Kitabxanalarda uşaq ədəbiyyatının təbliği ilə əlaqədar azyaşlı oxucuların mütaliəyə həvəsini və kitaba olan marağını artırmaq məqsədilə facebook-da “Kitabsevər uşaqlar” səhifəsi yaradılmışdır. Bu səhifə daxilində uşaq və böyüklər üçün “Sərhədsiz informasiya tribunası” ümumi qrupu yaradılmışdır.
Azərtac xəbər verir ki, layihənin rəhbəri və ideya müəllifi Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovadır. Qrupda Zərdab, Qusar, Şirvan, Xaçmaz, Ağdaş, Yasamal rayon Mərkəzi kitabxanalarının əməkdaşları fəal iştirak edirlər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, paylaşılan məlumatlar arasında Azərbaycan şair və yazıçılarının yubiley və anım günləri ilə əlaqədar, tarixi faktlar, hərbi vətənpərvərlik, müxtəlif informativ məlumatlar, nağıl və hekayələr üstünlük təşkil edir. Qrup beş ildir ki, fəaliyyət göstərir. “Sərhədsiz informasiya tribunası”nda yerləşdirilən materiallar dünyanın müxtəlif ölkələrindən izlənilir.