Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycanın Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasından 102 il ötür.
Onu ilk öncə klassik musiqimizin, operettamızın inkişafında mühüm xidmətləri olmuş bir şəxs kimi səciyyələndirə bilərik.
Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Keşməkeşli bir həyatı olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.
Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olub.
Bundan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edib. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları daha çox populyarlıq qazanıb.
O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan xüsusən “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri” kimi məşhur filmləri göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.
Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.
Rauf Hacıyevin istedadı da daha çox məhz operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” olub, məşhurlaşan operetta 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı “Azərbaycanfilm” kinostudiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.
Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır.
Ötən əsrin 70-ci illərinin sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm” Moskva Operetta Teatrında tamaşaya qoyulub. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanıb. Çünki həmişə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırmışdı. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.
1982-ci ildə Moskva Operetta Teatrında “Yolayrıcında” operettası öz səhnə təcəssümünü tapıb.
Bəstəkarın axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. Xüsusi olaraq televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə olub.
Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb. Ötən əsrin 60-cı illərində o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayıb. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür - “Ləzgihəngi” və “Yallı”nı bəstələyib. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir.
1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedib. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edib. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışıbkar.
R.Hacıyev ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycanın mədəniyyət naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.
Görkəmli bəstəkarımız Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(15.05.2024)