Super User

Super User

 

Noyabrın 16-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin, Azərbaycan Kəlağayı Muzeyinin təşəbbüsü və təşkilatçılıgı ilə keçirilən layihə çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi açılıb.

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumata görə, sərgidə yaşı əsrlərə söykənən qədimi kəlağayılarla yanaşı, Şəki və İsmayıllının məşhur Basqal qəsəbəsinin istehsalı olan müasir kəlağayılar, Güllü Eldar Tomarlının yaşıl dünyanı özündə əks etdirən əl işləri nümayiş etdirilib.

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlar üçün nəzərdə tutulan kəlağayılar iştirakçıların marağına səbəb olub.

Mirvarid Dilbazi Poeziya Məclisinin sədri,  Kəlağayı Ev  Muzeyinin direktoru Güllü Eldar Tomarlı deyib ki, şəhid Zaur İsmayılzadənin anası Sevil İsmayılzadə və şəhid Saleh Əliyevin anası Solmaz Əliyevanın Kəlağayı Muzeyinə təqdim etdikləri qədim kəlağayıların öz tarixi var. Bu kəlağayılar hər iki şəhidin gələcək həyat yoldaşları üçün saxlanılırdı. Lakin onlar şəhidlik zirvəsinə ucaldıqdan sonra hər iki ailə kəlağayını muzeyə təqdim edib.

Sərgidə yaşı bir əsrdən çox olan Aşıq Solmaz Kosayevaya məxsus kəlağayı, eləcə də üzərində Mirvarid Dilbazi, Pənahəli xan,  Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, xan qızı Natəvan, Qasım bəy Zakirin fotolarının həkk olunduğu kəlağayılar muzeyin maraqlı eksponatları sırasında olub.

Həmçinin satış üçün Basqal kəlağayıları da təqdim edilib.

Gürcüstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .

Sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva tədbirin əhəmiyyətindən danışıb.

Güllü Eldar Tomarlı çıxışında bildirib ki, Azərbaycan kəlağayısı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə cari ildə Azərbaycanın bölgələrində, Sankt-Peterburqda festivallar, tədbirlər, sərgilər keçirilib. Bu cür tədbirlər ilin sonuna qədər davam edəcək.

Daha sonra sabiq deputat Ramiz Əliyev,  müəllimlərdən-  Fatma Aslan, Növrəstə Həsənoa, Mədinə Həsənova, Savalan Osmanlı, Vənnahar Qəhrəmanova , Nurlana Mehmanqızı, '' Ceyran'' rəqs ansamblının sədri Ceyran Qurbanova  və başqaları çıxış edərək kəlağayının tarixi, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğindəki rolu, dünyada kəlağayıya olan marağın artması, barədə məlumat veriblər.

44 günlük vətən müharibəsi  şəhidi Orxan Məhərrəmovun bacısı  Nuray  Nəbiyevaya Mirvarid Dilbazi Poeziya Məclisi tərəfindən qırmızı rəngli   Basqal kəlağayısı hədiyyə olunub.

 Tədbirdə aşıqlardan  Nargilə Mehdiyevann , Nuray Nəbiyevanın  , Rustavi şəhər 18 saylı  məktəbin  şagirdlərinin milli rəqsləri, kəlağayı haqqnda söylədikləri şeirləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. İmir Məmmədlinin tərcüməsində 

Güllü Eldar Tomarlınn kəlağayı haqqında şeirlərini  Rustavi məkbliləri  gürcü dilində səsləndirdi.

Sonda xatirə şəkili çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

 

 

Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət”portalının baş redaktoru, Əməkdar jurnalist Varis Respublika Veteranlar Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.

 

Təşkilatın sözçüsü Seymur Əliyevin verdiyi məlumata görə, görüş əsnasında gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların təbliği və s. istiqamətində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub, səmərəli fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin yazıçılarla veteranlar arasında mütəmadi görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb, bununla bağlı daha geniş tərkibdə görüşlərin keçirilməsi qərara alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

 

Cümə axşamı, 21 Noyabr 2024 12:43

Günün fotosu: Bəxtiyar Vahabzadə ili

Günün fotosu: Bəxtiyar Vahabzadə ili

 

TÜRKSOY Daimi Şurasının qərarları ilə 2025-ci il Türk dünyasında Bəxtiyar Vahabzadə ili, 2026-cı il isə Ziya Gökalp ili elan edilib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TÜRKSOY-a istinadən məlumat verir. 

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

Cümə axşamı, 21 Noyabr 2024 14:13

“İşimizdən zövq alırıq” - MÜSAHİBƏ

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Müsahibimz Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü Ellada Həsənovadır. 

 

- Ellada xanım, xoş gördük sizi. İstərdik rəhbərlik etdiyiniz qalereya haqqında bizə qısaca məlumat verəsiniz. 

 

- Sumqayıt şəhər Dövlət Rəsm Qalereyası respublikanın direktiv orqanlarının qərarı ilə 1967-ci ildə Sumqayıt şəhər Sərgi salonu kimi təsis olunmuşdur. 1981-ci ilə qədər Azərbaycan Rəsmlər Qalereyasının filialı kimi fəaliyyət göstərmişdir. 1981-ci il dekabrın 31-də Azərbaycan Respublikası Nazirlər kabinetinin 583 № li sərəncamı ilə Sumqayıt Dövlət Rəsm Qalereyası statusunu almışdır. Hazırda qalereyanın əsas fondunda 352, köməkçi fondunda 42 əsər qorunub saxlanılır.

Milli ədəbiyyata və incəsənətə qayğısını heç zaman əsirgəməyən Ulu Öndər Heydər Əliyev bir necə dəfə Sumqayıt Dövlət Rəsm Qalereyasına baş cəkib, buranın zəngin fondu ilə tanış olub, öz xeyir-duasını verib, yaradıcı insanların problemləri ilə maraqlanıb.

Ölkəmizin inkişaf dinamikasının bir parçası olan şəhərimiz həmişə özünəməxsus uğurlarıyla xüsusi diqqət cəlb etmişdir. Sumqayıt nəinki başqa sahələrdə, eyni zamanda, mədəniyyət və incəsənət sahəsində də irəliyə doğru addımlamışdır. Bu da Ümummilli Liderin və onun layiqli davamçısı cənab İlham Əliyevin diqqət və qayğısının aydın təzahürüdür.

Olkə başçımızın “Hər bir azərbaycanlı mədəniyyətimizin inkişafına və onun təzahür tapmasına kömək etməlidir” fikrinə əsaslanaraq Sumqayıt şəhər Dövlət Rəsm Qalereyasının kollektivi əhalinin geniş təbəqəsi arasında təsviri və tətbiqi incəsənət əsərlərinin təbliğ olunmasında əhəmiyyətli rol oynayır. Qalereyada respublikamızın tanınmış və gənc rəssamlarının fərdi sərgiləri, ustad dərsləri, müsabiqələr, festivallar, habelə ümumşəhər tədbirləri keçirilir.

 

-Söz yox ki, qalereyanızda Azərbaycan təsviri incəsənətinin inkişafında mühüm rolu olan bir çox xalq rəssamlarının, həvəskar rəssamların, xarici ölkə rəssamlarının fərdi sərgiləri vaxtaşırı nümayiş olunub. Ümumiyyətlə, son illərdəki fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

 

- Bəli, düzgün vurğuladınız. Qeyd edim ki, qalereyamızda sərgilərimiz mövzuca daha rəngarəng olması ilə seçilir. "Sumqayıt – doğma şəhərim mənim", "Narkomaniya — əsrimizin bəlasıdır", III Respublika karikatura sərgisi, Azərbaycanda məskunlaşan məcburi köçkün uşaqların rəsm əsərlərindən, məktəblilərin dekorativ – tətbiqi sənət sahəsinə aid olan əl işlərindən ibarət olan sərgilər, "Gənclər şəhərinin palitrası", “Xalq Sənətkarlarının İnteraktiv Sərgisi", Sumqayıt rəssamlarının əsərlərindən ibarət "Rənglərin aləmi" adlı sərgilər, gənc rəssamların fərdi sərgiləri, məktəblilər arasında sərgi-müsabiqə, "18 Oktyabr-Dövlət Müstəqilliyi Günü", "17 Noyabr-Dirçəliş Günü", “15 İyun-Qurtuluş Günü", "31 Dekabr" – Dünya Azərbaycanlılarının Həmrəylik Günü", "20 Yanvar", "Xocalı" faciəsi, "31 Mart – Azərbaycanın soyqırımı günü" son illər təşkil olunan layihələr və sərgi-tədbirlər sırasındadır. “Heydər Əliyev-100 il” çərçivəsində silsilə sərgi-tədbirlərimiz böyük ehtiramla izlənilib. “Qarabağın tacı – Şuşa” adlı peşəkar rəssamların rəsm və dekorativ – tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgimiz də maraqla qarşılanıb.

Evdə Fərdi Təhsil Məktəbinin rəssamlıq bacarığı olan, fiziki imkanları məhdud 15 şagirdinin 70-dən çox əl işini nümayiş etdirmişik.

Şəhərimizdə şəhid ailələrinin üzvləri  və qazilər daim diqqət mərkəzində saxlanılır. Buna nümunə olaraq şəhid övladlarının asudə vaxtlarının səmərəli keirilməsi məqsədilə ustad dərsləri təşkil etmişik.

Bundan əlavə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhid-rəssam Rauf Məhərrəm oğlu İbadovun “Sizə yadigar qalsın” adlı fərdi sərgisində boyakarlıq nümunələri maraqla izlənilib. 

Həmçinin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr etdiyimiz  “Sənə Xidmətdən Qürur Duyuruq, Vətən!” layihəsi çərçivəsində “ Sizi Xatırladır” adlı sərgi-tədbirlərimiz uğurla qarşılanır. 

Rəssamlarımız “Rəngin Harmoniyası Sənəd Mübadiləsi” adlı sərgidə də iştirak ediblər. Qusar Dövlət  Rəsm Qalereyasında keçirilən bu sərgidə həm Sumqayıt, həm də Qusar rəssamlarının 44 günlük Vətən müharibəsini əks etdirən 40-dan çox əsəri nümayiş olunub.

Qaleraymız ali təhsil ocaqlarının, kolleclərin tələbələrinin, orta məktəb şagirdlərinin də sevimli məkanına çevrilib. Onlar burada nümayiş olan vətənpərvərlik, Azərbaycanın, Sumqayıtın tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər mövzusunda və ölkəmizin füsünkar təbiətini özündə əks etdirən sənət əsərlərini - miniatürləri, tabloları və əl işlərini həvəslə izləyirlər.

Bu gün Sumqayıtda elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın. Rəssamlarımızın əsərləri ilə mütəmadi tanış olan sakinlərimiz bu cür tədbirlərin həyata keçirilməsinə görə şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcova minnətdarlıq edib, ən xoş arzularını bildirirlər.

 

-İşinizi hansı prinsiplər əsasında qurursunuz?

 

-Öncə diqqətə çatdırım ki, işimizdən zövq alırıq. Ən əsası peşəkarlığa, kreativ ideyaları həyata keçirməyə önəm veririk. Xalqmızın milli-mənəvi dəyərlərini, mədəniyyətini, etnoqrafiyasını ehtiva edən, vətənpərvərlik mövzulu tədbirləri gerçəkləşdirməklə, Zəfər salnaməmizi təbliğ etməklə, gələcək nəsillərə çatdırmaqla incəsənətin əlahiddə missiyasını yerinə yetirməyə, şəhər mədəniyyətini daim qorumağa, inkişaf etdirməyə, qaleraymızı yeni əsərlərlə zənginləşdirməyə çalışırıq. Sərgilərimizin primitiv deyil, daha maraqlı olması əsas məqsədimizdir. Mövzu seçimlərimiz sərbəst olsa da, tematik mövzulara da vaxtaşırı müraciət edirik. Başlıca vəzifəmiz rəssamlarımızı tanıtmaqdır. Bunun üçünsə daim lazımi tədbirlər görürük. Təəssüfümü də bildirim ki, rəssamlarımızın satış-sərgisindən əldə edilən maddi vəsait ürəkaçan deyil. Buna da səbəb bəzi insanlarımızın bu sahəyə dəyər verməsinə az maraqlı olmasıdır.

Bir sözlə, Sumqayıtın mədəni həyatına mühüm töhfələr bəxş edən, rəssamların tanınmasına hər zaman təkan verən qalereyamızın ab-havasının daha füsunkar olması üçün bütün mövcud imkanlarımızı səfərbər etməyə çalışırıq. 

 

-Sizə məqsədyönlü fəaliyyətinizdə böyük uğurlar arzu edirik!

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

Cümə axşamı, 21 Noyabr 2024 18:14

BİR SUAL, BİR CAVAB Şamil Ənvəroğlu ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Bir ovuc kül idin, ocağın oldum,

Üşüyən ruhunun qucağı oldum.

Ömrünün ən şirin, xoş çağı oldum,

Özüm öz qədrimi bilib gedirəm.

      (Şamil Ənvəroğlu)

 

Ömüryeyənlər ömür yollarında özlərinə  oxşayan "acgözlərlə" rastlaşanda "yedikləri ömrü" xatırlayırlarmı?

 

CAVAB:

Sağalmayan yaralar var,

ya gülüşündə gizlədərsən kimsə bilməsin deyə,

ya da dərin bir səssizliyində...

 

Elə bir dövrdə və elə bir cəmiyyətdə yaşayırıq ki, ətrafımız "ümid qatilləri" ilə doludur.

Bəlkə də, ən böyük cinayət kiminsə arzularını və ümidlərini qətl etməkdir ki, bunun da cinayət məcəlləsində heç bir  cəzası filan yoxdur. Ona görə də, cəzasızlıq mühitində "ömür yeyənlər" də artıb, "ümid öldürənlər" də...

Elə bunları görərək yazmışdıq bir zamanlar bu şeiri:

 

Yanımızda dolaşır neçə ümiddən yetim,

neçə ürəyi varlı,

neçə həyatı yoxsul...

Bəlkə də, qarğış kimi səslənir 

neçəsinə dediyimiz :

"çox yaşa, uzun ömür və var ol !".

Sınıq ürəklər gəzir bəzəkli küçələrdə,

baxışlardan oxunur :

"əl vurmayın tökülər !".

Çiliklənmiş ümidin bir az da qüruru var,

Bir səbəb də taparlar : 

"düşmən bilib sevinər !"...

Neçə gözün içində bir əyri xətt cümlə var,

bu gözlərə baxmayın :

 "girişi qadağandır !".

Sabahları bir məchul,

lap həll edə bilsən də,

Cavabı alınacaq :

"yaşamaq qadağandır !"...

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömur amanat.

Əldən-ələ keçir vəfasız həyat.

Biz gəldi-gedərik, sən yaşa dünya!”

 

Söhbətimə böyük Azərbaycan şairi Səməd Vurğunun sözləri ilə başlamağım əbəs deyil. İstəyirəm bu gün sizə çoxdan, lap çoxdan dünyasını dəyişən soydaşlarımızdan danışım. Bəli, gələn hər gün kimlərinsə doğum günü olduğu kimi, kimlərinsə də ölüm günü olur. Nədənsə, 19 rəqəminin mənimçün xüsusi çəkisi var. Xülasə, müxtəlif illərdə, noyabrın 19-u vəfat edən aydınlarımızı xatırladaraq ruhlarına rəhmət diləməyinizi istəyirəm. 

Cabbar bəy Vəlibəyov-Baharlı- Ağdamın Birinci Baharlı kəndindən idi. Qarabağda yeni tipli məktəbin əsasını qoyan pedaqoq kimi tanınıb. 1941-ci ilin noyabrın 19-da dünyasını dəyişib. 

Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi Zəfər Əlipaşa oğlu Nemətov 19 noyabr 1971-ci ildə haqqa qovuşub.

Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Azərbaycan Dövlət xadimi, Musavat Partiyasının III başqanı Kərim İbadulla oğlu Odər 19 noyabr 1981-ci ildə vəfat edib.

Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi, jurnalist, publisist Qəşəm Novruz oğlu Aslanov 19 noyabr 1984-cü ildə əbədiyyətə qovuşub.

Şair, jurnalist, tərcüməçi, əməkdar incəsənət xadimi, Azərbaycan KP MK-da məsul işçi, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Həmid Məmmədəli oğlu Abbasov- Həmid Abbas 1999-cu il noyabrın 19-da haqqa qovuşub. 

Davud Ağa oğlu Axundov-Azərbaycan memarı və tarixçisi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1991), Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü Davud Ağa oğlu Axundov 2003-cü il noyabrın 19-da dünyadan köçüb.

Riyaziyyat elmlər doktoru, professor, Azərbaycan Dövlət Universitetinin "Həndəsə" kafedrasının müdiri işləyən Abbasov Nazim Tanrıverdi oğlu 2004-cü il noyabrın 19-da haqqa qovuşub.

Marnauli rayonunun Kəpənəkçi kəndində dünyaya gələn Cavid Nəbi oğlu Xıdırov kimya elmləri doktoru, professor idi. 19 noyabr 2005-ci ildə vəfat edib.

Akademik Ayaz Adil oğlu Əfəndiyev- 1987-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru olub. 2007-ci il noyabrın 19-da əbədiyyətə qovuşub.

Rejissor, bədii rəhbər, “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Vaqif Ağayev 19 noyabr 2011-ci ildə vəfat edib.

Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis Nəcəf Abbas oğlu Nəcəfov 19 noyabr 2013-cü ildə haqqa qovuşub.

Biologiya elmləri doktoru, professor, Azərbaycan SSR-nin Əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim Həbibə Süleyman qızı Qasımova 19 noyabr 2014-cü ildə əbədiyyətə qovuşub.

Bəstəkar və dirijor, professor, Azərbaycan Respublikasının Xalq artisti Nəriman Abbasqulu oğlu Əzimov 19 noyabr 2016-cı ildə vəfat edib.

Azərbaycanın tanınmış teatr xadimi, Abdulla Şaiq adına Azərbaycan Kukla Teatrının keçmiş direktor müavini Natiq Gülməmmədov 19 noyabr 2022-ci ildə dünyasını dəyişib.

Bu siyahını uzatmaq da olardı, məncə bu qədər də yetər. 19-nin üstünə 20-ni, 21-i də gəlin, yenə məşhurlar, tanınmışlar, doömalar… 

Mən qəmgin notlar üzərində qurduğum bu söhbətimlə çatdırmaq istəyirəm ki, yaşadığımız fani dünyada gəlin mehriban olaq, bir-birimizi sevməyi bacaraq. Axı kim olsaq da, hansı zirvəyə ucalsaq da, günlərin birində bizi də köhnə ölülərə qatıb oxşayacaqlar. Necə deyərlər, Süleymana qalmayan dünya heç kimə qalmayacaq...

Yeri gəlmişkən.

Əfsanəyə görə, həzrət Süleyman çox möhtəşəm peyğəmbər olub. Yer üzündə onun hakimiyyətinin həddi-hüdudu olmayıb, hətta təbiətin, heyvanların dilini də bilib. Vəfatından əvvəl tuncdan uca bir qəsr tikdirən peyğəmbər qəsrin üzərində belə bir yazı həkk etdirir: 

- "Ey yenilməz qüvvətinə və ömür uzunluğuna inanan insan, bil ki, dünyada heç kim əbədi deyil. Әgər mal, ləşkər çoxluğu ilə və ya elm gücü ilə dünyada əbədi qalmaq mümkün olsaydı, gərək Davud oğlu Süleyman ölməyəydi. Bu qəsri tikdirdim ki, dünya malının kimsəyə qalmayacağını biləsiniz...” 

Günaydın, dostlar!..

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi  insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və  “Sözdən  yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar.  Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.

 

HÜMBƏT HƏSƏNOĞLU

 

Hümbət  Həsənoğlu - həkim, yazıçı, ictimai xadim.  “Tərəqqi” medallı.  Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.

 

- Sevənləri bir yerdə sap da saxlayar, sevməyənləri zəncir də saxlamaz.

 

- Qulaq asmaqla eşitmək arasında inam boyda məsafə var.

 

- Tərbiyə qulaq burmaqla baş sığallamaq arasındakı mütənasibliyi tapa bilməkdir.

 

- Boş-baş ayaqları da boş-boşuna gəzdirər.

 

- Çörək yemək istəsən sünbül, bülbülə qulaq asmaq istəsən gül ək.

 

- Çomaq kimi fikirləri özünlə gəzdir ki, it kimi insanlardan qoruna biləsən.

 

- Əyri ağacdan düz kölgə, əyri insandan düz iş gözləmə.

 

- Dostluq razılaşa- razılaşa, sevgi barışa-barışa qorunar.

 

- Ən kədərli şey sənə xatirələr bəxş etmiş insanın özünün xatirəyə çevrilməsidir.

 

- Tərbiyəsizdən ehtiyatlan, nadandan qorx.

 

- Qadından ehtiyat edən kişini Allah da qoruyar.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

Cümə axşamı, 21 Noyabr 2024 16:06

Gülüş klubunda millətçi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Bu gün Hersoq yeni sarayın açılışını etməliydi, amma qulluqçulardan kimsə tək səbir gətirdi deyə açılışı təxirə saldı.

 

2.

İnsan yaşlaşdıqca ağır oturub batman gəlir. Ona görə yox ki, müdrikləşir. Ona görə ki, tənbəlləşir. 

 

3.

Sabunçu rayonu Kanalizasiya və su təsərrüfatı idarəsi 2024-cü ilin yekunlarına görə Qırmızı Əmək Bayrağına layiq qorülüb. 

 

4.

Adi vətəndaşımız səhər yuxudan oyandı, dişlərini alman pastası ilə yuyub, üzünü amerikan britvası ilə qırxıb, əl-üzünü britan  sabunu ilə yuyub, fransız kruasanı ilə Braziliya kofesindən ibarət səhər naharını edib, italyan kostyumunu geyinib, İsveçrə saatını da taxıb, ərəb odekalonu ilə ətirıənib, qapının ingilis qıfılını bağlayaraq evdən çıxdı, Çin avtomobilinə mindi, yapon radioqəbiledicini qoşub “Avropa” radiostansiyasında ispan musiqisinə qulaq asa-asa “Makdonalds”dan da günorta yeməyinə “Biq teysi” və “Koka kola” alıb “Nyu taur” kompleksindəki ofisə gəldi. 

Maşını İsveçrə siqnalizasiyası və Kanada videonəzarəti altında olan mühafizəli parkinqdə saxlaylb fin lifti ilə 22-ci mərtəbəyə qalxdı, “Merçendayzinq şöbəsi” yazılmış kabinetə girdi, Aybiem Amerika kompüterini açdı, Amerikanın Vindouz əməliyyat sisteminə girib amerikalıların yaratdığı internetə daxil oldu, Kuba siqarını tüstülədə-tüstülədə ingilis sözləri ilə amerikan akkauntuna girib yazdı: “Əziz izləyicilərim. Biz hamılıqla əhalimizi xarici təsirdlərən qurtarmalıyıq. 

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan ziyalımız Etibar Əbilovun dünyadan nakam köçmüş oğlu Əbil Əbilovun gündəliyindən təqdim etdiyi növbəti hissəni sizin diqqətinizə çatdırır.

 

Əbilin gündəliyindən:

TÜRKLƏR HAQQINDA.

 

21 yanvar 2007. 

Biz türkük. Yaşamayan mədəniyyıtlərin, olmayan dövlətlərin gördüyü, sevdiyi bir millətin övladlarıyıq. Zəngin bir mədəniyyətimiz var. Mədəniyyətin, mədəniliyin özü olan OCAĞI ilk dəfə biz alovlandırmışıq. Dünyanın heç bir mağarasında ayı yaşamayanda, biz bir insan olaraq Azıx mağarasında ocağın işığına yığışmışıq. Miflər ölkəsi Hindistanı ilk dəfə bizim Altayda, Tyan-Şanda alışdırdığımız alov işıqlandırıb. Göylərin də yerlər qədər sehrli oldugu bir çağda səma miflərini ocağın ətrafında doğulan oğullarına ad seçib atalarımız, böyüklərimiz, ulularımız. Hindistanda dünyanın ən qədim mifoloji dini yarananda, türklər artıq miflərdən danışmırdılar. Dünyanın ən qədim dastanlarını-bizim dastanları yazıya köçürürdülər. Qopuz çalıb, söz söyləyib, bütlərin olmadığı dövrlərdə əski türkər Göy Tanrıya-  Göylərin və yerlərin Rəbbi olan Allaha inanırdılar. Hər şeyin yaradıcısı və yox edicisinin varlığı haqda biliklər ikinci dəfə gəldiyindən min illər öncə gəlmişdi və ya göndırilmişdi, İlahi varlıq tərıfindən Türk ellərinə, Asiya bozqırlarına, Altaylara.

Türk ellərinin Şamanı, Kamı vardı və onlarln sözləri ocağın işığını Günəşin ziyasından üstün edirdi, türk ellərinı gecənin qaranlığında.

Qurani-Kərimdə Allah Təala buyurur ki, "Biz heç bir qövmü peyğəmbərsiz buraxmadıq". Bəli, türk torpaqlarında da peyğəmbərlər gəzmiş, Allahın uca adını günəşin goğub batdığı yerə qədır daşımışlar. Güclərinin yetdiyi qədər. Daha sonra türk sərkərdəlıri günəşin doğub- batdlğı yerə qədər getməyə çalışmışlar. Günəşin doğduğu yerdə dəniz vardı, batdlğı yerdə də. Elə buna görədir ki, qara sevdamız dənizlər olmuşdur. Bu gün də elə bir dəniz, çay, göl yoxdur ki, onun sahilini yuduğu torpaqlarda türkün, türklüyün izinə rastlanmasın.

Şamandan, Kamdan danışdıq. İsa peyğəmbərin davamcıları "havari"lər var, Məhəmməd peyğəmbərdən sonra onun gətirdiyi dinin davasını, təbliğini edən müctəhidlər, Allah dostları-  sufilər vardı Şamanın türk ellərində  irşad təbliği aparan bir peyğəmbərin davamçısı olmadığı nə məlum?

Bu peyğəmbərlər tarixdə niyə qalmadılar? Tarixdə hansı peyğəmbərlər qaldı? Hz.Lut qövmü ona inanmadı və həlak oldu. Hz.İsmayıl - onun soyundan gələnlər yollarını elə azdılar ki, özlərindən olan, sonuncu peyğəmbərə etmədikləri pislik qalmadı. Hz.Musa qövmü o qədər azmışdı ki, Allah Təala kitabların sonuncusu Qurani-Kərimdə özünün var etdiyi və yaratdığı bir qövmü lənətlədi. Hz.İsanın peyğəmbərliyini 300 il sonra qəbul etdilər. Və s. və s. Bu peyğəmbərlər ona görə unudulmadı ki, sonuncu kitab- "Quran"da hər birinin qissələri, başlarına gələn müsibətləri özlərindən sonra gələn qövm və insan tərəfindən unudulmasın deyə tək-tək yazılmışdı. Və belə də oldu. Qurani-Kərimdə yazılan heç bir şey unudulmadı. Haqlarında məlumat verilən 27 peygəmbər də eləcə.

Yer üzünə 124 min peyğəmbər gəldiyini söyləyirlər. Bəs onların taleləri haqda harda məlumat verilib? Deyə bilməyəcəyəm- bəlkə hansısa İlahi bir kitabda?

Hər bir qövmə ayrı bir peyğəmbər gəldiyinə görə demək ki, türklərə də peyğəmbər gəlmiş. Bəs niyə adı tarixdə qalmamış? Yuxarıda gördük ki, adları tarixə düşən peyğəmbərlərin heç biri qövmləri tərəfindən qəbul edilməmiş. Demək tarixdə faciə yaşayan  peyğəmbərlər qalır. Türklərin peyğəmbərlərinin tarixdə qalmamasının səbəbi bəlkə də onların peyğəmbərliyinin türklər tərəfindın qəbul edilməsi olub. Bu,sadəcə minlərcə ehtimaldan bir güclü dəlil ola bilər. 

Türklər islamiyyət onların torpaqlarına gələnə qədər və ondan sonra da bir tək Tanrlya- Göy Tanrıya, VIII əsrdən də tək Allaha inanmışlar. Və heç bir zaman da əqidədən dönməmişlər. Dönüklük diğər millət və qövmlər üçün xarakterik olsa da, Türk ulusuna xas olan  bir şey deyil...

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

“Ədəbiyyat və incəsənət” portalına ehtiyatda olan zabit Zahid Teymurovun ünvanladığı məktub hamımızın yaralı yerindən bəhs edir: yeni dəblərin milli-mənəvi dəyərlərə mənfi təsirindən. 

 

Ağsaqqalla divanda oturub, kinoya baxırdıq. Daha doğrusu, o baxırdı. Mən məsləhətə gəlmişdim. 

“Axırıncı aşırım" yenicə başlamışdı. Çay gətirdilər. Mən içdim. Ağsaqqalın çayını bir 10 dəfə dəyişdilər. Soyuyurdu.

   - A kişi, çayını iç, yoruldum dəyişməkdən! - əsəbləşirdi xanımı.

   - Kinoya baxıram! Çay yeridir! - kəsdi kişi.

   Film qurtardı. Biraz söhbət etdik.

   - Kinoya baxanda çay içmək olmaz? - məqam tapıb soruşdum. 

   - Orda çay içməyə vaxt var? Kinonun içinə ki girmədin, o kino deyil. Orada Kərbəlainin zəhmindən, Qəmlonun əzazilliyindən, Abbasqulu Ağanın təmkinindən məcal var çay içməyə? 

    ... Bu yaxınlarda bir film müəllifinin fikrinə rast gəldim: kinoya gərək kinoteatrda baxasan. Televizorda o təəssuratı, zövqü almırsan. 

   Cavanlara danışdım. Dedilər, tamamilə düz fikirdir. Gedək, özün görəcəksən.

   Axşam zəng etdilər: Yaxşı geyinin, düşün. Gedirik kinoya. 

   Üç dəfə geri qaytardılar. Bəzənməyə.

   - A kişi, orda mədəni, ziyalı, zadəgan insanlar olacaq. Bu geyimdə səndən nə düşünərlər?

    Gəldik. Millət növbəyə durmuşdu.

   - Hamımıza ,,popkorn". Sənə içməyə nə götürək?

   - Yeməyə gəlmişik? Bəs deyirdiz kinoya gedirik? - təəcübləndin. Gülüşdülər.

   Millət, əllərində  yekə karton vedrə popkorn, kola-mola-fanta, pivə, çips, basa-basla zala axışırdı. 

    - Mən heçnə istəmirəm, - acıqlandım.

    - İstəyirsən!- hökm etdilər. - Burda əli boş adama pis baxırlar...

    Qucağımda bir vedrə qarqıdalı pörtləməsi, əlimdə litirlik sirab, oturdum yerimə. Kino başladı. Hər tərəfdə xışıltı, marça-març, qurt-qurt... Elə bil ac inəklər saman eşirlər...

    Kino qurtardı. İşıqlar yandı. Böşalan zal Balaxanı zibillxanasını xatırladırdı. 

Yol boyu dinmədim.

    - Necədi?! Xoşuna gəldi?

    Özümü əldə saxlamağı bacaranam. Dişlərimi sıxıb iki söz deyə bildim:

    - Agzımı açmayın...

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

1 -dən səhifə 1838

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.