Super User
Azərbaycan filmləri birinci “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib
Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrdən 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən artıq qonaq qatılıb.
Azərbaycanın milli film sənayesinin də geniş təmsil olunduğu tədbirdə ölkəmizdə audiovizual məhsulların istehsalı sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin “Miras”, “Sonuncu” və “BİZ” filmləri festivalın geniş auditoriyasına təqdim edilib.
Müxtəlif türk dövlətlərinin istehsalı olan 40-dan artıq filmin nümayiş edildiyi festivalın əsas məqsədlərindən biri türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaratmaq və türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir. “Korkut Ata” Festivalının gələcəkdə türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində Türk Dünyası Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti “Korkut Ata” Türk Dünyası Film festivallarının türkdilli ölkələrin müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.
AzərTAC xəbər verir ki, festival çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb. Bəyanatda “Korkut Ata” Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələr tərəfindən davamlı olaraq keçirilməsi, sözügedən türk dövlətləri arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən kino sənayesinə dəstək göstərən birgə fondun yaradılması, müştərək filmlərin çəkilməsi, təhsillə əlaqədar ortaq layihələrin həyata keçirilməsi kimi bir sıra məsələlər nəzərdə tutur.
Azərbaycanda mədəni inkişafı təşviq etmək üçün Avropa İttifaqı tərəfindən üç şəhərə qrant verilib
Noyabrın 12-də Avropa İttifaqının başladığı “EU4Culture” layihəsi əsasında bu təşkilatın Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 min avro qrant alacaq üç seçilmiş şəhərin adları açıqlanıb.
AzərTAC xəbər verir ki, qrant müraciətləri üçün müsabiqə 2021-ci ilin may ayında başlayıb. Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib.
Layihənin Azərbaycan üzrə koordinatoru Firuzə Bağır layihə haqqında məlumat verib. Bildirib ki, “EU4Culture” Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və rayonlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihə regionun sosial inkişafına töhfə vermək məqsədi daşıyır. Layihənin büdcəsi 7 milyon 850 min avro təşkil edir və bu məbləğ Avropa tərəfdaşlığı ölkələri əsasında bərabər paylaşdırılacaq.
Bildirib ki, Goethe İnstitutu, Gürcüstandakı Fransa İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri “EU4Culture” layihəsinin həyata keçirilməsinə dəstək verən qurumlardır.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko söyləyib ki, “Eu4 culture” Azərbaycanın Avropa İttifaqı ilə qurduğu mədəni əlaqənin başqa bir nümunəsidir. Qeyd edib ki, mədəni dəyərlər gələcəyin qurulmasında önəmli rol oynayır. Mədəni diplomatiya mədəni əməkdaşlığın ayrılmaz bir hissəsidir, bunun da tarixi kökləri vardır. Avropa İttifaqının beynəlxalq münasibətlər strategiyası ittifaqın mərkəzində duran bir mövzudur. Avropa İttifaqı Azərbaycana da öz töhfəsini verməyə çalışır. Layihə çərçivəsində sosial iqtisadi baxımından 6 ölkəyə dəstək verilmişdir. Layihənin əsas prinsiplərindən biri də mədəni irs nümunələri sayılan kitabxanalar, muzey və digər mədəniyyət ocaqlarına Avropa modellərinin tətbiq edilməsidir. “Eu4Culture” proqramın əsas məqsədi regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməkdir. Layihədə 3 şəhər seçilmişdir. Layihədən yararlanan şəhərlər mədəniyyət sahəsində imkanlarını artırmaq şansı qazanacaqlar.
Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov Avropa İttifaqı ilə işləməkdən məmnun olduğunu deyib. Qeyd edib ki, nazirlik əvvəllər də Avropa İttifaqının bir neçə layihələrində iştirak edib. “Eu4Culture” layihəsi də ölkənin regional inkişafına töhfə verir.
Nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri də yaradıcı sənayelərlə bağlı olduğunu deyən Ramil Abbəkirov bildirib ki, yaradıcı sənayelər digər sahələrə dolayı yolla təsir edir. Bu məqsədlə nazirlik digər dövlət qurumları ilə əməkdaşlıq edir. Vurğulayıb ki, növbəti mərhələdə qalib gələcək şəhərlər Azərbaycan üçün bir uğurdur.
Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov agentliyinin fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, Qafqaz regionunda turizm məhsullarının səmərəli istifadə edilməsi nazirliyin əsas vəzifələrindəndir.
Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra Azərbaycandan Şəki, Xırdalan və Lənkəran şəhərləri ikinci mərhələnin qalibi seçilib. Seçilmiş şəhərlər Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30 min Avroya qədər qrant alacaqlar. Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300 min Avroya qədər qrant alacaq.
Sonra Peter Mixalko seçilmiş şəhərlərin icra başçılarına rəsmi olaraq qrant sertifikatlarını təqdim edib.
Bişkekdə “Aytmatov-İmperiyanın son yazıçısı” kitabı Azərbaycan dilində çap olunub
Bişkekdəki “Uulu Toolar” nəşriyyatında Osmonkun İbrahimovun “Aytmatov-İmperiyanın son yazıçısı” adlı kitabı Azərbaycan dilində çap olunub.
Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən çap olunan kitabı Azərbaycan dilinə Günel Xəzəl tərcümə edib.
Kitabda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə Çingiz Aytmatovun Bakıda olması, Azərbaycan Prezidenti İlham Əliyevin yazıçını qəbul etməsi haqqında da ətraflı məlumat var. O vaxt İlham Əliyev yazıçıya yeni təsis olunan “Dostluq” ordeni təqdim edib.
Kitab 2018-ci ildə Moskvada, sonra isə Astanada və Kiyevdə nəşr edilib.
Kitabın dekabr ayında Bakıda təqdimatının keçirilməsi nəzərdə tutulur.
Dünya fotoqrafiya sənətinin ən nüfuzlu mükafatlarından biri ispan fotoqrafına təqdim olunub
İspan fotoqrafı Antonio Araqon Renunsio "2021-ci il ətraf mühitin ən yaxşı fotoqrafı" müsabiqəsinin qalibi olub. Qana sahilində dağılmış bir tikilidə yatan oğlanın fotoşəkili münsiflər heyətinin yekdil razılığını qazanmışdır.
İş "Güclənən körfəzlərin oğulları" adlanır. Həkk olunan tikili Qana çimərliklərindən birində sahil eroziyası ilə dağıdılıb. Fotoşəkil müəllifi Qərbi Afrika ölkələrində dəniz səviyyəsinin yüksəlməsinə diqqət çəkməyə çalışır ki, bu da minlərlə insanı evlərini tərk etməyə məcbur edir.
Antonio Araqon Renunsio müsabiqədə qalib gəldiyinə görə 10 min funt sterlinq qazanıb.
Portalımız digər fərqlənən müsabiqə fotolarını da diqqətinizə çatdıracaq.
People jurnalının versiyasına görə 2021-ci ilin ən cazibədar kişisi aktyor Poll Rad oldu
Cari ilin ən cazibədar kişisini və qadınını hər ilin sonlarında elan etmək ənənəsi koronavirus pandemiyası zamanı da unudulmadı. Populyar People jurnalı 52 yaşlı Hollivud aktyoru Poll Radı ilin ən cazibədar kişisi elan etdi.
“Ədəbiyyat və incəsənət” jurnalı Euronews-a istinadən məlumat verir ki, “İnsan-qarışqa”, “Fağır olmaq gözəldir”, “Yarıtmazlar” kimi filmlərlə məşhurlaşmış aktyor bu uğura yumorla yanaşmış, “bundan sonra ulduz xanımlar məni öz tədbirlərinə tez-tez dəvət edəcəklər” söyləmişdir. Onun həyat yoldaşı isə “ çox düzgün seçimdir” deyə Pollun cazibədarlığını bir daha təsdiqləmişdir.
Xatırladaq ki, ötən il bu adı başqa bir amerikalı aktyor, “Marvel”-də superqəhtəman Kapitan Amerika rolu sayəsində dünya şöhrətini qazanmış Evans əldə etmişdir.
Daha öncə isə "Qara Panter"filmində cani rolunu oynayan aktyor Maykl Bakari Cordan bu şərəfə layiq olmuşdu.
Ən cszibədar qadın seçimi isə bir qədər sonra baş tutacaqdır.
Bu arada daha bir xəbəri də çatdıraq ki, başqa bir reytinq xəbəri də var, Avrasiyanın ən gözəl balaca qızı doqquz yaşlı Rusiya təmsilçisi seçilib. Türkiyənin Antalya şəhərində keçirilən Eurasia 2021-in ən yaxşı uşaq istedad və gözəllik müsabiqəsində birinci yeri Evangelina Melnikova tutub.
Bu gün Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq
Bu gün Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq.
Tamaşa insan və marionetlərin dili, Üzeyirin sehrli musiqisi və Füzulinin yanıqlı sözləri ilə gözləmədiyiniz səhnə quruluşunda təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Tamaşa dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını yazıb. Opera Marionet Teatrının repertuarında xüsusi yer tutur. “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlənilib. Tamaşanın bədii-təsviri estetikasında Azərbaycan intibahı dövrünə təsadüf edən Qacar incəsənəti nümunələrindən bəhrələnib. Dekorasiya, kukla və rekvizitlər bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunub.
Bu gün “Bremen musiqiçiləri” yenidən səhnəyə yol alacaq
“Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri rusdilli tamaşaçılar üçün bu gün, noyabrın 13-də təqdim olunacaq.
Teatrdan bildirilib ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.
Rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa edəcək.
“Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır.
Ümumdünya yaxşılıq günü
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
13 noyabr. Beynəlxalq gözdən əlillər günü
1745-ci ilin 13 noyabrında Fransada tanınmış pedaqoq Valentin Qayui doğulub. O, Parisdə və Peterburqda korlar üçün bir neçə məktəb yaradıb. Məhz həmin tarix də görmə məhdudiyyətləri olan insanların günü kimi götürülüb. Qayui relyefli şrift yaradaraq görməyənlərin əllərini toxundurmaqla oxumalarını təmin edib. Ta ki 1829-cu ildə Lui Braylın relyefli altınöqtəlik şriftinin kəşfinə qədər görmə məhdudiyyətli insanlar Qayuinin dərslikləri ilə elm alıblar.
Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır. Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir. Bu gün gözdən əlil insanlar diqqət mərkəzində duracaqlar, onlara qayğı və nəvaziş göstəriləcək. Gözdən əlil olmaq bir tale işidir, bir fiziki qüsurdur. Vay o hala ki, insan gözləri görə-görə kor ola. Bax bu əsl faciədir.
13 noyabr. Ümumdünya yaxşılıq günü
Nə gözəl bir gün. Xüsusən indiki bu qəddar durumda, mənəvi gözəlliklər deqradasiyaya uğradığı bir zamanda, yaxşılıq edənlər qırmızı kitaba salınanda belə bir günün təqvimə salınması necə də gözəldir. Nə olar, bu gün hər bir kəs yaxşılıq eləsin, imkanı nəyə çatırsa həmin civarda imkansıza əl tutsun. Yaxşılıq tək maddiyyat deyil ki. Darda olana məsləhətiylə, təskinliyi ilə kömək eləmək də yaxşılıqdır. Bəzən bir məsləhət bir küp qızılın edə bilmədiyini edə bilir.
Varisin “Həftənin təqvimi” yazısından
Cavad Mircavadov
Yəhudilərin Santa Klausu
Yəhudilərin Santa Klausu sayılan İssa Kassissiy hər il olduğu kimi bu il də Yeni ilin başlanması ərəfəsində yaşadığı Qüdsdən çıxaraq uşaqlara hədiyyə paylamağa başlayıb. Budur, o qayıqla Qaliley dəniziylə irəliləyir.
Foto: Euronews