Super User
Bu gün Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi - Qarabağ” sərgisi açılacaq
Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Mədəniyyətimizin incisi - Qarabağ” adlı sərgi açılacaq.
Bu sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi və Niyazinin xatirə muzeyinin fondlarına məxsus eksponatlar nümayiş olunacaq.
İştirakçılar sərgidə Qarabağ bəstəkarlarının, ifaçılarının və musiqiçilərinin Azərbaycanın mədəni irsinə verdiyi böyük töhfələrə canlı şahid olacaq.
Sərginin ekspozisiyasında Qarabağ xalça və xalça məmulatları, bədii tikmələr, milli geyimlər, məişət əşyaları nümayiş olunacaq. Sərgidə Xurşidbanu Natəvanın əlyazmaları, Usta Qəmbər Qarabaği və Mir Möhsün Nəvvabın rəsmləri, M.M.Nəvvabın “Dəvazdəh bənd” əlyazma kitabı, Üzeyir Hacıbəylinin, Bülbülün, Niyazinin şəxsi əşyaları və bu sənətkarların həyat və yaradıcılıqlarını əks etdirən çoxsaylı fotoşəkillər yer almaqdadır. İzləyicilər vernisajda 250-yə yaxın Qarabağ incisi ilə tanış ola biləcəklər.
“Bakının dərdi var, Bakı xəstədir” – Baba Pünhan
Bu günə təsadüf edən tarixi hadisələr barədə sizləri məlumatlandıracağıq. Bu bir həftəyə Beynəlxalq Menecer günü, ingilisdilli ölkələrdə Qay Foks – yəni alov və atəşfəşanlıq günü, böyük satirikimiz Baba Pünhanın doğum günü və sair hadisələr təsadüf edir. İndi isə daha ətraflı.
5 noyabr. Beynəlxalq sunami barədə informasiyaların yayılması günü
Sunami böyük təlafat və dağıntılar gətirməklə bir çox ölkələrə ziyan vurur. Ən dəhşətli sunamilərin tarixinə nəzər yetirsək belə bir mənzərə görərik: 2011-ci il, Yaponiya, 2009-cu il, Samoa və Tonqa, 2004-cü il, Hind Okeanı sahilləri dövlətləri, 2001-ci il, Peru, 1999-cu il, Türkiyənin Aralıq dənizi sahilləri, 1998-ci il, Papua-Yeni Qvineya, 1976-cı il, Filippin və 1960-cı il, Çili.
BMT-nin təşəbbüsü ilə qeyd edilən bu gündə sahil hövzəsi əhalisinə sunami təhlükəsi barədə tam məlumat verilir, təhlükəsizlik qaydaları başa salınır.
5 noyabr. Beynəlxaql Layihə menecerliyi, yaxud Menecer günü
Baxırsan, indi toya gedən müğənnilərin disk daşıyanları deyirlər ki, mən prodüsserəm. Toyuq fabrikinin marketlərə toyuq paylayanları da mən menecerəm deyirlər. Amma menecment kifayət qədər ciddi sahə, menecersə ciddi peşədir. 2004-cü ildən təqvimə salınan bu gündə layihə müxtəlifliyi, komanda idarəçiliyi sayəsində uğur qazanan menecment təsisatları qeyd edilir, uğur qazanan menecerlər fərqləndirilirlər. Ensiklopedik nəşrlərdə menecerlərə belə tərif verilir: ”inzibati-təsərrüfat müstəqilliyinə malik olan istehsalın, satışın, servisin təşkili və idarə edilməsi üzrə professional şəxslər menecerlər adlanır”. Menecerlərin əsas işi maliyyə, informasiya, insan resurslarından effektiv və səmərəli şəkildə istifadə edərək şirkəti məqsədlərinə çatdırmaqdır. Bir sözlə, idarə müdirinin muzdla tutduğu iş idarəçisidir menecer. Yoxsa ki, mağazalara toyuq paylayan hara, menecer hara.
5 noyabr. Üçlərin hərbi kəşfiyyat günü
Ruslar hərbi kəşfiyyat gününü qeyd edəcəklər. Yəqin ki, bu qeydetmə Dağlıq Qarabağda məskunlaşmış rus hərbçilərindən də yan ötməyəcək. Belaruslar da qonşularından dala qalmayaraq hərbi kəşfiyyat gününü qeyd edəcəklər. Belarusda isə hərbi kəşfiyyat işinin prioritet tərəfi hakimiyyətə gəlmək istəyən müxalifəti zərərsizləşdirməkdir yəqin ki. Amma bədxah qonşularımızda da bu gün hərbi kəşfiyyat günüdür. Axı onlar ruslar və beloruslarla hərbi ittifaqdadırlar. Hərblərinin və kəşfiyyatlarının nə gündə olmasını isə biz bir il öncə - 44 günlük müharibə zamanı görmüşük, bizə nağıl danışmağın yeri yoxdur.
İrlandiyada çox qəribə bir gündür – Milli sarışın saçlıları bəyənənlər günü. Cənubi Afrikada malyariya əleyhinə mübarizə günüdür. Qay Foks gegəsini dünən britanlar keçirirdi, bu günsə Yeni Zelandiyada və Kanadada qeyd edəcəklər. Hinduslar od festivalından qopub indi də Kanakadas Cayanti festivalını qeyd edəcəklər, bol məhsul arzulayacaqlar. ABŞ-da isə Milli Çin yeməyini evə sifariş vermək günüdür. Günün dəqiqliyinə baxın siz. Milli Çin yeməyi günü olsaydı sadə görsənərdi, amma belədə cizgilər tam bəlli olur. Üstəlik, hegemon dövlət bu gün Milli ponçik gününü də qeyd edir. Ponçik nədir? Yağda qızardılmış kökə deyim də.
5 noyabr. Baba Pünhan günü
1948-ci ilin bu günündə Kürdəxanıda Baba Pünhan dünyaya gəlib. Düzü düz, əyrini əyri yazan satirik şair.
Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.
Bu gün Vilayət Quliyevin, Mələkxanım Əyyubovanın, Oleq Bloxinin, Co Dassenin, Brayan Adamsın və digər çox sayda ünlülərin doğum günüdür həm də.
Varisin “Həftənin təqvimi” yazısından seçmələr
Kənan Hacının “Hakimə açılan atəş” romanı müstəqillik illərinin tarixi hadisələrini əks etdirir
Yazıçı Kənan Hacının "Hakimə açılan atəş" romanı çapdan çıxıb. Müəllifin verdiyi məlumata görə, “Qanun” nəşriyyatında çap edilən "Hakimə açılan atəş” romanı uzun illər ədliyyə sistemində çalışmış, Cəbrabyıl və Zərdab rayon məhkəmələrinə sədrlik etmiş, Birinci Qarabağ savaşında şəhid olmuş Məhərrəm Məmmədovun ömür yolundan bəhs edir.
Eyni zamanda romanda Azərbaycanın müstəqillik illərində yaşanılan hadisələr geniş təsvir olunur. Romanda Birinci Qarabağ müharibəsi və Zəfər günümüz təsvir edilir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş romanın oxucular tərəfindən bəyəniləcəyinə əminlik bildiririk.
Görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin 70 illiyi qeyd olunub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin (1951–2012) 70 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Tədbirdə mədəniyyət naziri Anar Kərimov, teatr və kino ictimaiyyətinin nümayəndələri, sənətkarın ailə üzvləri iştirak ediblər.
Mədəniyyət Mazirliyinin məlumatına görə, yubiley gecəsində çıxış edən Anar Kərimov Yaşar Nurinin həyat və sənət yoluna nəzər salıb, onu Azərbaycan mədəniyyətinin böyük sənətkarı kimi xarakterizə edib: “Özünəməxsus səhnə mədəniyyəti və davranışı, improvizə qabiliyyəti, yaradıcılıq istedadı, obrazlara məxsusi yanaşma tərzi onu həmkarlarından fərqləndirirdi. Onun film və tamaşalarda yaratdığı obrazların dili ilə dediyi sözlər az qala hər birimizin dilində gündəlik işlədilən və tez-tez rast gəldiyimiz ifadələrə çevrilib. Yaşar Nurinin yaratdığı obrazlar hər bir tamaşaçı tərəfindən daima seviləcək və xatırlanacaq. Bu, sənətkarın xoşbəxtliyidir. Böyük teatr və kino aktyoru, gözəl insan Yaşar Nuri hər zaman böyük hörmət və ehtiramla anılacaq”.
Çıxışının sonunda nazir Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, müharibədə qazanılan Qələbənin teatr və kino əsərlərində də təcəssüm olunmasını arzulayıb.
Teatrşünas, professor İlham Rəhimli deyib ki, Azərbaycanın teatr və kino sənətində nadir sənətkarlarından biri də Yaşar Nuri idi: “Yaşarın həssas ürəyi olduğu üçün tamaşaçının daxilində keçən duyğuları hiss edə bilirdi. O, Azərbaycanın nadir sənətçilərindəndir ki, satira, faciə və komediya janrında bənzərsiz rollar yaradıb. O, Dövlət Akademik Milli Dram Teatrında yeganə aktyorlardandır ki, kukla teatrında da rol oynayıb. Onun daxilində o qədər enerji var idi ki, obrazlı şəkildə desək, onunla su dəyirmanını hərəkətə gətirmək olardı”.
Xalq artisti Vaqif Mustafayev bildirib ki, Yaşar Nuri canlandırdığı obrazları daxilən dərindən hiss etdiyindən, onu bütün varlığı ilə yaşadığından çəkilişlər bitəndən sonra da həmin obrazdan uzun müddət çıxa bilmirdi. Xarici qastrol səfərlərində də Yaşar öz istedadı ilə tamaşaçıların üzündə təbəssüm yaradırdı. “Hər şey yaxşılığa doğru” filmində Yaşar Nuri “Pobeda za nami” (Qələbə bizimlədir) sözünü işlətmişdi. Belə də alındı, apardığımız 44 günlük müharibədə Azərbaycan xalqı uzun illər gözlədiyi Zəfəri qazandı”.
Xalq artisti Ramiz Həsənoğlu və başqa çıxış edənlər də sənətkarın yaradıcılıq keyfiyyətlərindən danışıb, xatirələrini bölüşüblər. Bildirilib ki, sevilən sənətkarın səhnədə “Övlad”da Silva, “Bağlardan gələn səs”də Pərviz, “Ölülər”də Məşədi Oruc, “Od gəlini”ndə Altunbay, “Bizim qəribə taleyimiz”də Davud, “Bəşərin komediyası və yaxud Don Juan”da Sqanarel, “Dəli yığıncağı”nda Sərsəm Salman və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.
Yaşar Nuri eyni zamanda televiziya tamaşalarında da yaddaqalan obrazların görkəmli ifaçısıdır. “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat” və s. teletamaşalarda bənzərsiz rolların mahir ifaçısı kimi sevilib.
Diqqətə çatdırılıb ki, kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan aktyor “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və digər filmlərdə də səhnədəki uğurlarını təkrarlayıb,
Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Teymur Əmrah və Aybəniz Haşımova, sənətkarın qızı Ülkər Nuriyevanın ifasında musiqi nömrələri yubiley gecəsinə rəng qatıb.
Gecədə həmçinin Yaşar Nurinin rol aldığı səhnə əsərləri, film və televiziya tamaşalarından fraqmentlər tamaşaçıların könlünü oxşayıb.
Sənətkarın ailəsi adından çıxış edən qızı Ülviyyə Nuriyeva yubiley tədbirinin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib.
Şəki şəhərinin bir sıra mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür
Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində mövcud olan daşınmaz mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisi daxilində yerləşən, 120 hektar sahəsi olan Şəki şəhərinin ən qədim hissəsi “Şəki Xan sarayının və şəhərin tarixi mərkəzi” adı ilə 2019-cu il 7 iyul tarixində Ümumdünya İrs Siyahısına daxil edilib.
Şəkinin qədim hissəsinin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsi zamanı “Dünya İrs Konvensiyası”nın II və V meyarları əsas götürülmüşdür. II meyara görə Şəki şəhərinin qədim hissəsinin memarlığı Böyük İpək Yolu üzərində yerləşən bir tarixi Azərbaycan şəhəri kimi intensiv beynəlxalq ticarətin və qonşu mədəniyyətlər ilə mədəni mübadilənin izlərini özündə əks etdirir. V meyara görə isə Şəkinin şəhərsalma və memarlıq ənənələri təbiət ilə mədəniyyətin ahəngli harmoniyasını, insanların təbiət resurslarından səmərəli və dayanıqlı istifadə etməsini özündə əks etdirir.
Bu meyarlar üzrə Şəki şəhərinin tarixi hissəsi Dünya İrs Siyahısına daxil edilsə də, həmin hissədə yerləşən bir çox tarixi tikililər, tarixi mühəndis-kommunikasiya qurğuları, yaşayış evləri və ictimai binalar “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarına əsasən təsdiq edilmiş siyahıya daxil edilməmiş və onlara inventar nömrəsi verilməyib. Buna görə də Şəkinin qədim hissəsində yerləşən bir sıra tikililərin yeni aşkar edilmiş tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə alınması labüd məsələyə çevrilib.
Şəki şəhərinin UNESCO Ümumdünya İrs siyahısına daxil edilmiş qədim hissəsində yerləşən onlarla tarix və mədəniyyət abidəsinin yeni aşkar edilmiş tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülməsi üçün Azərbaycanın mədəni irs sahəsində mövcud normalara və beynəlxalq mədəni irs normalarının tələblərinə istinad edərək təkliflər hazırlanıb.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsünün aparılması, həmçinin təsdiqlənmiş siyahıdan abidənin çıxarılması və əlavə edilməsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Qeyd edilənləri nəzərə alaraq, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində mövcud olan sözügedən daşınmaz mədəni irs nümunələrinin dövlət mühafizəsinə götürülməsini təmin etmək məqsədilə “Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı hazırlanıb.
Azərbaycan İstanbul İncəsənət və Əntiq Sərgisində təmsil olunur
Türkiyənin İstanbul şəhərində növbəti dəfə İncəsənət və Əntiq Sərgisi təşkil edilib.
Mədəniyyət Nazirliyin bildirir ki, nüfuzlu incəsənət və əntiq əşya qalereyalarının iştirak etdiyi sərgidə Azərbaycan və Ukrayna qonaq ölkə qismində dəvət olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz builki sərgidə Əlyar Əlimirzəyev, Məmməd Rəşidov, Rəşad Mehdiyev, Anar Hüseynzadə, Zərnişan Yusif kimi heykəltəraş və rəssamların əsərləri ilə təmsil olunur.
Sərginin ilk günü Bodrum Şəhər Bələdiyyəsinin sədri Ahmet Arasın iştirakı ilə açılış mərasimi keçirilib, klassik musiqi konserti baş tutub. Yüksək peşəkarlıqla dizayn olunmuş Azərbaycan sənətçilərinə ayrılmış guşəyə böyük maraq göstərilib, ziyarətçilər İstanbul şəhərindəki sərgidə iştirak edən Əlyar Alimirzəyev, Vüqar Muradov və Məmməd Rəşidov ilə tanış olmaq və onların əsərləri haqqında ətraflı məlumat almaq imkanı əldə edib. Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin əməkdaşları Mirkamran Mahmudov və Kənan Hüseynov, həmçinin Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndələri Azərbaycan stendində ölkəmizin mədəniyyəti və incəsənəti haqqında məlumatları sənətsevərlərlə bölüşüb.
Sərgidə iştirak edən Bodrum Şəhər Bələdiyyəsinin sədri Ahmet Aras Azərbaycanın stendini ziyarət edib, dəyərli sənətkarların əsərləri ilə tanış olub. Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən Ahmet Arasa kitab hədiyyə edilib.
Qeyd edək ki, 2-ci İstanbul İncəsənət və Əntiq Sərgisi noyabrın 7-dək davam edəcək.
Nizami Gəncəvi poeziyasının Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə daha bir sanballı töhfə hazırlayıb.
AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, bölmə tərəfindən Əməkdar müəllim, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyevanın “Nizami Gəncəvi poeziyasının Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü” adlı kitabı nəşr olunub.
Monoqrafiyada Nizami Gəncəvinin əsərlərinə yazılmış 30-a yaxın musiqi əsəri təhlil edilərək, onların ümumi cəhətləri qeyd olunub. Tədqiqat işində Azərbaycan bəstəkarlarının vokal əsərləri ilə Nizami Gəncəvinin şeirlərinin milli xarakterinin vəhdət təşkil etməsi özünü göstərir.
Kitabda Nizami Gəncəvinin poetik irsini Azərbaycan bəstəkarlarının yaradıcılığında əks etdirən əsərlər haqqında məlumatlar göstərilməklə (bəstəkarları, janrları və yazılma tarixləri) təxmini siyahısı da yer alıb. Bundan əlavə, son zamanlar Nizami Gəncəvi irsi və musiqinin vəhdəti mövzusunda nəşr olunan bir sıra kitabların adları qeyd edilib. Monoqrafiyada musiqiçilərin diqqətinə səbəb olacaq daha bir cəhət isə not nümunələrinin göstərilməsidir.
Azərbaycan xalq rəssamı Oqtay Şıxəliyev.
“Mədəniyyətə diktatura lazımdır" - Siyavuş Kərimi
Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin APA-ya verdiyi olduqca maraqlı müsahibəsini portalımızın Daycest bölməsində oxucularımıza təqdim edirik.
- Bəstəkar Siyavuş, yoxsa məmur Siyavuş?
- Musiqiçi Siyavuş. Ümumiyyətlə, məmurluğa yaradıcı münasibət olarsa, məmurluq özü də bir yaradıcılıqdır. Yaradıcı adam adını daşımaq üçün mütləq yazıçı, şair olmağa ehtiyac yoxdur. Həkim də yaradıcı ola bilər. Müəllim də yaradıcıdır, çünki o da insan yaradır. Bunları kateqoriyalara bölmək düzgün deyil. Ancaq ən vacibi insan olmaqdır.
- Necə gedir həyatınız?
- Həm sənədlərlə işləyirəm, həm uşaqlarla işləyirəm, həm də notlarla... Yaradıcılıq da öz yerində.
- Görünür, pis yaşamırsınız.
- Mən çox yaxşı yaşayıram. Hər səhər duranda Allaha şükür edirəm ki, “Ay Allah minnətdaram ki, bu günü mənə bəxş elədin”. Hər günümə sevinirəm. Təbii ki, mənim də həyatımda çatışmayan nələrsə ola bilər. Amma bu gün bitir, sabah yeni gün başlayır. Düşünürəm ki, insan hər gününə şükür etməlidir. Bəlkə mənimlə razı deyilsiniz?
- Yox. Mən sizin kimi universitet rektoru deyiləm, axı. Sabahımdan narahat olmağa kifayət qədər səbəbim var.
- Görünür, bizim həyata baxışlarımız fərqlidir. Heç vaxt sabah haqqında düşünməyin. Sabah olacaq, yoxsa olmayacaq, bunu bilə bilməzsiniz. Bugünkü gün sizin ən gözəl gününüzdür. Dünənki gün getdi.
- Konservatoriyada işlər necə gedir?
- İşlər çox yaxşı gedir. Ancaq mən yenə də razı deyiləm. Çünki mən həmişə daha çox inkişaf istəyirəm. Bu, təbii haldır, belə də olmalıdır. Ümumilikdə götürəndə isə bugünkü vəziyyətimiz yaxşıdır. Yaxşı binamız, dərs otaqlarımız, alətlərimiz, yaxşı tələbələrimiz, populyar müəllimlərimiz var. Mən deyərdim ki, Azərbaycanda mövcud olan ali məktəblər arasında Milli Konservatoriya həcmcə kiçikdir, amma müəllimləri baxımından ən populyar ali təhsil müəssisəsidir. Çünki Azərbaycanın ən tanınmış insanları, Xalq artistləri, Əməkdar artistləri, televiziyada səhərdən-axşama gördüyümüz insanlar burada müəllimdir.
- O Xalq artistləri ilə işləmək özü də yüksək idarəçilik qabiliyyəti istəyir. Çünki yaradıcı adamların kaprizləri çox olur. Sizə çətin deyil?
- Razıyam, yaradıcı adamların kaprizi çox olur, burda olanların da demək olar ki, hamısı yaradıcı adamlardır. Hərəsinin öz dili var. Mən konservatoriyada işləyən müəllimlərin xətrini çox istəyirəm. Çox sağ olsunlar, onların da mənə münasibəti yaxşıdır. Tez-tez deyirlər, sən dahi adamsan ki, bu adamlarla dil tapa bilirsən, onlar səninlə yola gedir.
- Bəzən konservatoriyadan ayrılan ya da ayrılmalı olan müəllimlərin etirazlarını da görürük. Həmin etirazlara münasibətiniz necə olur?
- İşləmək lazımdır. Bu iş müqəddəs işdir. Bura gənc musiqiçi gəlir ki, bu sənəti öyrənsin. Eləsi var, ödənişli oxuyur, dövlətə pul keçirir ki, onu öyrədəsən. O tələbə üçün dərs deyilməlidir, özü də yüksək səviyyədə. Xalq artisti, digər adlar ölkə mədəniyyəti üçün görülən işlərin qiymətidir, onun təhsilə heç bir aidiyyəti yoxdur. Burda elə müəllimlərimiz var ki, onların fəxri adı yoxdur, amma yetişdirdikləri tələbələr bu gün Xalq artistidir. Əslində, bu yerdə növbəti sualım başqa istiqamətdə olacaqdı. Amma birdən məni bu adamı yaşından xeyli cavan göstərən şuxluğu, gözündəki həyat eşqi maraqlandırır. Siyavuş Kəriminin baxışlarında anidən sezdiyim bu məqam məni bu sualı verməyə vadar edir. Çünki bilirəm ki, onun gözlərində gördüyüm işartının səbəb olsa-olsa, bu sualın cavabındadır.
- Siyavuş müəllim adam aşiq olanda necə olur?
- Dəli.(gülür) Əlbəttə, bunu zarafatca deyirəm. Bu, çox gözəl hisslərdir. Tanrı bu hissləri hər bəndəsinə qismət etmir. Elə bəndələr var ki, bilmir aşiq olmaq nədir. Elə bəndələr var ki, dəfələrlə aşiq olur. Belə adamlar xoşbəxt adamlardır. Aşiq olmaq, sevmək, sevilmək gözəldir.
- Xanımınız gözəldir. Gözəl zövqünüz var.
- Bilirəm. (gülür) təşəkkür edirəm.
- Necə qərar verdiniz ki, məhz, bu qadın?
- Oldu da… Gözəllik yaxşı şeydir, amma düşünürəm ki, insanın daxili gözəlliyi daha vacibdir, bu da onda var.
- Birinci evliliyinizlə ikinci evliliyiniz arasında uzun məsafə var. Bir kişi üçün bu qədər uzun müddət tək olmaq çətin olmadı?
- Nə danışırsınız? Mən təkliyi çox sevirəm. Mən indi də təkliyə qaçıram. Mənim xoşum gəlir özümlə qalım, özümə irad tutum, özümə hesabat verim.
- Amma bir qadına həmişə ehtiyac var.
- Ona görə ikinci dəfə evləndim də.
- Amma gec evləndiniz...
- Olsun. İlhamə demişkən, yaşın nə fərqi var ki.
- Ailə dəyərlərinə bağlı adamsınız?
- Azərbaycan tərbiyəsinə görə, Allahdan sonra valideynlər gəlir, onlara peyğəmbər kimi baxılır. Məncə, valideynlərə o cür də münasibət bəsləmək lazımdır. Mən dünyanın bir çox ölkəsində, müxtəlif qitələrdə olmuşam. Valideynlərə qarşı müxtəlif münasibətlər görmüşəm. Məsələn, bəzi ölkələrdə övladlar valideynləri ahıl yaşda qocalar evinə qoyurlar. Düzdür, qocalar evində onların rahat yaşaması üçün hər cür təminat olur. Bir tərəfdən baxanda bu normaldır. Amma Azərbaycanda nə qədər yüksək səviyyəli qocalar evi olsa da, bu, normal qəbul olunmur. Övlad deyir ki, niyə mən ola-ola valideynim qocalar evində olmalıdır?
Şəxsən mən də o cür düşünürəm. Valideyn mənə həyat verib, mən onları on beş dəqiqə görməyəndə ürəyim partlayırdı. Mən onu necə başqasının himayəsinə buraxa bilərdim ki... Bu, heç vaxt ola bilməzdi, olmadı da. Ümumiyyətlə, mənim valideynim niyə məndən qıraqda olmalıdır ki?
- Amma bu gün sizin oğlunuz Emin sizdən xeyli uzaqda-Amerikadadır.
- Bilirsiniz, burda artıq vəziyyət dəyişir. Mən ona yaxşı baxmıram ki, övlad 40-50 yaşına qədər atanın yanında olsun, onun problemlərini ata həll etsin. Mən bunu düzgün hesab etmirəm. O yaşda övlad artıq özü atanı himayə etməlidir. Bu gün mənim övladım məndən uzaqdadırsa, mən onu görə bilmirəmsə, ancaq o xoşbəxtdirsə, bu, mənə bəsdir. Eminin Amerikada ailəsi, öz işi, bir sözlə, bir həyatı var. Əgər o mənim yanımda qalıb, kefsiz olacaqsa, bu, mənim üçün dərd olardı. Bilirəm ki, o, orda yaxşıdır, orda xoşbəxtdir. O xoşbəxtdirsə, mən də xoşbəxtəm.
- Siz 70-ci illərdə “Aşıqlar” qrupunda çıxış etmisiniz. Özünüz də saz çala bilirsiniz.
- Mən, əslində, tar çalırdım, amma tara yaxın olan bütün alətləri də ifa edə bilmişəm. Saz da həmçinin.
- Bu gün sazı daha çox “palatka toylarında” görürük. Saz yanlış adamların əlinə düşüb, yoxsa biz ona qiymət verməyi bacarmırıq? Səbəb nədir?
- Azərbaycan musiqi mədəniyyəti iki böyük sütun üzərində qurulub: bunların biri aşıq-ozan, digəri muğam mədəniyyətidir. Aşıq-ozan mədəniyyəti muğam mədəniyyətindən daha öncə yaranıb. Aşıq musiqisi çox böyük mədəniyyətdir. Bizim öz mədəniyyətimizi necə təbliğ etməyimiz bu işdə böyük rol oynayır. Misal üçün, oğlanlar ən çox idman dərsini sevir. Əgər bir oğlan idman dərsindən qaçıb riyaziyyat dərsinə gedirsə, bu, riyaziyyat müəlliminin uğurudur. Hər bir işdə biz öz peşəkarlıq səviyyəmizi qoruyub saxlamalıyıq.
- Deməli, problem təqdimatdadır?
- Xeyr, təbliğatdadır. Biz təbliğatı maraqlı və yerində etməliyik. Məsələn, bu gün televiziyalarda şou-biznesə daha çox yer verilir. Bu, televiziyaların çox böyük günahıdır. Televiziyalar cəmiyyəti arxasınca aparmağı bacarmalıdır. Təəssüflər olsun ki, bugünkü televiziyalar cəmiyyəti arxasınca aparmaq əvəzinə cəmiyyətin arxasınca gedir. Cəmiyyət nə istəyir, kanallar da onu verir. Təbii ki, burda reklam, maliyyə maraqları var.
- Bəs, internet məkanı? Orda reytinq qıran bayağı nümunələrin də günahı televiziyalarda deyil, axı.
- Deməli, televiziyalar zəif işləyir ki, hamı internetə baxır. Əlimdə olsa, mən interneti də redaktə edərdim.
- Bu, lap senzura olar ki...
- Senzura əslində, çox gözəl şeydir. Mədəniyyət və demokratiya uzlaşmır. Mədəniyyət və demokratiya sonda mədəniyyətsizliyə gətirib çıxarır. Mədəniyyətdə mütləq diktatura olmalıdır. Mədəniyyəti mütləq tərbiyə etmək lazımdır. Balaca uşaq yanınızda nalayiq söz işlədəndə, bir dəfə tənbeh edirsiniz, bəlkə də vurursunuz və deyirsiniz ki, bu sözü işlətmək olmaz. Bu, artıq siz tərəfdən diktaturadır. Yoxsa, sən dayanıb deyəcəksən ki, mən demokratikəm, qoy desin, olmaz axı. Mədəniyyət də belə. Mədəniyyəti tərbiyə etmək lazımdır. Bu gün bizdə mədəniyyətdə demokratiyadır. Görün, televiziyalarda nə baş verir? Oxuya bilməyən oxuyur, çala bilməyən çalır. Adını da qoyublar demokratiya.
- Yəni deyirsiniz ki, mədəniyyətdə diktatura olsun?
- Bu mənim şəxsi fikrimdir. Mən hesab edirəm ki, mədəniyyətə mütləq diktatura lazımdır.
- Bəs, Vaqif Mustafazadənin muğamla cazı sintez etməsinə olan etiraz mədəniyyətdə diktatura deyildi?
- Sovet ideologiyasında caz mədəniyyəti burjua mədəniyyəti hesab olunduğuna görə hökumət caza icazə vermirdi. Ona görə də Vaqifi sıxışdırırdılar. Vaqif də çox gözəl caz ifaçısı idi. Caza və Vaqifə olan münasibət daha çox dövlət strukturunda olan problem idi.
- Konservatoriya saz sənətinin təbliği istiqamətində hansı işlər görür?
- Biz aşıq musiqisini tədris edirik. Çox istərdik ki, konservatoriyaya qədər qurumlar, aşıq musiqisinin tədrisini verənlər bu işlə çox ciddi məşğul olsunlar. Çünki konservatoriyaya gələn aşıqlar not bilgisindən zəifdir, onlar bir çox şeyi bilmir. Amma onları kəsib tökə bilmərik. Məcbur olub, musiqi məktəbində onlara keçilməli olan dərsləri də keçirik ki, daha sonra keçilənləri qavraya bilsinlər.
- Ermənistanda balaban istehsalı zavodu var…
- Ermənilərin təbliğat maşını yaxşı işləyir. Mən günahı onların bizim aləti mənimsəmək siyasətində yox, bizim öz alətimizi zəif təbliğ etməyimizdə görürəm. Gərək biz öz alətimizi çox güclü təbliğ edəydik. Bilirsiniz ki, əvvəllər konservatoriyada balabanın tədrisi yox idi. Mən rektor təyin olunan kimi birinci işim balaban sənətinin tədrisini yaratmaq oldu. Balabanların modifikasiyalarını yaratdım. Mən gələnə qədər ölkədə barmaqla sayılası qədər balaban ifaçısı vardı. İndi baxın, bu gün onlarla yox, yüzlərlə balaban ifaçısı var. O balaban ifaçıları festivallarda, müsabiqələrdə ən yüksək pillələri tuturlar. Hətta Fransadan bizim konservatoriyaya balabanı öyrənmək üçün gəlirlər. Həmin fransızlar deyir ki, onları bura ermənilər göndərib ki, balabanı öyrənsinlər. Ermənilər onlara bildirir ki, “gedin Azərbaycana, bu alət bizim deyil, onlarındır”.
- Yəni özləri də etiraf edir ki, balaban onların deyil?
- Bəli, bəli.
- Bir sözlə, deyirsiniz ki, Konservatoriya adındakı Milli sözünün haqqını verir.
- Təbii ki. Milli dəyərlərimiz hər şeydən üstündür. Dünyanın hər yerində milli dəyərlərə daha çox diqqət verilir. Bayaq Vaqifin adını çəkdiniz. Dünyada nə qədər gözəl caz ifaçıları var, amma, Vaqif Azərbaycan milli cazını çalırdı. Ona görə də festivallarda onu dünyanın ən zərif pianoçusu adlandırırdılar.
- Milli Konservatoriyanın Bakı Musiqi Akademiyasından ayrılmasını bölünmə kimi qiymətləndirənlər də var.
- Nə bölünmək? Bu, bölünmə deyildi, milli musiqini inkişaf etdirmək üçün atılan addım idi. Buna görə bu bina tikildi, buna görə bura bu qədər vəsait yönəldildi, o qədər festivallar keçirildi. Görün, bunlar milli mədəniyyətimizin inkişafına nə qədər təkan verdi. Bu məsələni kim bölünmə şəklində qoyursa, deməli, Azərbaycan musiqisinin inkişafını istəmir. Bu il konservatoriyanın 20 yaşı tamam olur. Ulu Öndər Heydər Əliyevin bu addımı bu gün Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayır. Azərbaycan milli musiqi mədəniyyəti heç vaxt bu qədər inkişaf eləməmişdi. Heç vaxt, heç bir zaman. Görün, bu gün bizim necə musiqiçilərimiz var: Sahib Paşazadə, Şəhriyar İmanov, Nicat Məsimov, daha kimlər, kimlər...
Bizim çox yaxşı tələbələrimiz var. Məzunlarımızın əksəriyyəti də işlə təmin olunub. Kimi operada, kimi teatrda, kimi toylarda...
- Belə başa düşdüm ki, toy müğənnilərinə münasibətiniz pis deyil.
- Toy da bir qazanc mənbəyidir. Toy Azərbaycan mədəniyyətinin ən gözəl adətlərindən biridir. Bilirsiniz, toy bir olmur, beş olmur. Hamı da toyuna xalq artisti dəvət edə bilmir. Bir də görürsən ki, iki gündür, musiqi ilə məşğul olan adam da toya gedib, pul qazanır.
- Qarşıdan “Avroviziya” mahnı müsabiqəsi gəlir. Sizcə, niyə çox vaxt bizim təmsilçilərimiz yerli bəstəkarların yox, xarici bəstəkarların yazdıqları mahnılarla Azərbaycanı təmsil edir?
- Mən bilmirəm niyə belədir? Xarici bəstəkarlara on min dollarla pul verib mahnı yazdırırlar, bizim çox istedadlı bəstəkarlarımız qalır kənarda. Niyə Azərbaycan üçün mahnını isveçli, norveçli yazmalıdır? Ona görə də mən “Avroviziya” mahnı müsabiqəsini qəbul etmirəm. Ümumiyyətlə, qəbul etmirəm. Hesab edirəm ki, gərəksiz və siyasiləşmiş festivaldır. Orda istedada qiymət verilmir. Ona görə də “Avroviziya” məni maraqlandırmır.
- Siyavuş müəllim, Sizcə ən yaxşı əsəriniz hansıdır?
- Övladlarım…
Kulis.az" saytına yeni rəhbər təyin olunub
Yazıçı Şərif Ağayarın işdən getməsi ilə əlaqədar “Kulis.az" mədəniyyət saytına yeni baş redaktor təyin olunub. Bu vəzifəni gənc yazar Ulucay Akif icra edəcək.
Ulucay Akif oğlu Məmmədov 14 may 1995-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, bakalavr (2013-2017) və magistratura (2017-2019) üzrə rus bölməsində təhsil alıb.
Ulucay Akif uzun illərdir "Kulis.az" saytı ilə əməkdaşlıq edir. O, mərhum şair Akif Səmədin oğludur.