Super User
“ASAN xidmət" əməkdaşlarının andiçmə mərasimi keçirilib
23 iyun hər il ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunur.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçularının andiçmə mərasimi baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev əlamətdar hadisə münasibətilə əməkdaşlara təbriklərini çatdırıb, onlara bu məsuliyyətli və qürurlu yolda uğurlar arzulayıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələr üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 35 dövlət qulluqçusu and içib.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
“ASAN xidmət”in və QDİƏT-in Baş katibliyinin birgə vebinarı keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibliyinin birgə təşkilatçılığı ilə İnstitusional İslahatlar və Yaxşı İdarəçilik üzrə İşçi Qrupunun “Dövlət xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətin idarə edilməsi” mövzusunda vebinar keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlunata görə əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətli idarəetmə sistemləri, vətəndaş məmnunluğu, o cümlədən innovativ həllərin tətbiqi ilə əlaqədar təşkilata üzv ölkələrin dövlət qurumları arasında birgə təcrübə mübadiləsinin aparılması olub.
Proqram çərçivəsində müxtəlif sessiyalarda Dövlət Agentliyinin nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrin müvafiq dövlət qurumlarının rəsmiləri tərəfindən geniş təqdimatlar edilib, suallar cavablandırlıb. QDİƏT-in Baş Katibliyi müvafiq vebinarın təşkilata üzv dövlətlər arasında səmərəli təcrübə mübadiləsinin təşviqində xüsusi rolunu vurğulayıb.
Xatırladaq ki, Dövlət Agentliyi müvafiq sahədəki qabaqcıl təcrübəsinə əsasən QDİƏT-in İnstitusional İslahatlar və Yaxşı İdarəçilik İşçi Qrupunun 2023 - 2025-ci illər üçün ölkə üzrə koordinatoru seçilib.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
Lənkəranda Füzuli anılıb
Bu gün - iyunun 21-də AYB Lənkəran Bölməsi və Lənkəran Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə klassik Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə "Füzuli rindu şeydadır..." adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsindən verilən məlumata görə, kitabxananın akt salonunda keçirilən tədbirdə bölğə yazarları, kitabxana əməkdaşları, ziyalılar, məktəb şagirdləri iştirak ediblər.
Tədbirdə Füzulinin şeir və qəzəlləri, ona həsr olunan şeirlər və şeirlərinə yazılan təxmislər səslənib.
Məktəb şagirdləri tərəfindən Füzulinin səsləndirilən şeirləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
GƏLƏCƏYƏ BAŞAĞRISI... - Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı şair, publisist, siyasi icmalçı Əkbər Qoşalının növbəti siyasi icmalını təqdim edir.
Dünən Ümumdünya Qaçqınlar Günü idi. Qaçqınlıq, köçkünlük, didərginlik nədir? – biz bunu iliyinədək hiss edən xalqlardanıq.
Dünən ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmasının tezliklə baş verməsi çağrısına vurğu edib.
Dövlət katibi ilə Prezidentin dünənki telefon danışığında qarşıdan gələn COP29-a hazırlıq sürəcində ölkələrimizin səmərəli işbirliyinə də toxunulub. Əlbəttə, bu planda, iqlim dəyişikliyi və enerji sahəsində çoxillik uğurlu işbirliyi də unudulmayıb.
Nə xoş təsadüfdür: dünən həm də Azərbaycan Qaz Sənayesi İşçilərinin Peşə Bayramı Günüydü.
Məlumunuz: qaz – ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. 2024-cü təqvim ilini “Yaşıl Dünya naminə Həmrəylik İli” elan etmiş və COP29-un evsahibi Azərbaycan, iri qaz ehtiyatlarına malik olan ölkələrdəndir. Dövlətimizin enerji sahəsində məqsədyönlü fəaliyyəti ölkəmizi regional enerji mərkəzinə çevirib. Dünyanın ən zəngin qaz yataqlarından biri bizim “Şahdəniz”dir. “Güney Qaz Dəhlizi” ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində gerçəkliyə çevrilməyə başlayıb. Azərbaycandan başlayan yaxud keçən xətlər, yollar, dəhlizlər qardaş Türkiyəyə Gürcüstan üzərindən davam edir. Öz işğalçılıq gerizəkalılığı üzündən dalana düşmüş Ermənistan, qarşı dönəmdə Zəngəzur dəhlizinin açılması öhdəliyini yerinə yetirməsə, dalan oğlu dalan qalacaq. Hətta o statusda belə qala biləcəksə...
Budur, biz dünənə üç dəfə vurğu etdik – bu günü yazsaq, bu gün hərəkət etsək və gələcəyə getsək də, istinadgah dünəndir ki, dünəndir. Yalnız özümüzlə, sözümüzlə dünəndə qalmamalıyıq; necə deyərlər, deyilənlər, edilənlər funksional olmalıdır, yaşarılı olmalıdır.
Gəlin
yaxın dünənə vurğulardan çıxış edərək, Ermənistanla mümkün sülh müqaviləsi məsələsinə toxunaq. Ümumdünya Qaçqınlar Günü deyirik; bəs bu qaçqınlığın son bulması üçün nə lazımdır? – onların öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli qayıdışı! Azərbaycan dövləti, xalqı bununçün nə edə bilərsə, artıqlaması ilə edir. Lakin bizdən asılı olmayan məsələlər də var axı. Axı 1 milyon azərbaycanlını qaçqın-köçkün həyatına düçar edənlər, elə 1 milyon da mina basdırıb bizim torpaqlara... – O minaların tam xəritələrini vermirlər - 10 noyabr Üçtərəfli Bəyanatının 4-cü ildönümünə az qalıb, rəsmi İrəvan isə son və qəti addımı atmır ki atmır.
Yaxşı, o xəritələri gizlətməklə nəyi hədəfləyir, nə qazanır Ermənistan? –
Mina qurbanlarının sayı artsın?
Qaçqın-köçkünlərin qayıdışı ləngisin?
Kütləvi məzarlıqlar daha gec aşkarlansın?
Və yaxud daha nə?
Bəs
bu bədniyyətliliklə Sülh müqaviləsi bir araya necə gələcək? Minalar üstündə Sülh olurmu? Üstəlik, Ermənistan azərbaycanlı əsir, girov və itkinlər haqqında yetərli bilgiləri də bölüşmür. Ermənistanın bu məzmunsuz, gərəksiz və perspektivsiz dirənişini, cığallığını ABŞ da bilir, Rusiya da, Fransa da (hələ başqaları da)...
Bu üç ölkənin adını birgə çəkmişkən, yenidən Blinken-Əliyev telefon danışığına diqqət edək. Rəsmi bilgidə oxuyuruq: “Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib”. Bax, bu fikrin alternativi varmı? – Əsla, yox! O zaman, sual yaranır – keçmiş həmsədrlər nə düşünür bəs? Keçmiş işğalçı mina xəritələrini verməsin, əsir, girov və itkinlər barədə bilgiləri bölüşməsin, keçmiş həmsədrlər də keçmiş olmaq istəməsin!?. – Belə olmur axı, olmur belə! Sonra da deyirlər tərəfləri tezliklə sülh müqaviləsi imzalamağa çağırırıq. – Nəymiş, əfəndim? – illa tezliklə, illa! Tezliklə olmalıdırsa, olsun – sülhpərvər ölkə nə istər? – sülh istər, əlbəttə. Əlbəttə, sülhpərvərin sülh istəyi ədaləti, səmimiyyəti, işbirliyi ruhunu daşıyır - sülh qalıcı olmalıdır, ötəri yox. Əgər sülhün tezliklə imzalanmasında maraqlılar da ədalətdən yana olsalar (qalıcı sülhü tərcih etsələr) – no problem! Yoxsa, qərinələr öncə, İrəvanı “güzəşt”ə gedək – daha bizdən torpaq istəməsinlər və beynəlxalq birlik də müstəqilliyimizi tanısın, sonrasına baxarıq – deməklə olmur indi. Sonrası Zəngəzur əldən getdi, başqa olanlar oldu və bütün bunlar yetməzmiş kimi, bir də, 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Xankəndidə bədnam “miatsum” bağırtısı başladı... Biz bu acı “təcrübə”nin üzərindən tələsib, “tezliklə” deyib, gələcək nəsillərə yeni başağrısı “miras” qoya bilmərik.
Bəs bizi sülh müqaviləsinə tələsdirənlərin ədaləti unudub-unutmadığını necə bəlli etməli? – Bununçün yeni bir Amerika açmağa ehtiyac yoxdur, əslində. Əslində, bunun formulu da Azərbaycan Prezidentinin ABŞ Dövlət katibinə dediklərində mövcuddur. Rəsmi bilgidə oxuyuruq: “ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib”.
Bəli, budur, məsələ:
sülhün tərəfi öz Əsas Qanununu sülhə kökləməlidir! Əksini düşünmək, keçmiş işğalçının ərazi iddialarına haqq qazandırmaq kimi alqılana bilər.
Regionda sülhün təmini üçün ilk addımı biz atmışıq. Beynəlxalq hüquq normalarına uyğun olaraq, Sülh müqaviləsinin baza prinsiplərini biz işləmişik. Yəni başımıza gətirilən danılmaz müsibətlərə baxmayaraq, gələcəyə baxmağın tərəfdarı biz olmuşuq, biz! İkitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəliləməsində töhfələri məhz biz vermişik.
Biz qalib ədası yox, qalib ləyaqəti göstəririk; ərdəm bizim xarakterimizdən, ruhumuzdan gəlir, o, bizimçün sonradan qazanılmış nəsnə deyildir... Hələ bir də, qarşı tərəf ərdəm kateqoriyasına heç can atmamış ola...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
Komitə sədri ictimai birlik sədrini təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlını qarşıdan gələn 55 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin yubilyara ünvanladığı məktubda deyilir:
“Hörmətli Güllü xanım,
Sizi 55 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin qurucusu olmaqla yanaşı, “Aşıq Pəri Məclisi”nin sədr müavini (2015-2022), Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi sədrinin müşaviri olaraq çoxşaxəli məhsuldar ictimai və yaradıcı fəaliyyətinizlə seçilirsiniz.
Siz Gürcüstanın Rustavi şəhərində doğulmusunuz. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavidə orta ixtisas təhsili almış, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmısınız. Rustavidə “Azərbaycanlıların Mədəniyyət Mərkəzi”nin qurucularından biri olmusunuz. Şeirləriniz, publisistik yazılarınız Gürcüstanda, Azərbaycanda nəşr olunan qəzetlərdə yayınlanıb, Tiflis radiosunda səsləndirilib. Şeirləriniz özbəkcəyə uyğunlaşdırılıb və “Oşik Pori İnjilari” (“Aşıq Pəri inciləri”) kitabında yer alıb. “Aşıq Pəri Məclisi”, “Aşıq Pəri inciləri” antologiyalarının tərtibçisi və bir neçə kitabın redaktorusunuz. “Azərbaycan kəlağayısı – min illərin yadigarı”, “Kəlağayı əlvan qıyğacı”, “Nağıl kəlağayım, sirr kəlağayım” və b. kitablar sizin rəhbərliyinizlə nəşrə hazırlanıb.
Özünüzün şeirlər və publisistik yazılar kitablarınız gün üzü görüb.
2022-ci ildə Ərzincanda (Türkiyə) keçirilən Türk Dünyası Simpoziumunda, 2023, 2024-cü illərdə Bakıda keçirilən 2-ci, 3-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında uğurla iştirak etmisiniz.
Sizi ictimai fəaliyyətdə, yaradıcılıqda əldə etdiyiniz uğurlar və 55 illik yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Qarabasma”sı
Poetik Qiraətdə bu gün yenə də Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Nuridir.
“Qarabasma” bir sevgi şeiridir, həyat sevgisi, ağrı, əzab sevgisi.
Təzə qəm istəyirəm nazını çəkmək üçün,
Təzə qəm isdəyirəm- əl çəkim bu boyatdan.
Min əzabın içində çətin imiş tək üçün
İndi ölümdən deyil, hamı qorxur həyatdan, -
deyən şair yenə də təkrarsızdır, yenə də mükəmməldir.
Xoş mütaliələr!
Yaxınlıq uzaqdadır- daha qovuşmarıq biz,
Var olanlar içində indi bir "yox"da vardır.
Dünya bir dağ kimidi, ətəyində qarıq biz
Bir də baxdıq- əridik... bir də gördük bahardı.
Həm yandıran, həm yanan o nəğməni oxuma,
Bəlkə son mənzil özü elə mənzil başıdı?
Mən dünyaya gələndən bir qız girir yuxuma
Bəlkə elə o qızdı yaddaşımın yaşıdı?!
...Sən də qapı bağladın, qovdun məni bu axşam-
Uzaqdan əsib gələn yad küləklər kimiyəm.
Bir sevginin başına neçə dövrə vurmuşam-
Çiçəklərə aldanan kəpənəklər kimiyəm...
Təzə qəm istəyirəm nazını çəkmək üçün,
Təzə qəm isdəyirəm- əl çəkim bu boyatdan.
Min əzabın içində çətin imiş tək üçün
İndi ölümdən deyil, hamı qorxur həyatdan.
Məni nələr çəkdisə, mən də ondan çəkindim,
Tək sevdiyim ölümə yar olmağa gedirəm.
Bu dünyaya gələndə şəkil kimi çəkildim-
İndi torpaq-alboma saralmağa gedirəm...
Ədəbiyyat və incəsənət”
(21.06.2024)
Afrika yığması Avropa çempionatında
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Ay bacı, siz nə qəşəng süfrə açmısız, bütün nazu-nemətləri düzmüsüz.
-Ona görə ki, sizin qonaq gələcəyinizi bilmirdim.
2.
Çin gəlinciklərə süni intellekt quraşdırıb. İndi gəlinciklər sizinlə söhbət edə, hirslənə, qazanı başınıza çırpa, küsüb anasıgilə gedə bilirlər.
3.
Avropa çempionatında çıxış edən Afrika yığması Fransa geyimində meydançaya çıxır.
4.
Məşhur cibgir Səməd heç vaxt plyaja getmədi. Bilirsiniz niyə? Çünki cibsiz insanları həzm edə bilmirdi.
5.
Bizim deputatlar kardinal qərarlar qəbul etməkçün gözləyirlər ki, kardinal olsunlar.
6.
Elə yaşa ki, öz nekroloqunu oxuyanda utanmayasan.
7.
-Sizin vicdanınız var?
-Var. Amma istifadəyə yararsızdır.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
Mədəniyyət Nazirliyi: Təmir-bərpa və abadlıq işlərinə ciddi nəzarət olunur
Son günlər Bakı şəhərində yerləşən bir sıra memarlıq abidələri olan binalarda aparılan təmir-bərpa və abadlıq işləri ictimaiyyət arasında müzakirələrə yol açıb. Bu narahatlıq bəzi tarixi bina fasadlarının, o cümlədən daşla üzlənmiş binaların rənglənməsi ilə bağlıdır. Aparılan abadlıq işlərinin səbəbi- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxt ərazisində bir sıra binalarda, o cümlədən memarlıq abidələrində təmir-bərpa işlərinin həyata keçirilməsidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir: “Bir daha xatırladırıq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Hazırda həyata keçirilən işlərin təcililiyini nəzərə alaraq, yaranan problemləri yerində həll etmək məqsədilə sözügedən təşkilatların əməkdaşlarından ibarət olan işçi qrup yaradılıb.
Daimi olaraq müvafiq işlərin aparıldığı tarixi binalara baxış keçirir, görülən işlər nəzarətdə saxlanılır. Sözügedən tədbirlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə müvafiq işləri həyata keçirən “Bakı Abadlıq Xidməti” MMC ilə koordinasiyalı şəkildə təmin edilməsi üçün tədbirlər görülüb.
Təəssüflə etiraf etmək lazımdır ki, son illər ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalmışdır - qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənmiş, balkon və eyvanlar şüşələnmiş, fasadlarda müxtəlif naqillər və borular çəkilmiş, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənmiş, kondisionerlər və reklamlar quraşdırılmışdır və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verdi. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilmiş, tikililərə bərpası mümkün olmayan ziyan dəymişdir. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarmışdır ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub.
Uzun illər ərzində müxtəlif müdaxilələrə məruz qalmış fasadların görkəminə qaytarılması, eyni zamanda qopmuş, qırılmış yerlərinin bərpası, kommunikasiya xətlərinin və məişət qurğularının səliqəyə salınması həyata keçirilir.
Qeyd olunanlarla bağlı uzun illər öncə görkəmi dəyişdirilən və ona uyğun olaraq yenidən rənglənən fasadların təmizlənməsi təmin olunur. Fasadların daş hissələri, o cümlədən son illərdə rənglənmiş daş fasadlar təzyiq altında su ilə təmizlənir. Lakin əvvəlcədən daşla üzlənməyən binaların hissələri tikinti zamanı istifadə olunan orijinal rəngə mümkün qədər uyğun gələn rənglə boyanacaq. Təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur”.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Qurama Festivalının açılış mərasimi olub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Qurama Festivalına start verilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Şirvanşahlar Sarayında keçirilən tədbirdə dövlət rəsmiləri, Milli Məclisin üzvləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan qurama sənətkarları iştirak ediblər.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Milli Məclisin üzvü Fazil Mustafa və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev çıxış edərək festivalın əhəmiyyəti, Türk dünyasının qədim irsini yaşadan qurama sənətinin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb, festival iştirakçılarına uğurlar arzulayıblar.
Bildirilib ki, unudulmaq təhlükəsi yaşayan quramanın təbliğinə xidmət edən festivalın Bakı ilə yanaşı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərini də əhatə edəcəyi nəzərdə tutulur. Beynəlxalq Qurama Festivalı çərçivəsində quramanın ekoloji təmiz tətbiqi sənət növü kimi əhəmiyyətinə həsr olunmuş beynəlxalq seminar, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərinin nümayişi təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)
Milli İncəsənət Muzeyində “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb
Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, XX əsr təsviri sənətinin görkəmli nümayəndələrindən biri Vəcihə Səmədovanın 100 illiyinə həsr olunmuş sərginin açılış mərasimi olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova rəssamın geniş mövzu dairəsini əhatə edən əsərlərinin tematika üzrə bölünmüş zallarda təqdim olunduğunu diqqətə çatdırıb.
O bildirib ki, sərginin ekspozisiyasına daxil olan mənzərə əsərlərində müəllifin canlı müşahidələri əsasında fırçaya aldığı Azərbaycan torpağının əsrarəngiz təbiəti, qeyri-adi gözəllikləri canlanır. "Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus müxtəlif janrlarda ərsəyə gətirdiyi 60-a yaxın rəngkarlıq və qrafika əsəri yer alır.
Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunu, Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədova seçilən dəst-xətə malik rəssam kimi özündən sonra dəyərli irs qoyub. Bolqarıstana yaradıcı səfərindən xatirə qalan əsərləri isə bu ölkənin təbiəti, memarlığı, insanlarına həsr olunmuş rəngarəng kompozisiyaları nümayiş etdirir.
Rəssamın “İmtahandan qabaq”, “Xəbər gözləyərkən”, “Kəşfiyyatçı qocalar”, “Azərbaycan toyu” və digər tematik tabloları mükəmməl kompozisiya həllinə malik olmaqla canlı hiss və duyğuların təsviri ilə fərqlənir. Qeyd edilən bədii həll prinsipi müəllifin 1950-1960-cı illər yaradıcılığına aid qrafik əsərləri üçün də xarakterikdir. 1961-ci ildə yaratdığı və sanki öz bədii-estetik axtarışlarının zirvəsinə çatdığı “Kürün sahilində” tablosu ekspozisiyada xüsusi yer tutur. Bu əsərdə o bir daha böyük kolorist-rəssam qabiliyyətini, istedadının qüdrətini, dəst-xətinin özəlliyini sübut edir. Multimedia vasitələrindən istifadə edilən sərgidə həmin tablonun vizuallaşdırılmış maraqlı təqdimatı da yer alıb. Vəcihə Səmədovanın sevimli ömür-gün yoldaşı, Azərbaycanın digər tanınmış təsviri sənət ustası Lətif Feyzullayevin fırçaya alınmış füsunkar obrazı, eyni zamanda, onun sənətkar kimliyi və yaradıcı dünyası haqqında videosorğu sərginin konsepsiyasına xüsusi məna çaları qatır", - deyə Ş.Məlikova əlavə edib.
Sərgidə nümayiş olunan tanınmış elm, sənət insanlarının obrazları, eləcə də rəssamın avtoportreti onlara xas individual aləmin özünəməxsus ifadəsi ilə seçildiyini vurğulayan Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Xalq rəssamı Səlhab Məmmədov deyib: "Ekspozisiyanın xüsusi hissəsini Vəcihə Səmədovanın özünü sənətkar kimi təsdiq etdiyi aparıcı janrlardan olan portret əsərləri təşkil edir. Burada, həmçinin savadlı, iradəli, öz gücünə güvənən müasir qadın xarakterlərindən görkəmli aktrisa “Leyla Bədirbəylinin portreti”, “Geoloq M.Məmmədbəylinin portreti”, “Memar Solmaz Səmədovanın portreti”, pambıqçı “Şamama Həsənovanın portreti” və digər portretlərdə dolğun şəkildə əksini tapıb".
Əməkdar incəsənət xadiminin nəvəsi Akşin Feyzullayev Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinə tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün minnətdarlığını bildirib. "Azərbaycan mədəniyyət ocağıdır. Nəticədə incəsənət və mədəniyyətimizdə dahi şəxsiyyətlər saysız-hesabsızdır. Onların xatirəsini əbədi olaraq yaşadan isə dövləti və xalqıdır. Bu gün Vəcihə Səmədovanın işığına toplaşıb, onun xatirəsini yad edirik. Mən düşünürəm ki, bu sahədə sənətsevərlərin rolu danılmaz faktdır".
Qeyd edək ki, sərgi noyabrın 25-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)