Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Azərbaycanın ən görkəmli dramaturq və yazıçılarından olan Elçin (Elçin İlyas oğlu Əfəndiyev) keçən əsrin son rübündə yazdığı “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanları ilə nəinki Azərbaycan, həmçinin bütün Sovet ədəbiyyatına böyük töhfə vermişdir. Bu romanlar düşüncə və hadisələr arasındakı tarazlığın gözəl nümunəsidir.
Elçin bu koloritli, əsrarəngiz və ustacasına yazılmış romanların strukturuna tarixi məqamları, əsatirləri daxil etmiş, millətin, etnosun, insanın zaman məfhumu kontekstində rolunu və missiyasını müasirlik prizmasından işıqlandırmışdır."
Militsa Liliç,
serb yazıçısı və ədəbiyyatşünası
Bu gün Azərbaycan xalq yazıçısı, dramaturq, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçinin doğum günüdür.
Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakıda xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib.
Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub.
Orta təhsilini Bakı şəhərində alıb. 1965-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 1968-ci ildə isə Azərbaycan Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirib.
"Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə
edib.
Ədəbi yaradıcılığa 1959-cu ildə hələ 16 yaşındaykən “Azərbaycan gəncləri” qəzetində dərc olunan "O inanırdı" adlı hekayəsi ilə başlamışdır.
"Min gecədən biri" adlı ilk hekayələr kitabı isə 1965-ci ildə Аzərbаycаn Dövlət Nəşriyyаtı tərəfindən nəşr еdilmişdir.
Bundan sonra Elçin Əfəndiyevin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub. Əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək,
qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur.
1984-cü ildə “Azərbaycan Respublikasının Əməkdаr incəsənət хаdimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülmüş, 1986-cı ildə “Şərəf nişаnı, 2003-cü ildə Azərbaycan Respublikasının ən yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Uzun illər Azərbaycan Ali Sovetinin deputatı olan yazıçı Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti — "Vətən" Cəmiyyətinin sədri vəzifələrində də çalışıb. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.
Və bir də. Elçinə ümumxalq sevgisi qazandıran “Baladadaşın ilk məhəbbəti” hekayəsi və onun əsasında çəkilən filmdir.
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)