Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
Q A R
Hekayə
Alma boyda qar dənəciklərinin yağdığı sənə kənd adamları qorxa-qorxa göyə baxırlarmış. Görüblər, qarın içiylə göydən aşağı bir adam enir. Qabağına yüyürüblər. Görüblər, göydən düşən odur. Əvvəlcə bilməyiblər onu necə dindirsinlər. Sonra görüblər onu dillə dindirmək gərək deyil. Danışmasan da, səni anlayır. Gözlərinə baxıb nə demək istədiyini bilir. Beləcə, bu adam olub onlardan biri... Kəndlilər əvvəlcə ona salam veriblər, sonra Əlişin boş qalmış daxmasını, ondan sonra da dul Əsməri. Qarla gələn heç nə demədən salamı da alıb, Əsməri də... O, gələn gündən quru salamın belə qırışığı açılıb. Ona ərə gələndən Əsmər belə ucadan gülməyə başlayıb. Onu görəndə ən qanıqara adam belə səbəbsiz yerə sevinir. Belə baxırsan, soyuqdur: dinmir, danışmır. Həm də necəsə istidir: əl verib görüşəndə əlin tava kimi cızıldayır. Yay-qış puçur-puçur tərləsə də, üzü suludur. Əllərində heç nə kiflənmir, təzə-tər qalır. Sobanın yanında oturanda əriyir. Novruz bayramlarında əriyər deyə tonqal üstündən hoppanmır. Yerə bağlı deyil. Bostanını da göydə salıb. Əkdiyi ağacları yerdən göyə sulayır. Meyvələr, tərəvəzlər dəyib sulandıqca göydən tappıltıyla aşağı düşürlər. Arvadı Əsməri hər gecə göyə gəzintiyə aparır. Hara gedirlər, haradan gəlirlər, özlərindən savayı heç kəs bilmir. Əsmərə baxıb kəndin o biri arvadları da göynən getməyə başlayıb. Onlar da ərlərindən hər gecə ulduz istəyirlər. Kənd adamı onun əkdiyi meyvələri yemir. Evində tutya kimi saxlayır. Onun meyvələri də, sözləri kimi, gec saralır. Qoxusu, ətri illərlə otaqdan çəkilmir. Üzünün rəngi süddən ağdır. Gecələr bədəni lampa kimi işıq saçır. Qaranlıqda qonşu kəndə getmək istəyən onu özüylə lampa kimi götürür. Heç kəsə “yox” deməz. Hara desələr, haçan desələr, qabaqlarına düşüb gedəcək. Gecə vaxtı uşaqlar qaranlıqdan qorxmasın deyə kəndin ortasında çəpəki dayanır ki, işığı pəncərələrə düşsün. Qəzaya düşən uçaqlar onun işığına sağ-salamat yerə enirlər. Onsuz kənddə toy olmaz. Gələndən gəlinlərin aynasıdır. Arvadlar inəklərini onun üzünə sağırlar. At nalı kimi ayaqqabılarını darvazalardan asırlar. Yay oldumu, göyə qalxacaq. İki buludu var. Cütə qoşub göydəki bostanını şumlayacaq. Yerdə heç kimlə işi yoxdur. İtlər ona hürmür. Quşlar yanında qanad çalmır. Adamlar göyə baxan deyil deyə, yayda onu az-az görürlər. Heç kəsin əli çatmır deyə, göydə dərdi də yoxdur. Göydə dərd olmur axı... Göydə bircə hal var. Bu hal da onun üzüdür. Təkcə Əsmər hamilədi deyə qalıb yerlə göy arasında. Bilmir uşağı göyə doğulacaq, ya yerə? Tez-tez boylanıb göydən yerə baxır.
Beləcə, o da yerlə göy arasında hamı kimi yaşayıb ölüb gedəcəkdi.
Amma dünya yumrudur. Bunun yayı olur, yazı, payızı, qışı olur. Qışında qar yağır.
Bir qış qar yağmadı. Sonra beş qış qar olmadı. Sonra on beş qış yer qarsız qaldı.
Dünya tərəzi kimidir: bir yanı əyəndə, o biri yanı əyilir. Qar yağmadı, dünya da əyildi. Suları qurudu. Otları bitmədi. Dənizləri ləpələnmədi. Balıqları kürü qoymadı. İnəkləri gövşəmədi. Kənd adamı ancaq kəndi görürdü, göy nədir, bilmirdi. Onların da işi ancaq gövşəməkdi. Qarınları ki doymadı, yığışıb gəldilər onun üstünə: – Göydən sən gəlmisən, – dedilər, – ora ancaq sən qayıda bilirsən, get gör qar necə oldu?
Göyü beş barmağı kimi tanıyırdı. Kənd adamları evinə gələn zaman da ora baxırdı. Yerdən yemək istəyən kənd adamlarının sözünü yerə salmayıb: – Qoy bu çayımı içim, qalxaram, – dedi.
Kənd adamı getdi yerə. O da ayağa qalxıb göyə getdi. Görəsən, nə olmuşdu? Kənd adamının günahı nəydi ki, qarı yağdıran daha yağdırmırdı?
Göyə çıxıb buludları yəhərlədi. Ora-bura çapıb qar axtardı. Yox idi. Yuxarıdan boylanıb maraqla yerə baxdı. Dünya çatlamış dodağa bənzəyirdi. Adamları qurumuşdu, suları bulanmışdı. Yaşıllıqları saralmışdı. Olacaq uşağı da gözünə yaxşı görünmədi. Dərin bir çala qazıb əlindəki beli göydən yerə tolazladı. Bel buludları keçib tarappıltıyla yerə dəyib toz qaldırdı. Belin vahiməli səsinə yığılmış adamların gözlərini qaraldan toz çəkilən zaman qeybdən səs gəldi...
“Seçim özünündür: qar da ola bilərsən, adam da...”
Göydə qazdığı çalaya girib üstünü buludlarla örtdü. Buludların qarnından qar kimi aşağı, kəndin bostanına yağmağa başladı.
Sonra qar gücləndi...
Beş il durmadan qar yağdı.
Çaylar sulandı. Ağaclar çiçəklədi. Quşlar dirildi. Adamların qarınları doydu. Əsmər qarın altında bir gülərüz, qapqara oğlan doğdu. Uşağın səsinə kənd adamı elə bil yuxudan ayıldı. Hamı buradaydı. Təkcə o, yox idi.
Bir-iki il kənd adamları hər dəfə qar yağanda onun göydən yerə düşəcəyini gözlədi.
Sonra onu unutdular. Daha qarlayanda “onu görərəm” deyə heç kəs göy üzünə baxmadı. Kənd adamlarının göyə baxmağa vaxtı hanı? Onların evləri kimi, sevgiləri də yerdədir. Qış da soyuq olur axı... Nə qədər soyuğun altında çöldə dayanıb göyə baxacaqsan? Bir də bu qarın nə evi var, nə də qəbri. Lap istəsələr belə, kənd adamları onu hara baxıb xatırlamalıdırlar? Onun qar olub kəndi xilas etməsinə kəndlilər inanmadı. Amma hər təzə qar yağanda Əsmərin qara oğlu nədənsə sevinirdi. Və Əsmər oğluna baxıb düşünürdü ki, bu uşaq, yəqin, atasının zərrəsi olduğu qədər həm də onun qəbridir. Bir adamın qəbri varsa, deməli, onun xatirəsi də var. O uşaq bir gün dil açdı. Və danışan kimi Əsmərdən atasının adını soruşdu. Əsmər fikrə getdi. Görəsən, onun göydən gəlmiş ərinin adı nəydi? Axı Əsmər heç vaxt ərindən adını soruşmamışdı. Kənddə də heç kəs o göydən gələnin adını bilmirdi. Əsmər uşağa: “Sənin atanın adı yoxdu, ona ad qoymaq olmur, o nədirsə, onu ağılla dərk etmək də olmur”, – dedi. Uşaq bu cavabdan bir mətləb anlamasa da, daha anasına sual vermədi. Hər dəfə soba yanında oturanda ayaqlarının əriməsini də anasından gizlətdi.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)