Super User

Super User

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə böyük şairin 880 illik yubileyinə həsr olunmuş Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir. 15-26 noyabr tarixini əhatə edən festival Bakı və Gəncə şəhərlərində gerçəkləşir.
Mədəniyyət Nazirliyinin məlumatına görə, noyabrın 15-də Gəncə şəhərində festivalın açılış mərasimi keçirilib. Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və 300-dən artıq mədəniyyət işçisi, incəsənət xadimi Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib, böyük söz ustadının məzarı üzərinə tər çiçəklər düzüblər. Sonra tədbir iştirakçıları şəhərdəki Nizami Gəncəvi Muzeyində olublar.
Daha sonra festival çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri və Dövlət Kamera Orkestrinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.
Gecədə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Cavad xan” Tarix-Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndəsi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bir-birindən maraqlı musiqi nömrələri şəhər sakinləri və qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Dahi şairin doğma yurdunda Nizami Gəncəvi Beynəlxalq Festivalı silsilə tədbirlərlə davam etməkdədir.

Yazarlar və ədəbiyyatsevərlərə fərqlənmək üçün gözəl şans yaranıb. Belə ki, “Nizami Gəncəviyə məktub” adlı beynəlxalq esse müsabiqəsi elan edilib. Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunan müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil olunur. Müsabiqənin təşkilində əsas məqsəd böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin geniş təbliğini həyata keçirmək, azərbaycanlı və xarici yazarları müsabiqəyə cəlb etməklə Nizami dühası haqqında müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir.
Müsabiqənin şərtləri aşağıdakılardır:
• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
• Əsərlər orijinal olmalı və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
• Əsərlər Azərbaycan, türk, ingilis və rus dillərində yazılmalıdır.
• Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail) qeyd etməlidir.
• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.
• Əsərlər elektron formada aşağıda göstərilən e-poçt ünvanına göndərilməldir.
Müsabiqənin mövzusu
Mövzu: Nizami Gəncəvi
Essenin həcmi:
Mətnin həcmi 880 sözdən çox olmamalıdır
Müsabiqənin mükafat fondu:
4 042 (dörd min qırx iki) ABŞ dolları
Qaliblərin seçilməsi və mükafatı
Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcəkdir.
Birinci yer – 2021 ABŞ dolları (cari ilə işarədir)
İkinci yer – 1141 ABŞ dolları (Nizaminin doğulduğu ilə işarədir)
Üçüncü yer – 880 ABŞ dolları (Nizaminin 880 illik yubileyinə işarədir)
Birinci yeri tutan, eyni zamanda “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı ilə təltif olunacaq
Müsabiqənin müddəti:
Müsabiqəyə esselərin qəbulu 20 dekabr 2021-ci il tarixində sona çatacaq.
Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.
Əlavə məlumat üçün bu nömrələrə müraciət etmək mümkündür:
Tel.: +99412 493 06 80
Whatsapp:+99451 777 61 15
İştirakçılar tərəfindən əsərlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Çərşənbə, 17 Noyabr 2021 10:45

BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq

19-23 noyabr tarixlərində paytaxtda 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festivalın təntənəli açılış mərasimi noyabrın 19-da Nizami Kino Mərkəzində olacaq.
Mədəniyyət Nazirliyinin məlumatına görə, bu il festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film Yerli müsabiqəyə təqdim edilib.
Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri)  təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.
Beynəlxalq müsabiqədə yarışan filmləri tanınmış publisist, yazıçı, bir çox bədii, sənədli filmlərin ssenari müəllifi Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının üzvü, Ukrayna Film Akademiyasının həmtəsisçisi, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, Avropa Kino Akademiyasının üzvü, Paliç Avropa Film Festivalının proqram direktoru, serbiyalı kinoprodüser Miroslav Moqoroviç, beynəlxalq film festivallarının qalibi türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirəcək.
Yerli müsabiqənin münsiflər heyətində tərcüməçi, şair, mədəniyyət sahəsində də bir çox məqalə və esselərin müəllifi Səlim Babullaoğlu, Xalq artisti, yaratdığı bütün obrazlarda özünəməxsusluğu ilə seçilən aktrisa Mehriban Zəki, bir çox kinofestivalların iştirakçısı və qalibi kinorejissor Elməddin Alıyev yer alır.
Bu il festival ilk dəfə olaraq “Azərbaycan kinosunda xidmətlərinə görə” Qızıl Nar mükafatını təqdim edəcək. Mükafat hər il xidmətləri ilə seçilən incəsənət xadimlərimizə veriləcək.
Builki yeniliklərdən biri festivalın əsas mükafatı olan “Qızıl Nar” heykəlciyinin gənc heykəltəraşlar tərəfindən zövqlə hazırlanmış yeni dizaynda təqdim olunmasıdır. Bundan başqa Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın bu ilki qaliblərə xüsusi töhfəsi də var. Beləki, yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqəsinin ümumi mükafat fondu 5 000 AZN –dir.
12-ci kinoforumun film proqramı zənginliyi ilə seçilir. Bədii yanaşması ilə fərqlənən, maraqlı, təsirli 73 qısa film tamaşaçıların zövqünü oxşamaqla yanaşı, uzun müddət yaddaşlarda qalacaq.  
Festivalın daha bir sürprizi BAFTA namizədlərinin xüsusi nümayişi olacaq. British Council ilə əməkdaşlığın nəticəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunacaq.
“Dili bizim” proqramı Cənubi Azərbaycanda yaşayan azərbaycanlı rejissorların ana dilimizdə çəkdikləri filmlərə işıq tutacaq.
Festivalda yer alan  yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12: 00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.
Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də saat 19: 00-da Nizami Kino Mərkəzində keçiriləcək.
Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.
Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 2000-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.
Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.
Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi,  “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti, British Council  yer alır.
Space Teleradio şirkəti, AvtoFM,  Trend İnformasiya Agentliyi, “Teleqraf Holdinq” , Kulis.az portalı, Mədəniyyət qəzeti, Kinobiz platformaları festivalın media tərəfdaşıdır.

Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə böyük şairin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir.
Mədəniyyət Nazirliyinin məlumatına görə, noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində festivalın Bakı şəhərində ilk tədbiri – vokal musiqisi axşamı təşkil olunub.
Konsertdən öncə mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq bildirib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin – Nəsiminin, Nizaminin adı ilə əlamətdar illərin elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizə nə qədər böyük diqqət və qayğının olduğunu nümayiş etdirir: “Onların yaratdığı ölməz əsərlər ölkəmizdə və xaricdə təbliğ edilir. Hər bir cəmiyyətin inkişafına, onun fəlsəfi inkişafına böyük mütəfəkkirlərin təsiri olur. Nizami Gəncəvi o dahilərdəndir ki, Azərbaycan fəlsəfi fikrinin və milli dəyərlərinin dünyada tanıdılmasına xidmət edib. Nizaminin XII əsrdəki humanist ideyaları XXI əsrdə də aktualdır”.
Nazir Nizaminin yaradıcılığının Azərbaycanın və Yaxın Şərqin mədəniyyət və incəsənətinin müxtəlif sahələrinə təsirindən söz açıb. Qeyd edib ki, dahi şairin lirikası, poemalarının müxtəlif süjetləri rəssamlıq, musiqi, teatr, balet və başqa sahələrin inkişafına töhfələr verib.
Anar Kərimov Nizami Gəncəvi Beynəlxalq Festivalı haqqında da məlumat verib, bildirib ki, festival çərçivəsində 15-26 noyabr tarixlərində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək: “Zəngin proqrama malik festivalın Beynəlxalq Muğam Mərkəzində təşkil edilən ilk konserti Nizaminin sözlərinə yazılmış vokal əsərlərin təqdimi ilə başlayır. İnanıram ki, dahi Nizaminin sözlərinə Azərbaycanın görkəmli bəstəkarlarının yazdıqları əsərlər bu gün konsertə gələn hər kəsdə xoş ovqat yaradacaq”.
Daha sonra konsert proqramı təqdim edilib. Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, müasir bəstəkarlar Dilşad Əliyeva, Pikə Axundova, Ceyhun Allahverdiyev və Gülnaz Abdullazadənin Nizaminin sözlərinə bəstələdikləri əsərlər səsləndirilib. Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artist İlham Nəzərovu konsertmeysterlər Svetlana Əhmədova, Dilşad Əliyeva və Ülviyyə Kazımova müşayiət edib.
Gecədə Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyası Tələbə xorunun çıxışı da maraqla qarşılanıb.

Çərşənbə axşamı, 16 Noyabr 2021 05:13

La-Manş körfəzindən

La-Manş körfəzindən rekord sayda miqrantların keçməsi Avropada həyəcan təbili çalmağa əsas verir. Parisdə Fransanın və Böyük Britaniyanın daxili işlər nazirləri məsələni müzakirə etmək üçün görüşəcəklər.

 

Reytinqlər müxtəlif olur. Hətta ölüm hallarının da reytinqləri olur. Məsələn, ən çox can alan hansı xəstəlikdir, yaxud hansı bədbəxt hadisə, hansı təbii fəlakətdir. Amma bu dəfə sizə bir qədər fərqli reytinq təqdim edəcəyik.

 

Şimal qonşumuz Rusiya, bildiyiniz kimi, öz tanınmış astroloqları və ekstrasensləri ilə məşhurdur. Qara magiya da onlarda çox çiçəklənib. Lakin bu xəbər daha çox elmi əsaslı bir xəbərdir. Rusiyalı mütəxəssislər bir neçə min insanın ölüm səbəblərini onların hansı bürcdən olmaları ilə əlaqələndirərək, eləcə də ABŞ-ın Gallup rəyöyrənmə mərkəzinin hesabatlarına əsaslanaraq hansı bürcdən olanların daha çox hansı cür ölümə tuş gəldiklərini müəyyənləşdiriblər. Öz əcəli ilə ölmə hallarını çıxsaq, hansı xəstəliklərdən, hansı bədbəxt hadisələrdən insanların planlaşdırılmayan həyat itkiləri bürclərə uyğun insan ölümlərinin kvalifikasiyasını hazırlamağa imkan yaradıb. Rusiya astroloqları da bu elmi araşdırmalar əsasında mediaya müvafiq açıqlamalar veriblər. Astroloqlar əmindirlər ki, insanın doğum vaxtı mütləq onun taleyində əks olunur. Onlar bu və ya digər bürcə aid insanın müxtəlif əlamətlərə görə məhz hansı səbəbdən ölə biləcəyini təxmin ediblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mediasol saytına istinadən xəbər verir ki:

 

 

 

Qoç işarəsi altında doğulmuş insanlar müxtəlif növ yaralanmalar almağa meyllidirlər. Onların ölüm səbəbi çox vaxt gözlənilməz olur. Bu, hətta başa tikintidən kərpic düşməsi, elektrik cərəyanı, lap elə ildırım vurması, qəfil ilançalma kimi qeyri-ənənəvi olüm halları da ola bilir.

 

 

 

Buğa nadir hallarda sağlamlığı haqqında şikayət edir və həkimlərin köməyinə müraciət edir. Ancaq xəstəliklər yaş artımı ilə kəskinləşir və ölümcül nəticələrə gətirib çıxara bilir, odur ki, onların inadkar müalicə istəksizliyi mütləq müalicə edilməlidir.

 

 

 

Əkizlər sinir sisteminin pozğunluqlarına meyllidirlər. Duyğulara nəzarət edə bilməmələri səbəbindən əksərən bədbəxt ölümə düçar olmağa risk edirlər. Münəccimlər onlara mütləq həyəcanı öldürməyi məsləhət görürlər.

 

 

 

Xərçənglər əksərən melankolik olduqlarından nadir hallarda özlərinə və uğurlu gələcəyə inanırlar. Onlar özlərini depressiyaya çəkə bilirlər, hansı ki, bu depressiyadan çıxmaq asan deyil və bəzən özləri özlərini şişirtmə, hətta uydurma əzabın ağuşuna belə salmağa meyllidirlər. 

 

 

 

Şirlər daha çox ürək xəstəliklərinə məruz qalırlar. Astrologlar onlara psixi vəziyyətə təsir göstərə biləcək münaqişələrdən çəkinməyi məsləhət görürlər.

 

 

 

Qız bürcünün toxunulmazlığı güclüdür deyilə bilməz, lakin onlar adətən əsəbi möhkəm olurlar, qoca yaşlarına qədər yaşayırlar. Onların ölümünün ehtimal olunan səbəbi ən yaxşı halda hansısa xroniki xəstəlik, məsələn, mədə xəstəliyi, mədəaltı vəz xəstəliyi ola bilir.

 

 

 

Tərəzi bürcü nümayəndələrində ən ümumi xəstəlik böyrək problemləridir. Bundan başqa, həssaslıq da onların başlarına bir bəladır. Onları tənqidlə yaralamaq asandır. Bu insanlar sonuncuya qədər öz həqiqətlərini müdafiə etməyə cəhd etməyənlərdir habelə. 

 

 

 

Əqrəblər həyatda kifayət qədər fəal olurlar, amma vaxtında sağlamlığa diqqəti yönəltməyi və ehtiyac duyulanda həkimə getməyi vacib saymırlar. Bu insanlar bağırsaq xəstəliklərindən əziyyət çəkə bilərlər. Onkologiya da istisna edilmir.

 

 

 

Oxatanların ehtimal olunan xəstəliklərinin siyahısına qaraciyər problemləri, vuruş və qırıq-sınıqlar daxildir. Ancaq xəstəliklərin hamısının qarşısını almaq olar, əgər vaxtında öz sağlamlığına qayğı göstərərlərsə.

 

 

 

Oğlaqlar zəif immunitetə malikdirlər, buna görə onlara zərərli vərdişlər qəti şəkildə əksdir. Onların erkən həyatdan getməsinin səbəbi siqaret çəkmək və ya artıq çəki ola bilir.

 

 

 

Balıqlar tənhalığa dözə bilmirlər. Bu səbəbdən onlar asanlıqla depressiyaya düşürlər və ya alkoqola, narkotik maddələrə meyl edib bunlardan asılı olurlar. Astroloqlar balıqların yaxınlarına xəstəxanada onları ziyarət etmək üçün daha çox vaxt ayırmalarını məsləhət görürlər.

 

 

 

Dolçalar hədsiz duyğusal olurlar, gecələr vicdan əzabı çəkir, tale barədə bədgüman düşüncələrdən əziyyət çəkir, yuxusuzluğa düçar olurlar. Onlar boş şeyləri ürəklərinə salmaqla əksərən infarktdan, ürək çatışmazlığından dünyalarını dəyişirlər.

 

 

 

Bu qədər, istəkli oxucularımız. Əlbəttə, bu o demək deyil ki, rusiyalı mütəxəssilərin və astroloqların bu qənaətləri yüz faizlik bir nəticədir. Hansı bürcdənsinizsə burada yazılan ehtimalları sadəcə diqqətə almağınız yaxşı olardı.

 

Hər kəsə sağlam və uzun həyat arzusu ilə. 

 

 

 

Yazını dərc edərkən portalımıza istinad etmək vacibdir. Bütün hüquqlar qorunur.

 

“Ədəbiyyat və incəsənət”@

 

 

 

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Baltikyanı Dövlətlərin IV Gənclər Teatr Forumunda iştirak edəcək.
Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib ki, forum noyabrın 30-dan dekabrın 7-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək.
Forumda Akademik Milli Dram Teatrının “Manqurt” və “Bir, iki, bizimki...” tamaşaları nümayiş olunacaq. Bundan əvvəl teatr bu forumda “On ikinci gecə və ya hər nə istəsəniz” (2012) və “İlahi oyun” (2015) tamaşaları ilə iştirak edib.
Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər.
“Bir, iki, bizimki...” tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.
Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Qeyd edək ki, forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar və tənqidçilər də iştirak edəcəklər.

Noyabrın 15-də “Fairmont Baku” otelində Latviya Respublikasının Azərbaycandakı səfirliyi və “Park Cinema”nın birgə təşkilatçılığı ilə “Kiçik bir millət-böyük Animasiya” adlı festivalın açılışı olub.
AzərTAC xəbər verir ki, açılışdan əvvəl Latviyanın məşhur animasiya filmləri rejissoru Vladimirs Leşçiov jurnalistlərin suallarını cavablandırıb.
Bildirib ki, “Elektrikçinin Günü” filmi pandemiyadan əvvəl çəkilsə də bu günlə səsləşir. Hər kəs filmin ideyasını fərqli formada qəbul edir. Ancaq film daha çox özünütəcriddən bəhs edir. Filmin əsasən böyüklər üçün nəzərdə tutulduğunu deyən rejissor bildirib ki, uşaqlar üçün mövzu tapmaq olduqca çətindir. İndi onları Şaxta baba, qurd və ya dovşanla aldatmaq olmur. Ancaq böyüklər bizim üçün daha əlçatan bir auditoriyadır.
“Baltikyanı ölkələr arasında Estoniya hər zaman animasiya filmləri üzrə lider olub. Son zamanlar Latviya bu sahədə bir qədər uğur qazanaraq Litvanı üstələyib. Ancaq Estoniya bizim üçün bir məktəb sayılır. Çünki onların çəkdiyi animasiyalar dünyanın bütün ölkələrində qəbul olunur”,- deyə Vladimirs Leşçiov əlavə edib.
Sonra Latviyanın Azərbaycandakı səfirinin müavini xanım Viya Buşa çıxış edərək festival haqqında məlumat verib: “Noyabr ayında Latvianın müstəqilliyinin 103-cü ildönümü tamam olur. Bu münasibətlə səfirlik Bakıda bir neçə tədbirlər keçirir. “Kiçik bir millət -böyük Animasiya” adı altında təqdim olunan festival belə tədbirlərdən biridir. Latviyanın təqdim etdiyi animasiyalar həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Festival çərçivəsində ölkənin digər tanınmış rejissorların filmləri nümayiş olunacaq. Festival çərçivəsində Vladimir Leşçiov ustad dərsi də keçirəcək, eyni zamanda müsabiqə elan olunacaq. Müsabiqəyə qatılmaq üçün festivalda nümayiş olunan filmlərə baxmaq mütləqdir. Bundan əlavə müsabiqə iştirakçıları Latviya ilə bağlı və sevimli animasiya personajı haqqında düşüncələrini yazmalıdır. Qalib gələn şəxs Riqaya iki bilet əldə edəcək”.
Açılış günü Vladimir Leşçiovun “Elektrikçinin Günü” filmi nümayiş olunub. Növbəti günlərdə rejissorun “Yeni ili gözləyirik”, “Yağışlı günlər” və “Qanadlar və Avarlar” filmləri göstəriləcək.
Qeyd edək ki, festival noyabrın 21-dək hər gün 2 seansla davam edəcək.

Azərbaycanın Xalq yazıçısı, tanınmış roman ustası Əli Vəliyevin bu ilə təsadüf edən 120 illik yubileyi münasibətilə ustad ədib haqqında xatirələrin toplandığı “Böyük sözün işığında” kitabı işıq üzü görüb.
Heydər Əliyevin yazıçının yaradıcılığı, keçdiyi çətin və şərəfli ömür yolu haqqında çıxışı ilə açılan kitab Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Mirvarid Dilbazi, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Süleyman Ələsgərov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Aqil Abbas kimi tanınmış söz, sənət və mədəniyyət xadimlərinin Əli Vəliyevin saf təbiəti, mərdliyi, şəxsiyyət bütövlüyü, zəngin ədəbi irsi, Zəngəzur, Qarabağ mahalının füsunkar təbiətini, xalqın həyat və məişətini koloritli xalq dili ilə təsvir edən roman, povest və hekayələri ilə bağlı söylədikləri fikir və mülahizələri əks etdirir.
Kitabın tərtibçisi Yaşar Əliyev, redaktoru Bəhlul Abbasovdur.

İndoneziyada keçirilən Beynəlxalq Semaranq Karikatura Festivalının finalçıları məlum olub.
Dünya üzrə 75 rəssam final mərhələsinə adlayıb ki, onların arasında həmyerlimiz Soltan Soltanlı da var, onun fərqlənən karikaturası “At kimindir?" adlanır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.