Mirzə Cəlilin Tbilisidəki ev-muzeyi yenidən qurulacaq.


Xəbər verdiyimiz kimi Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstanda rəsmi səfərdədir.  Nazir səfər çərçivəsində
Tbilisidə görkəmli azərbaycan ədibi Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət edib.
Nazir muzeyin hazırkı vəziyyəti ilə tanış olub, azərbaycanlı ictimaiyyət nümayəndələri ilə görüşüb söhbətləşib.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov nazirə məlumat verərək deyib: “Bu muzey 1998-ci ildən fəaliyyət göstərir. Muzeyin yerləşdiyi ikimərtəbəli binada 10 ailə yaşayır.
Yerli ekspertlərin rəyinə əsasən, bina üçüncü dərəcəli qəzalı vəziyyətdədir. Tbilisi meriyası binanın divarlarının möhkəmləndirilməsinə tələb olunan vəsaitin 95 faizini öz üzərinə götürməyə hazırdır.”
Anar Kərimov deyib ki, muzeyin bərpası, eksponatların yenilənməsi məsələsi diqqət mərkəzində saxlanılacaq, interyerin tərtibatına azərbaycanlı mütəxəssislər də cəlb oluna bilər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, muzey özünün ilkin vəziyyətinə uyğun bərpa olunmalıdır. O, binada möhkəmləndirmə işlərinin sürətləndirilməsi üçün Tbilisi meriyası ilə danışıqlar aparılacağını qeyd edib.
Uzun illərdən sonra, deyəsən, Mirzə Cəlilin ruhu dincələcək, inşallah.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.