Super User

Super User

Çərşənbə, 10 Noyabr 2021 12:01

Ennio Marrikone, Kalaşnikov və yanıltmaclar

 

Bu günə təsadüf edən digər tarixi hadisələri də diqqətinizə çatdırırıq.

 

10 noyabr. Ennio Marrikone günü

 

Beynəlxalq mühasib günü. Hələ də buxalter adlanan mühasiblərimizi təbrik edək. Yaddançıxarmazlar günü. Yaddaşı yaxşı olanların bayramıdır. Sklerozların vay halına. Telefon kodu günü. Bizim kod 994-dür də gərək ki. Beynəlxalq tirmə toxuyanlar günü. Bu el sənəti gərək unudulmasın. Latviyada və Fransada Müqəddəs Martini günüdür, gərgin mövsümün sonu və qışın başlanmasını özündə ehtiva edir Martini günü. Braziliyada buğda günüdür. İsraildə Ben Qurion günüdür. İsrailin ilk baş naziri Ben Qurionun şərəfinə olan bir gündür. Argentinada ənənələr, gözünə döndüyüm ABŞ-da isə vanilli keks günüdür.

 

1982-ci ildə “Şiroko şaqaet Azebaydjan” deyən SSRİ rəhbəri Leonid İliç Brejnev o biri dünyaya yollanıb. 1928-ci ilin bu günündə musiqisini həddən artıq çox  sevdiyim, bayıldığım bəstəkar, italyan Ennio Marrikone dünyaya gəlib.  “Bir dəfə Amerikada” filminin musiqisini bir xatırlayın. 1919-cu ildə adı dillər əzbəri olan rus generalı, silah mütəxəssisi Mixail Kalaşnikov doğulub. Kalaşnikov avtomatını kim tanımaz ki. 1891-ci ildə fransız şairi, simvolist Artur Rembo dünyasını dəyişib.

 

10 noyabr. Ən nəhayət, Yanıltmac günü

 

Budur, daha bir həftənin son akkordu. Və Yanıltmac günü. Şifahi xalq yaradıcılığının bir qolu olan yanıltmaclar sürətli şəkildə deyilərkən deyənin çaşmasına, bəzən də nəticədə fikrin əks dərəcəyədək təhrif olunub yanlış məna yaratmasına xidmət edir. Ən məşhur Azərbaycan yanıltmacı budur:

 

Getdim, gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi var. Dişi kar, kor kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.

 

İnsanlar məşq edib hətta bu mürəkkəb yanıltmacı da söyləyə bilirlər. Amma günümüzdə elə yanıltmaclar yaranıb ki, onları söyləmək mümkünsüz qədər çətindir. Məsələn, bir ildə iki-üç dəfə benzinin, işığın, qazın, suyun qiymətlərinin qalxması ilə bağlı tarif şurası və onun sözçülərinin sürətli və tam anlaşılmaz açıqlamaları ən gözəl yanıltmac nümunələri hesab oluna bilər.

 

Varisin “Həftənin təqvimi” yazısından

 

 

 

Çərşənbə, 10 Noyabr 2021 12:00

Bu gün böyük Atatürkün anım günüdür

 

Türk dünyasının böyük oğlu, sərkərdəsi, dövlət xadimi Mustafa Kamal Atatürk 1881-ci ildə Salonikidə anadan olub, osmanlı türk paşası, marşal, islahatçı, siyasətçi, dövlət xadimi kimi Türkiyə tarixində əvəzsiz yer tutub. O, Türkiyədə monarxiyanı ləğv edərək respublika qurub, 1923-cü ildən ta ki ömrünün sonunadək – 1938-ci ilədək prezidentlik edib. Birinci dünya müharibəsi əsnasında osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala Cəbhəsində polkovnikliyə, Sina-Fələstin Cəbhəsində isə İldırım Orduları generallığına təyin edilib. Antanta dövlətləri tərəfindən Türkiyə tam işğal təhlükəsi ilə üz-üzə gələndə Atatürk Türkiyə İstiqlaliyyət Müharibəsinin ön sıralarında görünüb, Türk Milli Hərəkatına öndərlik edib.  Qurtuluş döyüşü müddətində o, Ankara hökumətini qurub, Antanta tərəfindən göndərilən hərbi gücləri məğlubiyyətə uğradıb, türk millətini zəfərə aparıb. Atatürk daha sonra köhnə Osmanlı İmperiyasını müasir və dünyəvi bir dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlara başlayıb. Liderliyi altında minlərlə yeni məktəb inşa edilib, ibtidai təhsil pulsuz və zəruri hala gətirilib. Qadınlara bərabərlik və siyasi hüquqlar verilib, kəndlilərin kürəyinə yüklənən ağır vergilər azaldılıb. Ümumxalq sevgisinə tuş gələn Atatürk vəfatına qədər ard-arda 4 dəfə prezident seçilib. Tarixdə oynadığı əhəmiyyətli rol onu əbədiləşdirib, haqqında 379 əsər yazılıb. Həmçinin o, dünyada siyasətçi kimi ilk dəfə və tək nümunə olmaq üzrə YUNESKO təşkilatı tərəfindən 100-cü doğum ilinin bütün dünyada 1981-ci il "Atatürk ili" olaraq qəbul edilməsi şərəfini qazanıb. Ruhun şad olsun, böyük öndər!

 

Çərşənbə, 10 Noyabr 2021 11:59

Ümumdünya gənclər günü

 

1945-ci ilin 10 noyabr günündə Londonda keçirilən Ümumdünya Gənclər Konfransında dünyanın gənclər təşkilatlarının bir təşkilatda birləşməsi qərara alındığına görə həmin tarix Ümumdünya gənclər günü kimi qeyd edilir. Bu gün dünya gəncləri öz birləşmiş təşkilatlarında beynəlmiləlçilik çağırışları edir, irqçiliklə, millətçiliklə mübarizə aparır, xalqların müstəqilliyinə səs verir. Bu gün gənclər heç vaxt olmadığı kimi aktivdirlər, onlar milyonlar şəklində birləşib könüllülülük hərəkatında iştirak edir. Statistikaya görə dünya gənclərinin 52 faizi fəal vətəndaş olmağı prioritet sayır, 72 faizi haqq işinə, ədalətə inanır, 26 faizi xeyriyyəçilik fəaliyyətinə qoşulub. Hazırkı yeniyetmə isə son 100 ilin ən ictimai fəal yeniyetməsidir.

 

Bu yerdə Azərbaycanımızın dünyaya örnək olan ASAN könüllülük – gənclər hərəkatını qeyd etməmək günah olar. Eləcə də gənclər siyasətinin əsas halqalarından olan Gənclər Fondunun apardığı diqqətçəkən, məqsədyönlü fəaliyyət göz önündədir. Azərbaycan gənci bu gün dünyadakı qabaqcıl gənclik normalarına əməl edir, fəaldır, məqsədyönlüdür.

 

Bayramınız mübarək, əziz gənclər!

 

Çərşənbə, 10 Noyabr 2021 11:58

Ümumdünya elm günü

 

YUNESKO-nun təşəbbüsü ilə 2001-ci ildən qeyd edilən bu gün elmin kütləviləşməsinə xidmət edir. Elmli olmaq çox gözəldir. Məsələn, elə bu elm günündə biləndə ki, yaşlı insanın bədənində 206, yeni doğulan körpədə isə 300 sümük olur, biləndə ki, insan gözü il ərzində 4,2 milyon dəfə qırpılır, biləndə ki, insan orqanizmində ən uzunömürlü hüceyrələr beyin hüceyrələridir və biləndə ki, insan tək qalanda, ünsiyyətdən qaçanda beyni daha aktiv işləyir, adam heyrətlənir. Üstəlik, biləndə ki, dünyadakı ən təhlükəli canlı adi milçək imiş, biləndə ki, kosmosda 50 milyard qalaktika var, biləndə ki, təyyarələrin 19 kilometr və daha çox yüksəklikdən uçarkən buraxdıqları inversion iz istilik kristallarını aktivləşdirərək yerin üzərində parnik effekti yaradır, bu da qlobal istiləşməyə səbəb olur, buna görə də təyyarələrin az hündürlüklərdən uçması ilə qlobal istiləşməni 91 faiz azaltmaq olar, ikiqat təəccüblənirsən.

 

Bu son dövrlərdə niyə insanlar biganələşib, soyuqlaşıblar? Sən demə, son 16 ildə insan bədəninin temperaturu 0,6 dərəcə soyuyaraq 37 dərəcədən 36,4 dərəcəyə düşüb. Bəlkə bu səbəbdən?

 

 

Dünya ölkələrinin tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş verib. Azərbay­canın tarixinə də 10 noyabr günü əlamətdar gün kimi daxil olub. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çər­çivəsində Azərbaycan Ordusu Ermə­nistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edib və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırıb. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıdıb. Buna qədər 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edilmişdisə, Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra qarşıdan gələn 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qoşunların çıxarılması təmin edilib. Düzdür, daha məqbul sonluq ola bilərdi, Azərbaycan xalqı buna köklənmişdi, amma kənar güclər yenə öz sözlərini dedilər, imkan vermədilər.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağalmaq nəsib etsin.

 

UNESCO-nun mənzil-qərargahında qurumun Baş Konfransının 41-ci sessiyası işə başlayıb.
AzərTAC xəbər verir ki, Azərbaycan sessiyada xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Sessiyanın ilk günündə 40-cı sessiyanın prezidenti, Türkiyənin qurumdakı daimi nümayəndəsi, səfir Altay Cengizer, İcra Şurasının prezidenti və UNESCO-nun Baş direktoru Odre Azule çıxış ediblər. 41-ci sessiyada qeyri-hökumət beynəlxalq təşkilatların müşahidəçi qismində qəbul edilməsi, eləcə də qurumla rəsmi tərəfdaşlıq məsələlərinə baxılacaq.
Sonra Baş Konfransın yeni prezident və vitse-prezidentləri seçiləcək. Baş direktorun 2018-2020-ci illər üzrə hesabatı dinləniləcək.
Konfransın 41-ci sessiyası müddətində ölkəmiz müxtəlif qurumlar tərəfindən aidiyyəti sahələr üzrə təmsil olunacaq.
Baş Konfransın 41-ci sessiyası noyabrın 24-dək davam edəcək.

Çərşənbə axşamı, 09 Noyabr 2021 14:29

Zəfər Günü

Zəfər Günü münasibətilə İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

İstedadlı karikaturaçı rəssam Soltan Soltanlının karikaturaları vaxtaşırı olaraq xarici dərgilərdə dərc olunmaqdadır.
Bu günlərdə Rusiyada düzənlənən "Just Funny" Beynəlxalq Karikatura Yarışmasının kataloqunda Soltan Soltanlının çox aktual bir əsəri yer alıb. Yaltaqlıq, karyera və imtiyaz üçün yarınmaq zəmanəmizin ən böyük problemlərindən biri deyilmi?


Nyu-York şəhərinin Linkoln Mərkəzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin yekun konserti keçirilib.
AzərTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev müxtəlif ölkələri təmsil edən səfirləri, diplomatik missiyaları və təşkilatları təmsil edən nümayəndələri, Azərbaycan icması nümayəndələrini və digər qonaqları salamlayıb. O qeyd edib ki, konsert Azərbaycanın qədim şəhəri, incəsənət və mədəniyyət beşiyi olan Şuşada anadan olmuş dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz irsini təntənəli surətdə qeyd etmək üçün keçirilir.
Yaşar Əliyev qeyd edib ki, tədbirin Müzəffər Ali Baş Komandan İlham Əliyevin başda olmaqla bütün Azərbaycan xalqının müasir Azərbaycan tarixinin ən qürurlu günü - Zəfər Günü ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir və həmvətənlərimizi bu əlamətdar gün münasibətilə təbrik edib. Azərbaycan diplomatı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əbədi klassik irsinin müasir təsfiri kimi gənc bəstəkarlar tərəfindən hazırlanmış avanqard əsərlərin səsləndirilicəyini qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdıran dünya azərbaycanlılarının tarixi Zəfərin əldə olunmasında böyük payı olduğunu bildirib, həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edib. Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun rəşadəti və dünya azərbaycanlılarının həmrəyliyi ilə əldə olunmuş böyük Zəfərin birinci ildönümü münasibətilə bu günlərdə dünyanın bir çox yerlərində olduğu kimi ABŞ-da da bir sıra tədbirlərin keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Layihənin təfərrüatları haqqında söz açan Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova Azərbaycanın BMT yanında daimi nümayəndəliyi və onun rəhbəri Yaşar Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Azərbaycan Respublikasının ABŞ-dakı səlahiyyətli səfiri Xəzər İbrahimə və sabiq səfiri Elin Süleymanova, Azərbaycanın Mədəniyyət Naziri Anar Kərimova layihənin gerçəkləşməsində verdikləri dəstəyə görə təşəkkürünü bildirib. N.Əliyarova qeyd edib ki, müsabiqənin məqsədi Azərbaycan Dövlət Konservatoriyasının banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının dünyada geniş təbliğ edilməsi, onun musiqi irsinə yeni həyat verilməsidir. N.Əliyarova Üzeyir Hacıbəylinin Şərqdə ilk opera və ilk operettanın müəllifi olduğunu vurğulayıb. O qeyd edib ki, Avropa musiqi sənətini Azərbaycana gətirən Üzeyir bəy Azərbaycanın qədim musiqi köklərinə aid olan muğam janrını Avropa musiqisi ilə sintez edərək yeni Azərbaycan professional musiqi sənətini yaratmağa nail olub.
Cari ilin yanvar ayında başlanan müsabiqəyə dünyanın müxtəlif ölkələrindən bəstəkarlar qatılıb. Müsabiqənin şərtlərinə uyğun olaraq hər bir iştirakçı Ü.Hacıbəylinin Təşkilat Komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusunun istənilən biri, və ya bir-neçəsi əsasında bəstələdiyi instrumental (5 ifaçıdan çox olmayaraq) əsər təqdim etməli idi. Dünyanın 26 ölkəsindən 51 təqdimat qəbul olunub. Sentyabrın 18-də, Üzeyir Hacıbəylinin doğum günündə bu müsabiqənin qaliblərini elan olub. N.Əliyarova qeyd edib ki, Hacıbəyli Beynəlxalq Bəstəkarlar Müsabiqəsi hər iki ildən bir keçiriləcək. O, qeyd edib ki, yeni yazılan əsərlərin yaranması Ü.Hacıbəyli musiqisinin təbliğində mühüm rol oynayacaq. Xarici bəstəkarlar Üzeyir Hacıbəylinin yaradıcılığını yaxından öyrənib onun mövzularına musiqi bəstələyəcəklər. Həmçinin yeni yaranan əsərləri ifa edən əcnəbi musiqiçilər də dahi bəstəkarın yaradıcılığı ilə tanış olmaq imkanı əldə edəcəklər. Daha böyük dinləyici kütləsi bu əsərlər vasitəsilə ustadın musiqi dünyasına bələd olacaq, bütövlükdə Azərbaycan musiqisi, mədəniyyətilə tanış olacaqlar.
Bildirib ki, 2021-ci ildə keçirilmiş müsabiqənin birinci mükafatçısı Kolumbiyadan olan bəstəkar Marius Diaz elan edilib. Müsabiqənin ikinci və üçüncü yerlərinə Azərbaycandan Türkar Qasımzadə və Böyük Britaniyadan Metyu Perret layiq görülüb. Qalib olan əsərlərin premyerası sentyabrın 23-də Bakıda keçirilən Ü.Hacıbəyli adına Beynəlxalq festival çərçivəsində baş tutub. Qeyd olunub ki, həmçinin müsabiqədə təqdimatları ilə fərqlənmiş İsraildən Braça Bdilə, Kanadadan Parisa Sabetə, Azərbaycandan Tahir İbişova, Qazaxıstandan Gelimjan Sekeyevə sertifikat təqdim olunacaq. Bundan əlavə, Azərbaycan Bəstəkarlar İttifaqı türk bəstəkarı Orkun Təkəlioğluna Xüsusi Tanınma Sertifikatını, “Şuşa səslənəndə” əsərinə görə Avstriyadan olan Aria Esmaeli Torkanburiyə Hacıbəyli adına xüsusi mükafat və nəhayət, müsabiqədə ən gənc bəstəkar olan 12 yaşlı Zərrin Şükürə xüsusi mükafat təqdim edəcək.
Daha sonra, Təşkilat Komitəsinin sədri olan N.Əliyarova münsiflər heyəti üzvləri Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə, Mənhəttən Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinqə, Stoni Bruk Universitetin professoru və Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxşə dərin təşəkkürünü bildirib.
Tədbirin sonunda soprano Dilarə Ünsal tərəfindən ifa edilən “Bakı haqqında mahnı” və amerikalı musiqiçi Nigel Smitin Azərbaycan dilində səsləndirdiyi Müslüm Maqomayevin “Azərbaycan” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin rəsmi hissəsindən sonra qonaqların şərəfinə ziyafət verilib.

Akademik Milli Dram Teatrında Zəfər Günü münasibətilə şəhid anaları və qazilərin iştirakı ilə təntənəli tədbir keçirilib, “Qarabağnamə” tamaşası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın nümayişindən əvvəl teatrın direktor müavini Hacıbaba Məmmədov Azərbaycanın haqq savaşı – 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti haqqında çıxış edib, tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbrik edib.
Eləcə də, teatrın Vətən müharibəsində iştirak edən əməkdaşları – qazi Tərlan Əsgərli, iştirakçılar Ruslan Kərimov, Dağlar Yusif, Rüfət Cabbarov və Fuad Cəbrayılovun düşmənlə mübarizəsindən danışılıb, “Qarabağnamə” tamaşası ilə bağlı fikirlər bölüşülüb.
Tədbirdə qazilərə və müharibə iştirakçılarına Akademik Milli Dram Teatrının döş nişanları, Fəxri fərmanlar təqdim olunub.
Xalq artistləri Əli Nur və Nurəddin Mehdixanlı çıxış edib, Zəfər Günü ilə bağlı fikirlərini bölüşüblər.
Teatrın Vətən müharibəsində iştirak edən əməkdaşlarından Tərlan Əsgərli Ali Baş Komandan İlham Əliyev tərəfindən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə, Ruslan Kərimov və Dağlar Yusif isə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, “Qarabağnamə” tamaşası XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, Əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Aslan Şirin, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.