Super User

Super User

Azərbaycan rəngkarlığında son illərin ən möhtəşəm layihəsi baş tutub. Oktyabrın 23-də tanınmış rəssamlarımızın iştirakı ilə Quba şəhərində “Şahdağ Quba - Truskovets Medical Sanatorium” mərkəzində bir həftə öncə başlamış  “Art Zone Week” rəngkarlıq simpoziumuna yekun vurulub.
Artıq üçüncü dəfə keçirilən “Art Zone Week” Simpoziumu Dövlət Turizm Agentliyinin, “Shahdag Guba - Truskovets Medical Sanatorium” Mərkəzinin və “Savalan ASPİ” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, budəfəki simpoziumun 44 günlük Vətən Müharibəsindəki zəfərin  ildönümü ərəfəsində keçirilməsi heç də təsadüfi deyildi. Layihənin rəhbəri olan tanınmış jurnalist Şakir Eminbəylinin təbirincə desək, “Bu qalibiyyətdən ilhamlanan rəssamlar Vətən torpaqları uğrunda müqəddəs savaşa qalxan oğullarımızın qəhrəmanlığını vəsf edən mövzulara üstünlük verdilər. Eyni zamanda mədəniyyət və sosial yönümlü bu layihənin məqsədlərindən biri də rəssamların gözü ilə bölgənin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq onları fərqli formada təbliğ və təşviq etmək idi”.
Bu cəhətdən yanaşsaq, layihənin uğur qazandığını bəri başdan söyləmək mümkündür.
Qeyd edək ki, simpoziumda Azərbaycanın əməkdar rəssamları Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, İrina Eldarova, Məmmədhüseyn Hüseynov, tanınmış rəssamlar İlqar Tahiri, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Aliyev, Diana Aliyeva, Raida Mustafayeva, Ramina Saadatxan, Elşən Qaraca və Adil Yusif iştitrak edirdilər (1-ci foto).
Rəssamların bir həftə ərzində çəkdikləri rəsmlərdən ibarət sərgidə ən öndə qoyulmuş, ölçücə ən böyük rəsm “Azad olmaq üçün yarananlar” adlanır (2-ci foto və qapaq fotosu). Ramina Saadatxanın bu fotosu hardasa rəssamların xarakterini ifadə edir, rəssam üçün təbiətin qoynu tam azadlıq hissləri yaratmırmı, yaradır. O ki qaldı Azərbaycanın dilbər guşəsi Quba ola.
Quba ilə Trutskavets - Azərbaycanın və Ukraynanın iki potensial cəhətdən ən böyük turizm məkanlarının qardaşlaşmış şəhərlər elan olunmaları, bu münasibətlə Qubada ultramüasir  “Şahdağ Quba - Truskovets Medical Sanatorium” şəfa ocağının fəaliyyətə başlaması və məhz bu ocağın rəssamların simpoziumuna qucaq açması səbəbindən simpoziumun qala-bağlanış gecəsində Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski də öz xanımı ilə iştirak edib. Səfir rəsmlərə böyük maraqla tamaşa edərkən (3-cü foto) qeyd eləyib ki, “Sərgidə nümayiş olunan rəsm əsərləri çox canlı və rəngarəngdirlər, onların mövzu və janr baxımımdan  müxtəlif olması sərgiyə bir ayrı rəng qatır, bir ayrı özəllik verir”.
Əməkdar rəssam Eldar Qurbanovun ilk baxışda uşaq rəsmlərini xatırladan, amma dərindən nüfuz etdikcə bu primitiv görünüşlü insanların ötürdükləri enerji və mesajların, gizli fəlsəfənin dərinlikləri duyulan rəsmləri (4-cü foto) böyük maraq doğurur.
Rəssamlar ailəsi - Rafail Aliyev və Diana Aliyeva öz natürmortları ilə (5-ci və 6-cı fotolar) rənglərlə canlılığın bir vəhdətini ortaya qoyublar.
Əməkdar rəssam, Azərbaycanın müasir Van Qoqu adlandırılan Vüqar Muradov isə öz möhtəşəm triosu ilə (7-ci foto) tamaşaçıların heyranlığına səbəb olmaqdadır. Qubaya gələsən, Quba almasını çəkməyəsən? Quba alması Vüqar Muradovun triosunun ortasınsa qərarlaşaraq onun fırçasından çox canlı çıxıb, sanki indicə diyirlənib kətandan kənara düşəcək.
Qala gecədə bu əsrarəngiz “Art Zone Week” həftəsinin hesabatı da verilib: Simpozium boyu rəssamlar rəsm əsərləri çəkməklə yanaşı  Quba rayonunun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə “Ustad dərsləri” keçiblər. Eləcə də sənətşünas Elçin Şamili dünya rəngkarlıq sənəti ilə bağlı leksiya ilə çıxış edib. Qubanın görməli yerlərinə ekskursiya, eyni zamanda “Şahdağ Quba - Truskovets Medical Sanatorium” şəfa ocağında müayinə olunmaq, qəbul edilən bərpaedici fizioterapiya, ozonoterapiya, hovuz və spa xidmətləri rəssamlara hədsiz rahatlıq, zövq və yaradıcılıq ilhamı verib.
Qala gecədə tədbirə qatılan Quba gənclərinə, sanatoriya personalına, sanatoriyada dincələn qonaqlara, eləcə də rəssamlara ədəbiyyatın və rəssamlığın bir-biri ilə bağlılığı mövzusunda əyləncəli vktorina da təqdim edili , viktorinada qalib gələnlərə tədbirdə iştirak edən yazıçı Əlibala Məhərrəmzadənin  imzaladığı, hazırda ən çox oxunan kitablar sırasında yer alan “Çovdar çörəyi” kitabı hədiyyə olunub. Daha sonra xalq artisti Malik Mənsurovun rəhbərlik etdiyi “Naz-nazı” muğam qrupu yaddaqalan konsert proqramı ilə çıxış edib. Xüsusən xanəndələr
Nurlan Namazov və Günay İmamverdiyevanın ifa etdikləri
“Qarabağ şikəstəsi” tamaşaçıların gurultulu alqışlarına səbəb olub.
Elə bu yerdə oxucularımıza bəyan edirik ki, rəssamların ərsəyə gətirdikləri sənət əsərləri yanvar ayının ortalarına qədər “Şahdağ Quba Truskavets Medical Sanatorium” Mərkəzinin sərgi
salonunda nümayiş olunacaq. Qubalılar, bölgəyə gələn qonaqlar gəlib bu gözəlliklərlə baş-başa qala biləcəklər.
Hər bir gözəllik zamanla öz vaxtını bitirsə belə yaddaşlarda həkk olunur, qoyduğu xatirəylə illəri adlayıb keçir. Rəssamların Quba simpoziumu da eynən. Rəssamlar bir tablonu hər biri ovcuna rəng sürtüb əl izini qoymaqla birlikdə ərsəyə gətirdilər (8-ci foto). Bu, həm də rəmzi məna daşıyırdı. Onlar öz izlərini qoyurdular. Həm hərfi, həm də simvolik mənada.

Gənclər şəhəri Sumqayıtda kitabın təbliği sahəsində növbəti addım atılır. 30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə şəhərdə “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq. İştirakçı nəşriyyat və kitab mağazalarının sayı artdığı üçün kitab sərgisı ənənəvi olaraq keçirildiyi Sumqayıt Dövlət Dram teatrında deyil, “Kimyaçı” Mədəniyyət Sarayına keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Zəfər Bayramına həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və bir neçə kitab evi iştirak edəcək. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimlər, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların əsərlərindən ibarət sərginin təşkili və konsert proqramlarının keçirilməsi planlaşdırılır. ANİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub. “Qarabağa kitabla gedirik” stendində isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə bədii və elmi-kütləvi ədəbiyyat nümunələrinin toplanılması aksiyası həyata keçiriləcək. Bu aksiyada hər kəsin iştirakı arzuolunandır.
Sərgi hər iki gündə saat 10:00-dan 19:00-dək davam edəcək. Təşkilatçılar şəhərin bütün  kitabsevərlərini kitabla ünsiyyət üçün yaranmış bu gözəl fürsətdən yararlanmağa çağırırlar.
Qeyd edək ki,  “Azərbaycan Nəşriyyatları” İctimai Birliyi tərəfindən növbəti sərginin noyabr ayında Nizami yurdu Gəncə şəhərində keçirilməsi planlaşdırılır.
Bu dəyərli fəaliyyətinə görə ANİB-ə uğurlar arzulamaqla portalımız da öz adından sumqayıtlıları və şəhərin qonaqlarını “l Sumqayıt kitab sərgi”sinə dəvət edir. Çox maraqlı olacaq.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Qara balığın nağılı” tamaşasının premyerası olub.
AzərTAC xəbər verir ki, Səməd Behrənginin məşhur “Balaca qara balıq” mənzum nağılı əsasında hazırlanan tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı birhissəli tamaşada rolları Cavid İbrahimov, Aygül Ağayeva və Ramiz Qəmbərov ifa ediblər.
Tamaşada "Balaca qara balıq" nəyinsə yanlış getdiyini düşünür. Mövcud yaşam tərzinin tətbiq etdiyi mənasız qadağalardan çıxmaq və hər kəsin çəkinmədən, qorxmadan istədiyi hər bir şeyə malik ola bildiyi böyük dünyaya can atır. Əbədi həqiqətlərin ardınca köklənir. O, arxdan çıxıb , öz həqiqi dünyasına qovuşmaq istəyir. Ətrafdakı balıqlar isə onun bu istəyini əsla anlamırlar. Lakin yeniliyə, daim axtarışa can atan hər bir kəsin qarşılaşdığı problemlə - mühafizəkarların tənəsi və anasının yalvarışları ilə üz-üzə qalır. Artıq seçim etməlidir : ya anasının getməməsi haqqında olan yalvarışlarına diqqət edib qaranlıq dünyada digərləri kimi hər gün daha da qaranlıqlaşmalı, ya da bütün yalvarışlara, bütün tənələrə baxmayaraq düzgün bildiyini etməli – işıqlı dünyaya doğru addım ataraq həyatını bütünlüklə dəyişdirməlidir. İradəsinin və ağlının birləşmiş gücü ilə kiçik dünyasını tərk edərək mübarizlik çırağını yandırır. Bu çırağın işığı ilə keçdiyi hər yerdə özünə tərəfdarlar toplayır, onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir...
Aktyorların məharətli çıxışı tamaşanı daha da baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalı keçirilir.
8 ölkənin folklor nümunələrinin – mahnı və rəqslərini təqdim ediləcəyi festivalda ölkəmizi “Cəngi” estrada və folklor ansamblı təmsil edir.
Oktyabrın 24-də İsmailiyə şəhərinin mərkəzi meydanında Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo və Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının keçid mərasimi baş tutub. Daha sonra incəsənət ustaları şəhərin Konqres Mərkəzində keçiriləcək açılış mərasimində iştirak ediblər.

O cümlədən bölgə əhalisinə Azərbaycan mədəniyyətini təbliğ edən “Yardımlı Xeyriyyə Cəmiyyəti” üzümüzə gələn ay bu dəfə kinosevərləri sevindirəcək.
Cəmiyyətin sədri Elman Mustafayevin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, noyabrın 14-ü saat 12:00-da Yardımlı rayon Mərkəzi Mədəniyyət Evində tanınmış jurnalist-publisist Arif Əliyevin ssenari müəllifi olduğu, mərhum rejissor Rövşən Almuradlının ərsəyə gətirdiyi “Əsgərlər unudulanda ölürlər” filminin nümayişini keçirəcək.
Həmin gün üç görkəmli ziyalı - professor Qulu Meherremli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski və tanınmış publisist Arif Əliyev Yardımlı ictimaiyyətinin qonağı olacaqlar, ictimaiyyəti düşündürən sualları cavablandıracaqlar.
Təşkilatçılar yardımlıları bu tədbirdə iştirak etməyə dəvət edir.
“Əsgərlər unudulanda ölürlər” filminin qısa məzmununu oxucularımıza çatdırırıq:
Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Xatırladaq ki, qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir.

İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə gələn ilin mayında keçiriləcək 66-cı “Eurovision” mahnı müsabiqəsində 41 ölkə iştirak edəcək.
AzərTAC xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçiriləcək dünyanın ən böyük canlı musiqi tədbirinin yarımfinalları 2022-ci il mayın 10-12-də olacaq. “Eurovision 2022”nin finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək.
Builki müsabiqə ilə müqayisədə gələn il iştirakçı ölkələrin sayı 39-dan 41-ə yüksələcək. Həmin 41 ölkənin 36-sı yarımfinallarda yarışacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya isə birbaşa finaldan yarışmaya qoşulacaq.
“Eurovision 2022”də iştirak edəcək ölkələr və yayım hüququna malik televiziya kanalları aşağıdakı kimidir. Azərbaycan (“İctimai TV”), Almaniya (“ARD”/”NDR”), Albaniya (“RTSH”), Avstraliya (“SBS”), Avstriya (“ORF”), Belçika (“RTBF”), Bolqarıstan (“BNT”), Böyük Britaniya (“BBC”), Çexiya (“CT”), Danimarka (“DR”), Estoniya (“ERR”), Finlandiya (“YLE”), Fransa (“FT”), Gürcüstan (“GPB”), Yunanıstan (“ERT”), İslandiya (“RUV”), İrlandiya (“RTE”), İsrail (“KAN”), İtaliya (“Rai”), Kipr (“CyBC”), Latviya (“LTV”), Litva (“LRT”), Malta (“PBS”), Moldova (“TRM”), Monteneqro (“RTCG”), Niderland (“AVROTROS”), Norveç (“NRK”), Polşa (“TVP”), Portuqaliya (“RTP”), Rumıniya (“TVR”), Rusiya (“RTR”), San Marino (“RTV”), Serbiya (“RTS”), Sloveniya (“RTVSLO”), Şimali Makedoniya (“MKRTV”), İspaniya (“TVE”), İsveç (“SVT”), İsveçrə (“SRG SSR”), Xorvatiya (“HRT”), Ukrayna (“UA:PBC”), Ermənistan (“AMPTV”).
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçiriləcək. İtaliya “Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə bu il “Eurovision” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.

Bazar ertəsi, 25 Oktyabr 2021 09:47

“28” filminin Haaqada təqdimat olub

Haaqa şəhərinin “Valliant” teatrında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xatirə Sərdarqızının müəllifi olduğu “28” filminin təqdimatı olub.
AzərTAC xəbər verir ki, filmin təqdimatında ölkəmizin Niderland Krallığındakı səfiri Fikrət Axundov, yerli ictimaiyyətin, eləcə də bu ölkədə yaşayan Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva açaraq film haqqında qısa məlumat verib.
Səfir Fikrət Axundov Azərbaycan, xüsusilə də onun mədəniyyət paytaxtı olan Şuşa haqqında danışıb.
Filmin müəllifi Xatirə Sərdarqızı doğma şəhərinə 28 illik həsrətindən söz açaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun azad etdiyi torpaqlarımıza, uşaqlıq xatirələrini qoyduğu Şuşadakı evlərinə qayıdışından danışıb. 28 illik həsrətdən sonra döndüyü doğma şəhərinə ilk gəlişində keçirdiyi hissləri bölüşüb.
Filmin nümayişindən sonra fikir mübadiləsi aparılıb, filmi seyr edənlər təəssüratlarını bölüşüblər.
Tədbir Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradovanın ifasında muğam konserti ilə davam edib.

Bazar ertəsi, 25 Oktyabr 2021 09:45

1480 və 1908. Bu gün Ümumdünya Opera Günüdür

 

Bu günə təsadüf edən digər əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

25 oktyabr. Ümumdünya Opera Günü

 

İncəsənətin ən kübar növlərindən biri olan opera günü elə bir gündür ki, həmin gün opera truppaları peşəkar və həvəskar operasevərlərlə birgə bu incəsənət növününü ən qiymətli məziyyətlərinə önəm verirlər. Bu gününü qeyd edilməsi  bir informasiya kampaniyasının təşkil edilməsidir ki, cəmiyyətin opera barədə bilgilərini artırmağa hesablanır. Bu günün təqvimə salınması təşəbbüskarları Opera America və Opera Europa təsisatlarıdır. Bəs niyə 25 oktyabr? Çünki bu gün dünyada ən məşhur opera və operettaların müəllifləri olan iki dahi bəstəkarın – Jorj Bizenin və İohann Ştrausun doğum günləridir. Opera italyan dilində iş, məşğuliyyət anlamı verir. Opera İtaliyada misteriyalarda – musiqisi epizodik işlədilən və əhəmiyyəti o qədər də yüksək olmayan ruhani tamaşalarda yaranıb. 1480-ci ildə səhnəyə çıxan Beverininin "Müqəddəs Pavelin dönməsi" ruhani tamaşası tarixin ilk operası sayılır. Azərbaycanda isə opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq-müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulub.

 

Bu gün gərək mütləq Opera və Balet Teatrına baş çəkək.

 

25 oktyabr. Ümumdünya Makaron Günü

 

Bayramınız mübarək, makaronsevərlər. Ümumdünya Makaron Məmulatları Assosiasiyası 1995-ci ildən bu günü təqvimə salmağa müvəffəq olub, dünyanın az qala hər yerində bu un məmulatını sevirlər, italyanlar isə nəinki makaronu sevirlər, hətta spaqetti deyə əzizləyə-əzizləyə ona abidə də qoyublar. Makaronu kəşf edən çinlilər olsa da onu dünyaca məşhur edən italyanlar olublar. Bir təsəvvür edin, duru tomat sousunda, hisdə qurudulmuş qızartma kolbasa dilimləri, qara zeytun və göbələklə italyansayağı bişirilmiş spaqetti, yaxud, toyuq əti ilə ağ sarımsaq sousunda dadından doymaq olmayan fettuçini. Ya da rusların donanmasayağı bişirilmiş makaronları. Yaxud azərbaycansayağı – üzərinə ya kotlet, ya da ət qoyulmuş azacıq sousda makaron qaynatması. Bu gün bir sıra ölkələrdə restoranlar müxtəlif makaron yeməkləri təklif edəcəklər. Təsəvvür edin ki, 600 cür makaron növü var. Adlarına baxaqmı? Spaqetti şnur şəklində, vermişil balaca qurd çəklində, fuzilli kəndir çəklində, konçilyi balıqqulağı şəklində, penne lələk çəklində, kapellini nazik saç çəklində, rotini spiral şəklində olur. Bu gün makaronun bayramıdır. Mənsə bu bayram günündə uşaqlığımı xatırlayıb “Stremyanka və makaron” cizgi filminə baxacağam. Çünki makaron yeməkdən əsla xoşum gəlmir.

 

25 oktyabr. Beynəlxalq məktəbli kitabxanaları günü

 

YUNESKO-nun təklifi ilə qeyd edilən bu gün insanda necə nostalji hisslər oyadır. Məktəb illəri yada düşür, məktəbin özünəməxsus toz və kif qarışıq qoxusu olan kitabxanası üçün darıxırsan. Yadımdadır, sinif qızları sevgi seirlərini, melodramları tələb edərdilər, oğlanlar “Min bir gecə” kitabından ötrü sinov gedərdi. Amma o kitabı gördüm deyən olmazdı, nə vaxt istəyərdin, kitabxanaçı “əldədir” deyərdi. Mənim ən çox marağımı cəlb edən “Vokruq sveta” dərgiləri idi, hər dəfə macal tapanda gedib ilbəil “podşivkaları” qarşıma qoyar, dünyanın ən ucqar, ekzotik, sirli ölkələri barədə məlumatlar əldə edərdim.

 

Çox təəssüf ki, müasir dünyamızda kitabxanalar get-gedə arxaikləşirlər. İndi şagirlər üçün mobil telefon hər bir şeyi əvəzləyir.

 

25 oktyabr. Görkəmli general Mustafa Nəsirovun 100 illiyi

 

Hərb tariximizdə xüsusi yer tutan şəxslərdən biri də Mustafa Cəfər oğlu Nəsirovdur, 1921-ci il oktyabr ayının 25-də Dərbənd şəhərində anadan olan həmyerlimiz hərbi təhsil alan kimi SSRİ üzrə bir çox yerlərdə yüksək hərbi vəzifələr daşımışdır. 1943-cü ilin aprel ayında leytenant hərbi rütbəsində DİXK-nın sərhəd qoşunlarının Qırğızıstan dairəsində komandir vəzifəsini daşımış, 1947-ci ilin fevral ayından Frunze səhərində DİN qoşunları üzrə qarnizon komendaturasının komendantı olmuş, 1952-ci ilin sentyabrından Azərbaycan sərhəd dairəsinin Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi, Neftçala Sərhəd Dəstəsinin rəisi, 1962-1968-ci illərdə isə Naxçıvan Sərhəd Dəstəsinin komandanı olmuş, 1964-cü ildə polkovnik hərbi rütbəsi almışdır. 1968-ci ilin oktyabr ayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsi komandan müavini təyin olunmuşdur. 1972-ci ilin dekabrından SSRİ DTK-nın Zaqafqaziya sərhəd dairəsi ordusunun rəis müavini olmuşdur. 1987-ci ildə istefaya çıxan Mustafa Nəsirov, Azərbaycan Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilmişdir. 1993-cü ilin avqustunda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunmuş və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləmişdir. M.Nəsirov 1963-71-ci illərdə Naxçıvan MR Ali Sovetinin, 1975-95-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin deputatı seçilmişdir. 1990-1995- ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin üzvü olmuşdur. 1994-cü ildən 1995-ci ilə qədər MDB ölkələri iştirakçılarının parlamentarası Assambleyasının üzvü, mühafizə və təhlükəsizlik məsələləri üzrə onun daimi komissiyasının sədri olmuşdur. O, “Qırmızı Bayraq” (1967), “Qırmızı Əmək Bayrağı” (1977) və “Vətən müharibəsi” (1985) ordenləri ilə təltif olunmuşdur. Ona Azərbaycan Respublikasının “Əməkdar hüquqşünası” (1984), “Dövlət təhlükəsizliyinin fəxri əməkdaşı” (1980), eləcə də “Dərbənd şəhərinin fəxri vətəndaşı” (1996) fəxri adları verilmişdir. General-mayor ali hərbi rütbəsinə qədər yüksələn M. Nəsirov Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 oktyabr tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

 

Mustafa Nəsirov uzun ömür yaşamış, 27 may 2012-ci ildə 91 yaşında Bakıda vəfat etmişdir. Haqqında “General Nəsirov” adlı film çəkilmiş, 2012-ci ildə “Ölməzlik” kitabı yazılmışdır. Ruhu şad olsun!

 

Varisin “21-27 oktyabrın təqvimi” yazısından

 

Şəkildə: Dünyanın ən yaxşı opera teatrı – La Skala, Milan, İtaliya

 

 

 

 

Yox, Pikasso fransız deyil, ispandır, o, 1881-ci il oktyabr ayının 25-də İspaniyanın Malaqa şəhərində anadan olub. Pablo Pikasso rəssamlığı atası X.Ruisdən öyrənib. Təhsilini artırmaq üçün La-Korunya, Barselona və Madrid şəhərlərində Zərif sənətlər məktəbində oxuyub, 1904-cü ildən isə Parisdə yaşayıb. Yaratdığı əsərlərdə realizmin zəngin və rəngarəng qaynaqlarına əsaslanan Pikassonun yaradıcılığı mürəkkəb, ziddiyyətli və eyni zamanda çoxcəhətli olub. Müxtəlif dövrlərdə yaratdığı əsərlərdə o, həm ekspressionizm, həm neoklassizm, həm kubizm, həm sürrealizm cərəyanlarına istinad edib. Pikasso yaradıcılığı əsasən iki dövrə - “mavi” və “çəhrayı” dövrlərə ayrılır. “Mavi dövr” (1901-1904) tablolarında rəssam əsasən mavi, göy, yaşıl rəng çalarlarından, “Çəhrayı dövr” (1905-1906) tablolarında isə çəhrayı qızılı, çəhrayı-boz koloritdən istifadə edib Bu əsərlərdə cəmiyyətin ictimai ziddiyyətləri ilə qarşılaşan insanların psixoloji aləmi təsvir olunurdu. “Dilənçi qoca oğlan ilə” (1903), “Şar üstündə dayanmış qız” (1905) kimi əsərlərində zavallı insanların həyatına xas olan tənhalıq motivləri əsas yer tuturdu. 1910-cu ildən başlayaraq Pikasso neoklassizm və realizm üslubunda yaratdığı əsərlərdə lirik motivlərə geniş yer verməyə başlayıb. “Üç qadın bulaq başında”, “Ana və Körpə” əsərləri bu üslubda işlənən əsərlərdir. Pikasso İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatına qoşulub, müharibədən sonrakı illərdə isə daim sülh və demokratiya uğrunda mübarizə aparıb. Onun mütərəqqi, humanist görüşləri əsərlərində də öz əksini tapıb. “Gernika”, “Sülh”, “Müharibə” əsərləri sülh uğrunda mübarizə rəmzinə çevrilib. Onun ən məşhur əsəri isə 1947-ci ildə şəkdiyi, bütün dünyada sülhü tərənnüm edən “Sülh göyərçini”  taplosudur.

 

Pikasso kommunist meyillərinə də uymuşdur, SSRİ-yə səfər etmişdir. Mürəkkəb yaradıcılıq yolu keçmiş rəssam 1950-ci ildə “Beynəlxalq Sülh mükafatı”, 1962-ci ildə “Xalqlar arasında sülhü möhkəmləndirməyə görə” Lenin mükafatı laureatı olmuşdur.

 

Pablo Pikasso 1973-cü il aprel ayının 8-də Fransanın Mujen şəhərində vəfat etmişdir. Madriddə Pikassonun abidəsi və adına meydan vardır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısındadır.

 

 

 

 

Sizdən soruşsalar ki, Azərbaycanda televiziya fəaliyyətə başlayanda ilk olaraq tamaşaçılar hansı simanı görüblər, onda nə cavabı verərsiniz? Nəcibə Haşım qızı Məlikova 1921-ci il oktyabr ayının 25-də Bakının Buzovna kəndində anadan olub. Uşaqlıqda həkim olmaq istəsə də dayısı Ruhulla Axundovun “xalq düşməni” elan edilməsi səbəbindən çox qapılar üzünə bağlanıb. Qadağa yalnız aktyorluq sənətinə aid edilmədiyindən 1940-cı ildə Bakı Teatr Texnikumuna daxil olub, xalq artisti Fatma Qədrinin sinfində dərs alıb. 1943-cü ildə oranı bitirib, Gəncə Dövlət Dram Teatrında bir qədər işləyəndən sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Teatr İnstitutunda da təhsil alıb. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və bir qədər də komediyalarda müxtəlif rollar oynayıb. “Şeyx Sənan”da Xumar, “Səyavuş”da Firəngiz, “Pəri cadu” da Şamama, “Sevil”də Edilya, “Vaqif”də Xuraman, “Əliqulu evlə­nir”də Yasəmən kimi yaddaqalan obrazlar yaradıb. Nəcibə xanım teatrla yanaşı kinoda da uğurlu rollar yaradıb, onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilir.

 

Nəcibə Məlikovanın adını tarixə yazan daha bir fakt var. 14 fevral 1956-cı ildə Bakı televiziya studiyası fəaliyyət göstərməyə başlayanda ilk veriliş günü ekranda Nəcibə Məlikova görünüb, çıxışını “Göstərir Bakı!” kəlməsi ilə başlayan aktrisa tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. İstedadlı aktrisa 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının “Əməkdar artist”, 1 iyun 1974-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

 

Nəcibə Məlikova 27 iyul 1992-ci ildə Bakıda vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub. Ruhu şad olsun.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.