Super User
Daş Kitabə kitabların ən böyük təbliğatçısı Xan Rəsuloğluya qismət oldu
Sumqayıtda, Kimyaçılar sarayında Azərbaycan Nəşriyyatları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 1-ci Kitab Sərgisi akkord notlarla başa çatdı. Daş Kitabə mukafatı Xan Resuloğluya təqdim edildi.
“Ədəbiyyat və incəsənət” nəzərinizə çatdırır ki, Daş Kitabə düz 20 il öncə “Altun Nəşriyyat”ın rəhbəri Rafiq Ismayilov tərəfindən Tərlan Qorçuya təqdim edilmişdi və sonuncu olmuşdu! Mukafat yeniləndi və bundan sonra kitabçılıqda fədakar xidmətləri olan insanlara vaxtaşırı təqdim ediləcək.
Xan Rəsuloğluya təsadüfi deyil ki hamı kitabçı deyir. Sumqayıtda və Bakıda yeni və ikinci əl kitabların satışını, kirayəsini, mübadiləsini təşkil edən, yüzlərlə imkanı çatmayan kitabsevərə kitab hədiyyə edən bu şəxs həm də mütaliəsi ilə digərlərinə örnək ola bilər. Həyatı boyu minlərlə kitab oxumuş Xanoğlan kitabın ən böyük təbliğatçısıdır, Daş Kitabənin məhz ona təqdim edilməsi 1-ci Sumqayıt Kitab Sərgisinin təşkilatçılarının həm də tam obyektivliyindən xəbər verdi.
Dünya memarlıq inciləri: Buxara Ark qalası divarları
Dünyada elə memarlıq inciləri var ki, qızıl fondu təşkil edirlər. İllər keçir, amma bu möhtəşəmliyi yeni tikililər, ultramüasir, modern dizaynlar kölgədə qoya bilmir.
“Ədəbiyyat və incəsənət” portalı Boredranda.com saytına istinadən dünyanın ən çox təqdir edilən arxitektura incilərini təqdim edir.
Növbəti fotoda Özbəkistana - Buxaraya keçid alacağıq. Fotoda Buxaranın əsas memarlıq incilərindən olan Ark (Ərk) qalası divarları əks olunub. 4 hektar ərazidə yerləşən bu 20 metr hündürlüyə malik tikili öz tarixini 5-ci əsrdən götürür.
Sumqayıtda keçirilən kitab bayramında bazar günü inanılmaz anlar yaşandı
Sumqayıtda, Kimyaçılar sarayında Azərbaycan Nəşriyyatları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 1-ci Kitab Sərgisində dünən olduqca möhtəşəm anlar yaşandı.
“Ədəbiyyat və incəsənət” portalı və Azpress.az saytı gün ərzində tədbirlərlə bağlı maraqlı reportajlar hazırladı.
İnsan izdihamı öncə sehirli poeziya dünyasına qərq oldu, Rəşad Məcidin, Əkbər Qoşalının, Səlim Babullaoğlunun, ardınca gənc şairlərdən İntiqam Yaşarın və Ümid Nəccarinin şeirləri dinlənildi. Sonra ardıcıl üç saat ərzində üç populyar yazıçı - Çingiz Abdullayev, Varis Yolçuyev və Elxat Elatlı ilə izdihamlı görüşlər keçirildi.
Kitab alanların rəfləri sürətlə boşaltması, kitab imzalatmağa yaranan çox uzun növbələr, yazarlarla foto çəkdirmək istəyənlərin həddən artıq çoxluğu onu deməyə əsas verdi ki, gənclər şəhərində kitabı çox sevirlər.
Tədbirin təşkilatçısı olan ANİB-in sədri, yazıçı Şəmil Sadiq Sumqayıtda kitaba olan bu inanılmaz sevgini, bu oxucu coşqusunu görüb ortaya qoyduğu əməyin əvəzi olaraq hədsiz qürurlandığını əməkdaşlarımıza izhar elədi!
Azərbaycan bölgələrində, demək, kitaba maraq böyük imiş. Yetər ki, bunu hər kəs duya bilsin!
ƏSA Teatrı “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb
Rusiya Federasiyasının Sosial-Mədəni Təşəbbüslər Fondu tərəfindən ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb.
Fondun təsis etdiyi mükafat hər il sosial və mədəni sahədə fəaliyyəti ilə seçilən şəxslərə və qurumlara verilir. Azərbaycan ilk dəfədir ki, mükafatlandırılan ölkələr arasındadır.
Mükafatlandırılma mərasimi ənənəvi olaraq Moskvada Qələbə Memorial Kompleksində təntənəli şəkildə baş tutub. Pandemiya səbəbindən ƏSA Teatrı mükafatlandırılma mərasimində iştirak edə bilməsə də, ötən gün mükafat Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru İrek Zinnurov tərəfindən təqdim olunub.
5,4 milyon dollara satışa çıxarılan xalçanın 600 yaşı var
Çinin Min sülaləsinə aid xalça Parisdə keçiriləcək hərracda 5,4 milyon ABŞ dollarına satışa çıxarılacaq.
TASS xəbər verir ki, noyabrın 23-də Fransanın paytaxtı Parisdə keçiriləcək Christie's hərrac evində Çinin Min sülaləsinin (1368-1644) dövrünə aid olan xalça 4,8-5,4 milyon dollara satışa çıxarılacaq.
Xalçanın üzərində beş pəncəli əjdaha və onun üstündə buludlar var. Bildirilir ki, əjdahalar imperiyanın gücünü simvollaşdırır. Sözügedən xalça ilə birlikdə Min sülaləsinə aid 39 xalça və imperiya əjdahası motivli 16 xalça satışa çıxarılacaq.
Qeyd edək ki, Min sülaləsinə aid başqa bir imperator xalçası 2020-ci ildə Nyu-Yorkda Christie's hərracında 1,7 milyon dollara satılıb.
Amma təbii ki, 5,4 hara, 1,7 hara.
“Söz” layihəsi “Əllərimizdə səslənən igidlərin sözü” adlı poeziya gecəsi keçirəcək
Noyabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Nigar Həsənzadənin rəhbərliyi altında “Söz” ədəbi layihəsi çərçivəsində “Əllərimizdə səslənən igidlərin sözü” adlı poeziya gecəsi keçiriləcək. Şanlı Qələbəmizin ildönümünə həsr olunan tədbir “Ümid var” Könüllülər Təşkilatının və Deaf Community MMC-nin təşkilatçılığı ilə baş tutacaq.
Tədbir ölkəmizdə ilk dəfə olaraq qələbəmizin sevincini eşitme məhdudiyyətli şəxslərlə birlikdə belə bir formada təqdim etmək imkanı verəcək.
Poeziya gecəsi sağlamlıq imkanları məhdud uşaqların ölkəmizin ictimai, sosial-mədəni həyatında iştirakına, cəmiyyətə inteqrasiyasına təkan vermək, onların qələbə sevinclərini, zəfər duyğularını özünəməxsus şəkildə ifadə etmələrinə imkan yaratmaq məqsədilə təşkil olunacaq.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası və eşitmə məhdudiyyətli şəxslərin sinxron tərcüməsi ilə başlayacaq, "Şuşanın dağları" mahnısı və rəqsinin işarə dilində təqdimatı ilə davam edəcək. Həmçinin II Qarabağ müharibəsində qəhrəmanlıq göstərən yazarların - Oğuz Alparslan, Eyvaz Əyyub, Orxan Səlifov, Nicat Ağayev, Səbuhi Qurbanov, Həsən Kür, Emin Piri, Cavid Əlioğlu, Tofiq Əhməd, Kərəm Aydın, Elvin İntiqamoğlu, Vusal Hətəmovun müəllifi olduğu hekayə və zəfər şeirləri eşitmə məhdudiyyətli uşaqlar tərəfindən jest dilinə tərcümə olunacaq. Şəhid leytenant Teymur Abbaslının oglu Feyruz Abbaslı da tedbirdə şəhid Hüseynov Xəyyamın şerini səsləndirəcək.
Bayram tədbiri eşitmə məhdudiyyətli uşaqların Qələbəmizə həsr olunan “Qarabağ, azadsan” kompozisiyası ilə yekunlaşacaq.
Şuşalı qızın itirilmiş uşaqlıq hekayəsi Niderland mətbuatında
Niderlandın “FOR YOU” jurnalının oktyabr buraxılışında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi assosiasiyasının sədri Mayisə Ağamirzəyevanın təşəbbüsü ilə “REAL TV”nin Avropa bürosunun rəhbəri Xatirə Sərdarqızının Şuşa haqqında real həyat hekayəsi əsasında çəkdiyi “28” sənədli filmindən bəhs edən “İtirilmiş uşaqlıq” adlı məqalə dərc olunub.
AzərTAC xəbər verir ki, məqalədə onun birinci Qarabağ müharibəsi dövründə itirdiyi uşaqlığından, 12 yaşında Şuşanın işğalından sonra zorla doğma yurdundan qovulan, 28 il sonra yenidən Şuşaya qayıdaraq uçurulmuş evini yenidən tapan, doğma şəhərində qoyub gəldiyi uşaqlığına qovuşan bir qızcığazın həyatından danışılır.
Bu gün azərbaycançılıq məfkurəsini formalaşdıran “Füyuzat” jurnalının 115 illiyidir
Bizə tarix dərslərində “Füyuzat” mürtəce bir mətbu orqan kimi təqdim olunurdu, Sovetlər dağılanda başa düşdük ki, bütün təriflənənlər mənfi, bütün pislənənlər isə müsbət imiş. “Füyuzat” jurnalının ilk sayı 1906-cı il noyabr ayının 1-də çıxıb. Jurnal ictimai-siyasi xarakter daşıyırdı. “Füyuzat” mənşəcə ərəb sözu olub, mənası həyat gerçəklərini duymaq, onlardan zövq almaq deməkdir. Maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə çap olunan jurnalın baş redaktoru Əli bəy Hüseynzadə idi. Burada dövrünün görkəmli ziyalılarından M.Hadinin, M.Ə.Sabirin, H.Cavidin, A.Şaiqin və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri jurnalın redaktoru Əli bəy Hüseynzadənin müvafiq tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlı olub. “Füyuzat” jurnalı milli jurnalistika məktəbi olmaqdan əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynayıb. Çar Rusiyasının monarxizmi və müstəmləkəçiliyi əleyhinə mübarizə aparan füyuzatçılar başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə etmiş, Azərbaycanda demokratizmin qələbəsinə çalışmış, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə reformaların aparılmasını qarşılarına məqsəd qoymuşdular. Azərbaycan oxucuları ilk dəfə Tolstoy, Höte, Russo, Monteskyu kimi görkəmli simalar haqqında ətraflı və dəqiq məlumatı bu jurnaldan almışdılar. Ə.Hüseynzadənin hələ “Füyuzat”ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi “türklük, müsəlmanlıq və avropaçılıq” şüarı, mahiyyət etibarı ilə bu gün ictimai həyatımızda özünə yer tapan “azərbaycançılıq, müsəlmançılıq və müasirlik” doktrinasının yaranmasında mühüm rol oynamışdı.
Təsadüfi deyil ki, belə bir milli oyanış jurnalının uzun müddət çap edilməsi çar üsul-idarəsini razı sala bilməzdi. Bütün böyük işlər gec ya tez nadan basqısına qurban olur. 1907-ci ilin 1 noyabrına qədər duruş gətirən jurnalın həmin gün çıxan 32-ci sayı son sayı oldu. Həmin sayda "Pərdə eniyor" adlı son məqalə ilə jurnal öz oxucularına "əlvida!" dedi, üz qabığının arxasında verilmiş belə bir elanla mətbuat aləmini tərk etdi: “Füyuzat müvəqqəti olaraq bu gündən etibarən tətil edəcəkdir”. Zira bu “müvəqqəti” əbədi oldu.
Qranadadakı caz festivlından Mikelanceloya və “Otello”ya qədər
Bu günə təsadüf edən əlamətdar hadisələri təqdim edirik:
1 noyabr. Beynəlxalq Veqan Günü
Olduqca maraqlı bir təqvim günüdür. Veqanlar - ən ciddi vegetarianlardır, onlar öz rasionlarından təkcə ət, quş və balıq ətini çıxarmırlar, həm də canlı mənşəli bütün ərzaqlardan – yumurtadan, süddən, baldan və s.-dən belə imtina edirlər. Onlar dəridən, xəzdən, ipək və yundan olan paltarlar belə geymirlər. Vegetarianlıq qədim Hindistanda yarandığından bu gün dünya vegetarianlarının 70 faizindən çoxu hindusdur, həmçinin veqanların da böyük əksəriyyəti hindusdur. 87 ildir ki mövcud olan veqanlıq hərəkatına ayrıca təqvim günü həsr etmək, bilin ki, insanlığı canlı təbiəti bunca çalıb-çapmamağa çağırışdır.
1 noyabr. Qranadada Beynəlxalq caz festivalının açılışı
10 gün davam edəcək bu festival kifayət qədər mötəbər sayılır, adətən 27 gün davam edən festivalın formatına pandemiya təbii ki, dəyişiklik edibdir. Burada daha çox etnik musiqi və caz-fyujn səsləndirilir. Müxtəlif illərdə Mayn Devis, Oskar Piterson, Xerbi Henkok, Dayana Kroll kimi ulduzlar festivalda iştirak ediblər. Teatrto İzabel la Katolika səhnəsində düzənlənən festivala maraq o qədər böyükdür ki, bir ay öncədən bütün biletlər satılmış olur, ona tək yerlilər deyil, əcnəbilər də gəlib baxırlar.
Deyirəm, görəsən bizim möhtəşəm cazmenlərimiz var, tək elə birini deyim, İsfar Sarabski, o, Qranadaya getsə öz virtuoz ifası ilə necə də alqışlar qazanardı, bəlkə hətta Qran-priyə də layiq görülərdi...
1 noyabr. Samxeyndən Ksinonavroya və Movembəyə qədər
Samxeyn günü. Məhsul yığımının qurtardığını bildirən kelt bayramıdır. Beynəlxalq Ksinonavro günü. Bu bir üzüm növüdür, ondan qırmızı süfrə şərabı istehsal olunur. Yunanıstanın simvollarından biri sayılır. Bütün müqəddəslərin günü. Bu günü katolik kilsəsi ölkələri qeyd edirlər. Şabalıd bayramı. Bu günü Qalisiyada – İspaniyada qeyd edirlər. Koreyada itlər günü, Yaponiyada özünümüdafiə qurbanları günü, Meksikada ölülər günüdür, Uelsdə Qalan Geaf günü – Helloin bayramını xatırladan bir bayram qeyd olunur. Ən maraqlı qeydetmə Avstraliyadadır – Movember günü. Bir aylıq mərasimin başlanğıcından kişilər bığ saxlayır, prostat və digər kişi xəstəliklərinin təhqiqi sahələrinə könüllü ianələr ödəyirlər.
ABŞ-da isə qızardılmış molyuska günüdür. Ardına qulaq asın. ABŞ-da həm də milli paştet günüdür. Davamı da var. ABŞ-da milli sirkə günüdür. Və hətta bu da bəs olmayıb, amerikalılar bu günə həm də ev heyvanları aşpazı gününü salıblar. Bəxtəvər o ev heyvanlarının başına ki, bizimkilər kimi artıq-urtuq yemirlər, xüsusi aşpaz hazırlayan dürlü qidalarla qidalanırlar.
O ki qaldı tarixi hadisələrə, 1991-ci ilin bu günündə Çeçenistan müstəqilliyini elan edib, 1955-ci ildə dünyaşöhrətli Amerika psixoloqu və kouçu Deyl Karnegi dünyaya əlvida deyib. 1955-də həm də SSRİ-də abortlara icazə verilib, 1950-ci ildə Amerika Basketbol Liqasında qaradərililərə iştiraka icazə veriblər, 1927-ci ildə Azərbaycanda da çoxlu azarkeşi olan Kiyevin “Dinamo” futbol klubu yaranıb, 1800-cü ildə Con Adams Ağ Evdə məskunlaşan ilk ABŞ prezidenti olub. 1755-ci ildə dəhşətli zəlzələ Lissabon şəhərini tam dağıdıb, 32 min insan həlak olub, 100 mindən çoxu yaralanıb. 1604-cü ildə Londonun Uaytholl Kral sarayının ziyafət zalında Şekspirin “Otello” faciəsinin premyerası keçirilib. 1512-ci ildə Mikellancelonun rəsmlərlə bəzədiyi Sikstin kapellasının açılışı olub.
Varisin “Həftənin təqvimi” yazısından
Beynəlxalq Muğam Mərkəzində “Caz səsləri” layihəsinin bir-birindən maraqlı konsertləri davam edir
Oktyabrın 26-dan Beynəlxalq Muğam Mərkəzində (BMM) start götürən “Caz səsləri” (“Jazzery Voices”) layihəsinin bir-birindən maraqlı konsertləri davam edir. Layihə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyinə həsr olunub.
Muğam Mərkəzindən AzərTAC-a bildirilib ki, konsertlərdə “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətlərinin çıxışı musiqisevərlərin könlünü oxşayıb. Nicat Aslanovun Kvarteti “Forward Azerbaijan”, Afşin Əlizadənin Kvarteti, “Qaya” ansamblı və digər gənc caz ifaçılarının cazın müxtəlif ritmlərində təqdim etdikləri ifaları paytaxt sakinlərinin payız ovqatına caz əhvalı bəxş edib. Fank, caz-rok qarışığı, fyujn musiqisini klassik, muğam və dünya musiqi alətləri və ahəngləri ilə birləşdirən konsertlər svinq, ənənəvi caz, blüzun ecazkar ritmləri, Şərq elementləri və improvizasiyalarla zəngin idi. Öz virtuoz çıxışları ilə tamaşaçıları heyran qoyan gənc cazmenlər Azərbaycanda caz sənətinin inkişafının bariz nümunəsini nümayiş etdirmiş oldular.
Qeyd edək ki, noyabrın 6-dək davam edəcək konsertlərdə “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətlərinin çıxışı musiqisevərlərin könlünü oxşayacaq.
“Jazzery Voices” layihəsi noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Zəfər bayramına ithaf edilən “Jazz Says Victory” adlı qala-konsertlə yekunlaşacaq.