Super User

Super User

Çin Xalq Respublikasının Çindao şəhərində Asiya Mədəni İrs Alyansının (ACHA) 2-ci Baş Assambleyası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı və mədəni irs sahəsində tanınmış ekspert Rizvan Bayramov təmsil edib.

 

Çinin Prezidenti Si Cinpinin təşəbbüsü ilə yaradılmış Alyansın ötən il keçirilmiş ilk Baş Assambleyasında ölkəmiz bu beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib.

 

Mədəniyyət Nazirliyinin ilk dəfə iştirak etdiyi 2-ci Baş Assambleya iştirakçıları əvvəlcə Çinin ənənəvi incəsənətində Pekin cərəyanı adlı sərgi ilə tanış olublar.

 

İclasda çıxış edən Şandon vilayətinin qubernator müavini Denq Yunfeng, Çindao şəhərinin meri Jao Haoji, ACHA Şurasının sədri, Çinin mədəniyyət və turizm nazirinin müavini və Mədəni İrs üzrə Çin Milli Assosiasiyasının sədri Li Çun, Tailand-Çin əməkdaşlıq şurasının sədri, Tailand Baş nazirinin keçmiş müavini Finij Yarusombat, Hondurasın mədəniyyət naziri xanım Qloria Annarella Velez Osejo, Mədəni İrsin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) direktoru xanım Aruna Franceska Maria Gujral, Şuranın Baş katibi, Kamboca Mədəniyyət və İncəsənət Nazirliyinin dövlət katibi Konq Vireak və digər yüksək səviyyəli rəsmilər açılış nitqi ilə çıxış ediblər.

 

İclasın gedişində cari gündəlikdə duran məsələlər, o cümlədən ötən dövr ərzində görülən işlərin hesabatı, 2024-2025 dövrü üçün Fəaliyyət Planları və s. məsələlər üzrə məruzələr dinlənilib.

 

Assambleya çərçivəsində Alyansın Elmi Şurasına seçkilər keçirilib, Azərbaycanın namizədliyini irəli sürdüyü ekspert Rizvan Bayramov komitənin üzvlüyünə seçilib.

 

Assambleya gündəliyi çərçivəsində müzakirə edilən digər önəmli məqam isə ölkələrin təqdim etdiyi layihələrin müzakirəsi idi. Müzakirələrin nəticəsində Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihənin təşkilat tərəfindən dəstəklənməsi qərarı ölkəmizin təşkilatla əməkdaşlığının genişlənməsi baxımından növbəti vacib uğuru olub.

 

Tədbirin sonunda Çindao Tövsiyələri adlı sənəd qəbul edilib.

 

İyunun 20-də Alyansın təşkilatçılığı ilə “Müstəmləkəçilik kontekstində çıxarılan mədəni obyektlərin mühafizəsi və qaytarılması” üzrə beynəlxalq konfrans öz işinə başlayıb. Çin Mədəni İrs Assosiasiyasının sədr müavini Xie Bing konfransda çıxış edib.

 

Konfransda Şandon Universitetinin prezidenti Li Sucai, Çinin Şandon vilayətinin vitse-qubernatoru Deng Yunfeng, Çindao şəhərinin vitse-meri Jao Yanın açılış nitqləri, Beynəlxalq Muzeylər Şurasının (ICOM) direktoru Emma Nardinin videomüraciəti dinlənilib.

 

Daha sonra ACHA Şurasının sədri, Çinin mədəniyyət və turizm nazirinin müavini və Mədəni İrs üzrə Çin Milli Assosiasiyasının sədri cənab Li Çun müstəmləkə kontekstində Asiyadan daşınmış mədəni irsə dair geniş təqdimat edib və təşkilatın bu istiqamətdə hədəflərindən danışıb.

 

Sonra Norveçin məşhur KODE Art muzeyindən Çinə qaytarılan mərmər fiqurlara dair film izlənilib. Mövzu üzrə təqdimatlarla Pekin Universitetinin professoru Li Kinq, Çikaqo Universitetinin professoru Lotar fon Falkenhausen, Kaliforniya (UCLA) Universitetinin professoru Donald Harper, Böyük Britaniyanın “The Art Loss Register” təşkilatının rəhbəri Olivia Vitney və digər tanınmış ekspertlər çıxış edib. Tədbirin sonunda iştirakçılara Çindao şəhərinin tarixi-mədəni irs obyektləri ilə ətraflı tanışlıq turu təşkil olunub.

 

Tədbir iyunun 20-də öz işini başa çatdırıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Cümə, 21 İyun 2024 16:32

Zarafat

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

 

Xeyrəddin Qoca səhər tezdən evini təmir edən ustaya zəng vuraraq zarafatla deyir:

-Usta, mənə iki milyon dollar lazımdır.

Usta yuxulu-yuxulu sanki həmin məbləğin bir hissəsini verəcəkmiş kimi, soruşur:

-Çox deyil?

Xeyrəddin Qoca dillənir:

-Yaxşı, milyon yarım olsun!

Usta zarafatı başa düşüb xeyli gülür...

 

Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Təranə Turan Rəhimli, şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün

 

Klaudia Piççinno zəngin italyan ruhunu hər çaları ilə bütün dünyaya sevdirən şairdir. O, ailə dəyərləri ən ümdə milli-mənəvi özəlliklərinin önündə gələn, dünya mədəniyyəti tarixinə böyük qatqısı olan, Dante, Rafael, Mikelancelo, Vuvaldi, Berlioz, Paqanini... kimi dahi sənətkarları şöhrətinə şöhrət qatan, əzəmətli keçmişinin bütün dünyaya səpələnən izləri ilə heyranlıq doğuran istiqanlı Avropa xalqının nümayəndəsidir. Və bütün mənəvi aləmiylə, sahib olduğu daxili zənginliklə mənsub olduğu millətin layiqlu övladıdır.

Klaudia Piççinnonunu Taranto şəhərində, İtaliyanın Pablo Neruda Mədəniyyət Mərkəzinin və KİBATEKin birlikdə düzənlədiyi 39-cu Uluslararası Ədəbiyyat Festivalının qala gecəsində tanıdım. İtaliya, Türkiyə, Azərbaycan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İraq, Hindistan, İrlandiya, Kanada, Rumınya, Hollandiya, Almanya, Albaniya, Belçika, Filippin, Çili, Bosniya-Hersoqovina ədəbiyyatçılarını, ziyalılarını İtaliyada bir araya gətirən festivalda beş gün ərzində tanıdığım yaradıcı insanlar, söz adamları məndə italyan mehribanlığının və milli-mədəni dəyərlərə sədaqətinin hüdudsuzluğu haqqında dərin təəssürat yaratmışdı. Ona görə də qarşımdakı bu gülərüzlü, xoş simalı, mehriban qadın əlində tutduğu kitablarını mənə təqdim edərkən ölkəmin ədəbiyyatını tanımaq, əlaqələrimizi davam etdirmək istəyini dilə gətirəndə bu ədəbi dostluğun uzun ömürlü olacağına bütün qəlbimlə inanmışdım. Klaudianın mənə bağışladığı kitablar italyan dilində olduğu üçün onları oxuya bilməmişdim (Bilirəm ki, o da mənim kitabımı əziz bir xatirə kimi saxlasa da, məzmunu ilə tanış ola bilməmişdi). Lakin zamanla onun ingilis, türk, rus dillərində oxuduğum şeirləri, eləcə də birgə iştirak etdiyimiz çoxsaylı beynəlxalq ədəbi layihələr, şeir müsabiqələri, festivallar mənə çağdaş italyan poeziyasının bu istedadlı nümayəndəsini daha yaxından tanıtdı və sevdirdi. Beləcə təməli ədəbiyyatla, şeirlə başlayan dostluğumuz bu günlərə gəldi. Bir-birini şeirindən, sözündən, sənət sevgisindən tanıdıq, bir-birinin əsərlərini tərcümə etdik, ölkələrimizdə dərc etdirdik, tanıtdıq. İtaliyada nəşr edilən “Ho amato persino la pietra” (“Məndə daşa da sevgi var”) adlı şeirlər kitabım Klaudianın tərcüməçi əməyi sayəsində ərsəyə gəldi. Dəfələrlə Avropanın “Mugella”, “Ossi de Seppia”, “Galaktika Poetike Atunis” və başqa nüfuzlu beynəlxalq poeziya layihələrinin birlikdə iştirakçısı, qalibləri olduq. Beləcə sənət əlaqələrinin yaradıcı şəxslərin həyatında nə qədər önəmli olduğuna dönə-dönə əmin olduq. Dünyanı bizim şair qəlblərimizin, söz dünyamızın xilas edəcəyinə inandıq... inanırıq...

Klaudia Piççinno beynəlxalq ədəbi mühitdə çağdaş italyan ədəbiyyatını ən fəail şəkildə tanıdan, ölkəsinin söz sənəti haqqında dolğun təsəvvür formalaşdıran şairlərdəndir. Dünya ədəbi əlaqələrinə böyük töhfələri yalnız onun öz əsərlərinin təbliği – İtaliya, Fransa, Polşa, Türkiyə, Serbiya, Makedoniya, Almaniya, Səudiyyə Ərəbistanı, Rumıniya, Albaniya və İspaniyada 2016-2023-cü illər ərzində nəşr edilən kitabları ilə məhdudlaşmır. O, həm də çoxsaylı beynəlxalq şeir antologiyalarının tərtibçisi və naşiri, uluslararası ədəbi mükafatların münsiflər heyətinin üzvü kimi xidmətləri ilə çağdaş dünya poeziyasının ən istedadlı simalarını tanıtmağa nail olub. İtalyan dilinə tərcümə etdiyi, ölkəsində nəşrinə əmək verdiyi onlarla kitab şair-tərcüməçi istedadı ilə yanaşı, yorulmaz bir sənət sevgisinin bariz örnəyidir. Ərəb şairləri Raed Aljişinin “Qanlı qağayılar”, “Yaddaşın genezisi”, Ali Al Hazminin “Döyməli kəpənək”, türk şairləri Hilal Karahanın “Gecənin küncündə”, Osman Öztürkün “Mənim adam”, Mesut Şenolun “Xəyalımız gerçəkləşsin”, serb şairləri Militsa Liliçin “Penelopanın andı”, Maja Herman Sekuliçin “Böyük layihə”, rumın şairi Nikulina Opreanın “Yalnız mən və kölgəm”, Kubalı şair Yuray Tolentino Hevianın “Qapılar, balerolar və küllər”, alman şairi Gino Leineveberin “Bunlar hamısı gerçəkdir”, bu sətirlərin müəllifinin “Məndə daşa da sevgi var”” kitablarının italiyan dilinə tərcüməsi və İtaliyada nəşri Klaudia Piççinnonun dünya ədəbi əlaqələrinə önəmli bir qatqısıdır.

Klaudianın özünəməxsus poetik dünyası, yaradıllışa, reallığa, hadisələrə fərdi, orijinal sənətkar münasibəti var. Onun bir-birindən fərqli mövzulara müraciət etməsi, sənətdə özünü təkrarlamaması da bu orijinallıqdan irəli gəlir. Şairin poetik “mən”i siyasi xaoslar içində boğulan dünya üçün, müharibələrin məngənəsində sıxılan ölkələr, qarışıq sferası ilə həyəcan təbili çalan cəmiyyət üçün daim narahatdır. Elə buna görə də Klaudianın şeirlərində onun öz şəxsi yaşantıları, duyğular aləminin təsvirindən daha çox dünyanı dərkə yönəlmiş bədii ifadə tərzi ilə qarşılaşırıq. Sevgidən, məhrəm duyğulardan yazdığı şeirlər belə sonda bəşəri məzmunla birləşir. Klaudianın Azərbaycan dilində ilk kitabı olan “Səssiz haray” bütün poetik mahiyyəti ilə bu fikri təsdiqləyir.

Şair yer üzündə ədalətin bərqərar olmasını, insanlıq qanunlarının bütün idarəetmə qanunları üzərində hökmranlıq etməsini, rəhbərlərin dəyrimi masasında sülh və əmin-amanlığın daimi bir məsələ olmasını arzulayır. Bir şeirində o, bütün insanlığa inananlar adından sülh üçün “yalvarır”:

 

Sülh və əmin-amanlıq –

budur mənim

dua etdiyim pərilər,

Oğlumun sabah hər kəsin

gözündə sülhü görməsi,

Yer üzündə,

insanlığın təbii krallığında

bəxtəvər ömür sürməsi.

 

(“Sülh üçün yalvarıram”)

 

İnsanlıq, humanizm, hər cür saxtakarlıqdan və xeyirxahlıq nümayişindən uzaq ədalət duyğusu Klaudia Piççinnonun şeirlərində bəşəriyyətin ən çox ehtiyac duyduğu keyfiyyətlər kimi davamlı olaraq dilə gətirilir. O, ədalətli cəmiyyətdə nə qaçqın düşərgələrinə, nə də siyasi sığınacaqlara yer olmadığını düşünür. Buna görə də qaçqın düşərgələrini insana mərhəmət adı altında saxtakarlıq kimi görür, “sivil Avropanın ölümcül ixtirası” adlandırır:

 

Getməkmi çətin, qalmaqmı?

Yoxsa geri qayıtmaqmı?

Sivil Avropanın

ölümcül ixtirası:

Qaçqın düşərgələri –

Öyrəşdirmək üçün hamımızı

Diasporasına quzuların,

Duyğusuzluğuna qalın qafalarımızın,

Misli-bərabəri görünməyən cəsarətinə

İtirənlərin.

 

“İtirənlərin cəsarəti”

 

Şair müharibənin Avropanı yıxıb keçdiyi bir vaxtda İngilis Kindertransportun rüzgar qatarına gecikən, yollarda əsir-yesir qalan üç məsum uşağın taleyindən bəhs edir. Şeirdə təkcə hər şeyə laqeyd savaş ab-havasında “kömək üçün uzanmayan əllərin ciblərdə olması”, heç kimə fərq qoymayan “keşikçi çubuğu”, yoxsulluq, aclıq və xəstəlik gətirən müharibə fəlakətinin yaratdığı biganəlik tənqid olunmur. Həm də itirənlərin cəsarətinə – müharibə uşaqları İsmayıl, İkram və Əzizin misli-bərabəri görünməyən cəsurluğuna, sağ qalmaq uğrunda həyatla təkbaşına mübarizədə qorxmazlığına insanlığın öyrəşməyi, vərdiş etməyi də tənqid edilir.

Klaudia Piççinnonun şeirləri italyan tarixinin və milli mədəniyyətinin etibarlı poetik yaddaşıdır. “Sabbiuno düzü abidəsində” şeirində şair Bolonya tarixinə səyahət edir. 1944-cü ilin Sabbiuno di Paderno qırğınında nasist-faşistlər tərəfindən güllələnmiş 100-ə yaxın partizan və siyasi məhbusun unudulmaz xatirəsini əbədiləşdirən məşhur abidəni xatırladır. Təpə boyunca sıralanan daşlar səltənəti – Sabbuino abidəsi... Adları 53 qaya daşı üzərinə həkk olunan İtaliya şəhidlərinin və kimliyi məlum olmayan qırx yeddi şəhidin xatirəsinə 54-cü daşın qoyulduğu məşhur abidə... Klaudia Piççinno bu abidədəki 34 ada, 1944-cü ilin 14 oktyabrında güllələnən şəhidlərə diqqəti çəkir:

 

Apardım oraya şagirdlərimi,

Sabbiuno düzü abidəsinə,

Çətin gündə əllərimizdən tutan

O 34 adı oxumaq üçün.

 

Məqsəd italyanların qəhrəman keçmişini, 34 şəhidin adını yeni nəslə tanıtmaq olsa da, şair onların 36 nəfər olduğunu, biri polyak, digəri alman olan iki şəhidin sənədləri tapılmadığı üçün adlarının tarixdə qalmadığını xatırladır. Şair böyük bir məktəb olan ölkənin bu günkü azadlıq və xoşbəxtliyində xidməti olan bütün insanları sevgi və ehtiramla yad edir.

Klaudianın şeirlərinin hərəsi bir ovqatın məhsuludur. Və bu şeirlərdə həmin ovqatın təbiiliyinə sədaqət, duyğuların obyektinə sevgi və dərin ehtiram var. Bəzən bu ehtiram böyük alim Pifaqora, italyan şeirinin atası Dante Aligeriyə, bəzən də heç kimin tanımadığı outizmli uşaq Davuda, limandakı kimsəsiz qızcığaz Nevala, müharibə qurbanları İsmayıl, Əziz, İkrama.. ünvanlanır. Oxucu şairin italyan tarixi və mədəniyyətinin görkəmli şəxsiyyətinə qarşı heyranlıq və rəğbəti ilə yanaşı, “bir bütünü görməməkçün parçalarına düşən” outizmli uşağa da həssas və sevgi dolu sənətkar münasibətini müşahidə edir:

 

Sən mənimçün bir diaqnoz deyilsən,

Fərqli biri, ya genetik bir memarılıq

qüsuru da deyilsən.

Bir diqqətsizlik əsəri,

Erkən və ya geçikmiş bir müdaxilə,

Yanlış bir beyin şəkli,

pozulmuş bir spektrum deyilsən.

 

“Davud sənin adın”

 

Şair üçün outizmli Davud sadəcə “detalları sevən uşaq”dır. Əslində ona bu şəkildə yanaşmaq – outizmli uşağı bir diaqnoz, genetik xəta kimi görməməyin özü ali varlıq olan insanı real durumuyla qəbul etməkdir, onu konkret bir çərşivəyə salan, həyatını məhdudlaşdıran baryerləri, sərhədləri yıxmaqdır. Klaudia Piççinno Davudu (Davudları!) “bir otağa həbs edən məsafəni qısaltmaqçun dərinə enməyə” hazırdır.

Klaudianın poeziyasında insanın özü bir şeirdir, və bu “şeir-insanın” da öz şeiri var. Həyatın ritmi həmin şeirdə döyünür. “B” planı düşünmədən yaşayan, azad ruhu öz arzusuna görə yolunu tapan, xain mərmi düşüncələrə qəlbinin qapıları bağlı olan, saxta təriflərdən uzaq, yalnız güvənc və hörmətin qədir-qiymətini bilən şair o şeirlə həyata tutunur. Adəmlə Həvvanın itirilmiş cənnətindən səsi gələn şeirin sehri, əfsunu isə Klaudia Piççinonun səssiz harayını hələ çox-çox uzaqlara aparacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə akademik Nizami Cəfərovun Azər Turanın "Alp Ər Tonqa" kitabı barədə qeydlərini təqdim edəcəyik. 

 

Azər Turanın "Alp Ər Tonqa" kitabı Atatürk Mərkəzi tərəfindən nəşrə hazırlanıb. Akademik, Millət vəkili Nizami Cəfərovun kitaba yazdığı Ön sözü təqdim edirik.

 

Azər Turan Azərbaycanın müstəqillik dövründə yetişmiş o görkəmli ziyalılardandır ki, keçən əsrin sonlarından başlayan ideyalı, xüsusi  üslubi imkanları ilə seçilən və kifayət qədər məhsuldar yaradıcılığı milli dəyərlərimizin aşkarlanması, dərin tarixi kökləri, əhatəsi ilə bir yerdə analitik təhlili və milli-tarixi (etnik) yaddaşın bərpası işinə xidmət edir. Gəncliyində yeni (və ən yeni) dövrün hadisələri ilə maraqlanan tədqiqatçı-mütəfəkkirin tədricən tarixin daha qədim qatlarına nüfuz etməsi ona görə təbii sayılmalıdır ki, Azər Turan nə üzərində düşünürsə-düşünsün, onun məqsədi mənsub olduğu milləti, sözün həqiqi mənasında, millət edən strateji əlamətləri, epik miqyası mümkün qədər mükəmməl bir sistem halında ortaya çıxarıb onun intellektual istifadəsinə verməkdir.

Hər bir xalqın etnik-mədəni tarixinin əsasları ən mükəmməl şəkildə onun daxili mənəvi tələbatının təsiri ilə müxtəlif süjetlər, epizodlar və qəhrəmanlar törətməyə qadir olan Eposunda təzahür etdiyindən, hansısa səbəblərə görə həmin epos stixiyası  (və nəticə etibarilə etnik-mədəni tarixi!) zədələnmiş xalqlar bu və ya digər dərəcədə elmi tarix yaratmaq qabiliyyətlərini də itirirlər. Təsadüfi deyil ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində - milli özünüdərk enerjisinin qarşısıalınmaz bir vüsətlə özünü göstərdiyi illərdə türk xalqları öz böyük şəxsiyyətlərinin simasında "biz kimik", "kimlərdən ibarətik" kimi zəruri olduğu qədər də xeyli gecikmiş suallara cavab axtararkən, ilk növbədə, epik yaddaşının epizodikliyi üzündən son dərəcə ciddi tərəddüdlər keçirdilər. Və etiraf etmək lazımdır ki, həmin epizodiklik, əslində, türk xalqlarının, demək olar ki, hamısının öz epik keçmişinə əsasən dini, siyasi (bunun ardınca isə mənəvi!) müstəmləkəçilikdən irəli gələn laübalı və ya laqeyd münasibəti onların elmi tarixini biri digərini inkar edən hər cür saxtakarlıqlarla doldurmuşdur ki, bu xaosdan ən etibarlı çıxış yolunun yenə də yalnız epos yaddaşının bərpası olduğu, əlbəttə, şübhə doğurmamalıdır. Xüsusilə, ona görə ki, türk, o cümlədən də, Azərbaycan tarixini yağmalamağa çalışanların bir "metod"u həmin yaddaşı ziddiyyətli məlumatlarla "simasızlaşdırmaq"dırsa, ikinci (və daha təcavüzkar) "metod"u yad epos təfəkkürü texnologiyalarını xalqa təlqin etməkdir. Azər Turanın da kəskin tənqid hədəfinə çevrilmiş belə cəhdlərdən ən əsası odur ki, akademik İqrar Əliyev uzun illər ərzində Azərbaycan tarixinə "Avesta" (İran eposu) ideyalarını elə bir "səy"lə (mən burada onun türklər haqqında işlətmiş olduğu məsuliyyətsiz ifadələrindən birini işlətmək istəmirdim, ancaq məcburam deyəm ki, əsl həyasızlıq, əslində budur) yeritmişdi ki, bu tarixdə xalqın öz eposuna - "Dədə Qorqud"a yer qalmamış, nəticədə etnosun həqiqi qəhrəmanları "gəlmə köçərilər" elan edilərək tarixin mənfi personajları qələminə verilmişlər.

Azər Turanın "Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)" kitabı həcmcə elə də böyük olmasa da, əhatə etdiyi məsələlərin genişliyinə, ehtiva olunan fakt, mülahizə və mövqelərin rəngarəngliyinə, ən başlıcası isə, əsaslandığı elmi-metodoloji prinsiplərin mükəmməlliyinə görə kifayət qədər fundamental əsərdir. Və bu daxili fundamentallıq özünü, hər şeydən əvvəl, onda göstərir ki, müəllif nə ayrı-ayrı rəqəmlərin dəqiqləşdirilməsinə, nə bu və ya digər coğrafi koordinatın ora-bura çəkilməsinə, nə də etimoloji janqlyorluğa meyil göstərmədən, birbaşa mötəbər  epik miqyaslarla işləməyə üstünlük verir: qədim (ümum) türk eposu "Oğuz kağan" - Herodotun "Tarix"i - Firdovsinin "Şahnamə"si - "Oğuznamə"lər xətt-xronologiyası ilə Madiva - Franxrasyan - Madyes - Əfrasiyab - Alp Ər Tonqanın tərcümeyi-halını elə panoramlı ölçülərlə bərpa edir ki, tarixdə möhtəşəm rol oynamış bütöv (və hər cəhətdən əzəmətli!) bir Etnosun bioqrafiyası dövrdən-dövrə təhrif olunmuş şəkildə yox, necə varsa, elə görünməyə başlayır. Mahiyyətcə, epos mənşəli "Avesta", "Tövrat" kimi bu və ya digər etnosun maraqlarını əks etdirən dini-ideoloji əsərlərə gəldikdə isə, Azər Turan onları da diqqətdən kənarda saxlamır. "Tövrat"a Nuhdan başlayan şəcərənin konteksti olaraq (əgər belə demək mümkünsə, problemin "tarixəqədər"ki dövrünə aid "neytral" mənbə timsalında) baxırsa, "Avesta"nı, əksinə, aşırı İran təəssübkeşliyi ilə Alp Ər Tonqaya (və Turana) qarşı etnik-ideoloji cəbhə açan "konyuktur" əsər hesab edir. Və həmin münasibətin nəinki min beş yüz il sonra İslam kimi qüdrətli bir dinin əhəmiyyətli redaktəsinə məruz qalmadan bütün aqressivliyi ilə "Şahnamə"də təzahürü, hətta ondan da min il sonra "Azərbaycan tarixi" çoxcildliyinin birinci cildinə (Bakı, "Elm", 1998) təcavüzü göstərir ki, türk, o cümlədən, Azərbaycan ziyalıları sadəlövhcəsinə bu cür təzahür (və təcavüz)lərin bitdiyini gözləməməlidirlər.

"Türkün atası"nda Azər Turan dramatik-analitik üslubuna (təhkiyəsinə) sadiq qalaraq vaxtaşırı ritorik suallar verir, istinad etdiyi milli epos məntiqi ilə cəmiyyəti bu suallar üzərində (və tələb olunan epik miqyaslarda!) düşünməyə, illərlə, əsrlərlə ona təqdim olunmuş "Tarix"ə milləti millət edən qürurlu metodoloji mövqedən baxmağa çağırır ki, həmin mövqe, ilk növbədə, milli Eposa əsaslanır. Odur ki, kitabda Alp Ər Tonqanın (onun özünün, ailəsinin, törəmələrinin) tərcümeyi-halı "türkün çətiri" (Əl Biruni) kimi açılaraq Millətin bioqrafiyasına (milli Tarixə) çevrilir.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə rubrikamda Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti, 2009-cu ildə isə Nobel Sülh mükafatçısı olmuş, akademik, hüquqşünas, memuarçı Barak Obamadır.

 

“Oxumaq vacibdir. Oxumağı bilirsənsə, bütün dünya sənin üzünə açılır”

Barak Obama

 

Qeydlər:

Məqdəsimiz kitabı daha çox sevdirmək, mütaliəni daha da artırmaqdır...

Onlar oxumaqla zirvələrə ucaldı...

Bəs biz kifayət qədər oxuyuruqmu?

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Vaqif Osmanlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu düşüncələrimi bilgisayarın yaddaşına köçürməyə başladığım anda səsinə vurulduğum Nərminə Məmmədovanın həzin səsində telekanalların birində “Pıçıldaşın, ləpələr” mahnısı hisslərimə hakim oldu. Bunu yazının uğurlu olacağına əlamət bildim. Hər əlamətə inanmasam da, musiqinin ilahiliyi məni məndən alıb inandırdı.

 

Mən həm də bu ədəbi təhlilimi dörd kitab müəllifi, pedaqoq, filoloq, şair Brilyant Atəşin “Nənəmin kəlağayısı” kitabındakı şeirlərin təbiiliyinə və səmimiliyinə inandığım üçün yazıram. 

Necə də uğurlu ad və təxəllüsdü. Brilyant və Atəş. Bunlar qol-boyun olub brilyant kimi qiymətli və saf, atəş kimi isti, müqəddəs poetik nümunələrin yaranmasına vəsilə olub.

Onun şeirləri özü kimi səmimidi, duyğularını həzin-həzin ləpələrin ana dənizin qulaqlarına pıçıldadığı kimi pıçıldayır, daşların arasından işıqlı dünyaya can atan büllur bulaq kimi zümzümə edir. Elə ki, haqsızlıq görür, həqiqətə dil uzadanlara, haqqı nahaqqın ayağına yazmaq istəyənlərə rast gəlir, necə deyərlər, üzü dönür, mülayim Atəş, alov dilləri ərşə çıxan tonqala dönüb həqiqət işığından qorxan yarasalara, bayquşlara qənim olur. “Meydan sulayan qoçulara, yaltaqlara, xalqın qanını soran zalımlara, torpağı biznes edənlərə, qansızlara, vicdansızlara” meydan oxuyur - lap Ərəbzəngi kimi.

Onun lirik duyğuları ləpə kimi mülayim, dalğa kimi haraylıdı.

 

Nə tökürsə qələm gözdən, vərəq çəkir köksünə,

Sən yazdıqca bu dünyada hər şey gedir əksinə.

Yazıq millət bu həyatda  nə yatdı, nə diksinə,

Balıq başdan iylənəndə yaltaq sular bulayır,

Zalım xalqın qanın sorur, qoçu meydan sulayır.

 

Yazdıqları söz adamının ədəbi kimiliyidir, sözlə çəkilmiş avtoportretidir. Söz adamının kim olduğunu onun yazdıqları kimi dəqiq bildirən ikinci bir tanıtım testi tanımıram. Süni bəzək-düzək, saxta təbəssüm qəlp adamın içindəkiləri o an necə həndəvərindəkilərə faş edirsə, söz də elədir, sözə xəyanəti heç vaxt bağışlamır. 

Brilyant xanım həmişə, hər yerdə özüdür. İnsanlığı, diqqəti, sözə dəyəri, məsuliyyəti ilə. O, haqqı danmır, sözünü də. Söz onun mənəvi övladıdırsa, “dünyaya Haqla qoşa gəlibsə”, necə dansın, niyə dansın? Axı o, anadır. Övladına nəvazişini əsirgəməyib, mənəvi balasına da. “Daş kəsən, baş kəsən, savaş kəsən sözü ucuzlaşmağa, ucalıqdan enməyə qoymayanlar bircə söz sarıdan acdılar”.

 

Göylərin buludu gözümə dolub,

Çoxu daldalanıb izimə dolub.

Ən gözəl fikirlər sözümə dolub,

Vərəqə tökülən ləlmi, incimi?

 

 Brilyant xanımın yaradıcılığının bir özünəxas bir cəhətini də vurğulamaq yerinə düşər. O, çox yazarlardan fərqli olaraq şifahi xalq ədəbiyyatını, folkloru, klassik aşıq sənətini, ana dilimizi, kənd həyatını  mükəmməl bilir. Onun təcnisləri, qıfılbəndləri, müxəmməsləri, dodaqdəyməzləri, divaniləri, deyişmələri  mükəmməl klassik aşıq ədəbiyyatı  nümunələri səviyyəsindədir. 

Cümşüd Əlinin qıfılbəndinə cavabı bunu təsdiqləyir:

 

Cümşüd Əli:

Şair dostum, o nədir ki, cavab ver,

Kökü göydə, budaqları sallanır.

Nə bulaqdır, çeşməsindən süzülən,

Gah acıdır, hərdən isə ballanır.

 

Brilyant Atəş:

Şair qardaş, eşit deyim düzünü,

O Günəşdir, budaqları sallanır.

Məhəbbətdir, çeşməsindən içirsən,

Gah acıdır, gah da eşqdən ballanır. 

 

 Və bir də:

 

İlahi, yazanda gözəl yazasan,

Bəyaz qarı qışa, gülü yaza san.

Atəşəm, diləyim, sən də yaz asan,

Arzular birləşsin, gedək o yana.

 

Brilyant Atəşin lirik duyğularından tapdığım ləl və incilərlə onun kimliyini sözsevərlərə tanıtmaq istəyirəm. Belə tanıtım, məncə daha obyektiv, daha inandırıcı və əyani olar. Bilirəm ki, həssas oxucunu aldatmaq mümkün deyil. Heç vaxt aldatmaq fikrinə də düşməmişəm. “Düzlük ən yaxşı biclikdi” mənim də məsləkim, məramımdı.

 

Düzlükdən imarət qurasan gərək,

Sözü məqamında vurasan gərək.

Haqqın arxasında durasan gərək,

Yoxsa ki, qəflətdə qalmaq kimidi.

 

Keçək mətləbə...

Brilyant Atəş kimdir? 

Qoy bunu onun misraları desin.

 

“Mən dəryayam, sinəm doldu dalğadı”.

 “Mənbəyi qurumaz axar çayam mən”.

 

Sinəsindəki şahə qalxan dalğalar, kövrək pıçıtılı ləpələr, axarlı yaşantılar onun könül çırpıntıları, ədalətsizliyə üsyanı, azadlıq himnləridi.

Brilyant Atəşin ömür yolu:

 

“Mən bir sönməz Atəş olub hər an zordan çıxmışam”.

“İmana sığındım, Haqqı danmadım”.

“Yaxşıya sarayam, zalıma goram”.

 “Haqqı bürmələyib nahaqqa satmaq,

 “Zülməti nur üstə salmaq kimidi”.

 

Bircə onu qeyd edim ki, Brilyant xanımın şeirlərində “Haqq” sözünün birinci hərfi həmişə böyük yazılır. Bu Haqqın Brilyant Atəş meyarıdı. Haqqa tapınmaq ucalıqdı.

Brilyant Atəşin mücadilə yolu:

 

“Keçmişi kök bilib sabaha çatmaq”.

“Dilim Haqq danışar, heç vaxt kiriməz”.

 

O, Babək, Nəsimi, Sabir, Cavid, Hadi yolunu əzbər bilir, bu yolu şagirdlərinə də öyrədib. O, özü bu yola laqeyd qala bilərmi? Axı müəllim işıq mənbəyidir, zülmətin düşmənidi.

Şair xanım nə qədər çağdaş fikirli olsa da, bir o qədər milli ruhludu, keçmişə bağlıdı.

 

     Brilyant Atəşin həyat eşqi:

     “Qəfəsdə yaşamaq ölmək kimidi”.

     Bunu şərh eləməyə nə ehtiyac?!

     Brilyant Atəşin duası:

     “Bir Allah yetirsin yoxsulun payın,

     Naqisin, nankorun azaltsın sayın”...

     “Dünyamız qorxusuz ola”...

 

O, bu xalqın xanımıdı, öyrədənidi, gənc nəslin zəkasını nurladandı, anadı, nənədi. Bilirik ki, anaların duaları müstəcəb olur. Amin deyək.

      Brilyant xanımın arzusu:

 

     “İgidi el öysün, özü öyməsin”.

     “Qəddimi yaş əysin, Allah əyməsin”.

 

Bu məğrurluq, ucalıq, üzüağlıq, təvəzökarlıq yoludur. Bu yolu gedənlərin  maddi “varı qurtarsa da, etibarı qalır”. El öyən igidlərimiz 44 günlük müharibədə düşmənin dizini qatlayıb “dəmir yumruq”la, dişiylə, dırnağıyla otuz ildən çox doğmalarının yolunu həsrətlə gözləyən torpaqlarımızı azad etdilər. Elin öydüyü igidlər - Brilyant Atəşin “Mübariz”, “Nurdadı”, “Şəhid oğulun anasını qarşılaması”, “Bir şəhid balamızın dilindən” və digər şeirlərinin qəhrəmanlarıdır,  müdrik fikir şairimiz Bəxtiyar Vahabzadənin təbiriylə desək, Vətən torpaqlarına azadlıq toxumu əkənlərdi.

Brilyant Atəşin xalqımızın nənələrinin ulu nənəsi Tomris, Nüşabə kimi düşmənə ciddi qadağası:

 

     “Özgə torpağında at sürmək olmaz!”

 

Ulu Türkün kişisi üçün də, xanımı üçün də torpaq, ana, at ən müqəddəs varlıqlardır.

Brilyant Atəşin dünya malından doymayanlara qəti xəbərdarlığı və qandırması:

 

     “Axırda bir ağda qalacaqsan, ha...

     Əriyib bir torpaq olacaqsan, ha...”

 

Vətən torpağı olmaq ilahi işdi. Vətən oğlu Musa Yaqub “öləndə qoynunda qoy ölüm ki, mən, çürüyüm bir ovuc torpağın artsın” amalı ilə yaşadı. İndi də doğma Buynuzun köksündə müqəddəs qala kimi möhkəm dayanıb, torpağı ilahiləşdirib.

Brilyant xanım düşünür ki, acgözləri, dargözləri, dünya malına qul olanları torpaq qoynuna çəkmək istəməz ki, qucağı çirklənməsin.

     Brilyant Atəşin ana, nənə nəsihəti:

 

     “Bədəni göstərən tüldən uzaq dur”.

 

Bu bu günümüzdən nigaran bir Azərbaycan anasının, nənəsinin həyəcan siqnalıdır. Mənəvi dəyərlərə laqeyd münasibətin gündən-günə qol-budaq atdığı, abır-həyanın gərəksiz əşya kimi kənara atıldığı dövrə gəlib çıxmışıq. Artıq bizim bəzi xanımlarımızın soyunmaqda, lüt-üryan  gəzməkdə, bədənini nümayiş etdirmək üçün dəridən, qabıqdan çıxmaqda tayı, bərabəri yoxdu. İnanın, Avropadakılar bu qədər əndazəni aşmayıblar. Analar, nənələr, küçəyə çıxan, barlarda gecələyən,  intim yerlərini utanmadan göstərməklə fəxr edən, əxlaq normalarına kinayə ilə yanaşan qız övladları böyütmək baş ucalığı gətirmir. Mənəviyyat ölümə doğru gedirsə, onu diriltmək mümkün olmayacaq. Mənəviyyatsızlıq ən ucuz ölümdür. Böyütdükləriniz gələcəyin anası olacaqmı? Bax, budur əsas məsələ!..

Brilyant Atəşin kəlağayı və qara papaq dəyəri və həqiqəti:

 

“Abır-həya təcəssümü, mərdliyin vuran qoludur...

Cana gəlir örtüləndə, qoyulanda dürüst başa,

Nənəmin kəlağayısı, babamın qara papağı”.

     

Brilyant Atəş milli mənəvi dəyərlərə bağlı Azərbaycan xanımıdır. O, başı kəlağayılı nənələrin, anaların, qara papağı başında qeyrətlə daşıyan babaların, ataların övladıdı. Özü də bu gün min illərdir nənələrimizdən miras qalan kəlağayını başına tac edir. Güllü Eldar Tomarlının sədr olduğu Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin fəal və yorulmaz üzvlərindəndir. Birliyin və Güllü xanımın yaratdığı şəxsi “Kəlağayı Muzeyi”inin layihəsi əsasında düzənlənən “Sazlı, Sözlü Kəlağayı Günləri” tədbirlərində rəfiqələri ilə birgə qədim ipək baş örtüyünü təbliğ edir, tanıdır - əməliylə, sözüylə. “Qəmli kəlağayı” şeiri nənənin şəhid nəvəsinin nişan xonçası üçün aldığı kəlağayının taleyindən bəhs edir. Nişanlı el gözəlinə qismət olmayan həmin kəlağayı qarşısında qızlarımız sədaqət andı içib sevdiyi oğlana, səadətinə qovuşmalıdırlar. Onda ailə münasibətlərinə daha ciddi yanaşarlar, ocaq kimi onu qoruyarlar. İndi həmin kəlağayı Güllü xanımın muzeyində özünə etibarlı yer tapıb. Sədaqət andı içmək üçün bir müqəddəs yer də o muzeydir.

 Brilyant Atəş dünyaya meydan oxuyur:

 

     “Keçmədim heç zaman dişinə, dünya”.

     

Həyat mübarizləri sevir. Əbu Turxana görə, ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. Eşqiniz tükənməsin, Brilyant xanım. “Şairin qabiliyyəti və istedadı xaosdan harmoniya yaratmaqdır” (Aleksandr Blok). Harmoniya həyatın nüvəsidi, yaşam stimuludu.

Brilyant Atəşin sözsevərlərə minnətdarlığı: 

 

     “Atəşi oxuyub qanana qurban”. 

 

Kitabın, uğurlu, müdrik sözün dəyərinin azaldığı çağdaş zamanda Brilyant xanımın söylədiyi həqiqət narahatlığa tam əsas verir. Kitabı oxuyub, ondan aldığı mənəvi qazanca görə oxucu söz adamına təşəkkür etmək əvəzinə, söz adamı oxucuya qurban olmağa hazırdı. Doğrudan da, “çərxi-fələk tərsinə dövran edir indi”. Uca ruhun qarşısında baş əyirəm, ey böyük, uzaqgörən Sabir!

Brilyant Atəş mənəvi övladlarından nigarandır:

 

     “Səni əzizləyib de kim olacaq,

     Ən axırda yiyən, şeirim mənim?”

 

     Həqiqi sözün aşiqləri yiyə duracaq, şair xanım. 

     Brilyant Atəşin vəsiyyəti:

 

     “Məni bir çinartək yol üstündə ək”.

 

     Sözüylə, şəxsiyyətiylə sözü məğrur çinar kimi ucaldanlar ölməzdir, Brilyant xanım...

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış naşir Səbuhi Şahmursoyun dilimizə çevirdiyi Danile Kuinin “İsmayıl" romanı barədə Taryel Abdullayev məqaləsini diqqətinizə çatdırır. 

 

Həbsdə təkrar oxuduğum ən gözəl kitablardan biri, insan mədəniyyətinə kənar gözdən baxmaq - Danile Kuinin "Ismayıl" romanı. 

Kitab demək olar ki, İsmayıl adlandırlan bir qorilla-insanın insan-təbiət əlaqəsinə dair dialoqlarını ehtiva edir. Qorilla seçilməsinin səbəbi insana yaxın zəkaya sahib, ancaq insan olmayan bir canlı növü ilə insan mədəniyyətinə kənar gözdən baxmaqdir...

Kitabın əsas şüarı belədi: "İnsanlığın kökü kəsildikdən sonra qorilla üçün ümid olacaqmı?"

Kitabın mövzusunu izah etməkdənsə verdiyi mesajların üzərində durmaq daha maraqlı olardı. Məsələn, insanın xüsusi olması. 

Klassik dini düşüncə kainatın insan üçün yaradıldığını deyir. Bir zamanlar insanlar kilsənin əlində bayraq etdiyi antropik qanuna əsaslablr, kainatın, günəş sisteminin yalnız insan üçün var olduğunu düşünürdü. Bu düşüncəyə görə, kainatdakı hər bir varlıq, hər cisim, hər ulduz, hər toz buludu insan üçün xüsusi olaraq yaradılıb. Kilsə düşünürdü ki, onların inancına görə, Tanrının bir növ görünüşü və ruhu olan İsa Məsih dünyada mövcud olubsa, demək ki, insan kainatın yeganə sahibidir və onun mərkəzində olmalıydı.

Lakin sonra Qalilley və Kopernik kimi elm adamları səhnəyə çıxdı və bizə günəş sisteminin mərkəzində yer deyil, günəş olduğunu, günəş sisteminin nəhəng bir qalaktikanın kənarında kiçik bir məhlə olduğunu, qalaktikamızın da kainatı meydana gətirən yüz milyardlarla qalaktikadan sadəcə biri olduğunu göstərdi. Bu fikirlər ilk dəfə irəli atıldığı zaman buna qarşı çıxırdılar. Hətta Kopernik öz qanunlarını ortaya qoyduğunda ona qarşı olan dindar kütlə “Yer Kainatın mərkəzindədir və bütün göy cisimləri onun ətrafında fırlanır. Kopernikin sözləri şeytanın sözləridir və yalandır” deyirdilər.

Danile Kuinin "Ismayıl" kitabının mövzusu ilə bir növ həmin tarixə geri dönürük, bizə bir daha kainatın mərkəzində olmadığımızı, insanın xüsusi növ olmadığını, təbiətdə var olan milyonlarla növdən yalnız bir olduğunu bir qorillanın dili ilə çatdırır.

Tomas Hobbsun bir deyimini oxumuşdum: "İnsan varlığını davam etdirmək üçün daima digər insanlarla savaş içində olur". Məncə, Hobbsun bu yanaşması bir az əksikdi. İnsanın mövcudluğunu qorumaq üçün özü də daxil olmaqla, bütün canlıları istismar edən, məhv edən bir növ olduğunu deyə bilərik. Həqiqətən, insan -  təbiətdəki ehtiyacından daha çox şey təmin edən, kefinə görə öldürən, ürəyi istədiyi hər şeyi edən heyvan növüdür. Aslanın ceyranı təbiətdə öldürməsinin yeganə səbəbi qidalanmaqdı, insan isə kefinə görə qatil ola bilir. Bax Danile Kuinin bu məsələni kitabda qabardaraq insanın bu planetin sahibi olmadığını əsaslandırır.

Kitab oxuduqdan sonra National Geographic sənədli filmlərini fərqli bir gözlə izləməyə başlayacaqsınız. Çünki iki cümlədən biri həqiqəti əks etdirir. İnsanlığın təbiətə qarşı müharibəsi, təbiəti məhv etməsi və qalibiyyəti. Vəhşi meşələr dəhşətlidir, bunun əvəzinə biz istədiyimiz şəhərlərdə yaşıllıqlar yaradırıq. Vəhşi heyvanlar pisdir, buna görə hər biri sayılır, bəziləri zooparkda həbs olunmalı, bəziləri damğalanmalı, insan adları ilə adlandırılmalı və təbiətdə əhilləşdirilmiş heyvanlara çevrilməlidir. 

Bu kitabı oxuduqdan sonra sanki heyvanların bizim haqqımızda nə düşündüyünü öyrənəcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

“Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsi başa çatdı, qaliblər mükafatlandırıldılar. 

 

“Ədəbiyyat və incəsənət” portalının da xəbər verdiyi kimi, müsabiqənin mükafat yerləri aşağıdakı kimi bölüşdürüldü:

I yer: 

Cavid Qasımov;

II yer: 

Rəşad Nağı Mustafa, 

Allahşükür Ağa;

III yer: 

Eminquey, 

Seyyidəli Sübhi, 

El Roman

Beləliklə, 10 finalçıdan 6-sı mükafatlandırıldı. Amma digər 4 finalçının da şeirləri diqqətçəkən idi və ən azından portalımızda dərc edilərək geniş oxucu kütləsinə təqdim edilməyə dəyər. 

Bu gün Pərviz Qurbanlının şeirlərini təqdim edəcəyik.


Bu evin qapısı daha döyülmür,
Divarlar həsrətdir insan səsinə.
Xaraba qalmış da elə soyuqdur,
Əllərim qızışmır öz nəfəsimə.


Pəncərə önündə solan çiçəklər
Hələ də unutmur xatirələri.
Yalvarır hər səhər doğan günəşə
Qaranlıq otağın pəncərələri.


Bir taxtabiti də yeyir divanı,
Niyyəti taxtımdan salmaqdı məni.
Nə qədər qəribə olsa da belə,
Evimdə yaşayır evin düşməni.


Sonra bir taqqıltı yayılır evə,
Özün yerə atır anamın şəkli.
İntihar etdimi görəsən, yoxsa,
Mənə xatırlatdı öldüyü ili?


Nəhayət qapımız döyüldü, Allah,
Mən dəli olardım yoxlamasaydın.
Qoşulub əcələ gələrdim Vallah,

Bir şəkil dalımca ağlamasaydı.

 
*

Gecə saat bir olar, düşünürəm..
Saat on ikidən süzdüyüm çay soyuyur,
üşüyürəm...
Qurunun oduna yaş da yanır,
sobadakı çır-çırpı qışqırır, diksinirəm.
Gecə saat bir olar, düşünürəm...

 
Pəncərədə bir pişik miyoldayır,
xəstə atam hərdən durur, danlayır.
Bir yarımçıq ümidlə yanında əyləşirəm,
Gecə saat bir olar, düşünürəm...

Soba sönür, çay soyuyur, pişik hələ miyoldayır , 
atam amma deyinmir.
Gecə saat bir olar düşünürəm...

 

“Ədəbiyyat və incəsənət” 

(21.06.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Siqa-palçıqda-nın hazırlanma qaydasını təqdim edəcəyik.

Düzü, bir az qeyri-adi hazırlanma qaydası var, şaşıracaqsınız. 

 

DÜSTUR:

§ Balıq – 175 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Siqa balığı yarılır, qəlcəmələri, içalatı təmizlənir. Təmiz çit parça ilə silinib təmizlənir. Duz, istiot vurulur. Pulları təmizlənmədən hər tərəfi sarı palçıqla suvanır, közdə basdırılır. Təqribən yarım saat ərzində hazır olur. Qurumuş palçıq döyəclənib sındırılarkən balığın pulları da tökülür. Hazır balıq nimçələrə yığılıb, süfrəyə verilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Cümə, 21 İyun 2024 13:03

Uğur böcəyi və dilemma - ESSE

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Gecə erkəndən yatıb səhər günəşlə birlikdə yuxudan oyandım.

Səba küləyinin gətirdiyi təmiz havanı bir nəfəsdə ciyərlərimə doldurub, küləyin üzümdə, saçlarımda dolaşan sərin nəvazişlərini hiss etdim. Məşriqin qızarmış al yanaqları sanki yeni oyanan hər kəsə “sabahın xeyir” deyirdi.  Bir ovuc dolusu buz kimi soyuq suyla bütün dünəni üzümdən yuyub yepyeni bir günə başladım. Tam da Anton Çexovun təsvir etdiyi kimi idi bu açılan yeni gün. O qədər gözəl idi ki, çaymı dəmləyim, yoxsa gedib özümü asımmı, qərarsız qaldım. Lakin dibçəklərdəki çiçəklərin gözünün boylanıb üzümdəki su damlalarında qaldığını görəndə o saat nə etmək lazım olduğunu anladım. Torpağına tökdüyüm suyu bir udumda canına çəkən çiçəklərin kövrək tumurcuqları geniş açılan çəhrayı ləçəkləriylə sanki mənə minnətdarlıq edirdi. Sıçrayıb ləçəklərinin üstünə qonan balaca su damcıları elə bil çiçəklərin gülən üzündəki qəmzəydi. Budur elə günün ilk qonağı da yaşıl yarpaqların arasından təşrif buyurdu. Qara xallı qırmızı paltarı olan kiçik bir uğur böcəyi idi bu.

Onu görcək sövqi-təbii bir epizod canlandı gözlərimin önündə.

 

Gənc bir qadın çöməlib bağçadakı gülləri əhatələmiş alaq otların təmizləyir. Və saçları keçi yığılmış balaca bir qız uşağı güllərin arasında gəzib onların qopub yerə düşmüş çiçəklərini toplayır.

"Aaaa ... Ana... ana ... bax uğur böcəyi tapdım, gör nə qəşəngdir"-, balaca qız otların arasından tapdığı balaca uğur böcəyini ovcunun içinə alaraq anasına göstərir.

-Elədir, çox gözəldir.

-Ana, olar onu özümlə birlikdə evə aparım? Kitab rəfimdəki kitabların, yada güldandakı çiçəklərin üstünə qoyaram.

"Mənim daha yaxşı bir fikrim var"-, deyərək Ana uğur böcəyini ehmalca qızının balaca ovcundan öz ovucuna doğru istiqamətləndirərək sözünə davam edir.

-Bilirsən, uğur böcəklərinin xüsusi bir misiyası var, onlar insanların rastına elə-belə çıxmır. Onlar insanları anlayırlar və əgər insanlar uzaqlarda olan doğmaları üçün çox darıxırlarsa uğur böcəkləri uçub onların darıxdıqları doğmalarını onların yanına gətirə bilirlər. Əgər sən uğur böcəyindən gedib sənin üçün çox sevdiyin bir insanı gətirməsini istəsən və onu uçub getməsi üçün havaya buraxsan, o uçub tez bir zamanda darıxdığın o insanı sənə gətirəcək.

 

*

Bəlkə də o gün anamın sırf mən uğur böcəyini incitməyim, onu rahat buraxım deyə uydurduğu bu nağılı o qədər sevmişdim ki, o gündən sonra harda bir uğur böcəyi görsəm onu ehmalca ovcuma alaraq uşaq ağlımla ondan gedib sevdiyim bir insanı bizə qonaq gətirməsini istəyər və onu aid olduğu təbiətə geri buraxardım. Uşaq yaşlarında bu insanlar çox zaman ya bir dayı olardı mənim üçün, ya da bir bibi. Xatırlamıram o vaxtlar uğur böcəyi ondan gətirməsini istədiyim insanları gətirirdimi mənə, ya yox, amma zaman keçdikcə uğur böcəyindən heç kəsi istəmirdim daha, bəlkə də böyümüşdüm, uşaq deyildim və bu nağıl öz sehrini itirmişdi mənim üçün, ya bəlkə də ondan gətirməsini istəyəcəyim bir kimsə yox idi artıq, bilmirəm...  

Lakin aradan çox uzun illər keçəndən sonra bir gün mən yenə uşaqlığımdakı kimi inanmaq istədim nağıllara və ilk dəfə yenə uğur böcəyindən mənə bir insanı gətirməsini istədim. Amma nəinki uğur böcəyi o insanı gətirdi, əksinə, o insanla aramızdakı "məsafələr" daha da artıb dibsiz bir uçuruma döndü. Və bu uzaqlığın, bu məsafənin özü də mənim ruhumda dibsiz uçurum kimi qara bir boşluğa çevrildi.

 

*

Və bu gün mən güllərin yarpaqlarının arasından mənə qonaq gəlmiş o uğur böcəyindən bu dəfə çox fərqli birşey istədim. Ondan içimdəki dibsiz qara boşluğa işıq saça biləcək kiçicik bir xoşbəxtlik gətirməsini istədim. Axı xoşbəxtlik də artıq uzaqlardakı bir doğma kimi idi mənə. Amma eyni ilə bir uşağın nağıllara inandığı kimi, böyük bir inamla istədim bunu.

Bilirsiz, böyük bir inamla istədim dediyim o duyğu nəyə bənzəyirdi?

Həyat gözəldir dedikdən bir il sonra intihar edən Çaykoviskiyə... Bəli həyat belədir, bu gün sənə gözəl olduğunu diktə etdirərkən, sabah intihar da etdirə bilir.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.