Sərtyel, “Ədəbiyyat və incəsənət”
Gülüş klubunda növbəti görüşümüzdə ənənəni pozub Şəmil Sadiqdən eşitdiyim bir pritçanı sizlərə danışacağam. Açması nədir, özünüz tapacaqsınız.
Bir gün bir kəndli eşşəyi ilə yol gedərkən qarşısına bir dərviş çıxır. Hal-əhvaldan sonra dərviş deyir, yükün nədir, kəndli deyir, buğdadır.
- Bəs bu xurcundakı torpaqdır axı.
- Dərviş baba, xurcunun biri buğdadır, biri torpaq. Torpağı da ona görə qoymuşam ki, tarazlıq pozulmasın.
- Belə düzgün deyil, sən torpağı tök yerə, buğdanı iki yerə bölüb eşşəyə yüklə. Özün də min üstünə.Artıq yükü niyə daşıyasan ki?!
Kəndli bir az fikrə gedəndən sonra ağlına batır, tez dərvişin dediyini edir, yola düşməzdən öncə, deyir:
-Dərviş baba, sən bu qədər zəka, ağıl sahibisən, de görüm, bu ağılla sənin vardan, dövlətdən nəyin var?
Dərviş gülümsəyib, cavab verir:
-Heç nəyim, bir həsirəm, bir də məmmədnəsir, harda bir tikə çörək tapdım yeyib, yol gedirəm.
Kəndli tez eşşəyindən düşüb xurcunları əvvəlki kimi yükləyir, torpağı birinə, buğdanı birinə. Sonra da deyir ki, sənin ağlın olsa idi, özünə gün ağlardın, sənin ağlın mənə gərək olmadı.
P. S. Açması da sizlik olsun
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)