Qazan xanın sudan, ağacdan, itdən, qurddan ala bilmədiyi cavabları alan Əsəd Cahangir



Ədəbiyyat və incəsənət portalı “TOP 5” rubrikasında bu günlərdə 55 yaşını qeyd etmiş Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, təniqdçi Əsəd Cahangirin Azvision.az saytına verdiyi müsahibəsinə üz tutur:
1.
“55 il ömrüm gedib. Əvəzində oxucu diqqəti, paxılların məzəmməti və bir neçə kitab qazanmışam. Ən böyük qazancım Tanrıya inamımdır. Həyat bir məktəbdir və burda əsas məsələ ruhun mümkün qədər çoxlu bilgi toplamasdır. Bilgi toplamaq isə əzablı prosesdir. Uşaqlar həmişə dərsin bitməsini həsrətlə gözləyir, bəzən dərsdən qaçırlar. Həyat məktəbində isə heç yerə qaçmaq olmur, çünki burda hər yer məktəbdir, hətta dərsdən qaçmağın özü də bir dərsdir”
2.
“Görürəm ki, çox az adama müyəssər olan məsələlərdən agah olmuş, Qazan xanın sudan, ağacdan, itdən, qurddan ala bilmədiyi cavabları almışam. Nəsimi, Füzuli heç kəsə etibar etmədikləri sirlərini mənə açıblar. Sabir Əhmədli kimi ustad yazıçı ədəbiyyata gəlişimə xeyir-dua verib. Muğanna kimi dahi, “Sənin məhəbbətin məni yaşadır”, - deyib. Elçin kimi, Afaq Məsud, Ramiz Rövşən kimi fenomenal istedadlar məni yüksək dəyərləndirir, Anar kimi, Çingiz Abdullayev kimi dünya çapında olan şəxslərlə iyirmi ildən artıqdır iki, bir binada işləyirəm. On minlərlə oxucu yazılarımı oxuyur və bəyənir. Bütün bunlar göstərir ki, o qədər də pis şagird deyiləm”.
3.
“Bir an belə Allahın ədalətinə şübhə etməmişəm. Ən kritik anlarda onun varlığını hiss etmişəm. Heç vaxt ona qarşı hər hansı sualım olmayıb. Sual vermək lazımdırsa, özümə vermişəm. Baş verənlərdə bütün məsuliyyəti Allahın üstünə yıxmağın tərəfdarı deyiləm. Mən reinkarnasiyaya inanıram. Yəni gələcək həyatımızı bugünkü davranışımızla özümüz seçirik. Bu seçimə, Allah, sadəcə, dərkənar qoyur”
4.
“Özümü həm də bədxahlarıma borclu sayıram. Onlar bütöv bir tipajlar qalereyası, Haqverdiyevin diliylə desəm, “mənim marallarım”dır. Məni evlərinə qonaq çağırıb, səsimi gizlicə telefona yazanlar, haqqımda ali instansiyalara heç bir əsas olmadan şikayət edənlər, ən xırda uğurumu görüb yuxusu qarışanlar, məndən tərifli yazı umub, buna nail ola bilməyəndə əleyhimə böhtan, şantaj xarakterli yazılar yazan və yazdıranlar, şəxsi əlaqədə olduqları adamları yuxarı başa keçirmək üçün məndən donos çatdıranlar... Sağ olsunlar, məni daim öz üzərimdə işləməyə vadar edib, arxayınlaşmağa qoymayıblar.
5
Özümə arzularım: Can sağlığı, ilhamlı yaradıcılıq, yeni idrak üfüqləri. Bir də istəyərdim ki, “Porshe” maşınım olsun. Anar müəllim söz verib ki, gələn ildən maaşını artıracam. Benzin pulu problem olmaz yəqin”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.