repressiyalar onsuz da dözülməz şəraiti son həddə çatdırdı. Bu qanlı aktın Azərbaycan üzrə əsas cəlladlarından biri – Qriqoryan soyadlı erməninin əli ilə minlərlə insan həyatını itirdi. Azərbaycanın ən işıqlı şəxsləri güllələnirdi, sürgün edilirdi. Musa Əliyevin çevrəsindəki adamlar da həmçinin. Ardıcıl olaraq Sənaye institutunun direktoru Axundzadə, Azneftin bütün müdiriyyəti həbs olunmuşdu. Qriqoryan növbəti bir edam hökmündən sonra anasına belə bir məktub yazmışdı ki, sənin qardaşının, mənim dayımın ölümünün yüz dəfə artıq intiqamını aldım.
Musa Əliyevi az qala hər həftə sorğu-suala çağırırdılar, hər gedəndə bir daha qayıtmayacağı təhlükəsini duyub Sonayla, oğluyla vidalaşırdı. Onu silmək istəyirdilər, amma əlləri gəlmirdi. Ölkəyə bu qədər fayda verə biləcək kadrı hardan tapmaq olardı axı?
Qeyd etdiyim kimi, 1938-ci ildə Musa Əliyev institut direktorluğu (rektorluğu) vəzifəsinə təyin edildi. Qısa bir müddətdə islahatlar apardı, əyrilikləri düzəltdi. 1940-cı ildə artıq Sənaye institutu neft sahəsi üzrə SSRİ ali təhsil ocaqları arasında birinci yeri tutdu, nüfuzlu və məşhur Moskva Neft institutunu qabaqlayaraq keçici qırmızı bayrağa layiq görüldü. Şərqin ən nüfuzlu təhsil ocaqlarından birinə çevrilən bu institutun adı bütün dünyaya yayıldı...
Qapının kəndarındasa bir ayrılıq vardı, bir qürbət yolu dayanmışdı. Bəzən eyni bir yol həm sevindirir, həm də kədərləndirir...
1941-ci il – Böyük Vətən müharibəsi ərəfəsi Musa Əliyevin Moskvaya çağırılması ilə yadda qaldı. Ona Moskva Neft İnstitutunun “Paleontologiya və tarixi geologiya” kafedrasının dosenti və SSRİ Xalq Sənayesi Komissarlığının Tədris müəssisələri baş idarəsinin müdiri vəzifələrində işləmək təklif olundu. Bakı ilə vidalaşmaq əlbəttə ağır idi, həm də artıq 3 uşaq atası idi. Vətən, sevimli Sonası, uşaqları, atası, institut, təhqiqat işləri – bunların hamısını necə qoyub getmək olardı? Amma daimi təqiblər, 37-ci ilin xofu, ətrafdakıların donosbazlığı, bir-birini güdaza verməsi onu çox yormuşdu, “bəlkə Moskvada fərqli mühit olacaqdı” deyə düşünürdü.
Siz belə bir şey eşitmisinizmi, bir kadr uğrunda idarə və təşkilatlar o yana, respublikalar mübarizə aparsınlar? Musa Əliyev Moskvaya lazım idi, amma Bakı da onu buraxmayacaqdı, ona görə də Kreml onun Moskvaya gedişini Mir Cəfər Bağırovla yox, ikinci katib Çeplakovla razılaşdırdı...
8.
MÜHARİBƏ
Moskva həyatına hələ alışmamış müharibə başladı. İkinci dünya müharibəsinin taleyini Qafqaz nefti həll edirdi, Musa Əliyev də ölkə başçısı İosif Stalinin mandatı ilə gənc neftçilərin yetişdirilib artıq Mozdoka qədər gəlmiş faşistlərin üzərinə şığıyan texnikanı cana gətirmələri ilə şücaət göstərirdi. Onun tabeçiliyində 25 neft məktəbi var idi.
1941-ci ilin oktyabrında – İkinci dünya müharibəsinin ən həlledici məqamında, onda ki faşistlər Moskvanın həndəvərinə çatmışdılar, Hitler Kremldə toy-bayram etmək tədarükü görürdü, moskvalılar evakuasiya olunurdu, sovet qoşunlarının şəhəri tərk edəcəyi barədə şayiələr yayılmışdı, onda ki şəhər fasiləsiz olaraq mərmi yağışına tutulurdu, bir çox yüksək postlu məmurlar belə şəhərdən çıxdılar, amma Musa Əliyev çıxmadı, haradasa 1918-ci ildə ermənilərin qarşısında duruş gətirmək istəyən rəhmətlik əmisi Məmmədtağı kimi hərəkət etdi. Yaşadığı bina bombalandı, dağıdıldı, yenə də şəhəri tərk etmədi. Hətta noyabr ayında Moskva Neft İnstitutunu Ufaya köçürəndən sonra Moskvaya qayıtmaq demək olar ki, mümkünsüz olanda – almanlar artıq Mojaysk şossesində, Moskvanın 10 kilometrliyində olan Ximkidə yerləşmişdilər – yenə də yol tapıb Moskvaya qayıtdı. Onda rus, azərbaycanlı söhbəti deyil, ümumi vətən söhbəti gedirdi axı, Moskva onun xalqının da daxil olduğu bir böyük ailənin paytaxt şəhəri idi.
O dönəmdə Bağırov dəfələrlə Kremllə əlqə yaradır, israrla Musa Əliyevi Bakıya qaytarmaq istəyirdi. Stalindən mandat almış və Moskvada xidmət göstərən bu cür uğurlu bir azərbaycanlının mövcudiyyatı Bağırov kimi xudbin bir lider üçün təhlükə mənbəyi sayılmaqdaydı.
9.
BAĞIROVUN TƏQİBİ
Əslində Sovetlər İttifaqının bütün tarixində həbslər, sürgünlər və edamlar, aclıq, kartoçka ilə ərzaq almaq üçün kilometrlərlə növbələrin fonunda “Yaşasin dahi rəhbər”, “kommunizmə doğru irəli” kimi qırmızı şüarçılıq təzad təşkil edirdi.
Belə bir hadisə baş veribmiş. O dönəmdə ailəsinin Bakıda çox ciddi sıxıntı çəkdiyini bilən Musa Əliyev Azərbaycan xalq ticarət komissarlığına müraciət edibmiş ki, atasından, üç övladından ibarət ailəsi əlavə təminat alsın. Komissarlıq Bağırova məlumat veribmiş, o da deyibmiş ki, əlbəttə imtina edin, qoy o kəs ailəsini də yanına aparsın.
Gözünü açandan ailə dəyərlərinin nə olduğunu gözəl bilən Musa Əliyev məhz o zaman Bağırov kimi bir adamın hökmranlığı altında qalan ailəsinin taleyindən tam narahat olur, Bakıya qayıtmaq qərarı verir. Bu böyük imtiyazından və vəzifələrdən imtina edib Bakıya qayıdır və xeyli aşağı vəzifədə - Sənaye institutunda dosent vəzifəsində fəaliyyətini davam etdirir. Dərhal da ona xəbər çatdırılır ki, bəs Bağırov səni görmək istəyir. Gedir və Bağırov özündənrazı halda söyləyir: “-Elə bilirdin, mənim yanımdan getmək belə asandır? Gördün, yenə mənim tabeliyimə düşdün? “ Və onu öz sahəsi olmayan Energetika şöbəsinə müdir müavini təyin edir. Bu, Bağırovun ona tor qurması deyildi, onun bacarığı və işgüzarlığı sayəsində bərbad vəziyyətdə olan respublika energetikasını dirçəltmək istəyi idi. Çox qısa müddətdə Musa Əliyev bu sahədə inanılmaz nəticələrə imza atır, tezliklə Azərbaycan KP MK-nın Baş energetiki təyin edilir. İşlər nizama salınan kimisə yenidən vəzifəsi dəyişdirilir, bu dəfə onu öz sahəsinə qaytarırlar, Geologiya İdarəsinin müdiri qoyurlar. Daha bir il keçməmiş bu dəfə MK-nın Təhsil şöbəsinin müdiri təyin olunur. O, hər bir sahəyə gərəkli idi, o, tək idi, sahələrsə çox idi. Bura qoyurdular, işləri sahmana salırdı, dərhal yerini dəyişirdilər.
35 yaşı var idi, artıq saçları ağarmağa başlamışdı...
Bu amansız iş rejimindən yalnız 1947-ci ildə bərk xəstələnməsi səbəbindən qopa bildi. Kislovodska müalicəyə getdi. Amma heç iki həftə keçməmiş təcili Bakıya çağırıldı. Onu MK-nın sənaye üzrə 3-cü katibi təyin etmiş, respublika Ali Sovetinə deputat seçmişdilər. Bir neçə aydan sonra da Nazirlər Soveti Sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri təyin edildi. Bu, başgicəlləndirici bir yüksəliş idi. Amma daha yüksəkliklərdən yıxıldıqda sağ qalmamaq ehtimalı da böyük idi.
10.
NEFT DAŞLARI EPOPEYASI
Musa Əliyev ətrafındakılardan fərqli olaraq ali vəzifə kürsüsünə başqa gözlə baxır, rüşvətxorluqla, korrupsiya ilə mübarizə aparır, bütün neqativlərin üstünə şığıyırdı. Xalqı üçün, respublikası üçün bacardıqca Moskvadan daha böyük imtiyazlar qoparmağa çalışırdı.
Plan Komitəsinə rəhbərlik etdiyi dönəmdə onun təşəbbüsü ilə paytaxtın simasına gözəllik, insanlarına hədsiz fayda gətirən Respublika Kitabxanasının, Dram Teatrının, Akademiya şəhərciyinin, metronun, Astrofizika rəsədxanasının inşasına başlanıldı. Moskvadan bu qədər böyük tikintilərə vəsait qoparmaq inanılmaz dərəcədə çətin idi. Elə həmin dönəmlərdə Musa Əliyev Azərbaycan üçün ən taleyüklü bir məsələnin ağır yükü altına çiynini qoydu. O, Dəniz Neft İdarəsi təşkil etmək, Neft Daşlarının Istismarını həyata keçirmək kimi bir möhtəşəm layihə hazırladı. Moskvadakı Neft Nazirliyinə gedərək məqsədini açıqladı, kifayət qədər dürüst tərzdə tezisləri izah etdi. Və layihəsi təsdiqləndi, Neft Daşları epopeyası beləcə başladı.
Bakıya dönən kimi dənizə ilk desant çıxarıldı, köhnə gəmilər neftçilərin ilk sığınacağı oldu, polad estakadalar qurulmağa başladı. Tezliklə iyirmibeş metrlik ilk estakada istifadəyə verildi. İlk neft tankeri ilk nefti daşıdı. Musa Əliyev sevincindən uşaq kimi ağlayırdı. Bir şəxs öz xalqı, vətəni üçün bundan artıq daha nə edə bilərdi ki? Amma haqsızlıq, ədalətsizlik cövlan edirdi. Dənizdə neft kəşfiyyatının banisi olan Musa Əliyev dənizdə ilk neft hasilatına görə təltif olunmuşlar siyahısında öz adını görmədi. Üstəlik, Bağırov idarəyə rəhbərliyə öz qohumunu gətirdi. Bu, diktatorun növbəti qisası idi.
1950-ci ildə isə...
11.
HEYDƏR HÜSEYNOV FACİƏSİ
Gözlənilmədən Musa Əliyevi Azərbaycan SSR Elmlər Akademiyasına dəvət etdilər. Həqiqətən də o qədər işlər görür, o qədər sevilirdi ki, hər sahədə ona ehtiyac var idi. O cümlədən akademiklər də Akademiyanın itmiş nüfuzunu qaytarmaq üçün onu öz sıralarında görmək istəyirdilər. Beləcə, elmlər namizədi olduğu halda birdən-birə ona akademik statusu verdildi. Və az sonra o, Akademiaynın prezidenti vəzifəsinə təyin edildi. O dönəmdə Akademiyanın vəziyyətini Musa müəllim öz xatirələrində belə şərh edəcəkdi:
“Mən akademiyanı şox acınacaqlı vəziyyətdə qəbul etdim. Akademiya, sözün əsl mənasında çəkişmələrdən və qarşıdurmalardan partlayırdı. Keçmiş prezident və vitse-prezident ölüm-dirim düşmənçiliyi aparırdılar. Bütün institutlar da iki əks cəbhəyə bölünmüşdü”
Elə ilk dönəmdəcə Musa Əliyev həyatdan daha bir zərbə aldı. O zamanlar akademiyanın vitse-prezidenti görkəmli filosof Heydər Hüseynov idi. Bu işıqlı şəxsiyyətlə dərhal dostlaşmış, işbirliyi qurmuşdular. Hüseynovun doktorluq dissertasiyası otuz il çar rejimi ilə vuruşaraq vətənini ekspansiyadan azad etmək istəyən Dağıstanın məşhur qəhrəmanı Şeyx Şamil barədə idi. O zaman bu şəxsə əksər dairələrdə böyük rəğbət vardı. SSRİ Elmlər Akademiyasının tarix institutu azərbaycanlı alimin mövqeyini dəstəkləmiş, onun işini Stalin mükafatına layiq görmüşdü. 1950-ci ildə Hüseynov həmin mükafatı aldı. Bağırov xəbəri eşitcək qəzəbləndi. Necə yəni, mənim xəbərim olmadan belə şey baş verib? Dərhal mətbuatda Şeyx Şamili xalq düşməni, Hüseynovu isə ona mədhiyyə yazan antisovet ünsür adlandırdılar. Bağırov Musa Əliyevə “bu özbaşnalıq sənə baha başa gələcək” xəbərdarlığı edərək məcbur etdi ki, Hüseynov mükafatdan imtina etsin. Çarəsiz qalan Hüseynov imtina etdi də. Amma bu, Bağırova az oldu, onu vəzifədən də götürdü. Halbuki, kimisə seçkili orqandan vəzifədən götürmək MK katibinin səlahiyyətində deyildi. Baş verənlərə etriaz əlaməti olaraq Hüseynov kabinetində damarlarını kəsdi. Musa Əliyev bu hadisədən bərk sarsıntı keçirdi, al-qana bulaşmış Hüseynovu xəstəxanaya götürərək həyatını xilas etdi. Amma Bağırov yenə əl çəkmirdi. Hüseynov xəstəxanadan çıxan günü onun evinə zəng gəldi ki, Bağırov sabah səni gözləyir. Və xalqın ən işıqlı simalarından biri olan Heydər Hüseynov gecəynən bağ evinə gedib özünü asdı.
Bu olay Musa Əliyevlə Bağırov arasındakı münasibəti lap pisləşdirdi. Musa Əliyev çox sarsılmışdı, bir daha əmin olmuşdu ki, fərdləri inkubator cücəsi kimi eyniləşdirmək istəyən, fərqlənənləri məhv edən bir rejimin əsirliyindədir.
O dönəmlərdə onun başı artıq qar kimi ağappaq idi. Eynən özündən iki yaş böyük olan dostu Səməd Vurğunun başı kimi...
12.
GÖZDƏNSALMA KAMPANİYASI
Musa Əliyevin taleyində Akademiyadan getmək, Azərbaycanı yenidən, bu dəfə əbədi tərk etmək də var imiş.
Sonradan yazacaqdı: “Hərdən düşünürəm ki, görəsən, düzgün edib Bakıdan getmişəm? Əgər o zaman Elmlər Akademiyasının prezidenti kimi qalsaydım, respublikanın elmi üçün nə qədər gərəkli və faydalı işlər görə bilərdim! Digər tərəfdən də, fikirləşirəm ki, düzgün edib Bakıdan getmişəm. Bəlkə də indi sağ qalmağıma səbəb Bakıdan getməyim olub.
Amma bu gediş, hələ bir qədər sonra olacaqdı...
Ağır illər idi, insanlar zorən sovetləşdirilirdi, milli dəyərlər ucdantutma yox edilməyə məhkum olunmuşdu. Belə bir vaxtda təpədən dırnağa milli olan Musa Əliyev tutduğu məsul vəzifələrin hamısında xalqına fayda gətirməyi düşünür, karyerasını, həyatını riskə atırdı.
Onsuz da elektrik stulunda əyləşmisən. Naqili cərəyana əvvəl-axır qoşacaqlar. Barı, xalqına faydalı ol!
1952-ci ildə Bağırovla növbəti dəfə toqquşası oldu. Erməni geoloq Laçınyan Bağırova yalan məlumat vermişdi ki, respublikanın Qərbində - Alabaşlıda 5 milyon tonluq hematit yatağı aşkarlayıb. Bağırov da dərhal bu barədə Kremlə məlumat verib bir “çox sağ ol” almışdı. İndi dövlətin milyonlarla vəsaitini dağıdıb o yatağı istismar etmək fikrində idilər. Musa Əliyev dərhal buna qarşı çıxdı, müşavirədə Bağırova bildirdi ki, Alabaşlıda cəmi 250 min ton, özü də yarasız, kvarslaşmış hematit var. ”Laçınyan kəmsavad geoloqdur, səkkiz dəfə çökən bir layı səkkiz lay hesab edir” deyə erməni geoloqu da susdurdu, bu iş üçün çəkiləcək məsrəfin özünü doğrultmayacağını iddia etdi. Amma MK-ya məlumat verib özünə tərif qazanan Bağırov Musa Əliyevi tənqid edib, “xalq düşməni” çıxarıb şiddətli töhmətlə cəzalandırdı. Guya o - əksinqilabçı tacir oğlu sovet Azərbycanının nailiyyətlərinə kor imiş.
Münasibətləri lap pisləşdi.
Onu gözdənsalma kampaniyası başladı, qəzetlər onu guya kabinetinə xalça, soyuducu almaqda ittiham edirdilər, onu Laçınyanın uğuruna kölgə salmaqda suçlayırdılar. Musa Əliyev bilirdi ki, daha təhlükəlisi hələ qabaqdadır. Çox güman ki, Heydər Hüseynovun aqibəti kimi bir aqibət də onu gözləyirdi.
Bu ittihamlar MK-nın növbəti iclasında da səsləndi. İnsanlar sıra ilə çıxış edərək onun üzünə durur, ona böhtan atırdılar. Hətta duz-çörək kəsdikləri, salamlaşarkən öpüşdükləri kəslər də belə edirdilər. Bağırov öz çıxışında həm onu, həm də Akademiyanın vitse-prezidenti təyin edilən Səməd Vurğunu aşağıladı, ən qaba sözlərə tuş elədi.
Və o, ürək ağrısı ilə bu vəhşiliyi, ədalətsizliyi süzürdü. Ona söz veriləndə hətta nə deyəcəyini belə bilmədən tərəddüdlə tribunaya doğru yol aldı. İnsanların rejimə xidmət etməsi hardasa başadüşüləndir. Amma aşkarca şərə xidmət etmələri, ağa qara demələri, öz dost-tanışlarına, həmkarlarına çamur atmaları əsl rəzalətdir.
Bəzən meydanda tək olanda qarşı tərəfin hücumları qarşısında qaldırmağa qalxanın olmur. Belədə heç olmasa bir dəstəkçiyə, tərəfkeşə ehtiyacın olur. Tribunaya doğru qətiyyətsiz halda irəliləyən zaman bir şəxs onun çiyninə toxunaraq “Biz sizin xətrinizi çox istəyirik, ürəkli olun” söylədi. Bu, MK-nın üzvü Əliş Ləmbəranski idi. Və elə bu toxtatma da öz sözünü dedi. Musa Əliyev dərhal toparlandı, çıxıb kəskin şəkildə özünü müdafiə edərək gördüyü işlərdən, əldə etdiyi nailiyyətlərdən danışdı, xalq təsərrüfatına verdiyi milyonlarla gəlirdən söhbət açdı. Onun çıxışı gurultulu alqışlar qazandı. Bağırov bir dəfə də olsun onun sözünü kəsmədi. Bilirdi ki, bu sonsuz hiddət içində olan şəxsin sözünü kəssə, camaatın içində qaba cavab ala bilər.
Daha sonrakı illərdə - Akademiya şəhərçiyi tikiləndə memari Mikayıl Useynov olan bu tikilini milli kolorit və elementlərlə zənginləşdirməyi qarşısına məqsəd qoymuş Musa Əliyev divar üzlükləri üçün şəxsən özü gedib Xarkovdan qranit gətizdirmişdi. Bina yarıyacan hazır olanda milli kadrların bu cür özbaşınalığını həzm edə bilməyərək Stalindən sonra ölkə rəhbərliyinə gətirilmiş Nikita Xruşov “tikintidə memarlıq bəzəklərinin həddən artıq çox olması” barədə məruzə etmişdi, “Pravda” qəzetində memarı və akademiya prezidentini tənqid edən məqalə çıxmışdı. Nəticədə binanın dörd qülləsi kompozisiyadan çıxarılmışdı. Bununla belə, qranit üzlük qalmış, binaya həddən artıq gözəllik bəxş etmişdi. Günü bu gün də bakılılar və şəhərin qonaqları bu möhtəşəm tikiliyə heyranlıqla tamaşa edirlər.
13.
SƏMƏD VURĞUNUN VƏ MİRZƏ İBRAHİMOVUN XİLASI
Tale elə gətirmişdi ki, Bağırov rejiminin sərt təpkiləri dönəmində Musa Əliyevin ən yaxın dostu, sirdaşı Xalq şairi, milyonların sevimlisi Səməd Vurğun olmuşdu. Şair həm də Akademiyanın vitse-prezidenti kimi onun əqidədaşı, məsləkdaşı idi. Səməd Vurğunun taleyini həll edən məqamda Musa Əliyev heç nəyi düşünmədən dostluq etdiyi şairin müdafiəsinə qalxdı, buna görə Mir Cəfər Bağırov ona xəbərdarlıq edərək dedi: “Belə getsə, sən o ağarmış başını Solovkidə qoyacaqsan”. Solovki sürgünü ziyalıların aqibətini təyin edən ən dəhşətli sürgün sayılırdı o zamanlar. 1953-cü ilin fevralında isə Bağırov səhər saatlarında Musa Əliyevə zəng vuraraq dərhal Səməd Vurğunla Mirzə İbrahimovun Akademiyadan xaric edilməsi əmrini verdi, “tapşırığımı yerinə yetirməsən özündən küs” dedi. Bu, iki böyük şəxsiyyətin yalnız Akademiyadan xaric edilməsi deyildi, onların vurulma prosesinin başlanğıcı idi. Gerisi nə olacaqdı, aydın duyulurdu.
Musa Əliyev tam çıxılmaz vəziyyətə düşmüşdü. Belədə, Allah özü onun köməyin yetişdi. Ölkə rəhbəri İosif Stalinin vəfatı xəbəri gəldi, Mir Cəfərin başı qarışdı, verdiyi ultimatum bir müddət yadından çıxdı. Amma sonradan Bağırov yenidən bu məsələnin üstünə qayıtdı. Onun emissarı Musa Əliyevin yanına gedib ertəsi gün saat 11-ə kimi ona məsələni həll etməyi tapşırdı.
Musa Əliyev səhərədək gözünü yuma bilmədi. O, xalqın ən öndə olan ziyalılarını güdaza verə bilməyəcəkdi, buna onun kişiliyi, ləyaqəti yol verməzdi, demək, özü qurban gedəcəkdi.
Allah böyükdür, bu dəfə də gözlənilmədən Musa Əliyev xilas oldu. Həmin dönəmdə o, Akademiya prezidentliyi ilə yanaşı, SSRİ Ali Soveti deputatı kimi ağır sənaye seksiyasının sədri də idi. Və saat 11-ə sayılı saatlar qalanda Kremldən onun adına teleqram gəldi ki, təcili Moskvaya gəlsin, Ali Sovetin növbədənkənar iclası keçiriləcək. O, Moskvaya uçası oldu, bir həftə davam edən iclaslarda iştirak etdi. Amma təbii ki, fikri Bakıda qalmışdı, orada Mir Cəfər onun hökmünü çıxarmağa hazır vəziyyətdə yolunu gözləyirdi.
Möcüzə bəzən insanın bütün ümidləri üzüləndə, hətta yapışmağa saman çöpü belə qalmayanda gəlir, həftənin tamamına bir gün qalmış – iyulun 12-si səhər ertə bir xəbər ildırım kimi çaxdı, gündəmi zəbt etdi. SSRİ rəhbərliyinin elitasında qərarlaşmış ən mənfur şəxs, Mir Cəfər Bağırovun da havadarı Lavrentiy Beriya həbs edilmiş, Bağırov da işdən qovulmuşdu.
Dünyada bir vəfa borcu, bir kişilik deyilən anlayış da var, onları yerinə yetirəndə hər şeyi, ölümü belə göz altına alırsan. 1954-cü ildə Bağırovun yerinə yeni birinci katib seçilməsi üçün Mərkəzi Komitənin plenumu keçirilirdi. Moskvadan məxsusi gəlmiş Kremlin nümayəndəsi öz namizədlərinin adını şəkmişdi – MK-nın kənd təsərrüfatı üzrə katibi işləmiş İmam Mustafayev Azərbaycanın yeni rəhbəri olacaqdı. Seçki-filan, bunlar çox formal şeylər idi, təklif gəlirdi və yekdilliklə hamı deyilən şəxsə səs verirdi. Amma bu dəm gözlənilmədən plenum üzvü Səməd Vurğun yerindən qalxıb tribunaya yaxınlaşdı və dedi ki, bu şəxsi seçməkdənsə mən daha layiqli şəxsin – akademik Musa Əliyevin namizədliyini irəli sürürəm.
Bu gözlənilməz addımdan hamı şaşırdı, hamı təəccüb içində qaldı. Səməd Vurğunun şair qəlbi dostunun ona etdiyi yaxşılığa yaxşılıqla cavab vermək, bununla belə özünü misilsiz bir təhlükəyə atmağa vadar etmişdi. Necə olacaqdı? Hamı qorxulu bir sonluq gözləyirdi.
Bu dəm dostunu xilas etmək üçün Musa Əliyev yerindən qalxıb söylədi ki, mən öz namizədliyimi geri götürürəm...
İndi arxaya boylandıqda, tarixin saralmış səhifələrini vərəqləyəndə görürük ki, biz necə insanları itirmişik. Musa Əliyev, Səməd Vurğun kimilər həqiqətən də xalqın kisəsindən gediblər.
Musa Əliyev 8 il Akademyaya prezidentlik etdi. O, işə başlayanda akademya əməkdaşlarının sayı 1050 nəfər idi, bunların da cəmi 30 faizi azərbaycanlılar idi. O işdən çıxanda isə artıq burada 2500 nəfər çalışırdı və bunların da 70 faizi azərbaycanlı idi.
O dövrdə daim üzdə olmaq, böyük vəzifə daşımaq, əyilməmək, sınmamaq, qürurunu qorumaq, bir də milli ləyaqət hissini saxlamaq demək olar ki, mümkünsüz idi, səni tutacaq, sürgün edəcək, güllələyəcəkdilər, bunların heç biri olmasa da, ən azından, ürəyini partladacaqdılar.
-Bəs baş əymədiniz.
-Əymədim, bəli.
Əyilməz vicdanın böyük heykəli.
Musa Əliyevi tək Allahmı qoruyurdu? Tək talemi ona qarşı ədalətli mövqe tutmağa and içmişdi? Yox. O, SSRİ-yə lazım idi, onun bildiklərini başqaları bilmir, bacardıqlarını bacarmırdı. Ona görə də onu sıxma-boğmaya salsalar, hədə-qorxularla yamanlasalar belə zərərsizləşdirə bilmirdilər.
1956-cı ildə, mayın 24-də Musa Əliyev taledən növbəti zərbəni aldı - cəmi 50 yaşında Səməd Vurğun vəfat etdi. Ən yaxın dostunu, sirdaşını, arxa-dayağını itirmək çox əzablıdır. Bir-birilərini bir baxışdan başa düşərdilər, bir-birilərinə təsəlli verməyi bacarardılar. Səməd Vurğun gənclərin kumiri, bütün SSRİ-nin sevimlisi, Azərbaycanın mədəniyyət siması idi. Bir dəfə Səməd Vurğun ona demişdi: “Mən gecələr yatmıram, çamadanla divanda otururam. Gözləyirəm, onlar nə vaxt dalımca gələcəklər. Yaxınlarım üçün problem yaratmaq istəmirəm. Gəlsələr, ləngimədən onlarla gedəcəyəm”
Səməd də repressiya qurbanı idi. Nə fərqi var, səni gülləylə ödürələr, ya çərlədib öldürələr.
14.
İMAM MUSTAFAYEVİN ATLA GEDİŞİ
Dostunun ölümü Musa Əliyevi tamam ruhdan salmışdı, tamam sarsıtmışdı. İmam Mustafayevlə isə heç yola gedə bilmirdi. İmam Mustafayev xalqın gözündə ucalmaq üçün milli inqilab etmək istəyirdi, dərhal rus dilindən imtina, bütün yazışmaların azərbaycanca aparılması kimi təkliflər irəli sürürdü.
İllər öncə akademiyanın bütün institutlarının fəaliyyətini rus dilindən Azərbaycan dilinə çevirmiş, Azərbaycan dilində mühazirə oxuyan ilk şəxslərdən biri kimi tanınmış, nəticədə də millətçi damğası almış Musa Əliyevsə bunları dərhal yox, tədricən etməyin mümkünlüyünü isbatlayır, əks təqdirdə Kremlin qəzəbinə düçar olacaqlarını və xalq üçün daha heç nə edə bilməyəcəklərini israr edirdi. Nəticədə aralarında ciddi ixtilaf yaranmışdı. Və Mustafayevin onu antixalq mövqedə suçlamasına, ittiham etməsinə də əsla dözə bilmirdi. Bu, böyük bir haqsızlıq, ədalətsizlik idi.
1957-ci ildə Musa Əliyev işdən getməsi barədə Mustafayevə ərizə yazdı, əvəzində özü yaratdığı Paleontologiya və Strafiqrafiya İnstitutunda çalışmaq istədiyini bildirdi. Uzun müddət Mustafayevdən cavab gəlmədi. Yalnız 58-ci ildə, Musa Əliyevin 50 illiyində Mustafayevdən ona iki cavab birdən gəldi. Öncə respublikanın rəhbəri onun istefa ərizəsini qəbul edirdi, ardınca isə Paleontologiya və Strafiqrafiya İnstitutunun ləğv edilməsi qərarını verdiyini bildirirdi. Beləcə, Musa Əliyev havada qaldı. Əməyinə öz vətənində bu cür qiymət verilməsi, öze də yubiley ilində, gözləntilər ilində bu cür münasibət ona sillə kimi dəydi.
Həmin il ona daha bir zərbə atasının ölümü oldu. Tam depressiya halında, tam ruhdan düşmüş halda ikən xilas teleqramı aldı. Onu Moskvaya çağırırdılar...
15.
QÜRBƏT DÖNƏMİ
Vətənin qəribə bir cazibəsi olur. Onu tərk edib gedəndə heç cür bu cazibə səni rahat buraxmır. Hey çəkir, çəkir... Neft qoxulu, küləkli Bakınınsa bir ayrı cazibəsi var. Bakıdan gedib başqa yerdə yaşamaq ən ağır sınaqdır.
58-ci ildə Musa Əliyev ailəsiylə Moskvaya köçdü, Aşqabadda yaranmış, ordan Bakıya köçürülmüş zəngin kitabxanasını da özüylə gətirdi, ömürlərinin növbəti dönəmü başladı. SSRİ EA nəzdindəki Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlədilməsi İnstitutunun direktor müvini təyin edilmişdi, ömrünün sonunadək də bu institutda işlədi.
Onun elmi fəaliyyətinin coğrafiyası geniş oldu, Cənubi Qafqazdan Qərbi Sibirə, Orta Asiyaya qədər uzandı. Arada ömrünün Əlcəzair mərhələsi də oldu, Əlcəzair prezidentinin neft məsələləri üzrə müşaviri kimi çalışdı, Sahara neft yatağını kəşf etdi. Bu isə 1967-ci ildə baş verdi. Bir müqavilə müddətini işlədi, iki müqavilə müdətini işlədi, ikinci müqavilə başa çatanda Əlcəzairin iqtisadiyyat naziri Əbdulsalam ona “Sonatrach” kəşfiyyat idarəsinin rəisi vəzifəsini və 6 min dinar aylıq maaş təklif etdi, amma o, “mən vətənimi heç bir ölkəyə dəyişmərəm” deyib bu cəzbedici təklifdən imtina elədi. Nə olsun ki, Moskva Bakı deyildi, hər halda, SSRİ idi, oradan Bakı daha əlçatan görünürdü.
Bakıda yaşadıqları dönəmdə 1952-ci ildə Neftçilər (ovaxtkı Stalin) prospektində, Funiklyorun yaxınlığında alimlər üçün inşa edilmiş gözəl binaya köçmüşdülər. 3-cü mərtəbədə yaşayırdılar. Dördüncüdə isə tanınmış yazıçı Mir Cəlal ailəsi ilə birgə yaşayırdı. Dərhal dostlaşdılar, uşaqları – Musa Əliyevin qızı Rəna və Mir Cəlalın oğlu Hafiz eyni sinifdə - 6 nömrəli məktəbin səkkizinci sinfində oxudular. Qeyri-adi bir şirinliyi vardı Rənanın, Hafizi dərhal cəzb etmişdi. İllər sonra Musa Əliyev ailəsi ilə Moskvaya köçəndə institutu bitirən Hafiz də seçimini etmiş, Moskvanın Kurçatov adına institutunun aspiranturasında təhsilini davam etdirmişdi. Köhnə qonşular kimi Hafiz onlara gəlib-gedirmiş. Və Musa Əliyevin Əlcəzairdə yaşamaq məsələsi çıxanda qızı Rənanı Moskvada tək qoymaq istəməyən və bunun sıxıntısını çəkən Musa müəllim üçün gənclərin bir-birini sevməsi xəbəri lap göydəndüşmə oldu. Tezliklə onların toylarını edərək həyat yoldaşı ilə rahatca Əlcəzairə yollandı.
16.
XATİRƏ DƏFTƏRİ
Onda sakit bir yay axşamı idi. Açıq pəncərədən əsən yüngül meh içəri ağac yarpaqlarının xışıltısını daşıyırdı. Musa Əliyev bu səsi dinləyir və düşünürdü. İstəyirdi anlasın ki, insan niyə doğulur, nə səbəbə yaşayır, məqsədi və məramı nədir.
Yetmiş yaşı var idi. Bir anda həyatı kino lenti kimi gözünün qabağından keçdi. Və o, özü də bilmədən bir də gördü ki, kağız-qələmə sarılıb və yazır.
Yazdığı ilk cümlələr də bunlar oldu: “...1978-ci il. Moskva ətrafında yerləşən Perxuşkovo Akademiya qəsəbəsi. Böyük, amma sükutlu. Elə indi də sakit bir yay axşamıdır. Pəncərəm açıqdır. İlıq, xumarlanan bir külək kollarda astaca xışıldayır. Mən bu xışıltını dinləyir və düşünürəm...”
Bəli, o, 1978-ci ildə memuarlarını yazmağa başladı. Yaxşı da ki yazdı. Təlatümlü bir ömrün ən vacib məqamları orada əks olundu.
Ömrünün axırına yaxın görmə qabiliyyətini tam itirmişdi. Bununla belə, yenə yazır, uzun, kəşməkeşli, hadisələrlə bol ömrünün məqamlarını fiksə edirdi.
...Düz 3 ildən sonra o, memuarlarını yazıb qurtaranda yazdığı son qeydləri bunlar olacaqdı: “1981-ci il. Payızın əvvəli. Aşağıda sakitlikdir. Hamı öz yatağına yollanıb. Deməli, gecə çatıb. Zülmət bir qaranlıq. Mən kor olmuşam. Artıq yaza bilmirəm. Yalnız səsləri ayıra bilirəm. Mən artıq böyük dünyadan ayrılmışam. Amma onun nəfəsini hiss edirəm. Hiss edirəm ki, indi yalnız içimdə kəsişən bütün zamanlar qayıtmaz olaraq keçmişə düşür...”
17.
VƏ SON
Biz zamanın içərisindən keçirik. Yaşadığımız illər ömür deyə bizə pərçimlənir. Amma zaman da eynən bizim içimizdən keçir. Gah öz təlatümləri ilə bizi çalxaladıqca çalxalayır, gah da öz sükutu ilə bizi rahat buraxır.
1985-ci ilin mayı gələndə Moskva səması sıx qara buludlarla örtülmüşdü, fasiləsiz yağışlar yağırdı. Cənublular günəşsizliklə əsla barışmazlar, israrla səmadan günəşi tələb edərlər. Ümidlənərsən ki, əvvəl-axır günəş çıxacaq, öz şəfəqləri ilə hərarət və işıq gətirəcək. Biri də var, sənin zülmətin əbədi olsun...
Musa Əliyev xatirələrinin son vərəqlərində övladlarından bəhs edib. Oğulları Ömər Xəyyam və İkram barədə qeydlər verib, daha sonra yazıb:
“Üçüncü uşağım Rəna isə ən sevimli övladımdır. Anam Nabata çox bənzəyir. O, ciddi, ağıllı və gözəldir. Moskva Dövlət Universitetinin nəzdindəki Moskva İnstitutunun Şərq dilləri fakültəsini bitirib. Ərəb, fransız, ingilis, rus və əlbəttə ki, Azərbaycan dillərini bilir. Uğurla ərəb ədəbiyyatı üzrə namizədlik işi müdafiə edib. Onun həyat yoldaşı Hafiz Paşayev Kurçatov İnstitutunun məzunudur. Tanınmış fizik, ağıllı, savadlı bir adamdır. Azərbaycan Elmlər Akademiyasının fizika-riyaziyyat institutunda laboratoriya müdiridir. Onlar çox gözəl, bir-birilərini sevən bir cütlükdürlər. Onların iki övladı var: oğulları Camal və qızları Cəmilə. Bax mənim varislərim bunlardır.”
O çiskinli may günləri ağır xəstəliklər güc gələndə Musa Əliyev vəsiyyətini etdi. Cəmi iki istəyi vardı. Dediyim kimi, o da əmisi kimi çox unikal kitabxana yaratmışdı, əmisinin özü də, kitabxanası da ermənilərin güdazına getmişdi, o isə öz kitabxanasını qorumaq istəyirdi, bir vəsiyyəti bu oldu ki, bu zəngin kitabxanası doğma Bakısının Dövlət Universitetinin Paleontologiya kafedrtasına təhvil verilsin. İkinci vəsiyyəti isə Bakıda dəfn edilməsi istəyi oldu.
O, 1985-ci il may ayının 3-də 77 yaşında ikən vəfat etdi, vəsiyyətinə uyğun olaraq Bakıda dəfn edildi, I Fəxri Xiyabanda.
Musa Əliyev böyük çətinliklə yazdığı xatirələrinin dərcini vəsiyyət etməmişdi. Qızı Rəna illərlə bu yazıları qoruyub saxladı, onları oxuduqca atasının tək onların ailələrinə deyil, bütün Azərbaycana, hətta daha böyük coğrafiyaya aid olması həqiqətini dərk etdi.
Rəna Əliyeva-Paşayeva atasının dövlət və xalq qarşısındakı xidmətləri barədə yazılanlara sözardı olaraq atasının şəxsi keyfiyyətlərindən birini – onun əsl altruist olmasını öz yazılarında bu cür qeyd eləmişdi:
“Mənim atam şox xeyirxah adam idi. Harda oluruqsa olaq – Bakıda, Moskvada, Əlcəzairdəmi, - mütləq tanımadığımız bir adam tapılırdı ki, bizə yaxınlaşaraq atamın haçansa onunçün böyük bir iş gördüyünü, çətin məqamda kömək etdiyini söyləsin və hərarətlə minnətdarlığını bildirsin. Atamsa çox vaxt nə qədər fikirləşsə də, yada sala bilmirdi ki, söhbət onun etdiyi hansı yaxşılıqdan gedir. O, çoxlarına yardım edir, dayaq dururdu...”
Amma çox təəssüf ki, atasının xatirələrini dərc etmək məqamı gələndə əcəl Rəna xanıma imkan vermədi. Bu missiyanı həyat yoldaşı Hafiz Paşayev həyata keçirdi. Musa Əliyevin xatirələri “Ömrüm” adlı nəfis tərtibatlı bir kitabda əbədiləşdi.
Qəribə məxluqdur insan. Bütün həyatı boyu əlləşir, vuruşur. Bütün çətinliklərə, əzab və ağrılara rəğmən həyatdan gedəndə yaşadıqca heç də işıqlı olmadığını duyduğu, daim gileyləndiyi həyatın sanki işığını duyur, ondan dördəlli yapışmaq istəyir. Əbədi getdiyi bu dünyadan qopmaq istəmir. Amma Musa Əliyev 1985-ci ilin 3 may günündə dünyadan köçəndə çox sakit köçdü. Çünki o, yalnız ömrünün cismani qismini itirdiyini gözəl duyurdu. O, tam əmin idi ki, tarixdə qoyduğu izlər onun ömrünün bitməsinə imkan verməyəcək.
Və onun ömür kitabının ömrü uzandıqca uzanacaq.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)