Super User

Super User


“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nәrimanoğlunun “Qaçaq Nəbi tarixdә, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə” monoqrafiyası çapdan çıxıb. Azərbaycan xalqının milli azadlıq hərəkatı və qəhrəmanlıq tarixində xüsusi yeri olan, 20 ildən çox rus çarizminin işğalçılıq siyasətinə, bu imperiyanın əlaltısı olan nankor, xəyanətkar erməni hampalarına, sapı özümüzdən olan zalım xan, zülmkar bəylərə qarşı silahlı partizan mübarizəsinin başında duran Qaçaq Nəbiyə, dəstəsinə və ən yaxın silahdaşı, ömür-gün, əqidə yoldaşı Həcər xanıma həsr olunmuş kitabda Azərbaycan, Rusiya, Gürcüstan, İran və Türkiyə mənbələrinə, sənədlərə, arxiv materiallarına, tədqiqatçı alimlərin əsərlərinə istinadla Qaçaq Nəbi mübarizəsinin həqiqi mahiyyəti, əsas qayəsi, gerçək tarixi xronikası oxuculara çatdırılıb. Kitabda bu mübarizənin xalq yaddaşında, incəsənətimizin müxtəlif növlərində, folklorumuzda, ədəbiyyatımızda bədii inikasını əks etdirən nümunələrə də yer ayrılıb.
Kitab Qaçaq Nəbi, Qaçaq Həcərin timsalında xalqımızın azadlığı, müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda yadellilərə qarşı savaşlarda canlarını fəda etmiş igid vətən övladlarının, şəhidlərimizin, qazilərimizin əbədiyaşar xatirəsinə həsr olunub.
Qeyd edək ki, kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilib.
“Mütərcim” nəşriyyatında çıxan 208 səhifəlik kitabın elmi redaktoru AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, rəyçisi AMEA-nın Tarix İnstitutunun icraçı direktoru professor Cəbi Bəhramov, məsləhətçiləri “Akademkitab”ın direktoru professor Əliağa Cəfərov və yazıçı-jurnalist Dostəli Abdullayevdir.

Dünyada elə memarlıq inciləri var ki, qızıl fondu təşkil edirlər. İllər keçir, amma bu möhtəşəmliyi yeni tikililər, ultramüasir, modern dizaynlar kölgədə qoya bilmir.
“Ədəbiyyat və incəsənət” portalı Boredranda.com saytına istinadən dünyanın ən çox təqdir edilən arxitektura incilərini təqdim edir.
Növbəti fotoda Cənubi Amerikaya - Boliviyaya keçid alacağıq. Foto Boliviyanın nömrə bir memarı sayılan Frdeddi Mamaninin paytaxt La Pas şəhərində tikdiyi binaları əks etdirir. İık baxışda əsla binaya bənzəmir, nəsə bir müxtəlif rəng qammasıdır sanki.

 

Bu gün beynəlxalq təqvimlərə Ağ durnalar günü kimi düşüb. Bu bir ədəbiyyat bayramıdır. Təqvimə salınan bu günün arxasında məşhur dağıstanlı şair, hamımızın tanıdığımız Rəsul Həmzətov dayanır, onun “Ağ durnalar” şeiri dayanır. Rəsul Həmzətovun təşəbbüsü ilə müharibə meydanlarında canlarından keçmiş igidləri anmaq üçün belə bir gün qeyd edilir. Milliyyətcə avar olan, SSRİ-nin Səməd Vurğunla, Mixail Şoloxovla, Konstantin Simonovla, Çingiz Aytmatovla birgə ən məşhur yazarları sırasında yer alan, yüzlərlə təltifi olan bu şəxs Ağ durnalar bayramı gününü təqvimə saldırarkən çeçen folkloruna əsaslanıb, belə ki, çeçen folklorunda deyilir ki, əgər müharibədə döyüşən, qan tökən zalım igidlər Allah tərəfindən bağışlanarsa, onda onların ruhları ağ durnalara çevrilər. Folklora görə, durnalar hər dəfə köç edəndə ucadan çığırırlar, bu, onların aldıqları canlardan üzr istəmələri ritualıdır.

 

Əlbəttə ki, müharibənin üzü sərtdir, orda ya öldürməlisən, ya ölməlisən. Amma tarix boyu ədalətli və ədalətsiz deyə müharibələr iki yerə ayrılır. İşğal etmək istəyənlə müdafiə olunan əsla eyniləşdirilə bilməz. Demək, ağ durna bayramı ancaq ədalətli müharibə aparanlar, o cümlədən bizim xalqımız üçündür. Digərlərinin ruhları isə heç vaxt ağ durnaya dönə bilməz. Bəlkə də, qara qarğaya dönər.

 

Sonda onu da qeyd edək ki, Rəsul Həmzətovu bütün dünyaya tanıdan onun “Mənim Dağıstanım” adlanan biblioqrafik nəsr əsəri olmuşdur.

 

Oktyabrın 20-də Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində 73-cü beynəlxalq kitab sərgisi işə başlayıb.
"Yenidən əlaqə qur" devizi ilə 80 ölkədən 2000 iştirakçının qatıldığı sərgidə fəxri qonaq ölkə Kanada dövlətidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, nazirliyin təşkilatçılığı ilə ölkəmiz builki sərgidə yenilənmiş dizayna malik stendində ölkəmizin mədəniyyətinə, tarixinə dair geniş çeşid nəşrlərlə təmsil olunur. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, həmçinin ölkəmizdə cari ilin "Nizami Gəncəvi İli" olması zəngin nəşrlər və vizuallıqla yanaşı,  keçirilən müxtəlif tədbirlər ilə sərgi boyunca ziyarətçilərin diqqətinə təqdim ediləcəkdir.
Kitab işi sahəsində çalışan minlərlə mütəxəssisi bir yerə toplayan sərgi yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi üçün mühüm platformadır. Pandemiya səbəbi ilə sərgiyə qatıla bilməyənlər onlayn yayımlanan müxtəlif görüşləri, ustad dərslərini və digər tədbirləri izləyə biləcəklər.
Qeyd edək ki, 73-cü Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 24-dək davam edəcək.

“YARAT Akademiyası”nın təşkilatçılığı ilə keçirilən “Tarix yazılarkən” adlı payız sessiyasının ilk debatı təşkil olunacaq.
“YARAT”dan bildirilib ki, oktyabrın 25-də reallaşacaq debatın moderatoru Fərid Abdullayev, rəssamlar Rəşad Ələkbərov, Orxan Hüseynov və Faiq Əhməd ilə Azərbaycanda müasir incəsənətin 2011-2021-ci illərdə inkişafını müzakirə edəcəklər.
Qeyd edək ki, sessiyanın növbəti debatlarında xarici ekspertlərin də çox maraqlı müzakirələri gözlənilir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətlə oktyabrın 26-dan noyabrın 6-dək “Jazzery Voices” adı altında silsilə tədbirlər keçiriləcək.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində ölkəmizin yetkin və gənc caz ifaçılarının konsertləri, “Azərbaycanda caz sənəti ilə bağlı məsələlər” mövzusunda beynəlxalq elmi-yaradıcı konfrans, caz vokal ifaçılığı üzrə ustad dərsi və tədqiqi seminar təşkil olunacaq. Konsertlərdə respublikanın xalq və əməkdar artistlərinin rəhbərlik etdiyi qruplar – “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətləri çıxış edəcək.
Tədbirlər Beynəlxalq Muğam Mərkəzi, Kamera və Orqan Musiqisi Zalı, Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans salonunda təşkil olunacaq.
“Jazzery Voices” layihəsi noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Zəfər bayramına ithaf edilən “Jazz Says Victory” adlı qala-konsertlə tamamlanacaq.

Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairinin “Leyli və Məcnun” əsəri Almaniyada nəşr olunub.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Frankfurtun zəngin ənənəli “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş kitabı alman dilinə görkəmli alman mütərcimi Rudolf Qelpke tərcümə edib.
Əsərə dair rəngli illüstrasiyalarla nəfis tərtibdə, min tirajla nəşr edilmiş kitabın “Ön söz”ünün müəllifi görkəmli nizamişünas alim Rüstəm Əliyev, redaktoru tanınmış alman naşiri Verlag Hans-Jürgen Maurerdir. Kitabın yaxın günlərdə Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayişə çıxarılacağı, Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn və Lüksemburqun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat tədbirlərinin keçiriləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, ilk dəfə 1963-cü ildə İsveçrənin Sürix şəhərində yerləşən “Manesse” nəşriyyatında işıq üzü görmüş kitab Nizami Gəncəvini almandilli oxuculara “fars şairi” kimi təqdim edən “Ön söz”lə nəşr edilmişdi. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin, Nizamini ilk dəfə almandilli ölkələrin oxucusuna “dahi Azərbaycan şairi” olaraq təqdim edən yeni “Ön söz”lə nəşrinə nail olunub.

“Zoom” platforması üzərindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt kitabxanalarının fəal oxucuları ilə tanınmış Ukrayna uşaq yazıçısı İnna İşukun görüşü təşkil edilib.
İdarədən bildirilib ki, görüşdə Azərbaycan oxucularına yazıçı haqqında məlumat verilib.
Daha sonra oxucularla müəllif arasında maraqlı söhbət keçirilib. Kiçikyaşlı oxucular müəllifin əsərlərinə çəkilmiş rəsmlər təqdim edib və şeirlərini səsləndiriblər.
Ukrayna uşaq yazıçısı İnna İşyuk oxuculara öz kitabından nümunələr oxuyub, müxtəlif tapmacalar səsləndirib və oyunlar təqdim edib. Müəllif əsərlərinin Azərbaycanda öz oxucularını tapmasından məmnunluğunu bildirib və ilk görüşün davamlı olması arzusunu ifadə edib.
Görüşün sonunda Bakı kitabxanalarının əməkdaşları 44 günlük müharibənin Zəfərindən söhbət açıb, o cümlədən vətənpərvərlik şeirləri və kompozisiyalar təqdim edilib.
Qeyd edək ki, İnna İşuk 130-dan çox uşaq kitabının müəllifidir. Ukrayna Milli Yazıçılar İttifaqı Odessa uşaq yazıçıları bölməsinin rəhbəridir. 15 il ərzində müəllifin uşaqlar üçün 130-a qədər kitabçası, şeir və nəsr topluları, almanaxları işıq üzü görüb. O, "Болдинская осень в Одессе" (“Odessada Boldin payızı”) festivalının mükafatçısıdır. İki dəfə – 2017-ci ildə “Uşaqlar üçün şeir”, 2020-ci ildə isə "Волшебная монета" (“Sehrli qəpik”) kinossenarisinə görə beynəlxalq müsabiqənin qalibi və “Korney Çukovski” mükafatının sahibi olub.
İnna İşukun ən masştablı işi isə keçmiş SSRİ-nin on milyonlarla tamaşaçı toplayan “Спокойной ночи, малыши!" (“Gecəniz xeyrə qalsın, balalar”) televerilişinin ssenari müəlliflərindən biri olmasıdır.

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq.

 

22 oktyabr. Ümumdünya pəltəklər günü

 

Deyirlər ki, Böyük Britaniyanın, Kanadanın, Avstraliyanın və Cənubi Afrikanın kralı olan VI Georq pəltək imiş, hələ 20-ci əsrin əvvəllərində nitq terapiyasının vacibliyindən bəhs edibmiş. Ümumdünya pəltəklər gününün təşəbbüskarlarının da məhz kanadalılar olması (Kanada Nitq Patalogiyası Cəmiyyəti) bəlkə elə bu hadisə ilə qaynaqlanır. Statistikaya görə, dünyada 3 milyon insan bu problemlə yaşayır. Bu patalogiyanın səbəbi isə hələ də elmə məlum deyil. Onu aradan götürmək üçünsə bir çox vasitələr vardır, loqopedik, psixoloji, psixoterapevtik, medikamentoz, fizioterapevtik və s. və i. Təəssüf ki, bu vasitələrin heç biri pəltəkliyi tam aradan götürə bilmir.

 

Bizdə tək kəkələyənə deyil, nitqi qüsurluyu da pəltək deyilir. Siyasətdə təmsil olunanlar arasında r hərfinə y deyənlər az olmayıb. Nazir, komitə sədrinin müavini, səfir, müxalifət lideri... Əlbəttə, fiziki qüsurdur deyə bunun üzərində dayanmayacağıq.

 

Pəltəklik bir fiziki qüsur olsa da lətifəqoşanlar ona da şəbədə qoşmaqdan vaz keçməyiblər, belə insanlar bir çox lətifələrin qəhrəmanlarına çevriliblər. Bu lətifələrdən birini lap uşaqkən eşitmişəm. Dörd nəfər ağır pianonu liftsiz binanın 9-cu mərtəbəsinə qaldırır, biri pəltək olur, yol boyu –Biz sə... sə... sə... – deyə kəkələyir, digər üçü onu acılayır, pəltək olduğu üçün aşağılayır, hər dəfəsində sözünü axıra çatdırmağa imkan vermirlər. Yalnız 9-cu mərtəbəyə şatanda o, sözünü tamamlaya bilir: -Biz səhv gəldik, o biri bloka getməli idik.

 

Üçlər niyə öncədən bunu demədiyinə görə onu söyüş yiyəsi edə-edə çar-naçar pianonu aşağı düşürməyə başlayanda o yenidən kəkələməyə başlayır, bu dəfə -Mən za.. za... za...- deyə fikrini izah etmək istəyir. Yenə də söyüş, təhqirlər sıralanır, yenə yol boyu ona fikrini izah etməyə imkan vermirlər. 1-ci mərtəbəyə çatanda o, nəhayət ki, fikrini tam deyə bilir: -Mən zarafat edirdim.

 

22 oktyabr. “Metropoliten – Opera”, İvan Bunin və dirijor çubuğu

 

Ümumdünya şampan şərabı günü. Qazlı çaxırın vətəni Fransadır, biləsiniz. Beynəlxalq Caps Lock günü. Kompüterin bu düyməsini aktual edən bir gündür. Yaponiyada Dziday-matsuri festival – musiqi ənənələri ilə dini ritualların remiksi. Fexner günü. Alman filosofu, fiziki və psixoloqu Qustav Fexnerə həsr olunan beynəlxalq gün. Psixofizikanın banisi olan Fexner bu təlimi məhz 1850-ci ilin 22 oktyabrında yaradıb. Psixofizika isə fiziki stimullarla hissiyyatlar arasındakı əlaqəni öyrənən bir elm sahəsidir.

 

O ki qaldı amerikalılara, bu gün onlarda milli qoz günüdür. Amerikalıların öz milli qozları olmasa da onlar yunan və hind qozlarını milliləşdirib həzmi-rabeədən keçirirlər.

 

22 oktyabrda nələr baş verib bəs? Mütləq deyək ki, 1949-cu ildə SSRİ ilk dəfə nüvə silahını sınaqdan keçirib. 1947-ci ildə yeniyetmə yaşında dünya şöhrəti qazanmış məşhur italiyalı müğənni Robertino Loretti doğulub. 1938-ci ildə Çester Karlsion kağız sənədin ilk dəfə fotokopiyasını çıxarıb. 1883-cü ildə dünya mədəniyyətinin ən triumfal hadisələrindən biri baş verib – Nyu-Yorkda “Metropoliten – Opera” açılıb, ilk günündə Qunonun “ Faust” operası oynanılıb. Həmin il irland yazışısı Tomas Mayn Rid dünyasını dəyişib. 1870-ci ildə 1933-cu ilin Nobel mükafatçısı olan rus yazıçısı İvan Bunin doğulub. Ən nəhayət, 1859-cu ildə alman skripkaçısı, musiqidə romantizmin yaradıcısı Lui Şpor vəfat edib. Lui Şpor dirijor çubuğunu kəşf edən şəxs kimi də tarixə düşüb, yeri gəlmişkən.

 

Futbol azarkeşlərinə isə onu xatırlatmaq istəyirəm ki, bu gün çox sayda tanınmış futbol adamı dünyaya gəlib, onlardan biri millimizin baş məşqçisi olmuş Ağasəlim Mircavadovdur, digəri “Arsenal” klubunun fransalı məşqçisi Arsen Venger, digəri əfsanəvi sovet qapışısı Lev Yaşin. Digərləri də qalsınlar növbəti dəfəyə.

 

Varisin “21-27 oktyabrın təqvimi” yazısından

 

 

Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabr ayının 22-də Qərbi Azər­baycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ildə Bakı Rəssamlıq Mək­təbində təhsil almağa başlayıb, görkəmli rəssam Əzim Əzimzadənin sinfində təhsil alıb. Təhsilini davam etdirməklə yanaşı, “Azərxalça” birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləyib. 1941-ci ildən Böyük Vətən müharibəsində iştirak edib, 1945-ci ildə cəbhədən 22 orden və medalla dönüb. Yüksək vəzifələrdə çalışıb, “Soyuz-Torq reklam”ın baş direktoru, Bədii Fondun Yaradıcı-İstehsalat Kombinatının direktoru, Bakı Zərgərlik Fabrikinin direktoru, Yerli Sənaye Nazirliyi İstehsalat şöbəsinin müdiri işləyib. O, 1993-cü ildən ömrünün sonunadək “Azərxalça” Elmi İstehsalat Birliyinin baş direktoru olub. İlk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edib. Xalçanın uğur qazanması rəssamı daha da ruhlandırıb, o, bu dəfə Nəsimiyə və Nizamiyə həsr edilmiş xalçalar yaradıb. Xalça üzərində yaratdığı portretlərdən görkəmli türk dövlət xadimi Atatürkün, Turqut Özalın, Süleyman Dəmirəlin, eləcə də Heydər Əliyevin portretləri toxunmuş xalçalar xüsusilə məşhurdur. Azərbaycanda ilk dəfə xalça muzeyinin açılması da Kamil Əliyevin adı ilə bağlıdır. Daha çox Abşeron ornamentlərinə üstünlük verən Kamil Əliyev ümumilikdə bütün milli naxışlar üzərində işləyərək onlara yeni bir ruh, yeni nəfəs verirdi. Kamil Əliyevin çeşniləri əsasında toxunmuş xalçalar respublikamız müstəqillik qazandıqdan sonra dünyanın bir çox ölkələrində uğurla nümayiş etdirilib, bu qədim el sənətinin nümunələri ən mötəbər muzeylərdə, o cümlədən Londonun məşhur “Viktoriya və Albert” muze­yində saxlanılır.

 

K.Əliyev Azərbaycan incəsənətində göstərdiyi xidmətlərə görə ilk dəfə 1960-cı ildə Fəxri fərmana layiq görülüb, respublikanın “Tətbiqi incəsənət ustası” adını qazanıb. 1967-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 1998-ci ildə dekorativ və tətbiqi sənət üzrə professor elmi rütbəsi alıb, 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif olunub, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Görkəmli rəssam Kamil Əliyev 2005-ci il mart ayının 1-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.