Super User
BAKIDA GƏNCƏ FİLARMONİYASININ KONSERTİ - böyük izdiham vardı
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə "Gəncədən Bakıya" layihəsi çərçivəsində "Mahnı və romans" axşamı baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov Niyazinin "Vətən nəğməsi", Fikrət Əmirovun "Gülüm", Süleyman Ələsgərovun "Vətənimdir", Vasif Adıgözəlovun "Qərənfil", Ramiz Mustafayevin "Məlahət sultanı" romanslarını, Tofiq Quliyevin "Sevdiyim qız", "Lirik mahnı", Səid Rüstəmovun "Alagöz", Cahangir Cahangirovun "Ana", Sevil Əliyevanın "Qayıt əzizim", Ağabacı Rzayevanın "Könlüm" mahnılarını ifa ediblər.
Sonda Müslüm Maqomayevin "Azərbaycan" mahnısı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
Azərbaycanın xalq rəssamı Rafiq Nəsirov vəfat edib.
“Ədəbiyyat və incəsənət” Trend-ə istinadən xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rafiq Əliş oğlu Nəsirov 1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.
O, “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət”, “Biz qayıdacağıq” kimi filmlərdə rəssam, “Fəryad” filmində isə dekor rəssamı kimi çalışıb.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Azərbaycan Mərakeşdə beynəlxalq film festivalında iştirak edəcək
Dekabrın 9-dan 13-dək Mərakeşin Zakura şəhərində 18-ci Beynəlxalq Transsəhra Kinofestivalı keçiriləcək.
AzərTAC xəbər verir ki, festival çərçivəsində keçiriləcək 3 müsabiqəyə Afrika, Avropa, Asiya qitələrindən, eləcə də Kanadadan tammetrajlı və qısametrajlı filmlər təqdim edilib. Həmçinin, festival çərçivəsində qısametrajlı bədii film ssenarisi müsabiqəsi təşkil ediləcək.
Azərbaycan festivalda rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi ilə təmsil olunacaq. Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Film, Tallin “Black Nights” Film Festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və bir neçə mükafata layiq görülüb.
Filmdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı ifa edirlər.
Festivalda mərakeşli rejissorlardan Fauzi Bensaidinin “Boş üçdəbir” tammetrajlı bədii filmi, Həsən Bencəlunun “Məlahda sonuncu Cok” sənədli filmi, Rəşidə əl-Cəraninin “Rəşid” və Əymən Həmmunun “Qoyun, keçi və qarğa” qısametrajlı filmi də nümayiş olunacaq.
Festivalın fəxri qonağı Rusiyadır.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
“Sənsiz bu şəhər bağrıma qan sərdi bu axşam…” - GÜNEYDƏN ELŞƏN ÇAYPARALI
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Elşən Çayparalının şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
TELDƏN
Dərdimsə yağışsız ələnir hey cana teldən,
Könlüm yanaşır nisgilə dönmüş hana, teldən.
Saçlar da köçür durnaların ah xəyalında,
Uçsan ürəyimdə qalacaqsan sona teldən.
Bağrım ələnir qanlı buludlar dodağından,
Barmaqlarımın iç kefini sən xına, teldən.
Yarpızlığımın ahlarını dildə tutardım,
Nərgizliyini oxşayıram mən nana teldən.
Mən gizlədirəm min cəsədi ağ ciyərimdə,
Qançıl bu yaram qoy səpilə hər yana teldən.
Dardan asılı qaldığım illər damar ağlır¹
Qansız məni al sən apar allah qana teldən.
Ehmal yapış, ağrım iki qız var; biri kordur
Layla beşiyim ağlayacaqdır ana teldən.
Tel-tel otağım bir daraq əkmiş ürəyimdə,
Bəlkə gələsən sən yuxuma yan-yana teldən.
BU AXŞAM
Sənsiz bu şəhər bağrıma qan sərdi bu axşam.
Ağrımla itən göylümə dan sərdi bu axşam.
Baxdıqca qapım pəncərəni yoldu, apardı,
Yollar hayıma ahla duman sərdi bu axşam.
Dildən başa-baş qəlbimə dən-dən düzülürdün,
Leş-leş xəyalın ağzıma can sərdi bu axşam.
Sənlə namaz oldum qılıram dil-dodağımdan,
Tanrım ürəyin boyda quran sərdi bu axşam.
Gəl kefli olaq bir otaq içrə sən ilə mən,
Bax... Bax, nə gözəlliklə zaman sərdi bu axşam?!
Duyğumda neçə körpə baxış mənsə doğuldu,
Məndən sənə nazlım xiyaban sərdi bu axşam.
Addımlayıram mən özümü hərdən özümdə,
Sənsiz bu şəhər bağrım qan sərdi bu axşam.
SƏRƏLƏNMİŞ
Sənsiz necə gözlərdə dolan qan sərələnmiş,
Tık-tık çalınan dəyqələr hər an sərələnmiş.
Bilsən ki, boğuldum boğazın sağ sükutundan,
Sözsüz cəsədəm, sözlərim heyran sərələnmiş.
Köksümdə vərəqlər sökülür kəlmələrimlə,
Gölsüz qələmin cövhəri dan-dan sərələnmiş.
Öldüm, ahımı bağrıma basdız, nəyim oldu?
Beş qat kəfənin üstünə yorğan sərələnmiş.
Yaz-yaz payızı dadmağa mən dil göyərirdim,
İllərdi leşim üstünə tufan sərələnmiş.
Sənsiz içirəm hey içimi, hey dadıram mən,
Bax, bax ki, bu bəxtsizliyim hardansərələnmiş?!
Nadir², nə xəyallarda yazıbsan qəfəs uçdu,
İllərdi olar göylərə zindan sərələnmiş.
BU ŞƏHƏRDƏN
Dur gəl darıxan sözlərimi al bu şəhərdən.
Yoldan asılan gözlərimi al bu şəhərdən.
Köçdüm yağışın bağrına ağlar bulud oldum,
Gəl yaşlıca sən izlərini al bu şəhərdən.
Sənsiz sükutun qibləsinə mən namaz idim,
Səcdəm asılı, dizlərimi al bu şəhərdən.
Beynim alışır bax, dodağımda xəyalın var,
Odlandı saçım, közlərimi al bu şəhərdən.
İllərdi bahar xonçasını qoynuna saldım,
İllər dolanan yüzlərimi al bu şəhərdən.
Yol-yol şəhərim qaytara bilməz məni sənsiz,
Daşdan danışan, düzlərimi al bu şəhərdən.
Göylümdə qəzəl var göyərib dil aça bilmir,
Dur gəl darıxan sözlərimi al bu şəhərdən.
¹ Təbrizdə ləhcədir. Əslində “Ağlayır”dır.
² Nadir İlahi.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Günün fotosu: İlk olaraq Avstraliya uşaqlar üçün sosial şəbəkələri qadağan etdi
Avstraliya parlamenti 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyan qanun layihəsini qəbul edib. Təşəbbüskarların fikrincə, qanun layihəsi avstraliyalı uşaqları sosial şəbəkələrin vurduğu zərərdən qorumaq məqsədi daşıyır.
Bu o deməkdir ki, Avstraliya indi sosial mediaya çıxışı tənzimləyən dünyanın ən sərt qanunlarına sahib olacaq.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Yaxşı ki, tamaşalarda xeyr şər üzərində qələbə çalır - ŞƏKİDƏ TEATR FESTİVALI BAŞLAYIR
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Azərbaycan teatrından danışanda ilk olaraq yada böyük Mirzə Fətəli Axundov və onun dünyaya gətirən Nuxa (Şəki) düşür. Söhbətimiz Axundov barəsində olmasa da teatr və Şəki barəsindədir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi və iştirakı ilə Şəkidə IV Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyinə həsr olunur.
Beynəlxalq festivalda müxtəlif ölkələrdən təşrif buyuran və yerli teatrlar öz tamaşaları ilə təmsil olunacaq.
1-5 dekabr tarixlərində davam edəcək festivalın açılış günündə Şəki Dövlət Dram Teatrı görkəmli ingilis dramaturqu Uilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcək.
Premyerası olacaq tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, sonetlərə yazılmış mahnıların bəstəkarı Xatirə Orucova, musiqilərin oranjimançısı Firudin Allahverdi, baletmeysteri Çingiz Novruzəliyevdir.
Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə, Pərviz İsmayılov, Çingiz Novruzəliyev, Rəsul Məmmədrəhimov, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Elvin Mabudov, Nazilə İmamhüseynova, Nərmin Abbasova, İlkin Rüstəmov, Qurban Rəsulov, Azad Məmmədov və digərləri ifa edirlər.
Tamaşada orta əsrlər dövründə İtaliyada zadəgan ailələr, əyanlar, onların başına gələn romantik hadisələrdən bəhs edilir. Əsas mövzu dostluqdan, xəyanətdən, sevgidən və xeyrin şər üzərində qələbəsindən ibarətdir.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Məmnuniyyətlə sizi sərgiyə dəvət edirik!
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Toğrul Nərimanbəyovdan sonra nar simvolikasına müraciət edən tanıdığım ikinci rəssamdır Validə Əliyeva. Bu möcüzəvi, sirli-sehirli meyvənin vətəni olmağımızı rəngkarlığa daşımağımız əlbəttə ki, çox önəmlidir.
Bir xəbəri məmnuniyyətlə sizinlə bölüşürəm: dekabrın 2-si, saat 19:00-da Üzeyir Hacıbəyli küçəsində qərarlaşaşan Rus Evində ilk dəfə rəssam Validə Əliyevanın (Validə Əsəd) “Mənim dünyam” adlı fərdi sərgisi açılacaq.
Rəssam dəfələrlə Azərbaycanda keçirilən sərgilərdə və müxtəlif ölkələrdə onlayn müsabiqələrdə iştirak edib. Diplomları və sertifikatları var. Müəllifin əsərləri xarici və şəxsi kolleksiyalarda saxlanılır.
Validə Əsəd Azərbaycan Rəssamlar İttifaqının, Aktiv Rəssamlar Assosiasiyasının “Tahayul Art” rəssamlar qrupunun üzvüdür.
Validə Əsədin dünyasında nə var: rəng kontrastı, milli kolorit və işıq.
Bunlar da bu ağ-qara dünyamızda çox vacib elementlərdir.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
BİR SUAL, BİR CAVAB İqbal Nəhmət ilə
DOST QÜSURU BARƏDƏ
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
"Qüsur axtarırsan, bütün aynalar sənin." ( Mövlanə)
Dəyərli Yazarımız, yaxın dostumuzun qüsurunu onu incitmədən necə söyləməliyik?
Olub ki, qüsuru deyib peşman olmusunuz?
CAVAB
-Mən bütün dostlarıma əgər qüsurları varsa, birbaşa deməyi xoşlayıram və deyirəm də. Məni çox səmimi qəbul edirlər, çünki dostluqda çox etibarlı olduğumu yaxşı bilirlər.
Mən dostlarımı seçmirəm, onlar məni seçirlər.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Şair İlyas Tapdığın 90 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
Bu il Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, Prezident təqaüdçüsü İlyas Tapdığın 90 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığına həsr olunan elektron məlumat bazası yaradılıb.
“Ədəbiyyat və incəsənət” portalı kitabxanaya istinadən xəbər verir ki, kitabxananın rəsmi saytında yerləşdirilən bazada görkəmli şəxslərin İlyas Tapdığa dair söylədikləri dəyərli fikirlər, Xalq şairi Zəlimxan Yaqubun onun haqqında qələmə aldığı “Ustad şairə dost təbriki” adlı məqalənin tam mətni, şairə həsr olunan kitab və dövri mətbuat nümunələrinin siyahısı təqdim edilir. Elektron bazada İlyas Tapdığın məcmuələrdə, dövri mətbuatda çıxan şeir, məqalə və müsahibələri, əsərləri, məsləhətçisi, tərtibçisi olduğu, redaktə etdiyi kitabların, sözlərinə yazılan not əsərlərinin siyahısı ilə yanaşı, şairə həsr edilən şeirlərin tam mətni də yer alır.
“İlyas Tapdıq - 90” adlı elektron bazada “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və video qalereya” bölmələri də mövcuddur.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Avstraliyanın Melburn şəhərində Azərbaycan musiqisi gecəsi keçirilib
Avstraliya İttifaqının Melburn şəhərində Azərbaycan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konsert “AYTAY” musiqi qrupunun rəhbəri Aslan Şərifi tərəfindən təşkil edilib.
Tədbirdə soydaşlarımızla yanaşı, əcnəbilər də daxil olmaqla 350 nəfərə yaxın qonaq iştirak edib.
Konsertdə Emin Sabitoğlu, Cahangir Cahangirov, Tofiq Quliyev, Ramiz Mirişli kimi Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib, “AYTAY”ın rəqs qrupu tərəfindən milli rəqslərimiz nümayiş olunub. Konsert Rəşid Behbudovun “Azərbaycan” mahnısı ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)