Super User
“Həqiqət acı olsa da danış!” söyləyən Məhəmməd peyğəmbərin mövludu günü
İslam dünyasında müsəlman Hicri-qəməri təqviminin hər 3-cü ayının 12-ci günü Mövlud günü - Məhəmməd peyğəmbərin doğulduğu gün qeyd edilir. Bu il həmin gün 18 oktyabra təsadüf edir. Həqiqətən də dövrünün ən böyük dühalarından olan Məhəmməd peyğəmbərdən “Quran” kitabı, eləcə də dillər-əzbəri olmuş, zərb-məsələ çevrilmiş minlərcə cümlələr miras qalmışdır. Bu gün onlardan bir parasını niyə də xatırlamayaq?
Beşikdən qəbrədək elm axtarışında olun;
Behişt anaların ayaqları altındadır;
Ayaqlar baş olanda, başlar ayaq altında qalar;
Bilin ki sürüdən ayrılan qoyunu qurd yeyər;
Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir;
Ədəbi olmayanın ağlı da olmaz;
Hər kəs özünü hansı dəstəyə oxşadırsa, həmin dəstədəndir;
İçki insana xas olan bütün çirkin əməllər və günahlar saxlanılan anbarın açarıdır;
Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir;
Uşaqlar ata-analarından daha çox zəmanələrinə oxşayırlar;
Səni şübhəyə salan hər nə varsa, onu tərk et;
Özünə inanan adam qılınc ilə də savaşar, dil ilə də.
Və ən nəhayət, xüsusən dövrümüzlə çox səsləşən bir aforizm: Həqiqət acı olsa da danış!
Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başlamış, 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verilmiş və Sovetlər Birliyi dünya xəritəsindən silinmişdir. Digər müttəfiq respublikalar kimi, həmin il oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etmiş və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinin üzvü olmuşdur.
Gəlin tarixi xatırlayaq. Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ olanların 95%-dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Azərbaycan Respublikasının müstəqilliyini dünya dövlətləri - ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, 1991-ci il dekabrın 11-də Rumıniya, 1991-ci il dekabrın 13-də Pakistan, 1991-ci il dekabrın 23-də İsveçrə, 1991-ci il dekabrın 25-də İran, 1992-ci il yanvarın 23-də ABŞ, 1992-ci il aprelin 10-da Rusiya və b. dövlətlər tanıdılar. 2 mart 1992-ci ildə Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlanıldı. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
Haaqada Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub.
“Nizami Gəncəvi İli” çərçivəsində Niderland Krallığında fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə böyük mütəfəkkir və şair Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAC xəbər verir ki, Haaqada Azərbaycan səfirliyinin binasında keçirilmiş tədbirdə ölkəmizin Niderlanddakı səfiri Fikrət Axundov, Azərbaycan, türk, yəhudi və uyğur diasporlarının, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Beniluks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tədbiri giriş sözü ilə açıb. Səfir Fikrət Axundov Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib. Dahi Nizaminin Azərbaycan, dünya ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunulub.
Tədbir çərçivəsində diaspora üzvlərimizə fəaliyyətlərinə görə təltiflər və təşəkkürnamələr təqdim olunub.
Nizami poemalarından parçalar oxunub və Azərbaycan əsilli tanınmış musiqiçi İlham Babayev kamançada onun əsərləri əsasında bəstələnmiş musiqiləri, eləcə də Muğam sənətinin incilərini səsləndirib.
Nizami Gəncəvinin anadan olmasının 880 illiyi Beniluks Azərbaycanlıları Konqresinin, “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının rəhbəri Firəngiz Bağırovanın təşəbbüsü ilə təşkil edilib.
Vilyam Henrits.
Tbilisi, Gürcüstan.
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Ələsgərov Arif Məmməd Hüseyn oğlu
İsgəndərov Zeynalabdin Əli oğlu
Qurbanov Eldar Hacı Baba oğlu
Məmmədov Tahir Hidayət oğlu
Rzayev Asif Hüseyn oğlu
“Tərəqqi” medalı ilə
Abbasov Emil İnqlab oğlu
Abbasova-Budaqova Afaq Nurəhməd qızı
Abdullayev Samir İmran oğlu
Babayeva İnarə Əhməd qızı
Bağırzadə Bəhram Arif oğlu
Dadaşov Faiq Nadir oğlu
Əliyev Ələkbər Hüseynbala oğlu
Əliyev Kənan Sabir oğlu
Əlizamanlı Şəmistan Hüseyn oğlu
Fətəliyev Zakir Məhərrəm oğlu
Hacıyev Faiq Əjdər oğlu
Heydərova Ülviyyə Sədaqət qızı
Həsənzadə Nigar Ağa qızı
Hüseynov Rəsul İsmayıl oğlu
Hüseynova Nuriyyə İsmayıl qızı
Xəlilov Bəhram Fərhad oğlu
İbrahimova Nigar Rəfael qızı
İmaməliyev Nəriman Məcid oğlu
İmanov Cabir Qorxmaz oğlu
İmanov Tahir Qorxmaz oğlu
İsayev Pünhan Baba oğlu
Kərimov İmran Mustafa oğlu
Korovin Vadim Arnoldoviç
Qasımova Fərqanə Alim qızı
Mansurov Ənvər Arif oğlu
Məhərrəmova Aytən Əhliman qızı
Məmmədov Nəriman Qəhrəman oğlu
Məmmədzadə Azər Arif oğlu
Mirsəlimov Mehti Ramiz oğlu
Rəhmanov Nazim Şamil oğlu
Rzayev İbrahim Şarza oğlu
Rzazadə Xəyal Məhəmməd oğlu
Tağıyev Qəhrəman Fərman oğlu
Topçiyev Emil Namik oğlu
Vaynşteyn Timur Leonidoviç.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 oktyabr 2021-ci il
Sabah Füzuli rayonunun işğaldan azad edilməsinin ildönümüdür
Tariximizin daha bir şərəfli səhifəsi. 1993-cü ildən Füzuli rayonunun ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə yenidən təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Təsəvvür edin ki, bu Qaryagin rus polkovniki imiş, İranla müharibədə nə qədər azərbaycanlı öldürübmüş. 1959-cu ilin aprelində milli hisslər dilə gəlmişdir, böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin adı dəyişərək Füzuli olmuşdur. Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu həm də qədim tariximizin sübutu məkanıdır. 1968-ci ilin yayında Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyəti olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlamışdır.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzuli sakini döyüşmüş, yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və şəhid verən Füzuli rayonunun əhalisi olmuşdur. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Azərbaycan ordusunun 1994-cü ilin yanvar ayının 5-də başladığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. 27 sentyabr 2020-ci il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr 2020-ci ildə Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr 2020-ci il Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr 2020-ci ildə Arış kəndi, 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olundu. Yaşasın Azərbaycan ordusu!
Çingiz Ələkbərzadənin “Zindan”ı, streyt-ədj və Frederik Şopen
Sabah bazar günü olduğundan sabahkı əlamətdar hadisələri də bu gün qeyd etməyi özümüzə borc bildik.
17 oktyabr. Siyasi məhbusluq yaşamış yazıçı Çingiz Ələkbərzadənin 85 illiyi
Çingiz Ələkbərzadə yaxşı yazıçıdır, çox oxunan “Zindan” romanının müəllifidir. Qızını da tanıyırsınız, müğənni Sevda Ələkbərzadə. Çingiz Əbülhəsən oğlu Ələkbərzadə 1936-cı il oktyabr ayının 17-də Bakı şəhərində anadan olub. Yaradıcılığa BDU-dakı tələbəlik illərindən başlayan Ç. Ələkbərzadə 1958-ci ildə “Kökəlməyin sirri” adlı hekayəsini almanaxda dərc etdirib və bundan sonra dövri mətbuatda müntəzəm çıxışa başlayıb. 1972-1973-cü illərdə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsində “Günün səsi” xəbərlər baş redaksiyasında müxbir, 1973-1975-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında ssenarist, 1976-1979-cu illərdə “Kirpi” satirik jurnalında ədəbi işçi, 1979-1984-cü illərdə AzTV-də “Günün ekranı” redaksiyasında ştatdankənar müxbir, 1984-1989-cu illərdə Şirvan zonası üzrə xüsusi müxbir olub. Ç.Ələkbərzadə “Yarpaqlar töküləndə”, “Qızıl yəhərli at”, “Çılpaqlı”, “Vulkan” “Qumarbaz”, “Dünyanın qopduğu yer” kimi maraqlı nəsr əsərlərinin müəllifidir.
Tale ona həbsxana həyatı da yaşadıb. 1986-1988-ci illərdə durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə o, günahsız həbs edilib. Ç.Ələkbərzadə həbsxanada çox böyük hörmət qazanıb, məhkumlar ona “şair” deyə müraciət ediblər. O, həbsdə olduğu müddətdə yaradıcılıqla məşğul olub, onun zindan şeirləri çox məşhur idi. Ömrünün iki il yarımını zindanda keçirib bəraət alaraq azadlığa çıxan yazıçı həyatının ağır günlərindən bəhs edən “Zindan” romanını qələmə alıb. Bəraət aldıqdan sonra yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə düzəlib, sonra isə “Azərnəşr”də işləyib. Lakin həbsxana həyatının fəsadları yazıçının səhhətindən yan keçmədiyindən stresdən, əsəbdən ciddi problemlər yaşayıb. Çingiz Ələkbərzadə 1999-cu il yanvar ayının 7-də Bakıda vəfat edib. Allah rəhmət eləsin!
17 oktyabr. Yoxsulluqla mübarizə günü
İnternational Day for the Eradication of Poverty. 2018-ci ildən dünyada aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb, bu gün planet əhalisinin 11 faizi aclıq çəkir. Yoxsulluqla mübarizə BMT-nin əsas prinsiplərindən biridir, bu gün bütün bəşəriyyət yoxsulluqla mübarizəyə çağırılır. Dövrümüzün Hacı Zeynalabdinləri olduqca azdırlar, amma sıravi insanlarımız var ki, onsuz da kasad olan büdcələrindən kəsib tam imkansız qonşusuna yardım edirlər. Belələri var olsun!
17 oktyabr. Streyt-ədj günü
Təqvimin çox maraqlı günlərindən biridir. Həmin gün streyt-ədj həyat tərzini seçən insanlar həmrəylik nümayiş etdirirlər. Nədir streyt-ədj? Narkotiklərə, alkoqola, siqaretə, təsadüfi cinsi əlaqələrə, eləcə də istənilən millətçi-faşist təzahürlərə insan qrupunun prinsipial etiraz bildirməsidir. Yəni, nümunəvi insanlar nümunəvi əxlaq tərəfdarlarıdırlar. Düzü, bizdə də bu hərəkatın yayılmasının gözəl və effektiv olacağını düşünürəm. Gənclər, niyə təşəbbüs göstərməyəsiniz? Həmişə yuxarıdan gələn direktivlərlə hərəkət etməyəcəksiniz ki. Bir dəfə də özünüz irəliyə düşün!
17 oktyabr. Frederik Şopen sevgisi
Ümumdünya donorluq günü. Ümumdünya zədələr günü. Elektron tablolar günü. Al-əlvan paltar günü. Beynəlxalq zəlzələ zamanı düzgün hərəkətlər günü. Argentinada loyallıq günü. Tailandda polis günü. Hindistanda rəqəmsal cəmiyyət günü. Yaponiyada Kannamsay festivalı günü. ABŞ-da isə milli pasta (bizlər buna perojna deyirik) günü.
1905-ci ilin bu günündə Balkan liqası Osmanlı imperiyasına müharibə elan edib (balkanlıları türklərə qarşı qızışdıran, təbii ki, ermənilər olub). 1849-cu ilin bu günündə ən sevdiyim iki bəstəkardan biri (digəri Üzeyir Hacıbəylidir) Frederik Şopen dünyadan köçüb. Musiqidə romantizmin banisi, dünyaşöhrətli Polşa bəstəkarı və pianoçusunun dünyanın dörd tərəfində yüz milyonlarla pərəstişkarı var. Azərbaycana Şopeni kütləvi olaraq “Təhminə” filmi sevdirib desəm, inanın ki, yanlışlıq etmərəm. “Zaur, eşidirsən, Şopenin Prellüdiyasıdır”.
Nə qaldı? 1729-cu ildə məşhur “Dezertir” komik operasını yaratmış fransız bəstəkarı Pyer Monsinyi doğulub.
Varisin “11-20 oktyabrın təqvimi” yazısından
“Azərkitab”da Turan Uğurun “Sətirlər” kitabı təqdim olundu
“Azərkitab” Kitab Təbliğatı Mərkəzində şair, ssenarist Turan Uğurun “Sətirlər” adlı kitabının təqdimatı olub.
Tanınmış yazıçı və şairlərin qatıldığı tədbirdə öncə müəllif imzalı kitabları oxuculara hədiyyə edib.
Qeyd edək ki, oxucular Turan Uğurla bir çox ssenari və müxtəlif səpkili şeirləri ilə son iki il yarım ərzində “Mədəniyyət” kanalından yayımlanan “Sətirlər” verilişindən tanışdırlar. Lakin bu dəfə həmin ssenarilərdə yer alan şair, yazıçı talelərini Xalq artisti Mehriban Zəkinin nəfis təqdimatı ilə deyil, şair, ssenarist Turan Uğurun qələmi ilə oxuyacaqlar. Kitabda Əhməd Cavada, Mikayıl Müşfiqə, İsmayıl Şıxlıya, Xəlil Rzaya, Anara, Sabir Rüstəmxanlıya, habelə Viktor Hüqoya, Aleksandr Dümaya, Anna Axmatovaya, Nəcib Fazilə, Qabriel Qarsia Markesə və digər ədiblərə həsr olunan maraqlı hekayətlər yer alıb.
Yazıçı-publisist Mustafa Çəmənli, yazıçı Azər Məmmədov və publisist Elçin Şıxlı müəllifin yaradıcılığından və kitabın məziyyətlərindən söz açaraq onun gördüyü işi yüksək qiymətləndiriblər. Çıxışlarda qeyd edilib ki, Turan Uğurun şeirləri, esseləri, həmçinin fransız dilindən etdiyi tərcümələri müntəzəm olaraq müxtəlif jurnallarda nəşr edilib. “Sətirlər” kitabı gənc yazarın oxucularla ilk görüşüdür.
Qeyd edək ki, kitab “Mücrü” nəşriyyatında çapdan çıxıb.
Haqq qismən də olsa öz yerini tutdu: Gəncədə istiqlal şairi Əhməd Cavadın barelyefi açıldı
Gəncədə istiqlal şairi, Azərbaycan himninin sözlərinin müəllifi Əhməd Cavadın barelyefinin açılışı olub. Barelyef şəhərin Heydər Əliyev prospektində, şairin yaşadığı binanın fasadında həkk edilib. Buna kimi o boyda şairdən yeganə yadigar yaşadığı binaya vurulmuş xatirə lövhəsi idi ki, onu da 2017-ci ildə təmir zamanı söküb atmışdılar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təntənəli açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şairin nəticəsi Cavad Axundzadə, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti nümayəndələri iştirak ediblər. Çıxışçılar Azərbaycan poeziyasında Əhməd Cavadın rolunu qiymətləndiriblər, onun vətəndaş poeziyasını vəsf ediblər. Xüsusən şairin müəllifi olduğu “Gəncəm, Hey!..” şeiri və ona bəstələnən mahnı səsləndiriləndə heç kəs bu qürurverici anlara biganə qala bilməyib.
Xatırladaq ki, Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Gəncə xanı Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi. Elə bu hörmət və ehtiramın əlaməti kimi Axund Məmmədəli oğlunun adını Cavad qoyub. Atasının vəfatından sonra Əhməd Cavad anası ilə bərabər 1906-cı ildə Gəncəyə köçüb. Onun bu şəhərə olan bağlılığı, saf sevgisi demək olar ki, əksər şeirlərində əks olunub. Məşhur mahnı var, “Gəncədən gəlirəm, yüküm xurmadı”, onu kim eşitməyib ki. O mahnının sözləri də Əhməd Cavadındır.
Şairin Cümhuriyyət dönəmindəki fəaliyyəti, qatı millətçi və türkçü olması, işğalçı bolşevik rejimini qəbul etməməsi onu qırmızı terrora yem edib. Repressiya qurbanı olan Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.
Nəhayət ki böyük Əhməd Cavadın xatirəsi əbədiləşdirildi. Təbii, bu alqışlanası hadisədir. İnsan buna sevinməyə bilməz. Amma həm də fəəssüflənirsən ki, Şaumyanlara abidə qoyan Sovet hakimiyyəti millətçi-istiqlalçı Əhməd Cavadlara düşmən kəsilmişdi, bu bəllidir. Amma Azərbaycan himninin müəllifinə müstəqil Azərbaycanda yalnız müstəqilliyin 30-cu ilində abidə də yox, barelyef qoyulması həm də təəssüfləndirici dərəcədə düşündürücüdür.
Sonda istərdik oxucularımıza Əhməd Cavadın bir şeirini təqdim edək. Bu şeiri şair Bakı bolşeviklər tərəfindən işğal ediləndən, Cümhuriyyət devriləndən cəmi bir neçə gün sonra - 1920-ci ilin 3 mayında Dərbənddə yazıb. İlk baxışda sevgi şeiridir, şairin sevgilisinə ithaf olunub. Müdhiş ayrılıqdan bəhs edir. Əslində isə şairin sevgilisi bir fərd deyil, qəlbi param-parça olmuş, yağı tapdağı altına düşmüş Azərbaycandır.
NƏ YAZIM
Nə yazım, ayrılıq nədir bilməzsən,
Nələr çəkdiyimi çəkənlər bilər.
Nə deyim, söz varmı dərdimə ölçü,
Sənsiz göz yaşları tökənlər bilər!
Sənsiz nədir Günəş, nədir qaranlıq?
Nədir günahımız biz ayrı qaldıq?
Işıqsız bir dünya yaşarmı artıq?
Gözünə qaranlıq çökənlər bilər!
Bəlkə sən anmadın mənim adımı?!
Bilməm xatirində yerim qaldımı?
Mən bir çiçək quşu – pozmam andımı,
Güllər bilməsə də, tikanlar bilər!