Tbilisidə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb


Gürcüstanda rəsmi səfərdə olan mədəniyyət nazirimiz Anar Kərimov yeni bir tədbirə qatılıb, yeni bir açılışa səbəb olub. Mədəniyyət Nazirliyinin məlumatına görə bu gün Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindəki rəsm qalereyasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb. Sərgidə N.Gəncəviyə həsr olunmuş miniatür və rəsm əsərləri nümayiş etdirilir,
Azərbaycan və Gürcüstan rəssamları öz əsərlərini təqdim edirlər.
Sərgini Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla yanaşı, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri də izləyiblər.
Nazirimiz tədbirdə çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib.
O, qonşu Gürcüstanda bu cür sərgilərin açılmasının mədəni əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.
Gürcüstan mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze isə dahi söz ustadı Nizami Gəncəviyə həsr olunmuş sərginin açılışını yüksək qiymətləndirib. Bildirib ki, N.Gəncəvinin əsərlərinə Gürcüstanda da böyük maraq var. Onun gözəl şeirləri, fəlsəfi fikirləri bu gündə sevilir və gələcək nəsillər üçün elm mənbəyi olacaq.
Sərgidə, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elan etdiyi rəsm müsabiqəsinin qaliblərinə və fərqlənən gənc rəssamlara diplom və hədiyyələr təqdim olunub.
Ölməz Nizaminin dünyada bax bu cür geniş təbliği mədəniyyət siyasətimizin  başlıca məqsədlərindən biri olmalıdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.