Super User
Laçının de-yure azad edilməsi
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, həddindən çox dərman bitkiləri, çoxlu mineral suları, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları və s. vardır Laçında. Laçın rayonunun yaranma tarixi 8 avqust 1930-cu ildir. Ərazisi 1.84 min km2 , əhalinin sayı 72,4 min (01. 04. 2013) nəfərdir. Laçın rayonunda 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı), 125 kənd vardır. Laçının aşağı hissəsində Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür.
Laçın rayonunda 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar var idi. Rayon 1992-ci il may ayının 18-də Ermənistan Respublikası tərəfindən işğal olundu. İşğaldan əvvəlki 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə evi və s. - əksəriyyəti dağıdıldı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad etdi. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən digər ərazilərimizin boşaldılması qrafik üzrə həyata keçirildi. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edildi.
Bakıda “Müxtəlif dinlərin maddi-mənəvi irsi və dinlərdə musiqi” adlı konfrans keçirilib
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin təşkilatçılığı ilə Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində “Müxtəlif dinlərin maddi-mənəvi irsi (Qarabağ kontekstində) və dinlərdə musiqi” adlı konfrans keçirilib.
Mədəniyyət Nazirliyi xəbər verir ki, tədbirdə Azərbaycanda mövcud olan multikultural dəyərlər, konfessiyalararası sıx münasibət, ölkəmizdə qədim tarixə malik tolerantlıq, qarşılıqlı hörmət və anlaşma məsələləri müzakirə olunub.
Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin direktoru Səadət Xələfbəyli qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfransın məqsədi konfessiyalararası əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə töhfə verməkdir. Qeyd edib ki, konfrans müddətində işğaldan azad olunmuş maddi-mədəni irsimiz barədə çıxışlar dinləniləcək.
Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının keşişi Jozef Marek deyib: “Dünyada əgər hər şey yerində olsa qəlbimiz açılar. Ümid edirəm kilsədə səslənən dini musiqi də öz yerini tapır. İnsan arzuladığı bir yerə çatmaq istəyəndə Allah ona səbir və lazım olan xüsusiyyətləri bəxş edir. İnsanın bir şeyə can atması olduqca vacibdir. Musiqini ifa etmək gözəldir amma onu ifa edərkən Allahı axtarmaq fərqli bir məsələdir. Belə insanlar məni hər zaman heyran edib.”
Konfransın aktual məsələyə həsr olunduğunu söyləyən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli bildirib ki, Azərbaycan tarixində heç zaman dini zəmində münaqişə baş verməyib. Hətta Azərbaycanda müxtəlif xalqların dini icma nümayəndələri Qarabağ müharibəsi zamanı xristian dünyasına müraciət ünvanlayaraq bildiriblər ki, Qarabağ tarixən Azərbaycan ərazisidir. Bu sənət tarix olaraq qalacaq”.
Bildirib ki, bəzi ölkə rəhbərləri multikulturalizmin mövcud olmaması ilə bağlı çıxışlar edirlər. Ancaq Azərbaycanda vəziyyət tam fərqlidir. Azərbaycanda dinə sevgi və tolerantlıq hər zaman hiss olunub. Burada radikal düşünən insanlar yoxdur. Musiqidə bir harmoniya olduğunu söyləyən hacı Şahin deyib: “Ruha sirayət edə bilən, insanda mərhəmət hissi aşılayan musiqiyə hər zaman ehtiyac var”.
Katolik kilsəsinin apostol prefekturasının məlumat şöbəsinin katibi Toral Ağayev bildirib ki, Azərbaycanda mövcud olan dini icmaların rəhbərləri çıxışlarını böyük yaradan Allahın adı ilə başlayırlar. Hər bir yaradıcı insan öz qabiliyyətini Allahdan alır. Allah xristianlıqda nizamsızlığı nizama salan bir qüvvə kimi göstərilir: “İnsan şüuruna təsir edən ən böyük qüvvə məhz incəsənətdir. Musiqi xristianlıq dinində xüsusi önəm kəsb edir. Xristianlıqda oxuyan ikiqat ibadət etmiş kimi sayılır. Bəzi alimlərin fikrincə insan nitqi danışmaq üçün deyil oxumaq üçün yaradılıb. Davud peyğəmbərin nəğməkar peyğəmbər olduğunu deyən T.Ağayev bildirib ki, bu ad yunan musiqi aləti olan arfa adından götürülüb. O rəsmlərdə musiqi alətilə birgə təsvir olunur. “Qürurverici haldır ki, dini yaradıcılıq tək ənənələrə söykənmir, əksinə, inkişaf edir. Tolerant mühit katolik icması arasında yaradıcılığa şərait yaradır”,- deyə Toral Ağayev əlavə edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hətəm Gülməmmədov bildirib ki, Azərbaycan dünyada tolerantlığın yaşandığı nadir ölkələrdən biridir. Azərbaycanda tarixən müsəlman, yəhudi, xristian və digər dini icmalar dostluq və əmin-əmanlıq şəraitində yaşayıb. O, din nümayəndələrinin bir-birlərinə hörmətlə yanaşması ilə bağlı misallar gətirib. Bildirib ki, Ramazan ayında Çotari kilsəsində xristian din icma nümayəndələrinin müsəlmanlar üçün iftar süfrəsi açması bir ənənəyə çevrilib. Qeyd edib ki, Astarada fəaliyyət göstərən məscidlərdə sünni və şiə nümayəndələri məhərrəmlik ayında bir yerə toplaşıb namaz qılırlar. Tolerantlıq dünyada hüquqi məsələ olduğundan qanunla nizamlanır və bu qanunu pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Ancaq Azərbaycanda bu məsələ mənəvi məsələdir. Tolerantlıq dözümlülük olsa da bizim üçün sevgi məsələsidir. Azərbaycanda tolerantlığın nümunələrindən biri də Bakının mərkəzində qorunan Erməni kilsəsidir. Bildirib ki, həmin kilsədə hətta heç bir kitaba ziyan dəyməyib. Bu Azərbaycan xalqının dözümlü olduğunu sübut edir. Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında kilsə və məscidlər fəaliyyət göstərir, din nümayəndələrinin ora səfərləri təşkil olunur.
Daha sonra Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisiy Sveçnikov, İslam Universitetinin İctimai elmlər kafedrasının müdiri Elvin Talişinski, müstəqil araşdırmaçı-jurnalist, səyyah Ağa Mehdiyev çıxış ediblər.
Tədbirin bədii hissəsində ümumbəşər dini musiqilər səsləndirilib.
Mədəniyyət Nazirliyi “TAMMETRAJLI BƏDİİ FİLM LAYİHƏLƏRİNƏ DƏSTƏK – 2022” müsabiqəsini elan edir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsini elan edir.
Müsabiqənin reqlamentini təqdim edirik:
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra Nazirlik) milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsini elan edir.
Bu müsabiqənin mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.
MÜSABİQƏNİN MÖVZUSU VƏ DƏSTƏK FONDU
Müsabiqə tammetrajlı bədii film kateqoriyasında keçirilir.
Layihə üzrə çəkiləcək filmlərin xronometrajı 52 dəqiqədən az olmayaraq nəzərdə tutulmalıdır.
Müsabiqə sərbəst mövzuda keçirilir.
Müsabiqədə layihənin istənilən mərhələsində - ssenarinin inkişaf etdirilməsi, filmin çəkilişinə hazırlıq və çəkiliş prosesi, həmçinin post-prodakşn və distribusiya mərhələlərinə dəstək nəzərdə tutulur.
Qalib film layihələrinin maliyyələşdirilməsi üçün hər filmə ən çox 100.000 (yüz min) manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.
Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir.
MÜSABİQƏNİN MƏRHƏLƏLƏRİ
Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:
1-ci mərhələ - Layihələrin qəbulu
2-ci mərhələ - Bədii seçim
3-cü mərhələ - Pitçinq
4-cü mərhələ - Qalib film layihələrinin maliyyələşdirilməsi, filmlərin istehsalı və təhvil verilməsi
1-ci mərhələ - Layihələrin qəbulu
Müsabiqənin 1-ci mərhələsi Nazirliyin müvafiq əmri ilə müəyyən etdiyi Müsabiqə Komissiyası tərəfindən həyata keçirilir.
Müsabiqəyə təqdim edilən sənədlərdə qüsurlar olmadığı halda film layihələri 2-ci mərhələdə iştirak hüququ əldə edir.
Layihələrin qəbulu 1 dekabr 2021-ci il – 17 yanvar 2022-ci il tarixlərində nəzərdə tutulur.
2-ci mərhələ - Bədii seçim
Müsabiqənin 2-ci mərhələsində film layihələrini Nazirliyin müvafiq əmri ilə müəyyən etdiyi Münsiflər heyəti qiymətləndirir.
Münsiflər heyəti bu mərhələdə film layihələrini bədii-kinematoqrafik baxımdan dəyərləndirir.
Bədii seçim mərhələsi 18 yanvar 2022-ci il – 28 fevral 2022-ci il tarixlərində nəzərdə tutulur.
Bədii seçim mərhələsini keçmiş layihələr 3-cü mərhələyə – Pitçinq mərhələsinə buraxılır.
Bədii seçim mərhələsinin qaliblərinin adları 2022-ci il mart ayının 7-dək Nazirliyin internet informasiya ehtiyatında (www.culture.gov.az) və “Mədəniyyət” qəzetində elan olunur.
3-cü mərhələ - Pitçinq
Pitçinqin məqsədi müəlliflərə layihələrinin yaradıcı inkişafı və maliyyə dəstəyi üçün tərəfdaşlar tapmaq imkanı verməkdir.
Pitçinqin vəzifəsi yeni, orijinal fikirlərin və layihələrin təqdimatı, yeni əlaqələrin yaranması, istedad axtarışının genişlənməsi, yeni adların kəşf edilməsi və beləliklə, daxili inkişafın təşviq edilməsidir.
Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçirilir, iştirakçılar layihələrini Münsiflər heyətinin önündə müdafiə edirlər. Pitçinq internet vasitəsilə canlı yayımlanır.
Pitçinq seçimi üçün tələblər:
Layihənin bədii-kinematoqrafik dəyəri;
İstehsalçının portfoliosu;
Layihəyə aid təsvirlər (tizer, mudbord və s.);
Yaradıcı heyət və texniki imkanlar haqqında məruzə;
Beynəlxalq kino bazarı və festivallarda iştirak, filmin distribusiyası haqqında planlar üzrə məruzə.
Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən edilir və müvafiq protokolla sənədləşdirilir.
Münsiflər heyətinin qəbul etdiyi qərar Nazirlik tərəfindən təsdiqlənir.
Münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır.
Pitçinqin 14-18 mart 2022-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. Pitçinqin tarixi iştirakçılara elektron poçt vasitəsilə bildirilir.
Qaliblərin adları 2022-ci il martın 31-dək Nazirliyin rəsmin informasiya ehtiyatında (www.culture.gov.az) və “Mədəniyyət” qəzetində elan olunur.
4-cü mərhələ - Qalib film layihələrinin maliyyələşdirilməsi, filmlərin istehsalı və təhvil verilməsi
Qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə dəstəyi əsasında istehsal olunur.
Texniki imkanları nisbətən məhdud olan film istehsalçıları üçün çəkiliş avadanlığının və cihazlarının icarəsi və həmçinin onlarla təminatı işlərində “Azərbaycanfilm” kinostudiyasının avadanlıqları bazar qiymətləri və əlçatanlıq prinsipi ilə təklif olunur.
Çəkilişlərə müvafiq icazələrin alınması prosesinin asanlaşdırılması məqsədilə ölkə ərazisində çəkilişlərin aparılmasına kömək üçün “Filming Azerbaijan” tərəfindən müvafiq sənədləşmə əsasında lisenziyalar verilir, inzibati hazırlıq və dəstək xidmətləri göstərilir.
Layihələrin büdcəsi və ya təxmini smeta dəyəri Müsabiqə Komissiyası tərəfindən yoxlanılır. Şərtlərə uyğun gəlməyən büdcələrdə dəyişiklik edilir.
Müsabiqədə qalib gələn layihələrin müəllifləri ilə müqavilələr bağlanılır və müqavilədə hüquq və öhdəliklər əks olunur.
Müsabiqəyə qəbul şərtləri
Müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil prodüser mərkəzləri və studiyalar iştirak edə bilər. Dövlət studiyaları müsabiqədə iştirak edə bilməz.
Müsabiqədə iştirak edən müstəqil prodüser mərkəzləri (yalnız hüquqi şəxs statusunda) - “müraciət edən”, ssenarist, rejissor və prodüserlər isə - “müəllif” hesab olunur. Müstəqil fəaliyyət göstərən müəlliflər - ssenarist, rejissor və prodüserlər fiziki şəxs qismində müsabiqədə iştirak edə bilməzlər. Müstəqil fəaliyyət göstərən müəlliflər müsabiqədə iştirak etmək üçün layihələrini prodüser mərkəzləri, film istehsalı studiyaları və audiovizual məhsul istehsal edən digər qurumlar vasitəsilə təqdim etməlidirlər.
Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqəyə təqdim edilmiş layihədə müəllif ola bilər.
Müraciət edən qurumlar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatda olmalıdır.
Müraciət edənlər audiovizual məhsul istehsalı ilə məşğul olmalıdır. Kənar fəaliyyət sahələrindən olan müraciətlər qəbul edilmir.
Müraciətlər xarici film istehsalı şirkətləri və fondları, həmçinin yerli maliyyə mənbələri ilə müştərək şəkildə təqdim edilə bilər. Bu halda müştərəklik müqaviləsi və layihənin maliyyələşməsi sənədləri təqdim edilməlidir. Müştərəklik, əməkdaşlıq və ya maliyyə mənbəyi müqavilələrində tərəf kimi “müraciət edən” iştirak etməlidir.
Müsabiqədə qalib gəlmiş layihələrin müəlliflərinin dəyişdirilməsi yalnız Müsabiqə Komissiyası ilə razılaşdırıldıqdan sonra edilə bilər.
Bir “müraciət edən” müstəqil prodüser mərkəzi və ya studiya ən çox üç layihə ilə müsabiqəyə qoşula bilər.
Müsabiqəyə göndərilən layihələrin janrına məhdudiyyət qoyulmur.
Təqdim edilməli olan sənədlər paketinə aşağıdakılar daxildir:
filmin müraciət forması (müraciət formasının bütün bəndləri dəqiq doldurulmalıdır, əks halda bu, müraciət edənin müsabiqədə iştirakına əngəl ola bilər);
filmin layihəsi - loqlayn, sinopsis, tritment (əgər varsa), ssenari (əgər varsa) – ssenari beynəlxalq yazılış formatına uyğun olmalıdır: font (şrift): Courier (Courier new) / Şriftin ölçüsü: 12;
rejissor şərhi (1 səhifəyə qədər);
prodüserin şərhi (1 səhifəyə qədər);
müəlliflərin şəxsiyyət vəsiqələrinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;
layihənin təxmini smeta dəyəri
filmin istehsal təqvimi - quruluş planı;
müştərəklik müqaviləsi və layihənin qarşı tərəfdən də maliyyələşdirilməsini əks etdirən sənədlər (müştərək layihə olduğu halda);
sponsorluq müqaviləsi (müştərək film kimi yerli və beynəlxalq sponsorlar tərəfindən də maliyyələşdiyi halda);
Müraciət edənin qeydiyyat sənədləri (Nizamnamə, Reyesterdən çıxarış, Vergi ödəyicisinin şəhadətnaməsi, vergi borcunun olmaması haqqında arayış, fəaliyyət kodu ilə bağlı arayış, bank dövriyyəsi, mənfəət vergisi bəyannaməsi - “Müraciət edən” vergi qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərməlidir).
müəlliflərin CV-ləri (ssenarist, rejissor və prodüser);
Bütün sənədlər PDF formatında olmalıdır.
Müsabiqəyə təqdim olunan sənədlər 1 dekabr 2021 – 17 yanvar 2022-ci il tarixində
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
poçt ünvanlarına elektron qaydada göndərilməlidir.
Müsabiqəyə son müraciət tarixi Bakı vaxtı ilə 2022-ci il 17 yanvar saat 00:00-da bitir. Bu tarixdən gec göndərilmiş müraciətlər etibarsız hesab edilir.
Elektron poçt vasitəsilə müraciətlər yalnız “Müsabiqə” başlığı altında göndərilməlidir.
Müsabiqənin sənəd qəbulu qaydasının hər hansı bir bəndinə uyğun olmayan müraciət barədə müraciət edən tərəf e-mail vasitəsi ilə məlumatlandırılır. Bundan sonra sənədlər müraciət edən tərəfindən qaydalara uğun şəkildə yenidən göndərilmədikdə həmin müraciət edən müsabiqədə iştirak hüququnu itirmiş hesab olunur və bu hallarla bağlı heç bir apellyasiya müraciətinə baxılmır.
Müsabiqə ilə bağlı təşkilati işlər Nazirliyin Audiovizual və interaktiv media şöbəsi tərəfindən həyata keçirilir.
Müraciət formasını yükləmək üçün link: https://bit.ly/3cYmq0m
Əlavə məlumat üçün:
Telefon: (012) 404 04 85;
Həftənin iş günləri saat 10:00-17:00-dək;
E-poçt:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:
1. Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2021-ci il
Azərbaycanlı şair Ümid Nəccari beynəlxalq mükafata layiq görülüb
Azərbaycanlı şair və tərcüməçi Ümid Nəccari “2021-ci ilin Beynəlxalq “Bogdani” mükafatı” diplomuna layiq görülüb.
Kosovanın “Pyeter Bogdani” Beynəlxalq Yazıçılar Assosiasiyası hər il noyabrın 27-də diplomlarını Brüssel və Priştina şəhərlərində təqdim edir.
Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir. İndiyə qədər ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Monteneqro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında şeir və yazıları tərcümə olunaraq işıqlandırılıb.
Barbados adası.
Bu gündən etibarən başında Böyük Britaniyanın kraliçası II Yelizaveta dayanan Karib dənizindəki Barbados ada-dövləti respublika üsul-idarəsinə keçir və kraliçaya əlvida deyir.
Hülya Afşar səhnəyə döndü
Ötən həftə Türkiyədə ən çox oxunan şou-biznes xəbərini diqqətinizə çatdırırıq. Türkiyə mediası Hülya Afşar sevənlərə xoş xəbər çatdırdı. İddialı pozları ilə gənc qızlara meydan oxuyan 58 yaşındaki Hülya Avşar 3 il aradan sonra səhnələrə döndü. Bir kazinoda səhnə alan Avşar həm mahnıları ilə ürəkləri riqqətə gətirdi, həm də dekoltesiylə göz qamaşdırdı.
IQ göstəricisi 260 olan dünyanın ən ağıllı insanının faciəli sonluğu
Valideynlər uşaqlarına uşaqlıqdan biliyə sevgi aşılamağa çalışırlar. Onlar hesab edirlər ki, uşaqlar nə qədər çox bilik əldə etsələr, onlara məqsədlərinə nail olmaq o qədər asan olacaq. Yüksək intellektli insanların karyera pillələri üzrə qalxmağı daha asandır, onlar iş yerlərində rəhbərlik arasında populyardırlar, ümumən, tanınma və müvəffəqiyyət insanı xoşbəxt edir. Lakin intellektin yüksək əmsalı təəssüf ki, həmişə öz sahibinə rifah bəxş etmir. Bu, həmişə xoşbəxtlik və böyük nailiyyətlərin açarı deyil, bəzən hətta əksinə, insanı bədbəxtliyə sürükləyir. Parlaq nümunə Uilyam Saydiş adlı oğlandır.
“Ədəbiyyat və incəsənət” portalı “Mediasol”a istinadən bu şəxsin taleyi barədə sizlərə danışmaq istəyir.
Uilyam 1898-ci ildə Amerikada, yəhudi miqrantlarının ailəsində anadan olub. Onun valideynləri Boris və Sara yüksək tibbi təhsilə malik idilər. Valideyinlər hesab edirdilər ki, əsl dahini böyüdə biləcəklər, buna görə körpənin tərbiyəsini xüsusi metodika üzrə aparırdılar. Artıq 2,5 yaşında uşaq həmyaşıdları arasında fərqlənməyə başlamışdı, o, yazıb-oxumağı öyrənmişdi, hətta son xəbərləri qəzetdən rahatca oxuya bilirdi. Uşağın şöhrəti aləmə yayılmışdı. 8 yaşında o, 4 şəxsi kitabın müəllifi idi və onun IQ göstəricisini mütəxəssislər 260 balla qiymətləndirdilər ki, bu da onu yalnız yaşadığı dövrdə deyil, bütün tarix boyu mütləq rekordçu etmişdi. Müqayisə üçün deyək ki, Albert Eynşteyndə bu göstərici 160 baldan çox olmayıb. Hazırda dünyada ən yüksək IQ göstəricisinə malik şəxsin - Ginnesin rekordlar kitabına düşmüş Amerika yazıçısı və dramaturqu, xanım Merilin Savantın göstəricisi isə 230-a bərabərdir.
IQ – 260! Çox az adamın haqqında eşitdiyi, Yer kürəsinin ən ağıllı bir adamı və onun faciəli taleyi. Təzaddır başdan ayağa.
Ümumilikdə, Uilyam 20-dən çox dil bilirdi və hətta özü yeni bir dil yaratmışdı. 7 yaşında valideynləri onu Harvard Universitetində oxutmağa çalışdılar, lakin çox balaca olduğu üçün Uilyamsa gözləmək təvəqqe olundu, yalnız 11 yaşında o, Harvard tələbəsi ola bildi. Harvardda onun riyaziyyat sahəsindəki bilikləri bütün müəllimləri dərhal təəccübləndirdi və hətta onu universitetdəki riyaziyyat klubunda mühazirələr oxumağa dəvət etdilər. O, unikal bir alim karyerasına doğru irəliləmək amacında idi, amma müvəffəqiyyət zirvələri onun üçün deyilmiş. Məsələ ondadır ki, Uilyamsın sosial həyatı başqalarının və cəmiyyətin normalarına uyğun gəlmirdi. Onunla birlikdə oxuyan tələbələr onlara daim nümunə kimi göstərilən “bu uşağa” qarşı yalnız mənfi hisslər keçirirdilər, bəzən hətta onu hədələyirdilər. Qonşu uşaqlar da bu vunderkini görmək istəmir, onun ağıllı mülahizələrindən qıcıq keçirirdilər. Hər şeyin düz, ədalətli olmasına can atan Uilyamsı əyriliyə alışmış ətraf qəbul edə bilmirdi.
Universiteti dəyişmək, başqa şəhərə köçmək bu problemləri həll etmədi – yenə bir müddətdən sonra Uilyam təqiblərə məruz qaldı. Ümumiyyətlə, gəncin həyatı heç şirin deyildi: həmyaşıdları onun qeyri-adiliyini lağa qoyurdular, jurnalistlər isə hər addımda təqib edirdilər. Paparatsi təqibləri Uilyamsı əsilcə bezdirməkdəydi. Üstəlik, bəzən tay-tuşlarından kötək də alırdı.
Həddən artıq ağıllı olmaq onun əks cinsin nümayəndələri ilə münasibət qurmasına da əngəl törədirdi. O, qadınlarla bütün münasibətlərdən imtina etmişdi və özünə qapanaraq həyatını intellektual inkişafına həsr edəcək bir robota çevrilməkdəydi.
1919-cu ildə Uilyamın həyatında ağlına sığışdırmayacağı bir hadisə baş verdi. O, tələbələrin Boston nümayişinə qoşuldu, nümayişdə iştirak etdiyinə görə həbs edildi. Valideynlər ona cəza verilməsinin qarşısını almaq üçün hər cür səy göstərdilər. Onlar tanışlıq və pul vasitəsi ilə ona xəstəlik kağızı düzəltdilər, onun sanatoriyaya göndərilməsinə, məcburi klinik müayinə və müalicələrə cəlb olunmasına səbəb oldular. Həbsxanada və qapalı müalicəxanada keçən günlər, oradakı dəhşətlər Uilyamsın ruhunu xeyli qırmış, onu xeyli sarsıtmış oldu.
Bu ağır mərhələdən sonra gənc dahi heç nəyə baxmadan elmi axtarışlar, kəşflər naminə yenidən özünü riyaziyyata həsr edəcəyinə qərar verdi, amma ağsaqqal, əsa ilə gəzən, gözülupalı babalar – elmi elita onu intriqalara cəlb etməklə təbdən çıxarmaqda, ruhdan salmaqda idi. O, nəyə əl atırdısa min dənə qəmbərqulu çıxarırdılar. Həmkarlarının bu cür yaramazlıqları da bir yandan Uilyama əzab verirdi.
Nəhayət, dahi kölgəyə çəkilməyə qərar verdi. O, fenomenal qabiliyyətlərini bir kənara qoyub növbəti dəfə yaşayış yerini dəyişərək sadə mühasib kimi işləməyə başladı, orada da rahatlıq tapa bilmədi, şarlatan və ikiüzlü cəmiyyət ona dəyişmək, çirkaba, riyaya bulaşmaq mesajı verdi. Bir neçə iş yerini dəyişməli olan Uilyam ailə belə qurmadan, dərddən xəstəlik tapmış ata-anasına qulluq etməklə, nimdaş geyim-kecimdə yoxsul bir həyat yaşadı. 1944-cü ildə də beyninə qan sızmasından vəfat etdi.
Cəmiyyət özündən olmayan birisini beləcə qəbul etməyərək məhvə sürüklədi.
Bu əhvalat çox ibrətamizdir. Onu bilməyinizə dəyərdi, əziz oxucularımız.
Bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş silsilə konsertlər təqdim olunacaq
Dekabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Azərbaycan Respublikasının Xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində konsertlər keçiriləcək.
Konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu və Azərbaycan Dövlət Simli Kvarteti çıxış edəcək.
Dekabrın 8-də bəstəkarın fortepiano və tar üçün yazılmış əsərlərindən ibarət konserti keçiriləcək. Konsertdə Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı Sahib Paşazadənin solo ifası və Sevinc Kərimovanın müşayiəti ilə bəstəkarın əsərləri təqdim olunacaq.
Qadınların oynadıqları film və serialların göstərilməsi qadağan edildi
Əfqan telekanallarına qadınların oynadığı film və serialların göstərilməsi qadağan edildi, bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. Efirdən, həmçinin, şəriət əleyhinə olan, dindarların hisslərini təhqir edən, "yad mədəni dəyərləri" təbliğ edən filmlər və əyləncəli proqramlar da çıxarılacaq.
Sentyabrın ortalarında "Taliban" hərəkatı tərəfindən Qadınların işi üzrə nazirliyin yerinə yaradılmış Nöqsanların qarşısının alınması və ləyaqətin təbliği üzrə nazirliyin son Sərəncamı bu məhdudiyyətlərlə bağlıdır. Ötən həftə ehtimal kimi ortaya atılmış bu aksiya bu dəfə sərəncamla tənzimləndi. Qadın jurnalistlərə və qadın diktorlara ekranda yalnız başı örtülü olmaq da tapşırılıb.
Şərhçilər qeyd edirlər ki, ilk dəfə olaraq ləyaqətin təbliği və qüsurların qarşısının alınması ilə məşğul olan nazirlik KİV-in işinə müdaxilə edir.
Çərşənbə axşamı əfqanıstanlı jurnalistlərin və QHT-lərin Human Rights Watch təsisatı tərəfindən dəstəklənən bəyanatlarında bildirilir ki, yeni hakimiyyətin qadınlara qarşı davamlı təhdid və təzyiqlərlə yanaşı, Əfqanıstanda baş verənləri tənqid edən və ya sərbəst şəkildə ifadə edən hər kəsi "susdurmaq" üçün yeni cəhdi də göz qabağındadır.