Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalında İntiqam Yaşarın növbəti “Şənbə qonağı” Beynəlxalq Mahmud Kaşğari Fondunun rəhbəri, şair Elxan Zaldır.

 

- Salam, Elxan müəllim. Şeirin Elxanı bu gün ədəbiyyatla necə yol gedir?

 

-Özünüzün dediyiniz kimi, o, şeirin Elxanıdırsa, elə ədəbiyyatın içindədir. Ədəbiyyat elə bir şeydir ki, onunla yol gedə bilməsən, səni kənara atacaq. Bizpis-yaxşı yollaşıb o yolu gedirik.

 

-Bir tərəfdə türkçülük mövzusunda şeirlər müəllifi  Elxan Zal, digər tərəfdə avanqard poeziyanın nümayəndəsi Elxan Zal. Bir-biri ilə necə müqayisə etmək olar?

 

-Bu barədə özüm də düşünmüşəm. Bu sualı çox veriblər mənə. Amma mən planlı olaraq elə yazıram. Bunun planını həmişə qurmuşam. Bu günümüzün reallığıdır ki, Azərbaycanda iki növ sakin var. Biri Azərbaycanın uğrunda şəhid olan, onu yaşadan insanlardır, bir də Tarqovı əhli var. Bunlar bugünkü elitamızı təşkil edən insanlardır. Avanqard poeziya onlar üçün yazılır. Onlar üçün vətən anlayışı mənə elə gəlir ki, nisbi bir anlayışdır. Tarixdə də heç vaxt onlar qan tökməyib vətən uğrunda.  Amma onlar da cəmiyyətin bir nümayəndələridir və onların yaşam tərzi təxminən elə mənim yazdığım avanqard poeziyadakı kimidir. Bütün dünyada bu belədir. Cəmiyyətdə o təbəqə də var, bu təbəqə də. Poeziya özündə bunların hər birini ehtiva etməlidir. Klassik poeziya, indi tükcü deyirsiz, xalqın yaratdığı poeziyadır. Bir var xalqın yaratdığı poeziya, bir də var sarayın yaratdığı poeziya. Sarayın yaratdığı poeziya həmin o avanqard təbəqə üçündür. Mənim şeirlərimdə bunların hər ikisi də uğur qazanıb. Düzdü, avanqard poeziyam dünyada daha çox məşhurdu. Mehriban xanım Əliyevaya “Barış və Sevgi” mükafatı verilən zaman təsirlənib yazdığım silsiləm, mənim heç bir iştirakım olmadan bir çox dünya ölkələrində tərcümə olunub. Mənim o silsiləyə daxil olan “Polonez” poemam təxminən 12 dildə çap olunub. O poeziyam, bəli, özünə yaxşı yol açdı və mənə uğur gətirdi. Türkçülük deyirik,  məncə islamdan öncəki türkçülük heç vaxt təbliğ olunmamışdı. Unudulmuşdu demək olar ki. O obrazları qismən rus dilində Oljas Süleymenov 60-cı illərdə dirçəltmişdi. Mən də istədim ki, fars-islam düşüncə tərzindən daha da dərinə gedim, ondan əvvəlki düşüncə tərzini Azərbaycan ədəbiyyatına gətirim. Buna da nail oldum. Bu barədə həm yerli, həm də xarici mətbuatda çox yazıblar.

 

-Vurğuladığınız istiqamətlərdən hansının daha çox oxucusu var, sizcə?

 

-Modern şeirlərin daha çox oxucusu var. Bilirsiniz, modern şeirlərimdə də dediyim o qatlar var. O şeirlərdə də o klassika görünür. Məsəlçün, “Bakının küçələrində atlar görünür” və ya “Xəzərdə su qızları çimir” və s.. Mən bu günlə keçmişi qaynaşdırıram, sintezlərini yaradıram. Ona görə də gənclik ona daha çox həvəs göstərir. Türkçülük bilirsiz necədi? Təxminən min il ərzində bu mövzu Azərbaycanda olmayıb. Fars düşüncəsini, fars poetik obrazlarını gətirib otuzdurublar düşüncəmizə. Aşıq poeziyamızda da bu oturub, klassik  poeziyamızda da bu oturub. Yeni şeirdə yeni cığır açmaq da çox çətindi. Onun tərəfdarları çox azdı. Türkiyənin özündə də çox azdı. Yeni poeziyanın oxucuları Orta Asiyada daha çoxdu. Onlarda  o mövzü daha çox inkişaf edib. Burda türkçü poeziyada Nihal Atsız və s. olub. Bunlarda da sözlərdə türkçülük var, obrazlarda, demək olar ki, yoxdur. Mənim onlardan fərqim o oldu ki, mənim obrazlarım da türkdür.

 

-“Tarqovı peyzajı” kitabı haqqında da kifayət qədər fikirlər söylənilib, “Savaş ayələri" kitabı haqqında da. Ədəbi tənqidçilərin sizin hansı nəfəsinizə daha dərindən yanaşdığını düşünürsünüz?

 

-Ədəbi tənqidçilərin sözlərinə, düzü, o qədər də əhəmiyyət vermirəm. Məni şairlərin dedikləri daha çox maraqlandırır. Tənqidçi yeni poeziyanı yaxşı “görmür”, tarixdə elə şey olmayıb ki, onlar onu “görsün”. Bir misal çəkim, İosif Brodski var idi, Sovet şairi idi. Onu SSRİ miqyasında kəşf edən Anna Axmatova olub. Dünya miqyasında  ingilis şairi Oden onun haqqında məqalə yazdı və Brodskini gördü, amma tənqidçilər onu söyürdü. Odenin yazısından sonra başladılar onu tərifləməyə. Yəni belə olur. Ona görə, nə deyim, yaradıcılığımın hər iki istiqaməti haqqında gözəl fikirlər deyilib. “Tarqovı peyzajı” haqqında Vaqif Səmədoğlu bir yazı yazıb. O sənətkar bircə dənə yazı yazıb kiminsə  kitabı haqda, o kitab da mənim kitabımdır. Azərbaycanda sevdiyim adamların hamısı bu barədə müsbət fikir söyləyib. Xarici müəlliflərdən Çolpan Zarifin fikirləri mənim üçün çox qiymətlidi. Çünki o, həm şairdi, həm də alim. O, dərin qatları aça bilir.

 

-Necə düşünürsünüz, şəhər və kənd poeziyası  bölgüsü doğrumu anlayışdır?

 

-O, bir vaxtlar var idi, artıq şəhərlə kənd arasındakı fərq götürülüb. Tutaq ki, bu gün - 21-ci əsrdə bulaq başından yazası deyilik, çünki bulaq başı yoxdu. Əvvəllər bu aktual idi, amma artıq yoxdur. Sadəcə, ənənə ilə yazan uşaqlar var, onların yazdıqlarında təzə heç nə yoxdur. Kənd poeziyasından bunu deyə bilərik: Bakı bu gün meqapolis olub. Aydın məsələdir ki, Bakıda  yazıb-yaradan adamla Tovuzda və ya Gədəbəydə yazıb-yaradan adamın baxışında xeyli fərq olacaq, amma əvvəlki qədər deyil. Burdakı lüks mühit artıq orada da qismən var. Ona görə şəhərdə yaşayan adamla kənddə yaşayan adam arasında ciddi fərq olmayacaq. Sadəcə baxır, o sənətkar dünyaya necə baxmaq istəyir. Sən, məsəlçün, Aşıq Ələsgərin gözü ilə də dünyaya baxa bilərsən, Rəsul Rzanın gözü ilə də və ya onların sintezi ilə də. Ümumilikdə Azərbaycanda şəhər poeziyası olmayıb. Mən hesab edirəm ki, birinci meqapolis şeiri “Tarqovı peyzajı” kitabıdır. Bizdə fərqi çox da yoxdur, amma meqapolisin gətirdiyi şeylər var. Siz gənclər onsuz da bunu yaradacaqsınız. Yeniliklər var, indi internet var. İnternet insanların təfəkkürünü yönləndirən xüsusi bir vasitədir. Onsuz həyat artıq təsəvvür olunmur. İnsanlar gününün çox hissəsini internetlə keçirir. Artıq dünyadan təcrid də deyilsən. Filmlərə baxırsan, hər şey artıq qərbin əlindədir. İnternet, televiziya və s. dünyaya yeni folklor gətiriblər, yeni personajlar gətiriblər. İnsan artıq ondan kənarda qala bilmir. Artıq uşaqlara belə, keçmiş anlayışlarla dərs demək olmur. Uşaq elə şeylərlə təmasdadır ki, bu, alınmır. Dünya tamam yeni yaranmış bir miflə əhatələnib artıq. Bizim əvvəlki poeziya, İslam təsəvvürü, qədim İran-İslam mifi qarışıq bir şey idi. Bu, “Şahnamə”dən gəlirdi, sonra da bir az da Şeyx Nizami gətirdi o mifləri. Mədrəsələrdə də yalnız onlar təbliğ olunurdu, o təfəkkür var idi. Artıq yeni dövrdə gənclik onu qəbul eləmir. Çünki gənclik yeniliyə təşnədir həmişə. Gəncliyə yol verməsən, onsuz da səni əzib keçəcək, yolunu tapacaq. Burada kimisə sırımaq mümkün deyil. Bilirsən, Sovet dövləti bir zamanlar təbliğatı zorla sırıyırdı. Etik cəhətdən müqayisə etmək istəmirəm. Sovet vaxtı dövlətin ən çox təbliğ elədiyi adamlar var idi. Amma onları tanımır yeni nəsillər. Dövlətin divarlara qısdırdığı Anna Axmatovanı bu gün çoxu tanıyır.  Mənim gənclik illərimdə axmatovaları nəşr etmirdilər. Mən çox çətinliklə tapırdım onların kitablarını. Gənclik həmişə yenilikçidir.

 

- “Ulu Çinar” dərgisindən danışaq. Dərgini çağdaş ədəbi mühitdə necə görürsünüz? Ümumiyyətlə adekvatdırmı?

 

-O dərgi ədəbi dərgi kimi təsis olunmayıb. Onu mən ayrı formada təsəvvür edirdim. Sadəcə, vəsait çatışmazlığından ədəbi dərgi kimi qaldı. İlk saylarını görmüsünüzsə ümumtürk mədəniyyətini təbliğ edən dərgi idi. Ümumtürk mədəniyyəti üçün nəsə etmək istəyirsənsə, bütün türkdilli xalqların bildiyi bir dildə etməlisən. Bu, ya Türkiyə türkcəsi, ya da rus dilidi. Yəni sən hansı dili təbliğ etmək istəyirsənsə o dildə olmalıdı. Ona görə dərgini saxlayıb kitablar nəşr etməyə başladım. Enerjimi boş yerə apardığını düşünürdüm. Sayt formasında etmək istəyirəm, onun üzərində düşünürəm. Tükcə, ya da rusca edəcəyəm.

 

 -   Elxan müəllim, hansı dillərə olunan tərcümələr sizi qane edir?

 

-Bu barədə çox da məlumatlı deyiləm. Bizim tərcümədə elə bir sistem yoxdu. Sovet dövründə belə bir sistem var idi. Bir qrup şair, yazıçı, elm adamlarını seçirdilər və onları təbliğ edirdilər. Son dövrlərdə Azərbaycanda kimi yaxşı tərcümə ediblər, məlumatım yoxdur. Biz kiminsə haqqında məlumatlanıb tərcümə edirik, bizim haqqımızda da o cür tərcümə edirlər. Biz o dilləri mükəmməl bilmirik, ona görə nə dərəcədə yaxşı tərcümə olunub, bilə bilmərik. Bizim etdiyimiz tərcümələr barədə danışmaq olar. Mənim və ya başqasının yazılarını ən çox rus dilinə tərcümə edirlər. Yaxşı da alınır. Amma başqa dilləri yaxşı bilmədiyim üçün xırdalıqlarını nə dərəcədə yaxşı tərcümə ediblər, deyə bilmərəm. Heç kim də deyə bilməz ki, məni mükəmməl tərcümə ediblər. Yaxşı tərcüməni tərcüməçidən başqa da yaxşı sənətkar etməlidir. Başqa dili bilmək azdır. Gərək bildiyin dili xırdalıqlarına kimi yaxşı biləsən və öz dilini də mükəmməl biləsən. Qırğızıstanın xalq yazıçısı var, Markabay Aamatov, mənim şeirlər silsiləmi tərcümə edib. “Ayrı sevgilər” adlanan o silsiləni bilirəm ki, yaxşı tərcümə edib. O, səviyyəli şairdir, həm də dostumdur. Başqaları da edib, bəyəndiyim də var, bəyənmədiyim də. Rus dilini özüm yaxşı bilirəm, Türk dilini də yaxşı anlayıram, Qazax dilini də həmçinin.

 

-Qazaxıstanla bağlı xüsusi ədəbi layihələriniz olur. Gördüyünüz işlərə orada maraq hansı səviyyədədir?

 

-Düşünürəm ki, orada maraq yaxşıdır, hər halda. Hamı da görür ki, Qazaxıstanda mənim yaradıcılığıma və şəxsiyyətimə maraq və sevgi var. Bir az pandemiya işləri məhdudlaşdırdı. Qazaxlar 3 böyük şəxsiyyətin adını çəkir həmişə. Bunlardan biri siyasətdə Nursultan Nazarbayevdir ki, onların dövlətinin qurucusudur.  Çünki, Nazarbayevə qədər elə bir stabil dövlətçiliyi olmayıb onların. 550 il qabaq bir xanlıq olub orada, sonra da o dağılıb. Bizdən də daha əvvəl ora ruslar tərəfindən zəbt olunub. Bunlardan ikincisi Oljas Süleymenovdur ki, onun yaradıcılığı rusca olsa da Qazax mədəniyyətinin dəyərli nümunəsidir. Onu da Azərbaycan türkcəsinə ilk dəfə sistemli olaraq dostum Akif Əhmədgillə mən çevirmişəm.  Onun yaradıcılığının 95 %-i bizim çevrməmizlə Azərbaycanda dəfələrlə nəşr olunub. Üçüncüsü isə Abaydır ki, Qazax ədəbiyyatının kökündə onun yaradıcılığı durur.  Onun yaradıcılığını da şair dostum İbrahim İlyaslı ilə birlikdə dilimizə uyğunlaşdırmışıq. Yazılan resenziyalardan da görünür ki, bu iş də uğurlu alınıb. Rəhmətlik Knyaz Mirzəyev vardı, Abay adına universitetin tərcümə kafedrasının müdiri idi. Bizim tərcümə haqda resenziya yazmışdı və çox yüksək qiymətləndirmişdi. O, xarici dillərə olunan tərcümələr içində ən yaxşılardan hesab etmişdi bizim tərcüməni.  Mən bütün bunların hamısını təmənnasız etmişəm. Nəşr xərcləri üçün də dostlarıma müraciət etmişəm. Sağ olsun millət vəkili Qənirə Paşayeva, Abayın da, Nursultan Nazarbayevin də kitabının çapına dəstək olub. Hər iki kitab onunla birgə layihəmiz kimi reallaşıb.

 

-Beynəlxalq Mahmud Kaşğari Fondundan söhbət edək. Nə işlər görürsünüz, irəliyə yönəlik planlar nədən ibarətdir?

 

-Planlar çoxdur. Fond səslənişdə banka oxşar səslənən bir anlayışdır. Fondun arxasında böyük maliyyə dəstəyi olmalıdır. Bu fond isə bir şair qonorarı ilə fəaliyyət göstərən bir qurumdur. Fondun işləri siyahısından Məhəmməd İqbalın yaradıcılığını tərcümə edib, təqdim etdik. Yəqin ki, qarşıdakı zamanlarda Əhməd Yəsəvinin yaradıcılığını tərcümə edərik. Hələ ki, gücümüz bunlara çatır. Fond o zaman böyük işlər görə bilər ki, ya mən milyoner olum, ya da hər hansısa milyonerin dəstəyini qəbul edim. Mən də bunu qəbul etmirəm. Bilirsiniz necədir?! Sənə kimsə pul verəndə, məcazi mənada desək, musiqini də o sifariş verir. Bu fond vasitəsi ilə ideyalarımı həyata keçirirəm. Müqəddəs adamları, vətən qarşısında, Türk dünyası qarşısında, İslam dünyası qarşısında xidmətləri olan adamları Azərbaycanda tanıtdırmaq istəyirəm. Bu zamana qədər ədəbi çevrə istisna olmaqla, Məhəmməd İqbal kimi böyük adam Azərbaycanda tanınmırdısa, bunun özü bir faciədir. Ən azından, o, böyük İslam mütəfəkkiri, Məvlanə Cəlaləddin Rumi ilə müqayisə olunan, dövrünün Rumisi deyilən bir şəxsiyyətdir. Bizi dövlət kimi ikinci tanıyan Pakistanın qurucusu, mənəvi atası olan şəxsiyyətin bizdə tanınmaması heç yaxşı hal deyil. Bir şeyi də vurğulayım ki, qarşıdan gələn bizim Zəfər günümüz Məhəmməd İqbalın doğum günü ilə üst-üstə düşür. Hər halda, bu da maraqlı bir məqamdır. Mən Abayın burada tanınmasını həmişə istəmişəm. Biz Qazaxıstanla bir-birimizə qardaş deyiriksə, birinci, xalqlar bir-birini tanımalıdır. Təkcə bu istiqamətdə mən iş görmürəm ki. Əkbər Qoşalı da, sən də bu yöndə işlər görürsünüz. Türk xalqlarını bu kimi fəaliyyətlər yaxınlaşdırır. Hələ ki, bizim elə bir oliqarxik elitamız yoxdur ki, mədəniyyətlə məşğul olsun. Ona görə də bu kimi işlər bu cür qurumların üzərinə düşür, oliqarxiyanın buna marağı yoxdur. Hazırda prezident də,  Heydər Əliyev fondu da dünyamiqyaslı mədəni layihələr həyata keçirir. Hər işi də onlarln görməyə borcu yoxdur ki. Yəni alt qurumlarda da işlər görülməlidir. O kimi layihələrə dəstək olunmalıdır. Amma, bu gün Azərbaycanda o elita yoxdur. Hamı bu gün gözünü Mehriban xanıma, prezidentə dikir. Dünyada elə bir praktika da yoxdur ki, iki nəfər bütün hər şeyi çatdıra bilsin. Ədəbiyyatın da məqsədlərindən biri o elitanın yetişməsi olmalıdır. Təhsil Nazirliyi də bu işdə maraqlı olmalıdır ki, o ənənənin formalaşması yönündə əsərlər tədris olunsun. Türkiyədə vəqf ənənəsi var. İnsanlar birinci sinifdən o tərbiyəni alır. Mən onlarla da işlər görürəm. Onlarda bu ənənə və düşüncə var ki, insan qazancının müəyyən bir qismini haqq yolunda verməlidir. Bu, elmə, mədəniyyətə və s. bu kimi istiqamətlərə yönələ bilər. Mən fondda bir mükafat təsis etmişəm, bu mükafatın bir qolu odur ki, mesenatlıq fəaliyyəti ilə məşğul olanlara verilsin. Bunu mən müəyyən adamlara vermişəm ki, mədəniyyət yönündə stimul olsun, vəsait xərcləsinlər. Amma bu adamlarda o düşüncə yoxdur. Medalı alandan sonra müəyyən vəsait xərcləyirlər və sonra qaçıb gizlənirlər. Bir az qəzetlərdə reklam olunur, aldıqları mükafatı da əllərində bayraq edirlər. Təssüf ki, Azərbaycanda mədəniyyətə pul xərcləyən bir şəxs, bir qurum görməmişəm. Dünyada fondları varlı təbəqədən olanlar yaradır, şairin nə pulu olacaq ki, mükafat verə. Dünyada mükafat verən, bəlkə də, yeganə şairəm mən. Mükafata tələb olunan xərcləri öz vəsaitim hesabına qarşılayıram. Azərbaycanda bir çox qurumlar mükafat verir, amma mənim verdiyim mükafat onlardan seçilir. Bu, mənim xidmətimə, şairliyimə olan hörmətin göstəricisidir. Bu, təkcə Azərbaycanda belə deyil. Bu mükafatı Türkiyədə də, Qazaxıstanda da, Qırğızıstanda da, Rusiyada da alanlar var. Mənəvi adamlar bu işin mahiyyətini yaxşı bilir. Mən istəyirəm, bizdə də o mesenatlar dalğası yaransın, yavaş-yavaş. Mən Qazaxıstanda da mədəniyyətə mesenatları cəlb etmək istəyirəm. Türkiyədən başqa heç bir yerdə bu yoxdur. Çünki, biz də, qazaxlar da eyni - Sovet sistemindən çıxmışıq. O pullu adamların çoxu SSRİ dağılandan sonra varlananlardır ki, o da normal qazanc deyil. Savadla, zəhmətlə qazanılmış pullar deyil.  Məsələn, bu il ölkədə “Nizami Gəncəvi ili” elan olunub. Deyirsən ki, belə bir ideyam var, Nizami Gəncəvi ilə bağlı, adam deyir ki, gəl atamdan yaz, məndən yaz, dəstək olum. Yəni, bu, onların düşüncə tərzidir. Mən 20 ilə yaxındır ki, bu işlərlə məşğul oluram. Milyarderlərlə də, nazirlərlə də həm burada, həm xaricdə söhbət etmişəm bu haqda. Düşüncə tərzini bilirəm insanların. Bir növ onları da başa düşürəm. Sən gedib çılpaq qayadan alma istəməklə o sənə alma verməz ki, almanı bağdan istəyə bilərsən.  Bunun üçün də əziyyət çəkməlisən, o meyvəni yetişdirməlisən. Biz bu günə elə-belə gəlməmişik ki. Babalarımızdan bizə elm, mədəniyyət ötürülüb. Hər halda, ölkə olaraq da dünya səhnəsində buna görə varlığımızı göstərə bilirik, yaşadığımz ölkə seçilən ölkədir. Ölkələr vardı ki, dağıldı getdi. Suriya, İraq hanı? Demək, bizim ənənələrimiz onlardan daha dərindir. Biz dövlət qavramımızı babalarımıza borcluyuq, genlə, yazdıqları ilə bunu bizə ötürüblər. Xalqımız dünyanın ən müdrik xalqlarından biridir.  Soros, Avropa burada qarışıqlıq yaratmaq üçün xeyli pullar xərclədilər. İstəklərinə nail ola bilmədilər. Amma dünyanın yarısını dağıtdılar.  Bu gün də bizdə ona çalışırlar, amma xalqın müdrikliyi ona imkan vermir. Bunun hamısı ənənədən, ədəbiyyatdan irəli gəlir. Azərbaycan dünyada yeganə dövlətlərdən biridir ki, onu qələm adamları yaradıb. Bunu dəfələrlə də yazmışam. Söhbət Azərbaycan adlı bir qurumun varlığından gedir. Mən böyük imperiyalardan danışmıram, Azərbaycan ideyasından danışıram. Azərbaycanın yaşayış səviyyəsi Avropaya çatmasa da, geridə də qalmır. Azərbaycanı Suriya ilə, İraqla, lap İranla müqayisə etmək olmaz.  Düzdür, Azərbaycanın ağıllı rəhbəri var. Amma, hər bir xalq öz rəhbərinə layiqdir. O xalqın səviyyəsi var ki, bu cür də rəhbəri var. Rəhbər xalqın içindən çıxır, o mühitdə böyüyür. Onu başqa mühitdən gətirmək olmaz. Başqa mühitdən gəlmiş rəhbər çox ağıllı da olsa, xalq o səviyyədə deyilsə, nə cür idarə edəcək ki?!

 

-Nurusltan Nazarbayevin kitabını Azərbaycancaya tərcümə etdiniz. Bu işiniz Qazaxıstanda necə qarşılandı?

 

-Bəli, o kitab Azarbaycanda ilk və son tərcümədir hələ ki. Beynəlxalq Mahmud Kaşğari fondu orada daha çox tanınır. Nursultan Nazarbayevin kitabları çox yaxşı, sistemli şəkildə yazılmış kitablardır. Qazaxıstan dövlətinin necə idarə olunmasından tutmuş Astananın qurulmasına qədər dövlətçiliklə bağlı bir çox məsələlər yer alıb o kitabda. Çalışdım, o kitab elə dairələrdə yazılsın ki, bizim idarəçi insanlar bilsinlər Nursultan Nazarbayev necə milli bir şəxsiyyətdir, bizə necə böyük bir sevgisi var. Mən bunu "Ordu günü" kitabımda da yazmışam. O bizim prezidentə elə yüksək münasibət göstərdi ki, o hadisədən sonra mənə də, rəhbərimiz – AYB sədri Anar müəllimə də münasibət, sözün müsbət mənasında, çox dəyişdi.

 

- Elxan müəllim, Pakistanın mənəvi atası Məhəmməd İqbalın şeirlərindən danışdınız. Onun xeyli yaradıcılıq nümunələrini ilk dəfə tərcümə etdiniz. Pakistanla bundan sonra ədəbi-mədəni əlaqələr baxımından nə kimi gözləntiləriniz var?

 

-Dünən bizim görkəmli alimimiz, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli o kitabın təqdimat mərasimində söylədi ki, bu iş özü bir tarixi hadisədir. Bundan sonra iki ölkə arasında ədəbi əlaqələr baxımından çox böyük gəlişmə başlayacaq. Həmin sözləri Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye də söylədi və iş birliyi də təklif etdi. Layihə irəli sürüldü, bununla bağlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işçi qrupu da yaradıldı. O işçi qrupunun tərkibinə mən də daxil edildim. Mən bilirəm ki, çox böyük ədəbi gəlişmələr olacaq. Çünki Pakistan çox böyük bir müsəlman ölkəsidir. Ölkə bölünəndən sonra Hindistan hissəsinin əsas elitası Pakistana köçdü. Orada sonuncu imperiya türk Moğol imperiyası olub. Hamısının qanında türk qanı axır. Düzdür, fərqli nigahlar çox olsa da, hər biri bilir ki, kimin nəslindəndir. Yəni, ya Baburdan gəlir, ya Sultan Mahmud Qəznəvidən gəlir. Oraya İslam iki dalğa ilə gedib. Birinci dalğa Sultan Mahmud Qəznəvi ilə, ikinci dalğa isə Babur şah ilə. Bu amillər də, dediyim kimi, Pakistanı bizə çox yaxın ölkəyə çevirib. Hətta Pakistanda elə tayfalar var ki, həmin tayfalar burada da var.  O gün televiziyaların birində verilişə baxırdım. Orada Ucar tayfasından bəhs edilirdi. Bizdə də Ucar rayonu var. Yəqin ki, eyni tayfadır, eyni kökdən gəlir. Orada camaat bilir ki, kim hansı tayfadandır. Sadəcə, orada dil dəyişib, Urdu dili oturuşub. Həm də Pakistan çoxmillətli ölkə olduğu üçün ümmət və millət birdir. Ümmətçilik ön plandadır və Urdu dilində də danışılır. Bu yolla çoxmillətli ölkəni vahid ideya ətrafında birləşdiriblər.

 

-Təşəkkür edirəm maraqlı söhbət üçün, Elxan müəllim.

 

-Mən də təşəkkür edirəm. Uğurlar sizə.

 

Şənbə, 06 Noyabr 2021 11:53

Oktyabr ayında ən çox satılan kitablar

 

Libraff mağazalar şəbəkəsi oktyabr ayında ən çox satılan 5 kitabın adını açıqlamışdır. Həmin kitabların siyahısını “Ədəbiyyat və incəsənət” portalı nəzərinizə çatdırır:

 

Luiza Hey, “Sən həyatını yaxşılaşdıra bilərsən”;

 

Varis, “Uzaqdan gələn yağış”;

 

Müəllif heyətinin hekayələr toplusu, “44 fəsil”;

 

Elxan Elatlı, “Mərtəbələr”;

 

Elxan Elatlı, “Uğursuz gecə”.

 

Şənbə, 06 Noyabr 2021 11:53

“Havalansın Xanın səsi”

Vətən müharibəsində şanlı Qələbəmizin birinci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin təşkil etdiyi silsilə tədbirlər davam edir.
Beynəlxalq Muğam Mərkəzində bu silsilədən növbəti tədbir – görkəmli xanəndə, Xalq artisti Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901-1979) 120 illiyinə həsr olunmuş “Havalansın Xanın səsi” adlı milli musiqi axşamı keçirildi.
Mədəniyyət Nazirliyi xəbər verir ki, tədbir muğam ustadının öz ifasında məşhur “Şuşanın dağları” mahnısının lent yazısının səsləndirilməsi ilə başladı.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək nazirlik tərəfindən Zəfər Günü ərəfəsində təşkil edilən tədbirlər haqqında söz açdı, musiqi axşamının da bu silsilənin davamı olduğunu diqqətə çatdırdı. Bildirdi ki, avqustun 20-də Azərbaycan muğam sənətinin böyük ustadı Xan Şuşinskinin anadan olmasının 120 ili tamam oldu: “Xan Şuşinski muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” kimi dillər əzbəri olan mahnı və təsniflər bəstələyib. Zəfərin birinci ildönümündə azad Şuşamızla bərabər Xan Şuşinskinin də yubileyini qeyd edirik. Xanəndənin “Şuşanın dağları” mahnısı Şuşanı görməyənlərdə əsrarəngiz qala-şəhərimiz haqqında təsəvvür yaradır. Şuşadan çoxsaylı mədəniyyət xadimlərimiz yetişib. Biz bu gün Qələbəmizin ildönümü ilə bərabər həm də mədəniyyətimizin Şuşaya qayıdışını bayram edirik. Bu gün ikiqat bayramdır. Böyük xanəndənin 100 və 110 illik yubileylərini Şuşasız qarşılamışdıq. Ustadın 120 illiyində artıq doğma yurdu işğaldan azad olunub. Xan Şuşinski öz ifaları ilə Şuşanın Azərbaycan mədəniyyətinin bir hissəsi olduğunu sübut edib”.
Elnur Əliyev daha sonra dedi: “Mədəniyyət Nazirliyi olaraq məqsədimiz mədəni irsimizi yaşatmaq və musiqi tariximizdə iz qoyan sənətkarları tanıtmaqdır. Layihələrimiz dövlət başçısı tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan olunan Şuşada da davam edəcək. Bütün tədbir iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aybəniz Növrəsli görkəmli xanəndənin yaradıcılığı haqqında düşüncələrini bölüşdü.
O, Xan Şuşinskinin öz səsi və sənəti ilə nəinki doğulduğu Qarabağda, Azərbaycanda, bütün Yaxın Şərq ölkələrində tanındığını və sevildiyini, Azərbaycan musiqisini hər yerdə böyük məhəbbətlə təbliğ etdiyini bildirdi.
Xan Şuşinskinin oğlu Aslan Cavanşirov tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə minnətdarlıq etdi.
Bildirdi ki, atası tələbələrinə hər zaman muğamlarımızın keşiyində dayanmalarını vəsiyyət edirdi: “Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə muğam sənətimizə xüsusi diqqət göstərib. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın muğam sənətimizə böyük diqqəti Xan Şuşinski arzularının çin olmasına işarədir. Bu gün atamın ruhu şaddır. Şuşanı bizə qaytaran Ali Baş Komandan İlham Əliyevə və müzəffər Ordumuza minnətdaram. Bütün şəhidlərimizin qarşısında baş əyirəm”.
Tədbirin bədii hissəsində bir-birindən maraqlı musiqi nömrələri gecəyə xüsusi rəng qatdı. Xan Şuşinski adına Ağdam Uşaq muğam musiqi məktəbinin şagirdləri, eləcə də Xalq artistləri Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Mənsum İbrahimov, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Elnur Zeynalov, Babək Niftəliyev, xanəndələr İlkin Əhmədov, Aytən Məhərrəmova, Rəvanə Qurbanovanın çıxışları alqışlarla qarşılandı.
Musiqi axşamı Ali Baş Komandan, Prezident İlham Əliyevin bu ilin mayında Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalındakı tarixi nitqinin nümayişindən sonra xanəndələrin ifasında “Qarabağ şikəstəsi”nin sədaları ilə yekunlaşdı.

Mədəniyyət siyasəti sahəsində meyar və standartlar yaratmaq üzrə aparıcı onlayn informasiya və monitorinq platforması olan Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının qabaqcıl metodologiyasına əsasən hazırlanmış növbəti illik “Azərbaycan mədəniyyət siyasətinə dair Milli Məruzə” beynəlxalq ictimaiyyətin istifadəsi üçün təqdim olunub.
Mədəniyyət Nazirliyinin məlumatına görə, sözügedən Azərbaycan mədəniyyət siyasətinə dair Milli Məruzə aşağıdakı mövzuları əhatə edir:

1. Mədəniyyət siyasəti sistemi (Məqsədlər, əsas xüsusiyyətlər və arxa plan, Daxili idarəetmə sistemi, Mədəniyyət müəssisələri, Beynəlxalq əməkdaşlıq);

2. Cari mədəniyyət fəaliyyəti (Əsas inkişaf, Mədəni hüquqlar və etika, İncəsənət xadimlərinin və mədəniyyət işçilərinin rolu, Rəqəmsal siyasət və inkişaf, Mədəni və sosial müxtəliflik, Mədəniyyət və sosial inteqrasiya, İncəsənətin cəmiyyətə təsiri, Mədəni davamlılıq, Mədəniyyət siyasətinin digər əsas məsələləri);

3. Mədəni və yaradıcı sektorlar (İrs, Arxivlər və kitabxanalar, İfaçılıq sənəti,  Vizual sənət və sənətkarlıq, Mədəniyyət sənəti və yaradıcılıq sahələr);

4. Qanun və qanunvericilik (Ümumi qanunvericilik, Mədəniyyət haqqında qanunvericilik);

5. İncəsənət və mədəniyyət təhsili (Siyasət və institusional icmal, Məktəblərdə incəsənət, Ali incəsənət və mədəniyyət təhsili, Məktəbdənkənar incəsənət və mədəni təhsil,  Peşə hazırlığı və əlavə təhsil);

6. Mədəni iştirak və istehlak (Siyasət və proqramlar, Mədəni iştirakda təmayüllər və rəqəmlər, Ev təsərrüfatlarının məxaricində meyllər və rəqəmlər, Mədəniyyət və vətəndaş cəmiyyəti);

7. Maliyyələşdirmə və dəstək (Dövlət maliyyələşdirilməsi, Dəstək proqramları, Özəl maliyyələşdirmə).

Məlumat üçün bildirilir ki, Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsi 1990-cı illərdən etibarən davam etdirilir və Avropanın qırx iki ölkəsi ilə yanaşı bir sıra digər ölkələr tərəfindən hazırlanan milli məruzələr müvafiq veb-portalda yerləşdirilir (https://www.culturalpolicies.net/).
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu layihəyə 1999-cu ildən qoşularaq fəal iştirak edir. Belə ki, layihənin 10 illik yubileyinə həsr olunmuş Avropa Şurasına üzv dövlətlərin Milli Müəlliflərinin İllik Assambleyası 4-5 dekabr 2008-ci ildə Bakı şəhərində təşkil olunmuşdur. Beynəlxalq layihənin nəticələri Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda, mədəniyyət sahəsi üzrə normayaratma prosesində nəzərə alınmış, bir çox innovativ proqram və layihələrin hazırlanmasında və həyata keçirilməsində əsas məlumat mənbəyi kimi geniş istifadə olunmuşdur.

Dünyanın mədəniyyət siyasətçiləri və idarəçiləri, incəsənət institutları və şəbəkələri, tədqiqatçılar və sənədləşmə mütəxəssisləri, jurnalistlər və tələbələrdən ibarət geniş auditoriyasına yönəldilmiş Kompendium məlumat bazasının beynəlxalq nüfuzunu, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycanda gedən  mədəni proseslər haqqında obyektiv informasiyanı dünya ictimaiyyətinə çatdırmaq kimi səmərəli imkanları nəzərə alaraq, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun təşəbbüsü ilə cari ilin fevral ayından etibarən ölkəmiz beynəlxalq onlayn platforma  formatında davam etdirilən “Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın tam-hüquqlu üzvlüyünə qəbul olunmuşdur.

Rusiyanın ən böyük onlayn kinoteatrı “KinoPoisk” platformasının, Azərbaycan və Rusiya Mədəniyyət nazirliklərinin və ROSKINO-nun dəstəyi ilə Azərbaycan tamaşaçısı üçün ilk dəfə onlayn formatda Rusiya Film Festivalı (RFF) keçiriləcək.
AzərTAC xəbər verir ki, son illərin istehsalı olan səkkiz rus filminin nümayiş olunacağı festival noyabrın 8-dən dekabrın 5-dək “KinoPoisk” platformasında onlayn rejimdə təşkil ediləcək.
Festival barədə danışan ROSKINO-nun baş direktoru Yevgeniya Markova Rusiya və Azərbaycanın mədəniyyət sahəsində çoxdankı tərəfdaş olduqlarını bildirərək deyib: “Uzun illərdir iki ölkə arasında “Mədəniyyət günləri” adlı genişmiqyaslı mübadilə layihəsi həyata keçirilir və Rusiya Film Festivalı da mədəni dialoqun mühüm hissəsinə çevriləcək. Bundan əlavə, festival Rusiya kinosu ilə Azərbaycanın fəal şəkildə inkişaf edən kino sənayesi arasında ünsiyyəti yeni səviyyəyə qaldırmağa kömək edəcək. Biz görürük ki, həmkarlarımız ölkədə kinonun inkişafı üçün çox çalışırlar. “Filming Azerbaijan” komissiyasının yaradılması, dünya VOD platformaları ilə əməkdaşlıq buna nümunədir. Əminəm ki, bizim birgə istehsalın inkişafı üçün böyük potensialımız var”.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov isə Azərbaycan ilə Rusiya arasında tarixi əlaqələrin yüz illərdir davam etdiyini vurğulayıb. O deyib: “İki ölkənin mədəniyyət, o cümlədən film sahəsində məhsuldar əməkdaşlığı var. Cari ilin dekabrında "Moskva premyerası" kinofestivalı çərçivəsində Azərbaycan müasir kinosunun genişmiqyaslı retrospektivi keçiriləcək. Azərbaycanın paytaxtında isə mütəmadi olaraq Rusiya film həftələri və günləri təşkil edilir. 2021-ci il də istisna deyil, tezliklə Rusiya Film Festivalı start götürəcək. Əminəm ki, festival Azərbaycan izləyicisində böyük marağa səbəb olacaq".
“Yandex Media Services”in məzmun direktoru Olqa Filipuk isə Azərbaycandakı abunəçilərinin hər birinin festival proqramında maraqlı filmlər tapacağını və yeni istedadlı müəllifləri kəşf edəcəyini bildirib. ““KinoPoisk” kataloquna çıxışı da ehtiva edən “Yandex Plus” abunə proqramı bu ilin yazında Azərbaycanda istifadəyə verilib. Bu müddət ərzində biz istifadəçilərin müasir rus kinosuna böyük marağını gördük və buna görə də festival proqramını inkişaf etdirərək son illərin ən maraqlı premyeralarını mümkün qədər geniş çeşiddə toplamağa çalışdıq”, - deyə o bildirib.
“Rusiya Film Festivalı” çərçivəsində bir ay ərzində xidmət istifadəçilərinə pulsuz göstəriləcək səkkiz rus filmi xüsusi olaraq Azərbaycan dilində alt yazılarla təqdim ediləcək.
RFF-nin proqramına beynəlxalq auditoriya üçün hitə çevrilmiş məşhur rus filmləri daxildir. Yeqor Abramenkonun "Sputnik"i (2020) yüksək büdcəli fantastik qorxu filmidir. Filmdə fədakar həkim Tatyana Klimovadan və onun yadplanetli məxluqun əsarətinə düşən astronavtı xilas etmək cəhdlərindən bəhs edilir. Film artıq beynəlxalq uğur qazanıb və hətta filmin Amerika remeyki “iTunes” siyahısında zirvədə olub. Proqramda olan Aleksandr Moloçnikovun “Ona de” filmi (2020) isə ölkələrə və şəraitə görə bölünmüş ailə haqqındadır. Valideynləri ayrılan rejissorun özü iki ölkədə - Rusiya və ABŞ-da yaşayıb. Rejissor təcrübələrinə əsaslanıb inanılmaz dərəcədə səmimi ailə dramı çəkib. Festivalda Filipp Yuriyevin “Balina oğlanı” (2020) macəra dramı da təqdim olunacaq. Film 2020-ci ildə Venesiya Film Festivalında “Giornate degli Autori” proqramının ən yaxşı filmi seçilib, həmçinin “Kinotavr”da bir neçə mükafat qazanıb. Roman Vasyanovun “General” (2021) dramı da festivallarda uğur əldə edib. Süjet Aleksey İvanovun “Qan üzərində yataqxana” romanı əsasında hazırlanıb. Film tələbələrdən birinin gözlənilmədən intiharı ilə həyatları tarazlıqdan çıxan tələbə yataqxanasındakı bir qrup dost haqqındadır. Filmin premyerası 24-cü Şanxay Beynəlxalq Film Festivalında keçirilib. Kino tənqidçilərindən yüksək rəylər alan Andrey Boqatıryovun "Qırmızı Kabus" (2020) adlı filmi də festivalın proqramına daxildir. Filmdə hərbi triller janrında rus kinosunun yüksələn ulduzu Yuri Borisovun rəmzi rolu var. Digər tarixi film Avdotya Smirnovanın “Bir yerin hekayəsi”dir (2018). Film XIX əsrdə məşhur rus yazıçısı Lev Tolstoyun özünün də iştirakçısı olduğu hərbi cinayət hadisələrindən bəhs edir.
Rusiya Film Festivalında uşaqlarla birlikdə izləmək üçün ailə filmləri də təqdim olunacaq. Nümayişə çıxdığı ilk həftədən Rusiyada kassa hitinə çevrilən Oleq Poqodinin “Balaca donqarlı at” (2020) filmi Azərbaycan tamaşaçısını ən parlaq rus nağıllarından birinin müasir adaptasiyası ilə tanış edəcək. Nəhayət, Anastasiya Popovanın "Baykal. Yumanın heyrətamiz sərgüzəştləri" (2020) filmi isə təkcə tənha kiçik suitinin cəsarət və mətanət hekayəsini deyil, həm də Sibirin gözəlliklərini göstərəcək.
Qeyd edək ki, Rusiya Film Festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ROSKINO tərəfindən təşkil olunan geniş beynəlxalq auditoriyaya yönəlmiş ilk onlayn layihədir. RFF xarici tamaşaçıları bədii, sənədli filmlər, teleseriallar və animasiyalar olmaqla müasir rus məzmununun müxtəlifliyi ilə tanış etmək məqsədi daşıyır. 2020-ci ildə Festival dörd ölkədə - Avstraliya, Meksika, İspaniya, Braziliyada keçirilib. 2021-ci ildə Argentina, Çili, Uruqvayda başlayan RFF, daha sonra Qazaxıstan, Cənubi Koreya, Braziliya, Çin, Meksika, Özbəkistan, İsrail və Qırğızıstanda davam edən Festival artıq 200 mindən çox tamaşaçı toplayıb.

 “Ədəbiyyat və incəsənət” portalı “Hədəf Nəşrləri”nin təsisçisi, yazıçı  Şəmil Sadiqin kitab və çap məhsullarından ƏDV-nin götürülməsi ilə bağlı qaldırılan məsələyə münasibətini oxuculara təqdim edir:

“Son günlər müzakirə olunan kitab və çap məhsullarından ƏDV-nin götürülməsi məsələsi bütün kitabçıların sevincinə səbəb olmuşdur və bunu ölkə başçısının bu sahəyə verdiyi dəyər kimi qiymətləndiririk. İnanırıq ki, bu addım hazırda ürəkaçan vəziyyətdə olmayan ölkə kitabçılığının inkişafına təkan verəcək. Xoş məqsədlə düşünülən bu qanun layihəsi ilə bağlı bir neçə təklifimi qeyd etmək istərdim.

1. 164.1.7. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (Elektron kitablar istisna olmaqla), habelə dərslik və komlektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və vərəqə şəklində kağızın idxalı və satışı:
A) Bu bənddə “Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” ifadəsi gələcəkdə bu mütərəqqi addımla bağlı sıxıntılar yaradacağını düşünürük. Bu siyahı necə və hansı formada müəyyən ediləcək? Bu, ona gətirib çıxaracaq ki, həmin icra orqanı siyahını təsdiq etməsi üçün müəyyən sövdələşmələrə getsin və yanlış qərarlar versin. Nəzərə alsaq ki, əgər bu, ölkənin gələcək təhlükəsizliyi üçün nəzərdə tutulbsa belə, internetdə yetərincə təhlükəli material var və bunun qarşısını bu addımla almaq mümkün deyil. O baxımdan bu cümlənin çıxarılmasını təklif edirəm;
B) “Habelə dərslik və komlektlərinin idxalı və satışı” fikrinin isə kitab sözündən sonra yazılması düzgün deyil. (Həmçinin 164.1.8. bənddə dərslik komplektlərinin ifadəsi) Çünki “kitab” sözündən sonra dərslik və dərslik komplektləri ifadəsi çərçivə müəyyən edir ki, bu o deməkdir ki, əlavə dərs vəsaitləri, tədris üçün digər resurslar yox, məhz dərsliklər. Axı onsuz da dərsliklər dövlət hesabına çap edilib, pulsuz paylanılır. Yerdə qalır əlavə hazırlıq vəsaitləri ki, bu gün əhalinin kitaba xərclədiyi ən çox vəsait bu yöndədir. Sadəcə “kitab” yazılmaqla, “kitab” anlayışının izahı (mətbəədə çap edilib, cildlənmiş kağız vərəqlərindən ibarət, oxumaq üçün əşya.) verilərsə, məsələ daha sadə anlaşılar və sonradan naşirlər qapı-qapı sürünməz, nəyin dərslik, nəyin dərslik olmadığını sübut etmək üçün.
C) “Habelə dərslik və komlektlərinin idxalı və satışı” ifadəsində “İdxalı” sözündən sonra “Azərbaycan dilində əsərlər istisna olmaqla” yazılmasını təklif edirəm. Bu hal yerli mətbəələr üçün də çox ciddi problemə səbəb olacaq. Ümumilikdə kitab idxalına Güzəşt tətbiq olunduğu təqdirdə nəşriyyatlar öz kitablarının ölkə xaricində çapına üstünlük verəcək, bu da ölkədən maliyyə axınına səbəb olacaq. Bununla yanaşı, sifarişi azalan yerli mətbəələr maliyyə zərbəsi alaraq, kağız istehsalçısı olan ölkələrin mətbəələri ilə rəqabətə tab gətirməyəcək. Müflis olmaq kimi problemlərlə üzləşəcək ki, bu da ölkəmizin maraqlarına tamam ilə ziddir. Qaş alan yerdə, göz çıxarmış olacağıq. Axı bu qanunun məqsədi Azərbaycan kitabçılığının inkişafına yönəlib. Mətbəələr də kitabçılığın əsas və maraqlı tərəfidir. Təklif etdiyim istisna Azərbaycan dilli əsərlərin məhz Azərbaycanda çapına yönələcək. Digər dillərdə olan əsərlər üzərindən ƏDV-nin qaldırılması, başqa dillərdə kitab oxucularının büdcəsinə yaxşı mənada təsir edəcək.

2. 164.1.8. Mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların (O cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)
A) Bu bənddəki “reklam xidmətləri istisna olmaqla” ifadəsinin çıxarılması, zənn edirəm ki, nəşriyyatlara verilən böyük dəstəyin yanında çox kiçik məsələdir. Nəzərə alsaq ki, reklam xidmətlərinin kitabçılıq üçün baha olduğundan heç bir yerdə (TV, Küçə reklamı və s.) Nəşriyyat və ya kitab reklamı görə bilmərik. Kitabçılar sadəcə sosial şəbəkədə reklam verə bilmə imkanına malikdir ki, burdan da ƏDV-nin götürülməsi çox vacibdir. Hətta təklif edərdim ki, bu tarixi hadisə baş vermə şansı sizlərin əlinizdə olmuşkən, ümumiyyətlə kitabla bağlı reklam qiymətlərinin ən az 50% aşağı salınması ilə bağlı bənd əlavə edilsin. Heç olmasa o bənddəki “reklam xidmətləri istisna olmaqla” cümlə götürülsün və sosial şəbəkə üzərindən ƏDV -dən azad edilsin. Məqsədimiz kitabın inkişafına dəstək verməkdirsə.
Bütün bunlarla yanaşı kitab və jurnalların istehsalında istifadə olun kağız, boya və digər kimyəvi qatqılardan, həmçinin mətbəələrdən, nəşriyyatlardan, kitab paylayıcılardan, kitab evlərinin satışından ƏDV-nin götürülməsi təkliflərini alqışlayır və bu təşəbbüsdə olan hər kəsə çox təşəkkür edirik!

Hörmətlə: Şəmil Sadiq
“Hədəf Nəşrləri”nin təsisçisi, yazıçı”

Şənbə, 06 Noyabr 2021 11:49

Bu gün şair Tofiq Mahmudun 90 illiyidir

 

Tofiq Mahmud oğlu Mehdiyev 1931-ci il noyabr ayının 6-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, əmək fəaliyyətinə 1954-cü ildə indiki Mədəniyyət Nazirliyinin Mədəni Maarif  Müəssisələri İdarəsində metodiki kabinetin metodisti kimi başlayıb, sonra 1958-1961-ci illərdə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir, 1961-ci ildə “Göyərçin” jurnalı redaksiyasında ədəbi işçi olub. “Gəzməsəm də, görməsəm də” adlı ilk şeiri 1953-cü ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunub. 1976-cı ildən “Göyərçin” jurnalının redaktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, 1989-cu ildən həm də rəyasət heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Uşaq və gənclər ədəbiyyatı şurasının sədri olub. Həmişə gözəlliyi vəsf edən, ana yurdun şəninə şeirlər qoşan, qəlbi ülvi məhəbbətin eşqi ilə çırpınan şairin ətrafda müşahidə etdiyi nöqsan və qüsurlara, mənəviyyatsızlara öz baxışı, tənqidi münasibəti olub, şeirlərində belə “simasız”ları cəsarətlə tənqid edib. Onun uşaqlar üçün qələmə aldığı “Utancaq oğlan”, “Leylək yuvası”, “Dibçək”, “Qızımın sualları” kimi şeirləri də yığcam, lakonik və maraqlıdır.

 

Şair 1984-cü ildə Azərbaycan Komsomolu mükafatı laureatı olub, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib. O, 1997-ci il aprel ayının 4-də Bakıda vəfat edib. Şairin adına hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunan “Tofiq Mahmud mükafatı” təsis edilib. Ruhu şad olsun!

 

Şənbə, 06 Noyabr 2021 11:48

Çaykovski rus deyil, ukraynalıdır

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

6 noyabr. Kişilər günü

 

Biz gözümüzü açandan 8 martın qadınlar günü kimi qeyd edilməsinə şahidik. Amma kişilər günü nədənsə qeyd edilməyib. Keçmişdə guya 23 fevral kişilər günü idi, əslində həmin günün təyinatı ordu günüydü. İndi isə sovetlər dönəmi öz işinin dalınca getdiyi kimi 23 fevral da gedibdir, milli ordu gününün isə təyinatı kişilər günü deyil, elə silahlı qüvvələr günüdür. Amma təqvimdə varmış axı kişilər günü. Budu bax, 6 noyabr. Xüsusən Şərqi Avropada geniş qeyd edilən bir gün. Özü də yaranışı 2000-ci ilə təsadüf edir. Amma bu günü şəxsən biz azərbaycanlılar heç vaxt qeyd edən deyilik. Niyə? Ondan başlayaq ki, təqvimdə 19 noyabr günü də var, Beynəlxalq Kişilər Günü. Onu ABŞ, Avstraliya, Böyük Britaniya, CAR, Hindistan və s. ölkələrdə qeyd edirlər. Bu 6 noyabrın qeyd ediılməsinin isə təşəbbüskarı Azərbaycana Dağlıq Qarabağ boyda dərd vermiş Mixail Qorbaçovdur. O, həyat yoldaşı, məkrli Raisaya sevgisini izhar etmək üçün bu günü BMT strukturlarında təsdiqlədib, qadınla kişi sevgisinin qarşılıqlı bayramlar şəklində ailə təməlini möhkəmlətməsinə istinad edib. İndi ruslardan tutmuş polyaklara, çexlərə qədər hamısı bu kişilər gününü qeyd edirlər, bizsə gəlin onun üstünü qara qələmlə xətləyək.

 

6 noyabr. Müharibə və konfliktlər zamanı ətraf mühitin ekspluatasiyasının qarşısının alınması günü

 

Heç də uzağa getməyək, bar-bar bağıraq, dünya ictimaiyyətinə məhz bu gün mesajlar ötürək, görsünlər ki, erməni barbarları meşələrimizi necə dağıdıblar, yandırıblar, su hövzələrini necə zəhərləyiblər, flora və faunaya necə divan tutublar. Yerin təkini qazıb faydalı qazıntıları necə vəhşicəsinə istismar ediblər. Dünyada misli görünməmiş barbarlıq nümunələri göstəriblər bu insanlıqdan uzaq olanlar. Heç faşistlər işal etdikləri ərazilərdə bu cür həngamələr qoparmamışdılar.

 

Məhz bu gün Azərbaycanın sözügedən problemi aktual olacaq, hər kəs bu işə öz töhfəsini verə bilər.

 

6 noyabr. Beynəlxalq insan əlindən ölən heyvanların xatirəsi günü

 

İnsanlar heyvanları ya gülləylə öldürürlər, ya başını kəsib ətini yeyirlər. Bu günü kim təqvimə salıbsa yəqin o, bizim zavallı qoyunları bəzəyib-düzəyib, geyindirib-keçindirib kütləvi qətliama məruz qoymamızdan da bixəbərdir. İnsan heyvanın həyatının qənimidir, yüzə yüz belədir. Haçansa amma əksinə olub, qədim insan heyvanların qurbanı olub.

 

İndi belə bir günü təqvimə salmaqda məram odur ki, ildə bir gün heç bir insanın əlində heyvan ölməsin. Qəssablar, eşidirsiniz? Dana kəsməyə bir gün fasilə verəkmi? Broyler sahibləri. Bir gün toyuqqırmanı dayandıraqmı?

 

Saksafon gününü, fin və isveçlilərin vərəsəlik gününü, ABŞ-ın naços gününü (qarğıdalı çipsləri ilə müxtəlif ədvalardan ibarət qəlyanaltı) də qataq heyvanların xatirəsi gününün gözünə.

 

6 noyabr. Çaykovski və saksafon

 

1991-ci ilin bu günündə mühüm bir hadisə baş verib. SSRİ Kommunist Partiyası buraxılıb. 1951-ci ildə Kreşatikdə Ukrayna milli televiziyası öz yayımlarına başlayıb. 1917-ci ildə RSDRP (yəni bolşevik partiyası) Petroqradda qiyama başlamaq əmri verib. 1893-cü ildə böyük bəstəkar Pyotr Çaykovski dünyadan köçüb (bilirdinizmi, Çaykovski rus deyil, ukraynalıdır?).1814-cü ildə belçikalı usta, saksafonu icad edən Adolf Saks doğulub. 1600-cü ildə yapon tarixinin ən böyük samurayı – Konisi Yukinaqa vəfat edib.

 

Varisin “Həftənin təqvimi” yazısından seçmələr

 

Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Zəfər Günü ərəfəsində bir çox tədbirlərin təşkil edildiyini söyləyib.
Nazirin sözlərinə görə, bugünkü tədbirin özəlliyi əsgər və zabitlərimizin müharibədə göstərdikləri qəhrəmanlıqların yaddaşlara həkk edilməsidir: “İnsanların şüuruna təsir edən ən yaxşı vasitə kinodur. Çox xoşbəxtəm ki, hər iki layihəni Zəfər Gününə qədər təqdim edə bildik. Hər iki filmin bir neçə mesajı var. Bunlardan biri odur ki, haqq və ədalət həmişə qalib gəlir. Çox önəmli ikinci mesaj odur ki, biz böyük xalqıq. Bizə əsrlər boyu aşılayırdılar ki, birləşə bilmirik, amma Vətən müharibəsi göstərdi ki, biz böyük xalqıq, bir yumruq ətrafında da birləşib birgə Zəfər qazandıq. Biz göstərdik ki, Azərbaycan xalqının Mübariz İbrahimov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov kimi qəhrəmanları yenə də var, belə güclü Ali Baş Komandanı var. Bir mesaj da odur ki, Vətən müharibəsi və sonrasında göstərdik ki, yaradıcı mədəniyyət dağıdıcı mədəniyyətə qalib gəldi. Belə layihələrimiz çox olacaq. Zəfər qazansaq da, informasiya müharibəsi hələ də davam edir".
“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov deyib ki, Vətən müharibəsi başlayan zaman Bakı Media Mərkəzinin rəhbərliyi tərəfindən bir qrup yaradılıb: "Biz ön cəbhəyə ezam olunduq və maksimum dərəcədə döyüş zonasına yaxın olmağa, əsgər və zabitlərin igidliyi, mərdliyi ilə bağlı arxiv kadrlar çəkmək idi. Son getdiyimiz yer Şuşa oldu. Geri dönəndə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Orman Əliyev çəkdiyimiz kadrlara baxın dedilər ki, mütləq bir film hazırlamaq lazımdır".
Qeyd edək ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın diqqətçəkəni məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunub. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman “Xüsusi təyinatlılar”ımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.
“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.
Vətən müharibəsinə həsr olunmuş digər film olan “Biz” sənədli filmi də müharibə dövründə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri - əsgərlər, həkimlər, təqaüdçülər, bloger, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Biz” sənədli filminin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri isə Fariz Əhmədovdur.

Noyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi açılıb.
AzərTAC xəbər verir ki, əvvəl Vətən müharibəsində şəhid olan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclis deputatlarının, görkəmli elm və incəsənət xadimlərinin iştirak etdiyi tədbir Əməkdar artist Təyyar Bayramovun ifasında "Can Qarabağ" mahnısı ilə başlayıb.
Açılış mərasimində mədəniyyət naziri Anar Kərimovun "Zəfər həftəsi" çərçivəsində keçirilən tədbirlərdən söz açıb. Sərginin də bu silsilədən olduğunu diqqətə çatdıraraq bildirib ki, tədbirin əsas məqsədi Qarabağın nə qədər qədim və tarixi məkan olduğunu nümayiş etdirməkdir.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev çıxış edərək Zəfər bayramı, Qarabağın mədəniyyəti, təbiəti ilə bağlı qələbə ruhlu duyğularını bölüşüblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi noyabrın sonunadək davam edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.