Super User
Bu gün xalq rəssamı Fərhad Xəlilovun 75 yaşı tamam olur
1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədri olan Fərhad Xəlilovun yaradıcılığında Avropa və rus rəssamlıq ənənələri Şərq mədəniyyəti ilə vəhdət təşkil edir. Əsərlərində Abşeron motivləri əhəmiyyətli yer tutur: çimərliklər, dəniz görüntüləri, yarımadanın kəndləri - Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan... Onun əsərləri üçün rənglərin və fəzanın real vəhdəti xarakterikdir. Təsvirləri mücərrəd minimalizmə yaxındır və əsasən cənub təbiətindən gələn təəssüratların obrazlı şəkildə ifadəsidir. Əsərləri dəfələrlə keçmiş SSRİ-də, Avropada, dünyanın müxtəlif qalereya və sərgilərində nümayiş etdirilib. Çox əlamətdar bir tarix: 2008-ci ildə Moskvada, məşhur Dövlət Tretyakov Qalereyasında Fərhad Xəlilovun fərdi sərgisinin təntənəli açılışı mərasim keçirilib, yaradıcılığının 30 ildən artıq dövrünü əhatə edən retrospektiv sərgidə 80-nə yaxın rəsm əsəri nümayiş etdirilib. O cümlədən ən yaxşı sayılan “Görüş”, “Xatirə”, “Torpaq naxışları”, “1984-cü ilin baharı”, “Axşamın gec saatları” əsərləri.
Fərhad Xəlilov 2008-ci ildə Rusiya Bədaye Akademiyasının həqiqi üzvü, 2016-cı ildə Roma Rəssamlıq Akademiyasının fəxri professoru seçilib, Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı ilə mükafatlandırılıb. İncəsənətimizin inkişafındakı xidmətlərinə görə o, 2002-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət”, 2016-cı ildə “Şərəf” ordenləri ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2009-cu il tarixli Sərəncamı ilə fərdi Prezident təqaüdçüsüdür. Xalq rəssamımızı təbrik edir, ona cansağlığı və yeni-yeni əsərlər arzulayırıq.
Bu gün Ümumdünya informasiya günüdür, tərs kimi, ANS-in ad günü də bu günə düşür
26 noyabr Ümumdünya informasiya günüdür. İnformasiyanın insanlığa təsirinin masştabı hələ də dəqiq öyrənilməyib. Hər halda, bəşəriyyətin inkişafı üçün informasiya ən vacib detallardan biridir, informasiyasızlıq hardasa elmsizlik anlamı qədərdir. Hazırda BMT-nin tərkibində ayrıca Beynəlxalq İnformasiya Akademiyası fəaliyyət göstərir, böyük elmi-praktik işlər aparılır, qlobal forumlar, diskussiyalar, konfranslar, dəyirmi masalar təşkil olunur. İnformasiyanın inkişafı aparıcı təsisatlar üçün vacibdir, bununla tərəqqi səviyyəsi ölçülür. İnformasiya texnologiyalarının sürətli inkişafı da məhz elə cəmiyyətlərin informasiyalaşmasına xidmət edir. Ayrıca söhbətin mövzusudur ki, bəzi avtoritar rejimlər informasiyasızlıq mühiti yaratmaqda maraqlıdırlar.Bir baxın, Sovetlər dönəmində dövlət informasiya siyasətinə necə diqqət ayırırdı, KİV böyük terrorlar, cinayətlər, millətlərarası toqquşmalar, korrupsiya və nöqsanlar barədə bütün məlumatları əhalidən gizləyirdi, əhali tam məlumatsız idi. 20 yanvarı bir xatırlayın. Sovet qoşunları Bakıya soxulanda ilk olaraq Televiziyanın enerji blokunu sıradan çıxarmışdılar ki, əhaliyə informasiya çatdırılmasın. Ayrıca, KQB-nin şayiəgəzdirmə siyasəti də var idi, hər hansı yanlış bir informasiya çuğulçular vasitəsi ilə insanların arasında yayılırdı.
İndi də sosial media ayrı-ayrı avtoritar hakimiyyətlərin əsl başağrısına çevrilib, çünki indi hər bir kəs həm informasiya alandır, həm də informasiya yayan. Sosial mediada insanların təqib edilməsinə belə əl atan bu rejimlər BMT-nin xoş məramı ilə dabandabana zidd siyasət yürüdürlər.
26 noyabr həm də ANS günüdür. Yox, təqvimdə belə bir gün yoxdur. Amma insanların qəlbində var. 1991-ci ilin bu günündə - düz 30 il əvvəl SSRİ məkanında ilk özəl telekompaniya yarandı – ANS. Partokratik televiziyaya öyrəşmiş xalq ilk dəfə azad fikrə, azad sözə şahidlik etdi. ANS bir məktəb oldu, dəqiq, qərəzsiz xəbərin ünvanı oldu. İndi bu cür tam müstəqil ideologiyası olan, bəzək-düzəksiz xəbər çatdıran televiziyanı ancaq arzulamaq olar. Ad gününüz mübarək, ANS-çilər! Hazırda çoxunuz yüksək kürsülərdə oturmusunuz, bəziləriniz itib-batmısınız. Amma pulunuzun və imtiyazınızın miqdarından, hansı cəbhədə dayanmanızdan asılı olmayaraq siz hamınız eyni şineldən çıxmısınız, bu gün 24 saatlıq həmin şinelə qayıtmağınız mütləqdir.
Beynəlxalq forumun fəxri qonaqlarına “Nizami Gəncəvi – 880” xatirə nişanı təqdim olunub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu davam edir.
24-26 noyabr tarixini əhatə edən forum çərçivəsində noyabrın 25-də Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı beynəlxalq tədbirin fəxri qonaqlarına təqdim olunub.
Xatirə nişanını forum iştirakçılarına mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib. Elnur Əliyev çıxışında xatirə nişanının dahi şairin yaradıcılığının təbliği baxımından əhəmiyyətini vurğulayıb, onun beynəlxalq aləmdə Nizami irsini tərənnüm edən simvol kimi qiymətləndirib, foruma qatıldıqlarına görə qonaqlara təşəkkürünü bildirib.
Qeyd edək ki, xatirə nişanı Prezident İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb.
Özbək dilində Nizami “Xəmsə”nin təqdimatı keçirildi
Noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində dahi Azərbaycan şairinin özbək dilində çap olunan “Xəmsə”sinin təqdimatı keçirildi.
Təqdimatda çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirakçıları salamladı və çıxış üçün sözü mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevə verdi.
Nizami Gəncəvi yaradıcılığını türk xalqları arasında mənəvi körpü kimi səciyyələndirən Elnur Əliyev bildirdi ki, böyük şair həmçinin bu bölgədə yaşayan türk və farsdilli xalqları da birləşdirib: “Bu layihə Nizami irsinin Özbəkistanda daha geniş yayılması üçün çox əhəmiyyətlidir. Tərcümə birbaşa orijinaldan edilib və bu da əsərin bədii dəyərinin qorunub saxlanılması deməkdir. Əlişir Nəvai də Nizami Gəncəvi də bizim ortaq mədəniyyətimizin böyük zirvələridir”.
Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov ölkəsində Nizami Gəncəvi yaradıcılığına böyük maraq və sevgi olduğunu dedi. Qeyd etdi ki, 1936-cı ildə Daşkəndəki indiki Dövlət Pedaqoji Universitetinə dahi Nizami Gəncəvinin adı verilib. 2004-cü ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun iştirakı ilə universitetin qarşısında dahi şairin büstünün açılışı olub. Böyük özbək şairi Əlişir Nəvai Nizami Gəncəvini öz ustadı, ilhamvericisi hesab edib, onu pir, Xızır adlandırıb. O, Nizaminin “Xəmsə”sini “Beş xəzinə” adlandıraraq hər poemanın başlanğıcında Nizamiyə hörmət və məhəbbət əlaməti olaraq xüsusi səhifələr yazıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxışı zamanı bildirdi ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Xalq şairi Camal Kamal arasında dahi Nizami “Xəmsə”sinə daxil olan əsərlərin bütövlükdə özbək dilinə tərcümə olunmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, C.Kamalın rəhbərliyi ilə xüsusi redaksiya şurası yaradılıb və “Xəmsə”yə bütün poemalar orijinaldan tərcümə edilir.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli diqqətə çatdırdı ki, Nizaminin özbək dilinə ilk tərcüməsi XIII əsrdə “Xosrov və Şirin” poeması ilə başlanıb. İndi Nizaminin dahiyanə fikirləri özbək dilində dolğun şəkildə tərcümə olunur. Bu, Özbəkistanda Nizamiyə olan məhəbbəti göstərir. Akademik vurğuladı ki, “Kainatda hər şey cəzbə bağlıdır” deyən Nizami ümumdünya cazibə qanununu Nyutondan 500 il əvvəl irəli sürüb. Bu cazibəni “eşq” adlandıran Azərbaycan şairi təbiət hadisələri ilə insan münasibətləri arasında qırılmaz bir bağın olduğunu təsdiq edib.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, Özbəkistan Milli Universitetinin professoru Hamidulla Baltabayev, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Bədəlova, Özbəkistan Dövlət Universitetinin professoru Nigina Şermuhammedova, Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, professor Kərimulla Məmmədzadə çıxışlarında vurğuladılar ki, Nizami özü bir tərcüməçidir. Nizami insan ruhunu, onun tutduğu yolu tərcümə edir. O, insanın haradan gəlib, haraya gedəcəyini öyrədir.
Daha sonra mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Xəmsə”nin özbək dilinə tərcüməsində əməyi olan şəxslərə və Özbəkistandan forumda iştirak edən nümayəndə heyətinin üzvlərinə, Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanova “Nizami Gəncəvi – 880” xatirə nişanını təqdim etdi.
Professor Nigina Şirmuhammedova öz növbəsində Azərbaycan-Özbəkistan dostluğunu simvolizə edən, üzərində Nizami Gəncəvi və Əlişir Nəvainin portretləri həkk olunmuş vaza və xalqlarımızın tarixindən bəhs edən kitabları Elnur Əliyevə hədiyyə elədi. Professor Erkin Nuriddinov da Özbəkistanın tarixini əks etdirən kitabları nazirin birinci müavininə təqdim etdi.
Xalq rəssamı Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılıb
Xətai Sənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmiş “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılıb.
AzərTAC xəbər verir ki, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq təşkil olunan sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılışına həsr olunan tədbirin iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sərgi haqqında məlumat verib, bir sıra məsələlərə də toxunub. Milli Məclisin deputatı 200 illiyi keçirilən Dədə Ələsgərin - Aşıq Ələsgərin illərdir erməni işğalında qalan qərib məzarından da danışıb. Deyib ki, işğal edilən torpaqlarımızda ermənilər barbarlıq əməlləri törədiblər: “Təəssüf ki, Aşıq Ələsgərin məzarı da erməni barbarlığının qurbanı olub. Aşıq Ələsgərin varlığı Azərbaycan mədəniyyəti tarixi üçün önəmlidir. Onun yaradıcılığının qorunub təbliğ edilməsi mədəniyyət siyasətinin bir hissəsidir”.
Qənirə Paşayeva xatırladıb ki, Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Komitə sədri Xalq rəssamı Arif Hüseynovun yaradıcılığı haqqında da danışıb. Bildirib ki, tədbirdə Türkiyədən və Özbəkistandan da qonaqlar iştirak edir. “Bu, aşıq sənətinə verilən önəmdən irəli gəlir, - deyə Qənirə Paşayeva bildirib.
Tədbirdə Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başçısı, şair-publisist Əkbər Qoşalı bildirib ki, miniatür sənəti XIII əsrdən inkişaf etməyə başlayıb. Xalq rəssamı Arif Hüseynov müasir dövrdə bu sənəti yaşadan sənətkardır. Bugünkü sərgi bunun bariz nümunəsidir.
Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva deyib ki, Arif Hüseynov öz yaradıcılığında ölkə əhəmiyyətli mövzulara toxunur.
Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov sərginin təşkil edilməsində əməyi keçən hər kəsə təşəkkür edib: “Rəssamlara dəstək olmaq lazımdır. Bu, çox önəmlidir. Aşıq sənəti türk dünyası üçün çox vacibdir”.
"Dədə Ələsgər" İctimai Birliyinin sədri Xətai Ələsgərli isə qeyd edib ki, Aşıq Ələsgərin yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir: "Hər zaman dövlət ona dəstək olub. Yubileyləri təntənə ilə qeyd olunub. Sərginin təşkilatçılarına təşəkkür edirəm. Bakıda Aşıq Ələsgərin heykəlinin ucaldılması ən böyük arzumuzdur".
Tədbirdə, həmçinin "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Milli Məclisin deputatları Sahib Alıyev, Ülviyyə Həmzəyeva və başqaları çıxış ediblər.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə rəssamın 20 əsəri nümayiş olunub.
Sərgi ilə bağlı hazırlanmış kataloqda Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Aşıq sənətimiz rənglərin işığında” sərlövhəli yazısında qeyd edib ki, Xalq rəssamı professor Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” silsiləsini həm də onun bu vaxta qədər incəsənət tariximizdə “ağ ləkə” kimi görünən saz-söz sənəti tarixinə vətəndaş mövqeyinin ifadəsi saymaq olar. “Əvvəllər də rəssam aşıq sənətinin bədiiləşdirilməsinə maraq göstərib, amma bu epizodik xarakter daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından sonra Arif Hüseynovun xalqımızın qopuzlu dünyasına müraciəti davamlı və daha əhatəli olmuşdur. Elə onun ictimailəşdirməyə qərar verdiyi otuza qədər əsər də bunun ifadəsidir... Özündə ənənə ilə müasirliyin qovşağını yaşadan bu lövhələrin hər birində müşahidə olunan vətənpərvərlik ruhunda rəssamın Azərbaycanımıza - onun əvəzolunmaz mənəvi dəyəri olan saza - aşıq sənətinə nəhayətsiz sevgi və ehtiramı duyulmaqdadır”.
Sadıq Qarayevin “Sarvansız Zamanlar”ı
Sadıq Qarayevin “Sarvansız Zamanlar” adlı hekayə və esselərdən ibarət 3- cü kitabı işıq üzü görmüşdür.
Kitaba Akademik İsa Həbibbəyli ön söz, Professor İsmayıl Kazımov rəy yazmışdır.
“Hər baxışı könlüm evin yıxandı” - Xaltanlı Tağı yaradıcılığında bədii xüsusiyyətlər
“Oxucularımızın yaradıcılığı” bölümündə sizə Ouba rayonunun Yerfi kəndində yaşayan Tahir Həsənlinin yazısını təqdim edirik. Yazı XIX əsrin əvvəllərində yazıb yaratmış el şairi Xaltanlı Tağının yaradıcılığına həsr olunub.
Yazılan şeirin sənət nümunəsi olması üçün onun yüksək bədii məziyyətləri olmalıdır. Bədiiliklə müasirlik qovuşanda oxucu sevgisi yaranır ki, bu da şeirin sadəcə kitab səhifələrində deyil, oxucu qəlbində yaşamasını təmin edir.
Bədii xüsusiyyətlər aşıqlarımızın yaradıcılığında özünü müxtəlif tərzdə göstərir, öz rəngarəngliyi ilə seçilir. XIX əsrin əvvəllərində Dədə Qorqud ənənəsinin varisi, Şirvan aşıq şeirinin qüdrətli sənətkarı Xaltanlı Tağı bədii təsvir vasitələrindən yaradıcı şəkildə, ustalıqla istifadə etmişdir. Aşığın istər təbiət, istər məhəbbət, eləcə də didaktik-fəlsəfi şeirlərində özünəməxsus ifadə tərzi və məcazın növləri ilə qarşılaşırsan. Tağı təbiəti təsvir edən şeirlərində sözün təsir gücüylə gözəllikləri bədii boyalarla canlandırır. Dinləyici, yaxud oxucunun təxəyyülündə yurdun əsrarəngiz mənzərələri göz önünə gəlir. Aşıq gördüklərini sadəcə təsvir etmir, onu insan obrazında canlandırır, təbiətlə insanın vəhdətini yaradır:
Qızılgüllər qönçələnib oyanıb,
Ağacları baş əyibən dayanıb,
Budaqları al-qırmızı boyanıb,
Nügədinin solu-sağı nə gözəl!
İlk misrada aşıq sanki yurdun qönçə tək açılan gözəllərini, ikinci misrada “Ağac bar verəndə başını aşağı əyər” atalar sözünə uyğun insanları, üçüncü misrada isə hər bir ailədən al-qırmızı geyinib toy şənliyinə gəlmiş qız-gəlinləri təsvir etmişdir.
“Gözəldir” rədifli qoşmasında gözəli ayla müqayisə edir, üzünü örtən tellərini ayın qabağını örtən buluda bənzədir:
Teli burma-burma örtüb buxağı,
Sanki kölgələnib ayın qabağı.
Həsrətindən yandı biçarə Tağı,
Sinəmə tökülən narı gözəldir.
İlk beytdə aşiqini heyran edən gözəlliyi məcazın təşbeh növü ilə ifadə edərək aşıq sonrakı misrada məhəbbətinin gücünü daha qüvvətli bənzətmə yolu ilə - istiarə ilə çatdırır. Sevdiyinə qovuşa bilməyən çarəsiz aşiq həsrətindən yanır, yandıqca sinəsinə tökülən atəş sanki ona bir rahatlıq gətirir. Bununla da sözlə deyil, baş verən hərəkətlə bağlı bir təzad yaranır. Aşıq Tağı bu bənddə nar sözünü od, atəş mənasında işlətmişdir. Şeirin birinci bəndində meyvəyə bənzədilməklə işlənmiş nar omonim sözü ilə cinas qafiyə yaradılmışdır. “Qoynu cənnət bağı, nari gözəldir” deməklə aşıq misranın poetik yükünü artırmış, dəyərləndirmışdir.
Bədii təsvir vasitələrindən Xaltanlı Tağı şeirlərində məharətlə istifadə olunmuş, məcazın müxtəlif növləri ilə gözəlin portreti yaradılmışdır.
Kirpikləri peykan, çeşmi piyalə,
Burnu fındıq təkin, yanağı lalə,
Qaymaq dodaqları batıbdır bala,
Arı şan daşıyır ağzında iş, “vay.”
Kirpikləri oxa dönüb aşiqin qəlbinə sancılan, fındıqburun, iri gözlü, qaymaq dodaqlarından bal süzülən qızın dişləri dördüncü misrada özünəməxsus tərzdə təsvir edilib. Aşıq gözəlin dişlərini pətəkdə görünən ağ şana bənzədir. Ağ şanın sıralanıb parlayan gözcükləri kimi sanki gözəlin parlaq dişlərini də arı hörmüşdür.
Burada iş sözü fars dilində işlənib işıldamaq, parıldamaq mənası verir. Sonda “vay” sözü isə bir məqamı xatırladır. Şan hörən arıdan çəkinib “vay” deyildiyi kimi, gözəl danışdıqca bal kimi süzülən sözlərinin və ballı dodaqlarının arasında parıldayan ağ şana bənzər dişlərinin yaratdığı gözəllık qarşısında aşıq “vay” ifadəsi ilə heyrətini bildirir.
Aşıq gözəlin yalnız xarici gözəlliyini deyil, daxili aləmini də dəyərləndirir. Onun dünya malından qiymətli olduğunu mübaliğəli şəkildə bildirir:
Dağlara maralsan, düzlərə ceyran,
Ordubad, Naxçıvan boyuna heyran.
Dəmirqapı Dərbənd, Şamaxı, Şirvan,
Külli Dağıstana vermərəm səni.
Məhəbbət mövzulu lirikasında bədii xüsusiyyətlərə geniş yer verən Tağı gözəlliyi yalnız epitet və təşbehlərlə canlandırmır, bu gözəlliklə yanaşı həm təzad bildirən sözlərlə, həm də təzadlı fikirlərlə gözəlin gözəlliyini tamamlayır. Ağ üzdə siyah (qara) tellər təzad yaratdığl kimi dindirməlı, gülməlı yarın hər baxışının könül evini yıxması da təzaddir.
Bir yarım var, dindirməli, gülməli,
Ağ üzündə siyah tellər bürməli,
Qaşlar həmayilli, gözlər sürməli,
Hər baxışı könlüm evin yıxandı.
Aşığın çox istifadə etdiyi bədii ifadə vasitələrindən biri də təkrir və onun müxtəlif formalarıdır. “Bir ayrılıq, bir yoxsulluq, bir ölüm” adlı şeirində “bir” sözünün təkrarı ilə təkrir yaradıb ifadəni qüvvətləndirir. Başqa bir şeirində təkririn anafora şəklindən istifadə edərək fikrini bədiiləşdirir:
Kimi alim, kimi hafiz,
Kimi xətib, kimi vaiz,
Kimi müxlis, qəlbi təmiz
Pak müsəlman bu mənzildə.
Aşıq poeziyasında özünə geniş yer tutan qoşmanın müxtəlif şəkilləri mövcuddur. Xaltanlı Tağının şeirləri içərisində zəncirləmə deyilən bir növə də rast gəlinir. Aşığın “Arasında” rədifli qoşması bu tərzdə yazılmışdır:
Yoxdur gülüstanda tayın, yoldaşın,
Xuraman yerişin, qəh-qəh gülüşün.
Tanıram duruşun, ceyran baxışın,
Əgər olsan yüz min qız arasında.
Əğər olsan yüz min ğozəl dilbərin,
Danışa bilməsən, aç düymələrin.
Xaltanlı Tağıyam, ağ məmələrin
Öləndə qəbrimi qaz arasında.
Əvvəlki bəndin son misrasının başladığı “Əgər olsan yüz min” sözləri ilə sonrakı bənd başlayır. Bu qayda ilə bütün bəndlər bir-birinə bağlanır. “Vilayətlərin tərifi” və “İranda mərasım” adlı şeirlərində isə hər bənd hansı sözlə bitirsə, sonrakı bənd o sözlə başlayır.
Aşıq bayatı və gəraylılarında cinaslı qafiyələrdən istifadə etmişdir ki, səslənməsi oxşar olan bu qafiyələr müəllifindən ustalıq, dinləyicisindən diqqət və düşüncə tələb edir:
Şamamalar tağı istər,
Fərz ölüm ta ağı istər,
Səndən dəva Tağı istər,
Qoyma, zalım, ara sına.
Belə hallarda sənətkar sözü zahirən məharətlə işlətməklə yanaşı, məzmunca da dəyərini, bədiiliyini saxlamağı bacarmışdır. Tağı sözü birinci misrada bitkiyə aid, ikinci misrada “ta ağı” səklində işlənərək kəfənə işarədir. Üçüncü misrada isə aşığın adını bildirir.
Aşığın qoşmalarında özünəməxsus ifadələri, epitetləri, təşbehləri, təkrirləri, təzadları, mübalığələri - məcazın müxtəlif növlərini ğörmək olar. “Ağ geyib üstündən qara bağlaram”, “İsti nədi, soyuq nədi, qar nədi?” “Qaməti mötədil, növrəstə gözəl”, “bulud kimi siyah tellər”, “təkəbbür dağlar”, “həyalı məhbublar”, “hicran tapdağıyam”, “çəmən çöhrəsi”, “qəm axıtdı qanımdan”, “Yaxam sel bağladı, didələrim çay”, “üzərlik tək oda atıb siyah qılır ruzigarı” və bu kimi misra və ifadələrlə bəzənmiş şeirlər Xaltanlı Tağı yaradıcılığının zənginliyini göstərir.
Aşıq Tağı dinləyicisini düşündürmək üçün bədii sualdan da istifadə etmişdir. Əsasən didaktik-fəlsəfi şeirlərində həlli tapılmayan, amma hamını düşündürən məsələləri qabardır, sualla müraciət edərək dinləyicinin diqqətini bir yerə cəmləyir.
Oyan, ey əhli dünya, dur, bu dünyadan nə istərsən?
Bu dünya cox bivəfadır, bu vəfadan nə istərsən?
Xalqımızın zəkasının məhsulu olan atalar sözlərindən yaradıcı insanlarımız, eləcə də aşıqlarımız daim qidalanmışlar. Xaltanlı Tağının yaradıcılığında da atalar sözləri və Allah kəlamı olan “Quran”dan gələn fikirlərin poetik şəkildə ifadəsinə tez-tez rast gəlinir.
Nə qədər cəhd etsə, söndürməz yağı,
Bir kəsin yanırsa haqdan çırağı.
Qaldırsan yıxlanı, doyursan acı,
Sanarsan Kəbəyə ziyarətin var.
Dövlət ilə hər çavuşdan bəy olmaz.
Məzardan qayıtmaz imansız ölü,
Məscid qapısında it gərək olmaz.
Şahlıq tövləsində bəslənsə eşşək,
Əslini dəyişib yüyürcək olmaz.
Ağalar ağası sənə yar olsun,
Bəndə duasından nə minnətin var...
Məlumdur ki, Xaltanlı Tağının yaşadığı dövrdə bütün oxumuşlar dini təhsil almışlar. Tağı da mədrəsə təhsili aldığındandır ki, şeirlərində dini adlara, quran qissələrindən gələn əhvalatlara müraciət edərək bəzən bir bədii vasitə kimi istifadə etmişdir. Şeirin poetik məna yükünü artıran, fikrin, hiss və duyğunun daha dolğun verilməsində aşıq təlmihlərdən istifadə etmişdir. Təlmihlər vasitəsilə hər hansı hadisə, əhvalata işarə edilərək dolğun təsəvvür yaradılır. Belə ifadələrin geniş şərhə ehtiyacı olur. Şeirlərinin birində Tağı müasiri olduğu Şeyx İzzəddinlə Şeyx İbadəddinin gördüyü işlərin böyüklüyünü belə müqayisələrlə çatdırır:
Fərhad Bisütunu çapan kimidir,
Yaqub Yusifini tapan kimidir,
İbrahim Kəbəni yapan kimidir,
Mehriban dostların ehsanına bax.
Tağının yaradıcılığında müxtəlif vasitələrdən, bədii priyomlardan istifadəyə də rast gəlirik. Fikirlərinin daha təsirli alınması üçün aşıq bəzən ərəb hürufatının xüsusiyyətlərindən də istifadə etmişdir. Aşığın fikrini daha dəqiq, aydın başa düşmək üçün ərəb hərflərinin xüsusiyyətlərini bilmək və geniş şərh etmək ehtiyacı yaranır.
Bir əlif var qoynun içində, ay qız.
Təşdid düşüb əlif, lamın üstünə.
Gözlərim daima əlif, “dal”dadır.
Tağı həqiqətdən laf və kaf eylər...
Şübhəsiz, Tağının bizə gəlib çatan şeirləri haqqında bu söylədiklərimiz kifayət deyildir. Onun müxəmməs və qəzəllərinin, “Quran”la bağlı deyişmə və qıfılbəndlərinin bədii xüsusiyyətləri isə daha geniş şərhə ehtiyacı olan mövzudur. Şeirlərinin bir qismində də bu ğünümüz üçün izaha ehtiyacı olan söz və ifadələr vardır.
Şirvan aşıq məktəbinin yaradıcılarından biri kimi Xaltanlı Tağı irsini öyrənmək, onun özündən sonra gələn aşıqlarımıza təsirini araşdırmaq da qarşıda duran həlli vacib məsələlərdəndir. Düşünmək olar ki, Aşıq Tağı ötən 200 ildən çox bir vaxt ərzində həm şeirlərinin bir qismi unudulmuş, həm də yaradıcılığından ustalıqla istifadə olunmuş bir el şairidir.
Rəşad Nuri Güntəkin və Löpe de Veqa
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
25 noyabr. Şükranlıq günü
Bu gün xristian dünyası insanları Allaha onlara verdiyi ömür, nazu-nemətlər üçün minnətdarlıq bildirəcəklər. Şükranlıq günü qədirbilməz, daim narazı insanları tərbiyələndirəcək bir gündür. Yaxşı olar ki, müsəlman dünyası da bu ənənəyə qoşulsun. Çünki şükranlıq etmək Quranda da buyrulub.
25 noyabr. Beynəlxalq qadınlara qarşı zorakılığın ləğv edilməsi günü
Bu günün qeyd edilməsini BMT Baş Assambleyası 2000-ci ildə lazım bilib, beynəlxalq təşkilatları, qeyri-hökumət orqanlarını mövcud problemə ictimaiyyətin diqqətini cəlb etmək üçün tədbirlər keçirməyə dəvət edib. Bəs niyə 25 noyabr? Çünki 1961-ci ilin həmin günündə Dominikan Respublikasında padşah Truxilyonun əmri ilə 3 siyasi fəal - Mirabal bacıları vəhşicəsinə qətlə yetiriliblər.
“Zərif və zəif cinsin nümayəndələri olan qadınlara qarşı zorakılıq cəmiyyəti və ailələri iflic vəziyyətinə salır, buna yol vermək olmaz” söyləyir BMT qətnaməsi. Əlbəttə ki, düz buyurur. Mən bu yerdə ölkəmizlə bağlı cəmi bir neqativ fakta toxunmağı özümə borc bilirəm. Xüsusən Cənub bölgələrimizdə 13-14 yaşlı kiçik qızların ərə verilməsi cinayətdir, bununla hələ də yetərli mübarizə aparılmır.
25 noyabr. Gorasöymə günü
Təqvimdə 25 noyabra düşən maraqlı qeydetmələr var, məsələn Ev mətbəxi günü. Deyilir ki, kafe-restoran qidası nə qədər dadlı olsa belə ev mətbəxinin yerini verə bilməz. Yaxud, Alış-verişi xatırlama günü. Son dönəmdə aldıqlarının siyahısını tutub əmin ol ki, onların nə qədəri boşunadır, pulunu yelə vermisən. Amerikalıların isə bu gün qeyd etdikləri gün Milli dostunla ye günüdür, yəni, bu gün boğazından tək çörək keçirmə, dostunla nuşi-can elə.
1889-cu ilin bu günündə İstanbulda dünyaya Rəşad Nuri Güntəkin gəlib. Əsərləri dillər əzbəri olan bu yazıçının “Çalı quşu” romanı xüsusən məşhurdur, kitabı yüz minlər oxuyub, serialına isə yüz milyonlar baxıb. 1562-ci ilin bu günündə Madriddə də məşhur ispan dramaturqu, əsərləri günü bu gün də aktuallığını itirməyərək teatr repertuarlarına daxil edilən Löpe de Veqa doğulub.
Bu gün dünya doğum günü bu günə təsadüf edən Çili hərbi xunta yaradıcısı Auqusto Pinaçetin – bəşəriyyətin ən qanlı diktatorlardan birinin goruna söyəcək, biz azərbaycanlılar da gəlin bu gün doğulan, sovet diktaturasının ən bariz nümayəndəsi, xalqımıza zillətlər yaşatmış erməni Anatas Mikoyanın göruna söyək. Rusiyadakı həmyerlilərimizdən də xahiş edək ki, nə olar, milli qürur nümayiş etdirin, o köpək oğlunun adına olan kolbasa kombinatının kolbasa-sosislərini alıb yeməyin.
Varisin “Həftənin təqvimi” yazısından
Kəlbəcərin de yure azadlığı günüdür
Kəlbəcər rayonunun sahəsi 3054 km2-dir, bu nəhəng ərazili rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardır. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. Rayonunun əhalisinin sayı 85,5 min (01.04.2013) nəfərdir. Əhalisinin 98 % azərbaycanlılardan, 2 % ruslardan, İrandan gəlmə kürdlərdən və digər millətlərdən təşkil olunub. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir.
Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunu başdan-başa gülüstan adlandırmaq olar. 30 000-dən artıq bulağı olan rayon əsl təbiət muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaq var. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti dünyanı gəzir, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murov və Dəlidağ əsl məğrurluq və gözəllik rəmzi sayılır. Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V.Avix Kəlbəcər haqqında demişdir: “Kim Tərtərçay dərəsi boyunca təbiəti seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.
Kəlbəcər rayonu ərazisində Azərbaycanın qədim xristianlıq dövrünə aid çoxlu tarixi abidələr var, Xaçın knyaz sarayı, Gəncəsər, Havaptux, Müqəddəs Tanrı anası monastırları, Mamakan xatun, Müqəddəs Stepanos və Xilaskar kilsələri bu qəbildəndir.
Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdu. 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 32 ambulatoriya və aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika talan edilmiş, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı. Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşmışdı. Ötən il sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan müzəffər Azərbaycan ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Düzdür, hazırda rus sülhməramlılarının “niyyətləri” Azərbaycanın ərazi bütövlüyünə maneçilik törədir, amma hər şeyin yaxşı olacağına ümidimiz böyükdür.
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri mükafatlandırılıb
Nizami Kino Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalına yekun vurulub.
AzərTAC xəbər verir ki, “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşıb. Festivala Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” Kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council” dəstək verib.
Festivalın mükafatlandırma və bağlanış mərasimində münsiflər heyətinin üzvi Erdem Tepegöz çıxış edərək festivalda bir-birindən maraqlı filmlərin nümayiş olunduğundan məmnunluğunu ifadə etdi.
“CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev festivalın gedişi haqqında qısa məlumat verib. Bildirib ki, 5 aydır festivalın uğurla keçməsi üçün böyük bir komanda çalışır. 3 ildir ki, festival böyük formatda keçirilir.
Qeyd edilib ki, festivalın beynəlxalq proqramına 18 ölkədən 30 film, yerli proqrama isə 26 ekran işi daxil edilmişdi. Filmlər beş gün müddətində Nizami Kino Mərkəzində nümayiş olunub. Festivalda, həmçinin “British Council” ilə əməkdaşlıq nəticəsində Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film müsabiqədənkənar yerli tamaşaçılara təqdim olunub.
Beynəlxalq müsabiqə proqramında yarışan qısa filmləri tanınmış yazıçı-publisist, ssenarist Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının üzvü, Ukrayna Film Akademiyasının həmtəsisçisi, kinoprodüser Yuliya Sinkeviç, Avropa Kino Akademiyasının üzvü, Paliç Avropa Film Festivalının (Serbiya) proqram direktoru, kinoprodüser Miroslav Moqoroviç və türkiyəli rejissor, ssenarist Erdem Tepegözdən ibarət münsiflər qiymətləndirib.
Yerli müsabiqənin münsiflər heyətində şair, tərcüməçi Səlim Babullaoğlu, Xalq artisti Mehriban Zəki, kinorejissor Elməddin Alıyev yer alıb.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov bildirib ki, nazirlik gələcəkdə də festivala dəstəyini əsirgəməyəcək. Nazirliyin kinonun inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan natiq deyib ki, kino mədəniyyətin vacib sahələrindən biridir: “Biz istəyirik ki, bu festivallar ölkəmizdə kino sənayesinin inkişafına öz töhfəsini versin. Gələn il festivalı daha geniş keçirmək niyyətindəyik”.
Sonra festivalın müxtəlif nominasiyalar üzrə “Qızıl nar” mükafatları təqdim edilib.