Super User

Super User

Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində fransız dilinə tərcümə edilmiş “Nizami Gəncəvi: qəzəllər və kəlamlar”  (“Nîzâmî Gandjavî: Ghazals suivis de Aphorismes”) kitabının təqdimatı oldu.
Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı, islamşünas alim Kərim İfrak çıxış edərək Nizami yaradıcılığından, onun əsərlərindəki ümumbəşəri ideyalardan söz açdı.
Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Ünlü, Azərbaycan Dillər Universitetinin Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Gülnarə Sadıxova Nizami irsinin özəlliklərindən danışarıq təqdim olunan kitab barədə fikirlərini bölüşdülər.
Qeyd olundu ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubiley ili çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən söz ustadının ədəbi irsinin beynəlxalq səviyyədə təbliği məqsədilə əcnəbi dillərdə bir sıra nəşrlər layihələri həyata keçirilib. Xarici nəşrlərdən biri mərhum azərbaycanlı professor, filologiya elmləri doktoru Əli Musayev tərəfindən 1990-cı illərdə fransız dilinə tərcümə olunmuş Nizami Gəncəvinin 50 qəzəli və 50 kəlamından ibarət kitab layihəsidir.
Bu ilin oktyabrında Fransanın “HÉMISPHÈRES ÉDITIONS / MAISONNEUVE & LAROSE” nəşriyyatı tərəfindən çap olunmuş kitabın redaktorları görkəmli fransalı türkşünas, qafqazşünas alim Remy Dor və Azərbaycan Dillər Universitetinin kafedra müdiri Gülnarə Sadıxova, ön sözün müəllifi NGBM İdarə Heyətinin həmsədri İsmayıl Serageldin, müqəddimənin müəllifi Dünya Verona Şeir Akademiyasının təsisçisi, görkəmli yazar Məhəmməd Nadir Aziza, Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında fəslin müəllifi islamşünas alim Kərim İfrak, müasir Azərbaycan miniatürü tərzində çəkilmiş 23 illüstrasiyanın müəllifi isə rəssam Pərinisə Əsgərovadır.
Yeni nəşr Fransada kitab mağazaları, aidiyyəti universitet, kitabxana və şərqşünaslıq mərkəzlərinə, həmçinin “Fnac” və “Amazon” onlayn satış şəbəkələri üzərindən ictimaiyyətə təqdim olunur. “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” kitabı fransızdilli oxucuların böyük Azərbaycan şairinin irsi ilə yaxından tanış olmasına şərait yaradacaq.

Cümə axşamı, 25 Noyabr 2021 09:50

Nizami Gəncəvi Beynəlxalq Forumu davam edir

Xəbər verdiyimiz kimi dünən “Fairmont Baku-Flame Towers” hotelində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunun açılış mərasimi keçirilib. Forum Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində reallaşır.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə tədbiri açaraq forum haqqında məlumat verib. Qeyd edib ki, “Nizami Gəncəvi İli” münasibətilə Mədəniyyət Nazirliyi ilin əvvəlindən müxtəlif layihələr həyata keçirib. Nizami Gəncəvi Beynəlxalq Forumu da əlamətdar ilin növbəti tədbiridir. Forum noyabrın 15-dən davam edən Beynəlxalq Nizami Gəncəvi Festivalının yekun tədbiri olmaqla yanaşı, “Nizami Gəncəvi İli”nin ən miqyaslı layihələrindən biridir.
“Ədəbiyyat və incəsənət” portalı məlumat verir ki, açılış mərasimində çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ümumbəşəri dəyərlərə xidmət edir. Şairin yaradıcılığında tez-tez rast gəlinən xeyir və şər, ədalətli cəmiyyət kimi anlayışlar bəşəriyyətin bütün dövrlərinə aiddir: “Nizami Gəncəvi dahi şair olmaqla bərabər, həm də filosof idi. Buna görə də onun ədəbi irsi mədəniyyətlər və xalqlar arasında hər zaman körpü rolunu oynayıb. Biz bunu şairin əsərlərində açıq şəkildə görə bilirik. O, müxtəlif xalqların ənənələrini tərənnüm edərək onların arasında dostluq yaratmağa nail olub. Nizami 800 ildir oxunur. Onun poeziyasının bədii dəyəri və fəlsəfi yükü öz mənasını itirmir. Nizami Azərbaycan xalqının iftixarıdır. Azərbaycanda bu gün Nizami adı daşıyan minlərlə vətəndaş yaşayır. Bu bir daha sübut edir ki, o əsl Azərbaycan şairidir. Forumun bütün iştirakçılarına təşəkkür edir və uğurlar arzulayıram”.
 * * *
Forumda çıxış edən mədəniyyət naziri Anar Kərimov Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçılarını salamlamaqdan məmnunluğunu bildiri . Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib: “Nizami ili” çərçivəsində ölkəmizdə və xaricdə çoxsaylı silsilə tədbirlər keçirilmişdir və düşünürəm ki, yekunda məhz belə bir forumun keçirilməsi xüsusilə əlamətdardır. Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh, əməkdaşlıq və dayanıqlı inkişaf kimi mütərəqqi ideyalarının fəal təbliğatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, xalqımızın mədəniyyətinin, onun multikultural dəyərlərinin və baxışlarının formalaşdırılmasında Nizami Gəncəvinin müstəsna rolu olmuşdur”.
Nizamini Şərqin böyük şairi və mütəfəkkiri adlandıran nazir qeyd edib ki, o, bütün dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətlərdəndir. XII əsr Azərbaycan Atabəylər dövlətinin əsas mərkəzlərindən olan Gəncənin mədəni mühitində dünyaya gələn Nizami ömrünün sonunadək bu qədim şəhərdə yaşayıb və dünya mədəniyyəti xəzinəsinə bənzərsiz ədəbi incilər bəxş edib: “Nizami ümumbəşəri sevgini tərənnüm edən lirik-fəlsəfi lirikası və ən əsası isə “Xəmsə” kimi şah əsərlər toplusunu yaratmaqla Şərq intibahının banisi oldu. Şairin sonrakı nəsillərə qoyduğu poetik mirası insanları yaxşılığa, mərhəmətə, dostluğa, xalqları sülhə, ədalətə, birliyə çağırmışdır”.
Qeyd olunub ki, Nizaminin yaratdığı poeziya ənənələri zaman və məkan sərhədlərini aşaraq əsrlər boyu müxtəlif xalqların dahi şairləri tərəfindən uğurla davam etdirilib. Mövlanə Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əlişiri Nəvai, Məhəmməd Füzuli, Əbdürrəhman Cami və başqa neçə-neçə Şərqin dahi şairləri Nizami yolunun layiqli davamçıları olublar. Ümumbəşəri əhəmiyyət kəsb edən Nizami mövzularının əks-sədasını Qərb ədəbiyyatının Dante, Bokaçço, Volter, Şekspir, Höte və başqa nümayəndələrinin yaradıcılığında da sezmək mümkündür. XIX əsrdən etibarən rus şairləri də Nizamiyə nəzirələr yazmışlar. Başqa sözlə, Nizami şəxsiyyəti və irsi Azərbaycan mədəni mühitində yaransa da, bütün bəşəriyyətə məxsus universal bir dəyərdir.
Anar Kərimov vurğulayıb ki, Nizami təkcə poeziya və fəlsəfə tarixində deyil, həm də ötən səkkiz əsrdən artıq bir müddətdə mədəniyyətin bir çox sahələrində şah əsərlərin yaranması üçün ilham mənbəyi olub. Onun əsərlərindəki motivlərə həsr olunmuş Orta əsr miniatürləri və tətbiqi-dekorativ sənət nümunələri bu gün dünyanın aparıcı muzeylərinin ən dəyərli eksponatları sırasında nümayiş etdirilir: “Əsrlər ötüb keçsə də, Nizami irsi öz aktuallığını daim qoruyub saxlayır, dahi şairin insan cəmiyyətində xoşbəxtlik və tərəqqinin bərqərar olunması üçün XII əsrdə təqdim etdiyi sosial həllər müasir dövrdə də gələcəyi işıqlandırmağa davam edir. Onun insan cəmiyyətinə ensiklopedik yanaşması bugünkü dünyada da parlaq gələcək üçün çalışan müxtəlif din, dil, peşə sahibləri üçün ilham mənbəyi olmağa layiqdir”.
Nazir çıxışının sonunda Nizami Gəncəvi ilə əlaqədar Mədəniyyət Nazirliyinin yeni bir təşəbbüsünü forum iştirakçıları ilə bölüşüb: “Bəllidir ki, BMT-nin “2030 Gündəliyi” çərçivəsində qəbul olunmuş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) bütün qlobal problemlərin həllini nəzərdə tutur. Mədəniyyət Nazirliyi olaraq biz bu istiqamətdə yeni yanaşmanı təklif edirik. Bu yanaşma DİM-lərə nail olunmasında cəmiyyətlərin rolunun gücləndirilməsini hədəfləyir. Bu yanaşmaya uyğun olaraq dayanıqlı inkişaf naminə 17 məqsəddən hər biri Nizami Gəncəvi prizmasından nəzərdən keçirilmişdir. Beləliklə, DİM-lərin əksəriyyətinin tarixən insanlıq problemi olduğu müəyyən edilmişdir. Təklif edilən bu yanaşma ölkələrin DİM-ləri həmçinin öz mədəniyyətləri çərçivəsində qəbul etmələrini dəstəkləyərək problemlərin həllində mədəni irsin vacibliyini qeyd edir. Bununla əlaqədar olaraq, əslində, burada DİM və mədəniyyət kəsişməsinin önəmini xüsusilə göstərmək istəyirik. Biz istəyirik ki, BMT ölkələri DİM-lərin təmin edilməsi üçün özünün mədəniyyət siyasətini, məcazi mənada hamı öz “Nizami Gəncəvi”sini tapsın.
Nizaminin dahiliyini və onun zəngin poetik-fəlsəfi irsində əksini tapan universal ideyaların ümumbəşəri əhəmiyyətini bir daha vurğulamaq üçün forum iştirakçıları adından qəbul edilməsi təklif edilən Birgə Kommunike tədbir iştirakçılarına təqdim edilmişdir”.
 * * *
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy çıxışı zamanı bildirib  ki, “Nizami Gəncəvi kimdir?” sualının cavabı çox genişdir. O, yaradıcılığı ilə bir çoxlarına ədəbiyyatın qapısını açmaqla yanaşı, astronomiya, fəlsəfə, coğrafiya, tibb və riyaziyyatı, eyni zamanda bir neçə dili mükəmməl bilən alimdir. Nizami Gəncəvi ürəyində və beynində mürəkkəb düşüncələri yoxlayıb, əldə etdiyi nəticəni, istər duyğu, istərsə də fikirləri mükəmməl şəkildə sözə çevirib insanlıq üçün miras qoyub: "Türk dünyası böyük atasının əmanətlərinə qürurla sahib çıxmağa və nəsildən-nəslə ötürməyə davam edəcək. Biz Türk dünyasının mədəniyyət körpüsünü var edən əcdadlarımıza idarəçisindən sənətkarına, aliminə qədər sahib çıxmağın məsuliyyətini daşıyırıq. Biz bir olub minillik tariximizə birlikdə sahib çıxacağıq”.
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Türk dünyasının iki böyük ədəbi şəxsiyyəti – Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılıqlarını müqayisə edib. Bildirib ki, bu il Özbəkistan Prezidentinin sərəncamı ilə özbək xalqının dahi şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvainin 580 illiyi yüksək səviyyədə qeyd olunur. Nazir vurğulayıb ki, Nəvai Nizamini özünə ustad bilib, əsərlərində onun dahiliyini qeyd edib: “Türk dünyasının dahi ədəbiyyat və mədəniyyət simalarının irsinin tanıdılması və təbliğinə yönələn bütün təşəbbüslər, layihələr təqdirəlayiqdir”.
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək forumun əhəmiyyətini yüksək qiymətləndirib. Deyib ki, bu gün Nizami Gəncəviyə Moskvada və Sankt-Peterburqda heykəl qoyulub: “Hətta Rusiyada belə rus əsilli bir şairin iki heykəlinə çox az təsadüf olunur. Nizami Gəncəvi bu şəhərlərdə adının əbədiləşdirilməsinə layiqdir. O təkcə Azərbaycanın deyil, Şərqin dahi oğludur. İki mütəfəkkiri qeyd edə bilərəm ki, onlar heç vaxt yaşadığı ərazini tərk etməmişdilər. Bunlar Nizami Gəncəvi və Kant idi. Onlar başa düşürdülər ki, insanın vicdanı, başı üzərində duran Allah böyük dəyərlərdir. Nizami Gəncəvi İslam dünyasında və daha geniş məkanda maarif işığı yandırıb. Həmin işıq bu gün də bizim üzərimizdədir”.
* * *
Çıxışlardan sonra Nizami Gəncəvi Beynəlxalq Forumunun səkkiz bənddən ibarət Birgə Kommünikesi qəbul edili . Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sənəd haqqında məlumat verib.
Forumun açılış mərasimində həmçinin bu il Fransada nəşr olunan “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” adlı kitabın da təqdimatı keçirilib. Kitab mərhum azərbaycanlı professor, filologiya elmləri doktoru Əli Musayev tərəfindən 1990-cı illərdə fransız dilinə tərcümə olunmuş Nizami Gəncəvinin 50 qəzəli və 50 kəlamından ibarətdir.
Sonra plenar iclaslar keçirib, axşam qonaqlara Manqal steyk haus restoranında Azərbaycan mətbəxinin ləziz təamlarını dadıblar. Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova ilə Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovun birgə ifa etdikləri “Qaragöz boy, boy” mahnısı məclisə xüsusi ovqat gətirib.
Bu gün səhər plenar iclaslar davam etdirilib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Forumunun zəngin proqramı var. Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir. Forum çərçivəsində “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri, təqdimatlar, ikitərəfli görüş və digər tədbirlər keçiriləcək.
Forum sabah yekunlaşacaq.

Dünya ölkələri Nizami Gəncəvinin ideyalarını rəhbər tutsa mükəmməl bir cəmiyyətin qurulmasına nail olar. Çünki Nizami öz əsərlərində ideal bir cəmiyyətin yaranmasını təbliğ edib.
Bu sözləri Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı “LIFFT” nəşrinin baş redaktoru Marqarita Al deyib.
“Nizami Gəncəvinin idealları olduqca təqdirəlayiqdir. İki il bundan əvvəl də Bakıda Nizami Gəncəviyə həsr olunmuş forum keçirilmişdi. Gələn il Misirdə də Nizami Gəncəviyə həsr olunacaq “Keçmişdən gələn gələcəyin insanı” mövzusunda forum təşkil olunacaq. Rusiyada müxtəlif xalqlar yaşadığından biz şərq mədəniyyətinə xüsusi önəm verir və bu mədəniyyəti çox sevirik. Biz Nizami Gəncəvi ilə bağlı olan tədbirlərə hər zaman qatılırıq, çünki Nizami Gəncəvi həm də bizim mədəniyyətimizin bir hissəsidir”,- deyə Marqarita Al bildirib.

Növbəti dəfə “Beynəlxalq Kino Sənəti və Elmləri Akademiyası” tərəfindən təqdim olunan beynəlxalq “Emmi” mükafatları Nyu-Yorkda sahiblərinə çatıb.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, ötən il pandemiya səbəbindən virtual olaraq təşkil edilmiş “Emmi” mükafatlarının təqdimat mərasiminin aparıcısı bu il amerikalı aktrisa Ynome Orji olub.
“Ən yaxşı bədii film” mükafatını rejissor Qreqori Monronun çəkdiyi “Kubrick by Kubrick” adlı fransız sənədli filmi qazanıb.
Britaniyalı Devid Tennant “Des” serialında canlandırdığı qatil obrazına görə “Ən yaxşı kişi aktyor” mükafatını, onun həmyerlisi Hayley Squires isə “Yetkinlər üçün material” (Adult Material) serialındakı roluna görə “Ən yaxşı qadın aktrisa" mükafatını qazanıb.
“Ən yaxşı dram filmi” mükafatı isə İsrailin "Tehran" serialına verilib.
“Emmi” mükafatlandırma mərasimi qaliblərin kollektiv foto çəkdirməsi ilə (1-ci şəkil) yekunlaşıb.
Bu arada prestijli American Music Awards mükafatları da öz sahiblərini tapıb. İlk dəfədir ki, bu mükafatların ən əsasında - İlin artisti nominasiyasında Cənubi Koreya təmsilçiləri - BTS qrupu birincilik əldə edib (ikinci şəkildə). Nominasiyada qalibiyyətə digər iddialılar Ariana Qrande, Dreyk, Oliviya Rodriqo, Teylor Svift və The Weekend qrupu olub.
Key pop janrında ifa edən Koreya qrupu bundan öncə də Billboard Hot 100 reytinqinə başçılıq etməyə müvəffəq olmuş ilk Koreya təmsilçisi kimi tarix yazmışdı.
Qeyd edək ki, American Music Awards mükafatları 1973-cü ildən təqdim olunur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın əsrlər boyu yaratdığı mədəni irs nümunələri də öz azadlığına qovuşdu.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı beynəlxalq konfrans keçiriləcək.
24 noyabr 2021-ci il tarixində “Daş salnamə” muzeyində təşkil olunacaq konfrans “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı 4 sessiyadan ibarət olacaq.
Həmçinin tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil olunacaq.
Beynəlxalq konfransda yerli və xarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Azərbaycan Rəssamlar İttifaqı “İlin ən yaxşı əsəri” adlı sərgi-müsabiqə elan edib. Sərgi-müsabiqədə yalnız ittifaqın üzvləri iştirak edə bilər. Müsabiqəyə dörd nominasiya üzrə işlər qəbul olunacaq:
rəngkarlıq;
qrafika;
dekorativ tətbiqi sənət;
heykəltəraşlıq.
Bu nominasiyalar üzrə qalib əsərlər mükafatlandırılacaq. Hər müəllif müsabiqəyə yalnız 1 əsər təqdim edə bilər. Qəbul edilmiş əsərlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Əsərlərin qəbulu və qeydiyyatı dekabrın 20-dən 25-dək aparılacaq.
Sərgi-müsabiqənin açılışı və qaliblərin mükafatlandırılması dekabrın 29-da Azərbaycan Rəssamlar İttifaqı Vəcihə Səmədova adına sərgi salonunda baş tutacaq.

Bu gün Bakının ecazkar “Fairmont Baku, Flame Towers” hotelində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Nizami Gəncəvi mərkəzi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) öz işinə başlayıb.
Forumda öncıxışları Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikasın mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, habelə Rusiya Prezidentinin mədəniyyət üzrə müşaviri Mixail Şvıdkoy etmişlər.
Noyabrın 26-dək davam edəcək Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, ”Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.
Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulur.

Çərşənbə, 24 Noyabr 2021 11:46

Karantin əleyhinə nümayişlər

Avstriyada pandemiya dövründə dördüncü dəfə lokdaun elan edilib, idarə-müəssələr bağlanıb, əhaliyə zərurət olmadan evdən çıxmamaq tövsiyyə olunub. Üstəlik, məcburi vaksinasiya tələbləri də irəli sürülüb. Yeni il və milad bayramı öncəsi bu qadağalar əhalini narazı salıb.  Ölkə paytaxtı Vyanada əhali kütləvi etiraz aksiyalarına qalxıb. Polis gözyaşardıcı qazdan istifadə edib.

 

Bu gün Deyl Karneginin anadan olduğu gündür. 1888-ci ilin bu günündə Missuri ştatının Merivil fermasında dünyaya gələn, hədsiz yoxsulluq içərisində yaşaya-yaşaya Dövlət Pedaqoji Kollecində əla təhsil almağa müvəffəq olan bu şəxs nimdaş geyimi, normal qidalana bilməməsi müqabilində nədəsə fərqlənməyi, nədəsə nümunə olmağı qarşısına məqsəd qoymuşdu, müvəffəqiyyətli təhsili ilə kollecdə hamını qabaqlamış, üstəlik, əla natiqlik qabiliyyəti ilə böyük auditoriyaları ələ ala bilmiş, zaman keçdikdən sonra isə bir psixoloq, kouç, motivasiya spikeri kimi bütün dünyaya uğur qazanmağın, karyera qurmağın, xoşbəxt olmağın sirlərini açıqlayaraq məşhurlar məşhuruna çevrilmişdi.

 

Şəxsən mən hansı auditoriyada gənclərlə görüşürəmsə əksəriyyəti imkansızlıqdan şikayətlənib bədbinliklərini, ruhdandüşmə səbəblərini bununla izah edirlər. Budur, Deyl Karneginin həyatı hamı üçün örnək olmalıdır. İnsana nimçədə xoçbəxtliyi heç kəs vermir, onu gərək özün öz səyin, məqsədyönlülüyün sayəsində əldə edəsən.

 

Karneginin doğulduğu günün “dost qazanma günü” adı altında qeyd edilməsinin səbəbi isə dünyaşöhrətli kouşun ən məşhur təlimlərindən biridir - “Dostları necə qazanmalı”.

 

Varisin “Həftənin təqvimi” yazısından

 

 

 

 

Əliəkbər Mahmud oğlu Mahmudzadə (Əli Nazim) 1906-cı il noyabr ayının 24-də Təbriz şəhərində anadan olub. Tezliklə ailəsi Rusiya imperiyasına aid olan Batum şəhərinə köçüb. Orada rus dilini mükəmməl öyrənən Əli Nazim Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda təhsil alıb. Bakıya köçəndən sonra Azərbaycan Elmi-Tədqiqat İnstitutu Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb, qiymətli dərsliklər yazıb. Ədəbi tənqid sahəsində parlaması 1932-1936-cı illərdə bir-birinin ardınca “Molla Nəsrəddin” jurnalı haqqında “Realist, satirik və sənətkar”, “Cəlil Məmmədquluzadə və yaradıcılığı”, “Nəsrəddin haqqında bir neçə söz” kimi maraqlı əsərlər yazıb dərc etdirməsi sayəsində olub. Əli Nazim 20-30-cu illərdə respublikamızdan kənarda ən çox çıxış edən tənqidçilərdən idi. O, Moskvada, Türkiyədə çap olunan qəzet və jurnallarda dərc olunmuş məqalələri ilə Azərbaycan ədəbiyyatını layiqincə təblig edirdi. Çox təəssüf ki, 1937-ci ilin repressiyası onu da qurbana çevirib. Əli Nazim SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 13 oktyabr 1937-ci il tariхində keçirdiyi 15 dəqiqəlik məhkəmə iclasında 10 il müddətinə azadlıqdan məhrum edilib, 23 avqust 1941-ci ildə həbsxanada vəfat edib. Düzdür, ölümündən sonra SSRİ Ali Məhkəməsinin qərarı ilə ona bəraət verilib, amma daldan atılan daş topuğa dəyər. 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.