Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar jurnalist, yazıçı-publisist Varis Yolçiyevi doğum günü münasibəti ilə təbrik edib.
Görüşdə millət vəkili V. Yolçiyevin istər ədəbi, istərsə də ictimai fəaliyyətdə hər zaman fərqləndiyini diqqətə çatdırıb:
“Təsadüfi deyil ki, siz Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, Beynəlxalq Yazıçılar Gildiyasının, Beynəlxalq PEN klubun, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının, Rusiya Yazıçılar İttifaqının da üzvüsüz. 1991-ci ildə “168 saat” qəzetinin baş redaktoru, 1993-cü ildə “7 gün” qəzetinin redaktoru olmusuz. 1995-ci ildə AzTV-nin “Gecə kanalı” proqramının yaradıcılarından olmusunuz.
2004-cü ildə “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilmisiniz. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru vəzifəsinə gətirilmisiniz. Siz, həmçinin Azərbaycanda ilk milli teleradio jurnalı “TV plyus”un baş redaktoru olmusunuz”, – millət vəkili bildirib.
18 kitabın redaktoru, 13 kitabın müəllifi olan V. Yolçiyevin yaradıcılığına toxunan millət vəkili bildirib ki, “Sonuncu ölən ümidlərdir”, “Bir ovuc torpaq”, “Sənə inanıram”, “Yetmiş yeddinci gün”, “Əzilmiş fotoşəkillər”, “Metamorfoz”, “Yol ayrıcında azıb qalanlar”, “Son məktub”, “Yaşıl üzlü gündəlik”, “Bitməyən matç”, “Üçbucaq”, “Uzaqdan gələn yağış” və b. kitabları ona oxucu məhəbbəti qazandırıb.
Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” ədəbiyyat mükafatı, Avrasiya materikinin III LiFFT festivallar festivalının qızıl medalı, UNESKO-nun “Adam Mitskeviç” medalı, Rusiya Yazıçılar İttifaqının “Mayakovski”, “Puşkin” medalları ilə təltif edilən yazarı Qənirə Paşayeva bir daha təbrik edib, yaradıcılıq uğurları arzulayıb.
Q. Paşayeva Varisə Komitə adından təbrik məktubu və xatirə hədiyyəsi: tanınmış rəssam Sabit Çopuroğlunun rəsm əsərini təqdim edib.