Super User

Super User

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində türkiyəli yazıçı Sinan Yağmurla görüş keçirilib.
AzərTAC xəbər verir ki, görüş VII Bakı Beynəlxalq Kitab Yarmarkası çərçivəsində reallaşıb.
Görüşdə əvvəlcə türkiyəli yazıçı haqqında məlumat verilib. Bildirilib ki, Sinan Yağmur "Aşkın Meali 1 Yusuf ile Züleyha", "Aşka Yolculuk Veysel Karani", "Aşkın Gözyaşları Şems-i Tebrizi", "Kerbela Aşk'a Bela: Hz. Hüseyin", "Aşka Yol Olma Defteri" kimi ibrətamiz kitabların müəllifidir. O, Türkiyədə 2011-ci ildə ən çox kitabı satılan yazıçılardandır.
Diqqətə çatdırılıb ki, bir sıra məşhur kəlamların müəllifi olan Sinan Yağmur ömrünün böyük hissəsini Mövlananın həyatını araşdırmaq və təbliğ etməklə keçibdir.
Tədbirdə, həmçinin müəllifin "Aşkın Sesi Yunus Emre” kitabının təqdimatı da keçirilib.
Görüşdə Sinan Yağmur Yunus Əmrə yaradıcılığı barədə oxuculara məlumat verib və müəllifi olduğu kitab haqqında danışıb.
Qeyd edək ki, oktyabrın 10-dək Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Kitab sərgi-yarmarkası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

“Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında bir çox nüfuzlu nəşriyyat təmsil olunur. Belə yarmarkalar oxucu, naşir, yazar münasibətlərinin stabilləşməsi, möhkəmlənməsinə xidmət edir.”
Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, “Metakədər” kitabı ilə sevilən Nərgiz İsmayılova söyləyib.
Tədbirin əhəmiyyətindən danışan N.İsmayılova deyib: “Sərgi-yarmarkada kitabçılığın inkişafına xidmət məqsədilə tədbirlər, yazarlarla görüşlər, imza günləri keçirilir. Endirimli qiymətlərlə ictimaiyyətə təqdim olunan əsərlər mütaliə mədəniyyətinin formalaşdırılması və inkişafına böyük xidmət göstərəcək”.

Oktyabrın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.
AzərTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.
Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə təşkil edilir.
Gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəyinə əminliyini ifadə edən Əli Əhmədov bildirib ki, iştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.
“Ötən il 44 günlük Vətən müharibəsində 30 il işğalda qalan torpaqlarımızın azad edilməsi və hazırda bu torpaqlarda yenidənqurma işlərinin aparılması, həyatın canlandırması bütün bu canlı tariximiz yaradılmalı, kitablara köçürülməlidir. Azərbaycan xalqı tarixinin ən şərəfli günlərini yaşayır. Bu tarixi yazanların gələcək nəsillərə çatdırılması üçün tarixçilərimizin, yazıçılarımızın, şairlərimizin üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, Azərbaycanın bugünkü tarixinin canlı şahidi olan dəyərli yazıçılarımız, elm adamlarımız bu şərəfli tariximizin salnaməsini yaradaraq gələcək nəsillərimizə çatdıracaqlar. Bu zəfər dolu illərimizin tarixi çoxlu sayda kitablarda, əsərlərdə əksini tapacaq”, - deyə Əli Əhmədov vurğulayıb.
Sərgi ilə bağlı təəssüratlarını bölüşən mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, 14 illik tarixə malik, Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur.
Sərginin əsas məqsədinin cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləmək olduğunu söyləyən nazir deyib: “Sərgi, eyni zamanda Nizami dühasının 880 illik yubileyi münasibətilə, onun mədəni-ədəbi irsinin tədqiqi və təbliği ilə bağlı görülən işlərin, çap olunan nəşrlərin, nümayişi və təqdimatının geniş ictimaiyyətə çatdırılmasını, azyaşlı oxucuların, poeziya və Nizamisevərlərin, dahi mütəfəkkirin ibrətamiz ədəbi irsinə, yenidən müraciətinin təşviqini həyata keçirəcək”.
Nazir vurğulayıb ki, VII Bakı Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olunacaq. Sərgidə uşaqlar üçün, Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək. Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak edəcəklər.
Anar Kərimovun sözlərinə görə, VII Bakı Beynəlxalq Kitab Sərgisinin ən əsas özəlliklərindən biri, qalib gəlmiş bir xalqın, zəfər çalmış bir dövlətin öz suveren ərazisində təşkil etdiyi ilk beynəlxalq kitab festivalı olmasıdır: “Sərgidə xalqımızın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunan, Qarabağın tarixini və mədəniyyətini əks etdirən kitablar, jurnallar və digər çap məhsulları xüsusi yer tutur. Sərgiyə təşrif buyuran hər bir şəxs bu mövzularda olan nəşrlərə diqqət yetirməli, şanlı tariximiz, qədim mədəniyyətimizlə bu kitablar vasitəsilə tanış olmalıdır. Bildiyiniz kimi bu il yanvarın 15-də Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Qarabağa kitabla gedək” aksiyasına start verilmişdir. Hazırda bu aksiya çərçivəsində 55 482 kitab toplanılıb. Bu gün biz Qarabağa həm mədəniyyətimizi, həm də ədəbiyyatımızı qaytarırıq. Bu böyük qayıdışın hər mərhələsində, hər məqamında xalqımız dövlətimizlə bərabərdir və 44 günlük zəfər tarixi, artıq dünya azərbaycanlılarının həmrəyliyi simvoluna çevrilib”.
Builki kitab festivalının əvvəlki sərgilərlə müqayisədə, bir sıra yenilikləri ilə fərqləndiyini söyləyən A.Kərimov deyib: “İki ildən bir keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin bu ildən etibarən, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləmək məqsədilə hər il təşkil olunması qərara alınıb.
Bundan başqa, sərginin keçirilmə məkanı dəyişdirilərək, ölkəmizdə sərgi təşkili üçün daha optimal yer olan Bakı Ekspo Mərkəzinə salınıb. Sərgimizdə ilk dəfə olaraq azyaşlı oxucular üçün “Uşaq aləmi” təşkil edilib. Builki sərgidə, görkəmli ədəbiyyat və incəsənət adamları sərgi gününün fəxri qonağı olacaqlar. Bu qonaqlar arasında məşhur xarici yazıçı və aktyorlar da yer alacaq.
Nəhayət bu il də Təşkilat Komitəsi tərəfindən sərgidə “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər müəyyənləşəcək. Eyni zamanda Nizami Gəncəvi ilə bağlı 5 gün ərzində ən möhtəşəm tədbirlərin təşkilini və “Nizami Gəncəvi İli” çərçivəsində dahi mütəfəkkirin 880 illik yubileyi ilə əlaqədar sanballı, yeni məzmuna malik nəşrlərin buraxılışını həyata keçirən naşirlər, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaqlar”.
Tədbirdə təhsil naziri Emin Əmrullayev, Xalq yazıçısı Anar, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah çıxış edərək sərginin açılışı münasibətilə kitabsevərləri təbrik edərək öz fikirlərini bölüşüblər.
Bildirilib ki, cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVID-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsi baxımından sərgi-yarmarkanın böyük əhəmiyyəti var. Əminliklərini ifadə ediblər ki, kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər sərgi ziyarətçilərinin marağına səbəb olacaq.
Sonra qonaqlar oktyabrın 10-dək davam edəcək sərgi ilə yaxından tanış olublar.

Çərşənbə, 06 Oktyabr 2021 10:05

Xalq Yazıçısı Anarın imza günü olacaq

Qeyd etdiyimiz kimi, bu gün Bakı Expo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgisi rəsmi olaraq açılır. Sərgi ayın 10-na kimi davam edəcək. Sərgidə “Baku Book Center"in (Bakı Kitab Mərkəzinin) də stendi yer alacaq.
Mərkəzin rəhbəri Günel Rzayevanın bildirdiyinə görə, sərgi çərçivəsində orada hər gün maraqlı görüşlər, müəllif imza günləri və müxtəlif tədbirlər baş tutacaqdır.
Bu gün saat 12.00-də Xalq Yazıçısı, AYB-nin sədri Anarın imza günü baş tutacaq. Saat 15:20-də isə mərkəzin “Oyan” uşaq teatrı “Cənnətim Qarabağ” layihəsi çərçivəsində “Nizamidən Vaqifə” adlı poetik kompozisiyanı təqdim edəcək.

Çərşənbə, 06 Oktyabr 2021 10:04

Kristian Jequel

“Dəniz sahilində”

Çərşənbə, 06 Oktyabr 2021 10:03

Oyanmış vulkan

İspaniyanın Kanar adalarına aid  Palma adasında oyanmış vulkan bir həftəlik fasilədən sonra yenidən püskürməyə başlamışdır. Özü ilə dağıntı və fəlalət gətirən vulkan artıq yerli büdcəyə 200 milyon avro ziyan vurmuşdur. (Euronews)

Daşkənddə keçirilən “İpək Yolu dürdanəsi” kinofestivalının “5 gün ərzində kino” müsabiqəsində gənc Azərbaycan rejissorları Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmi “Maarifçilik və tərəqqi naminə” nominasiyasında qalib gəlib.
AzərTAC Özbəkistandan xəbər verir ki, “5 gün ərzində kino” müsabiqəsində Almaniya, Estoniya, Özbəkistan, İsveçrə və Meksika kinematoqrafçılarının filmləri də qaliblər sırasında olub.
Xatırladırıq ki, kinofestival çərçivəsində keçirilən Azərbaycan kinosu günlərində ”Daxildəki ada” (Rüfət Həsənov), “İrs” (Zaur Qasımlı), “Balıqçının qızı” (İsmayıl Səfərəli), “Olimpiya” (Əlisəttar Quliyev), “Biz” (Orman Əliyev), “Vəhşi durnalar zamanı” (Murad Hüseynov), “Sonuncu” (Fariz Əhmədov) və “Fəridə” (Kseniya Laqutina) filmləri Daşkənd, Xivə və Nukusda nümayiş etdirilib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının oktyabr ayı üçün təbirlər planı açıqlanıb.
Filarmoniyanın mətbuat xidmətindən bildirilib ki, ilk konsert oktyabrın 8-də təşkil olunacaq. Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunacaq konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solistləri Xalq artistləri Fərhad Bədəlbəyli (piano) Yeganə Axundova (piano) Murad Adıgözəlzadə (piano) və Əməkdar artist İlham Nəzərova olan konserti Xalq artisti Yalçın Adıgözəlov və Əməkdar artist Fuad İbrahimov idarə edəcək.
Həmin gün saat 16.00-da F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevdir) musiqisevərlərin görüşünə gələcək.
Oktyabrın 15-də tamaşaçılara “Zəfərə aparan yol” adlı konsert proqramı təqdim olunacaq. Tədbirdə Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Oktyabrın 18-də Beynəlxalq Azərbaycan Vokalçılar Festivalı çərçivəsində konsert proqramı təqdim olunacaq. Konsertdə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijoru, Azərbaycanın Xalq artisti Gülbacı İmanovadır) çıxış edəcək.
Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert təkrar olaraq oktyabrın 22-də yenidən təqdim olunacaq.

7-ci Moskva yəhudi kinofestivalının (MEKF) təntənəli açılışı Moskvada Oskar nominantı olmuş animasiya dramının premyerası ilə baş tutdu, söhbət rejissor Ari Folmanın "Anna Frank hardadır” filmindən gedir.
“Ədəbiyyat və incəsənət” portalı bu barədə TASS agentliyinə istinadən bildirir.
Festivalın qonaqlarına animasiya filmini onun yaradıcıları - Ari Folman və layihənin prodüseri Aleksandr Rodnyanski təqdim etdilər. "Bu, əllə çəkilən rəsm animasiyasıdır, onu hər gün onlarla sənətçi çəkirdi, layihə səkkiz il davam etdi. Bu, çoxlu sayda ölkələrin ən mürəkkəb məhsuludur, ona bir neçə aparıcı prodüser cəlb olunub", - deyə Rodnyanski filmi  nümayiş etdirməzdən əvvəl çıxışında bildirdi. Rejissor isə əlavə etdi ki, filmin yaradılması böyük beynəlxalq komandanın əməyi sayəsində mümkün olub. "350 ölkədən 40 rəssam bu film üzərində işləyib. Cəmi 159 min rəsm hazırlanıb", - deyə Folman bildirib.
Film artıq "Qızıl Qlobus", "Sezar" və "Asia Pacific Screen” mükafatlarını qazanıb, qeyd etdiyimiz kimi, “Oskar" mükafatının da namizədi olub. Həmçinin Ari Folman öz işini 74-cü Kann kinofestivalında təqdim edib, film Qüds film festivalının və Toronto Beynəlxalq Kinofestivalının da iştirakçısı olub.

Festival proqramına cəmi 40
film salınıb. Filmləri İsrail kinematoqrafları, habelə ABŞ, Latviya, Polşa, Almaniya, Britaniya, Fransa və digər ölkələrdəki yəhudi diasporu nümayəndələri istehsal ediblər, filmlərin süjetləri real həyatdan götürülüb. Filmlərin hamısında “Kaşer-stayl” qeydi var, yəni onlar kaşer yoxlamasından keçiblər. Oxucularımıza bildirək ki, yəhudiliyin kaşer anlayışı islamın halal anlayışı ilə uzlaşır, kaşerlik iudaizm qaydalarına əməl etmək normalarını tənzimləyir. Kino sənayesində kaşer ölçüsü filmlərdə seksin, narkomaniyanın, zorakılığın, antiyəhudiliyin, antisemitizmin təbliğidir.

Kinofestival oktyabrın 12-dək davam edəcək. Onun meydançaları “Oktyabr” kino mərkəzi, “İllüzion” və “Moskino” kinoteatrları, habelə Yəhudi muzeyidir. Təşkilatçı isə “Köçəri” Yəhudi kinosuna dəstək Fondu, Yəhudi muzeyi və Tolerantlıq mərkəzidir.

Populyarlıq əmsalı nə ilə ölçülür? Müxtəlif meyarlar var, bunlardan ən etibarlısı mediada gündəm xəbərlərini zəbt etmək hesab olunur.
Türkiyənin ən böyük rəqəmsal xəbər bankı olan Habermetre 8 mindən çox türk saytını araşdıraraq 2021-ci ilin sentyabrında ən məşhur adların populyarlıq siyahısını hazırlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Haberler.com-a istinadən məlumat verir ki, Habermetre tərəfindən açıqlanan məruzədə sıralanma bu cürdür:

1. Acun İlıcalı
Türkiyənin tanınmış prodüsseri Acun İlıcalı həm öz telekanalları, həm də şəxsi təşəbbüsü ilə yayımlanan müsabiqə proqramlarının köməyi ilə ay boyu gündəlikdən çıxmamış, 6 min 709 xəbər üçün mövzu kimi siyahıda birinci yeri tutmuşdur.

2. Haluk Levent
Təsisçisi olduğu AHBAR Assosiasiyası ilə etdiyi yardım sayəsində və 2022-ci ildə Türkiyəni tərk edəcəyini elan etməsiylə Haluk Levent 6 min 288 xəbər mövzusu olaraq siyahı ikincisi olmuşdur.

3. Müge Anlı
ATV ekranında yayınlanan proqramında cinayətləri aydınladan  ve gurultulu ölümlər barədə xəbərlər yayan Müge Anlı 5 min xəbərlə  listənin 3-cü sırasında yerləşmişdir.

4. Seda Sayan
Listənin 4-cü sırasında 3 min 531 xəbərlə populyar müğənni və teleaparıcı Seda Sayan gedir.
 
5. İbrahim Tatlısəs
 İbo Show-nun aparıcılığından qopmadan illərdir konsert verməyən və illər sonra konsert vermiş ünlü sənətçi İbrahim Tatlısəs 3 min 140 xəbərlə listənin 5-ci sırasındadır.

6. İrem Derçi
Bir neçə ay çabalardan sonra arzusunu yerinə yetirən və Harbiya Cemil Topuzluda konsert verməyə müvəffəq olan İrem Derçi 3 min 96 xəbər ilə sentyabr ayının 6-cısıdır.

7. Selin Ciğerçi
Listənin 7-cisi 3 min 60 xəbərlə  Selin Ciğercidır.

8. Esra Erol
8-ci sırada tez-tez öz proqramındakı maraqlı hadisələrlə ATV-nin ekranında görünən Esra Erol qərarlaşıb. Onun adına tüm 2 354 xəbər var.

9. Özdəmir
Gözəl aktrisa Esra Erol kimi sentyabr ayında sosial şəbəkələrdəki hesabından gələn mesajları ilə gündəmdə olan Özdəmirin də adı 2 354 xəbərin mövzusu ola bilib.

10. Sereney Sarıkaya
Ən nəhayət, ilk onluğu 2 min 349 xəbərlə aktrisa Sereney Sarıkaya tamamlayır.

Fotoda Serenay Sarıkayadır. Qeyri-adi tərzi ilə həmişə diqqət çəkən Serenay bu sırada 10-cu olsa da televiziyaların Maqazin proqramlarında ən çox görünən isimdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.