Super User

Super User

Cümə axşamı, 28 Oktyabr 2021 12:13

“Castle Falls” filminin treyleri yayımlanıb

TASS xəbər verir ki, bir neçə film ulduzunun rol aldığı macara janrında olan “Castle Falls” filminin treyleri nümayiş olunub.
Demək, isveçli peşəkar idmançı və aktyor Dolph Lundgrenun rejissorluq etdiyi filmdə baş rolları “Boyka” obrazı ilə tanınan ingiltərəli məşhur aktyor Skott Adkins və amerikalı aktyor Dave Halls canlandırır.
Film 3 milyon dolları axtarmaq məcburiyyətində qalan bir qrup rəqib dəstənin macaralarından bəhs edir. Filmdə Los-Anceles şəhərinin qərb tərəfində yerləşən Castle Heights Xəstəxanasının partladılması planlaşdırılır. Dinamitlə dolu xəstəxanada qrupun pulu tapmaq üçün cəmi iki saat vaxtları var. Alınacaqmı?

"Ulduz" jurnalının Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş xüsusi buraxılışı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və "Ədəbiyyat qəzeti"nin ortaq layihəsi olaraq ərsəyə gəlib.
Nəşr Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci 5 yanvar tarixli Sərəncamının bütöv mətni ilə açılır.
Xalq yazıçısı Anarın "Nizami bizilmlədir, burdadır" başlıqlı yazısında, eləcə də Xalq yazıçısı Elçinin "Cism ilə ruhun vəhdəti" adlı araşdırma məqaləsində Nizami Gəncəvinin şəxsiyyətinə, yaradıcılığına və bəşəri ideyalarına işıq tutulur.
Akademik İsa Həbibbəylinin "Ədəbiyyat fatehi və əbədiyyətin fəthi", akademik Nizami Cəfərovun "Dahinin portreti" kimi yazılarında Nizami poeziyasının Şərq və Qərb ədəbiyyatının söz mülkünə çoxşaxəli təsirləri vurğulanır, öz dövrünün ictimai-siyasi təlatümləri fonunda təşəkkül tapan Nizami Gəncəvinin ədəbi portreti diqqətə çatdırılır.
Nömrənin redaktoru Azər Turan, nömrəyə məsul Elnarə Akimova, Nəsib Göyüşov, Eynulla Mədətli, Firudin Qurbansoy, Mayıl İsmayılov, İlham Abbasov, Mətanət Vahid, Seyfəddin Rzasoy, İmamverdi Həmidov, Mehdi Kazımov, Ataəmi Mirzəyev, Aygün Bağırlı və Yaqub Babayevin məqalələrində Nizami Gəncəvi yaradıcılığının məziyyətləri açılır, fəlsəfi fikir tarixinin formalaşmasında Nizami fenomeninin danılmaz rolundan geniş söhbət açılır.
"Dərgidə kitab" rubrikasında Nizami Gəncəvini qəzəllərindən örnəklər yer alıb. "Sərgi" rubrikasında isə şairin ilk təsviri sayılan Qəzənfər Xalıqovun "Nizaminin portreti" adlı məşhur rəsm əsəri yer alıb.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə hazırlanan Əfsələddin Ağalarovun “Diqqət! Xəbər var!” kitabı gənc jurnalistlər və jurnalist olmaq istəyən gənclər üçün nəzərədə tutulmuş bir nəşrdir, informasiya agentliklərinin fəaliyyətini özündə əxz edir. Araşdırma janrında hazırlanan kitab iki qardaş ölkənin dövlət xəbər agentliklərinin - Türkiyənin Anadolu və Azərbaycanın AzərTac
agentliklərinin informasiya siyasətini tarixi ardıcıllıqla, incəlikləri ilə, bu günün hadisələrinin təhlili ilə təqdim edir.
Nəşrin rəyçiləri dəyərli ziyallardır - professor Qulu Meherremli, professor Cahangir Məmmədli, professor Nəsir Əhmədli və Marmara Universitetinin dosenti doktor Levent Eldeniz.
Kitab “Mücrü” nəşriyyatında çıxıb.
Nəşr gənclər üçün ödənişsiz olaraq paylanacaq və onlarla keçirilən görüşlərdə təqdim ediləcək.

28 oktyabr – 3 noyabrın əsas hadisələr təqvimi


28 oktyabr. Bill Qeyts günü
Microsoft kompaniyasının yaradıcısı və sahibi olan Bill Uliyam oğlu Qeyts əlbəttə çox xoşbəxt adamdır ki, sağ ikən onun doğum gününü bütün dünyada qeyd edirlər. Düzdür, hazırkı koronavirus pandemiyası dövründə insanlar hər şeyə bais kimi İlon Mask və Bill Qeytsin adlarını çəkirlər, onları lənətləyirlər, bəşəriyyətin cəlladları ittihamını bu iki şəxsin əyninə biçiblər, amma hələ heç nə bəlli deyil, hər şey sirr və sehrə bürünüb, odur ki, biz də hadisələri qabaqlamadan gəlin Bill Qeyts gününü təqvimimizdən silməyə tələsməyək. Kompüter texnologiyalarının atası olan bu şəxs biotexnologiyalarla da məşğul olur, ən sevdiyi məşğuliyyəti mütaliədir, bir də qolf və bric oynamaq. Digər məşğuliyyətləri bir yana, amma kitaba olan sevgisi mənim gözümdə Bill Qeytsi çox ucaldıb. Onun ən çox sevdiyi kitablar barədə son paylaşımı da diqqətimi cəlb edib. O, Hans Roslinqin “Fastfulness” kitabı barədə bunları yazıb: “Bu kitab ilk nəşr olunduğu gündən bəri ən sevimli kitablarımdan biridir. Ötən il həyatını itirən professor dünyanın yaxşıya doğru dəyişən yönləri və inkişaf etməyə ehtiyacı olan tərəfləri kimi vacib həqiqətlər haqqında iz buraxan məlumatları çatdırarkən, unuda bilmədiyi bəzi hadisələri də qeyd etmişdir. Bu qeydlər dahi bir insan tərəfindən bizə miras qalmışdır və mənim həyatımda oxuduğum ən yaxşı kitablardan biridir.”
Bill Qeyts barədə onu da deyək ki, o, dünyanın ən böyük filantroplarından biri hesab olunur, qazancının böyük hissəsini uf da demədən xeyriyyə işlərinə sərf eləyir. Bu gün Bill müəllimin 66 yaşı tamam olur.


28 oktyabr. Ümumdünya cüdo günü
Beynəlxalq Cüdo Federasiyasının təşəbbüsü ilə 2010-cu ildən keçirilən bu əlamətdar günün Azərbaycanla bağlılığı çoxdur, belə ki, cüdo – idman ölkəsinə çevrilmək amacında olan Azərbaycan üçün nömrə bir idman növlərindəndir.
Cüdo (Cü - yumşaq, do - yol) yapon döyüş sənətidir. Ciqaro Kano adlı yapon mütəxəssis Ciu-citsudöyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaradıb. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. C. Kano Yaponiya Olimpiya Komitəsinin ilk prezidenti olub. O vaxtlar yaponların milli idman növü sayılan əlbəyaxa - silahsız döyüş növü ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdı. Lakin bu idman növü ilə məşqlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən, o, belə qənaətə gəlmişdi ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri çıxararaq yeni idman növünü yaratdı və ona "Cüdo" adını verdi. Yeni güləş növünün sirrləri isə Kanonun yaratdığı və dünyada ilk cüdo məktəbi olan "Kodokan"da öyrədilirdi. Kodokan ümumdünya cudo institutu olmaqla bu gün də dünyanın ən böyük cüdo mərkəzidir, yapon milli güləşini bütün dünyada təbliğ edən və yayan bir təşkilatdır.
Beynəlxalq Cüdo Federasiyası 1951-ci ildə, Avropa Cüdo Birliyi isə 1952-ci ildə yaradılıb. 1956-cı ildə Tokioda ilk dünya çempionatı keçirilib və 1958-ci ildə Parisdə təkrarlanıb. 1964-cü ildə Yay Olimpiya oyunlarına evsahibliyi edən yaponlar cüdonun Olimpiya oyunlarının proqramına daxil olunmasına nail olublar. 1992-ci ildə Barselonadakeçirilən Olimpiadada idmançımız Nazim Hüseynov cüdo üzrə ilk azərbaycanlı Olimpiya çempionu olub. Eyni uğuru 2008-ci ildə Pekin olimpiadasında Elnur Məmmədli təkrarlayıb.
Heyif ki bu günü bir neçə gün öncə korona qurbanı olaraq sıralarımızı tərk edən dəyərli dostumuz, ölkə cüdo federasiyasının rəsmisi Elnur Əşrəfoğlu görə bilmədi. Allah ona rəhmət eləsin!


28 oktyabr. Görkəmli Azərbaycan Sovet yazıçısı Mirzə İbrahimovun 110 illiyi
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabr ayının 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olmuşdur. 1918-ci ildə atası və qardaşı ilə birgə Bakıya gəlmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzv­lüyündən başlamışdır. Sürətli karyera inkişafı gözləyirmiş onu, artıq 1942-1946-cı illərdə o, Azərbaycan SSRİ Xalq Maarif Komissarı vəzifəsində çalışmışdır. 1945-ci ildə Azərbaycan EA təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri olmuş, eyni zamanda Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri (1946-1954), SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi (1965-1975), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri (1954-1958) vəzifələrində işləmişdir. M. İbrahimov 1970-1986-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi olmuşdur.
O, ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə müdirlik etmişdir. M. İbrahimov “Kəndçi qız” (1961), “Yaxşı adam” (1963), “Közərən ocaqlar” (1967) kimi pyesləri, “Gələcək gün”, “ Pərvanə” kimi romanları ilə məşhurlaşmışdır. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. Ədib 1941-ci ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi” fəxri adına, 1950-ci ildə SSRİ Dövlət mükafatına, 1961-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülmüş, 1965-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuş, 1979-cu ildə Beynəlxalq Nehru mükafatını almış, 1981-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına layiq görülmüş, 1989-cu ildə SSRİ Xalq deputatı seçilmiş, 3 dəfə “Lenin ordeni”, “Oktyabr inqilabı” ordeni və digər orden və medallarla təltif olunmuşdur. Müasir Azərbaycan gənclərinə isə yəqin ki, ədib daha çox “Böyük dayaq” filminə görə tanışdır. Onun yazdığı roman əsasında 1962-ci ildə çəkilmiş  film günü bu gün də teleekranlarımızdan əskik olmur, insanları düzlüyə, ədalətli olmağa çağırır.
Sosializm realizmi hazırda günümüzə yad olsa belə Mirzə İbrahimovun böyük yazıçı olmasını danmaq olmaz. O, 1993-cü il dekabr ayının 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Ruhu şad olsun!

28 oktyabr. Valentin günündə ayı
Bu gün yumşaq oyuncaqların və onları sevənlərin günüdür. Düşünməyin ki, söhbət yalnız uşaqlardan gedir. Valentin günündə oğlanlar sevdikləri qızlara nə bağışlayırlar? 100 ədəd qızılgül və yumşaq ayı oyuncağı. Yəni, əsas hədiyyələr bax bu ikisi olur.
Bu gün qardaş ukrain xalqı faşist işğalından azad olunmaqlarının ildönümünü qeyd edəcək. Honkonqda şərab və yemək festivalı keçiriləcək. Siz nə danışırsınız? Yəni mən ABŞ-ın adını çəkməyə bilərəmmi? Bu gün də ənənəvi olaraq ABŞ-da yeyib-içmək bayramı var, dünyanın ən güclü dövlətində milli şokolad günü qeyd ediləcək.

28 oktyabr. Beynəlxaql Karinyan günü
Dalağım sancdı. Elə bildim mənfur qonşularımıza aid nəsə bir əlamətdar günü təqvimə salıblar başbilənlər. Amma sən demə belə deyilmiş. Karinyan – texniki üzüm növüdür, qırmızı üzümdür, kütləvi şərab istehsalında istifadə edilir, Cənubi Fransada, Cənubi Kaliforniyada, Meksikada və Latın Amerikasında becərdilir. Çilidə və İsraildə isə karinyandan çox keyfiyyətli şərablar hazırlayırlar.
Mən sizi əmin edirəm ki, erməni iqtisadi coğrafiya dərsliklərində belə bir cümlə var: “Dünyanın ən geniş yayılmış üzüm sortu olan karinyan qədim erməni xalqının milli sərvətidir. Bu sərvət ilk dəfə eradan əvvəl Böyük Ermənistanda Artaşes Karinyan adlı bir zadəgan tərəfindən əkilib beçərdilmişdir...”

28 oktyabr. Məşhur kulturoloq-alim Fuad Məmmədovun 75 illiyi
Fuad Məmmədov adı heç kəsə heç nə demir? Gəlin bu şəxsi yaxından tanıyaq. Fuad Teyyub oğlu Məmmədov 1946-cı il oktyabr ayının 28-də Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, 1974-cü ildə Azərbaycan Tarix Muzeyinin “Bilik” Cəmiyyətinin sədri, sonra Elmlər Akademiyasının “Bilik” Cəmiyyətinin sədr müavini vəzifələrini daşıyıb. 1975-ci ildə tarix elmləri üzrə namizəd­lik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə beynəlxalq Amerika-Rus konfliktologiya məktəbini bitirib. 1990-2009-cu illərdə kulturologiya və idarəetmə mədəniyyəti sahəsində müxtəlif mövzularda 300-dən artıq respublika və beynəlxalq konfranslarına, interaktiv seminarlara, treninqlərə, dəyirmi masalara rəhbərlik edən bu şəxs televiziya və radiolarda, jurnal və qəzetlərdə daimi kulturoloji maarifləndirmə xarakterli çıxışlar edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında respublikada yeganə olan “İdarəçilik mədəniyyəti” innovativ kulturoloji kursun yaradıcısı da odur. O, ilk dəfə olaraq Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini kulturologiya elminə, universal kulturoloji təhlili isə (insan, ailə, cəmiyyət, dövlət və qlobal səviyyələrdə) idarəetmə elminə tədbiq edib.
Fuad Məmmədov “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyasının (2002), “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının və Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyasının (2004) akademiki, 1990-cı ilin aprel ayında yaradılan ilk çox­sahəli qeyri-hökumət təşkilatı “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir. Fuad Məmmədov həm də görkəmli pedaqoqdur. O, 1999-cu ildən Azərbay­can Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professorudur. 1999-cu ildə Avropa Şurasının mədəniyyət siyasəti üzrə eks­pertləri siyahısına daxil edilən, Amerikanın Bioqrafik İnstitutunun “Şərəf medalı” ilə, həmçinin bir çox ictimai fəxri adlarla və mükafatlarla təltif olunan böyük alimimizə “Yubileyin mübarək” deyirik.

29 oktyabr. Türkiyədə Cümhuriyyət günü
Canımız, qanımız olan Türkiyənin bu möhtəşəm bayramı hər bir azərbaycanlının da bayramıdır. 4 il çəkən müharibədən sonra 1923-cü ilin bugünkü günündə böyük Mustafa Kamal Atatürk imperialist qüvvələrin caynağından qopararaq Türkiyə Cumhuriyyətinin qurulmasını elan etmişdir. Türkiyə bu gün dünyanın söz deyən ölkələri sırasında əsas söz yiyələrindən hesab edilir, türkdilli xalqların, eləcə də müsəlmanların bir nömrəli lideridir, arxa və dayağıdır.
Avropalılar qədim Bizans imperiyası ərazisində təşəkkül tapmış müasir Türkiyəyə əvvəla turizm cənnəti kimi baxırlar, təsadüfi deyil ki, YUNESKO-nun ümumdünya irs siyahısına Türkiyənin 75 məkanı daxil edilib. Ən çox gəlinən yer də Bibliya şəhəri hesab edilən Efesdir. İkincisi, avropalılar Türkiyəyə həm də ticarət Məkkəsi kimi baxırlar. Necə də olmasa, 1455-ci ildə əsası qoyulmuş 4000 mağazadan və 66 küçədən ibarət Böyük bazar İstanbulda yerləşir axı. Üstəlik, avropalılar müəyyən şeylərə görə özlərini türklərə borclu da hesab edirlər. Niyə də etməsinlər. Hər bir avropalının səhəri bir fincan qəhvə içməklə başlamırmı? Bax Avropaya qəhvəni türklər gətiriblər. Çərəz süfrələrini bəzəyən gilası da türklər gətiriblər, kavalerlərin xanımlara təqdim etdikləri zanbaqları da.
Bu gün Türkiyədə idarə və müəssisələr saat 13-dən sonra işləməyəcək, rəsmi şəxslər, əlbəttə ki, sayın cumhurbaşqanı Ərdoğan çıxışlar edəcəklər, Ankaradakı Anıtqəbri on minlərlə insan ziyarət edəcək. Stadionlarda kütləvi bayram tədbirləri keçiriləcək, musiqi, rəqs, idman yarışları və hərbi parad bir-birinə qarışacaq. Bayramın mübarək, Türkiyəmiz!

29 oktyabr. Ümumdünya insultla mübarizə günü
World Stroke Day. Allah hamımızı belə bir bəladan qorusun. Ümumdünya Səhiyyə Təşkilatı bu gün diqqətləri bu xəstəliyə yönəldəcək, bəyan edəcək ki, artıq çəkisi olan, siqaret çəkən, az hərəkət edən, qeyri-sağlam qidalananlar risk qrupunu təşkil edirlər. Sən demə, bütün dünyada ən çox ölümlə nəticələnən xəstəliklər sırasında insult ikinci yerdə dayanır, şikəstliklə nəticələnən xəstəliklər sırasında isə bu bəla sayca üçüncü yerdədir. Eləcə də insult ağıldankəmlilik və depressiya üçün əsas səbəbkardır.
Yoxsul ölkələrdə insult sayı durmadan artır. Sosial problemlər, stress və depresiyalar, yaxşı qidalana bilməmək insanları sanki qaldırıb yerə çırpır, zədələyir, əzib-tökür. İnsult bu gün təkcə tibbi bəla deyil, o daha çox sosial problemdir. Odur ki, gərəkdir ki, ürəyinizi qoruyasınız. Necə? Məsələn, birini mən deyim, birini də siz deyərsiniz. Qubaya gedib oradakı “Shahdağ Guba & Truskavets Medikal Sanatorium”da ürək-damar xəstəliklərinə yol açan fəsadlardan – artıq çəkidən, şlaklardan, xolesterindən xilas ola, ümumi tonusunuzu, immunitetinizi yüksəldə, həm də füsünkar təbiətin qoynunda dincələ bilərsiniz. Fizioterapiya, haloterapiya, ozonoterapiya və daha neçə-neçə terapiyalardan, su və spa prosedurlarından sonra xəzəl olmuş yarpaqların üzəri ilə Qəçrəş meşəsində gəzmək, bol-bol oksigen udmaq heç bilirsiniz sizi neçə il cavanlaşdırar?

29 oktyabr. Tanınmış aktyor Ağaxan Salmanlının 70 illiyi
Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabr ayının 29-da Suraxanıda anadan olub. Orta məktəbi qurtardıqdan sonra bir müddət Suraxanı fəhlə gənclər dram dərnəyində təhsil alıb, 1959-1960-cı illərdə Filarmoniyanın nəzdindəki kukla teatrı truppasında aktyor işləyib. 1960-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub, Rza Təhmasibin kursunda təhsil alıb. 1964-cü ildə universiteti bitirdikdən sonra təyinatı Gənc Tamaşaçılar Teatrına verilib. Peşəkar səhnə fəaliyyətində onlarca bir-birindən gözəl, yaddaqalan obrazlar yaradıb o. Nə qədər pyesi də tamaşaya hazırlayıb.
Ağaxan Salmanlı düz 22 filmdə çəkilib, onun “Axırıncı aşırım”,“Arxadan vurulan zərbə”, “İstintaq davam edir” filmlərində yaratdığı obrazlar unudularmı, unudulmaz. Xüsusən SSRİ məkanında bir kinobum yaratmış “Qorxma, mən səninləyəm” filmində çəkilməsi aktyora böyük şöhrət gətirmişdi.
Aktyor 1979-cu ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2006-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatı ilə təltif olunub, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Ağaxan Salmanlı 2020-ci il fevral ayının 29-da vəfat edib, Suraxanı qəbristanlığında dəfn edilib. Ruhu şad olsun!

29 oktyabr. Ümumdünya balet günü
Həmən baleti sevmədik, baletə getmədik, mədəniyyət arenalarına gedişimiz ən yaxşı halda popkorn alıb moll sinemalarında bayağı yerli komediyalara baxmağımız oldu. Sivil dünyada isə balet sevilir, zövqlü insanların kübarlıq əyarları həm də balet tamaşalarını izləmələri ilə ölçülür. Ümumdünya balet gününün maraqlı bir yaranma tarixçəsi var. 2012-ci ildə Londonun Kral opera teatrı canlı efirdə Royal Ballet Live adı altında 9 saat sərasər balet nümayiş elədi, 200000 insan bu canlı yayımı izlədi, You Tube üzərindən isə 2,5 milyon insan ecazkar baletdən həzz aldılar. O gündən də qərara alındı ki, oktyabr ayının son həftəsində balet günü qeyd edilsin.

29 oktyabr. Pulitser mükafatı
Bu gün üçün çox maraqlı qeydetmə təyinatları var. Ərz eləyim, dinləyin. Onu deyim ki, bu gün sement günüdür. Qaradağ sement zavodunun rəhbərliyi bəlkə də bundan xəbərsizdir, oralara yolu düşənlər lütfən onları agah eləsinlər. Bu gün tərki dünyalıq günüdür. Onsuz da əksəriyyətimiz dünyada tərki-dünya kimi yaşayırıq, islananın yağışdan nə qorxusu, bu günü lazımi səviyyədə qeyd edərik. Koronasiya günü. Həyat hər kəsi layiq olduğundan az və ya çox, onsuz da təltif edir. Oğru dünyasının koronasiyası doğru dünyasına da şamil olunur. Bandana günü. Baş sarğısıdır bu. Plyajdakılar, motosikl sürənlər, rokerlər bandananı çox sevirlər, biləsiniz. Qonşumuz İranda bu gün Kir günüdür. Əhəmənilər imperiyasının qurucusu olan Kirin ad gününə İran toy-büsat qurur. Amerikada isə bu gün milli pişik günüdür. Amerikalı pişik yəqin bizim pişik kimi zavallı deyil, daha tox, daha harındır. Amma amerikalılar pişik günüylə kifayətlənərlərmi, kifayətlənməzlər. Onlarda bu gün yarma günüdür həm də, mətbəxlərdə südlü sıyıqlar bişiriləcək vurhavur.
110 il bundan əvvəl - 1911-ci ilin bu günündə amerikalı jurnalist Jozef Pulitser dünyadan köçüb. Bu o şəxsdir ki, Qərbdə ən nüfuzlu jurnalist mükafatı – Pulitser mükafatı onun adı ilə adlandırılır. 570 il bundan əvvəl – 1451-ci ilin bu günüdə isə Amerikanı kəşf etmiş ispan səyyahı Xristofor Kolumb dünyaya gəlib.

30 oktyabr. Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günü
1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum olunmuş siyasi məhbus Kronid Lyubarskinin təşəbbüsü ilə Mordoviya və Perm düşərgələrinin məhbusları “Beynəlxalq Siyasi Məhbuslar Günü”nü həbsxanada aclıq edərək siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd etməyə başlayıblar. Elə həmin gün Sergey Kovalyov Andrey Saxarovun evində mətbuat konfransı təşkil edərək həbsxanada keçirilmiş bu aksiya barədə məlumat verib, həbsxana düşərgəsindən bəzi sənədlər ictimailəşdirilib və siyasi məhbusların sözləri ictimaiyyətə çatdırılıb. Bir neçə aydan sonra bu mətbuat konfransının təşkili Kovalyovun ittihamnaməsinin tərkib hissələrindən birinə çevrilib. O vaxtdan bəri həmin tarix əvvəlcə sovet dissidentləri arasında, sonra isə ümumdünya miqyasında repressiya qurbanlarının xatirəsi günü kimi qeyd olunur.
Azərbaycan da keçmiş SSRİ dönəmində siyasi repressiyalardan öz nəsibini almış ölkələrdəndir. 1920-ci illərdən başlayıb 30 ildən artıq davam edən repressiya adlı qanlı terror dönəmi Azərbaycanda çox böyük miqyasda ziyalı təbəqəsinin məhvinə səbəb olub. Azərbaycanda repressiya nəticəsində öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur ki, bunların da 29 min nəfəri ziyalılar idi. Bu dəhşətli repressiya təkçə öldürülənlərlə yekunlaşmayıb. O qanlı illərdə Azərbaycan ərazisindən intellektual təbəqənin 100 mindən artıq nümayəndəsi - yazıçı və şairlər, mədəniyyət və incəsənət xadimləri, alimlər, pedaqoqlar, hərbçilər, din xadimləri, eləcə də repressiya nəticəsində öldürülmüş ziyalıların ailə üzvləri, qohumları Qazaxıstanın ilan mələyən çöllərinə, eləcə də ilik donduran soyuq Sibirə sürgün ediliblər. 1937-ci və 38-ci illərdə repressiya amansızlığı etibarilə pik nöqtəsinə çatmışdı. İnsanlar 15-20 dəqiqə çəkən qondarma məhkəmələrin “qərarı” ilə güllələnir, məhv edilirdi. Repressiya qurbanlarına tarixin sonrakı dönəmlərində “bəraətlər” verildi, bu, məhv edilmiş günahsız ömürləri, darmadağın olmuş məsum həyatları geri gətirməsə də, onların xələfləri üçün, bütövlükdə Azərbaycan xalqı üçün kiçik də olsa mənəvi təsəlli idi.

30 oktyabr. Frankenşteyn günü
Bu tanınmış bir obrazdır, Meri Şellinin “Frankenşteyn, yaxud müasir Promotey” romanının baş qəhrəmanı, müxtəlif kitabların, bu süjetə dramatik və kinematoqrafik adaptasiyaların personajı olan bu şəxs həyat ziddiyyətlərinin simvoludur. Peşəcə kimyaçı olan Frankenşteynin ilkin fikri insan cisminin gözəlliyini qaçırılmaz bir çirkinliyə məruz qoyan ölüm mövhumunu yer üzündən silmək olur. Bu fikri bir müddət sonra tamamilə yeni bir məxluq yaratma düşüncəsi əvəz edir. Qəti olaraq bu fikrə yiyələnən kimyaçı gecə saatlarında gizlincə qəbirləri eşərək müxtəlif insan qalıqlarını toplayır. Nəhayət iki illik bir fəaliyyətin bəhrəsini görmək üçün həvəslə planını həyata keçirməyə niyyətlənir. Topladığı insan qalıntılarını evin döşəməsinə düzərək əldə etdiyi qarışımla fikrindəki məxluqu yaratmaq üçün ilk addımı atır.
Düşüncələrində gözəl görünüşə malik və daim yaxşı işlərlə məşğul olacaq bir varlıq yaratmağı təxəyyül edən kimyaçı, realda ərsəyə gələn məxluqu görcək dəhşətə gələrək yaşayış yerini tərk edir və uzun müddət xəstə yatır. İnsanlara yaxınlaşma cəhdi daim uğursuzluqla nəticələnən həmin məxluq isə daxilində tədricən bütün insanlığa qarşı nifrət bəsləməyə və fürsət tapdıqca onlara zərər vurmağa başlayır. Nəticədə onu yaradan Frankenşteynin bütün sevdiklərini yox edəcəyinə and içir.
Frankenşteyn günü xeyirxah məqsədlərin bədxah məqsədlərə çevrilə biləcəyi barədə düşüncələrə varmaq, belə hallara yol verməmək məqsədi daşıyır.

30 oktyabr. Tannınmış rejissor Oqtay Babazadənin 80 illiyi
1968-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirsə də kinoya sevgisi Oqtay Babazadəni 1974-1979-cu illərdə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil almağa yönəltmişdir. O, hələ sovetlər dönəmində onlarla kinofilmlərin rejissoru olmuşdur. Rejissor Tofiq Bəhramov, Ələkbər Məmmədov kimi futbol, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Dmitri Şostakoviç, Mstislav Rostropoviç kimi incəsənət adamlarının obrazlarını lentdə və ekranda əbədiləşdirmişdir. Onun rejissorluq filmotekasına 150-dən çox bədii, musiqili, sənədli filmlər daxildir. O. Babazadənin çəkdiyi filmlər dəfələrlə müxtəlif beynəlxalq kinovideo festivallarında diplom və mükafatlara layiq görülmüşdür. “Hakim” filmi Tiflisdə “Qran-Pri” və “Yaradıcılıq axtarışlarına görə” priz və diploma, “Leyla və onun dostları” Moskvada keçirilən Beynəlxalq Gənclər forumunun kinofestivalında 2-ci dərəcəli prizə və diploma layiq görülmüşdür. Tammetrajlı “Toğrul” filmi 2011-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş birinci Televiziya filmləri festivalının “TEFİ” – “Birlik” diplomuna layiq görülmüşdir. Oqtay Babazadə 2000-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Təbrik edirik yubilyarı.

31 oktyabr. Ümumdünya Şəhərlər Günü
BMT-nin 68/239 saylı qətnaməsi ilə qeyd edilən bu gündə diqqət tarixilik və gözəllik baxımından seçilən şəhərlərə, amma həm də ucqarlarda diqqətdən kənarda qalan şəhərlərə cəm olunur. Şəhər anlayışının etimologiyası araşdırılır, maarifçilik işləri aparılır. Amma əsas məqsəd heç də bunlar deyil. Urbanizasiya, social-iqtisadi inkişaf faktorları da araşdırılır.  Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır, 2050-ci ildə proqnozlara görə bu rəqəm 68 faizə çatacaq. Urbanizasiya – BMT-nin həyəcan təbili döydüyü bir faktordur. Şəhərlərin böyüyüb bir ucdan meqapolislərə çevrilməsi həm hədsiz əhali sıxlığı yaradır, həm də təbii resursların israflı xərcinə, enerji resurslarının çatışmazlığına, iş yerləri və xəstəxana çarpayıları qıtlığına, avtomobil tıxaclarının intensivliyinə yol açır. Elə öz ölkəmizi götürək. Əhalimizin az qala yarısı Bakıdadır. Urbanizasiya problemləri Bakının simasında aşkar görünmürmü?
Builki Şəhərlər Günündə əsas mövzu iqlim dəyişikliyinə şəhərlərin adaptasiyası olacaq.

31 oktyabr. Avtomobilçi günü
SSRİ-də yaranan bu gün hazırda postsovet ölkələrində qeyd edilir. Avtomobilçi – yəni sürücü. Dünyada sürücülər qədər həmrəy peşə sahiblərinə rast gəlməzsən. Yolda DYP işçisi olanda sürücülər bir-birinə siqnal ötürürlər, yəqin rastınıza çıxıb. İlk dəfə uşaq ikən bu halı görəndə yer üzündə bunca insan həmrəyliyinə təəccüblənmişdim. Bir də, doğulduğum Sumqayıtda sinif yoldaşlarım Mahirlə Musagilin 4-cü mikrorayonda yaşadıqları bina “şoferlər domu”, yəni sürücülərin binası adlandırılırdı, binada yalnız sürücü ailələri yaşayırdı. O binanın sakinləri bir-biriləri ilə o qədər mehriban idilər, o qədər doğma idilər ki. Bu da daha bir sürücü həmrəyliyi sübutu.
Hər avtomobil sürən həvəskar avtomobilçi olmaz, avtomobilçi - ictimai nəqliyyatı idarə edən peşəkarlardır, gəlin onları təbrik edək!

31 oktyabr. Dünya Qənaət Günü
Yəhudilərdə belə bir deyim var, pul qazanmaqla deyil, pula qənaət etməklə varlı olmaq mümkündür. Sadə bir məsələ. Əlinin 100 manatı var. Vəlinin 1000 manatı. Əli 100 manatının 50-ni xərcləyir. Vəli 1000 manatının 990-nı. Sual: Əli varlıdır, yoxsa Vəli?
World Savings Day – Dünya Qənaət Gününün maraqlı bir yaranma tarixçəsi var. 1988-ci ilin 31 oktyabr günündə Milan şəhərində keçirilən 29 ölkə Əmanət kassaları nümayəndələrinin ilk Beynəlmiləl Konqresində qərara alınıb ki, hər ilin bu gününü Qənaət günü kimi qeyd etsinlər. Maliyyəçi mütəxəssislərin təbirincə, insanın ən böyük qənaəti qazancından müəyyən hissəni əmanət kassalarında, banklarda yatızdırıb etdiyi bu qənaətin müqabilində gəlir əldə etməsidir. Bu gün BMT-nin direktivləri ilə rəsmən təsdiqlənib. Amma təəssüf ki, kasıbların da öz qənaət ölçüləri var. Bu gün üç yox, iki çörək almaq, əti və kərə yağını rasiondan çıxarmaq, nəqliyyatdan istifadə etməyib piyada getmək, bir paltarı süzülüb çırılıncaya qədər geymək və s.
Və ən nəhayət, bu gün təkcə pula qənaəti özündə ehtiva eləmir. İnsanlığa öz gücünə, zamanına qənaət etmək də təlqin olunur. Qənaət limitindən də aşağıda duran pulumuza qənaət etməyimiz absurddur, gəlin barı vaxta qənaət edək, onu boşuna xərcləməyək. Tamammı?

31 oktyabr. Beynəlxalq Qara Dəniz Günü
Beynəlxalq Qara Dəniz Gününü bu dənizin sahillərində qərarlaşmış 6 ölkə - Türkiyə, Bolqarıstan, Rumıniya, Gürcüstan, Ukrayna və Rusiya qeyd edirlər. Bilmirəm, kim Qara dənizi görüb, həqiqətən də bu dənizin suyu qaramtıl rəngə çılır, özü də nədənsə bir qədər dərinliklərdə adamı hədsiz vahimələndirir. Amma Qara dəniz dünya miqyaslı kurortları ilə şox məşhurdur. Aralıq dənizindən sonra ikinci yerdə möhkəmcə qərarlaşıb. Bir baxın, Bolqarıstanın Qızılqum, Gürcüstanın Batumi, Ukraynanın Krım və Rusiyanın Soçi kurortları Qara dəniz boyunca düzülüb insanlara rahatlıq, dinclik, sağlamlıq bəxş edir, onların zövqünü oxşayır. Rumıniya kurortları bunlar qədər dünyaca məşhur olmasalar da, hər halda Mamaya bölgəsinə gələn xarici turistlər hər il sürətlə artır. Qardaş Türkiyə isə bütün kurortlarını Aralıq və Egey dənizi sahillərində yaratdığından Qara dəniz sahillərindəki Trabzon öz limanı, Rizə öz çayı, Samsunsa qədim tarixi abidələri ilə tanınır.
1996-cı ildən bu günü qeyd etməkdə məqsəd Qara dənizi çirklənmədən xilas etməkdir. Qara dəniz Kerç körfəzi ilə Azov dəniziylə, Bosfor boğazı ilə Mərmərə dənizi ilə (Türkiyədə olub da Bosforu görməyən tapılmaz), Dardanel boğazı ilə Egey və Aralıq dənizləriylə birləşir, Atlantik okeanın daxili hovuzu hesab edilir. Bura həmçinin Dunay, Dnepr, Dnestr, Rioni, İnquri, Buq, Sakarya kimi böyük çaylar da tökülür. Qara dənizdə 2,5 min balıq və heyvan növü yaşayır, 270 növ bitki aləmi nümunəsi vardır.
Bugünkü tədbirlər sırasında çirkli suların dənizə axıdılmasının, neft və mazut daşıyan tankerlərin üzməsinin və balıq ovunun bir günlük qarşısının alınması nəzərdə tutulur.
Nə olsun ki, biz Qara dənizə aid deyilik?  “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” mahnısını ki, bizim Azərin oxuyur?

31 oktyabr. Cadugərlər, forellər və böyük Fellini
Psixiki qüvvələrin artırılması günü. Lütfən, artırın öz psixiki qüvvələrinizi. Elmi ədəbiyyat oxuyun, maarifləndirici proqramlara baxın. Psixoloq ziyarətləri də pis olmaz. Sehir və cadu günü. Amanın günüdür, bu sayaq şeylərdən uzaq durun. Bu gün qış vaxtına keçid günüdür, amma biz Azərbaycan dövləti olaraq müstəqillikdən sonra bu məşğuliyyətdən vaz keçmişik. İngilislər bu gün Kornoullidə Allantid gününü qeyd edirlər. Qışın ilk gününün ərəfəsi hesab edilən bu gündə Kornoulli qrafliği böyük festival keçirir. İngiltərənin cənub-qərbində yerləşən bu bölgədə mifologiya çox güclüdür, miflərdə isə qış noyabr ayında qədəm qoyur. Ruslar bu gün həbsxana və SİZO işçiləri gününü qeyd edirlər. Deyilənə görə, dünyada ən qəddar aşağılamalar rus ordusunda və rus həbsxanalarındadır. Protestant kilsəli ölkələrdə bu gün Reformasiya günü qeyd edilir, özündə kilsə islahatlarına ehtiramı ehtiva edir. Men adasında Xop-tu-naa festival başlayır, bu bir kelt mədəni ənənələr festivalıdır. Norveçdə Rakfist festival başlayır. Rakfist forel balığının xüsusi fermentləşdirmə qaydası ilə hazırlanmasıdır ki, deyilənə görə, onu yeyən barmaqlarını yalayır. ABŞ-da? Karamelli alma günüdür.
Bəs 31 oktyabr hansı hadisələrlə tarixə düşüb? 1993-cü ildə dünyaşöhrətli, dahi italyan rejissoru, yazıçı Anarın qəhrəmanı demişkən, “Borokkodan rokokkoya keçmiş” Federiko Fellini dünyasını dəyişib. 1984-cü ildə məşhur hindistanlı qadın, ölkənin baş naziri İndira Qandi sinkxlər tərəfindən qətlə yetirilib. 1961-ci ildə Leninlə barəbər Qızıl meydandakı mavzoleydə uyuyan Stalinin nəşini “şəxsiyyətə pərəstiş” adı ilə oradan çıxarıblar. 1843-cü ildə Anri Rönye – məşhur fransız rəssamı dünyaya gəlib.

1 noyabr. Azərbaycançılıq məfkurəsini formalaşdıran “Füyuzat”ın 115 illiyi
Bizə tarix dərslərində “Füyuzat” mürtəce bir mətbu orqan kimi təqdim olunurdu, Sovetlər dağılanda başa düşdük ki, bütün təriflənənlər mənfi, bütün pislənənlər isə müsbət imiş. “Füyuzat” jurnalının ilk sayı 1906-cı il noyabr ayının 1-də çıxıb. Jurnal ictimai-siyasi xarakter daşıyırdı. “Füyuzat”  mənşəcə ərəb sözu olub, mənası həyat gerçəklərini duymaq, onlardan zövq almaq deməkdir. Maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə çap olunan jurnalın baş redaktoru Əli bəy Hüseynzadə idi. Burada dövrünün görkəmli ziyalılarından M.Hadinin, M.Ə.Sabirin, H.Cavidin, A.Şaiqin və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarak­terizə olunur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rəng­lə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mə­nəvi dəyərləri jurnalın redaktoru Əli bəy Hüseynzadənin müvafiq tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlı olub. “Füyuzat” jurnalı milli jurnalistika məktəbi olmaqdan əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynayıb. Çar Rusiyasının monarxizmi və müstəmləkəçiliyi əleyhinə mübarizə aparan füyuzatçılar başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə etmiş, Azər­baycanda demokratizmin qələbəsi­nə çalışmış, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə reformaların aparılmasını qarşılarına məqsəd qoymuşdular. Azərbaycan oxucuları ilk dəfə Tolstoy, Höte, Russo, Monteskyu kimi görkəmli simalar haqqında ətraf­lı və dəqiq məlumatı bu jurnaldan almışdılar. Ə.Hüseynzadənin hələ “Füyuzat”ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi “türklük, müsəlmanlıq və avropaçılıq” şüarı, mahiyyət etibarı ilə bu gün ictimai həyatımızda özünə yer tapan “azərbaycançılıq, müsəlmançılıq və müasirlik” doktrinasının yaranmasında mühüm rol oynamışdı.
Təsadüfi deyil ki, belə bir milli oyanış jurnalının uzun müddət çap edilməsi çar üsul-idarəsini razı sala bilməzdi. Bütün böyük işlər gec ya tez nadan basqısına qurban olur. 1907-ci ilin 1 noyabrına qədər duruş gətirən jurnalın həmin gün çıxan 32-ci sayı son sayı oldu. Həmin sayda "Pərdə eniyor" adlı son məqalə ilə jurnal öz oxucularına "əlvida!" dedi, üz qabığının arxasında verilmiş belə bir elanla mətbuat aləmini tərk etdi: “Füyuzat müvəqqəti olaraq bu gündən etibarən tətil edəcəkdir”. Zira bu “müvəqqəti” əbədi oldu.

1 noyabr. Beynəlxalq Veqan Günü
Olduqca maraqlı bir təqvim günüdür. Veqanlar - ən ciddi vegetarianlardır, onlar öz rasionlarından təkcə ət, quş  və balıq ətini çıxarmırlar, həm də canlı mənşəli bütün ərzaqlardan – yumurtadan, süddən, baldan və s.-dən belə imtina edirlər. Onlar dəridən, xəzdən, ipək və yundan olan paltarlar belə geymirlər. Vegetarianlıq qədim Hindistanda yarandığından bu gün dünya vegetarianlarının 70 faizindən çoxu hindusdur, həmçinin veqanların da böyük əksəriyyəti hindusdur. 87 ildir ki mövcud olan veqanlıq hərəkatına ayrıca təqvim günü həsr etmək, bilin ki,  insanlığı canlı təbiəti bunca çalıb-çapmamağa çağırışdır.

1 noyabr. Qranadada Beynəlxalq caz festivalının açılışı
10 gün davam edəcək bu festival kifayət qədər mötəbər sayılır, adətən 27 gün davam edən festivalın formatına pandemiya təbii ki, dəyişiklik edibdir. Burada daha çox etnik musiqi və caz-fyujn səsləndirilir. Müxtəlif illərdə Mayn Devis, Oskar Piterson, Xerbi Henkok, Dayana Kroll kimi ulduzlar festivalda iştirak ediblər. Teatrto İzabel la Katolika səhnəsində düzənlənən festivala maraq o qədər böyükdür ki, bir ay öncədən bütün biletlər satılmış olur, ona tək yerlilər deyil, əcnəbilər də gəlib baxırlar.
Deyirəm, görəsən bizim möhtəşəm cazmenlərimiz var, tək elə birini deyim, İsfar Sarabski, o, Qranadaya getsə öz virtuoz ifası ilə necə də alqışlar qazanardı, bəlkə hətta Qran-priyə də layiq görülərdi...
 
1 noyabr. Samxeyndən Ksinonavroya və Movembəyə qədər
Samxeyn günü. Məhsul yığımının qurtardığını bildirən kelt bayramıdır. Beynəlxalq Ksinonavro günü. Bu bir üzüm növüdür, ondan qırmızı süfrə şərabı istehsal olunur. Yunanıstanın simvollarından biri sayılır. Bütün müqəddəslərin günü. Bu günü katolik kilsəsi ölkələri qeyd edirlər. Şabalıd bayramı. Bu günü Qalisiyada – İspaniyada qeyd edirlər. Koreyada itlər günü, Yaponiyada özünümüdafiə qurbanları günü, Meksikada ölülər günüdür, Uelsdə Qalan Geaf günü – Helloin bayramını xatırladan bir bayram qeyd olunur. Ən maraqlı qeydetmə Avstraliyadadır – Movember günü. Bir aylıq mərasimin başlanğıcından kişilər bığ saxlayır, prostat və digər kişi xəstəliklərinin təhqiqi sahələrinə könüllü ianələr ödəyirlər.
ABŞ-da isə qızardılmış molyuska günüdür. Ardına qulaq asın. ABŞ-da həm də milli paştet günüdür. Davamı da var. ABŞ-da milli sirkə günüdür. Və hətta bu da bəs olmayıb, amerikalılar bu günə həm də ev heyvanları aşpazı gününü salıblar. Bəxtəvər o ev heyvanlarının başına ki, bizimkilər kimi artıq-urtuq yemirlər, xüsusi aşpaz hazırlayan dürlü qidalarla qidalanırlar.
O ki qaldı tarixi hadisələrə, 1991-ci ilin bu günündə Çeçenistan müstəqilliyini elan edib, 1955-ci ildə dünyaşöhrətli Amerika psixoloqu və kouçu Deyl Karnegi dünyaya əlvida deyib. 1955-də həm də SSRİ-də abortlara icazə verilib, 1950-ci ildə Amerika Basketbol Liqasında qaradərililərə iştiraka icazə veriblər, 1927-ci ildə Azərbaycanda da çoxlu azarkeşi olan Kiyevin “Dinamo”  futbol klubu yaranıb, 1800-cü ildə Con Adams Ağ Evdə məskunlaşan ilk ABŞ prezidenti olub. 1755-ci ildə dəhşətli zəlzələ Lissabon şəhərini tam dağıdıb, 32 min insan həlak olub, 100 mindən çoxu yaralanıb. 1604-cü ildə Londonun Uaytholl  Kral sarayının ziyafət zalında Şekspirin “Otello” faciəsinin premyerası keçirilib. 1512-ci ildə Mikellancelonun rəsmlərlə bəzədiyi Sikstin kapellasının açılışı olub.

2 noyabr. Jurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günü
Son on ildə 700-dən çox jurnalist cinayətin qurbanı olmuşdur. YUNESKO-nun Baş direktorunun məruzəsinə görə, 2006-2013-cü illərdə jurnalistlərə qarşı cinayətlərin cəmi 6 faizi (593 hal) təhqiqata cəlb edilmişdir. 171 iş üzrə (28 faiz) hələ də müxtəlif instansiyalarda təhqiqatlar dolaşıb qalmışdır, 384 cinayətin isə (68, 8 faiz) üstü sadəcə örtülmüşdür. Bu cür cəzasızlıq jurnalistlərə qarşı cinayətkarlıq hallarını daha geniş miqyasa çatdırmaqdadır. Yeri gəlmişkən, 2005-ci ilin martında güllələnən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli də bu qəbildəndir. 2013-cü ildə BMT Baş Assambleyası öz 68-ci sessiyasında 2 noyabrıJurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günü elan edəndə bu cəzasızlığa tez bir zamanda son qoyulmasına inamını da bildirmişdi.
Bəs niyə məhz 2 noyabr? Çünki 2013-cü ilin 2 noyabrında iki fransız jurnalisti Malidə öldürülmüşdü, yerli hakimiyyət isə hadisəni ört-basdır etməyə çalışırdı.

2 noyabr. Yeni əhatə dairəsi axtarışı günü
Dost və tanışlar səni qane etmirlər? Onda lütfən bu gün hər şeyə yenidən başla, dostları və tanışları dəyiş. Özünə yeni “kruq” tap. Əslində ilk baxışda bu çox çətin görünür. İllərlə fortmalaşan münasibətləri necə qırasan, başqasıyla təzədən necə münasibət qurasan? Azərbaycanda bir məsəl də var, hər şeyin təzəsi, dostun köhnəsi. Yəni, mental olaraq azərbaycanlılar bu cür gedişlərə hazır deyillər, bizdə ailəni, dost dairəsini dəyişmək istisna hallarda baş verir. Ona görə də 2 noyabrdakı bu təyinat necə olsa da bizə yad görünəcək.
 
2 noyabr. Musiqi xadimi Şəhla İbrahimovanın 60 illiyi
Tanıyaqmı bu musiqi xadimimizi? Şəhla İbrahim qızı İbrahimova 1961-ci il noyabr ayının 2-də Bakı şəhərində anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, Bakı Musiqi Akademiyasının aspirantura şöbəsində təhsil alıb. O, 1983-cü ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışır. 1997-ci ildən isə bu orkestrin baş konsertmeysteridir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının Kamera ansamblı və Simli alətlər kafedrasında işləyir. Hazırda Simli alətlər kafedrasının müdiri və professorudur. Şəhla İbrahimova Bakı Musiqi Akademiyasının Elmi Şurasının üzvüdür. O, “Orkestr repertuarı” adlı proqramın, “Skripka üçün orkestr çətinlikləri” adlı dərs vəsaitinin və bir sıra elmi-metodiki vəsaitlərin müəllifidir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Respublikanın “Əməkdar artisti”, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. Təbrik edirik Şəhla xanımı!

2 noyabr. Koronasiya və ölülər günü
Bu gün şimal qonşumuz İmperator kəlməsini gen-bol işlədəcək. 1721-ci ildə Senat 1-ci Pyotra imperator titulu verib. 1884-cü ildə də imperator 2-ci Nikolay taxta çıxıb.
İrlandiyada Bernard Şounun – dramaturq, publisist, Nobel mükafatı laureatının anım günüdür, kişi 1950-ci ildə haqq dünyasına gedib.
Bu gün əfsanəvi Selassienin koronasiyası günüdür deyə həm Qvatemala, həm Honduras, həm Salvador – üç Mərkəzi Amerika ölkəsi, həm də Boliviya – Cənubi Amerika ölkəsi ölülər gününü qeyd edəcəklər. Şimali Amerika ölkəsi olan Meksikada isə bu gün İkinci ölülər günüdür, çünki birincisi noyabrın 1-nə təsadüf edirdi. Gözünə döndüyüm əsas Amerika ölkəsində - ABŞ-da isə ölü-filan söhbəti yoxdur, növbəti Milli mətbəx bayramıdır, içi marinə edilmiş tərəvəzlə doldurulmuş yumurta günüdür.

3 noyabr. Ümumdünya hüquqşunaslara xoş münasibət günüdür
Xahiş edirik, bu gün hamı qaydalara əməl eləsin, hüquqşünaslara xoş münasibət göstərsin. Düzdür, onların sayı normadan xeyli çoxdur, belə ki, Sovetin dönəmində hüquqşunas yetişdirən bircə ocaq var idi, yurfak. BDU-nun hüquq fakültəsi yəni. İndi əksər universitetlər, özəllərin isə demək olar, hamısı bir ucdan konveyerdən hüquqşunas istehsal eləyir, hələ Rusiyanın (Dağıstanın), Ukraynanın, Türkiyənin distant təhsilli universitetlərindən ölkəmizə axın edən hüquqşunas diplomlarını demirəm. Nə etmək olar, olanımız budur, American Lawyers Public Image Association təsisatının təşəbbüsü ilə qeyd edilən bu gündə hüquqşunasların xətrinə dəyə bilmərik.

3 noyabr. Müstəqillik və ayrılıq günü
Bu günü Panama dövləti keçirir. Təzadlı bir gündür. 1903-cü ildə Panama Kolumbiyadan ayrılaraq müstəqil olub. Hər ilin 3 noyabrında panamalılar küçələrə axışır, təmtəraqla bu bayramı qeyd edirlər. Bayraqlarla, transporantlarla, musiqiylə, gül-çiçəklə küçələr boyu irəliləyir, şüarlar səsləndirirlər. Amma hər kəsin bir gözü gülür, biri ağlayır. Müstəqilliyə sevinsələr də panamalılar Kolumbiyadan ayrıldıqlarına üzülürlər. Bu cəhətdən, Panama dünyada yeganə dövlətdir ki, müstəqillik gününün yanına ayrılma sözünü də əlavə edərək yaslı bayram keçirir.
Panamanın qeyri-adilikləri çoxdur. Məsələn, dünyada yeganə yerdir ki, burada iki okeanı görmək mümkündür, Sakit Okeanda günəşi qarşıla, otur maşına, cəmi 80 kilometrdən sonra Atlantik okeanına yetişəcəksən. Burda həmişə isti olur, qasırğa və tufanlar əsla olmur. Panamanın paytaxtı olan Panama şəhəri dünyada yeganə şəhərdir ki, tropik meşə şəhər ərazisinə düşür. Panama flora və fauna müxtəlifliyinə görə də dünyada liderlik mövqeyindədir. Bura 10000 müxtəlif bitkinin evidir, təkcə orxideyanın burada 1400 növü vardır. 1500 müxtəlif ağacın olması Panama təbiətinə xüsusi status verir. 976 cür quş yaşayır burda, digər Amerika ölkələrində cəm halda bu qədər quş növünə rast gəlinmir. Və bir də, Panama – dünyada ərazisinin plyaj sahəsinin nisbətinə görə də lider dövlətdir. Burada plyajların uzunluğu 2490 kilometrə çatır.
Panama – yəni başa qoyulan o qəribə papaq dövlətin adında yer alsa da, əslində panamanı Panamada yox, Ekvadorda kəşf ediblər. Və ən qəribəsi - Panamanın büdcəsini dolduran əsas mənbə bilirsiniz nədir? Panama kanalından keçən əcnəbi gəmilərdən alınan rüsumlar. Məsələn, burdan keçən Norveç kruiz layneri 376 min dollar rüsum ödəyib. Bu rüsumlar üst-üstə dövlət idarə və müəssisələrində əmək haqlarını, sosial xərcləri təmin edir. Bu cəhətdən, zəngin təbii sərvətləri ilə bu sayaq xərcləri ödəməkdə aciz olan dövlətlər Panamadan nümunə götürə bilərlər.

3 noyabr. Laykaya ithafı pisləməli, Bestujev-Marlinskini sevməli
Yaponlar Bunka-no-xi günü keçirirlər, bu günün bir adı da mədəniyyət günüdür. Oğulsan, Bunka-no-xi günündə teatr, konsert salonlarına, kinoteatra, muzeyə getmə, yaxud kitab oxuma. İctimai qınaq filan olan deyil, yox. Yaponlar heç nədən, heç kimdən çəkinməzlər. Amma qanunlardan çəkinərlər. Odur ki, orda hamı qanunlara riayət edir, bu günkü gündə mədəniyyətə sığınmaq da ənənə şəklini alıb artıq.
Dubaya gedib-gəlməyi sevən həmyerlilərimiz, bu gün orda bayraq günü qeyd ediləcək, biləsiniz. Amerikada isə milli sendviç günüdür. Dünyada ən çox fəst-fudu amerikalılar yeyir, özəl günlərdə bu fəst-fudyemə iki dəfə intensiv hal alır. Bir indi təsəvvür edin, bu gün nə qədər sendviç satılacaq orada.
1992-ci ildə Bill Klinton ABŞ prezidenti seçilib, 1988-ci ildə SSRİ-də ivrit dilinin məktəblərdə keçilməsi qadağası aradan götürülüb, 1943-cü ildə Lyublyanada almanlar 17 min polyakı və yəhudini güllələyiblər. 1918-ci ildə Avstriya və Macarıstan bir-birindən ayrılıb. 1905-ci ildə Rusiya İmperiyasında ilk dəfə olaraq Finlandiya muxtariyyat alıb. 1900-cü ildə alman biznesmeni, “Adidas” firmasının qurucusu Dassler Adolf doğulub. 1888-ci ildə Cek Potreşitel sonuncu qətlini həyata keçirib. 1493-cü ildə Kolumb Dominikanı kəşf edib.
3 noyabrda doğulan digər məşhurlardan Mark Tvenin, Samuel Marşakın, Gerd Müllerin, Lotu Hikmətin, hətta Araz Əlizadənin adlarını çəkə bilərəm. O cümlədən də Bestujev-Marlinskinin. Çar tərəfindən Qafqaza sürgün edilən bu rus ədibi Azərbaycan sevdalısı olub, dilimizi öyrənib, Azərbaycanı vəsf edən əsərlər yazıb, xalqımızın çarizm əleyhinə milli azadlıq mübarizəsinə töhfə verib. Beləsinə heykəl qoymaq da azdır. (Amma biz Şaumyanlara, Kirovlara heykəl qoymuşuq təəssüf ki).
3 noyabra təsadüf edən tarixi hadisələrdən biri də var, 1957-ci ildə SSRİ kosmosa Sputnik süni peykini buraxıb, içində də Layka adlı bir it olub. Yadınızdadırsa, bir Azərbaycan Sovet şairi buna dillər əzbəri olan şeir də yazmışdı:
Layka uçur göyə, eyləyir ham-ham. Mən də baxıb ona alıram ilham.
Bəli, o vaxt belə idi, kommunist ideologiyası cəmiyyətdə dominantlıq təşkil edirdi, mədhiyyəçiliyin həddi-hüdudu yox idi. O vaxt bunlar məcburi idi əlbəttə. Bax indi zorən nəyisə təbliğ etmək heç kəsdən tələb olunmur, amma köhnə fikirlə yaşayanlar hələ də az deyil. Bu yaxınlarda prezident bir pişiyin başını sığallamışdı deyə həmin pişiyə azmı şeir ithaf edənlər oldu?

Cümə axşamı, 28 Oktyabr 2021 12:07

Akademik Musiqili Teatrın kollektivi ilə görüş

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi ilə görüşüb.
AzərTAC xəbər verir ki, 8 Noyabr – Zəfər bayramı münasibətilə çoxsaylı kollektivin qarşısında duran mühüm vəzifələrdən, 44 günlük qələbə soraqlı döyüşlərin qəhrəmanları – ölməz şəhidlərimizin, qazilərimizin qəhrəmanlıq salnaməsindən, Müzəffər Ali Baş Komandanımızın tarixi şücaətindən sənət adamlarına ətraflı danışan nazir müavini “yenilməz xalqın qüdrətli də mədəniyyəti olmalıdır” fikrini önə gətirərək son vaxtlar Mədəniyyət Nazirliyinin gördüyü işlər barədə məlumat verib.
Elnur Əliyev ölkə Prezidentinin Sərəncamı ilə tarixə çevrilən “Nizami Gəncəvi İli”nin ölkəmizdə və onun hüdudlarından çox uzaqlarda belə qeyd olunmasının vətənimiz üçün nə qədər əhəmiyyətli bir hadisə olduğu barədə söhbət açıb. Teatr cameəsinin pandemiya dövründən sonrakı fəaliyyətinin nə qədər məsuliyyətli bir zamana gəlib çatdığını vurğulayan E.Əliyev iki ilə yaxın bir müddətdə teatrdan ayrı düşən tamaşaçıların yenidən teatrlara cəlb edilməsi, repertuar siyasətində tarixi Qələbəmizə həsr olunmuş əsərlərin, xalqı düşündürən, onları narahat edən, günümüz üçün aktual olan mövzuların daha geniş miqyasda yer alacağının vacibliyi barədə danışıb.
Tarixi qələbəmizdən bəhs edən əsərlərin istər ölkə daxilində, istərsə də xaricdə təqdim olunması məsələsi də müzakirə olunub. Görüşdə çıxış edən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, Xalq artistiləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artist Əkbər Əlizadə müzakirə olunan məsələlər barədə öz fikirlərini bildiriblər.
Nazir müavini, eyni zamanda, teatrın xor, balet truppalarının, orkestr heyətinin, eləcə də aktyorların ifasında Zəfər Gününə həsr olunmuş rejissor Samir Qulamovun quruluşunda “Bir nəfəs qədər” tamaşasının məşqlərini izləyib, sənət adamları ilə ətraflı səmimi söhbətlər aparıb. Nazir müavini teatrın texniki - istehsalat sahəsi, ayrı-ayrı sexlərin fəaliyyəti ilə də tanış olub.

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyaya səfəri davam edir.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, səfər çərçivəsində Anar Kərimov Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radmanla görüşüb. Görüşdə, həmçinin, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Xorvatiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov iştirak ediblər.
Dəvət üçün nazir Qordan Qrliç Radmana təşəkkürünü bildirən Anar Kərimov ikitətərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Tərəflər energetika və İT sahəsində əməkdaşlığın genişləndirilməsinə dair həyata keçiriləcək bir sıra layihələrdən də söz açıblar. Turizm, mədəniyyət, gənclər və idman eləcə də  digər sahələr üzrə birgə həyata keçiriləcək tərəfdaşlığın istiqamətlərindən danışıblar.
Həmçinin Azərbaycanla Xorvatiya əməkdaşlıq perspektivlərinə və Komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Xorvatiyanın dəstəyindən söz açan Anar Kərimov bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını bildirib. O cümlədən strateji əməkdaşlıq mövzusunda müzakirə baş tutub.
Anar Kərimov həmkarını "Mədəniyyət naminə sülh" ("Peace4Culture") qlobal kampaniyası ilə bağlı çağırışa qoşulmağa dəvət edib.
Görüş hər iki tərəfi maraqlandıran digər mühüm mövzuların da müzakirəsi ilə davam edib.

Xəbər verdiyimiz kimi, oktyabrın 27-də Bakıda İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İCYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb.
Sammitdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edir.
Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti oktyabrın 28-də müxtəlif mövzular üzrə işini davam etdirəcək. Mədəniyyət Nazirliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış” və “Gələcək sərmayələrdə mədəniyyət müstəvisi” mövzularında panel iclaslar keçiriləcək.
27-29 oktyabr 2021-ci il tarixlərini əhatə edəcək sammitin məqsədi gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti yaratmaqdır. Sammit çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı təşkil ediləcək, 50-yə yaxın startapın təqdim olunacağı sərgi keçiriləcək. Startap layihələri qida, kənd təsərrüfatı, “yaşıl iqtisadiyyat”, maliyyə texnologiyaları, oyun və onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və digər sahələri əhatə edəcək.
Sammit çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, startaplar üçün xüsusi proqram, mədəni və digər tədbirlər nəzərdə tutulub.

 

Bu son günlərdə ən çox oxunan xəbər kimi reytinq birincisi olan xəbəri diqqətinizə çatdırırıq. Boeing və Sierra Space şirkətləri ilə əməkdaşlıq edən Ceff Bezosa məxsus Blue Origin şirkəti "Orbital Rif" adlı kommersiya orbital stansiyası qurmaq niyyətindədir. Yaradıcıların fikrincə, bu, tarixdə ilk kosmik biznes parkı olacaq ki, bu da öz sahələrini pul müqabilində icarəyə verəcəkdir. Stansiyanı yaxın on ilin sonuna qədər, yəni 2030-cu ildən gec olmayaraq açmaq istəyirlər.

 

“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən məlumat veriri ki, orbital stansiyada on nəfərə qədər insanın yerləşdirilməsi planlaşdırılır. Şirkət deyir ki," Orbital rif"dən  çəkisizlik şəraitində kino çəkilişlərində istifadə etmək mümkün olacaq. Turistlər üçün "Kosmik Otel"in yaradılması da planlaşdırılır.

 

"Orbital rifdə" hamı üçün yer tapılacaq", - deyə bazar ertəsi axşam şirkətin yaydığı bəyanatda bildirilir. Ondan böyük təcrübəyə malik kosmik agentliklər, Yüksək Texnologiyalar konsorsiumları, kosmik proqramları olmayan dövlətlər, kütləvi media nümayəndələri, gələcək sərmayədarlar, biznesmenlər, ixtiraçılar, turizm şirkətləri və əlbəttə ki, kinokompaniyalar istifadə edə biləcəklər”.

 

"Rif "in artıq" Tvitter" də hesabı var və orada cəmi iki tvit var. Layihənin rəsmi saytı da yaradılıb.

 

Stansiyanın ümumi planlaşdırılan sahəsi təxminən 3000 kvadrat metrdir. Bazar ertəsi keçirilən mətbuat konfransında Blue Origin və Sierra Space nümayəndələri stansiyanın təxmini dəyərini bildirməkdən imtina ediblər. Bununla belə, təxminlər etmək mümkündür. Belə ki, Ceff Bezos əvvəllər turistləri kosmosa aparan Blue Origin-ə sərmayə qoymağı öhdəsinə götürmüşdü, bu da ən azı bir ildə minimum bir milyard dollar edirdi. Demək, “Orbital rif”in qiyməti bundan xeyli baha olacaq.

 

 

 

Şəkildə: Blue Origin yeni stansiyanın necə olacağını bu cür təsvir edir.

 

 

Çərşənbə, 27 Oktyabr 2021 12:33

Ramina Saadatxan:

“Azad olmaq üçün yarananlar”

Çərşənbə, 27 Oktyabr 2021 12:32

Sevgi hər şeyə qadirdir.

Yaponiyanın şahzadəsi Mako heç kəsin gözləmədiyi halda Key Kamiro adlı sadə bir vətəndaşa ərə gedib. Onlar tələbə yoldaşıdırlar. Yaponiya imperatorluğu ənənələrinə görə sadə adama ərə getməklə Mako imperator ailəsinin üzvü olmaq statusundan məhrum olub.

Foto by Getty İmages

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.