Super User

Super User

Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 99-cu ildönümü tamam olur.
AzərTAC xəbər verir ki, bu münasibətlə tanınmış mədəniyyət xadimləri və Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının əməkdaşları Fikrət Əmirovun Fəxri xiyabandakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Fikrət Əmirov musiqisi dünya musiqisi üçün yeni mərhələ olub. Fikrət Əmirovun “Məni bəstəkar edən Azərbaycan tarıdır” sözlərini xatırlayan nazir müavini deyib: “Bu, Fikrət Əmirovun musiqisinin mayasıdır. Bəstəkarın bütün əsərlərində azərbaycançılıq hissi duyulur. Nazirlik olaraq istəyirik ki, azərbaycançılıq dəyərlərinə sahib çıxaq və bu dəyərləri yaşatdıraq. Bu halda belə bəstəkarlarımıza da sahib çıxmalıyıq. Elə etməliyik ki, F.Əmirov məktəbi davamlı olunsun. Biz nəinki muğama, həm də onun simfonik musiqi ilə sintezini yaradan Fikrət Əmirov məktəbinə sahibik”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev üçlüyünün nümayəndəsidir. Fikrət Əmirovun simfonik əsərləri dünyanın dahi dirijorların repertuarında səsləndirilib. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfoniyasının ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli qeyd edib ki, mədəniyyətə, təhsilə diqqət ayırmayan xalq irəli, inkişafa doğru addımlaya bilməz: “Çox istərdik, gələn il Fikrət Əmirovun 100 illiyi dünyanın bütün ölkələrində qeyd olunsun. Onun əsərləri bu gün də yaşayır, sevilə-sevilə dinlənilir. Bu mənada o, xoşbəxt insandır”.
Sonda Fikrət Əmirovun qızı Sevil Əmirova çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Bazar ertəsi, 22 Noyabr 2021 12:05

“Sevinc”

İşıl Yolçiyeva (10 yaşında)

Həftənin təqvimi hər bazar ertəsi Varisin təqdimatında

 

22 noyabr. Beynəlxalq oğul günü

2014-cü ildə Guardian nəşri təşəbbüs göstərdi ki, Beynəlxalq kişi günü keçirilirsə, qoy oğul günü də keçirilsin. İnternational Son Day belə yarandı. Günün ilkin anlamı ailəsindən müvəqqəti, yaxud daimi ayrı yaşamağa məcbur olmuş oğulların ailələri ilə görüşməsinə vəsilə olmaq idi. Öncə bu günü ingilisdilli ölkələr qeyd edirdilər. Amma artıq digər ölkələr, hətta bizim postsovet məkanından Ukrayna, Rusiya da qeyd etməyə başlayıb.

Məmməd Araz demişkən, “Vətən mənə oğul desə, nə dərdim. Mamır olub qayasında bitərdim”. Ata-anaya oğul olmaq bir ayrıdır, vətənə oğul olmaq bir ayrı. O, vətəni çapıb talayanlar, onun sərvətini qamarlayanlar deyil onun əsil oğulları, əsil oğullar vətənçün canlarını verənlərdir, vətənin zillətini görənlərdir. Beynəlxalq oğul günündə öz oğulluq funksiyalarını yerinə yetirdiyini səmimiyyətlə düşünən hər kəsə təbrik düşür.

 

22 noyabr. Beynəlxalq kimçi günü

Özünün nəhəng assosiasiyası olan, iki elmi-tədqiqat institutu, muzeyi olan, YUNESKO-nun qeyri-maddi irs siyahısına salınan kimçi nədir axı? İnanmazsınız, yemək növüdür, vətəni də Koreyadır. Tək naharda və şamda deyil, səhər də yeyilən kimçi koreyalılar üçün adı qida deyil, bir həyat tərzidir. Və həqiqətən də hər xalqın hünəri deyil ki, öz adi yeməyini dünyaya bu cür tanıtdırıb onu sevdirə bilsin. Əlbəttə, sual ediləcək ki, bu yeməyin tərkibi nədən ibarətdir? Pekin kələminin sarımsaqla, qırmızı istiotla, yaşıl soğanla, müxtəlif tərəvəzlərlə (badımcan, bibər, pomidor, kök, xiyar və s.), göyərtilərlə və bol ədva ilə qarışdırılan çox acılı şorabasıdır. Təsəvvür edin ki, kimçinin 122 növü vardır. Kimçi piyəridəndir deyə dietik yemək hesab edilir, vitaminlə boldur, üstəlik, soyuqdəyməyə qarşı da güclü təsirə malikdir.

Və çox maraqlı bir qeyd. O ki bizim ana-nənələrimiz payızda çəlləkdə, iri qazanlarda kələm şorabası qoyurlar e, vaxtı yetişəndə onu üzə çıxarırlar, məhz 22 noyabr günü kimçi qoyanda o daha dadlı-ləzzətli çıxır sən demə. Mən bilmirəm, Koreyaya gedib gələn həmyerlilərimiz ondan dadıbmı, yaxud Koreya ilə bizim dostluq cəmiyyətindəkilər kimçi barədə bilgiyə malikdirlərmi, amma mən məmnuniyyətlə ondan dadmaq istədim. YouTube-da hazır reseptlər var, nə deyirsiniz, bəlkə kimçi hazırlamağa cəhd edək?

 

22 noyabr. Avtomobillə seyrəçıxma günü

Bu günü təqvimə daxil edənlər onu əsas götürüblər ki, soyuq və bomboz payız günündə avtomobilin asta sürətində şüşədən sarı-qəhvəyi yarpaqları, tələsən insanları, küləyin uçurduğu kağızları, narın yağış damcılarını seyr etməklə bu payız gözəlliklərini duymaq bir ayrı həzzdir. Deyək, kimçiyə əlimiz yetmir, avtomobillə seyrə ki çıxa bilərik?

 

22 noyabr. Humanist cəmiyyət günü

Hansı dövlət, hansı xalq humanist cəmiyyətə malikdirsə ona zaval yoxdur. Biz “humanizm” sözünü çox eşidirik, onu işlətməyə də bir növ adətkarıq. Amma əksərən bunu “yaxşılıq” sözünün sinonimi kimi qəbul edirik. Humanizm sözü latın sözüdür, kökü “insan” anlamı verən “homo”dur, dəqiq tərcüməsi “insanlıq”dır. Ensiklopediyada humanizmə belə tərif verirlər: “Humanizm - insanın öz həyatının məzmununu və formasını müəyyən etmək hüququna və öhdəliyinə malik olduğunu iddia edən demoktarik və etik həyat mövqeyidir.”

Humanizm insan bərabərliyinə söykənir, hətta ali canlı olan insanın digər canlılardan uca tutulmasını da təqdir etmir, adi quşun, böcəyin belə yaşamaq haqqını qəbul edir. Dilimizdəki “alim olmaq asandır, insan olmaq çətin” deyimi var, bu deyim xalqımızın insaniyyətə necə böyük dəyər verdiyini bildirir.

Əlbəttə, humanizm gözəl şeydir, yetər ki, onun haqqında qeyri-demokratik və qeyri-etik həyat mövqeyi sərgiləyənlər gen-bol danışmasınlar.

 

22 noyabr. Stolıpinin tarif şurası

Bu gün müxtəlif xalqlar müxtəlif bayramlar qeyd edirlər, düşündürücü və əyləndirici bayramlar. Ondan başlayaq ki, Azərbaycanda Ədliyyə işçilərinin peşə bayramıdır, içlərində olan ədalətli, vicdanlı olanları, heç kəsin haqqını taptalamayanları gəlin səmimi qəlbdən təbrik edək. Mətbəx bayramlarına alüdə olan amerikalılarda bu gün Milli giləmeyvə günüdür. Nuşi can. Yaponlardakı bayramın adı ər və arvad günü deyil əsla, o bayramın adı yaxşı ər və yaxşı arvad günüdür. Venesuelada psixoloq, Qırğızıstanda prokurorluq, Kosta-Rikada müəllim, Albaniyada əlifba, Virgin adalarında ağacəkmə günüdür. Banklarının hamısına sidqi-ürəkdən bankrotluq arzuladığım Ermənistanda isə bu gün bank işçisi günüdür.

2004-cü ilin bu günündə Ukraynada Narıncı inqilab başlayıb. 1990-cı ilin bu günündə Marqaret Tetçer istefa verib. 1963-cü ilin bu günündə Dallasda əsrin qətli baş verib: Osvald adlı birisi ABŞ prezidenti Con Kennedini güllələyib. 1933-cü ilin bu günündə Şəkidə kinorejissor Rasim Ocaqov dünyaya gəlib, Azərbaycan kino sənətinə “Tütək səsi”, “İstintaq”, “Ad günü”,“Təhminə” kimi şedevrlər bəxş edib o. 1922-ci ilin bu günündə Gəncədə dünyaya bir uşaq gəlib ki, sonradan öz ecazkar musiqisi ilə bütün dünyanı valeh edib. Böyük bəstəkar Fikrət Əmirovdan söhbət gedir. 1916-ci ilin bu günündə məşhur Amerika yazıçısı Cek London dünyadan köçüb. 1906-cı ildə Azərbaycanımızın da daxil olduğu Çar Rusiyasında Stolıpin islahatları başlayıb. Varlıların varidatını qorumaq şərti ilə kəndlilərin əməyi sayəsində aqrar sektorun dirçəldilməsinə hesablanmış bu islahat hardasa bizim Tarif Şurasının kasıb zümrənin istismarı hesabına büdcə doldurmaq üçün ildə üç-dörd dəfə qiymətləri qaldırmasına çox bənzəyir. 1890-cı ildə şöhrətli fransız sərkərdəsi və prezidenti Şarl de Qoll dünyaya gəlib. 1675-ci ilin bu günündə Ole Ryemer Paris akademiyasına işığın sürətini ölçə bilmək barədə kəşfini təqdim edib.

 

23 noyabr. Türk dünyasının böyük sərkərdəsi Ənvər Paşanın 140 illiyi

Azərbaycanın taleyində əhəmiyyətli rolu olan Ənvər Hacı Ahmet oğlu (İsmail Enver) 1881-ci il noyabr ayının 23-də İstanbulda anadan olub. 34 yaşında ikən polkovnik və bir qədər sonra general-mayor, 1916-cı idə isə general-leytenant rütbəsi alan bu şəxs 1914-cü ildə Osmanlı ordusunun Baş qərargah rəisi, 1916-cı ildə Osmanlı sultanının xüsusi yavəri, 1917-ci ildə hərbi nazir təyin edilib. “İttihad və tərəqqi” partiyasının liderlərindən biri, türk xalqlarının mənəvi-siyasi birliyi ideyasının - turançılığın fəal tərəfdarlarından olub. Rusiya müstəmləkəçiliyindən inləyən Azərbaycandakı və Dağıstandakı milli azadlıq hərəkatını dəstəkləmək üçün Qafqaz İslam Ordusunun yaradılması qərarını o verib, ordunun komandanı vəzifəsini qardaşı Nuru Paşaya etibar edib. 1918-ci il iyunun 4-də Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan müqavilədən sonra Ənvər Paşa Azərbaycana hərbi qüvvələr göndərilməsinə dair göstəriş verib, bu tarixi unutmayaq.

Antanta müttəfiqləri tərəfindən 1-ci dünya müharibəsində məğlub edilmiş Osmanlı dövləti üçün təslim aktı olan Mudros barışığı (1918) imzalanandan sonra Ənvər Paşanın həyatına təhlükə yaranmışdı və o, 1918- ci il noyabrın 8-də hökumətin bir neçə üzvü ilə birlikdə Azərbaycana gəlmək üçün gizlicə Türkiyəni tərk etdi. Alman gəmisi ilə Krıma gələn Ənvər paşa Şimali Qafqazda hərbi şəraitin kəskinləşməsi üzündən Azərbaycana gələ bilmədi və Moskvaya gedəsi oldu. Orada “İslam ihtilal cəmiyyətləri ittihadı”nı yaratdı, bu cəmiyyətin nümayəndəsi kimi 1920-ci il sentyabrın 1-də Bakıya hər halda gələ bildi, orada keçirilən Şərq xalqlarının qurultayında iştirak etdi. Bolşevik hökuməti ilə əməkdaşlığın onun əqidəsinə zidd olduğunu anlayan Paşa 1922-ci ildə Tacikistana keçdi, sovet-bolşevik işğalçılarına qarşı azadlıq mübarizəsinə qoşuldu. Mərd komandan 1922-ci il avqust ayının 4-də Tacikistan ərazisində, Abi-Dərya çayı kənarında bolşevik qüvvələrinə qarşı döyüşdə şəhid oldu. XX əsrin 90-cı illərində onun nəşi İstanbula gətirilərək torpağa tapşırıldı. Ruhu şad olsun!

 

23 noyabr. Fibonaççi günü

Bu gün orta əsrlər Avropasının ilk məşhur riyazıyyatçısı Leonardo Pizanskinin şərəfinə elan edilib, odur ki, bu günün qeyri-rəsmi adı riyazıyyatçılar günüdür, bizə də o qalır ki, riyaziyyatçıları təbrik edək. Psixologiya belə izah edir ki, bu dəqiq elmə alüdə olan adamlar duyğusallıqdan, sentimentallıqdan tam uzaqda olurlar. Amma riyaziyyatçılar unutmasınlar ki, Leonardo müəllim özü əsl sentimental biri olub, çox hissə qapılmış, çox kövrəkmiş rəhmətlik.

 

23 noyabr. Dramaturq Aqşin Babayevin 75 illiyi

Onu çoxlarımız Milli Məslisdən tanıyırıq. Aqşin  Babayev hələ uşaqlığından yazı-pozuya meyilli olub, 1964-cü ildə onun “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb. “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı”, “Göyərçinlər öpüşür” və s. kitabların müəllifidir o, ümumilikdə onun 40 kitabı nəşr olunub. Televiziyada uzun illər çalışıb, 1975-1990-cı illərdə AzTV-də sədr müavini vəzifəsini daşıyıb. 1996-cı ildən filologiya elmləri doktoru elmi adını, 1998-ci ildən professor elmi rütbəsini alıb. Onun “Yaralar”, “Cəza”, “Tufan”, “Düşmən”, “Bir parça həyat” əsərləri tamaşaya qoyulub, ssenarisi əsasında telefilmlər çəkilib. 1986-cı ildə “Kişilər az yaşadı” povest və hekayələr toplusu Moskvada rus dilində kütləvi tirajla nəşr olunub. 1969-1979-cu illərdə ingilis, fransız, ərəb və ispan dillərində çap olunan “Moskow news” qəzetində Azərbaycan üzrə xüsusi müxbirlik də edib. 1991-2006-cı illərdə o, Milli Məclisinin Mətbuat xidməti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xidmətlərinə görə Aqşin müəllim 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı, 1980-ci ildə “SSRİ televiziya və radio əlaçısı” nişanı, 1986-cı ildə “Əmək Veteranı” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə tətif edilib. 1987-ci ildə Azərbaycanın “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona II dərəcəli Dövlət müşaviri rütbəsi verilib. Aqşin Babayev 2020-ci il iyun ayının 10-da Bakı şəhərində vəfat edib. Allah rəhmət eləsin!

 

23 noyabr. Xose Orosko və Klod Loppen

Gürcülərdə Qiorqoba günüdür, dini bayramdır. Yunanıstanda Heredot günüdür, elmi bayramdır. Meksikada donanma, Litvada döyüşçü günüdür, hərbi bayramlardır. ABŞ-da isə Milli espresso günüdür, həm də Milli keşyu qozu günüdür, təbii ki mətbəx bayramlarıdır.

2003-cü ilin bu günündə Gürcüstanda Qızılgül inqilabı baş verib, Şevardnadze istefaya getməli olub. 1996-cı ildə 6000 rus əsgərinin ərazidən çıxarılması ilə Çeçen müharibəsinə rəsmən son qoyulub. 1898-ci ilin bu günündə Böyük Vətən Müharibəsinin ən yaxşı tankı olan T-34-ün konsrtuktoru Mixail Koşkin doğulub. Həmin gün SSRİ-nin daha bir məşhur hərbi xadimi – marşal Rodion Malinovski də doğulub. 1883-cü ildə 20-ci əsr təsviri sənətinin ən əsas novatoru sayılan meksikalı rəssam Xose Orosko dünyaya gəlib. 1682-ci ildə isə başqa bir məşhur rəssam – barokko epoxasının ən böyük peyzajçısı, fransız Klod Loppen dünyadan köçüb.

 

23 noyabr. Vahid Əziz günü

Bu gün Azərbaycanın Xalq Şairi Vahid Əziz ömrünün 76-cı baharına qədəm qoyacaq. Yeniyetməliyimin sevgi şairi Nüsrət Kəsəmənli olduğu kimi gəncliyimin də sevgi şairi Vahid Əziz olub. Onun şeirləri o qədər qəlbimi oxşayıb ki, bir oxumaqla əzbər bilmişəm, bəzən gözüm tutan qızlara ardıcıl söyləyəndə bu qədər şeir bilməyimə təəccübləniblər.

Dünyanın yollarına daha göz qoymuram mən,

Dünyada hər bir yolun öz həsrətli gözü var,

Hər açıq pəncərənin bir ümidli səhəri.

Gəlsən qapımı döymə, dəli edərsən məni

 

24 noyabr. Beynəlxalq təkamül günü

1859-cu ilin bu günündə Çarlz Darvin “Növlərin əmələ gəlməsi” adlı əsərini çap etdirdi, bununla da dünya elminin bel sütunu sayılan Təkamül nəzəriyyəsi ortaya çıxmış oldu, hər bir canlının ibtidaidən aliyə inkişafının əsaslarını ortaya qoyan bu təlim hazırda hər bir sahədə öz inikasını ortaya qoymaqdadır. Eləcə də empirik sahədə.

Təkamülü əqillə, beyinlə əlaqələndirən dünya təmayülündən fərqli olaraq bizdə təkamülün səbəbini maddi sərvətlər bolluğu ilə hazırkı ölçmə tendensiyası isə kökündən yanlışdır.

 

24 noyabr. Dost qazanma günü

Niyə belə bir gün? Ona görə ki, bu gün Deyl Karneginin anadan olduğu gündür. 1888-ci ilin bu günündə Missuri ştatının Merivil fermasında dünyaya gələn, hədsiz yoxsulluq içərisində yaşaya-yaşaya Dövlət Pedaqoji Kollecində əla təhsil almağa müvəffəq olan bu şəxs nimdaş geyimi, normal qidalana bilməməsi müqabilində nədəsə fərqlənməyi, nədəsə nümunə olmağı qarşısına məqsəd qoymuşdu, müvəffəqiyyətli təhsili ilə kollecdə hamını qabaqlamış, üstəlik, əla natiqlik qabiliyyəti ilə böyük auditoriyaları ələ ala bilmiş, zaman keçdikdən sonra isə bir psixoloq, kouç, motivasiya spikeri kimi bütün dünyaya uğur qazanmağın, karyera qurmağın, xoşbəxt olmağın sirlərini açıqlayaraq məşhurlar məşhuruna çevrilmişdi.

Şəxsən mən hansı auditoriyada gənclərlə görüşürəmsə əksəriyyəti imkansızlıqdan şikayətlənib bədbinliklərini, ruhdandüşmə səbəblərini bununla izah edirlər. Budur, Deyl Karneginin həyatı hamı üçün örnək olmalıdır. İnsana nimçədə xoçbəxtliyi heç kəs vermir, onu gərək özün öz səyin, məqsədyönlülüyün sayəsində əldə edəsən.

Karneginin doğulduğu günün “dost qazanma günü” adı altında qeyd edilməsinin səbəbi isə dünyaşöhrətli kouşun ən məşhur təlimlərindən biridir - “Dostları necə qazanmalı”.

 

24 noyabr. Sənin unikal istedadının günü

Dünyada yaşayan milyardlarla insan var ki, hər kəsə doğulanda genlə müəyyən istedad ötürülür. Çox təəssüf ki, əksərən insanlar öz istedadlarından bixəbər yaşayıb adi ömür sürürlər, fərqlənmək şanslarını itirirlər. Ona görə də insanın ilk növbədə özünü tanımağı bacarması böyük xoşbəxtlikdir. Mən məmnuniyyətlə sizə bir əhvalat danışmaq istəyirəm. 1872-ci ildə Polşada doğulan yəhudi Morris Xirşfild on səkkiz yaşında ABŞ-a mühacirət edibmiş. Sadə peşə nümayəndəsi imiş, dərzi və çəkməçi kimi çalışırmış. 1935-ci ildə 63 yaşında o, təqaüdə çıxıb, amma işsiz-gücsüz darıxıb. Başını qatmaq üçün o, çox şeyə əl atıb, nəhayət, boya və fırça götürüb, kətan üzərində rəsmlər çəkməyə başlayıb. Heç bir təlim almayan Morris, təbii ki, avanqardizmdən uzaq, tam realist rəsmlər çəkməyə başlayıb, naşılığı, təcrübəsizliyi onun çəkdiyi qadın, pişik, pələng rəsmlərini adətən uşaqlar çəkən rəsmlərə bənzədib. Bununla belə, bu rəsmlərdə o qədər isti işıq, rəng koloriti, o qədər cazibə olub ki, mütəxəssislər onlarda orta əsr incəsənətinin heraldika obrazlarını sezməyə başlayıblar. Beləcə, Morrisin rəsmlərinə diqqət yaranıb, artıq iki il sonra -- 1937-ci ildə Nyu-York Müasir İncəsənət Muzeyi bu rəsmləri yaxşı qiymətə Morrisdən alaraq öz eksponatına çevirib, onun fərdi sərgisini təşkil edib. Onun “İtlə qız” rəsmini isə şəxsi kolleksiyalardan birinin sahibi o dövr üçün astronomik qiymətə -- beş yüz on milyon dollara alıb. Beləcə, başını qatmaq üçün rəsm çəkməsi içində rəssamlıq istedadı gizlənən qoca dərzini məşhur rəssama çevirib.

 

24 noyabr. Repressiya qurbanı olan tanınmış tənqidçi Əli Nazimin 115 illiyi

Əliəkbər Mahmud oğlu Mahmudzadə (Əli Nazim) 1906-cı il noyabr ayının 24-də Təbriz şəhərində anadan olub. Tezliklə ailəsi Rusiya imperiyasına aid olan Batum şəhərinə köçüb. Orada rus dilini mükəmməl öyrənən Əli Nazim Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda təhsil alıb. Bakıya köçəndən sonra Azərbaycan Elmi-Tədqiqat İnstitutu Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb, qiymətli dərsliklər yazıb. Ədəbi tənqid sahəsində parlaması 1932-1936-cı illərdə bir-birinin ardınca “Molla Nəsrəddin” jurnalı haqqında “Realist, satirik və sənətkar”, “Cəlil Məmmədquluzadə və yaradıcılığı”, “Nəsrəddin haqqında bir neçə söz” kimi maraqlı əsərlər yazıb dərc etdirməsi sayəsində olub. Əli Nazim 20-30-cu illərdə respublikamızdan kənarda ən çox çıxış edən tənqidçilərdən idi. O, Moskvada, Türkiyədə çap olunan qəzet və jurnallarda dərc olunmuş məqalələri ilə Azərbaycan ədəbiyyatını layiqincə təblig edirdi. Çox təəssüf ki, 1937-ci ilin repressiyası onu da qurbana çevirib. Əli Nazim SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 13 oktyabr 1937-ci il tariхində keçirdiyi 15 dəqiqəlik məhkəmə iclasında 10 il müddətinə azadlıqdan məhrum edilib, 23 avqust 1941-ci ildə həbsxanada vəfat edib. Düzdür, ölümündən sonra SSRİ Ali Məhkəməsinin qərarı ilə ona bəraət verilib, amma daldan atılan daş topuğa dəyər.  

 

24 noyabr. Arktika ölkələrində suiti günü

Yadıma uşaq vaxtlarımda Sumqayıtın Xəzər sahilində dəfələrlə suiti cəsədlərinə rast gəlməyim düşdü. O vaxt çirkab suların, kimya zavodlarının zəhərli tullantılarının dənizə axıdılması nəticəsində bu həssas heyvanlar sürətlə qırılırdı. Yəqin ki qırılıb qurtardılar da. İndi Arktika ölkələri ictimaiyyətinin suiti gününü qeyd etməklə bu momont və dinozavr dövrü canlılarına bənzər unikal canlıların mühafizəsini vacib hesab etdikləri məqamda heç bilmirəm də niyə mənim yadıma özümüz kimi aciz və köməksiz olan öz suitilərimiz düşdü.

 

24 noyabr. Dahi Barux Spinoza anılacaq

Qardaş Türkiyədə müəllim, Portuqaliyada elmi mədəniyyət, Hindistanda Teq Bahadur əzabkeşləri (bizim Aşura gününə bənzər bir gün) günüdür, ABŞ-da isə bu gün mətbəxdə siyənək balığının bir növü sayılan sardin balığı hökmranlıq edəcək, çünki onlarda milli sardin günüdür.

Bu gün dünyaşöhrətli filosof Barux Spinozanın da doğum günüdür. 1632-ci ildə dünyaya gələn bu ən böyük panteistin o qədər mükəmməl fikirləri var ki. Məsələn, bu: İnsanın əldə edə biləcəyi ən əhəmiyyətli fəaliyyət anlamağı öyrənməkdir, çünki başa düşmək azad olmaqdır. Yaxud bu: Xurafatı meydana gətirən, qoruyan və bəsləyən səbəb qorxudur. Yaxud bunlar: Etdiklərindən peşman olan ikiqat bədbəxtdir; Keçmişi təkrarlamaq istəmirsinizsə, onu öyrənin. Bu isə, əsl şedevr deyilmi? Dövlət tərəfindən akademiyalar ağılları inkişaf etdirmək üçün deyil, onları cilovlamaq üçün qurulur.

 

25 noyabr. Kəlbəcərin de yure azadlığı günü

Kəlbəcər rayonunun sahəsi 3054 km2-dir, bu nəhəng ərazili rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardır. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. Rayonunun əhalisinin sayı 85,5 min (01.04.2013) nəfərdir. Əhalisinin 98 % azərbaycanlılardan, 2 % ruslardan, İrandan gəlmə kürdlərdən və digər millətlərdən təşkil olunub. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir.

Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunu başdan-başa gülüstan adlandırmaq olar. 30 000-dən artıq bulağı olan rayon əsl təbiət muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaq var. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti dünyanı gəzir, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murov və Dəlidağ əsl məğrurluq və gözəllik rəmzi sayılır.  Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V.Avix Kəlbəcər haqqında demişdir: “Kim Tərtərçay dərəsi boyunca təbiəti seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.

Kəlbəcər rayonu ərazisində Azərbaycanın qədim xristianlıq dövrünə aid çoxlu tarixi abidələr var, Xaçın knyaz sarayı, Gəncəsər, Havaptux, Müqəddəs Tanrı anası monastırları, Mamakan xatun, Müqəddəs Stepanos və Xilaskar kilsələri bu qəbildəndir.

Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdu. 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 32 ambulatoriya və aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika talan edilmiş, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı. Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşmışdı. Ötən il sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan müzəffər Azərbaycan ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Düzdür, hazırda rus sülhməramlılarının “niyyətləri” Azərbaycanın ərazi bütövlüyünə maneçilik törədir, amma hər şeyin yaxşı olacağına ümidimiz böyükdür.

 

25 noyabr. Şükranlıq günü

Bu gün xristian dünyası insanları Allaha onlara verdiyi ömür, nazu-nemətlər üçün minnətdarlıq bildirəcəklər. Şükranlıq günü qədirbilməz, daim narazı insanları tərbiyələndirəcək bir gündür. Yaxşı olar ki, müsəlman dünyası da bu ənənəyə qoşulsun. Çünki şükranlıq etmək Quranda da buyrulub.

 

25 noyabr. Beynəlxalq qadınlara qarşı zorakılığın ləğv edilməsi günü

Bu günün qeyd edilməsini BMT Baş Assambleyası 2000-ci ildə lazım bilib, beynəlxalq təşkilatları, qeyri-hökumət orqanlarını mövcud problemə ictimaiyyətin diqqətini cəlb etmək üçün tədbirlər keçirməyə dəvət edib. Bəs niyə 25 noyabr? Çünki 1961-ci ilin həmin günündə Dominikan Respublikasında padşah Truxilyonun əmri ilə 3 siyasi fəal - Mirabal bacıları vəhşicəsinə qətlə yetiriliblər.

“Zərif və zəif cinsin nümayəndələri olan qadınlara qarşı zorakılıq cəmiyyəti və ailələri iflic vəziyyətinə salır, buna yol vermək olmaz” söyləyir BMT qətnaməsi. Əlbəttə ki, düz buyurur. Mən bu yerdə ölkəmizlə bağlı cəmi bir neqativ fakta toxunmağı özümə borc bilirəm. Xüsusən Cənub bölgələrimizdə 13-14 yaşlı kiçik qızların ərə verilməsi cinayətdir, bununla hələ də yetərli mübarizə aparılmır.

 

25 noyabr. Gorasöymə günü

Təqvimdə 25 noyabra düşən maraqlı qeydetmələr var, məsələn Ev mətbəxi günü. Deyilir ki, kafe-restoran qidası nə qədər dadlı olsa belə ev mətbəxinin yerini verə bilməz. Yaxud, Alış-verişi xatırlama günü. Son dönəmdə aldıqlarının siyahısını tutub əmin ol ki, onların nə qədəri boşunadır, pulunu yelə vermisən. Amerikalıların isə bu gün qeyd etdikləri gün Milli dostunla ye günüdür, yəni, bu gün boğazından tək çörək keçirmə, dostunla nuşi-can elə.

1889-cu ilin bu günündə İstanbulda dünyaya Rəşad Nuri Güntəkin gəlib. Əsərləri dillər əzbəri olan bu yazıçının “Çalı quşu” romanı xüsusən məşhurdur, kitabı yüz minlər oxuyub, serialına isə yüz milyonlar baxıb. 1562-ci ilin bu günündə Madriddə də məşhur ispan dramaturqu, əsərləri günü bu gün də aktuallığını itirməyərək teatr repertuarlarına daxil edilən Löpe de Veqa doğulub.

Bu gün dünya doğum günü bu günə təsadüf edən Çili hərbi xunta yaradıcısı Auqusto Pinaçetin – bəşəriyyətin ən qanlı diktatorlardan birinin goruna söyəcək, biz azərbaycanlılar da gəlin bu gün doğulan, sovet diktaturasının ən bariz nümayəndəsi, xalqımıza zillətlər yaşatmış erməni Anatas Mikoyanın göruna söyək. Rusiyadakı həmyerlilərimizdən də xahiş edək ki, nə olar, milli qürur nümayiş etdirin, o köpək oğlunun adına olan kolbasa kombinatının kolbasa-sosislərini alıb yeməyin.

 

26 noyabr. Ümumdünya informasiya günü

İnformasiyanın insanlığa təsirinin masştabı hələ də dəqiq öyrənilməyib. Hər halda, bəşəriyyətin inkişafı üçün informasiya ən vacib detallardan biridir, informasiyasızlıq hardasa elmsizlik anlamı qədərdir. Hazırda BMT-nin tərkibində ayrıca Beynəlxalq İnformasiya Akademiyası fəaliyyət göstərir, böyük elmi-praktik işlər aparılır, qlobal forumlar, diskussiyalar, konfranslar, dəyirmi masalar təşkil olunur. İnformasiyanın inkişafı aparıcı təsisatlar üçün vacibdir, bununla tərəqqi səviyyəsi ölçülür. İnformasiya texnologiyalarının sürətli inkişafı da məhz elə cəmiyyətlərin informasiyalaşmasına xidmət edir. Ayrıca söhbətin mövzusudur ki, bəzi avtoritar rejimlər informasiyasızlıq mühiti yaratmaqda maraqlıdırlar.Bir baxın, Sovetlər dönəmində dövlət informasiya siyasətinə necə diqqət ayırırdı, KİV böyük terrorlar, cinayətlər, millətlərarası toqquşmalar, korrupsiya və nöqsanlar barədə bütün məlumatları əhalidən gizləyirdi, əhali tam məlumatsız idi. 20 yanvarı bir xatırlayın. Sovet qoşunları Bakıya soxulanda ilk olaraq Televiziyanın enerji blokunu sıradan çıxarmışdılar ki, əhaliyə informasiya çatdırılmasın. Ayrıca, KQB-nin şayiəgəzdirmə siyasəti də var idi, hər hansı yanlış bir informasiya çuğulçular vasitəsi ilə insanların arasında yayılırdı.

İndi də sosial media ayrı-ayrı avtoritar hakimiyyətlərin əsl başağrısına çevrilib, çünki indi hər bir kəs həm informasiya alandır, həm də informasiya yayan. Sosial mediada insanların təqib edilməsinə belə əl atan bu rejimlər BMT-nin xoş məramı ilə dabandabana zidd siyasət yürüdürlər.

 

26 noyabr. Qara cümə - Black Friday

Bu ənənə 1952-ci ildən başlayıb, vətəni ABŞ-dır – qara cümə günündə misligörünməmiş ticarət endirimləri etmək dünya mağazalarının dövriyyəsini xeyli artırır, insanlar böyük izdihamla mağazalara yüyürürlər. Təsəvvür edin ki, kişilərin böyük əksəriyyəti necəsə həzz almaq barədə düşündükləri zamanda qadınların 74 faizinin fikrini məhz alış-veriş məşğul edir, odur ki, endirimlər hətta 80 faizə çatan qara cümə günü qadınların əsl bayramıdır.

ABŞ-da 2013-cü ilin qara cümə günündə 61,4 milyard dollarlıq mal satılıb. Tək elə bu fakt qara cümə anlamının nə qədər populyar olduğuna bir işarədir.

 

26 noyabr. Heç nə almamaq günü

Buy Nothing Day-in təşəbbüskarı reklamçı Ted Deyvdir, o, cəmiyyətə aşılamağa çalışır ki, hər gün nəsə almaq bizi xoşbəxt edə bilməz, dünyada pulla satılmayan həzzlər də var, təbiətin qoynuna çıxmaq, özünü idmana, incəsənətə həsr etmək, dostlarla ünsiyyətdə olmaq və s. Bu günün başqa bir anlamı da insanların ildə bircə gün bərabərləşməsidir, imkanlıların hər gün hətta lazımsız şeylərə belə milyonlar xərclədiyi, kasıbınsa bir kömbə çörəyə pul tapmadığı ədalətsiz cəmiyyətdə bir gün hamını eyni – sıfır büdcəsində saxlamaq da az iş deyil.

Təqvimə görə bu gün hər il noyabrın sonuncu cümə günündə qeyd edilir, bu da gəlib Black Friday günü ilə üst-üstə düşür. Bəli bu məhz Black Fridey-in əksinə yönəli bir təbliğatdır. Deyv reklama aldanıb insanları pullarını yelə verməməyə çağırır.

 

26 noyabr. Beynəlxalq piylənmə ilə mübarizə günü

Qarnını irəli verib üzərində dumbul çalan kişilər, irəli çıxın, sizin gününüzdür, artıq çəkiyə görə depressiyaya düşsələr belə bir oturuma bütov bir tortu aşıran kök qadınlar, sizin gününüzdür. Bir gün iradəyə təslim olub artıq kalori yığmasanız nə olar ki? Sonra daha bir gün, daha bir gün, bir də görərsiniz ki, əməlli-başlı arıqlamısınız.

Ürək-damar sisteminin, hipertoniyanın, diabet xəstəliyinin səbəbkarı olan piylənmə ilə niyə axı yoldaşlıq edəsiniz ki?

 

26 noyabr. ANS günü

Yox, təqvimdə belə bir gün yoxdur. Amma insanların qəlbində var. 1991-ci ilin bu günündə - düz 30 il əvvəl SSRİ məkanında ilk özəl telekompaniya yarandı – ANS. Partokratik televiziyaya öyrəşmiş xalq ilk dəfə azad fikrə, azad sözə şahidlik etdi. ANS bir məktəb oldu, dəqiq, qərəzsiz xəbərin ünvanı oldu. İndi bu cür tam müstəqil ideologiyası olan, bəzək-düzəksiz xəbər çatdıran televiziyanı ancaq arzulamaq olar. Ad gününüz mübarək, ANS-çilər! Hazırda çoxunuz yüksək kürsülərdə oturmusunuz, bəziləriniz itib-batmısınız. Amma pulunuzun və imtiyazınızın miqdarından, hansı cəbhədə dayanmanızdan asılı olmayaraq siz hamınız eyni şineldən çıxmısınız, bu gün 24 saatlıq həmin şinelə qayıtmağınız mütləqdir.

 

26 noyabr. Xalq rəssamı Fərhad Xəlilovun 75 illiyi

1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədri olan Fərhad Xəlilovun yaradıcılığında Avropa və rus rəssamlıq ənənələri Şərq mədəniyyəti ilə vəhdət təşkil edir. Əsərlərində Abşeron motivləri əhəmiyyətli yer tutur: çimərliklər, dəniz görüntüləri, yarımadanın kəndləri - Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan... Onun əsərləri üçün rənglərin və fəzanın real vəhdəti xarakterikdir. Təsvirləri mücərrəd minimalizmə yaxındır və əsasən cənub təbiətindən gələn təəssüratların obrazlı şəkildə ifadəsidir. Əsərləri dəfələrlə keçmiş SSRİ-də, Avropada, dünyanın müxtəlif qalereya və sərgilərində nümayiş etdirilib. Çox əlamətdar bir tarix: 2008-ci ildə Moskvada, məşhur Dövlət Tretyakov Qalereyasında Fərhad Xəlilovun fərdi sərgisinin təntənəli açılışı mərasim keçirilib, yaradıcılığının 30 ildən artıq dövrünü əhatə edən retrospektiv sərgidə 80-nə yaxın rəsm əsəri nümayiş etdirilib. O cümlədən ən yaxşı sayılan “Görüş”, “Xatirə”, “Torpaq naxışları”, “1984-cü ilin baharı”, “Axşamın gec saatları” əsərləri.

Fərhad Xəlilov 2008-ci ildə Rusiya Bədaye Akademiyasının həqiqi üzvü, 2016-cı ildə Roma Rəssamlıq Akademiyasının fəxri professoru seçilib, Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı ilə mükafat­landırılıb. İncəsənətimizin inkişafındakı xidmətlərinə görə o, 2002-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət”, 2016-cı ildə “Şərəf” ordenləri ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2009-cu il tarixli Sərəncamı ilə fərdi Prezident təqaüdçüsüdür. Xalq rəssamımızı təbrik edir, ona cansağlığı və yeni-yeni əsərlər arzulayırıq.

 

26 noyabr. Digər əlamətdar hadisələr

Qadınlar üçün daha bir özəl gün: Beynəlxalq qadınların hüquqlarının müdafiəsi günü. Tarqovıya feministlər axışacaqmı görən? Polisin qorxusundan çətin axışalar.

Monqollar Respublika, hindistanlılar konstitusiya, ukraynalılar logist gününü qeyd edirlər. Amerikalılarda isə bu gün milli tort günüdür.

1970-ci ilin bu günündə Qvadelupada yağan leysan tarixə rekordçu kimi düşüb, 1 dəqiqəyə 38,10 mm yağıntı! 1890-cı ildə bizim neftdən xalq olaraq götürdüyümüz gəlirlə müqayisə olunacaq dərəcədə sudan gəlir götürən gürcülər böyük bayram yaşayıblar – “Borjomi” mineral su yatağı aşkara çıxarılıb. 1939-cu ildə sevilən amerikalı rok müğənni Tina Tyorner dünyaya gəlib. 1894-cü ildə kibernetikanı yaradan amerikalı riyaziyyatçı Norbert Vinner doğulub. 1607-ci ildə ingilis missioneri Con Harvard doğulub ki, məşhur universitet məhz onun adınadır. 1516-cı ildə də məşhur italyan rəssamı Covanni Bellini dünyasını dəyişib.

 

27 noyabr. İynə və sap günü

Nədir bu günün anlamı, dərzilərləmi bağlıdır? Dərhal deyim ki, yox. İynə və sap – bir-birini tamamlama günüdür. Sapsız iynənin, iynəsiz də sapın bir dəyəri olmadığı üçün onlar vəhdətin simvoludurlar. İnsanların da, bildiyiniz kimi həyatda ikinci yarısı, onunla vəhdət təşkil edəcək tərəf-müqabili olur. Bu iynə və sap günündə hamıya öz vəhdət yarısını düz tapmağı, səhv etməməyi arzulayıram.

 

27 noyabr. Ukraynada milli matəm günü

Bu gün qardaş Ukrayana xalqı Qolodomor qurbanlarının xatirəsini ehtiramla yad edəcək. 1932-33-cü illərdə ukraynalıların kütləvi olaraq aclıqdan qırılması faktı mövcuddur. 13 milyon insanını həyatını itirdiyi o dəhşətli hadisənin səbəbini uzun illər Sovet rejimi dövrün çətinlikləri, taxıl ehtiyatlarının tükənməsi, quraqlıq, eyni zamanda əksinqilabi ünsürlərin törətdikləri sobotajlarla izah edib. Amma perestroykanın aşkarlıq siyasəti sovetlərin müdhiş cinayətinin üstünü açıb. Sən demə, 30-cu illərdə Ukraynanı bürüyən milli-azadlıq hərəkatının, Ukrayna xalqının sovet imperiyasından qopma tələblərinin müqabilində Kreml süni aclıq yaradaraq xalqı cəzalandırıbmış.

 

27 noyabr. Nüfuzlu alim Zakir Qarayevin 80 illiyi

Gəlin qocaman alimimizi təbrik edək və haqqında bəzi bilgilər əldə edək. 2001-2004-cü illərdə İstanbul Universitetinin Tibb fakültəsi, Mikrobiologiya və immuno­logiya kafedrasında professor vəzifələ­rində çalışan, 2004-cü ildən Azərbaycan Dövlət Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasına müdirlik edən Zakir Qarayev müxtəlif mikroorqanizmlər, radiasiya, hormonal preparatlar, antibiotiklər və s. təsirindən orqanizmdə baş verən immun çatışmazlıqların və ikincili infeksiyaların formalaşma mexanizmlərinin tədqiqinə, diaqnostika, müalicə və profilaktika tədbirlərinin təkmilləşdirilməsinə nail olan görkəmli alimimizdir. (Üstünə düşsə, covid əleyhinə vaksin də hazırlaya bilər). O, 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Z.Qarayevin yazdığı “Tibbi mikologiya” kitabı mikoloji xəstəliklərin diaqnostikası və müalicəsi haqqında qələmə alınan yeganə əsərdir. Onun rəhbərliyi altında 69 fəlsəfə doktoru, 20 elmlər doktoru hazırlanıb. O, SSRİ-də 3 dəfə dünya miqyaslı konqres təşkil edib, 2009-cu ildə Bakıda 23 ölkədən 300-dən çox alimin qatıldığı 3-cü Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresinin prezidenti kimi konqresin təşkilatçısı olub. Z.Qarayev dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktorudur. O, 2010-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

27 noyabr. Karandaş yadınıza düşürmü?

Hərb sevgili ruslar dəniz piyadası gününü bayram edəcəklər. Braziliyada əmək təhlükəsizliyi, İspaniyada müəllim, Britaniyada Lankaşir, Tailandda sağlamlığı möhkəmləndirmə günüdür. ABŞ isə bu dəfə Milli kremli Bavariya tortu gününü qeyd edəcək.

2010-cu ilin bu günündə amerikalı rejissor, “Ulduz müharibələri” və “Heç vaxt heç vaxt demə” kimi məşhur filmlərin rejissoru İrvin Kerşner dünyasını dəyişib. 1940-cı ildə xüsusən uşaqların çox sevdiyi, filmlərinə baxmaqdan doymadıqları, kinematoqrafiyanın savaş filmləri janrının ən görkəmli nümayəndəsi, Çin əsilli Amerika aktyoru Bryus Li doğulub.

1901-ci ildə Mixail Rumyantsev – məşhur sovet klounu dünyaya gəlib. Uşaqkən bir dəfə atam məni Bakı Sirkinə aparmışdı, Karandaşın məzhəkəsinə. Bax Karandaş həmin Rumyantsevin təxəllüsüydü. Nə qədər gülmüşdümsə başımdan ağrı qalxmışdı. Sonradan – gərək ki, 83-cü ildə onun vəfat etməsi xəbərindən çox sarsılmışdım, xatırlayıram. O vaxtın yumoru, məzhəkəsi indiki kimi bayağı deyildi, hər bir ştrix hansısa anlamı ifadə edirdi. Həm gülürdün, həm düşünürdün.

1895-ci ildə isveçli Alfred Nobel Bakı neftindən qazandığı milyonlarının vəsiyyətnamə yazaraq Nobel fonduna köçürülməsini təmin edib. 1701-ci ilin bu günündə başqa bir məşhur isveşlinin – astronom, geoloq və meteroloq Anders Selsinin (temperaturun dərəcə ölçüsü onun adıyladır) doğum günüdür. 1095-ci ildə Roma Papası 2-ci Urbanın qərarı ilə tarixdə ilk səlib yürüşü baş tutub. E.ə. 8-ci əsrdə isə antik dünya ədəbiyyatının tanınmış siması, şair Horatsiy dünyasını dəyişib.

 

28 noyabr. Xanuka günü

Bu gün qardaş yəhudi xalqının böyük bayramıdır, Xanukadır. Bu gün bütün Sinaqoqlarda möcüzənin şərəfinə şam yandırılacaq. Möcüzə isə eradan əvvəl 164 cü ildə Yehuda Makkaveyin ordusunun Çar Antiox üzərində qələbəsi şərəfinə məbədi şamlarla işıqlandırarkən baş verib, cansız aləm canlanıb.

Bayram 8 gün davam edəcək, işıq, sevinc, əylənmək, dadlı qida və şən oyunlar bayramı olan Xanuka hər bir yəhudinin ən sevdiyi bayramdır. Mütləq süfrəyə oladi şirniyyatı qoyulur və mütləq evlərdə şam yandırılır. İlk gün bir, hər gün artıra-artıra son gün də səkkiz şam yandırılır. Məktəblərdə tətil elan edilir, uşaqlara bol hədiyyələr vermək də bayramın atributudur. İsraildə yaşayan uşaqlar fırfıranı fırladıb sehirli “Böyük möcüzə burda olub” söyləyirlər, tarixi vətənlərində yaşamayanlar isə “burda” sözünü “orda” sözü ilə əvəz edirlər.

Gəlin səmimi qəlbdən yəhudiləri bayram münasibətilə təbrik edək!

 

28 noyabr. Yeni il mövludunun başlanğıcı

Bu bayramı isə xristianlar qeyd edirlər. Qırx gün davam edən mövludda əsas məqsəd xristianları qırx gün ərzində xristian kilsəsinin ən böyük bayramına – İsa peyğəmbərin doğum gününə hazırlamaqdır. Bu gündə bayram piroqu bişirmək, yumurta boyamaq adəti nəsildən nəslə keçir. Tolerant xalqıq, xaçpərəstləri də təbrik edirik.

 

28 noyabr. “Özünə əlavə baş düzəlt” günü

Darıxan insanların düşünüb təqvimə saldıqları bir gün. Hər cür maddi tələbatları ödənən insanlar darıxanda bundan da ağıllı bir şey tapmazlar ki. Özünə əlavə baş düzəlt. Palçıqdan, plastilindən, gipsdən, daha nədən. Ya da, düzəltməyə bir şey yoxdusa, əlavə başın şəklini çək. Bir başla yaşamaq yaxşıdır, iki başla isə daha yaxşıdır. Bir başın əzilsə belə digərinə güvənə biləcəksən.

 

28 noyabr. Con Lennon əfsanəsi

1974-cü ilin 28 noyabrında Nyu-Yorkun Medisson Skver Qarden konsert zalında dünyanın musiqi əfsanəsi Con Lennon son dəfə səhnəyə çıxdı. Sonradan tarixdə qalmaq naminə bir alçaq fanatı tərəfindən öldürülən Lennon hamının yadında elə o son konsertindəki xəfif təbəssümü ilə qaldı, Mişel oxudu, İməcn oxudu. Hər bir müğənni üçün ilk və son konserti həyatının ən əsas konserti olur. Əfsus ki, Con Lennon son konsertinə çıxanda bunun son olduğunu bilmədi. Bilsəydi, bəlkə də yüz milyonların sevgisinin müqabilində səhnədən heç çıxmazdı...

1970-ci ildə İtaliyada fəaliyyət göstərərək dünyanı qorxu altında saxlayan “Qırmızı briqada” sol terror dəstəsi Pirelli zavodunda partlayış törədərək ilk terror aktını həyata keçirmiş olub.1954-cü ildə İtaliya əsilli amerika fiziki, atom bombasının yaradıcılarından biri, Nobel mükafatı laureatı Enriko Fermi dünyasını dəyişib. 1943-cü ildə tarixin məşhur Tehran konfransı baş tutub, Ruzvelt, Çörçil və Stalin faşist Almaniyasının taleyini həll ediblər. 1918-ci ildə Sovet Rusiyası Estoniyanı işğal edib. 1880-ci ildə rus simvolist şair Aleksandr Blok dünyaya gəlib. 1820-ci ildə isə marksizmin banilərindən biri, alman filosofu Fridrix Engels doğulub.

 

28 noyabr. Öldür ki, abidə qoyasan

Ən nəhayət, sonuncu qeydlərim 2007-ci ildə baş vermiş bir hadisə ilə bağlıdır. Ukraynanın Mariupol şəhərindəki səyyar zooparkdan həmin ilin mayında Qodzilla adlı timsah qaçır. Düz altı aylıq axtarışdan sonra noyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu Mariupol İstilik Elektrik Stansiyasının su blokunda tapırlar. Bu inanılmaz möcüzə idi. Ağıllı timsah yüz minlərlə insanın gözündən oğurlanaraq hardasa 7-8 kilometr məsafə qət etmiş, İES-də sığınacaq taparaq azadlığına qovuşmuşdu, orada da 6 ay müddətində gözə görünmədən yaşamaq hünərinə imza atmışdı. Dərhal xəbər hər yana yayılır. İnsanlarda Qodzillaya qarşı müdhiş simpatiya yaranır. Amma özünə azad həyat qurmuş xoşbəxt timsahı FHN əməkdaşları zorla İES ərazisindən çıxarıb FHN-in yanğındansöndürmə idarəsində saxlayırlar ki, sonradan zooparka qaytarsınlar. Zavallı heyvan oradaca canını tapşırır.

Bu hadisə 6 ay həyəcanda olan bütün şəhər əhalisini sarsıtmışdı, narazılıqlarına səbəb olmuşdu. Sonradan Mariupolda Qodzillaya abidə də qoyuldu. Öldür ki, sonradan abidə qoyasan! Təzada bir bax. Əksərən çox ağıllı insanları da ya çartladıb, ya da güllələyib öldürürlər ki, sonradan onlara uzun-uzadı nekroloqlar yazsınlar, qəbirlərinə çox bahalı əklillər qoysunlar, dövlət təltiflərinə layiq görsünlər, abidə ucaltsınlar. Abidələr əksərən səmimiyyətə deyil, məkrə xidmət edirmiş.

Bax belə.

 

Nyu-York Metropoliten Operası Rixard Vaqnerin "Nürnberq meysterzingerləri" operasını tamaşaçılarına təqdim etdi. Bu, kollektivin repertuarındakı ən uzun operadır. Ən uzun, amma eyni zamanda ən yüngül əhval-ruhiyyəli opera, belə demək daha doğru olar.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat veriri ki, Vaqnerin  bu operasına 25 il ərzində ilk dəfə Maestro Antonio Pappanoya dirijorluq edir.

 

Bu, məhəbbət, mübarizə, İncəsənət və ixtiraçılıq haqqında bir hekayədir. Süjetin mərkəzində usta ifaçıların sexi durur. Hadisələr XVI əsrdə Almaniyada baş verir. Baş qəhrəmanın – çəkməçi Hans Saksın obrazını Vaqner sevərək canlandırıb.

 

“Hər dəfə bu rol öz genişliyi ilə heyrətləndirir məni. Vokal baxımından o, çox mürəkkəbdir. Və o, hədsiz dərəcədə çoxtərəfli bir obrazdır. O, filosofdur. O, aşiq və qısqanc bir adamdır”. Bariton Mikhael Folle belə söyləyir.

 

Soprano Liza Davidsen isə qeyd edir ki, Maestro Pappanonun rəhbərliyi altında Həvvanın rolunun ifası — bu, uğurdur, çünki Pappano təkcə möhtəşəm dirijor deyil, həm də gözəl ustaddır, müəllimdir".

 

Antonio Pappano özü isə hesab edir ki, "Nürnberq meysterzingerləri"  operasının ən mühüm ideyası yaradıcılıq azadlığına hörmət etmək, başqalarının nə demək istədiklərini dinləmək zərurətidir: "Ənənələr yaxşıdır. Ancaq yeniliyə də açıq qalmaq lazımdır. Biz bu planetdəyik ki, öyrənək, dinləyək, görək, yaşayaq".

 

Bu komik opera 6 saat davam etməsinə baxmayaraq dinləyicilərini yormur, onlara təravət və həyatsevərlik bəxş edir. Uzun bir yol başa çatdıqdan sonra dirijor, müğənni və dinləyicilər sona çatmağın zövq və sevinc hissini yaşayırlar. Operanın sonunda, başlanğıcda olduğu kimi, parlaq bir do-major mövzu səslənir.

 

Bu gözəlliyi sözlə ifadə etmək mümkün deyil, onu sadəcə dinləmək lazımdır.

 

Dünya şöhrətli fotojurnalist Reza Deqati Ağdamdan çəkdiyi fotoları instaqram səhifəsində paylaşıb.
Reza Deqati paylaşımında yazıb: “Çoxsaylı sakini qətlə yetirdikdən, digərlərini heç bir əşya götürmədən ayaqyalın çıxıb getməyə məcbur etdikdən sonra Ermənistan ordusu Ağdamı 1992-ci ildə işğal edib. Onlar evləri, ofisləri, mağazaları, mədəniyyət mərkəzlərini, muzeyləri, ibadət yerlərini talan edib, qapıları, pəncərələri, dam örtüklərini, su borularını iranlı işbazlara və Ermənistanda satıblar.
Memar olaraq və dünyada bir çox münaqişə zonalarında qazandığım 40 illik təcrübəmdən irəli gələrək müəyyənləşdirdim ki, bu dağıntılar hərbi proseslərin nəticəsi deyil, məqsədyönlü qarətdir. Çiçəklənən və möhtəşəm Ağdam şəhərinə 1992-ci ilin martında qonşu Xocalı əhalisinin ermənilər tərəfindən törədilmiş qətliamını çəkmək üçün gəlmişdim. 28 il sonra - 2020-ci il noyabrın 21-də - şəhərin işğaldan azad edilməsinin səhəri günü buraya yenidən gəldim. Ruhən qəlbimdə o dəhşətləri hələ də yaşayıram. Ümid edirəm ki, bu, bir daha dünyanın heç bir yerində heç vaxt təkrarlanmayacaq”.

19 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə respublikamızda noyabr ayının 15-dən start götürmüş Nizami Gəncəvi Beynəlxalq festivalı çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından hazırladıqları “Xeyir və Şər” tamaşası təqdim edilib.
Mədəniyyət Nazirliyi xəbər verir ki, tamaşadan əvvəl Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Xeyir və Şər” tamaşasının quruluşçu rejissoru, Gəncə Dövlət Kukla Teatrının direktoru, Respublikanın Əməkdar artisti Fərmail Paşayev, quruluşçu rəssamı Fəxri Mədəniyyət İşçisi Əntiqə Bədirovadır.
Tamaşada Nizami Gəncəvi rolunda Əməkdar artist Xudayət Əsgərov çıxış etmişdir, Xeyir Məhəmməd Hacıyev, Xudayət Əsgərov (Kukla aktyor), Şər Şamil Məmmədli (II Vətən müharibəsi iştirakçısı), Elmar Vəliyev (Fəxri Mədəniyyət işçisi) Kukla aktyor, Çoban Səməd Xanəhmədov (Fəxri Mədəniyyət işçisi), Çobanın arvadı Mahirə Haqverdiyeva, Çobanın qızı Nahidə Namazova (Fəxri Mədəniyyət işçisi), Nərmin Şərifova (Kukla aktyor), Şah Elmar Vəliyev (Fəxri Mədəniyyət işçisi), Şah qızı Zülfiyyə Əliyeva, Dayə Yeganə Məmmədova.
Dahi mütəfəkkirin 880 illiyinə həsr olunmuş Nizami Gəncəvi Beynəlxalq Festivalı noyabr ayının 26-dək silsilə tədbirlərlə davam edəcək.

Qazax rayonunun Qarapapaq kəndində şəhid baş leytenant Xaliddin Nəsibovun ildönümü mərasimi olub. Tədbir mərasim iştirakçılarının yürüşü ilə başlayıb. Yürüş iştirakçıları əllərində üçrəngli Azərbaycan bayraqları tutaraq “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirib, şəhidin evindən kənd qəbiristanlığınadək yürüş ediblər. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AzərTAC xəbər verir ki, sonra şəhidin evində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Elçin İsmayılın müəllifi olduğu “Yarımçıq qalmış şeir dəftəri” kitabının təqdimatı keçirilib. Kitab Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin alınmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Xaliddin Nəsibova həsr olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid Xaliddin Nəsibovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan söz açıb, onun igidliyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. “Yarımçıq qalmış şeir dəftəri” kitabını qələmə alıb çap etdirdiyinə görə müəllifə öz minnətdarlığını bildirib.
Şair-publisist Elçin İsmayıl mərasimdə çıxış edərək sayca 12-ci olan kitabının Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yazılmasından, şəhidin keçdiyi döyüş və ömür yolunu necə qələmə almasından danışıb. Qeyd edib ki, şəhid baş leytenant torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə igidlik göstərməsi, taqım komandiri kimi həmişə irəli getməsi və döyüş yoldaşlarına nümunə olması onu bu kitabı yazmağa sövq edib. Eyni zamanda, X.Nəsibovun istedadlı bir gənc şair kimi yazdığı döyüşkən ruhlu şeirləri bir şair-publisist kimi onun diqqətini özünə cəlb etdiyini bildirib. Qeyd edib ki, əgər Xaliddin hərbçi olmasaydı, gələcəkdə tanınmış bir şair ola bilərdi. Lakin torpaqlarımız işğal altında olduğu üçün Xaliddin qələmi silahla əvəz edib, döyüşlərdə öz sözünü deyib. Bildirib ki, kitabda şəhidin keçdiyi qəhrəmanlıq dolu döyüş yolu ilə yanaşı, onun haqqında ailə üzvlərinin, cəbhə yoldaşlarının xatirələri toplanıb. Kitabdakı albomda oxucular şəhidin gənclik və hərbçi həyatını özündə əks etdirən şəkillərlə tanış ola bilərlər. E.İsmayıl çıxışının sonunda X.Nəsibovun yadigar qalmış şeir dəftərini və müəllifi olduğu kitabı şəhidin atasına təqdim edib.
Sonra Qazax Dövlət Dram Teatrının aktyorları kitabdan bədii hissələr səsləndirib, Xaliddinin yazdığı və ona həsr olunmuş şeirləri ifa ediblər.
Mərasimin sonunda şəhidin atası Vaqif Nəsibov çıxış edərək rayon rəhbərliyinə və kitabın müəllifinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, 5 bölmə və 120 səhifədən ibarət olan “Yarımçıq qalmış şeir dəftəri” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Noyabrın 20-də “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Nizami” baleti yenidən səhnəyə qoyulub.
AzərTAC xəbər verir ki, SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, görkəmli bəstəkar Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulmuş tamaşa teatrın dahi Nizaminin poetik sənətinin valehedici inciləri, onun çoxşaxəli, mistik, cazibədar dünyası ilə əlaqə yaratmaq üçün bir təşəbbüsüdür.
Xoreoqrafik triptix kimi düşünülmüş və həyata keçirilmiş baletdə böyük şairin həyatının üç məqamı - şair və hakimiyyət, şair və məhəbbət, şair və ilham pərisi təsvir olunur.
Nizami poeziyasının real və xəyali aləmi tamaşada vəhdət təşkil edir. “Zaman axını” böyük ustadın parlaq irsini – “Sirlər xəzinəsi”ni açıb göstərir. Ardınca isə ən sonda "Əbədiyyət"ə (şairin ölümsüzlüyü) qovuşmaq üçün "Tarixin səhifələri" (onun poemalarının canlanan qəhrəmanları) canlanır.
... Səhnədə dünyanın bütün ağrı-acısını dadmış, həyatda həm sevinc, həm kədər yaşamış, poetik dilin sehrini anlamış, ən gözəl əsərlərin yaradılışı üçün ona ilham verən sevgini duymuş ağsaçlı şair görünür. Məşhur "Xəmsə"də vəsf etdiyi qəhrəmanlar onun gözləri önündən cərgə ilə ötüb keçir. Ölməz poemaların qəhrəmanları - Leyli və Məcnun, Xosrov və Şirin, Bəhram və Yeddi gözəl, İsgəndər... rəqslərdə canlanırlar. Nə qədər ki, Yer üzərində məhəbbət, sədaqət, inam mövcuddur, nə qədər ki, böyük Nizaminin poeziyası yaşayır, onun yaratdığı qəhrəmanlar da əbədi yaşayacaq və var olacaqlar.
Tamaşanın musiqi rəhbəri və dirijoru, Əməkdar artist Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə Xalq artisti Arif Babayevin APA informasiya agentliyinə müsahibəsini təqdim edir. Müsahibəni ustad sənətkardan Aytac Sahəd götürüb.

Evdə üç nəfərdirlər: Arif müəllim, həyat yoldaşı və həkimi. Arif müəllimin həyat yoldaşı Gültəkin xanım bizi gülərüzlə qarşılayır. Müsahibəyə başlamadan öncə bir xeyli söhbət edirik. Arif müəllimin səhhətindən, Ağdama getməyindən danışır. Gültəkin xanım söhbət əsnasında yayılan yalan xəbərlərdən də gileylənir. “Yazırdılar ki, guya Arif müəllim...” Arxasını demir, Arif müəllimə baxır. Əslində, bilirəm nə demək istədiyini. Ümumiyyətlə, fikir vermişəm, insanlar yaxınları haqqında danışanda çox vaxt ölüm sözündən istifadə etmirlər - Gültəkin xanım kimi. Dərhal söhbəti dəyişirəm. “Arif müəllim, maşallah, çox yaxşı görünür”.
Xeyli vaxt idi, Arif Babayevdən müsahibə almaq istəyirdik, alınmırdı. Bu günə qismətiymiş. Onunla görüşmək, danışmaq bir dövrə, bir tarixə şahidlik etmək kimi bir şeydir. Muğam, xalq musiqisi ilə qoşa çəkilib hər zaman Arif Babayevin adı. Yetişdirdiyi sənətkarların sayını heç özü də bilmir. Həmişə göz qabağında, həmişə xalqın qəlbində olub Arif Babayev, ağdamlıların, qarabağlıların çox vaxt, sadəcə, “Babayev”, “Hacı” deyə müraciət etdiyi ustad, səhnəmizin Məcnunu... Elə sualımıza da musiqi dilində desək, Məcnunla ayaq verdik...

- Necədir, səhnəmizin Məcnunu?
- Məcnunu? (Gülür) Məcnunu idim. Artıq yaşa dolmuşam. Uzun müddət Məcnun oldum, ancaq bir vaxt baxdım ki, artıq getmək lazımdır hörmət-izzətlə. Deyəndə ki, operadan getmək istəyirəm, hamı məəttəl qaldı ki, hara gedirsən, niyə gedirsən? Dedim, yox, gedirəm. Artıq mənim gedən yaşımdır, indi cavanların vaxtıdır, yaxşı cavanlarımız var, qoy, onlar gəlsin. Məndən sonra gələn “Məcnun”lar da – Alim Qasımov, Mənsum İbrahimov, İlkin Əhmədov – yaxşıdırlar.
1966-67-ci illərdə gəlmişəm operaya. Operaya gələndə cavan, arıq, hündürboy oğlan idim, indiki kimi deyildim. Elə Məcnuna da oxşayırdım. Neçə-necə Leylilər gördüm...


- Özü də qəşəng-qəşəng Leylilər...
- Hə, Leylilər çox idi o vaxt, Məcnunlar az.


- Ən qəşəng Leyliniz hansı olub?
- Hamısı bir-birindən qəşəng idi. Hərəsinin özünün sənəti, səs dünyası vardı. Görkəmləri də bu obraza uyğun gəlirdi. Leyli ki rola yaraşmadı, bax, belə oldu (əli ilə köklüyü göstərir), nəyə lazımdır? Belə Leylini görəndə də yazıq Məcnun deyir ki, “Sən Leyli deyilsən, ey pərizad”. Gərək adamın görkəmi də səhnəyə yaraşsın.


- Bəs, səs?
- Əsas səs lazımdır, ancaq görkəm də vacibdir. Ümumiyyətlə, tək operada yox, hər yerdə gərək adam özü baxsın olduğu yerə. Getmək lazım olanda da hörmətlə getsin.
Operadan sonra da getdim filarmoniyaya. Milli konservatoriya açılanda da ora dəvət olundum. Konservatoriyada muğam kafedrası yarandı, orda çalışmağa başladım. İndi də orda müəlliməm, yaxşı tələbələrim var.

- Arif müəllim, toy və opera bir-birindən çox fərqlənir. Hər iki sahədə olmaq sizə çətin olmurdu?
- Operanın yolu başqadır, xanəndəliyin yolu başqa. Operanın öz incəlikləri var.
Mən onları bir-birindən ayırmağı bacarmışam. Toy da ki öz yerində. Mən gözümü açıb toy görmüşəm. Ömrümün axırına qədər də xanəndə kimi oxumuşam.

- Leylilərdən bu gün kiminlə əlaqə saxlayırsınız? Məsələn, Zeynəb Xanlarova ilə əlaqəniz varmı?
- Nə yalan deyim, indi əlaqəm yoxdur. Amma yubileyimə çağırmışdım, gəlib, yaxşı da iştirak etmişdi.

- Siz Flora Kərimova ilə də “Leyli və Məcnun”u oynamısınız.
- Hə, bir dəfə olmuşam. Pis oxumadı, öhdəsindən gəldi Flora. Tamaşaçılar da onu sevir axı. Çoxlu əl çaldılar. Asan deyil e, “Leyli və Məcnun”u səhnədə oynamaq.

- Həyatda da Məcnun rolunda çıxış etmisinizmi?
- (Gülür). Gördün də mənim Leylimi (həyat yoldaşını göstərir). Mənim Leylim odur.

- Leyliniz Sizi dağa-daşa salıbmı?
- Yox (gülür). Mən gözümü açmışam, oxumuşam, işləmişəm. Axı, mənim sevgidən danışan yaşım deyil. Amma onu da deyim ki, sevgi var. Sevgi dünyanın xilaskarıdır.

- Bu gün hansı tələbənizi görəndə “Bax, bu mənim tələbəmdir” sözünü ürəkdən deyirsiniz?
- Nəzakət Teymurova, Aygün Bayramova, Nuriyyə... (düşünür) çoxdur, vallah. Adlarını çəkmək istəmirəm e. Birini deyirəm, biri qalır. Sonra inciyirlər məndən. Çox yaxşı tələbələrim var. İndi tələbələrimin çoxu müəllimdir, onların öz tələbələri var. Onları görəndə sevinirəm. Ağac bar gətirəndə necə sevinərsə, bax, o cür.

- Bəs, bu gün oxuyanlardan kimi dinləyirsiniz?
- Mirələm Mirələmovu. Çox gözəl oxuyur Mirələm. Arada ona qulaq asıram. Ürəklə oxuyur.

- Mirələmin səsində nəsə tamam başqa bir şey var. Gözəl səsdən daha artığı.
- Bilirsən, məsələ səsin olmağında yox, səsin qəlbə toxunmağındadır. Səs qəlbə toxunmalıdır e, toxunmalıdır. Bunu izah etmək mümkün deyil. Bir də görürsən deyirlər ki, Elnarə (Elnarə Abdullayeva - red. ) mərsiyə oxuyur. Ay kişi, hər necə oxuyur, əsas odur ki, oxuduğu toxunur adama.

- Deməli, yaxşı səs təhsildən də vacibdir?
- Yox-yox, səs lazımdır, səs. Təhsil də olsa, yaxşı olar, əlbəttə. Amma birinci səs. Adama toxunan səs. Səs mənim qəlbimə toxunmalıdır, yeri gəlsə, ağlatmalıdır. Bir də görürsən deyirlər ki, kişi ağlamaz, niyə ağlamır ə? Ağlayır. Elə səs var ki, qəlbinə toxunub, hönkür-hönkür ağladır səni...

- Bəs axırıncı dəfə nə vaxt hönkür-hönkür ağlamısınız?
- Sarıcalıda. Ağdama gedəndə...

- Yəqin Ağdamdan gələndə də ağlamısınız.
- Otuz ildən çox idi çıxmışdım Ağdamdan. Yaxşı yadımdadır, hadisələrin qarışan vaxtı idi. Bir dəfə dedim ki, nə olursa-olsun, gedib atamın-anamın qəbrini ziyarət edəcəm. Orda qəşəng bir ev də tikdirmişdim, iki mərtəbəli. Bülbüllər cəh-cəh vururdu o evin pəncərəsində. Dedilər ki, getmə, nəsə edər ermənilər sənə, yaxındadırlar. Heç kimin sözünə qulaq asmadım. Getdim ordakı evə. Onda artıq ermənilər Şahbulağa qədər gəlmişdi. Qəbirləri ziyarət etmədən öncə dedim gedib evimi də ziyarət edim. Hələ də gözümün qabağındadır, aralı qalan darvazam. Gəldim evimin otaqlarını son dəfə bir-bir gəzdim, həyətimi doyunca dolandım. Heç yadımdan çıxmaz. Çıxıb getmək istəyəndə sonuncu dəfə dönüb evimə baxdım. “Dedim, ay Allah, bu nə fəlakətdir? Yəni mən doğulub-böyüdüyüm bu yerə bir də görməyəcəm? Ay Allah, bu cənnətdən, bu havadan bu sudan ayrı necə yaşayacam? Bir ağlamaq tutdu məni. Xeyli ağladım, xeyli... Sonra birtəhər özümü toplayıb çıxdım. Bir az getmişdim gördüm ki, hər qapıdan bir tanış çıxdı. Sən demə, mənə deməmiş məni qorumağa gəliblər ki, ermənilər birdən kişini aparar. Uzun sözün qısası, axırıncı gedişim o oldu (Fikrə gedir). Orda qəşəng ev var, evin içində hər şey var, qəşəng mebellər (elə bil keçmiş zamanda danışmağa dili gəlmir).

- Arif müəllim, daha nə o ev var, nə də o mebellər...
- Hə... İndi heç yeri də qalmayıb. Mənim iki qızım vardı. Sonra Yaşar oldu. Daha bildim ki, məni bir çiynində aparan olacaq. O doğulandan sonra Ağdamda həmin evin bünövrəsini tökdürdüm, gözəl bir ev tikdirdim. Bülbüllü bir bağçada. Bülbüllər pəncərəmin qabağında cəh-cəh vururdu. Ordan çıxanda da ona ağlayırdım ki, o bülbüllərdən ayrılıram. Mən orda bülbüllü bağçalar qoyub gəldim...

- İllər sonra ora qayıdanda Sizi ən çox yandıran nə oldu?
- Atamın-anamın qəbrini tapa bilmədim e. Şumlamışdılar oranı. Halbuki bir dəstə gül götürmüşdüm ki, onların qəbrinin üstünə qoyum. Onların qəbrini tapa bilmədim, ona görə də tanımadığım bir məzarına qoydum gülləri. Bilirsən, torpağımı görən kimi öpdüm, bağrıma basdım, cibimə doldurub gətirdim. Şükür ki, bu gün torpaqlar qayıtdı. Ordumuzun, İlham Əliyevin gücünə qayıtdı bu torpaqlar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

- O dağılan evi yenidən tikmək istəyərsinizmi?
- Çox istəyərdim ki, mənim Ağdamda ev-muzeyim olsun.

- Axı, ev yoxdur.
- Tikəcəyik də...

- Bayaq dediniz ki, Yaşar olanda düşündünüz ki, Sizi çiynində aparan olacaq. Görəsən, niyə adamlar kimin çiynində gedəcəyini, kimin onun ağlayacağını bu qədər çox düşünür?
- Axır mənzildir də, ordan o yana yol yoxdur, axı...

- Bəs, Fəxri Xiyaban davaları?
- Deyim də sənə, çünki insan şöhrəti sevir, xüsusilə də sənət adamları. Elə adamlar var ki, onlara Fəxri xiyabanlar halaldır, çünki onlar böyük adamdırlar. Dövlətimiz qədirbilən dövlətdir. Əlli il əziyyət çəkənə, əlbəttə, orda basdırılmaq halaldır. Axı, adama nə qalır öləndən sonra? Ən azından övladları valideynə verilən dəyəri görəndə onunla fəxr edir.

- Bağışlayan adamsınız?
- Hə, bağışlayan adamam. Tez keçir əsəbim. Yumşaq adamam, bu da yaxşı deyil heç.

- Canəli Əkbərovu bağışladınız?
- Əlbəttə. Son nəfəsdir, axı. Əlbəttə, keçməli idi o inciklik. İnsanıq da. Hamı gedəcək bu yolu. O mənim xanəndə yoldaşım idi. Canəlinin bu sənətdə zəhməti olub. Aramızda olan xırda-para şeylər də keçdi. Allah ona rəhmət eləsin. Hər şeyi qoyuruq bir kənara, son mənzildə necə kinli olmaq olar?

- Siz həm də Hacısınız.
- Hə, bir də görürsən heç adımı demirlər, elə Hacı deyə müraciət edirlər. Düzü, qatı dindar deyiləm. Amma o kişiyə çox bağlıyam. Bilirsən, mənim səhvlərim çoxdur. Bir az səbirsizəm. Tez alışıb, tez sönürəm. Bəzən buna görə səhvlər edə bilirəm. Ancaq onu da deyim ki, səhvimi boynuma alan adamam.

- Övladlarınızdan niyə Sizin sənəti davam etdirən olmadı?
- Səs, yaxşı istedad olsaydı, deyərdim hə, amma yox idi. İstedad varsa, bu sənətə niyə də getməsin, niyə əngəl olum ki? Qızlarım üçün yox, oğlum üçün deyirəm bunu.

- Niyə qız yox?
- Mən illərdir bu sənətdəyəm, görürəm bu sənətin əziyyətlərini. Uzaq yollarda, yuxusuzluq, çətinlik. Düşünürəm ki, qadın üçün daha çətin olardı. Buna görə deyirəm.

- Arif müəllim, son dövrlərdə xanəndələrin muğam oxuyarkən müxtəlif boğazlar, improvizasiyalar etdiyini görürük. Sizcə, muğam klassik sənət ənənələrinə daim sadiq olmalıdır, yoxsa yeniliklər daha yaxşıdır?
- Baxır yeniliyə. Bu yol klassik yoldur. Yeni yollara da üz tutmaq olar, ancaq əndrabadilik yox. Boş yeniliklərlə razılaşmıram. Məsələn, Alim (Alim Qasımov - red.) oxuyur, improvizələr eləyir, etdiyi yeniliklər də yaraşır. Ancaq bir başqası onu yamsılayanda, məni açmır.

- Üslubu da, oxu tərzini də başa düşdük. Ancaq ümumi şəkildə baxsaq, xanəndələrin çərçivələri daha çoxdur. Məsələn, xanəndə niyə həmişə kostyumda olmalıdır? Tutaq ki, xanəndənin gözəl səsi var, gözəl oxuyur. Amma şortikdə oxuyur.
- Mən də sərbəst geyinməyi xoşlayıram. Ən çox da Qaxda olanda. Həyətdə sərbəst geyinirəm, heç kim də görmür məni. Amma səhnədə, ciddi yerdə yaxşı geyinmək lazımdır. Hökm deyil ki, bahalı kostyum olsun, əsas odur təmiz və səliqəli olsun. Muğam ustası ciddi olmalıdır. Muğam ciddi sənətdir. Onun nümayəndəsi də özünü yaxşı aparmalıdır. Çünki camaatın gözü qabağındadır.

- Sizi Şuşada keçirilən Xarıbülbül Festivalında görmədik.
- Onda səhhətimdə problemlər vardı. Mehriban xanım sağ olsun, köməkçiləri zəng vurub məni dəvət etdilər. Özümü yaxşı hiss etmədiyim üçün təəssüf ki, gedə bilmədim.

- Arif müəllim, səhnə həyatınızda başınıza gələn ən maraqlı hadisələrdən birini danışa bilərsinizmi?
- Deməli, bir dəfə “Gəlin qayası”nda Camal rolunu oynayıram. “Dolandım hər yanı, gəzdim hər yanı” oxuya-oxuya zalı gəzirəm. Birdən zaldakılardan biri ayağa durub dedi ki, “Arif müəllim, 9-na boşsan?” Mən də duruxdum qaldım, cavab da verə bilmədim, dirijor da orda çaş-baş qalıb. Sonradan mənə deyir ki, “sən orda neynirdin, axı? Daha demir ki, məndən ayın 9-na toy soruşurlar. İnsandır da. Yəqin, məni görmüşkən sözünü demək istəyib (gülür).

Gülüşünə mane olub, növbəti sualı vermək gəlmir içimdən. Gülə-gülə də müsahibəni bitiririk...

Akademik Milli Dram Teatrında “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Qətibə İnanc” tamaşası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərinin nümayişindən əvvəl teatrın direktor müavini Hacıbaba Məmmədov çıxış edib. O qeyd edib ki, Prezident İlham Əliyev 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.
Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə dahi şairin 840 illik yubiley mərasimləri keçirilib.
Ölkə başçısının Sərəncamından irəli gələrək 2021-ci ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bir çox mühüm tədbirlər həyata keçirilib. Akademik Milli Dram Teatrı dahi sənətkarın ölməz irsinə öz töhfəsini “Qətibə İnanc” tamaşası ilə verir.
İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.
Səhnə əsərində Xalq artistləri Bəsti Cəfərova (Qətibə İnanc), Sabir Məmmədov (Nizami), Kazım Abdullayev (Qızıl Arslan), aktyor İlyas Əhmədov (Fəxrəddin), Əməkdar artist Ayşad Məmmədov (Toğrul), aktrisalar Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), Əməkdar artist Mirzə Ağabəyli (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), Əməkdar artistlər Məzahir Cəlilov (Qazı), Elşən Rüstəmov (Hüsaməddin) və Əlvida Cəfərov (Saray əyanı) iştirak ediblər.
Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.