Ötən gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan kino industriyası və ümimən mədəniyyəti üçün əlamətdar bir tədbir keçirildi, Azərbaycan Film Komissiyasının (Filming Azerbaijan) təqdimatı keçirildi. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə dövlət və hökumət üzvləri, diplomatik korpus nümayəndələri, habelə ölkəmizdə səfərdə olan Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, habelə Rusiyanın “Lenfilm” kinostudiyasının əməkdaşları iştirak edirdilər.
Tədbirdə giriş sözü ilə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, Film Komissiyasını yaratmaqda məqsəd Azərbaycanın kino sənayesinin dünya kinosuna inteqrasiyasını təmin etmək, ölkəmizi kino çəkilişi məkanına çevirməkdir.
Nazir qeyd etdi ki, Azərbaycanın gözəl təbiəti, zəngin tarixi mədəni abidələri, ənənələri və qonaqpərvərliyi var, bundan da bəhrələnmək mümkündür: “Malik olduğumuz nemətlərdən maksimum istifadə edərək, aparıcı xarici kinostudiyaların Azərbaycanda çəkiliş aparmaları üçün film komissiyası platforması yaratmaq niyyətindəyik. Bu da xarici kinostudiyaların Azərbaycana gələrək burada filmlər çəkməsinə imkan yaradacaq. Beləliklə, Azərbaycan tanınacaq, onun turizm potensialı təbliğ olunacaq, həmçinin ölkəmizə sərmayə gələcək və iqtisadi baxımdan çox əlverişli imkanlar yaranacaq.”
Daha sonra nazir söylədi: “Artıq “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın kino potensialını dünyaya nümayiş etdirmək üçün yaxşı vasitə olacaq”.
“Lenfilm” kinostudiyasının baş direktoru Fyodor Şerbakov, habelə
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah çıxış edərək bildirdilər ki, kino öz-özlüyündə kitabı, musiqini həm də teatrı əlaqələndirir, kino sahəsini inkişaf etdirmək nəinki insanı, mədəni irsi tapmaqda mühüm rol oynayır, eyni zamanda öz mədəniyyətini dünyaya çatdırmağa kömək edir. Bu səbəbdən də Azərbaycanda gerçəkıəşən bu layihənin təqdirəlayiq olduğunu bildirdilər.
Tədbirdə çıxış edən “Filming Azerbaijan”ın direktoru İlkin Məhəmmədli Qarabağda çəkilən videoçarx haqqında məlumat verdi. Bildirdi ki, quş uçuşundan lentə alınan videoçarx Qarabağın tarixi abidələrini tanıtmağa imkan verəcək. Qeyd etdi ki, yaxın vaxtlarda filming.az saytı da istifadəyə verilib. Dedi ki, “Saytda müxtəlif lokasiyalar və xidmətlər var. Çəkiliş yerini axtaran şəxs bölmələrə daxil olub, istədiyi məkanı kəşf edə bilər.”
Məlumunuz olsun ki, Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvarında Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb. Dünənsə öz fəaliyyət proqramını bəyan edərək ortaya qoydu.
https://edebiyyatveincesenet.az/az/kino-ve-teatr/item/78-kino-azaerbaydzana-nedzae-saermayae-zhaetiraedzaek#sigProGalleriad09843766b