Super User
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Qarabağ” milli geyim kolleksiyası təqdim ediləcək
Türk dünyasının zəngin irsinin beynəlxalq aləmdə təbliği istiqamətində müxtəlif tədbirlər, layihələr həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkil etdiyi tədbirlərdən biri də “Qarabağ” milli geyim kolleksiyasına həsr ediləcək. Oktyabrın 29-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Qarabağ bölgəsinə xas olan geyim nümunələrindən “Qarabağ” milli geyim kolleksiyasının təqdimatı keçiriləcək.
Türk Mədəniyyəti və İrsi Fondundan AzərTACa bildirilib ki, kolleksiyanın tarixi Zəfər günlərində təqdim edilməsində məqsəd Azərbaycanın, ümumilikdə bütün türk dünyasının ayrılmaz parçası olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha geniş auditoriya ilə tanış etdirməkdir.
Mərasimdə rəsmilər, Azərbaycanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Tədbir pandemiya şəraitinə uyğun olaraq keçiriləcək.
Tanınmış aktyor Ağaxan Salmanlının 70 illiyidir
Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabr ayının 29-da Suraxanıda anadan olub. Orta məktəbi qurtardıqdan sonra bir müddət Suraxanı fəhlə gənclər dram dərnəyində təhsil alıb, 1959-1960-cı illərdə Filarmoniyanın nəzdindəki kukla teatrı truppasında aktyor işləyib. 1960-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub, Rza Təhmasibin kursunda təhsil alıb. 1964-cü ildə universiteti bitirdikdən sonra təyinatı Gənc Tamaşaçılar Teatrına verilib. Peşəkar səhnə fəaliyyətində onlarca bir-birindən gözəl, yaddaqalan obrazlar yaradıb o. Nə qədər pyesi də tamaşaya hazırlayıb.
Ağaxan Salmanlı düz 22 filmdə çəkilib, onun “Axırıncı aşırım”,“Arxadan vurulan zərbə”, “İstintaq davam edir” filmlərində yaratdığı obrazlar unudularmı, unudulmaz. Xüsusən SSRİ məkanında bir kinobum yaratmış “Qorxma, mən səninləyəm” filmində çəkilməsi aktyora böyük şöhrət gətirmişdi.
Aktyor 1979-cu ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2006-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatı ilə təltif olunub, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Ağaxan Salmanlı 2020-ci il fevral ayının 29-da vəfat edib, Suraxanı qəbristanlığında dəfn edilib. Ruhu şad olsun!
Bu gün Ümumdünya Balet Günüdür
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
29 oktyabr. Ümumdünya Balet Günü
Həmən baleti sevmədik, baletə getmədik, mədəniyyət arenalarına gedişimiz ən yaxşı halda popkorn alıb moll sinemalarında bayağı yerli komediyalara baxmağımız oldu. Sivil dünyada isə balet sevilir, zövqlü insanların kübarlıq əyarları həm də balet tamaşalarını izləmələri ilə ölçülür. Ümumdünya balet gününün maraqlı bir yaranma tarixçəsi var. 2012-ci ildə Londonun Kral opera teatrı canlı efirdə Royal Ballet Live adı altında 9 saat sərasər balet nümayiş elədi, 200000 insan bu canlı yayımı izlədi, You Tube üzərindən isə 2,5 milyon insan ecazkar baletdən həzz aldılar. O gündən də qərara alındı ki, oktyabr ayının son həftəsində balet günü qeyd edilsin.
29 oktyabr. Ümumdünya insultla mübarizə günü
World Stroke Day. Allah hamımızı belə bir bəladan qorusun. Ümumdünya Səhiyyə Təşkilatı bu gün diqqətləri bu xəstəliyə yönəldəcək, bəyan edəcək ki, artıq çəkisi olan, siqaret çəkən, az hərəkət edən, qeyri-sağlam qidalananlar risk qrupunu təşkil edirlər. Sən demə, bütün dünyada ən çox ölümlə nəticələnən xəstəliklər sırasında insult ikinci yerdə dayanır, şikəstliklə nəticələnən xəstəliklər sırasında isə bu bəla sayca üçüncü yerdədir. Eləcə də insult ağıldankəmlilik və depressiya üçün əsas səbəbkardır.
Yoxsul ölkələrdə insult sayı durmadan artır. Sosial problemlər, stress və depresiyalar, yaxşı qidalana bilməmək insanları sanki qaldırıb yerə çırpır, zədələyir, əzib-tökür. İnsult bu gün təkcə tibbi bəla deyil, o daha çox sosial problemdir. Odur ki, gərəkdir ki, ürəyinizi qoruyasınız. Necə? Məsələn, birini mən deyim, birini də siz deyərsiniz. Qubaya gedib oradakı “Shahdağ Guba & Truskavets Medikal Sanatorium”da ürək-damar xəstəliklərinə yol açan fəsadlardan – artıq çəkidən, şlaklardan, xolesterindən xilas ola, ümumi tonusunuzu, immunitetinizi yüksəldə, həm də füsünkar təbiətin qoynunda dincələ bilərsiniz. Fizioterapiya, haloterapiya, ozonoterapiya və daha neçə-neçə terapiyalardan, su və spa prosedurlarından sonra xəzəl olmuş yarpaqların üzəri ilə Qəçrəş meşəsində gəzmək, bol-bol oksigen udmaq heç bilirsiniz sizi neçə il cavanlaşdırar?
29 oktyabr. Pulitser mükafatı
Bu gün üçün çox maraqlı qeydetmə təyinatları var. Ərz eləyim, dinləyin. Onu deyim ki, bu gün sement günüdür. Qaradağ sement zavodunun rəhbərliyi bəlkə də bundan xəbərsizdir, oralara yolu düşənlər lütfən onları agah eləsinlər. Bu gün tərki dünyalıq günüdür. Onsuz da əksəriyyətimiz dünyada tərki-dünya kimi yaşayırıq, islananın yağışdan nə qorxusu, bu günü lazımi səviyyədə qeyd edərik. Koronasiya günü. Həyat hər kəsi layiq olduğundan az və ya çox, onsuz da təltif edir. Oğru dünyasının koronasiyası doğru dünyasına da şamil olunur. Bandana günü. Baş sarğısıdır bu. Plyajdakılar, motosikl sürənlər, rokerlər bandananı çox sevirlər, biləsiniz. Qonşumuz İranda bu gün Kir günüdür. Əhəmənilər imperiyasının qurucusu olan Kirin ad gününə İran toy-büsat qurur. Amerikada isə bu gün milli pişik günüdür. Amerikalı pişik yəqin bizim pişik kimi zavallı deyil, daha tox, daha harındır. Amma amerikalılar pişik günüylə kifayətlənərlərmi, kifayətlənməzlər. Onlarda bu gün yarma günüdür həm də, mətbəxlərdə südlü sıyıqlar bişiriləcək vurhavur.
110 il bundan əvvəl - 1911-ci ilin bu günündə amerikalı jurnalist Jozef Pulitser dünyadan köçüb. Bu o şəxsdir ki, Qərbdə ən nüfuzlu jurnalist mükafatı – Pulitser mükafatı onun adı ilə adlandırılır. 570 il bundan əvvəl – 1451-ci ilin bu günüdə isə Amerikanı kəşf etmiş ispan səyyahı Xristofor Kolumb dünyaya gəlib.
Varisin “Həftənin təqvimi” yazısından seçmələr
Bu gün Türkiyədə Cümhuriyyət günüdür
Canımız, qanımız olan Türkiyənin bu möhtəşəm bayramı hər bir azərbaycanlının da bayramıdır. 4 il çəkən müharibədən sonra 1923-cü ilin bugünkü günündə böyük Mustafa Kamal Atatürk imperialist qüvvələrin caynağından qopararaq Türkiyə Cumhuriyyətinin qurulmasını elan etmişdir. Türkiyə bu gün dünyanın söz deyən ölkələri sırasında əsas söz yiyələrindən hesab edilir, türkdilli xalqların, eləcə də müsəlmanların bir nömrəli lideridir, arxa və dayağıdır.
Avropalılar qədim Bizans imperiyası ərazisində təşəkkül tapmış müasir Türkiyəyə əvvəla turizm cənnəti kimi baxırlar, təsadüfi deyil ki, YUNESKO-nun ümumdünya irs siyahısına Türkiyənin 75 məkanı daxil edilib. Ən çox gəlinən yer də Bibliya şəhəri hesab edilən Efesdir. İkincisi, avropalılar Türkiyəyə həm də ticarət Məkkəsi kimi baxırlar. Necə də olmasa, 1455-ci ildə əsası qoyulmuş 4000 mağazadan və 66 küçədən ibarət Böyük bazar İstanbulda yerləşir axı. Üstəlik, avropalılar müəyyən şeylərə görə özlərini türklərə borclu da hesab edirlər. Niyə də etməsinlər. Hər bir avropalının səhəri bir fincan qəhvə içməklə başlamırmı? Bax Avropaya qəhvəni türklər gətiriblər. Çərəz süfrələrini bəzəyən gilası da türklər gətiriblər, kavalerlərin xanımlara təqdim etdikləri zanbaqları da.
Bu gün Türkiyədə idarə və müəssisələr saat 13-dən sonra işləməyəcək, rəsmi şəxslər, əlbəttə ki, sayın cumhurbaşqanı Ərdoğan çıxışlar edəcəklər, Ankaradakı Anıtqəbri on minlərlə insan ziyarət edəcək. Stadionlarda kütləvi bayram tədbirləri keçiriləcək, musiqi, rəqs, idman yarışları və hərbi parad bir-birinə qarışacaq. Bayramın mübarək, Türkiyəmiz!
“Beynəlxalq Mahmud Kaşğari mükafatı”nın növbəti təqdimatı
Oktyabrın 28-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Mahmud Kaşğari adına Beynəlxalq Fondun təsis etdiyi “Beynəlxalq Mahmud Kaşğari mükafatı”nın təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı ümumtürk mədəniyyətinin inkişafı və bu yöndə xidmətləri olan yazarlar haqqında danışıb. Bildirib ki, “Beynəlxalq Mahmud Kaşğari mükafatı” türk mədəniyyətinin dünyada təbliğ edən və onu geniş arealda tanıdan insanlara verilir. Bu yolda fond Azərbaycanda və dünyanın bir sıra ölkələrində müxtəlif tədbirlər keçirir, ümumtürk mədəniyyəti qarşısında göstərilən xidmətlərə görə sözügedən mükafatı və onun medalını layiq görülən insanlara təqdim edir.
Fondun rəhbəri qeyd edib ki, “Mahmud Kaşğari mükafatı”nın budəfəki laureatları “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlidir. Eyni zamanda şair-publisist Zərəngiz Dəmirçi Qayalı 60 illik yubileyi münasibətilə fond tərəfindən “Mahmud Kaşğari medalı”na layiq görülüb.
Mükafata layiq görülən yazarları təbrik edən fondun rəhbəri onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra mükafatlar təqdim olunub.
Mükafatçılar çıxış edərək göstərilən diqqətə görə fondun rəhbərliyinə təşəkkür ediblər.
Aida Eyvazlı Saxa Yakutiya Respublikasının mükafatına layiq görülüb
Saxa Yakutiya Respublikasında keçirilən IV Beynəlxalq “Böyük qarın alqışı” poeziya festivalında tərcüməçi, jurnalist Aida Eyvazlı Azərbaycanı təmsil edib. Festivalda Azərbaycandan və ev sahiblərindən başqa Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Kareliya, Tatarıstan, Xakasiya respublikalarından yazarlar iştirak edib. 2013-cü ildən sonra ənənəvi hal alan “Böyük qarın alqışı” festivalı yakut xalq şairi Natalya Xarlampyevanın təşkilatçılığı ilə keçirilir. Builki festival Yakut xalqının klassik şairi Semen Danilova həsr olunub.
Festival iştirakçıları Platon Oyunski adına ədəbiyyat muzeyində, Dövlət rəsm Qalareyasında, Milli Kitabxanada görüşlərdə və poeziya gecəsində iştirak ediblər.
Aida Eyvazlı böyük türk klassiki Platon Oyunskinin "Qırmızı şaman" kitabını tərcümə etdiyinə görə Saxa Yakutiya Respublikasının ali mükafatı - "Xalqlar arasında Sülh və Dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə" medalı ilə təltif olunub. Mükafatı ona Saxa Yakutiya Respublikasının Baş nazirinin müavini Sergey Vasilyeviç Mestnik təqdim edib.
Aida Eyvazlı qazandığı nailiyyətə görə zəhmətinə dəyər verən Yakutiya Yazıçılar Birliyinin sədri Natalya Xarlampyevaya, eləcə də onun Saxa Yakutiya ilə əlaqələrinin qurulmasına səbəb olan şair Əkbər Qoşalıya sonsuz təşəkkürlərini bildirib.
MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayevaya Özbəkistanın “Turan” Akademiyasının Fəxri doktoru, professoru adı təqdim edilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayevaya “Turan” Akademiyasının tarix elmləri doktoru adı verilib. Bu barədə sənədi “Turan” Akademiyasının prezidenti Xaydarbek Bababekov millət vəkili Q. Paşayevaya təqdim edib.
Özbəkistanın “Turan” Kitabxana-İnformasiya Mərkəzində keçirilən tədbirdə, çıxış edən Xaydarbek Bababekov Q. Paşayevanın iki ölkə ilə mədəni, ədəbi əlaqələrini daim diqqətdə saxladığını və bu işə daim tohvələr verdiyini qeyd edib. O, Q. Paşayevanın Özbəkistana dair nəşrləri, xüsusi ilə “Addım–addım Özbəkistan” kitabını yüksək qiymətləndirən akademik onun Türk dünyası arasında birliyə, həmrəyliyə layıq olunması istiqamətində dəyərli, alqışalayıq fəaliyyəti olduğunu vurğulayıb.
Q.Paşayevanın iştirakı ilə Özbəkistanda keçirilən tədbirlər, onun Özbək dilinə tərcümə olunan kitablarının Özbəkistan oxucuları üçün maraqlı və əhəmiyyətli olduğunu qeyd edən akademik, Turan akademiyasının daim bu cür şəxsiyyətlərin fəaliyyətini təqdir etdiyini və onlarla əməkdaşlığın vacibliyini vurğulayıb.
“Yağış yuyur, gün qurudur” Avstriya ədəbiyyat jurnalında
Avstriyanın populyar “Schreib Was” ədəbiyyat jurnalı “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq şairi Ramiz Rövşənin alman dilinə tərcümə olunmuş “Yağış yuyur, gün qurudur” şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
Rüblük jurnal mütəmadi olaraq müasir dünya yazarlarının əsərlərini, ədəbiyyat və incəsənətə dair məqalə, müsahibə və xəbərləri dərc edir.
Elçinin pyesləri İtaliyada nəşr olunub
Xalq yazıçısı Elçinin pyesləri respublikamızda olduğu kimi, Azərbaycan sərhədlərini aşaraq bir çox xarici ölkə teatrlarında da uğurla nümayiş olunur. Bu əsərlər müasir ədəbiyyatımızın tanıdılması və təbliğində mühüm rol oynayır. Onun pyesləri əsasında Nyu-York, London, Roma, İstanbul, Ankara, Moskva, Sankt-Peterburq, Seul və dünyanın başqa böyük şəhərlərinin teatrlarında hazırlanmış səhnə əsərləri tamaşaçıların rəğbətini qazanıb, bu pyeslər müasir Avropa dramaturgiyasının uğurları kimi qiymətləndirilib. Əlamətdar hadisədir ki, Cənubi Koreyada Seul Opera və Balet Teatrının sifarişi ilə Azərbaycan yazıçısının “Cəhənnəm sakinləri” pyesi əsasında ingilis bəstəkarı Lorens Mark Viti müzikl yazıb. Müzikl teatrın səhnəsində tamaşaya qoyulub və böyük müvəffəqiyyət qazanıb.
AzərTAC xəbər verir ki, bu günlərdə Romada “Tedi Editore” nəşriyyatı Elçinin məşhur “Teleskop”, “Mənim sevimli dəlim” və “Şekspir” tragikomediyalarından ibarət kitabı nəfis şəkildə nəşr olunub. Pyesləri italyan dilinə Monika Puqlia tərcümə edib. Kitabdakı “Ön söz” müəllifi görkəmli alim və ictimai xadim, akademik, Milan Dövlət Universitetinin professoru Stefano Bruno Gallidir. O yazır: “Elçinin müasirliyi müasir dramaturqlar arasında məni xüsusilə heyrətləndirdi”. Professor eyni zamanda vurğulayır ki, bu əsərlərin mövzusu ümumbəşəridir. Kitabda ədəbiyyatşünas Jan Pertin Elçinin həyat və yaradıcılığı haqqında yazdığı ətraflı məlumat da çap edilib.
Qeyd etmək lazımdır ki, bir müddət bundan əvvəl Xalq yazıçısının “Baş” romanı da Romada italyan dilində nəşr olunub və böyük maraqla qarşılanıb.
Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət xadimləri Bakı Musiqi Akademiyasını yubiley münasibətilə təbrik ediblər
Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə bayram konserti təşkil olunub.
Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət xadimləri AzərTACın müxbiri ilə söhbətlərində BMA-nın yubileyi ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu:
-Mən də Bakı Musiqi Akademiyasında, Qara Qarayevin sinfində təhsil almışam və 1968-ci ildə bəstəkarlıq fakültəsini bitirmişəm. Bu təhsil ocağı mənim üçün almamaterdi. Azərbaycanın Rusiyadakı səfiri kimi BMA-nın yubileyinin Moskvada keçirilməsi üçün əlimdən gələni etmişəm. Açığını deyim ki, çox ciddi problemlər, koronavirusla bağlı məhdudiyyətlər var idi. Şadam ki, iştirakçıların hamısı Moskvaya gələ bilib və biz BMA-nın yubileyini dünyanın ən tanınmış konsert zallarından biri olan Moskva konservatoriyasının Böyük salonunda keçirik. Tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm və Qələbəmizin bir illiyi ərəfəsində belə bir tədbirin keçirilməsindən qürur duyuram.
BMA-nın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli:
- Mən ilk növbədə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirmək istərdim, çünki bu tədbir Fondun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Üzeyir bəyin qurduğu akademiyamızın 100 illiyinin Moskva Konservatoriyasının Böyük zalında qeyd olunması böyük şərəfdir. Musiqiçilərimizi dünyanın ən yaxşı simfonik orkestrlərindən biri - Mixail Pletnyovun rəhbərliyi ilə Rusiya Milli Orkestri müşayiət edir. Bu gün biz Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağın azad edilmiş torpaqlarına səfərlərini izləyirik və bu hadisələr bizi dünyanın ən yaxşı səhnələrində çıxış etməyə həvəsləndirir. Tədbirin təşkili üçün Azərbaycanın Rusiyadakı səfirliyinə, dostum Polad Bülbüloğluna təşəkkürümü bildirirəm. O da bizim akademiyanın məzunudur. Bu gün həm də səhnəyə böyük Bülbülün nəvəsi Murtuza Bülbül çıxacaq.
P.İ.Çaykovski adına Moskva Konservatoriyasının rektoru Aleksandr Sokolov:
-Moskva və Bakı konservatoriyalarını möhkəm dostluq əlaqələri bağlayır. Bu, çox yaxşı ənənədir. İndi biz gələcəyə baxmalı, elə etməliyik ki, bizim tələbələrimiz, gələcək nəsil Rusiya və Azərbaycan musiqiçiləri də qarşılıqlı yaradıcılıq mübadiləsinə ehtiyac duysunlar.
Xalq artisti Yalçın Adıgözəlzadə:
-Tarixi bir gündür. Üzeyir bəyin adını daşıyan konservatoriyamızın yubileyini Moskvada qeyd edirik. Biz hamımız konservatoriyanın məzunuyuq. Bəzilərimizin valideynləri də, məsələn, mənim atam, əmim bu ocaqda təhsil alıblar. Bugünkü konsertin daha bir diqqət çəkən məqamı var. Düz 30 il əvvəl, 1991-ci il yanvarın 20-də Moskva konservatoriyasının Böyük zalında “Qarabağ şikəstəsi” oratoriyasının premyerası baş tutmuşdu. O zaman mən və Alim Qasımov bu səhnəyə çıxdıq, ancaq oratoriyanın adındakı “Qarabağ” sözü çıxarıldı və əsər “Vasif Adıgözəlov, “Şikəstə” kimi təqdim olundu. Otuz il keçdi, torpaqlarımız qayıtdı və indi bu zalda “Qarabağ şikəstəsi” yenidən ifa olunur.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy:
-Bakı Musiqi Akademiyasının yetirmələrinə dünyanın hər yerində rast gəlmək olar. Bu gün BMA-ın yubileyinin Moskva konservatoriyasının Böyük salonunda keçirilməsi göstərir ki, bizi hələ də vahid mədəni məkan birləşdirir. Musiqi sərhəd tanımır və bu gün Azərbaycan musiqiçiləri moskvalılara unudulmaz bayram bəxş etdilər. Bu, bir daha sübut edir ki, Azərbaycan və Rusiya xalqlarını dərin dostluq əlaqələri birləşdirir.
TASS Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman:
- Heydər Əliyev Fondunun Bakı Musiqi Akademiyasının yubileyini Moskvada keçirmək təşəbbüsü olduqca əlamətdardır. Əfsanəvi Bakı konservatoriyasında Moskvanın, Sankt-Peterburqun da tanınmış pedaqoqları dərs deyiblər. Azərbaycanın ən yaxşı musiqiçilərinin, BMA-nın məşhur məzunlarının çıxışı, dahi Azərbaycan bəstəkarlarının əsərlərinin səslənməsi bu gecəni Moskvanın mədəni həyatında əlamətdar hadisəyə çevirir.
Xalq Artisti Alim Qasımov:
-Üzeyir bəyin yaratdığı konservatoriyanın 100 illiyini qeyd edirik. Bakı Musiqi Akademiyası tarixi yol keçib, böyük şəxsiyyətlər bu təhsil ocağında yetişib. Akademiyanın yubileyinin dünya şöhrətli Moskva Konservatoriyasında qeyd edilməsi əlamətdar hadisədir.