IQ göstəricisi 260 olan dünyanın ən ağıllı insanının faciəli sonluğu Featured

 

Valideynlər uşaqlarına uşaqlıqdan biliyə sevgi aşılamağa çalışırlar. Onlar hesab edirlər ki, uşaqlar nə qədər çox bilik əldə etsələr, onlara məqsədlərinə nail olmaq o qədər asan olacaq. Yüksək intellektli insanların karyera pillələri üzrə qalxmağı daha asandır, onlar iş yerlərində rəhbərlik arasında populyardırlar, ümumən, tanınma və müvəffəqiyyət insanı xoşbəxt edir. Lakin intellektin yüksək əmsalı təəssüf ki, həmişə öz sahibinə rifah bəxş etmir. Bu, həmişə  xoşbəxtlik və böyük nailiyyətlərin açarı deyil, bəzən hətta əksinə, insanı bədbəxtliyə sürükləyir. Parlaq nümunə Uilyam Saydiş adlı oğlandır.

 

“Ədəbiyyat və incəsənət” portalı “Mediasol”a istinadən bu şəxsin taleyi barədə sizlərə danışmaq istəyir.

 

Uilyam 1898-ci ildə Amerikada, yəhudi miqrantlarının ailəsində anadan olub. Onun valideynləri Boris və Sara yüksək tibbi təhsilə malik idilər. Valideyinlər  hesab edirdilər ki, əsl dahini böyüdə biləcəklər, buna görə körpənin tərbiyəsini xüsusi metodika üzrə aparırdılar. Artıq 2,5 yaşında uşaq həmyaşıdları arasında fərqlənməyə başlamışdı, o, yazıb-oxumağı öyrənmişdi, hətta son xəbərləri qəzetdən rahatca oxuya bilirdi. Uşağın şöhrəti aləmə yayılmışdı. 8 yaşında o, 4 şəxsi kitabın müəllifi idi və onun IQ göstəricisini mütəxəssislər 260 balla qiymətləndirdilər ki, bu da onu yalnız yaşadığı dövrdə deyil, bütün tarix boyu mütləq rekordçu etmişdi. Müqayisə üçün deyək ki, Albert Eynşteyndə bu göstərici 160 baldan çox olmayıb. Hazırda dünyada ən yüksək IQ göstəricisinə malik şəxsin -  Ginnesin rekordlar kitabına düşmüş Amerika yazıçısı və dramaturqu, xanım Merilin Savantın göstəricisi isə 230-a bərabərdir.

 

IQ – 260!  Çox az adamın haqqında eşitdiyi, Yer kürəsinin ən ağıllı bir adamı və onun faciəli taleyi. Təzaddır başdan ayağa.

 

Ümumilikdə, Uilyam 20-dən çox dil bilirdi və hətta özü yeni bir dil yaratmışdı. 7 yaşında valideynləri onu Harvard Universitetində oxutmağa çalışdılar, lakin çox balaca olduğu üçün Uilyamsa gözləmək təvəqqe olundu, yalnız 11 yaşında o, Harvard tələbəsi ola bildi. Harvardda onun riyaziyyat sahəsindəki bilikləri bütün müəllimləri dərhal təəccübləndirdi və hətta onu universitetdəki riyaziyyat klubunda mühazirələr oxumağa dəvət etdilər. O, unikal bir alim karyerasına doğru irəliləmək amacında idi, amma müvəffəqiyyət zirvələri onun üçün deyilmiş. Məsələ ondadır ki, Uilyamsın sosial həyatı başqalarının və cəmiyyətin normalarına uyğun gəlmirdi. Onunla birlikdə oxuyan tələbələr onlara daim nümunə kimi göstərilən “bu uşağa” qarşı yalnız mənfi hisslər keçirirdilər, bəzən hətta onu  hədələyirdilər. Qonşu uşaqlar da bu vunderkini görmək istəmir, onun ağıllı mülahizələrindən qıcıq keçirirdilər. Hər şeyin düz, ədalətli olmasına can atan Uilyamsı əyriliyə alışmış ətraf qəbul edə bilmirdi.

 

Universiteti dəyişmək, başqa şəhərə köçmək bu problemləri həll etmədi – yenə bir müddətdən sonra Uilyam təqiblərə məruz qaldı. Ümumiyyətlə, gəncin həyatı heç şirin deyildi: həmyaşıdları onun qeyri-adiliyini lağa qoyurdular, jurnalistlər isə hər addımda təqib edirdilər. Paparatsi təqibləri Uilyamsı əsilcə bezdirməkdəydi. Üstəlik, bəzən tay-tuşlarından kötək də alırdı.

 

Həddən artıq ağıllı olmaq onun əks cinsin nümayəndələri ilə münasibət qurmasına da əngəl törədirdi. O, qadınlarla bütün münasibətlərdən imtina etmişdi və özünə qapanaraq həyatını intellektual inkişafına həsr edəcək bir robota çevrilməkdəydi.

 

1919-cu ildə Uilyamın həyatında ağlına sığışdırmayacağı bir hadisə baş verdi. O, tələbələrin Boston nümayişinə qoşuldu, nümayişdə iştirak etdiyinə görə həbs edildi. Valideynlər ona cəza verilməsinin qarşısını almaq üçün hər cür səy göstərdilər. Onlar tanışlıq və pul vasitəsi ilə ona xəstəlik kağızı düzəltdilər, onun sanatoriyaya göndərilməsinə, məcburi klinik müayinə və müalicələrə cəlb olunmasına səbəb oldular. Həbsxanada və qapalı müalicəxanada keçən günlər, oradakı dəhşətlər Uilyamsın ruhunu xeyli qırmış, onu xeyli sarsıtmış oldu.

 

Bu ağır mərhələdən sonra gənc dahi heç nəyə baxmadan elmi axtarışlar, kəşflər naminə yenidən özünü riyaziyyata həsr edəcəyinə qərar verdi, amma ağsaqqal, əsa ilə gəzən, gözülupalı babalar – elmi elita onu intriqalara cəlb etməklə təbdən çıxarmaqda, ruhdan salmaqda idi. O, nəyə əl atırdısa min dənə qəmbərqulu çıxarırdılar. Həmkarlarının bu cür yaramazlıqları da bir yandan Uilyama əzab verirdi.

 

Nəhayət, dahi kölgəyə çəkilməyə qərar verdi. O, fenomenal qabiliyyətlərini bir kənara qoyub növbəti dəfə yaşayış yerini dəyişərək sadə mühasib kimi işləməyə başladı, orada da rahatlıq tapa bilmədi, şarlatan və ikiüzlü cəmiyyət ona dəyişmək, çirkaba, riyaya bulaşmaq mesajı verdi. Bir neçə iş yerini dəyişməli olan Uilyam ailə belə qurmadan, dərddən xəstəlik tapmış ata-anasına qulluq etməklə, nimdaş geyim-kecimdə yoxsul bir həyat yaşadı. 1944-cü ildə də beyninə qan sızmasından vəfat etdi.

 

Cəmiyyət özündən olmayan birisini beləcə qəbul etməyərək məhvə sürüklədi.

 

Bu əhvalat çox ibrətamizdir. Onu bilməyinizə dəyərdi, əziz oxucularımız.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.