Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə 60 yaşını qeyd etməyə hazırlaşan tanınmış şair, publisist, ictimai xadim Rəşad Məcid barədə Elşad Baratın portret yazısı təqdim edilir. 

 

 

Kainatda minlərlə qalaktika var, bizim qalaktikada Yer kürəsi ətraf aləmlə müqayisədə zərrə boydadır. Bu zərrənin içində milyardlarla insan, on milyardlarla müxtəlif canlı yaşayır. Canlılar aləmində şüuru olan tək varlıq isə insandır.  Bu göz qırpımı qədər az müddəti, yəni iyirmi bir əsri yaşayan insan daşla hansısa heyvanı öldürüb çiy-çiy yeməkdən ən müasir texnoloji münasibətlərə qədər inkişaf etdi. Əgər keçən əsrin əvvəllərində hava xətti ilə dünyanın o başında yaşayan bir tanış və ya qohumla danışa biləcəyimizi kimsə bizə desəydi, o adamı dəli hesab edərdik. Amma bu gün biz bu əlaqəni, hətta görüntülü də edə bilirik. Deməyim o ki, yer və zaman baxımından zərrə və göz qırpımı olan məkan və müddətdə insan oğlu obaçılıqdan, tayfaçılıqdan çıxıb dövlətləşməyə qədər böyüdü. Bu gün isə həmin zərrə Yer kürəsinin üzərində yüzlərlə millət, 200-dən artıq dövlət vardır. Bu dövlətlərin tərkibində yaşayan xalq və millətlərin öz tarixi, öz mədəniyyəti formalaşıb. Azərbaycan dövlətinin ərazisində yaşayan insanların da qədim tarixi kökləri, mədəniyyəti, ədəbiyyatı, inkişaf etmiş və milli dəyər sayılacaq bir çox tərəfləri vardır. Bir zamanlar tayfalaşmağı, yəni parçalanmağı hədəf alan insanlar bu gün dünyəviləşməyi, bütövləşməyi seçir. Çünki xalqların icad, ixtira və istehsal güclərini birləşdirməsi inkişaf hesab olunur. Cəmiyyətlərin, xalqların və millətlərin bir-biri ilə ünsiyyət qurmasında dil əsas faktor sayılır. Bir xalqın dilini formalaşdıran, inkişaf etdirən isə həmin xalqın yaratdığı ədəbiyyatdır. Ədəbiyyat təkcə dilin inkişafını və ya toplumların ünsiyyətini deyil, həm də xalqların tarix qarşısında böyüklüyünü, mədəniyyətini göstərən, tarixi şəxsiyyətləri ilə daim inkişaf etdirən söz tərəfidir. Hər bir xalqın tarixinə nəzər salsaq, görərik ki, onu xalq olaraq dünyaya tanıdan elm və söz adamlarıdır. O söz ki, onu ana dilində İzzəddin Həsənoğludan bəri yaşadan neçə-neçə tarixi şəxsiyyətlərimiz vardır. Dastanları, şifahi xalq ədəbiyyatını yaradanlar da bu xalqın ziyalılarıdır. Dədəm Qorquddan Nizami Gəncəviyə, nənəm Məhsətidən Qazi Bürhanəddinə, Məhəmməd Füzulidən Molla Pənah Vaqifə qədər yüzlərlə söz sahibinin adını çəkə bilərik. Sovetin qılıncının kəsərli vaxtlarında yaşayıb-yaratmış İsmayıl Şıxlı, Mir Cəlal, Rəsul Rza, Mikayıl Müşfiq kimi söz adamları da bu xalqın nümayəndələridir. Bu gün isə ana dilində sözün məsuliyyətini öz çiyinlərində daşıyan Anar, Elçin, Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Nəriman Həsənzadə, Ramiz Rövşən, Kamal Abdulla, Rəşad Məcid kimi şair və yazıçılarımızın adını çəkə bilərik.

Poeziya insanın daxili dünyasında özü ilə söhbətindən, hiss və duyğularının müəyyən ritmlə sözə çevrilməsindən yaranır. Hansısa dünya şöhrətli ixtiraçı alim iki bənd şeir yazmağa cəhd edib bacarmaya bilər. Amma şair olan kəs təbiətlə, insanlarla, ətraf aləmlə elə bir dalğavari təmas xəttindədir ki, onu təsirləndirən hər bir detalı poeziyaya gətirmək gücündədir. Azərbaycan poeziyasında özünü yazan, sözünü şeir dili ilə deyərkən, hisslərinin azadlığına söykənən, misralarının arasında
düşüncələrinin təmizliyini gördüyümüz Rəşad Məcid öz imzası ilə artıq ədəbi tarixin silinməz yaddaşına hopub. Rəşad Məcidin gənc vaxtlarında, 1993-cü ildə çapdan çıxmış “Hələ ki vaxt var” adlı şeirlər kitabında elə şeirlər yer alıb ki, o şeirləri oxuyanda şairin təbiət dilində danışdığını, kainat hikmətində düşündüyünü
aydın görmək olur:

 

Bu dağlarda ay işığı –

Çəməni bürüyən şehdir,
Bir ahıl saçında zehdir.
Bu dağlar ay işığında
Nəsildən-nəsilə saflıq aparan
Yelkənli gəmidir.
Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.


Bir ahıl saçında zehi görmək də, şehli çəmən üzərində ay işığının parıltısını görmək də və bunu şeirə gətirmək də yalnız şairə məxsusdur. İnsanın qənşərində dağlar və onun da arxasından ay işığı düşəndə müxtəlif kölgələr yaranır. Burada
Rəşad Məcid kölgələri yelkənli gəmiyə bənzədir. Dağlar isə vətən torpağının zirvələridir. Çox incə məqam odur ki, gəmidəki yelkən dağların başındakı bayraq mənasını verə bilir. Həmişə var olan ay işığının şahidliyində döşü bayraqlı dağların nəsildən-nəsilə saflıq, mərdlik, bütövlük daşıyan və miras olduğunu deyən Rəşad Məcid çox ustalıqla onu da qeyd edir ki, ay işığında yamacı ağaran dağlar üzü südə bulanmış körpə kimidir. Göründüyü kimi, şair burada vətən torpağının müqəddəsliyini körpə saflığına bağlayır. Rəşad Məcid bu şeiri yazanda mənim təhlilimdə olan hansısa detail, bəlkə də düşünmədən yazıb, amma şeir düşüncədən, hiss və duyğulardan gəldiyi üçün, şair özü də fərqinə varmadan ortaya öz daxili dünyası boyda əsər qoyur. Elə əsərin böyüklüyü də oradadır ki, onu oxuyub düşünmək məcburiyyətində qalaq, onu oxuyub neçə yerə yozaq, təhlil edək. Böyük Füzulinin elə beyti var ki, əlli cür təhlili vardır. Rəşad Məcidin də poetik yanaşmasının və şair düşüncəsinin böyüklüyü onun şeirlərini oxuyanda oxucu gözünün önündə və təfəkküründə müxtəlif şəkillərin canlanmasıdır. Yuxarıda da
qeyd etdiyimiz kimi, reallıq və hikmət Rəşad Məcid poeziyasının ana xəttidir. Şeirlərində konkret həyatın özündən danışan şair hikmət dolu məsləhətlərini də oxucusundan əsirgəmir. Misal üçün:


İçəridən əyildinsə,
Ha dik dayan, ha düz yeri.
Görək, necə keçəcəksən
Ömründəki qəliz yeri?
Dərd gələcək qucaq-qucaq,
Yandıracaq ocaq-ocaq.
Yaddaşında sızlayacaq
Ağrılardan min iz yeri.


Bu şeirdə Rəşad Məcid, sanki öz getdiyi yolu getmək istəyən oxucuya məsləhətini verir, həm də daxili rahatlıqla, əminliklə fikrini çatdırmağı bacarır. Bildirir ki, həyat imtahandır, onsuz da ömrünün qəliz yerində iç üzün ortaya çıxacaq, yəni içdən əyilmisənsə, dik-dik yeriməklə yaşamaq olmur, qucaq-qucaq dərd gələcək və od kimi, ocaq kimi yandıracaq, həmin ocaqların izi isə xatirələr formasında ağrılara, acılara dönəcək, buna görə də içini yaşa, ruhunun və qəlbinin tələbatını ödə. Digər tərəfdən, bu iki bəndin alt qatında, fəlsəfi məqamında xeyirlə şərin varlığından məlumat verən, həyatın xeyir və şərin mübarizəsi üzərində qurulduğunu deyən detallar vardır. Məsələn, içində şeytana, çölündə tanrıya səcdə edən adam hələ xeyir və şər arasında öz tərəfini seçməyibdir. Mənə görə nəsr əsərləri daha çox düşüncələrin, nəzm əsərləri isə daha çox hiss və duyğuların məhsuludur. Rəşad Məcidin hiss və duyğularından doğulub düşüncələrinə söykənən bütün şeirləri real həyatın poetik dildə ifadəsidir. Elə müəllif kimi qələmini həmişə real həyatın mürəkkəbinə batırdığı üçün onun əsərlərində xeyirlə şərin, tanrıyla şeytanın, yaxşıyla pisin mübarizəsi qırmızı xətt kimi keçir. Bu yerdə şairin “Mələyim və iblisim” adlı şeirini misal çəkmək yerinə düşər:


Hamıdan çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.


Təkcə bu bənd haqqında saatlarla danışmaq və yazmaq, düşünmək və susmaq olar. İstər riyazi dəqiqliklə, istər məntiqi düşüncə ilə, istərsə də, fəlsəfi yanaşmayla bu misraların üzərinə getsək, qarşımıza kainatın sirr boğçaları çıxar. Öncə riyazi dildə onu deyək ki, ədəd oxunda bütün rəqəmlər mənfi sonsuzluqla müsbət sonsuzluq arasında yerləşir. Həyat isə xeyirlə şərin arasındadır. Deməli, bütün olmuşlar, olanlar və olacaqlar ən yaxşı ilə ən pisin arasında baş verir. Bu bənddə Rəşad Məcid, sanki həyatın ciyərini çıxarıb oxucuya təqdim edir ki, bax, həyatın iç üzü budur, çətinlə asan, sevinclə əzab, yaşamla ölüm – hamısı ən yaxşı və ən pis dediyimiz həyat nöqtələri arasındakı intervalın üzərində yaşanır. Sanki müəllif burada oxucuya seçimetmə şansı verir ki, özün seç – yaxşı, yoxsa, pis, mənfi, yoxsa, müsbət, azadlıq, yoxsa, məhbəs? Elə şeirin ikinci bəndində də ruh azadlığından, yol seçimindən söz açır:


Gah geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.


Burada Rəşad Məcid ən yaxşı ilə ən pisin, mənfi və müsbət sonsuzluqların, elə hər şeyin insandan başladığını, insanın öz içində baş verdiyini vurğulayır. Bildirir ki, təbiətin lütfü olan geniş çəmənlə insan oğlunun tikdiyi qara zindan arasında özün
seçim etməlisən, amma unutmamalısan ki, qatil də insandır, qurban da, göyə qaldıran da insandır, yerə çırpan da, buna görə də cismin çəməndə, ruhun zindandadırsa, azadlıqla məhbəs arasındasan deməkdir, elə həyatın özü də budur. Xeyirə, yoxsa, şərə tərəf getmək isə insanın öz seçimidir. Şeirin üçüncü bəndində isə şair belə deyir:

 

Gördüm gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır bircə dəfə gəl, düzünü de,
Allahım, mələyim, iblisim mənim.


Hər kəs ətraf aləmi düşündüyü və dərk etdiyi qədərdir. Kimisi bu şeirə sevgi şeiri deyə bilər, kimisi də fəlsəfi, mən isə bu şeirə həyat şeir deyirəm. Çünki bu üç bənddə həyatın hər üzü var. Hələ insan təfəkkürü mütləq həqiqətin nə olduğunu dərk edə bilmir. Buna görə də mənim üçün mütləq həqiqət yalnız tanrıdır.
Bu şeirdə də Rəşad Məcid üzünü mütləq həqiqətə tutur və bütün insanlar adından deyir ki, mən sənin gecəni, gündüzünü, yəni günəşini və zülmətini görmüşəm, yaxşının və yamanın hər üzünü yaşamışam, ən doğrusunu sən bilirsən, insan oğlu yanlış yola düşərsə, bircə dəfə gəl və düzünü de.
Göründüyü kimi, Rəşad Məcid şair kimi özü ilə başladığı dialoqu tanrıya qədər davam etdirməyi bacarır, poetik dilini və məntiqini hədəfindən ayırmadan yoluna davam edə bilir. Hər şairin ya poetik hədəfi, ya da poetik xitabı vardır. İkisi də ola bilər. Məsələn, böyük şairimiz Ramiz Rövşənin poetik xitabı “Allah” sözüdür, şeirlərində həmişə Allaha müraiət edir, Füzuli və Nəsiminin yaradıcılığında poetik hədəf ilahi eşq, poetik xitabı isə yar, can və canandır. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında hər bir şairin poetik hədəfini aydın-açıq görmək olur. Rəşad Məcidin poetik hədəfi isə haqqdır, o haqq ki, xeyir və şər arasında qalib tərəfdir.

Yuxarıda qeyd etdiyim ki, şeir şairin daha çox hiss və duyğularının, nəsr isə düşüncələrinin məhsuludur. İnsanın ruh halını nəzərə alsaq, düşüncələr hisslərdən, hisslər isə düşüncələrdən formalaşa bilir. Rəşad Məcid yaradıcılığında
daha çox hiss və duyğularına arxalanır. Onun “10 sentyabr” hekayəsində də oxucuya ötürülmüş böyük mesajlar hiss və duyğulu cümlələrlə verilir. Bu hekayə müasir Azərbaycan nəsrində ən yaxşı hekayələrdəndir. Bir mətndə sadə dil və sadə hadisələr içində qlobal mesajlarını verə bilirsənsə, artıq qalib müəllifsən. Rəşad Məcid yaradıcılığında nəsrə az müraciət etsə də, təkcə “10 sentyabr” bəs edir ki, onun bədii mətn dilini, yazıçı ustalığını görək. Bir yazıçının böyüklüyü onun yazdığı əsərlərin sayında yox, mətninin içindədir. Kimsə iki yüz roman yazıb yazıçı olmaya bilər, amma iki hekayə ilə tarixdə yazıçı kimi yaşayan müəlliflər vardır. Müəllifin içindən süzülüb gələn mətn öz müəllifini içində yaşadır. Rəşad Məcidin də yazıçı kimliyi “10 sentyabr”da gizlənib. Yazıçı ustalığı ilə yazılmış hansısa bir əsərin ən böyük gücü şəkillənmədədir. Yəni oxucu mətni oxuyanda gözünün önündə mətndə baş verən hadisələrlə bağlı müxtəlif şəkillər canlanırsa, o mətn publisistik yox, nəsr əsəridir. Publisistika daha çox quru informasiya ötürməkdirsə, nəsr şəkil yaratmaqdır. Rəşad Məcidin “10 sentyabr” hekayəsində demək olar ki, hər cümlədə şəkil var, bu hekayəni oxuyanda elə bil hekayə yox, film izləyirsən. Elə bir bədii film ki, onun ssenari müəllifi də, rejissoru da, operatoru, rəssamı, bəstəkarı da Rəşad Məcid özüdür. Bu hekayənin elə girişində hər cümlənin şəkil yaratdığına misal göstərmək olar. Məsələn, xəstəxanadan çıxıb maşına yaxınlaşan adamın şəkli, köhnə “Jiquli”nin şəkli, sovet zavodunun görüntüsü, maşında oturduğu halda əliylə üzərinə “taksi” yazılmış lövhəni maşının üstünə bərkidən adamın görüntüsü – bütün bu şəkillər hekayənin sonuna qədər davam edir. Cümlə-cümlə şəkillənmiş “10 sentyabr”ın hər abzasına ayrı-ayrılıqda münasibət bildirmək olar. İkinci abzasda qızını əməliyyat etdirmək istəyən atanın çırpınışlarını görürük. İmkansız və çarəsiz ata həkim axtarışındadır, ümidi ona nişan verilmiş hərbi həkimədir. Nəhayət, həkimlə razılaşır, amma yenə də pulu çatmır. Burada Rəşad Məcid bütün dövrlərdə həkim və xəstə münasibətlərini açıq şəkildə ortaya qoyub. Eyni zamanda cəmiyyətdə yaşayan aşağı təbəqəli insanların real vəziyyətini göz önünə gətirib. Qızının əməliyyat olunması üçün həkim tapma xəbərini arvadına muştuluq kimi çatdırmağı düşünən adam, həm də iş yeri dayanacaq olan adam obrazı Rəşad Məcidin nəsr ustalığı və Azərbaycan nəsrində obrazyaratma inqilabıdır. Çünki aylarla iş axtarıb tapmayan, ümidi öz maşınına qalan və işindən utanan adam obrazı elə canlı təsvir olunub ki, elə bil hekayə yox, real həyatdır. Tanrı da bəndəsini belə yaradıb. Elə hamımızın həyatı bir hekayə deyilmi?
Çoxumuz hansısa qorxulu yuxudan oyanıb yuxu olduğuna sevinmişik. Bəlkə hər birimiz bu dünyadan köçəndə yuxu kimi həyatdan da oyanacağıq? Bütün bu düşüncələri və oxucu düşündürmə gedişlərini Rəşad Məcid bir hekayədə verə bilib.
“10 sentyabr”da amerikalı olan gombul, balacaboy kişinin və xanımı – arıq, ortaboylu qadının əllərinin ərzaq paketləri ilə dolu olması, gombul amerikalının ağzının dayanmadan işləməsi və Azərbaycan mətbəxinin paxlavalarını az qala, diri-diri udması Rəşad Məcidin oxucuya çatdırdığı yumşaq və acı gerçəklərdir.
Burada, bizim ingilis dilinə can atdığımız halda, amerikalıların tikə-tikə danışdığı sözlər ana dilimizə hörmətsizlik kimi də qiymətləndirilə bilər, gecəqonduların yanından keçib hündür və təzə tikilmiş binaya getmələri isə müəllifin oxucuya çatdırmaq istədiyi başqa bir mesajdır. Bunun yanında obrazın ailəsi ilə birlikdə yaşadığı evin kiçikliyi təsvir olunur; atasının mal-heyvan satıb yeddi min manata aldığı iç-içə ikiotaqlı, hamam-tualetini də sonradan özü tikib.
Rəşad Məcidin bu hekayədə yaratdığı baş obraz real, canlı insandır. Onun arvadının vergili olmasından tutmuş, dostunun dini söhbətlərinə qədər, hər şeyə real və tərəddüdlü münasibəti canlı insanın hiss və duyğularından doğan reaksiyadır. Bir müəllifin böyüklüyü həm də oradadır ki, yaratdığı obrazlara can verə bilsin. Hekayənin həyat reallığı və özəlliyi çoxdur, Azərbaycan nəsrində bu qədər açıq və sadə dillə kimsə hekayə yazmayıb. Buna misal kimi onu göstərə bilərəm ki, hekayədə bir tərəfdə, yeməkdən imtina etmiş, günü-gündən arıqlayan, böyrəkləri sıradan çıxmış və əməliyyatına pul tapılmayan qız obrazı və onun çarəsiz atası, digər tərəfdə, bir insana həyat verəcək əməliyyat pulunun on yeddi mislinə it almaq istəyən amerikalı obrazı var. Ümumiyyətlə, “10 sentyabr” hər günün hekayəsidir, burada baş verən əksər hadisələri bütün dövrlərə aid etmək olar. Hər yazıçı və şairin haqq tərəfi olmalıdır. Yaradıcı insan haqq tərəfinə söykənməsə, yoluna davam edə bilməz. Çünki haqq insanın şəxsiyyətini və yaradıcılığını böyüdür. Rəşad Məcidin isə iki haqq tərəfi var – biri “haqq-ədalət” sözündəki haqq tərəf, digəri, tanrı, ilahi eşq, mütləq həqiqət olan haqq tərəfdir. Şeir və nəsr əsərlərində olduğu kimi, publisistik məqalələrində də Rəşad Məcidin haqq tərəfləri aydın görünür. Bu fikirlərə əsas olaraq oradan başlaya bilərik ki, özü birinci, adı “525-ci qəzet” olan mətbu orqana bir qərinədir rəhbərlik edən Rəşad Məcid yorulamadan, dayanmadan yazıb və yazdırıb. Bu qəzet üçün birincilik statusunu ona görə qeyd etdim ki, “Molla Nəsrəddin” və “Füyuzat”dan sonra uzunömürlü və davamiyyətli, ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələri dərc edən bir qəzetdir. Akademik İsa Həbibbəyli də qəzetin 25 illik yubileyi ərəfəsində qələmə aldığı “525-ci qəzet məktəbi” adlı yazısında belə qeyd edir:

 

“Azərbaycan mətbuatı tarixində böyük məktəb yaratmış məşhur “Molla Nəsrəddin” jirnalından və “Füyuzat” məcmuəsindən sonra “525-ci qəzet” də xüsusi jurnalistika məktəbi səviyyəsinə çata bilmişdir... Müstəqillik dövrü Azərbaycan mətbuatının “525-ci qəzet” mərhələsi mövcuddur. “525-ci qəzet”in 25 illiyi müstəqil mətbuatımızın keçdiyi məsuliyyətli yolun həm şərəfli salnaməsi, həm də etibarlı bələdçisidir. “525-ci qəzet”in – gündəlik hər sayı müasir jurnalistikanın dərsləridir”

 

Göründüyü kimi, “525-ci qəzet”in adına yazılmış hər bir uğurun arxasında Rəşad Məcid dayanır. Bu gün isə Rəşad Məcid Mətbuat Şurasının sədridir. Mətbuat Şurasının məqsədi də jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.

Müəllif kimi Rəşad Məcidin çatışmayan bir tərəfi vardır; heç vaxt əsərlərini, əsasən də şeirlərini təbliğ etməyib. Məni təəccübləndirən, hətta dəhşətə gətirən məsələ də budur ki, onun nəzm əsərləri arasında Azərbaycan poeziyasının zirvəsi sayılacaq misralar, bəndlər, şeirlər vardır, amma təbliğ edilmir, iki cüt bir tək şeir yazan bəzi adamlar isə ad almaq iddiasındadır. Bəlkə də Rəşad Məcid düz edir, şeirə yiyə durmur, şair adına yaxın gəlmir, çünki bu gün yerindən duran şeir yazır, daha doğrusu şeir yaza bilmir, şeiri gözdən salmaqla məşğul olur. Buna görə də elə biri mən, bəzən şairliyimdən utanıram. İnanıram ki, gələcəkdə bir senzura yaradılacaq, hər yoldan ötən adının qarşısına şair sözünü yapışdırmayacaq. Həqiqətdir ki, Rəşad Məcidin şeirləri xalq şairlərinin şeirlərindən geri qalmır, bəzən isə bir çoxunu üstələyir. Tək çatışmayan tərəf bu şeirlərin təbliğatıdır.

İlk dəfə Rəşad Məcidlə illər öncə, elə onun təşəbbüsüylə yaradılmış Gənc Ədiblər Məktəbində tanış olduq. İlk baxışdan sərt və ünsiyyətsiz insan təsiri bağışlasa da, sonradan kövrək qəlbli bir insan olduğunu və gənclərə isti, səmimi münasibətini gördük. Onu da qeyd edim ki, həmin il mən də “Prezident təqaüdçüsü” adına layiq görüldüm və sonradan bildim ki, mənim təqdimatımı məhz Rəşad Məcid verib. Təkcə mənim deyil, yüzlərlə gənc yazarın uğur qazanmasında, doğru yol seçməsində Rəşad Məcidin rolu vardır. Bu gün isə Rəşad Məcidin təşəbbüsü ilə yaradılmış həmin Gənc Ədiblər Məktəbinin əksər məzunları ölkə ədəbi mühitində, mədəniyyət sahəsində və mətbuatında söz sahibi olan insanlardır.

Bu yaxında Rəşad Məcidin 60 illik yubileyini qeyd edəcəyik. Hesabladım, 60 il 21900 gün edir. Yazının əvvəlində qeyd etmişdik, minlərlə qalaktikanın içində bizim qalaktikamız var, insan zəkasına sığa bilməyəcək qədər yaşı olan qalaktikamızda isə zərrə boyda Yer kürəsi və o topun üzərində gəzişən bizlər. Əgər kainat varlığı qarşısında bir göz qırpımı qədər ömrümüz varsa, niyə ömrümüzü dolu yaşamayaq? Bu mənada, Rəşad Məcid qalibdir. Çünki, ömrünün lap 6900 gününü uşaqlığa, yeniyetməliyə saysaq, 15000 gününü dəyərləndirə bilib. Bunu onun tərcümeyi-halına baxanda da görmək olur. Rəşad Məcid emosional, həssas və kövrək insandır. Məncə, onun 60 ilində bir dənə də düşmən yoxdur, sanki ömrünü ədəd oxunda daim müsbət sonsuzluğa doğru yaşayıb. Ani hirsdən doğan mənfi hisslərə qapılsa da, bu, müvəqqəti və keçici olubdur. İnsana aid olan kinli yanaşmaların və düşüncələrin yerini də Rəşad Məcid sevgi ilə, təbəssüm ilə doldurmağı bacarıb. Əgər anidən sənə acı söz desə, sən isə susub ona baxsan, üç dəqiqə sonra üzündə peşimanlıq cizgiləri görəcəksən. Yəni Rəşad Məcid bu qədər yumşaq, xəfif və kövrək ürəyə sahib olan, yaradıcılığında da, real həyatında da daim haqqa söykənən bir insandır. Həmişə belə qalın, Rəşad Məcid, qarşıdan gələn 21900-cü gününüz mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Araz Asifin şeirlərini təqdim edir.

 

 

*

 

Qiyamət qopmur ki,

Olur.

Elə bil ki, kudeta[1] kimi bir şey...

Qopan sözcüklərdir sıcaq bir xəlvət sonrası...

Və onun dəmir barmaqları

Arxamda cızıq salır

Qalır əlimdəki nərmə-nazik sözcüklər.

Zəhrimarım olur illər hökuməti.

Bu anda demiş Muəmmər Qəddafi

Qəddar və sosial demokratdır hamı

Və sən sosialcasına öldürdün prezidenti

Və cəhənnəm olsun demokrat meydanındakı heykəl.

Kəl,

Kəl,

Kələm gül açdı nənəlik...

Oxuyur qızlar, sənin yanındakı Bakı qızlarını deyirəm

Və ötür ordan oğlan, nəfəsi Xəzərin, nəfəsi Xəzəri,

Zolağında əsən əsim ötür Baksavetdən Tarqoviyə qədər...

Ötən, balonlar boş olanda ucadan ötərlər,

Oğlan muğam,

Muğamın oğlan çağı.

Ay yar-yar deyə

Neynək, neynək a dərdin aldığım, a dərdin aldığım

Öldü şeir yanından ötənlər.

Boy-buxunlu təpik döymələr dirildi.

Qiyamət olmur ki?

Qopdu kudetada başımdakı kəpənək...

Kək...

K...

Ək...

Məni sosialistliyinə ək

Və biç yan tərəfindəki baharı.

Dəniz sənin vaxtında tufanlı olur,

Vaxt versənə xanım xatın?!

Evimiz boşdu bu gün,

Qiyamət meydanına çevirə bilərik otaqlarımızı

Kimsə bilmədən belə,

Vaxt sənin yanında qiyamət olur...

 

 “Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 



 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

        

 

Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.

Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.

 Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).

Gəlin bunlara diqqət yetirək:

8.Əgər siz sonsuz dərəcədə varlısınızsa, amma həm də qulsunuzsa, xoşbəxtlik duyğularınız itəcək. Amma siz tam azad şəkildə karyera üstünlükləri qazanmısınızsa bundan həzz duyacaqsınız. Karyera xoşbəxtliyinin bax belə bir metodikası var: drayv, kayf və karyera.

 

Bu isə öncəki gün paylaşdığımdır:

1.

Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.

2.

Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.

3.

Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.

4.

Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.

Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.

5.

Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.

6.

İnsanı öyrənmək istəyirsinizsə, melodramlara, kino dramlarına tamaşa etməli,  klassik ədəbiyyatı oxumalısınız.

7.

İnternet və televizordan üstünüzə tökülən bütün informasiyaları qəbul etsəniz keyləşəcəksiniz, ümumiyyətlə nə investisiya, nə idarəçilik, nə şəxsi həyatınız üzrə bircə düzgün qərar verə bilməyəcəksiniz.

 

Sabah davamı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 

Cümə axşamı, 20 İyun 2024 12:36

Əlisəmid Kürün ağ-qara fotosu

Ülviyyə Heydərova, “Ədəbiyyat və incəsənət” üçün

 

Şair Əlisəmid Kür. Bu gün şəhərdə təsadüfən görüşdük, fotosunu çəkdim.

Sözünü sevən, qədrini bilən adam, Var olun! 

Şairin "Kentavr" şeirini diqqətinizə çatdırıram: 

 

Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü.

Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı…

Bir də qulaqlarıma at kişnərtisi gəldi…

 

Dərdin arxasınca dördnala çapan

Bədəni at, başı adam,

Bu yarıat, yarıadam

Qaçmağa hallı adam

hara gedir, Yaradan?!

 

Sözünün dalında dağ kimi durub,

Hər gün bir sevdayla döyüşə gedir.

Dalına atdığı şələyə baxmır.

Xəndəyə yıxılmır, tələyə baxmır,

Özüylə söyüşə-söyüşə gedir.

 

At kimi yeriyir qəmin üstünə

Çapır, dördnala çapır,

Hara gedir qəm gətirir

Bir gün çörək tapır,

bir gün də tapmır…

 

«Mersedes» gözəllər keçir yanından

Vaxtı yox onlara gözucu baxa.

Faytona qoşulmuş ata boylanır,

Bu yarıat, yarıadama

ana boylanır

ata boylanır.

 

Kentavr şəhərdən baş aça bilmir.

Dəyənək qorxusu çıxmır canından.

Bu köçkün kentavr,

qaçqın kentavr

Polisin əlindən qaça da bilmir.

 

Bu qovur, o qovur,

Göydə Allah qovur, yerdə bəndəsi

Kəpənək yuxusu qaçıb gözündən

Hələ kütə gedir onun kündəsi.

– Hara gedirsən, KENTAVR?

– Kimdən qaçrsan, KENTAVR?

Başın bədənindən ayrı,

Bədənin başından ayrı,

Özün-özündən qaçırsan,

Gedirsən qəmin üstünə

söyüşə-söyüşə,

Yaşamaqçün, ölməməkçün

Atlar örüşə gedir,

Kentavrlar – döyüşə!

 

P.S. Yəqin bu şeiri oxuduqdan sonra şairin fotosunu nə səbəbə ağ-qara çəkdiyimin fərqinə vara bildiniz.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

Cümə axşamı, 20 İyun 2024 15:06

“Zəngəzurun təhsil tarixi” – MUSA URUD

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün millət vəkili Musa Urudun  “Zəngəzurun təhsil tarixi” məqaləsi təqdim edilir.

 

 

 

Musa URUD

 

ZƏNGƏZURUN TƏHSİL TARİXİ

 

Zəngəzur dağlıq ərazi olmasına baxmayaraq, Azərbaycanın elmi, mədəni və  dövlətçilik həyatında mühüm yeri olan bölgələrimizdən biridir. Qarabağ, Naxçıvan və Təbriz kimi mədəniyyət mərkəzlərimizin qonşuluğunda yerləşən qədim Zəngəzur diyarı həmişə bu mərkəzlərlə sıx iqtisadi, mədəni və mənəvi əlaqədə olmuşdur.

Rusiya imperiyasına ilhaq edilənə qədər Zəngəzurda təhsil məscidlərin yanında fəaliyyət göstərən mədrəsələrdə və evlərdə fərdi ruhanilər tərəfindən həyata keçirilmişdir. İlkin səviyyədə təhsil alıb oxuma-yazmanı öyrənən gənclərdən imkanları olanlar sonradan öz təhsillərini Təbriz, Tehran, Ərdəbil, Məşhəd, Nəcəf, Bağdad və Şam kimi şəhərlərin böyük mədrəsələrində davam etdirmişlər. 

          Qarabağ xanlığının tarixinə dair ən etibarlı mənbə sayılan üç "Qarabağnamə" dən birinin müəllifi, əslən Zəngəzurun Məmər kəndindən olan Mir Mehdi Xəzani və tarixi şəxsiyyət sufi şairi, təsəvvüf alimi, Zəngəzurun Cicimli obasında dünyaya göz açmış nəqşibəndi şeyxi Mir Həmzə Nigari, habelə görkəmli şair, tarixçi və siyasi xadim Mir Möhsün Nəvvab ilk təhsillərini Zəngəzurda evdə  fərdi təhsil verən din xadimlərindən almışlar.

        Mir Mehdi Xəzani və Mir Mövsüm Nəvvab uşaq yaşlarından dostluq etmişlər və birlikdə Qafanın Seyidlər kəndində yaşayan, Bağdadda mədrəsə bitirmiş Axund Zülfüqardan dərs almışlar. 

        Mir Həmzə Nigari isə ilk təhsilini atası Mir Rüknəddin Əfəndidən, sonra isə Şəkinin Dəhnə kəndində bir ruhanidən almışdır.

Azərbaycan Rusiyaya ilhaq ediləndən sonra Zəngəzurdan olan bir çox gənclər Tiflis və Gəncə gimnaziyasında, Qori seminariyasında, Sankt- Peterburq, Moskva, Kiyev, Kazan və s. universitetlərdə təhsil ala bilmişdilər. 

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ilk müdafiə naziri və Qarabağın general qubernatoru olmuş Xosrov bəy Sultanov Kiyev Hərbi Tibb Akademiyasının məzunu idi. Onun böyük qardaşı xalq qəhrəmanı Sultan bəy Sultanov isə Gəncə gimnaziyasını bitirdikdən sonra Sankt Peterburqda Ali Hərbi Akademiyada təhsil almışdı.

AXC Maarif və dini etiqad naziri, Kiyev Universitetinin hüquq fakültəsinin məzunu Nurməmməd bəy Şahsuvarov,  parlamentinin üzvləri Cəlil bəy Sultanov, Mirzə Sadıq Axundzadə, Kazan Universitetinin məzunu Həşim bəy Hacıyev, SSRi Elmlər Akademiyasinin ilk azərbaycanlı akademiki Əli Əmiraslanov, Ermənistan SSR KP MK-nın yeganə azərbaycanlı katibi olmuş Məmməd Salman oğlu İsgəndərov Zəngəzur təhsilinin yetirmələri olmuşlar.

Şərqi Zəngəzurun Azərbaycanın tərkibində inkişaf etdiyini  nəzərə alaraq, bu məqalədə daha çox XIX-XX əsrlərdə Qərbi Zəngəzurda təhsilin əsas məqamlarına diqqət yönəltməyi məqsədəuyğun saydıq.

Qərbi Zəngəzurda dini-mənəvi mühit,  təhsil, məktəb həyatı, pedaqoji fəaliyyət tarix elmləri doktoru, professor Vəfa xanım Quliyevanın tədqidat işlərində, həmçinin əslən Zəngəzurun Gorus rayonunun Şurnuxu kəndindən olan tanınmış müəllim Əli Adıgözəlovun 1986-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyasında və qismən tərəfimizdən  ətraflı araşdırılmış, kifayət qədər dərin təhlil edilmişdir.

Sovet hakimiyyəti qurulana qədər azərbaycanlıların təhsili mollaxanalarda, mədrəsələrdə və rus-tatar məktəblərində həyata keçirilmişdir. Zəngəzurda hər üç-dörd kənddən birində mollaxanalar olmuşdur. Mollaxanalarda 6-8 uşaq 4-6 il, adətən, bir molladan təhsil almışlar. 

Zəngəzurun Sisyan rayonunun Şəki kəndində və Qafan rayonunun Kurud kəndində  9-10 il təhsil verən ibtidai mədrəsə olmuşdur. 1900-1917-ci illərdə Şəki məktəbində  Qazı  Məmməd Əfəndinin mədrəsəsində təhsil almış şagirdlər Nuxada təsdiq olunduqdan sonra sünni kəndlərində mollalıq etmək hüququ almışlar.

Kurud kəndindəki mollaxanada dərs deyən Axund Əbdürrəhman Hacı oğlu Tehranda ali mədrəsə bitirmişdi.

Sisyan rayonunun Urud kəndindəki 9 illik mədrəsə tipli mollaxana daha mütərəqqi olub, dini ayinləri öyrətməkdən başqa, dünyəvi elmlərdən də məlumat verirdi. Həmin mollaxanada dərs deyən Mirzə Sadıq Axundzadə Təbrizdəki Ali mədrəsəni bitirmişdi. Urud, Şəki və Kürdük mədrəsələri yerli xeyriyyəçilər tərəfindən maliyyələşdirildiyindən burada oxuyan şagirdlər təhsil haqqı verməkdən azad idilər.

XIX əsrin axırları, XX əsrin əvvəllərində Zəngəzurun bir çox kəndlərində molla məktəbləri ilə yanaşı, ibtidai təhsil verən dünyəvi məktəblərdə açılmağa başladı. Bu məktəblərdə təhsil, adətən, biri rus dili olmaqla iki dildə (kəndlərin əhali tərkibindən asılı olaraq Azərbaycan, yaxud erməni dilində) aparılırdı. Ötən əsrdə Zəngəzurun ilk ali təhsilli ziyalılarından biri olan el ağsaqqalı Əbdülmənaf Hacıyev bu məsələni belə nəql edir:

"Urud kəndində ruhani ailəsi yaşayırdı – Molla Bağıruşağı (1980-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olmuş Kamran Bağırov da bu tayfadandır – M. U.). Həmin ailə – yəni mollabağırlılar kəndin uşaqlarına dərs deyirdilər, cəmisi 10-12 nəfər tələbəyə dərs verərək ayda hər nəfərdən 50 qəpik pul alırdılar...

İlk təhsilini Urud kəndindəki mollaxanada alan Əbdülmənaf Hacıyev 1930-cu ildə Moskvada Ali Həmkarlar Məktəbini, 1934-cü ildə isə həmin şəhərdə Ümumittifaq Ali Hüquq Akademiyasını bitirmiş, 1934-36-cı illərdə Bakıda ədliyyə sistemində, 1936-1949-cu illərdə isə  Naxçıvan MSSR Ədliyyə naziri vəzifəsində çalışmışdır. Ə.Hacıyev "Mənim qeydlərim" adlı xatirələrində yazır:

"1906-cı ilin əvvəllərindən başlayaraq Sisyan mahalının kəndlərində məktəblər açılmağa başladı. Şəki, Sisyan, Şıxlar, Ağudi, Vağədi, Urud kəndlərində məktəblər açılmağa başladı.  1906-cı ildə bizim Urud kəndində açılan məktəbə daxil oldum, 1911-ci ildə həmin məktəbi bitirdikdən sonra Gorus şəhərindəki orta məktəbə daxil oldum" .

Qafan rayonunun Baharlı kəndində molla İsmayıl İmamalı oğlu, Gığı kəndində molla Fərzəli Piriyev, Şəhərcik kəndində molla Tağı, Sisyan rayonunun Şıxlar kəndində molla Ələsgər və molla Səməd, Dəstəgird kəndində molla Nuşirəvan, Vağədi kəndində molla İbrahim Xəlil ibtidai təhsil verən mollaxanalar açmış və ayda bir manat təhsil haqqı almaqla şagirdlərə oxumaq, yazmaq öyrətmişlər.

Bütün Yelizavetpol quberniyasında olduğu kimi, Zəngəzurda da dünyəvi məktəblərin açılması 1875-ci ildən sonraya təsadüf edir. Yelizavetpol qubernatorunun  qərarı ilə 1876-cı ildə quberniyanın üç əyalətində (Dağ Kəsəmən, Cəbrayıl və Gorus kəndlərində)  rus-tatar məktəbi açıldı. 1882-ci ildə isə quberniya ərazisində daha beş dünyəvi məktəb açıldı ki, bunlardan üçü Zəngəzur qəzasının kəndlərində (Qubadlı, İrsevanik və Qarakilsə) təşkil edildi. Ümumiyyətlə, Yelizavetpol quberniyasında 1901-ci ilədək 28 ibtidai rus-tatar məktəbi fəaliyyət göstərirdi ki, bunun da 12-si Zəngəzurda idi.

Qeyd etmək yerinə düşərdi ki, Zəngəzurda təşkil edilmiş bu məktəblərdə təhsil almış şagirdlərin arasından çox görkəmli ədəbiyyat, elm və dövlət xadimləri çıxmışdır. Xalq yazıçısı Əli Vəliyev Urud mədrəsəsi haqqında yazırdı: "Nəcəfdə ali təhsil alıb mollalıq hüququna malik olan Fətullah, Gorusda iki dərəcəli rus məktəbini qurtarmış  Sadıq,  məşhur şair Ləlini bağlamış şair Mirzə Hüseyn Urudda yaşayırdılar. Urudda oxumuşlar, savadlılar, söz qoşanlar, təbi gələnlər bizim kənddən qat-qat çox idi".

Urud kəndində uzun illər (1918-ci ilə qədər) Molla Bağırlılar ailəsi, Molla Səmih, Molla Fətullah mədrəsədə dərs demişlər.

Yeri gəlmişkən, qeyd edək ki, Əli Vəliyev ilk təhsilini 1916-1918-ci illərdə Şəki kəndindəki rus-tatar məktəbində almışdır.

Qubadlıdakı beş siniflik ibtidai rus-tatar məktəbini bitirmiş Xalq yazıçısı Süleyman Rəhimov həmin dövrü belə xatırlayır: "Mən bu kənddə bir neçə evdə qalmaqla,  onların ev işlərini görməklə yanaşı, oxuyurdum. Ömrümün ən çətin illəri idi.  Ancaq ruhdan düşmürdüm, məktəbdən qaçmırdım.  Bu məktəb Zəngəzur qəzasında yaxşı cəhətdən ad çıxarmışdı. Məktəbin müdiri Qori seminariyasını Üzeyir Hacıbəyovla birlikdə bitirmiş Həsən bəy Soltanov idi".

Zəngəzurda  Sovet  hökuməti  qurulduqdan sonra Zəngəzur azərbaycanlıları öz ata-baba yurdlarına qayıtdıqca məktəb-təhsil məsələsi də yavaş-yavaş qaydaya düşməyə başladı. Zəngəzurun Azərbaycan kəndlərində ilk dəfə olaraq Qafanın Gığı və Şəhərcik, Sisyanın Şıxlar, Vağədi, Ərəfsə və Urud, Meğrinin Vartanizor və Aldərə kəndlərində ibtidai məktəblər açıldı.

1930-cu ildə isə artıq Zəngəzurda otuz məktəb fəaliyyət göstərirdi ki, onlardan 28-i birinci dərəcəli (dörd sinifli), 2-si isə ikinci dərəcəli (yeddi sinifli) məktəblər idi.

1941-ci ildə  Zəngəzurdakı  42 Azərbaycan məktəbinin 23-ü ibtidai, 15-i yeddiillik, 4-ü isə orta (Vağədi, Şəhərcik, Meğri, Şəki) təhsil müəssisəsi idi.

Ermənilərin hər cür müqavimət göstərmələrinə, açıq və gizli şəkildə maneçilik törətmələrinə  baxmayaraq,  ikinci dünya müharibəsindən sonrakı illərdə də Zəngəzur azərbaycanlıları çox mütəşəkkil bir ardıcıllıqla, davamlı bir səylə məktəb və tədris prosesini daim yüksəltmək üçün mübarizə aparmışlar və bir çox uğura nail olmuşlar.  Sonuncu deportasiya ərəfəsində Zəngəzurda 42 ümumtəhsil Azərbaycan məktəbi olmuşdur. Həmin məktəblərdə çalışan 500-dən çox müəllimin yarısından çoxu ali təhsilli idi, 13 müəllim isə Əməkdar müəllim adına layiq görülmüşdür. Ermənistan SSR-nin Əməkdar müəllimi adını almış Sisyan rayonundan Həbib Bayramov, Ağaqulu Nəcəfov, Qafan rayonundan Əliş Qarayev, Cəlal Zeynalov, Bəhlul İmaməliyev, Cahangir Rüstəmov,  Qabil Həsənov, Səriyyə Həsənova, Həsən Şəkərəliyev, Nüsrət Şıxəliyev, Meğri rayonundan Həsən Məmmədov, Məmmədbağır İbrahimov, Həsənqulu Hacıyev respublikanın adlı-sanlı müəllimlərindən olmuşlar. Məhz bu müəllimlərin ardıcıl fəaliyyətinin nəticəsi idi ki, sovet dönəmində Zəngəzurdan minlərlə şagird müxtəlif istiqamətli ali təhsil ocaqlarına daxil olmuş və müvəffəqiyyətlə o institutları bitirmişdilər.  Onu da qeyd etmək lazımdır ki, məhz Zəngəzurda aparılan uğurlu tədris prosesinin sayəsində Zəngəzur torpağından 12 akademik, 50-dən çox elmlər doktoru, professor, 200-dən çox elmlər namizədi yetişmişdir. 

İndi zəngəzurlu ziyalıların sorağı Amerikadan, Almaniyadan, Fransadan, İngiltərədən, Rusiyadan, Türkiyədən – bir sözlə, dünyanın hər yerindən gəlməkdədir.  Zəngəzur məktəbləri Azərbaycana yüzlərlə yüksək səviyyəli bilikli və bacarıqlı dövlət və siyasət xadimləri, hökumət təmsilçiləri, alimlər, generallar, döyüşçülər, milli qəhrəmanlar, diplomat-lar,  ictimai fəal insanlar bəxş etmişlər. Onların sayı çoxdur, adlar çəksək, bəlkə də, bir kitab alınar, kimisə yaddan çıxara bilərik, deyə fərdlər haqqında danışmayacağıq. Yalnız onu deyə bilərik ki, Zəngəzur istedadlı, savadlı, çalışqan və mübariz insanların diyarı olmuşdur. 

Və su gələn arxa bir də gələr! 

Təxminən 100 il bundan əvvəl, daşnak başkəsənlərinin Zəngəzuru işğal etdiyi ağır günlərdə millət vəkili  Cəlil Sultanov 1920-ci il yanvarın 24-də Parlamentin sədrinə ünvanladığı teleqramda ümidsizlik və kədər içərisində yazırdı: "Zəngəzur sarıdan başınız sağ olsun, heç olmazsa Qarabağı xilas edin!" 

İndi, yəqin ki, Cəlil Sultanovun da, şəhidlərimizin də, Zəngəzur həsrəti ilə dünyasını dəyişən minlərlə soydaşımızın da ruhu şaddır! İndi biz Qarabağı və Şərqi Zəngəzuru tamamilə qaytarmışıq!

İndi biz Füzulidə, Zəngilanda, Kəlbə-cərdə, Laçında yollar, körpülər salırıq,  hava limanları tikirik! İndi biz zəngəzurlu balalarımız üçün Ağalıda ağıllı məktəb açmışıq, o biri kənd və qəsəbələrdə də açacağıq! Zəngəzurun ən yeni tarixini həmin məktəblərdə oxuyan balalarımız yazacaqdır! 

Hələlik isə  Milli Ordumuzun qəhrəman əsgərləri İşıqlı dağındadır, Zəngəzura nəzarət edir! İndi üzümüz Qərbi Zəngəzura doğrudur! Zəngəzur Azərbaycandır!

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu yazının da mövzusu yaşıl dünyadır, təbiətdir. 

 

 

Öncəliklə, qeyd etmək istərdim ki, təbiət sözü özlüyündə böyük bir aləmi əks etdirir. Təbiət maddi dünya, elmin öyrəndiyi əsas obyekt, insan ətrafında olan bütün reallıqdır. Və təbiətin rəngarəngliyi Azərbaycan ədəbiyyatının ahəngli ritmi ilə daim marağı cəlb etmişdir. Klassik divan ədəbiyyatı, şifahi xalq yaradıcılığı nümunələri, şair və yazıçılarımızın əsərlərinin müəyyən bir qismində təbiət tərənnümü nümunələrinə rast gəlirik.

Yazıçı, şair, dramaturq, ictimai xadim Məmməd Səid Ordubadinin "Bahar haqqında” məqaləsindən qısa bir parçanı diqqətinizə çatdırmaq istəyirəm:

 

"Şərq məmləkətləri içərisində dörd fəsli bir-birindən aydın ayrılan məmləkətlərdən birisi də bizim yaşadığımız Azərbaycan ölkəsidir. Bu ölkədə qış fəsli çıxan kimi təbiət birdən-birə dəyişir, mülayim və ilıq küləklər əsir, havalar isinir. Burada bahar gəlincə təbiətin pərdənişin gəlinləri bəzənərək bahar səhnəsinə çıxar, novruzgülünün yanağından şadlıq tərləri damcılar, torpağın beşiyində yatan körpə otlar yuxulu gözlərini açıb təzə gəldiyi yeni dünyanın möcüzəkar təbiətinə baxaraq şirin-şirin gülümsər, meşələrdə, çaylarda, bulaqların və hovuzların kənarında, yaşıl köynəkli təpələrin döşündə lalələr, yabanı qərənfillər tumurcuqlanar.” 

 

Nümunədən də göründüyü kimi çiçəkli baharın gəlişi ustadın qələmi ilə ədəbiyyatda da güllər açdırıb sanki.

Məmməd Araz çox böyük şair ustalığı ilə təbiəti  ürəyə bənzədir və bununla  ürəyin böyüklüyünü, davamlılığını və tutumluluq dərəcəsini poetik ustalıqla tərənnüm edir.

Ürəkdə Ay doğur, Günəş də batır:
Göy qopur, ildırım çaxır ürəkdə
Tufan da hayqırır, sükut da yatır,
Alov da, Gürşad  da yağır ürəkdə...

Məmməd Arazın  şeirlərini oxuduqca belə qənaətə gəlmək olar ki, təbiətdə mövcud olan bütün nə varsa hamısı insanların rifahı üçündür. Şairin fikrincə, təbiətdə hər şey canlıdır. Hər şey yaşayır, inkişaf edir. Bu mənada təbiət həmişə gözəldir, cavandır, təzədir. Gənc olduğu qədər də uludur. Məmməd Arazın "İnsan qayalar" adlı şeirinə nazar salaq. Şair bu cansız qayalara iqtibasən o qədər poetik dillə xalqımızın igidliklərini, onların qəhrəmanlıqlarını qələmə alır ki, həmin fikirlərin fəlsəfi ümumiləşməsi bütün vətəndaşlara böyük ruh verir. Şair həmin şeirini belə tamamlayır.

... Bu basılmaz nərlər, ərlər
Bu qaya sərkərdələr
Onda məni - bir balaca daş əsgəri
Qoyar yəqin qoşulmağa bu cərgəyə
Qayaların keçmişini qayalara yazdım deyə
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı! 

 

Koroğlu da əyilməz dağları özünə yaxın sirdaş, əzəli məskən və həmdəm bilir:

Taladım şahları hələ az dedim,
Türfə gözəllərə işvə, naz dedim,
Neçə tacir-tüccar səndə gizlədim,
Açmadın sirrimi, sirdaşım dağlar.

 

Dastanda başqa bir nümunədə Koroğlu deyir:

 

Məndən Salam olsun Boyu bəyinə,

Çıxıb bu dağlara yaslanmalıdır.

At kişnəməsindən, qalxan səsindən,

Dağlar Salam deyib səslənməlidir.

 

“Koroğlu” dastanında Qırat və Misri qılıncla yanaşı, Çənlibel də eyni məhəbbətlə tərənnüm olunur. Koroğlu “Şah da gəlsə Çənlibelə qoymaram” – deməklə, məskən saldığı bu yerin təbii gözəlliyindən

daha çox, onun əlverişli yaşayış məkanı olduğunu əsas götürür.

 

Üst yanı dağ, təpə, dərə

Müxənnətlər düşər girə,

Mərd igidə olan bərə,

Nigar, Çənlibel budu, bu!

 

Əhməd Cavad, Mikayıl Müşfiq kimi şairlərin yaradıcılıqlarında rəmziliyin başlıca vasitələri Azərbaycan təbiətinin mənzərələridir:


Aya, hankı cəlladın pəncəsinə keçdiniz?
Neçin böylə qəddiniz sındı, büküldü, dağlar?
(M.Müşfiq)

Əyil, Kürüm, əyil, keç,
Dövran sənin deyil, keç. (Ə.Cavad)

 

Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Qasim bəy Zakirin yaradıcılığında olan “durnalar” rədifli şeirlərində də təbiət tərənnümü öz əksini tapmışdır.

 

...Oxuduqca şirin-şirin diliniz
Bağrım olur şana-şana, durnalar.
(M.V.Vidadi)

Vaqifin də könlü çox edər pərvaz
Hərdən sizin ilə gəzə, durnalar.
(M.P.Vaqif)

Yoxsa, danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başə,durnalar.
(Q.Zakir) 

 

Tufarqanlı Abbasın gəraylıları da gözəl, səmimi, axıcı və xoşagələndir. Bu şeirlərdə təbiət gözəllikləri həqiqi sənət dililə təsvir olunur:

 

Budur gəldi bahar fəsli

Dağların lala vaxtıdır.

Açılıbdır qızıl güllər,

Bülbülün bala vaxtıdır.

 

Aşığın yaradıcılığına müraciət etdikdə görərik ki, onun şeirlərində vətən həsrəti də təsvir olunur.

 

Ay ariflər, qanlı fələk cəbrindən,

Qohumdan, qardaşdan, eldən ayrıldım.

Fərhad kimi çəkdim Şirin qəhrini,

Cığa pərvaz etdi, teldən ayrıldım.

 

Almas İldırım şeirlərində təbiətin gücündən, qüdrətindən istifadə edərək öz coşğun ruhunu əsk etdirirdi. “Əsir Azərbaycanım” şeirində güclü kədər, ah-nalə, eyni zamanda böyük qəzəb var. Qərib şairin küləklər vasitəsilə göndərdiyi salamda, haradasa, bir ümid işığı parlayır. Ağrı dağdan Alagözə, Alagözdən də Xəzərə ötürülən salam adi hal-əhval deyil, “Xəzəri” coşdurmaqla sərsəm addımların qarşısını almaq-xalqı mübarizəyə, oyanışa səsləmək üçün təbiətin ruhundan istifadə edir:

 

Salam desəm rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!
Əmr etsə, bu sərsəm gediş dursa oy!

 

Atalar sözləri, şifahi xalq ədəbiyyatı nümunələrində də təbiət, onun qüdrəti, sirli tərəfləri öz əksini tapırdı.

 

Güvəndiyim dağlar, sənə də qar yağarmış.

 

Nəsiminin qəzəllərində təbiət gözəldir, füsunkardır, sevən və sevilənin qəlbini oxşayır. Aşiq öz sevgilisini təbibim, loğmanım, dinim, imanım adlandırmaqla yanaşı:

 

Bənövşəm, sünbülüm, vərdim, rəyahim, zanbağım, laləm,

Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım

 

- deyə şərəfləndirir. Böyük söz ustasının kamil insanı təbiətin içindədir, təbiət də onun qəlbinə hopmuşdur.

Klassik Şərq ədəbiyyatında baharı təsvir edən lirik şeirlər, yaxud böyük bir poemanın baharı əks etdirən hissəsi olan bahariyyələr vardır. Şah İsmayıl Xətai bu mövzuda belə yazıb:

 

Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü və laləzar gəldi.

Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.

 

Dahi söz ustadı Səməd Vurğun yaradıcılığı başdan-başa Azərbaycana, onun təbiətinə tərənnüm və sevgiylə doludur:

 

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı... 

 

“Təbiər ilhama çağırır məni” şeirində şair yazır:

 

Yenə də yam-yaşıl geyinir dağlar,

Göz kimi durulur qaynar bulaqlar.

Əriyir güneylər qoynundaki qar,

Yağış da isladır o göy çəməni,

Təbiət ilhama çağırır məni!

 

Təbiət konsepti Azərbaycan ədəbiyyatının mən deyərdim ki, bütün nümayəndələrinin yaradıcılığında öz əksini tapmışdır. Bu mövzu ya birbaşa təbiətin tərənnümü, ya da təbiət ünsürləriylə həmahəng olan sevginin təsviri olmuşdur.

 

Gül əgər bülbülü incitsə, "vəfasız" deməyin,
Qızların taqsiri olmaz, günah oğlanda olur!

 

Nə təbiət gurub ömründə, nə dünya yetirib,
O gözəllər ki, bizim Azərbaycanda olur. (Əliağa Vahid)

 

Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm!
Məni öz canından artıq istəyən
Ellərdən küsərəm, səndən küsmərəm!

Gözlərin misaldır axan çaylardan,
Kirpiyin oxlardan, qaşın yaylardan.
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm, səndən küsmərəm! (Mikayıl Müşfiq) 

 

Ulu Öndərin vəsiyyətini gerçəkləşdirən, Öndər yolunun layiqli davamçısı Cənab Ali Baş Komandanın sayəsində bu gün şeirlərdəki baharı, çiçəkli, təravətli günləri biz Qarabağda və yurdumuzun bütün guşələrində görürük. Qoy Vətən daim gül açan yaşıl çəmənlər kimi şad və xürrəm olsun. Və ümid edirəm ki, Cənab Prezidentin də dediyi kimi biz tezliklə Aşıq Ələsgər şeirindəki süsənli, sünbüllü, lalalı dağları olan Zəngəzur, Göyçə kimi tarixi torpaqlarımızda da Qarabağda olduğu təki yaşıllaşan, çiçəklənən sübhləri görəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

Cümə axşamı, 20 İyun 2024 17:04

Mozambikdə Boradigah rüzgarı

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Dünənki gün onun günüydü. Necə deyərlər, bayram bayrama qarışmışdı. Bir yandan müqəddəs Qurban bayramının dadını çıxarır, bir yandan da ad gününün sevincini yaşayırdı…

 

Ramiz Rövşəndən misal çəkib deyir ki, 

“Soruşma ki, vətən nədir, 

nə boyda nə biçimdə,

məni göstər vətən mənəm,

vətən mənim içimdə…”

Və bu misraları həyat kredosu hesab edir…

 

Cavadzadə Füzuli Musa oglu

16 İyun 1962-ci ildə Masallı rayon Boradigah qəsəbəsində anadan olub. 1979-cu ildə Boradigah qəsəbəsində orta məktəbi əla qiymətlərlə bitirərək sənədlərini ADU-nun filologiya fakültəsinə verib, lakin müsabiqədən keçə bilməyib…

1980-1982-cı illərdə Latviya respublikasının Adaji rayonunda altı aylıq serjant kurslarında oxuyub və Kalininqrad vilayətinin Momanov şəhərində baş serjant rütbəsində hərbi xidməti başa vurub…

1983-cü ildə Kalininqrad şəhərinin Pionersk şəhərində gəmiçilik üzrə bazada işə düzəlib. Yaxşı işinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunub. Elə yaxşı işinə görə də 1990-1991-ci illərdə Mozambikin paytaxt şəhəri olan Maputuda sovet mütəxəssisi kimi bir illik ezamiyyətə göndərilib. Balıqçılıq gəmilərilə okean sularında bəzən təbiətin şıltaglıqları ilə də rastlaşıb. Ancaq bu onu qorxutmayıb, onu daha da cəsurlaşdırıb...

 

İşlədiyi müddətdə xeyli ölkələrdə olub. Kanar adaları, Kuba, Panama, Nikaraqua, Anqola, Seneqal, Argentina, Konakri, Qvineya kimi eksotik ölkələr bu ölkələrin sırasındadır…

Kalininqrad Texniki İnsitutunu qiyabi başa vurub. 1994-cü ildən Sankt-Peterburq şəhərində yaşayır. Kiçik sahibkardır.

Bəli, Azərbaycanı canından da çox istəyən Füzuli bəyin bu Qurban bayramı günündə 62 yaşı tamam oldu. Poeziya vurğunu olan və səyyahət etməyi xoşlayan həmyerlimi sizlərə tanıtmağı özünə borc bildim. Ona möhkəm cansağlığı arzulayırıq. 

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

Kamran Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Dünyada ən populyar kitablar hansılardır? Fərqli ölkələrdə insanlar nə, necə və nə qədər oxuyurlar? Hələ ki, əldə edə bildiyimiz ən son stattistik məlumata diqqət yetirəcəyik. Hələliksə bir qeydi aparım: o ki qaldı bizim ölkəmizə, bizdə bir detektiv ədəbiyyatı bumu yaşandığı göz önündədir. İnsanlar kortəbii şəkildə kitab oxumaqla detektiv oxumağın eyni şey olduğu qənaətinə gəlib digər janrları iqnor edirlər. Detektiv ədəbiyyat isə qeyri ciddi janr hesab edilir, bu janr əsla tərbiyəvi, öyrədici xüsusiyyətlərə malik olmur, mesaj vermir. Güman ki, kitab industriyamızın mövcud durumu ilə bağlı geniş müzakirələr aparmağımıza, çıxış yolları tapmağımıza lüzum var. İndisə qayıdaq sorğuya.

 

THGM Agentliyi 56 ölkədən 945 oxucu arasında 2023-cü ildə hansı janrlarda kitab oxuduqları və 2024-cü ildə oxumağı planlaşdırdıqları barədə bir sorğu keçirib. Avropa, Şimali Amerika, Asiya, Avstraliya, Afrika və Cənubi Amerikanın sakinləri oxu vərdişlərini və üstünlüklərini bölüşüblər. Tədqiqat müəlliflərinin hansı əsas nəticələrə gəldiyinə diqqət yetirməyinizi istərdik. Qeyd edim ki, mənbə thgmwriters.com-dur.

 

Nəticə 1. Kitab elə də çox oxunmur

Tədqiqat iştirakçılarından 2023-cü ildə neçə kitab oxuduqları soruşulub. Məlum olub ki, onların arasında həm çox fəal olmayan oxucular, həm də əsl kitabsevərlər var. Sorğu göstərib ki respondentlərin:

18% -i 6-10;

19% - i 11-20

27% -i 20-dən çox;

32% - i 1-5

- kitab oxuyub.

Demək, ən böyük faiz ən az oxuyanların olub. İkinci böyük fazi isə ən çox oxuyanların. Demək, acınacaqlı vəziyyət həm də ümidvericidir.

Ölkələr üzrə statistikadan danışırıqsa, amerikalı və ingilis respondentlər daha çox oxuyanlardır (onların 39% və 44% - i müvafiq olaraq bir il ərzində 20-dən çox kitab oxuyublar). Kanadalılar isə daha az oxuyurlar (yalnız 23% 20-dən çox kitab oxuyub).

Qeyd etmək lazımdır ki, bəzi respondentlər sorğu keçirənlərin "20-dən çox kitab" maddəsini üst kateqoriyaya çevirərək cavab seçimlərini çox məhdudlaşdırdığını iddia ediblər. Məsələn, bir kanadalı oxucu “20-dən çox kitab” əvəzinə “100 -dən çox kitab" maddəsinin düzgün olduğunu bildirib. İngilislərin isə əksəriyyəti ən yüksək kateqoriya kimi 20+ kitab göstərilməsini kifayət qədər gülünc adlandırıblar.

Demək, kitabqurdu kateqoriyasına daxil olanlar ildə minimum 100 kitab oxumağı məqbul hesab edirlər.

 

Nəticə 2. Növbəti il daha məhsuldar olacaq

Rəy sorğusunun digər nəticəsi də sevindiricidir. İnsanlar 2024-cü ildə daha çox oxumağı planlaşdırırlar. Demək, kitabların sonunun yaxın olduğuna dair mövcud fərziyyələr vaxtından əvvəl ortaya çıxıb və tam da yersizdir. Kitablar “bir gün unudulmaq” üçün nəzərdə tutulubsa, həmin o bir gün tezliklə gəlməyəcək.

Daha dəqiq desək, sorğu nəticələri göstərir ki, insanlar 2024-cü ildə 2023-cü ilə nisbətən daha çox oxumağı planlaşdırıblar. Sorğu göstərir: respondentlərin 64% - i 2024-cü ildə əvvəlkindən daha çox kitab oxumağı planlaşdırır. Və yalnız 3% -i daha az kitab oxumağı planlaşdırır. Bu nəticələr dünyanın bütün bölgələrində təxminən eynidir. Keniyadan olan bir oxucu cavabını belə yekunlaşdırıb: "Ötən il oxuduğum hər şeyi bəyəndim. Daha çox oxumağı səbirsizliklə gözləyirəm." İnsanlar cari ildə real olaraq daha çox oxuyacaqlarmı və ya heç olmasa buna can atacaqlarmı iddia edirlər, əlbəttə buna nə dərəcədə əməl etdiklərini zaman göstərəcək. Buna baxmayaraq, böyük həcmdə oxumaq niyyəti kitablara olan sevginin davam edəcəyini göstərir. Beləliklə, kitab oxumaq vərdişi, mütaliə sevgisi yaşayır və inkişaf edir. Avstraliyadan olan bir respondentin qeyd etdiyi kimi,"mən sadəcə oxumağı sevirəm, bu, mənim sevimli fəaliyyətimdir."

 

Nəticə 3. Hansı janr daha çox oxunur?

Sorğu iştirakçılarından hansı janrda kitabları oxuduqları da soruşulub, bədii ədəbiyyat və ya qeyri-bədii ədəbiyyat oxuduqları ilə maraqlanılıb. Sorğu göstərib ki, 2023-cü ildə dünyanın ən populyar üç janrı açağıdakılardır:

-tarixi kitablar (34%),

-detektivlər (33%),

-tərcümeyi-hallar/xatirələr (31%).

Bəzi kiçik regional fərqlər də qeyd edilib. Məsələn, kanadalılar digər ölkələrin oxucuları ilə müqayisədə tarixlə daha az maraqlanırlar. İngilis oxucular da öz növbəsində fantaziyaya böyük maraq göstərlər.

Digər populyar janrlar fentezi, elmi fantastika və motivasiya-özünəkömək kitabları olub.

Yeri gəlmişkən, yüzlərlə oxucu sorğuya daxil edilməyən janrların adını çəkərək təşkilatçılara irad bildiriblər. Poeziya, fəlsəfi, dəhşət, komedik, kulinariya, sevgi romanları, uşaq kitabları və s. Növbəti sorğuda təşkilatçılar mütləq xeyli populyar olan digər janrları da kateqoriya seçimini genişləndirərək əlavə edəcəklərinə qərar veriblər (dəhşət, şeir, uşaq kitabları, fəlsəfə, mənəvi ədəbiyyat, sevgi romanları, komikslər, manqa və qrafik romanlar kimi).

 

Nəticə 4. Hansı janr daha çox oxunacaq?

Cari ildə də respondentlər daha çox tarix kitabları, detektivləri və tərcümeyi-hal ədəbiyyatını oxumaq istədiklərini bildiriblər. Demək, 2023-cü ildə seçdikləri janrlardan məmnundurlar və növbəti ildə də seçimləri dəyişməyəcək.

Daha dəqiq desək, 2024-cü ildə respondentlərin oxumağı planlaşdırdıqları 3 əsas janr bunlardır:

tarixi kitablar (%39);

detektivlər (%35);

tərcümeyi-hallar/xatirələr (%34).

Sorğunun nəticələrinə görə tələb olunan digər janrlar fentezi, elmi fantastika və macəradır.

 

Nəticə 5. Kağız kitablar daha çox sevilir

İnsanlar hələ də kağız kitab oxumağı sevirlər. Kağız kitabların sürətlə çökməsi on ildir proqnozlaşdırılır. Ancaq insanlar hələ də onları oxumağa davam edirlər.. Respondentlərdən 2023-cü ildə daha çox oxuduqları kitab formatını qeyd etmək xahiş edilib. Sorğu göstərib:

-Respondentlərin 57%- i əsasən kağız (çap) kitablar oxuyur;

-32%- i e-kitabları seçir;

- 8%-i audiokitabları dinləyir;

-3% isə "digər" seçimini seçib (bu komikslər, Braille və ya başqa bir format ola bilər).

Kağız kitablara bütün dünyada böyük etimad göstərildiyi sübut olunub, lakin bəzi regional fərqlər də gözə soxulur. Amerikalılar kağız kitabları daha az seçirlər və bütün digər formatlarla daha çox maraqlanırlar. Amerikalı oxucuların 29% -nin Kindle-a üstünlük verməsi də diqqət çəkir. Kanadalılar tam əks üstünlüklər nümayiş etdirirlər: 67% - i əsasən çap olunmuş, yəni kağız kitabları oxuyur və onların yalnız 23% - i elektron nəşrləri seçir.

 

Nəticə 6. Oxucular seçdikləri kitabların həcmindən razıdırlar

Bəzən yazıçılar əlyazmalarının həcmindən narahat olurlar. Yazdıqları çox uzun olmadı ki? Bəlkə daha çox təfərrüat daxil edilməlidir? Oxucular mətnimi çox qısa və ya çox uzun hiss etməyəcəklər ki?

Sorğu göstərib:

-oxucuların 86% - i oxuduqları kitabların uyğun həcmdə olduğuna inanır.

-11% kitabların çox qalın olduğunu iddia edir.

- 3% - i isə hesab edir ki, bu il ərzində oxunan kitablar çox nazik olub.

 

Nəticə 7. Oxucular hər yaşdan olan insanlardır

Kitabların və xüsusən də kağız kitabların davamlı populyarlığının yetkin nəsillərin yeni texnologiyalara uyğunlaşmaqda çətinlik çəkməsi ilə əlaqəli olduğunu düşünürsünüzsə, araşdırma bunun əksini göstərib.

25-34, 35-44, 45-54 və 55-64 yaş qruplarındakı oxucuların sayı təxminən bərabərdir — 17-19%.

 

Nəticə 8. Qadınlar kişilərdən daha çox oxuyur

Qadınlar kişilərdən daha çox özlərini fəal oxucu hesab edirlər. Kim daha çox oxuyur: qadınlar, yoxsa kişilər? Sorğu göstərib ki:

-respondentlərin 56% - i qadın,

-42% - i kişi olub.

Bu fərq qadınların sorğu iştirakçılarının üçdə ikisini təşkil etdiyi ABŞ-da daha da nəzərə çarpıb. Ümumiyyətlə, dünyada qadınların daha çox kitab oxuduğunu göstərən digər tədqiqatların nəticələri də əldədir.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 

Cümə axşamı, 20 İyun 2024 12:18

Rusiyada yaşayan azərbaycanlı şair təltif olunub

Soydaşımız Eldar Əhədov Rusiyada yaşayır, ədəbi dairələrdə öz fəallığı ilə seçilir. Azərbaycan Yazıçılar Birliyinin də fəxri üzvüdür. Bu yaxınlarda Eldar Əhədov növbəti beynəlxalq uğura imza atıb. 

 

Şairin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə bu uğur Livanla bağlıdır. Eldar Əhədov deyir:

-Naci Naaman beynəlxalq mükafatı Livanın nüfuzlu ədəbiyyat mükafatıdır. 2024-cü il üçün Naci Naaman beynəlxalq mükafatına layiq görüldüyüm barədə bir mesaj aldım. Müsabiqədə səksən ölkədən otuz beş dildə və ləhcədə yazan 3616 nəfər iştirak etdi, onlardan 74 müəllif Naaman ədəbi mükafatına layiq görüldü. Mən müsabiqəyə Azərbaycanın nümayəndəsi kimi qatılmışdım və nə xoş mənə ki, qalib gəlmişəm. Əsərlərim Livanda Naci Naaman Fondu hesabına nəşr olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

“Ədəbiyyat və incəsənət” portalı İordaniyalı şair Məhəmməd Əli Taher Miqdadinin “Göyün qapısı” şeirinin Azərbaycan dilinə tərcüməsini təqdim edir. Şeiri İngilis dilindən çevirən Rəsmiyyə Sabirdir. 

Qeyd edək ki, bu iordaniyalı şairin şeirinin dilimizə ilk çevrilməsidir. 

 

74 YAŞLI ŞAİR

Məhəmməd Əli Taher Miqdadi – 1952-ci ildə İordaniyada dünyaya göz açıb. 1974-cü ildə Şam Universitetinin bakalavr, 1988-ci ildə isə İordaniya Universitetinin magistr pilləsini bitirib. 

1994-cü ildə ABŞ-da “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1987-ci ildən İordaniya Yazarlar Birliyinin üzvüdür. 2006-cü ildə İordaniya Yazarlar Birliyinin Baş katibi olub. 2007-ci ildə isə Ərəb İnternet Yazarlar Birliyinin sədri seçilib. Ərəb dili Beynəlxalq Şurasının, Ərəb Yazarlar Birliyinin, Tunis Yazarlar Birliyinin və Amerikan İqtisadçılar Birliyinin üzvüdür. 

 

 

GÖYÜN QAPISI

 Sehrli bir əldən axan gümüş kimi

suyu gurhagur axır bu şəhərin.

Tanrının dərgahına çox yaxın kralları

göyüzündən alırlar

müqəddəsliyi, igidliyi...

 

Burda küçələrin necə boğulduğu

şəhərin divarlarından,

qara zamanın işgəncəsindən,

yoxsulluğun pəncəsindən

və bir də

miqrantların üzündən bəllidir...

Qara fəhlələrin alın təri

hər şeyi izah edir.

 

Bu qəriblərdən biri də mənəm.

Yalvarıram, nə olar,

aç mənə qucağını.

Qədim incinin işiltısına

heyran olum.

Məni də al qucağına.

Bitməyən nağılların

alsın yorğunluğumu.

Küçələrin aparsın məni

qəlbimin gərilmiş tellərinin

çalınacağı yerə...

İzin ver,

param-parça olmuş xəyallarımı

ağ mərmərlərin boşluğuna düzüm...

 

Mən qəribəm.

Yaraşmaq istəyirəm bir lavanta çiçəyinə.

Və mələklərin, peyğəmbərlərin

həyat üçün

yeni bir tablo yaratdığı

o uca aləmə...

 

Mən qəribəm.

Sal daşların,

qızmış qumların,

qayadan yonulmuş yastıqların

tikanın və tükün dilini öyrənə bildim.

Lakin hələ də

bir işıq şüası kimi

aşiqlərin üzünə

və təzə çiçəklərin

tac yarpaqlarına düşən

dilini öyrənə bilmədim.

 

Mən qəribəm.

Qar qədər yalnızam.

Gecə və gündüz

bağlı qapıların arxasındayam.

O başa-bu başa

gedirəm-qayıdıram.

Sənətkarlardan başqa

heç kim fərq etmir məni...

 

Mən qəribəm.

Ayaqlarım

sərt yoxuşlarda yoruldu.

Qan dondu damarlarımda.

Ac qarğalar

xarabalıqlarımda

yaralı arzularını

hayqıraraq uçuşurlar.

 

Küləyin şiddətindən dilim tutuldu.

Oynaqlarımı gəmirən soyuq

məğlub oldu.

Və yenidən

aylı gecələrdə bədənimdə,

sümüklərimdə dolaşır o musiqi.

Elə buna görə də

Tanrıdan

uzun kölgəni qorumağı

diləyirəm.

Böyütsün zəhmətkeş Günəşini.

Və şəfqətli əlləriylə

xəyallara hamilə üfüqləri

genişləndirsin.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.