Super User
POETİK QİRAƏTdə Narıngül Babayevanın “Qarışıq şeir”i
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yeni təqdimatdır, yazar Narıngül Babayevadır. Adətən hekayələrlə portalımızda görünən Narıngül xanım bu gün fərqli ampluadadır. “Qarışıq şeir”də bir qədər nostalgiya var, bir qədər niskil. Amma daha çox pozitivlik. Pozitiv sonluq bu kədərli şeirə sonda bir can verir sanki.
Xoş mütaliələr!
Qarışıq şeir...
Unutdunmu, dostum?
İndi bu şəhərdə
Qara div kimidir
Böyük göydələnlər.
Böyük göydələnlər ev olar, dam olmaz.
Quşlar yuva qurmaz.
Quşlar hürküb uçar.
Hanı bu şəhərin neft iyi,
Hanı mazut iyi?
Külək alıb qaçar.
Unutdunmu, dostum?
Sən özün hardasan?
Unutdunmu, dostum?
Gizlənpaç oyunu kimidir ömrümüz.
Mən varam, sən yoxsan.
Mən yoxam, sən varsan.
Bir gün şəhər-şəhər köçərsən,
Sonra küçə- küçə qayıdıb gələrsən
Bütün küçələrdə özünü taparsan,
Bütün küçələrdə azarsan.
Bakı qayıtmaq üçündür.
Bakı ovutmaq üçündür.
Bakı unutmaq üçündür.
Darıxsan, bilet al
Parisə, Londona,
Ufaya,
Perimə, Hataya...
Hər yerə bilet var.
Yetər ki, bilet al.
Şəhərə nə var ki,
Atıb getmək olur.
Amma ki, özündən
Getmək olmur, dostum.
Bunu sən bilirsən...
Bunu sən bilirsən-
Bütün gedişlərin qiyməti bahadır.
Bütün qayıdışlar havayı.
Qarşıda nə var ki, yollardan savayı?..
Unutdunmu, dostum?
İndi sən
Mənim ölkəmdəki
Heç bir xəritədə olmayan şəhərsən.
Çoxdan köçmüş şəhər.
Daha nələr, nələr.
Paslı qıfıl kimidir, bütün xatirələr.
Bir də ki,
Günəş eynidir, dostum,
Şəhərin "Tarqovli" küçəsində.
Yaxud da ən ucqar dağ kəndinin
Ən ucqar guşəsində.
Günəş eynidir, dostum.
Yetər ki, sən gülümsə.
Günəş göydədirsə,
Gülümsə...
Ədəbiyyat və incəsənət”
(24.06.2024)
“Dünyanın finalına hələ çox qalırdı…” - HƏMİD HERİSÇİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Həmid Herisçinin "Şiircə" silsiləsindən şeirlərini təqdim edirik.
1.Qordi düyünü
Süfrəni dəyiş, bircə əl hərəkətinlə.
Sevgini də təzələ, bircə ürək döyüntünlə.
Yaxanın bircə düyməsini, bircə cümləsini aç sonra.
Qordi düyünü yaxamızdakı elə həmin o düymədəydi, biləsən.
Dükan vitrinlərindəki manikenlərədir son umudum.
Sevgi əzablarını görüb də, diriləcəklər mütləq.
Yaxalarındakı düyməni də özləri açacaqlar.
Bizsiz.
2.Kölgələr itəndə
Kafenin içalatından
bir haykırtı qopdu qəfil:
"Dur burdan!
Liftçiyimin üstündə oturubsan!"
Siqaretsiz gecəyə nifrət etdi küncdəki müştəri.
Papağımı yan qoydum ki, özümə oxşamayım.
Bir də gördüm kimsə mənim kölgəmlə danışır.
Kölgəm boşanmışdı sanki məndən.
Öz kölgə həyatı ilə yaşayırdı.
Mənsizdi
və tam mənasızdı bu küçələrarası qaranlıq otellərdə.
3.Final
Yüksək gərginli elektrik xətləri altında dayanmışam.
Ana həyət qapısından ayrılmadan,
öz uşağına "Final!" nidasını göndərdi.
Özü də təkcə bir dəfə demədi bu qorxunc sozü,
Dəfələrlə təkrarladı.
Özü də, hər dəfə ucalan, yüksələn bir səslə
təkrarladı bu məhşər məzmunlu sözü.
Axırda bəlli oldu, məsələ bir o qədər də
faciəli deyil burda mənimçün,
Elə bu anadan ötrü də.
O sadəcə, oğluna "Final" yağı almağı tapşırırmış.
Səmadan qaranquş fəğanı gəlirdi.
Günəş də batırdı,
Elə bil uzaqlarda deyil də,
Lap yaxınlığımda.
Qaranquş fəğanını bir daha dünyanın ən guclü nəğməsi bildim,
Dünyanın finalına hələ çox qalırdı, deyəsən.
4.Söyüş
Qəfil ağzımdan üçmərtəbəli söyüşlar qopdu.
Kimi söyürdüm mən?
Fatalistlər kimi qoca zəmanənimi söyürdüm, bəlkə?
Yoxsa, qapıbir qonşumdan bezib...
Bəlkə səbəbkar siyasi qüvvələrdi?
Qapımıza yapışdırılmış növbəti kommunal ödəniş qəbzidir?
"Bolt" taksilərinin nazlanmasıdır müştəriləri qarşısında?
Yox...
Söyüşümün bircə ünvanı var, deyəsən...
Deyəsən, artıq özümü söyməyə başlamışam.
5.Modern sevda
Süni intellektlə sevişdim -
ancaq nə adını dedi mənə, nə çöhrəsini göstərdi,
Ən qaranlıq küçə səkilərindən gəldi səsi.
Kölgəsi, "İnterbellum" dükanına girdi, çıxdı.
Mənə öz hədiyyəsini paketlədi bir bahalı ünvanda.
Qapımı, çox musiqili cırıldatdı.
Baletdəki hərəkətlərlə hüzuruma tələsdi,
Dematereallaşdı, əlimi sıxınca.
Mənlə çəkdirdiyi fotoları anında sıfırladı.
Gedincə, çarpayımın altına baxdım,
Masama təzə üzqırxan buraxıb getmişdi.
Yazmışdı: "Sifətin tüklüdü. Üzümü qızartdın".
Etirafını, iradını qəbul edincə, yenidən pərdəarxasından,
bütün qacetlərdən göz vurdu mənə.
Musiqimizi özü bəstələdi,
Qəhvəni, təkcə özü bildiyi bir üsulla dəmlədi.
Kölgəsi, hələ də evimdədi,
Özü, isə AZdrama pərdələri arxasında itdi.
6.Tüstülü ünvanlardan
İtirdiyin gözəli çoxxx...çox sonralar
bir bahalı dükanın geyim kataloqunda tapdınsa...
Həyat davam edir.
Qəhvəni xahiş et, tünd dəmləsinlər.
Get, otur bir tüstülü, uzaq ünvanda,
Gələcəyə ordan bir yol axtar,
Geriyə boylanma bir daha.
Öz kölgənə salam ver.
Cavab salamı eşitsən, diksinmə.
7.Bəxtsiz bloqqer
"Qəşəng hava var,
Əsil, odun sobasında kartof dilimi havasıdır.
Sən dilimləyəsən, yar duzlaya.."
Harda, hansı xarabada, hansı internet küncündə eşitdim bu şeri?
Barmağımdakı gümüş üzüklə
taqqıldatdım yazı masamı da, yaddaşımı da.
Bəxtsiz bir bloqqer düşdü yadıma:
Bağımızın açarını istəmişdi bir gün məndən.
SMS-lədi bu xatirə məni.
Əl telefonumun musiqisi də
çox uyğun idi
bu isti nəfəsli xatirəmə.
8.Anamdan sonra
Pensiya fondundan evimizə gəldilər,
Yoxlamaydı.
Anamı yoxlayırdılar,
Diridi hələ?
Yoxsa, çoxdan ölüb?
Təqaüdünü özümü alır, yoxsa, başqası?
Anam qışqırdı sifətlərinə - "Sağam. Hələ ölməmişəm ki!"
Bildilər, hə..anam hələ sağdı.
Tərs baxdılar biz tərəfə,
Çayımızı içmədən durdular süfrə arxasından.
Divara vurduğum paslı mismara
öz bahalı plaşlarını etibar etmədilər,
Elə üst geyimlərində qaldılar.
Az sonra anam öldü.
Anamı bax, beləcə öldürdülər,
Vallah.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
Unudulmaz sevgi şeirləri: Zivər Ağayeva, “Unuda bilmirəm"
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Zivər Ağayeva adı çoxunuza heç nə demədi. Amma bir vaxtlar - sovet dönəmində onun şeirləri, sözlərinə yazılan mahnılar çox populyar idi.
“Unuda bilmirəm” şeirində böyük səmimiyyət var.
Sən gəlməsən, necə xoşbəxt olum mən?
Dağıtmısan bu dünyamı, getmisən…
Bəli, əfsus ki, gedənlər həmişə bizdən nələrisə aparır.
Əfsus!
Zivər Ağayeva
“Unuda bilmirəm"
Demirəm ki, çiçək idin, solmusan,
Yuxu olub, gözlərimə dolmusan.
Ürəyimdə buz bağlayıb donmusan,
Yenə səni mən unuda bilmirəm.
Yolların da geri döndü, ay gedən,
Bilmədim ki, sən xoşbəxtsən, ya da mən.
Qəm yükündən saçlarıma düşüb dən,
Yenə səni mən unuda bilmirəm.
Həsrətindir dağa enən duman, çən,
Sən gəlməsən, necə xoşbəxt olum mən?
Dağıtmısan bu dünyamı, getmisən,
Yenə səni mən unuda bilmirəm…
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Səbzə-balıq
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Səbzə balığın hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Balıq – 175 qr
§ Üzüm yarpağı – 40 qr
§ Alça – 10 qr
§ Tərxun – 20 qr
§ Keşniş – 20 qr
§ Şüyüd – 20 qr
§ Duz – 4 qr
HAZIRLANMASI:
Balıq (əsasən, forel) təmizlənir, onurğa sümüyü çıxarılır. Qazana üzüm yarpağı, tərxun, keşniş, şüyüd düzülür. Balıq göyərtilərin üzərinə qoyularaq bükülür. Yuxarıda adları çəkilən göyərtilər doğranır və alça ilə birlikdə qazana əlavə edilir. Öz suyunda vam odda bişirilir. Xörəyə soğan da əlavə oluna bilər. Həmçinin balıq hissələrə ayrılıb üzüm yarpağı və göyərtilərə bükülə də bilər.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
Olan yerdən - MİNİATÜR HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Xeyrəddin Qoca taksiyə minir. Sürücü başlayır şikayətlənməyə:
-Yenə səhər-səhər qanım qaraldı. Qaz pulu, işıq pulu, su pulu üçün gəlmişdilər.
X.Qoca dillənir:
-A kişi, bazardan havayı bir kiloqram pomidor ala bilərsən? Qaz, işıq, su işlətmisən, pulunu ödə də...
-Qaqaş, olan yerdən də...
Evinin yanına çatanda Xeyrəddin Qoca taksidən düşərək sürücüyə pul vermədən aralanır.
Sürücü:
-Qaqaş, gediş haqqını ver də!..
X.Qoca:
-Qaqaş, olan yerdən də! - deyə cavab verəndə görür ki, sürücü əsəbiləşir, qayıdıb gediş haqqını ödəyir.
Ədəbiyyat və incəsənət”
(24.06.2024)
“Ömrüm sənsiz olmasın…” - NİGAR RƏFİBƏYLİNİN DOĞUM GÜNÜNƏ
Könül, “Ədəbiyyat və incəsənət”
Dünən Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günü idi. Ötən əsrdə Azərbaycan Sovet poeziyasının say-seçmə qadın şairlərindən biri, məhəbbət və gözəllik tərənnümçüsü olan Nigar xanım bir başqa Xalq şairinə - Rəsul Rzaya həyat yoldaşı olmuş, bir başqa Xalq yazıçısına - Anara analıq etmişdir.
Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. O, əvvəlcə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb.
N.Rəfibəyli ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Elə ilk şeirindən ədəbi mühitdə rəğbətlə qarşılanan gənc şairin şeirlər kitabı 1934-cü ildə nəşr olunub. Kitabda toplanmış yaradıcılıq nümunələrində Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edilib.
Nigar xanım hələ gənclik illərindən başqa xalqların inqilabi mübarizəsini, həyatlarında baş verən ictimai-siyasi prosesləri bir ziyalı vətəndaş olaraq izləyib, öz əsərlərində bu hadisələrdən bəhs edib. Onun “Dolores İbarriru” (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. Şairin “Cəmilə” şeirində isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsi, gələcəklə bağlı arzu və istəkləri böyük məhəbbətlə tərənnüm edilib.
Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşayıb. Sözündə və əməlində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Yaşadığı dövrün gerçəklikləri müxtəlif mövzularda yazdığı poetik əsərlərinin mövzusu olub. Belə ki, təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları Nigar xanımın əsərlərinin leytmotivini təşkil edib. Onların arasında “İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən” kitabları (1957) nəşr olunduğu vaxtlardan böyük oxucu marağı və sevgisi ilə qarşılanıb.
Nigar Rəfibəyli öz yaradıcılığında uşaqları da unutmayıb, onlar üçün də poetik ilhamla, böyük sevgi ilə əsərlər yazıb. Şairin müxtəlif illərdə çap olunmuş “Balaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978) kitabları balaca oxucularının sevdiyi kitablardan olub.
Onun bir çox şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən ifa olunub. Həyat yoldaşı Azərbaycanın Xalq şairi R.Rzaya həsr etdiyi və görkəmli müğənni Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil edilmiş “Alagözlüm” mahnısı bu gün də hamının sevərək dinlədiyi ən gözəl əsərlərdən biridir. Bu cür sevilən bir başqa mahnı da “Aman ayrılıq” mahnısıdır.
Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatı da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, şair həyatı boyu ədəbi yaradıcılığını poeziya ilə yanaşı, tərcümə sahəsində də aparıb, hər ikisində böyük sənətkarlıq nümunələri yaradıb. Onun tərcümə əsərlərinin sadəcə adlarına diqqət edəndə yaradıcılığının bu qolunda da necə bir mükəmməllik yaratdığının şahidi oluruq.
Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanım Rəfibəylinin tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.
Nigar Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
GÜLÜŞ KLUBUnda küçə asfaltlanması barədə tapmaca
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Yoxsullula mübarizə heç də yoxsulların öldürülməsi deyil!
2.
Həvəskar kolbasası bir ay fitneslə məşğul oldu və doktor kolbasasına çevrildi.
3.
Nurəli zibilə düşüb. Facebook-da bir qızın şəklinin altına layk qoyub, indi qızın qardaşları dirəniblər ki, bəs namus məsələsidir, qızı almalısan.
4.
Rus lətifəsi.
Moskvanın küçəsi.
QAİ inspektoru bir köhnə 06-nı saxlayır. Gürcü sürücüyə deyir:
-50 manat ver get.
Sürücü başını bulayır:
-Xeyir olsun? Vermirəm. Məndə heç bir çatışmazlıq yoxdur.
QAİ inspektoru tərs-tərs təpədən dırnağa sürücünü süzüb soruşur:
-Sənədlər var?
-Var.
-Qaydasındadır?
-Bəli.
-Ödənməmiş cərimən var?
-Yoxdur.
-Texosmotrdan keçibsən?
-Bəli.
-Sığorta var?
-Var.
-Apreçka var?
-Var əlbəttə.
-Oqnetuşitel var?
-O da var.
QAİ serjantı ah çəkir.
-Yaxşı, maqnitolan var?
-Var.
-Qoş oxusun.
Gürcü sürücü Ləzginka musiqisini qoşur. Serjant ortaya düşüb oynaya-oynaya deyir:
-50 manat ver, get.
Gürcü ikiqat təəccüblə “niyə verim ki?” soruşanda serjant təngnəfəs deyir:
-Adamsan, adam balasısan, görmürsən, səninçün oynayıram?
5.
Səfeh suallara biz cavab vermək istəmirik, ağıllı sualların isə cavabını bilmirik.
6.
Tapmaca.
Niyə bir küçəni beş ildir ki dalbadal qaşıyıb yenidən asfaltlayırlar, bir küçənisə otuz beş ildir ki, dağılsa da asfaltlamırlar?
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
Azərbaycanlı jurnalistin adı Niderlandda 30 ən yaxşılar siyahısında
Niderlandda fəaliyyət göstərən tanınmış azərbaycanlı jurnalist Vüqar Abbasovun adı Avropa Xəbər Agentliyinin (European News Agency) 30 ən yaxşı jurnalisti (Top 30 ENA-journalisten) siyahısına salınıb.
“Ədəbiyyat və incəsənət” portalı bu barədə sosial mediada paylaşım edən Vüqar Abbasovla əlaqə saxlayıb. Vüqar Abbasov deyib: “2008-ci ildən Niderlandda yaşayıram. Burada ikinci təhsilimi sosial xidmətlər üzrə almışam. Azərbaycanda isə Qərb Universitetini "Politologiya" ixtisası üzrə bitirmişəm. 1993-cü ildə AZTV-də fəaliyyətə başlamışam və elə o ildə də Azərbaycan Jurnalistlər Birliyinin üzvlüyünə qəbul edilmişəm. Atam da jurnalist olub, “Günün Ekranı” xəbərlər proqramında işləyib. Bu sahəyə də məhz buna görə gəlmişəm. Niderlanda gəldikdən sonra xeyli müddət yerli jurnalistlər birliyinin üzvü oldum. Müxtəlif sayt və qəzetlərdə onlarla yazılarım, müsahibələrim yayımlanıb. Bir neçə dəfə yerli radiolarda qonaq olmuşam. Radio proqramların birində Azərbaycan musiqisindən söhbət açmışam və həmin proqramda musiqilərimiz səslənib. Burada dostlarımla birlikdə “Connect” təşkilatı yaratmışıq.
Müxtəlif tədbirlərimiz olub ki, bunlar barədə Niderland mətbuatında çoxsaylı məlumatlar gedib. Hazırda təşkilat olaraq fəaliyyətimiz, bəzi səbəblərdən, ancaq lokal xarakter daşıyır. Artıq bir neçə ildir ki, mərkəzi ofisi Almaniyada olan GNS Press Jurnalistlər Birliyinin üzvüyəm və Avropa Xəbər Agentliyi (European News Agency) ilə əməkdaşlıq edirəm. Jurnalistlər birliyinin Avropa üzrə 8000 üzvü, agentliyin isə 146 əməkdaşı var. Mənim üçün olduqca xoş oldu ki, adım agentliyin 30 ən yaxşı jurnalisti siyahısına salınıb".
Biz də Vüqar bəyə uğurlar arzuyırıq. Avropa və Amerikanın media şəbəkəsində bizimkilərin sayı olduqca azdır, barmaq hesabı ilə hesablanacaq saydadır. Odur ki, Vüqar Abbasovun əldə etdiyi bu uğur sıradan uğur sayıla bilməz.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
Günün fotosu: Avropaya dəhşətli istilər gəlir
Günün fotosu: Avropaya dəhşətli istilər gəlir
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Foto: AP
Bizdə iyun hələ ki elə də isti keçmir. Şənbə günü səhər yağan leysan isə sanki ruhumuza bir sərinlik çilədi. Zira, Avropa dəhşətli istilərlə baş başadır. Xüsusən, Cənubi Avropa, ələlxüsus, İtaliya.
Euronews kanalında nümayiş etdirilən bir süjetdə Şimali Afrikadan gələn qaynar küləklər tərəfindən idarə olunan isti hava axınlarının Cənubi Avropanı əhatə etməsindən danışıldı. Xüsusilə İtaliya və Balkanlarda temperatur sürətlə yüksəlir.
İtaliyanın səkkiz şəhərində yaxınlaşan dəhşətli istiliklə bağlı xəbərdarlıqlar yayılıb.
Meteoroloqlar deyirlər ki, bu il özündə ən isti il olmaq riski daşıyır və Siciliyada 2021-ci ildə qeydə alınan rekord dərəcədə isti - kölgədə 48,8 dərəcə bu il dəyişilə bilər.
Bu arada onu da əlavə etmək istəyirəm ki, anomal isti hava insanlara yaşından, fitnessindən və sağlamlıq vəziyyətindən asılı olaraq müxtəlif yollarla təsir edir.
Londondakı bir qrup elm adamı, professor Lyuis Halsey ilə birlikdə istilik axınpndan əziyyət çəkəndə insan orqanizminə nə baş verdiyini müəyyənləşdirməyə çalışıblar.
Lyuis Halsey fiziologiya professorudur, Rohampton Universitetində çalışır. O, deyir:
"Əgər temperatur 40 dərəcədən yuxarı qalxarsa, biz artıq risk zonasındayıq. Bəzi insanlar keçinə bikəcək, bəziləri isə fəsadlarla üzləşəcək. 40 dərəcədən yuxarı istilərdə bəzi orqanlar fəaliyyətindən imtina etməyə başlaya bilər. Bunun səbəbi protein denaturasiyası ola bilər. Yəni istidə zülallar şəklini dəyişdirir, bu da bəzilərinin parçalanmasına səbəb olur. Bunlar bədənin həddindən artıq istiləşməsinin ilk qorxulu əlamətləridir."
Bəli, həyəcan təbili çalınır. Qlobal istiləşmə get-gedə özünü göstərməkdədir.
Allah hər kəsin köməyi olsun!
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)
Sözün işığında əsrarəngiz cığırlar açan Yusif Nəğməkar - OXUCU SÖZÜ
Hikmət Məlikzadə, “Ədəbiyyat və incəsənət” üçün
Bu günlərdə şair Yusif Nəğməkar növbəti doğum gününü növbəti uğurlarla qeyd etdi. Bu yazıda onun yaradıcılığı barədə oxucusunun ürək sözləri yer alıb.
Yusif Nəğməkar ədəbi hadisədir...
Allah onu elə-belə şair etməyib
Adı peyğəmbər adı, soyadı Allaha pənah, lütf və səcdə (haqqı), ata adı Mütləq Müqəddəsə (Allaha) sığınmaq (dühası) olan parlaq istedadlı şair Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu) 69 il əvvəl 15 iyunda doğulub – o ayda ki, illərdir ruhumuza qurtuluş sevdası səpir, duyğularımıza qurub-yaratmaq ovqatı bəxş edir. Bu, o anlama gəlir ki, tale onu (bu vaxta qədər) əbəs yerə çarpaz səmtlərə yönəltməyib, həyat boş yerə onu minbir təlatümdə cilalamayıb və ən əsası, Allah onu elə-belə şair etməyib. Demək, Yusif Nəğməkar fitrətində hər şey nizamda – ölçü-biçidədir...
Həyat tarixçəsindən yarpaqlar:
15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində ziyalı ailəsində anadan olan Yusif Nəğməkar orta təhsilini Birinci Aşıqlı kənd və Beyləqan şəhər 1 saylı məktəbində (1961-1971) alıb. Bir müddət rayonda çıxan "Yüksəliş" qəzetində müxbir kimi fəaliyyət göstərib, şeirləri, oçerk və məqalələri, publisistik, ədəbi-tənqidi yazıları oxucu kütləsinin marağına səbəb olub. 1973-1977-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini (Ana dili və ədəbiyyat ixtisası üzrə) (əyani) bitirib. Təyinatla Beyləqan rayonunda bir neçə il müəllimlik etdikdən sonra (1983-2006-cı illərdə) Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Novator sənətkar, Azərbaycanın Xalq şairi Rəsul Rza onun yaradıcılığını yüksək dəyərləndirib, “Ədəbiyyat və incəsənət” qəzetinin 30 aprel 1977-ci il tarixli sayında ona “Uğurlu yol” yazıb, onu ədəbiyyata təqdim edib, belə deyək, özündən sonrakılara əmanət qoyub. Sonralar Xalq şairi Bəxtiyar Vahabzadə onun haqqında “Mənim çox sevdiyim şair Yusif Nəğməkar” adlı məqalə yazıb, ona “Dünən, bu gün və sabah” adlı şeir həsr edib... Bu gün Yusif Nəğməkar (özü) neçə-neçə gənc qələm adamına yol göstərir, onlara poeziyanın doğru yönünü ifadə edir.
Yusif Nəğməkarı çoxdan tanıyırıq, dünən, srağagün deyil. Hətta bir qərinə əvvəl onu ekranlarda, qəzet, jurnal səhifələrində görəndə də ruhumuz onun – o möhtəşəm surətin işığında doğmalıq tapırdı. Şübhəsiz, bu da Allahın bizə bir lütfü idi...
Yusif Nəğməkar elə bir yüksəkliyin təzyiqi, elə bir kəhkəşanın işıq selidir ki, onu oxuculara təqdim etməyə zənnimizcə heç bir ehtiyac yoxdur. Ancaq nəsillər bir-birini əvəz etdiyi, hadisələr müxtəlif istiqamətlərdə duruş tapdığı üçün biz onun uğurları barədə bir-iki nüansa diqqət çəkmək istəyirik:
1. Yusif Nəğməkarın indiyədək 20-dən artıq kitabı nəşr olunub. O, qanlı 20 Yanvardan bəhs edən “Şər şənbə”, eləcə də “Sizli”, “Şahnaz-ah naz”, “Çingiz çini”, “Vəslin edamı”, “Bəxtiyar”, “Güllər atılmasın” və sair... adlı bir-birindən maraqlı, dərin poetik çalarlı poemalar qələmə alıb. Ədəbi nisbəti aydın-bəlli şeirlərinə söz yox...
2. Yusif Nəğməkar Azərbaycan Jurnalistlər (1989) və Azərbaycan Yazıçılar (1995) Birliklərinin üzvü, şair-publisist, “Qazax Xeyriyyə Cəmiyyəti”nin Fəxri üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüdür.
3. Yusif Nəğməkar, yaradıcılığna görə dəfələrlə böyük ödüllərlə mükafatlandırılıb. Məsələn, 2015-ci ildə tarixi Çanaqqala zəfərinin yüz illiyi ərəfəsində yazdığı “Çanaqqala-Türkə qala” poeması ilə müsabiqə qalibi olub, həmin vaxt “Azərbaycan Bayrağı” media mükafatına layiq görülüb, “İlin şairi” adını alıb. O, həmçinin, “Qılınc və Qələm”, Rəsul Rza və Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbi mükafatların laureatıdır.
4. Hazırda Azərbaycan Sənaye Korporasiyasında Mətbuat katibi vəzifəsində çalışır.
5. Yusif Nəğməkarın şeirlərinə Azərbaycan və Türkiyə bəstəkarları vaxtaşırı müraciət edib, dillər əzbəri olan mahnılar-şərqilər bəstələyiblər. Məşhur “Azərbaycan, Türk bayrağı” şeirinin müəllifi də Yusif Nəğməkardır. Bu şeir Türkiyədə Mehtərlər marşı üstə bəstələnib, böyük xorun ifasında lentə alınıb və türk dünyasında böyük dinləyici auditoriyası qazanıb və s.
Biz yuxarıda dedik, Yusif Nəğməkara Allah lütf verib, onu yüksəklərə sevdalandırıb. Uca Allahın ona əta etdiyi misilsiz əzm çoxumuz üçün bu gün də bir görkdür. Onun insanlara hədsiz ehtiramı var. Səbr və təmkin onun çətin anlarının mühafizəkar xassələridir.
Şübhəsiz, hələ kiçik yaşlarında ikən gələcək fəaliyyəti ilə bağlı nələrisə bəlli edən Yusif Mədətov Allahdan fitri istedad aldıqdan və iltifat gördükdən sonra öz yolunu müəyyən edib, sözün işığında əsrarəngiz cığırlar açıb. Çox şeyi zamana buraxıb, nail olduğu yenilikləri zamanla süsləyib. Yaradıcılığının ən çətin proseslərini həyata keçirmək istədiyi qlobal məsələ kimi xarakterizə edib, sözü yüksək məqama çatdırıb... Söz indi də onu işıqlı səmtlərdə bərqərar edir; o, sözün aşiqidir, söz onun. Nə vaxt sözə elçi düşür, qapılar üzünə taybatay açılır. Burada məna budur ki, o, lütf sahibidir, Allahın önəm verdiyi şairdir...
Yusif Nəğməkar üç övlad atasıdır. Övladların ataları haqqında xoş sözlər eşitməsi ayrı bir yaşantıdır. Bu proses insanı qürurlu, məğrur və lütfkar edir. Əminik ki, Yusif Nəğməkarın da övladları onun işıqlı adı, dərin-sanballı yaradıcılığı, heyrətamiz nüfuzu ilə öyünürlər...
69 yaşınız mübarək, əziz Yusif Nəğməkar! Varlığınız şəxsiyyətiniz bizə xoş ovqat verir, siz bizim üçün bir ədəbi hadisəsiniz. O qədər müfəssəl-mükəmməl insanlıq həddiniz var ki, təqdir etdikcə ruhumuz sakitlik tapır. Allah sizi bizə çox görməsin! Amin!
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)