Super User

Super User

Şimali Kipr Türk Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən sayca 26-cı Bellapais Beynəlxalq musiqi festivalı tarixində ilk dəfə olaraq Azərbaycan da bu möhtəşəm musiqi bayramına qatılıb.

 

AzərTAC xəbər verir ki, festival çərçivəsində Şimali Kiprin Təhlükəsizlik Qüvvələri Komandanlığının nümunəvi hərbi orkestri və Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin rəhbərlik etdiyi yaradıcı qrupun iştirakı ilə Bellapais Monastırında təşkil olunan Azərbaycan - Şimali Kipr dostluğuna həsr olunmuş ədəbi-bədii gecədə böyük qələbəlik yaşanıb.

Bədii proqramı Şimali Kiprin Prezidenti Ersin Tatar, Türkiyə Respublikası Lefkoşa Böyükelçisi Metin Feyzioğlu, Kıbrıs Türk Barış Qüvvələri komandanı, general-leytenant Sebahattin Kılınç, Şimali Kiprin Təhlükəsizlik Qüvvələri komandanı general-leytenant Osman Aytaç, Birləşmiş Millətlər Təşkilatının Şimali Kiprdə qonaq olan nümayəndələri, yüksək çinli hərbi qulluqçular və onların ailə üzvləri, eləcə də mülki vətəndaşlar izləyiblər.

Ədəbi-bədii gecəni idarə edən polkovnik Abdulla Qurbani türk xalqlarının tarixi, milli, mədəni-mənəvi bağlarından danışıb.

Onun “Görüşünə gəlmişəm qalib bir əsgər kimi”, “Yavru Vətənim”, “Quzey Kıbrısım mənim”, “Kıbrıs yunan olamaz” şeirləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümunəvi hərbi orkestr konsertin birinci hissəsində U.C.Erkinin “Köçekçe”, Ali Hocanın “Kıbrıs Süiti” və Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nı ifa edib.

Əməkdar artist Cahangir Qurbanovun təqdim etdiyi Müslüm Maqomayevin “Azərbaycan”, Xalq artisti Vasif Adıgözəlovun “Çanaqqala – 1915” qəhrəmanlıq oratoriyasından fraqmentlər və “Dolama” türk xalq mahnısı böyük maraq doğurub.

Şimali Kiprin Prezidenti festival iştirakçılarına yaradıcılıq uğurları arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini xatırlayıb. Ulu Öndər Heydər Əliyevin zəkasının işığında Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunmasından, işğaldan azad edilən tarixi Azərbaycan torpaqlarında quruculuq-abadlıq işlərinin geniş vüsət almasından Şimali Kipr vətəndaşlarının da böyük qürur hissi keçirdiklərini vurğulayıb.

Prezident E.Tatar deyib: “Mənim Bakıya növbəti səfərim zamanı Xocalıda, Əsgəranda, Sərsəngdə Azərbaycan Bayrağı qaldırılırdı. Bu, məni xoşbəxt etdi. Bizim üçün də Şimali Kiprin bayrağının daim dalğalanması çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi “Kipr bayrağı da Türk dövlətlərinin bayraqları sırasında dalğalanacaqdır!” fikirləri dünyaya bir mesaj olmaqla, Şimali Kipr xalqının da böyük ruh yüksəkliyinə səbəb olub. Biz qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanına daim minnətdarıq və ona inanırıq”.

Şimali Kipr Prezidenti çıxışına əlavə edərək deyib: “Biz Oğuz türkləri olaraq, tarixi, mənəvi köklərlə bir-birimizə bağlıyıq. Bu əlaqələrin daha da güclənməsi və gələcək nəsillərin bir-birini daha yaxından tanıması üçün birgə səylərimizi əsirgəməyəcəyik. Bugünkü dostluq və qardaşlıq gecəsi bunun parlaq təcəssümüdür”.

Konsertin ikinci hissəsində istedadlı xanəndə Nigar Rəhimova “Laçın”, “Ay Yemeni, Mor Yemeni” və digər Azərbaycan - Kipr xalq mahnılarını ifa edib.

Şimali Kiprin Təhlükəsizlik Qüvvələri komandanlığının nümunəvi hərbi orkestrində ilk dəfə olaraq Azərbaycan tarı və kamançası da yer alıb.

“Böyük Zəfər marşı” (sözləri Abdulla Qurbaninin, musiqisi İlqar Novruzovundur) və Yılmaz Tanerin “Mücahidlər marşı”nı tamaşaçılar ayaqüstə alqışlayıblar.

Oktay Keser və Murat Menket hərbi orkestrə məharətlə dirijorluq ediblər.

Ədəbi-bədii gecənin sonunda Prezident Ersin Tatar yenidən fəxri kürsüyə qalxaraq Azərbaycan və Şimali Kipr sənətçilərinin birgə iştirakı ilə təqdim olunan bədii proqramı dostluq və qardaşlığın təntənəsi kimi dəyərləndirib, A.Qurbaninin Şimali Kiprə həsr etdiyi şeirlərinə görə müəllifə dərin minnətdarlığını bildirib, xatirə hədiyyələri təqdim edib.

Tamaşaçılar Bellapais Monastırında keçirilən Azərbaycan-Şimali Kipr dostluq və qardaşlıq ədəbi-bədii gecəsindən xoş təəssüratlarla ayrılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Cümə axşamı, 27 İyun 2024 09:32

İntizar ədəbiyyatı - Hökumə Billuri, "Ana"

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Təbriz kədərliydi, sən ağlayırdın, 

Gecəydi biz səndən ayrılan zaman, 

Pərişan görkəmin, o son sözlərin 

Bir an xatirimdən çıxmamış, inan. 

 

Adını dilimə gətirəndə mən, 

Sanki, alov alır dodaqlarımı. 

Yaxın gəl, yaxın gəl öpüm üzündən, 

Öpüm rəngi qaçmış yanaqlarını. 

 

Elə məlul-məlul baxma üzümə! 

Baxışın qəlbimə od saçır sənin. 

Sən yalqız deyilsən, sıxma qəlbini, 

Böyük bir xalqın var, böyük vətənin. 

 

O xalqın, o elin qızısan sən də, 

Onun qüdrəti də, şöhrəti də var. 

Qəhrəman ölkəmiz sarsılmamışdır, 

Soyub taladısa onu yağılar. 

 

Bilirəm, çox sıxır səni ayrılıq. 

Əsarət dünyası başına dardır. 

Lakin unutma ki, hər bir gecənin 

Min bir şüa saçan gündüzü vardır. 

 

Əlimdən nə gəlir? Demə bir daha, 

Demə ki, qocayam, saçlarım dūmağ 

Vətən öz qəhrəman oğlu, qızını 

Hər zaman, hər zaman gənc saxlayacaq 

 

Alnının xətləri, bəyaz saçların 

Keçmiş həyatından bir yadigardır. 

Hörmət o saçlara, nifrət keçmişə, 

Bu günün öz adı, mənası vardır. 

 

Qalx ana, qalx ana! səni döyüşə 

Çağıran öz qızın, öz vətənindir.

Bax, yanır odlarda odłar diyarı, 

Bu Vətən, bu torpaq, bu el sənindir!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Heyran Zöhrabov, “Ədəbiyyat və incəsənət”

 

Vətən məni yetişdirib 

Bu ellərə yolladı, 

Bu torpağa qurban deyib 

Allaha ismarladı. 

“Boş oturma, çalış, - dedi, 

- Xidmət eylə Vətənə. 

Südüm sənə halal olmaz, 

Sən baş əysən düşmənə”.  

 

Marş irəli! Marş irəli! 

Azərbaycan əsgəri! 

Dönməz geri, dönməz geri 

Azərbaycan əsgəri!  

 

Yastığımız Vətən daşı, 

Yorğanımız qar olsun. 

Biz bu yoldan dönər olsaq, 

Namus bizə ar olsun! 

Nə gözəldir ölmək bizə 

Sevimli Vətən üçün, 

Yanar ürək, yurd eşqilə 

Daima için-için.  

 

Marş irəli! Marş irəli! 

Azərbaycan əsgəri! 

Dönməz geri, dönməz geri 

Azərbaycan əsgəri! 

 

Bu gün şanlı Azərbaycan ordusunun, silahlı qüvvələrimizin 106 yaşı tamam olur. 

1918-ci il may ayının 28-də müstəqilliyini elan edən Azərbaycan xalq cumhuriyyəti hökuməti iyun ayının 26-da  ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi və Azərbaycan Milli Ordusunun təməli qoyuldu. General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu.  Qafqaz İslam Ordusunun köməyi ilə Bakı erməni-rus qüvvələrindən azad edildi, milli hökumət Bakıya köçürüldü.

Ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Lakin, 1920-ci ilin 28 aprelində böyük qüvvə ilə rusların XI Qırmızı Ordusu Azərbaycana soxularaq ölkəmizi yenidən işğal etdi. Bakı buxtasına yan alan XI ordunun hərbi gəmiləri toplarını parlament binasına tuşlayaraq milli hökuməti devirdilər. Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyuldu. Milli Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi, komandirlərin böyük hissəsi repressiyaya məruz qaldı. Yalnız 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli ordu quruculuğunun yeni dönəmi başladı. Azərbaycan Prezidentinin 22 may 1998- ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edildi.

Yaşasın silahlı qüvvələrimiz! 

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2024)

24-26 iyun 2024-cü il tarixində Koreya Respublikasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumu keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumun məqsədi səmərəli dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri və digər bu kimi məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətdə müsbət təcrübələrinin mübadiləsi və mükafatlandırma mərasiminin təşkilidir.

Bu çərçivədə dünyanın müxtəlif ölkələrinin aparıcı nazirliklərinin və təşkilatlarının rəhbərləri, beynəlxalq ekspertlər, media və işgüzar dairələrin nümayəndələrinin 1000-dən çox nümayəndəsi iştirak edir.

 

Forumun ilk günündə Dövlət Agentliyinin sədri ilə BMT-nin sabiq Baş katibi Ban Ki-mun, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua, Koreya Respublikasının daxili işlər və təhlükəsizlik nazirinin müavini Li Yonq Suk, Kambocanın Baş nazirinin müavini Hun Mani, Zimbabvenin Dövlət Xidmətləri Komissiyasının sədri Vinsent Hunqve arasında ikitərəfli görüşlər keçirilib.

 

Koreya tərəfi ilə görüş zamanı iki qurum arasında 2016-cı ildə Bakıda imzalanmış Anlaşma Memorandumun icrası çərçivəsində görülmüş işlərdən məmnunluq ifadə olunub və gələcək fəaliyyət istiqamətləri ilə əlaqədar müzakirələr aparılıb.

 

Kambocanın Baş nazirinin müavini və Zimbabvenin müvafiq qurumunun rəhbəri ilə baş tutmuş görüşlər çərçivəsində Dövlət Agentliyinin sədri tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət”, burada tətbiq olunan innovasiyalar və əldə olunmuş nailiyyətlər barədə geniş təqdimat edilib. Sözügedən ölkələrlə “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair razılığa gəlinib.

 

Forum çərçivəsində "ASAN xidmət"in, Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının, BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin (UNDRR), Koreya Respublikasının İnçeon Şəhər Meriyasının və Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin təşkilatçılığı ilə “Dövlət Xidmətlərinin Transformasiyası üçün Innovasiya, Gender və İqlim Elementlərinin Yayılması” adlı sessiya təşkil ediləcəkdir.

 

BMT Dövlət Xidmətləri Forumu 2003-cü ildən etibarən keçirilir və bu mötəbər Foruma 2019-cu ildə “ASAN xidmət”in və BMT-nin birgə təşkilatçılığı ilə ölkəmiz ev sahibliyi edib.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Çərşənbə axşamı, 25 İyun 2024 17:19

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də

Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Jazıkbayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Agentliyinə istinadən xəbər verir ki, agentliyin sədr müavini Ceyhun Salmanov “ASAN xidmət”in yaradılması məqsədləri, eləcə də Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. 

 

“ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

 

Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və Dövlət Agentliyi tərəfindən dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.

 

Qazaxıstan Respublikasının nümayəndələri "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı” mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə tanış olublar.

 

Xatırladaq ki, qonaqlar Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminarda iştirak məqsədilə ölkəmizdə səfərdədirlər.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

 

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzurun turizm imkanlarını nümayiş etdirmək və geniş kütləyə tanıtmaq məqsədini daşıyan məlumatlandırıcı və maarifləndirici "Real Vətən - Qarabağ" telelayihəsinin icrasına başlanılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı agentliyə istinadən xəbər verir ki, REAL TV-də yayımlanan "Real Vətən - Qarabağ" telelayihəsi çərçivəsində ilk veriliş Şuşa şəhərinə həsr olunub.

Şuşa buraxılışında şəhərin tarixi, təbiəti, mədəniyyəti, tarixi şəxsiyyətləri, zəngin turizm imkanları, Cıdır düzü, Şuşa qalası, Xan qızı Xurşidbanu Natəvanın sarayı, Xan qızı bulağı, Yuxarı Gövhər Ağa məscidi, Hacıquluların malikanəsi, Mehmandarovların evi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyi, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Daşaltı kəndi və digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.

Qeyd edək ki, bundan öncə ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədilə 42 bölümdən ibarət olan "Real Vətən" telelayihəsi izləyicilərə təqdim olunmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Çərşənbə axşamı, 25 İyun 2024 15:42

Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

 

 

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində gənc rəssam Turanə Süleymanlının “Uğura ilk addımım” adlı ilk fərdi sərgisi açılıb.

AzərTAC-ın Gürcüstan müxbiri  xəbər verir ki, sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktoru Leyla Əliyeva gənc rəssamı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Səfirliyin əməkdaşı Ramiz Hacızadə çıxışında azərbaycanlı gənclərin elmə, incəsənətə və mədəniyyətə marağının artmasını yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan dövləti soydaşlarımıza, xüsusən də gənclərin inkişafına xüsusi diqqət yetirir. Səfirlik də gənclərə hər zaman dəstək olub və olacaqda.

Diplomat gənc rəssamı təbrik edib, uğurlar arzulayıb.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxışında deyib ki, son zamanlar azərbaycanlı gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlara göstərilən diqqət və dəstək öz müsbət nəticəsini göstərir. Bu gün gənc rəssamların sərgisinin təşkili, gənclərimizin idman və bilik yarışlarında qazandıqları uğurlar bunu deməyə əsas verir.

Turanə Süleymanlı sərginin təşkili və göstərilən diqqqətə görə təşəkkürünü bildirib.

Gənc rəssamın Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunu əks etdirən, eləcə də, milli adət və ənənələrdən bəs edən əsərləri böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Çərşənbə axşamı, 25 İyun 2024 17:07

26 iyun Silahlı Qüvvələr Günüdür

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. Şanlı zəfər yaşamış bir xalqın silahlı qüvvələri əlbəttə ki, hər cür ehtirama layiqdir. 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu tarixi günlə əlaqədar  olaraq Azərbaycan Ordusunun qəhrəmanlıq və Zəfər yolunun təbliği məqsədilə geniş videomaterial, “Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı biblioqrafik icmal və ənənəvi kitab sərgisi hazırlayıb. 

Kitabxanadan “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, videomaterialda Azərbaycan Ordusunun keçdiyi tarix yolu, bu günün əhəmiyyəti haqda geniş məlumat verilir, tarixin bütün hadisələri ardıcıllıqla əks etdirilir. 

Müasir Azərbaycan Ordusunun görüntülərinin yer aldığı materialda AXC dövründə Milli Ordunun yaradılması, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan ordusunun inkişafındakı rolunu əks etdirən faktlar əks olunur. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda bu gün Azərbaycanın qüdrətli və nizamlı orduya malik olmasının Ümummilli Lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olmasından, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordunun yaradılmasına nail olmasından bəhs edilir.

“Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı biblioqrafik icmalda isə Milli Ordu quruculuğuna dair “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu”, “Heydər Əliyev və Ordu quruculuğu”, “Azərbaycan tarixinin zəfər salnaməsi”, “Xilaskar İlham Əliyev” kimi kitabların icmalı təqdim edilir.

Müxtəlif dövrlərdə Azərbaycan Ordusu, Azərbaycanın hərbi tarixinə dair nəşr edilən kitablardan ibarət təşkil olunan kitab sərgisində dövri mətbuat materialları, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “26 İyun Silahlı Qüvvələr Günü” və “Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı vəsaitlər sərgilənməkdədir.

Bu günə kimi Respublika Gənclər Kitabxanasında mütəmadi olaraq həyata keçirilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” və “Milli qəhrəmanlar unudulmur” layihələri çərçivəsində Milli qəhrəmanların, Aprel döyüşlərində iştirak edən igid oğulların, Vətən müharibəsi iştirakçılarının şanlı döyüş yolunu əks etdirən yüzlərlə materiallar hazırlanıb. Bu materialların hər biri kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/azerbaycan-respublikasi-silahli-quvveler-gunu yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

 

​​​​​​

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

Həm biologiya üzrə fədakar alim, həm maraqlı əsərlər ortaya qoyan yazıçı. Söhbət Sadıq Qarayevdən gedir. Azərbaycan Yazıçılar Birıiyinin üzvü, biologiya üzrə fəlsəfə doktoru, dosent, Prezident təqaüdçüsü, “Qızıl Kəlmə” mükafatçısı Sadıq Qarayevdən. O Sadıq Qarayevdən ki, bu günlərdə 50 yaşını qeyd etdi. Bu yazımda onun AMEA-da düzınlənən, 50 illiyinə həsr olunmuş “Sadıq Qarayevin əsərlərində milli ideya və azərbaycançılıq fəlsəfəsi” mövzusunda görüş barədə danışacağam. 

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, f.e.d., professor İlham Məmmədzadə alim-yazar, milli məfkurə sahibi Sadıq Qarayevi institut əməkdaşlarına təqdim etdi. Çıxışında qeyd edərək bildirdi ki, Sadıq Qarayev yazıçı və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçilir və öz əsərlərində azərbaycançılıq məfkurəsi, milli dövlətçilik ideyalarının təbliğinə önəm verir. 
Professor S.Qarayevin “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının, yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi məqalənin müəllifi olduğunu, eləcə də müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış əsərləri ilə seçildiyini vurğuladı. 
Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli çıxışında Sadıq Qarayevin əsərlərini xüsusən 44 günlük Vətən müharibədən bəhs edən “N saylı qəhrəmanlıq” kitabını təhlil etdi, onun yaradıcılığında Azərbaycançılıq məfkurəsinin aparıcı xətt təşkil etdiyini vurğuladı, yazıçının gənc nəslin yetişməsi yolunda ortaya qoyduğu zəhməti yüksək dəyərləndirdi. Qeyd etdi ki, yazıçı böyük uzaqgörənliklə, 2014-cü ildə nəşr edilmiş “Sahilsiz təzadlar” romanında əsas qəhrəmanların və digər obrazların vasitəsilə bir sıra elmi, fəlsəfi ideyalar irəli sürüb, əsərdə xalqımızın arzularının bədii ifadəsi kimi, Qarabağın işğaldan azad ediliyini, Şuşanın Qafqazın elm və mədəniyyət mərkəzinə çevrildiyini, orada beynəlxalq tədbirlərin keçirildiyini, orada sürətlə tikinti-quruculuq işlərinin getdiyini, Molla Pənah Vaqifin məqbərəsinin, Gövhərağa məscdinin bərpa edildiyini təsvir edib. Bu elmi və bədii təfəkkürünün məhsulu olan əsər vasitəsilə yazıçı öz xalqını, xüsusən yeni nəsli ölkə miqyaslı, taleyüklü problemlərin həllinə hazırlamaq missiyasını həyata keçirib.
Tədbirdə tədqiqatçı filoloq Sima Cəfərova “Sadıq Qarayev yaradıcılığının özəlliyi və əsas qayəsi”, f.e.d. Füzuli Qurbanov “Sadıq Qarayev yaradıcılığında elmi idrak və bədii təfəkkürün vəhdəti”, “Etika” şöbəsinin elmi işçisi Vüsalə Gülmalıyeva, “Sadıq Qarayevin ” Sahilsiz təzadlar” əsərində Qarabağ mövzusu və yazıçı öngörənliyi”, f.ü.f.d, dosent Şölət Zeynalov “Sadıq Qarayevin əsərlərində dioloq fəlsəfəsi və milli məfkurə” mövzusunda çıxış etdilər. 
Sosiologiya şöbəsinin müdiri, f.e.d. Rəfiqə Əzimova, "İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri" şöbəsini müdiri, f.ü.f.d Məhəmməd Cəbrayılov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Muradxanlı, AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçi, t.ü.f.d. Yaqut Əmirova, Coğrafiya İnstitutunun YAP Yasamal Təşkilatının sədr müavini Məhbubə Fətullayeva mövzu ətrafında yazıçının ömür yolu, elmi tədqiqatları, bədii yaradıcılığı və ictimai fəaliyyətindən söhbət açdılar. 
Sonda Sadıq Qarayev çıxış edərək institut rəhbərliyinə və tədbir iştirakçılarına göstərilən diqqət üçün öz təşəkkürünü bildirdi. 
Tədbirdə yazıçı- alim üçün hazırlanan videoçarx və slayda baxış keçirildi. Yazıçı arzu edənlər üçün kitablar imzalayaraq, xatirə şəkilləri çəkdirdi. 
İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova yazıçını 50 illik yubileyi münasibətilə institutun əməkdaşları adından təbrik etdi.
Bu saatlarda isə AMEA-da Sadıq Qarayevin 50 illiyi münasibətilə AMEA prezidenti İsa Həbibbəylinin giriş nitqi söyləyəcəyi daha geniş tərkibli tədbir keçirilir.

 

“Ədəbiyyat və incəsənət”
(25.06.2024)

Çərşənbə axşamı, 25 İyun 2024 14:48

Fazil Mustafa Elxan İsmayılovu təbrik edib

 

Tanınmış teatr və kino aktyoru, Azərbaycan Dövlət Kukla Teatrının Truppa müdiri, Dövlət Akademik Musiqili Teatrının aktyoru Elxan İsmayılovun 50 yaşı tamam olur. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Elxan İsmayılovun qarşıdan gələn əlamətdar yubileyi ilə bağlı ona təbrik məktubu ünvanlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:

 

"Hörmətli Elxan müəllim,

Sizi - tanınmış teatr və kino aktyorunu, qarşıdan gələn 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, sənət sevincləri arzulayıram!

Siz 1993-97-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" fakultəsində təhsil almış, təhsilinizi  fərqlənmə diplomu ilə bitirmisiniz. 1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) Balet truppasına işə qəbul olunmuş, 1994-99-cu illərdə balet artisti kimi fəaliyyət göstərmisiniz. Həmin illərdə 

"Hicran", "Hərənin öz ulduzu", "Qızılgül", "İki küpəgirən qarı", "Nəğməli Könül", "Silva", "O olmasın, bu olsun", "Hələlik", "Qızıl toy", "Bir başqa gecə" və b. tamaşalarda uğurla iştirak etmisiniz. 1997-ci ildən aktyor ştatına keçirilmisiniz və aktyor kimi uğurlu obrazlar yaratmısınız: Baş münəccim ("Bir dəfə Budapeştdə"; E.Sabitoğlu), Nəzir ("Hərənin öz ulduzu"; S.Ələsgərov, İ.Məlikzadə), Mustafa ("Nəğməli Könül"; E.Sabitoğlu, X.Hasilova), Aşpaz ("Məhəbbət oyunu"; C.Quliyev, Q.Rəsulov), Ofisiant ("Səhnədə məhəbbət"; S.Fərəcov, Ə.Əmirli), Evlər müdiri ("Talelər qovuşanda"; R.Hacıyev), Doktor Şəkərli ("Əlin cibində olsun"; O.Rəcəbov, A.Babayev), Şair ("Məsmə xala dayımdır"; R.Mustafayev, C.Məmmədov), Meyxanaçı ("Şeytanın yubileyi"; O.Rəcəbov, A.Babayev), Vikond Kaskada ("Şən dul qadın"; F.Leqar), Məlik İbn Səid ("Bir saat xəlifəlik"; R.Şəfəq, A.Şaiq), Notarius ("Silva"; İ.Kalman), Vəli ("Arşın mal alan"; Ü.Hacıbəyli), Şəfi ("Ər və arvad"; Ü.Hacıbəyli), Əmirqulu ("Baladadaşın toy hamamı"; F.Allahverdi, ELÇİN), Dilənçi ("Mən dəyərəm min cavana"; F.Sücəddinov, T.Vəliyeva), Lüdovik ("Paris Notr-Dama ithaf"; V.Hüqo), Möhsün ("Beş manatlıq gəlin"; S.Rüstəmov, M.S.Ordubadi), Mirhəmid ("Bəxtiyar"; T.Quliyev, B.Laskin, N.Rojkov), Axund ("Toya bir gün qalmış"; Ə.Səmədli), Kral Yubet (“Yatmış gözəl və cırtdanlar”), Yaiçnitsa ("Evlənmə”; N.V.Qoqol) və b. 

Sizi bütün yaradıcılıq uğurlarınız və əlamətdar yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm"!

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.