Təqdim edir: Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
PAY-BÖLÜŞ ETDİ
Sənsiz hələdir ölkəmi xan pay-bölüş etdi!
Sənsiz o keçən günlərə, qan pay-bölüş etdi!
İllərdir ötən yazları göz-göz dolanırdım,
Dur gəl ki, bu gözləri güman pay-bölüş etdi!
Gəl nisgil axır sağ qələmin sol yanağından,
Solğun bu vərəqləri, roman pay-bölüş etdi!
Duyğum da günəş gözləməsindən cana gəldi,
Şerimsə hecalarda, saman pay-bölüş etdi!
Mən səndən üzüldüm giləmin qarğışı üstə,
Neylim axı yaz, dərdə uman pay-bölüş etdi!
Saçlar da payız tək sözümə soldu, saraldı,
Yaz yollara, sevgim də yalan pay-bölüş etdi!
Qaldım dəxi mənsiz necə dözdün yuxularda?!
Gəl gör necə bu ölkəmi xan pay-bölüş etdi!
URMU GÖLÜ
Vətənin bayrağı qan güllələşir Urmu Gölü.
Şəhid addımlarıma pillələşir Urmu Gölü.
Hələ qançıl yaramın qasnağı daşdan göyərir,
Leşimin üstə köpəklər güləşir Urmu Gölü.
Yenidən dur Sarı tel oxşamasın çal yarama,
Saramın saçlarına qan bələşir Urmu Gölü.
Qoymayın güllərimin bağrına dağ çəksinlər,
Bu yaşıllıqlarıma, sillələşir Urmu Gölü.
Tozanaqlaşdı qünutlarla solan əşhədimiz,
Budu yurdumda günəş kölgələşir, Urmu Gölü.
Hələdir yol sulayır göz-göz olan taxçalarım,
Günəşin gəlməsinə çillələşir Urmu Gölü.
Bu könülsüz qara qarğışlara heç ağlamayın,
Vətənin bayrağı qan güllələşir Urmu Gölü.
AĞLADIM BU AXŞAM
Sənə dalğalı gözümlə pinar ağladım bu axşam.
Ürəyimlə bağça-bağça çinar ağladım bu axşam.
Nəyimə gərək açılsın tozanaqlı yollarım, ah...
Baş açan sıxıntılarla nə var ağladım bu axşam.
Dağa bağlı olmuşamsa, daşı könlümə döşəndim,
Sənə bir qucaq hay ilə havar ağladım bu axşam.
Yenə çırpınar yolunda ovucum qünutlu hər gün,
Dilə bağlı əşhədim də məzar ağladım bu axşam.
Dolaşıq düşübdü yollar dura bilmirəm diz üstə,
Sənə gör nə boyda yanmış zumar ağladım bu axşam.
Hələ ayrılıq əlindən baş alıb gedir bu şerim,
Baxısan nə dağlı-dağlı, xumar ağladım bu axşam.
Daha gözlərim su içmir, gələsən butaqlaşam mən,
Sənə dalğalı gözümlə pinar ağladım bu axşam.
BAĞRIMDA SƏNƏ
Bir qəzəl doğmuşam axşam, gecə bağrımda sənə.
Günəşi saxlamışam gizlicə bağrımda sənə.
Mən keçən günlərimi payladım ay sevdicəyim,
İndi ulduz dərirəm bax necə bağrımda sənə?!
Boyludur bağçamızın gülləri sənsiz payıza,
Baharı oxşayıram nazlıca bağrımda sənə.
Sənə, sənsiz darıxır gözlərimin nargiləsi,
Çalıram duyğuları sazlıca bağrımda sənə.
Sən günəşlənmiş adımsan adının qurbanı mən,
Odu könlüm uduzub bir heçə bağrımda sənə.
Gəl yenə gül bitirək sevgimizin bağrına biz,
Qoyma kol-kos göyərə sevgicə bağrımda sənə.
Kimsə yağmaz belə artıq giləsin dəftərinə,
Bir qəzəl doğmuşam axşam bağrımda sənə.
OLDUM
Dur gəl bu yetim duyğulara mən qapaz oldum,
Səssizcə bahar könlümə qış, qış ayaz oldum.
Oxlandı günəş zirvəsi tel-tel yaralandım,
Yoxsa ki, Saram könlünə sel-sel Araz oldum.
İl ötdüsə, ay ötdü budaqlar tək ələndim,
Saçlar önünə gözdən iraq qar, bəyaz oldum.
Bayquş yuxusuydu deməli gəldi bu axşam,
Sinsitdi qapı, pəncərəmi oxşamaz oldum.
Neylim ki, daha güllərimiz soldu, saraldı,
Bəlkə bu yalan bağçamıza təkcə yaz oldum.
Mən dağdan uca çənli dumanlar günəş idim,
Qar-qat əridimsə, qoluna dəstəmaz oldum.
İllərdi çiçəklər yarası burda sağalmır,
Dur gəl bu yetim duyğulara mən qapaz oldum.
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)