Sumqayıt ölkə memarlığında ilkə imza atır Featured


Erməni separatçılarının cinayətləri ölkəmizi başdan-başa Şəhidlər Xiyabanına bürüyüb. Belə xiyabanlardan biri də Sumqayıt Şəhidlər Xiyabanıdır. 1992-ci ildə yaradılan, 510 şəhidimizin uyuduğu bu məkan 10 min kvadrat metr ərazini tutur.
Quruculuq və abadlıq işlərində daim öndə olan, fərqlənən gənclər şəhəri daha bir ilkə imza atır. Belə ki, Sumqayıtın Şəhidlər Xiyabanında təmir, bərpa və yenidənqurma işlərinə başlanılıb, bu işlər ona hesablanıb ki, ölkədə ilk olaraq Sumqayıtda şəhidlərimizin məzarları yerləşən ərazi qüssə, kədər gətirən anım məkanı yox, qürur gətirən zəfər məkanı olsun.
“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, Sumqayıt Şəhidlər Xiyabanı tam olaraq öz simasını dəyişəcək, döşəmə daşları büsbütün dəyşdirilməklə, yaşıl ərazinin bitki örtüyü tam yenilənməklə xiyabanın girişində ağır konstruksiyalı müxtəlif atributlardan, fiqurlardan ibarət kompozisiya qurulacaq. Orta hissədə daim vətənin müdafiəsinə hazır olmanın gərəkliyini göstərən əsgər heykəli qoyulacaq. Bu heykəl şəhidlərimizin ümumi obrazını yaradacaq. Minadan gül, mərmidən yer kürəsi formatlı kompozisiya da inşa olunacaq. Bunlarla yanaşı, xiyabanda hündürlüyü 30 metrə çatacaq bayraq dirəyi ucaldılacaq. Xiyabanın sağ və sol hissələrində müxtəlif atributların, fiqurların quraşdırılması da nəzərdə tutulur.
Sumqayıt şəhərinin baş memarı Cahid Həsənov əməkdaşımıza söyləmişdir:
-Yeni layihə forma və ideya etibarı ilə  yeni şəhərsalma və memarlıq layihəsidir. Sumqayıt Şəhidlər Xiyabanı ənənəvi soyqırım, naməlum əsgər, şəhidlər məzarlığı statusundan zəfər və qəhrəmanlıq kompleksi statusuna gətiriləcək. Bütün artibutlar - fiqurlar, kompozisiyalar, heykəl, yaşıllıq zolağı, döşəmə - hamısı tam bir vəhdət təşkil edəcək, park və xiyaban statusundan daha yüksək bir status yaradılacaq. Ən əsası - bura Sovetlər dönəmindən qalmış ildə bir dəfə - ildönümlərində baş çəkiləcək bir məkandan hər gün gediləcək kütləvi gəzinti yerinə çevriləcək.

Şəkillərdə: Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovu və başçının müavini Gündüz Əliyevi şəhərin baş memarı Cahid Həsənov Şəhidlər Xiyabanının yeni layihəsi ilə tanış edir; Xiyabanın yenidənqurma maketi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.