Super User

Super User

Rusiyada, Sibir bölgəsində yaşayan azərbaycanlı şair, Rusiya Yazıçılar İttifaqının üzvü, bir çox mükafatlar laureatı Eldar Əhədov bir müddətdir ki, ana vətəndədir. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdən Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü adını almış şairin Bakı Kitab Mərkəzində keçirilən görüşü xüsusən böyük maraq doğurub.
Eldar Əhədovla görüşdə bütün iştirakçıları xoş sürpriz gözləyirdi: hədiyyə olaraq ədəbiyyatçının onlarla kitablarından birini seçmək. Onlara kitab müəllifin avtoqrafı ilə hədiyyə edilib.
Eldar Əhədov tədbirdə iştirak edənlərə Bakıda - Bayılda keçən uşaqlıq və yeniyetməlik illərindən, Bayılın, Montinin, Suraxanının, eləcə də Kür çayı üzərindəki Ulacalı kəndinin ona nə qədər doğma olduğunu danışıb. Şair vətənlə bağlı bir neçə şeir və esse oxuyub.  Həmçinin tədbir zamanı sərt Sibir həyatından, o cümlədən "Odlar Yurdu" xalq rəqs ansamblından bəhs edən bir neçə kiçik videofraqment nümayiş etdirilib.
Eldar Əhədov poeziya ilə sərhədləri şərti edən, xalqları bir-birinə yaxınlaşdıran şairdir. Ona portalımız adından sağlamlıq və bol poetik ilham arzulayırıq.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Qarabağ ərazisində abidələrimizə münasibətdə həyata keçirdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olub. Uzun illər işğal altında olan, erməniləşdirilməyə və dağıntılara məruz qoyulan daşınmaz tarix-mədəniyyət abidələrimizin vəziyyəti bütün dünyaya bəllidir. İşğalçı Ermənistan tərəfindən əzəli torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilib və ya erməniləşdirilib. İşğaldan azad olunmuş ərazilərdə təşkil edilən monitorinqlər zamanı bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri və s. mədəniyyət obyektlərinin qeydiyyatı aparılıb və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olduğu müəyyən edilib.
AzərTAC bildirir ki, bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkiyənin Anadolu agentliyinə müsahibəsində deyib.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən aparılan ilkin monitorinqlərin nəticələrinə əsasən işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Apardığımız monitorinq nəticəsində onların 95 faizinin dağıdıldığının şahidi olduq. Bizi ən çox məyus edən məscidlərimizə olan münasibətdir. Erməni vandalları bütün binaları dağıtdıqdan sonra məscidlərdə ev heyvanlarını saxlayıblar. İşğalı nəticəsində ermənilərin Qarabağda dağıdıb viran qoyduqları muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumilikdə isə, bəşər mədəniyyətinə qarşı vandalizm aktıdır”,- deyə nazir vurğulayıb.
İşğaldan azad olunmuş ərazilərimizin bərpa olunmasının həm də mədəni irsimizin bərpası prosesindən keçdiyini söyləyən A.Kərimov aparılan monitorinqlərin abidələrin hərtərəfli öyrənilməsi, həyata keçiriləcək infrastruktur layihələrinin icrası və kommunikasiyaların qurulması zamanı tarixi abidələrin bərpasının uyğun formada təmin edilməsinə yardımçı olacağını bildirib.

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müəllifi olduğu “Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı Mərkəzi ofisi Ankarada yerləşən Uyğur Araşdırma İnstitutunun təşəbbüsü və dəstəyilə uyğur dilinə tərcümə olunub. Bununla əlaqədar olaraq mərkəzi ofisi ABŞ da yerləşən Hürr Asiya Radiosunda geniş tanıtım reportajı yayımlanıb.
Reportajda deputat Cavanşir Feyziyev müəllifi olduğu kitabla bağlı ona ünvanlanan sualları cavablandırıb.
Qeyd edə ki, “Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı türk, qazax, qırğız, boşnak, rus macar və özbək dillərinə tərcümə edilərək bu ölkələrdə çap olunub. Kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir.
Xatırladaq ki, azərbaycanlı deputatın müəllifi olduğu kitabı təhsil, elm və diplomatiya sahəsində çalışan insanlar üçün daha faydalıdır.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 14-də Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.
Nazirliyin rəsmi məlumatına görə görüş zamanı regional təşkilat olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) çərçivəsində əməkdaşlığın əsas istiqamətləri və perspektivləri barədə müzakirələr aparılıb, fəal əməkdaşlıq əlaqələrinin qurulması, birgə fəaliyyətin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib. 
Təşkilatın əhatə coğrafiyasına görə geostrateji önəmini qeyd edən Anar Kərimov GUAM-ın dayanıqlı sülhün və regional əməkdaşlığın inkişafı üçün, eləcə də Şərq və Qərb arasında bağlılıq, kommunikasiya baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb.
Anar Kərimov təşkilatın həmçinin mədəniyyət dəhlizi rolunu oynadığını, quruma üzv ölkələr arasında əməkdaşlığın layihəyönümlü fəaliyyət istiqamətini gücləndirməklə daha da inkişaf edəcəyini deyib. Nazir Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini və mədəniyyət sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.  
Qəbula görə təşəkkürünü bildirən Altay Əfəndiyev GUAM Katibliyinin üzv dövlətlərlə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün hər zaman dəstək göstərdiyini vurğulayıb. Təşkilata daxil olan ölkələrin ümumi maraqları çərçivəsində uğurlu nəticələr əldə etməsi üçün daha aktiv əməkdaşlığın vacibliyi qeyd olunub.
Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

“Universal Pictures” kinostudiyası ABŞ əsilli rejissor, ssenarist və prodüser Skott Derrikksonun gələn ilin fevralın 4-də nümayişə çıxacaq "The Black Phone” (Qara telefon) filminin rəsmi treylerini yayımlayıb.
TASS xəbər verir ki, Oskar mükafatçısı məşhur amerikalı aktyor, rejissor və ssenarist Ethan Havkenin baş rol aldığı film, 13 yaşlı bir oğlanın hekayəsindən bəhs edir.
Utancaq, lakin ağıllı bir uşaq olan Finney Şav bir qatil tərəfindən səs keçirməyən zirzəmidə saxlanılır. Divardakı əlaqəsiz görünən kabeli kəsilmiş qara rəngli köhnə telefon zəng çalmağa başlayanda işlər dəyişir...

Cümə, 15 Oktyabr 2021 13:05

Ümumdünya Tələbə Günü və Nitşe

 

Bu günə təsadüf edən əlamətdar hadisələri təqdim edirik:

 

15 oktyabr. Sinə xərçəngi ilə ümumdünya mübarizə günü

 

44 ölkədə rəsmən qeyd edilən bu gündə sözügedən xəstəlik barədə maarifləndirici söhbətlər aparılır, cəmiyyətin diqqəti sinə xərçəngi ilə bağlı erkən diaqnostikaya yönəldilir ki, yalnız bu halda xəstəliklə mübarizə aparmaq mümkün olur. Süd vəzi xərçəngi qadınlar arasında ən geniş yayılmış xərçəng növüdür, yaşı 40-a yaxınlaşan qadınlar risk qrupunu təşkil edirlər. O da var ki, bu gün dünya əhalisinin 90 faizi xərçəng, diabet və ürək xəstəlikləri kimi qeyri-infeksion xəstəliklərdən vəfat edirlər.

 

Allah bütün xəstələrə şəfa versin.

 

15 oktyabr. Ümumdünya əlyuma günü

 

Çox qəribə bir gündür. Əlyumaya nə ayrıca gün? Bu ki gündəlik məişətin ən elementar normasıdır? Amma əmma var, söhbət valideynlərin uşaqlarda əlyuma vərdişini oyatmasından gedir. Bu günü də BMT-nin YUNİSEF adlanan uşaq fondu təsis edib. Ekspertlərin fikrincə, çirkli əllər Asiya və Afrikada yüksək uşaq ölümü faizinin əsas şərtləridir. Çirkli əllərlə orqanizmə vəba, virus pnevmaniyası, hepatit, qrip və ağır respirativ xəstəliklər keçir.

 

Və əlavəsi. Mütəxəssislər bildirir ki, ümumən, planet əhalisinin özünü idarə edən zümrəsinin cəmi 67 faizi əlini yuyur, əl yumayan 33 faiz ya bunun üçün normal şəraitə malik olmur, ya da əlyumanın məğzini, anlamını bilmir. Bəli, təsəvvür edin ki, belələri də var.

 

15 oktyabr. Ümumdünya tələbə günü

 

Əziz tələbələr, bu gün sizin gününüzdür, təbriklərimizi qəbul edin. İlkin olaraq bu bayram Hindistanda, çox uzun adı və soyadı olan ( 9 sözdən birincisi Avul, sonuncusu Maraykayyar) şəxsin – hind alimi və dövlət xadiminin, 2002-2007-ci illərdə ölkə prezidenti olmuş ziyalının doğum gününün şərəfinə qeyd edilirmiş. 2010-cu ildə BMT qərara gəldi ki, qoy bu günü tək Hindistanda deyil, bütün dünyada qeyd etsinlər. Uzunadlı-soyadlı şəxsin dünya təhsilinin inkişafında, demək ki, xidmətləri böyük imiş. Yeri gəlmişkən, təqvimdə Beynəlxalq tələbə günü də var ki, həmin tarix 17 noyabrdır.

 

Qoy tələbələr bu günü bayram etsinlər, adi günlərdə bir dönər, burger, yaxud hot-doqla dolanırdılarsa bu gün ən azı bu fəst-fud sayını ikiyə qaldırsınlar. Tələbəlik həyatını artıq keçmiş bizlər isə məşhur mahnını zümzümə edək:

 

Sızlar yada düşəndə ürəyimin telləri \ O mehriban, o əziz tələbəlik illəri.

 

15 oktyabr. Beynəlxalq kənd qadını günü.

 

Kəndlərimizdəki qadınlar şəhər qadınlarına nisbətən daha zəhmətkeşdirlər. Niyə? Çünki şəhərdəkilərin yalnız ev qayğıları olduğu halda onların əlavə çöl qayğıları da var. Mal-qaraya, toyuq-cücəyə qulluq, bağ-bostan işləri onların bütün saatlarını əllərindən alır. Üstəlik ev işləri, uşaq tərbiyəsi... Odur ki, bu zəhmətkeş insanları təbrik etmək borcumuzdur. Kənd qadını şəhər qadınına xas ütülü-sığallı həyatdan məhrumdur. Gözəllik salonları, kosmetoloqlar, masajlar, epilyasiyalı, boteksli prosedurlar onlara yaddır, inək sağ, toyuğa dən ver, təzək təmizlə - bu da onların məşğuliyyətləridir. Amma aqillər deyir ki, şəhər həyatının, sivilizasiyanın ahəngindən uzaq qalan bu insanlar həm də saf, qeyri-riyakar qalırlar, təsəvvür edirsinizmi?

 

15 oktyabr. Pələng günü

 

Heyvanlar arasında gücün simvolu. Pələng zəhmli və qorxunc olmaqla yanaşı, onda həm də bir ağayanalıq hiss olunur, deyilmi?

 

Bütün dünyada təbiətdə təxminən 4000-ə qədər pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar, yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır. 100 il əvvələ qədər Hindistanda, Çində, Türkiyədə, demək olar ki, bütün Asiya qitəsində yaşayan pələnglərə (onlara hədər yerə Asiya pələngi deyilmir)  hazırda keçmiş ərazilərinin 93%-də ümumiyyətlə rast gəlinmir. Böyük pişiklər arasında yalnız pələng yaxşı üzgüçü sayılır. Pələnglər tez-tez su hövzələrində, göllərdə və çaylarda yuyunurlar. Adətən maral, çöldonuzu kimi iri heyvanlarla qidalanan bu canlılar bəzən daha kiçik heyvanları da ovlayırlar.

 

Pələnglərin ən qorxulu düşməni insandır. Pələnglər 8 növə bölünür ki, onlardan 3 növü artıq nəsli kəsilmiş hesab olunur. Baxın, onların sümükləri və əksər əzaları ənənəvi Çin təbabətində istifadə olunur, pələng orqanları ağrıkəsicidən afrodizyaklara qədər dəyişən tibb sahəsi üçün istifadə edilir. Qaçaq şəklində ovlanma və vəhşi təbiət mühitinin yox olması pələnglərin saylarını kəskin surətdə azaltmaqdadır. XX əsrin əvvəlində dünyada 10000-dən çox pələng varkən, 2016-cı ildə bu rəqəm 3890 olmuşdur. Pələng günü elan edildikdən və onların müdafiəsi zəruri tədbirlər sırasına keçəndən sonra son illər az da olsa pələng sayında artım qeydə alınmaqdadır.

 

Amma pələnglər barədə oxuyanda indiyə qədər əsla eşitmədiyim, ağlıma belə sığışdırmadığım bir gerçəklikdən də agah oldum. Pələng nə qədər gözəl, qüvvətli və cəld olsa da, sən demə, bir o qədər ehtiyatlı və qorxaq imiş. Öz şikarının üstünə 6–7 metr məsafədən və 3 metr  hündürlükdən də atıla bilən pələng güclü pəncəsi ilə böyük maralı və sığını da öldürə bilir. Amma ov müqavimət göstərəndə pələng çəkinərək əksər halda onu buraxıb çıxıb gedir. Hətta belə.

 

15 oktyabr. Dahi Nitşenin doğulduğu gün

 

Lap körpə ikən ölən və doğulmamış ölən körpələrin xatirə günü. Ağrılı mövzudur. Üzərində çox da dayanmayaq. Ada-Lavleys günü. Bu bir qadındır, Britaniya riyaziyyatçısıdır, ilk proqramçılardan biridir. 1815-ci ildə dünyaya gəlib. Adına belə bir günün təsis edilməsi onun hesablama maşınları və proqramlaşdırma sahələrində gördüyü titanik əməyə görədir. Çilidə baba-nənə günüdür, Braziliyada müəllim, Tunisdə evakuasiya, Şri-Lankada yaşıllaşdırma, Kambocada Kral-ata, Burkina-Fasoda 1987-ci il çevrilişinin ildönümü.  O ki qaldı Amerikaya, bu gün amerikalıları mətbəxə, ordan da süfrə arxasına Milli göbələk günü aparacaq. Qonşudan qalma dala deməyiblərmi? Kanadalılar da bu gün Milli şaurma gününü qeyd edəcəklər. Gürcülərin də bu gün əhəmiyyətli bir bayramı var. Rtveli günü. Bu, qədim üzümyığma bayramıdır ki, 8 min illik bir ənənəni bayram etməyə hesablanıb.

 

Və bir də, bu gün Fridrix Nitşenin – dahi alman filosofunun doğulduğu gündür. 1900-cü ildə dünyaya gözünü açan bu şəxs “Həqiqətin ən qatı düşmənləri yalanlar yox, inamlardır” söyləmişdir.

 

İnamsızlıq, dünya üzərində heç vaxt olmamış, görünməmiş bir inamsızlıq, hər şeyə və hər kəsə qarşı şübhə! Həqiqətə çatmağın yeganə yolu budur. Gərək sağ göz sol gözə etibar eləməsin və bir müddət işıq qatı qaranlığa qərq olsun. Bu sizin getməli olduğunuz yeganə yoldur... Siz həmin yolun üstündə xırdaca, bərkimiş buğda dənləri görəcəksiniz. - bunlar həqiqətlərdir: on illər boyu acından ölməmək üçün ovuc-ovuc yalanla qidalanmalı olacaqsınız və bunların heç birinin yalan olduğunu bilməyəcəksiniz.” Bunlar da Nitşenin sözləridir. Əlbəttə, sosializm quruluşunda bizlərə bu kəlam yanlış və mənasız görünürdü, amma kapitalizm quruluşunu gördükdə anladıq ki, dahi alman sərraf dəqiqliyi ilə düzüb sözlərini.

 

Varisin “11-20 oktyabrın təqvimi” yazısından

 

 

 

Xalq artisti Murad Hüseynov Avrasiya Millətlər Assambleyasının xüsusi mükafatına layiq görülüb. Bu
barədə təşkilatın rəsmi saytında məlumat verilib. Avrasiya Xalqları Assambleyası Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı ilk dəfə olaraq “Biz təşəkkür edirik!” Beynəlxalq aksiyasının laureatlarını elan edib. Beynəlxalq sülh günü münasibətilə təşkil edilən təntənəli ziyafətdə ilk laureatlara diplom və döş nişanları təqdim olunub. Dünyanın müxtəlif ölkələrindən ictimai təsdiqlə müəyyən edilən laureatların sırasında Azərbaycanın Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynovun da adı yer alır.
Xalq artisti bu mükafata milli musiqi ənənələrinin qorunması və populyarlaşması və Avrasiyada sülh təşəbbüslərinin dəstəklənməsinə verdiyi töhfəyə görə layiq görülüb. Təşkilatın bu mükafatına həmçinin Rafael Ximens Kastaneda (İspaniya Kadis Universitetinin professoru), tanınmış yazıçı, dramaturq və bəstəkar Jon Farndon kimi məşhurlar layiq görülüblər.
Qeyd edək ki, Xalq artisti bundan əvvəl də bir neçə dövlətlərin medal və təltiflərinə, o cümlədən Fransa Senatının medalına, "İncəsənət və Ədəbiyyat" ordeninə (Fransa) və "Ləyaqət" ordeninin cəngavərlik xaçınına (Macarıstan) layiq görülüb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi şair və mütəfkkir Nizami Gəncəvinin 880 illiyi çərçivəsində onun əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual proyeksiya formatında “İşıq festivalı. Nizami Gəncəvi” audiovizual festivalının açılışı olub.
AzərTAC xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında reallaşan tədbirdə Mədəniyyət Nazirliyinin rəhbərliyi, bir sıra diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyət nümayəndələri iştirak ediblər.
Festivalın açılşından öncə juranalistlərə açıqlama verən mədəniyyət naziri Anar Kərimov bu il “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə reallaşan silsilə tədbirlərdən söz açıb. Bu festivalın da həmin tədbirlər silsiləsinə daxil olduğuna diqqət çəkən nazir bildirib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərləri bu gün də aktuallığını qoruyur. Qeyd edilib ki, bu festivalla həmin əsərlərin yer alıdğı “Xəmsə”dən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə qonaqlar Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcək.
Festivalın əhəmiyyətinə toxunan nazir deyib ki, məqsəd xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
“Azərbaycan ictimaiyyətini üç gün ərzində saat 20:00-da bu audiovizual görüntüyə baxmağa dəvət edirik. Noyab ayının axırı Nizami Gəncəviyə həsr ediləcək həftə keçirməyi planlaşdırırıq. Bu həftə ərzində ölkəmizdə görkəmli şairə ithaf edilən tamaşalar, konsertlər və təqdimatlar da keçiriləcək”, - deyə nazir əlavə edib.
Sonra qonaqlar xronometrajı altı dəqiqə olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında “Xəmsə”nin motivləri üzrə çəkilmiş audiovizual görüntüyə baxıblar.
Qeyd edək ki, 3D audiovizual proyeksiya formatında reallaşan festival oktyabrın 17-dək davam edəcək.

Cümə axşamı, 14 Oktyabr 2021 12:28

Dizi hələ başlamanış aləmi bir-birinə qatıb

Türkiyənin “Blue TV" televiziyası ilə yayımlanacaq “Saklı” teleserialı hələ nümayişə başlamamış hər şeyi korlayıb.
“Ədəbiyyat və incəsənət” portalı SD xəbər ajansına istinadən bildirir ki, serialın ekrana çıxan 3 dəqiqəlik treylerində baş rolu canlandıran məşhur aktrisa Hazar Ergüclünün iştirakı ilə seks səhnəsi təsvir edilib ki, bu da ictimaiyyətin, xüsusən radikal islamçıların hiddətinə səbəb olub. Onlar teleserialın qətiyyən yayımlanmamasını tələb edirlər.

Hazırda bütün dünyanın diqqət mərkəzində olan, ən çox baxış reytinqlərini qıran bir dizi serialı var,
Cənubi Koreya istehsalı olan "Squid Game" serialı. Bu serial dünyanı “məhv etməyə” davam edir. Təəssüf ki, insanlar ordan vəhşilik, qana susamaq ərz edirlər.
Qanlı səhnələri ilə nəfəs kəsən serialın kino-dizi versiyası deyil, gerçək versiyası ötən gün Birləşmiş Ərəb Əmirliklərində oynanıldı. Necə?
“Ədəbiyyat və incəsənət” portalı XXL-ə istinadən bildirir ki, dizi qəhrəmanlarının göstərdiklərini real insanlar, qan tökmədən Dubayda publikaya göstərdilər.
KKK-nın (Koreya Mədəniyyət Qurumu) rəsmi saytında verilən məlumata görə, bu tədbirdə iştirakçılar "qırmızı işıq", "yaşıl işıq", "dalğa", "konfet", "kağız flip", "toplar" və "Ddakji" kimi dizi oyunlarını oynadılar. Yarış zamanı oyunçular çəhrayı kostyum, müsabiqəçilər isə mavi - ağ geyinmişdilər.
Dubay böyük pullar əldə etməkçün turistlərə ən müxtəlif möcüzələr göstərməkdə birinciliyini qorumaqdadır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.