Super User

Super User


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin teatr forumunda iştirak edib.
Sənət ocağının beynəlxalq tədbirdə iştirakı Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edib, master- klasslar və sərgi təşkil olunub.
Beynəlxalq forumda Akademik Milli Dram Teatrının “Manqurt” və “Bir, iki, bizimki...” tamaşaları böyük uğurla nümayiş olunub və alqışlarla qarşılanıb.
Qeyd edək ki, forumda iştirak üçün Azərbaycandan tamaşa seçimi iki il əvvəl beynəlxalq ekspert heyəti tərəfindən müəyyənləşdirilib. Belə ki, festival çərçivəsində gənc rejissorların quruluş verdiyi səhnə əsərləri arasında seçim edən ekspertlərin qərarı ilə Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində təqdim olunan “Manqurt” və “Bir, iki, bizimki...” tamaşalarının iştirakı müəyyənləşib.
Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər.
“Bir, iki, bizimki...” tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.


Kinematoqrafiya haqqında dünyanın  ən böyük məlumat bazası olan IMDb, 2021-ci ildə ən məşhur aktyor və aktrisaların siyahısını dərc edib.
“Ədəbiyyat və incəsənət”  portalı TASS agentliyinə istinadən məlumat verir ki, reytinq portalda artistlərin profillərinin görüntülərinin sayı əsasında tərtib edilib.
IMDb reytinqinə ilin əvvəlində "Vandavijen" serialında çıxışı ilə diqqət çəkən Elizabet Olsen başçılıq  edir. İkinci yerdə "Bricertons" serialının ulduzu gəlir - Rege-Jan Peyc. Florens Pyu liderlərin üçlüyünü tamamlayır, hansı ki, 2021-ci ildə Marvelin "Qara Dul" filmi ilə məşhurlaşıb. Aktrisa filmdə Elena Belova  rolunu ifa edib.
Dördüncü sətri Kuba aktrisası Ana de Armas ("Ölmək zamanı deyil" filmi) tutur. Beşinci sırada “ Bir qulluqçu hekayəsi" serialında əsas rollardan birinin ifaçısı Yvonne Sığortski qərarlaşıb. Sonrakı yerlərdə aktrisa Anya Taylor-Joy ("Kraliçanın gedişi" filmi) və Aleksandr Daddario ("Niyə qadınlar öldürülür" filmi) dayanır. Sırada 8-ci Jodi Komer ("Həvvanı öldürərək"
filmi), 9-cu britaniyalı aktyor Ben Barns ("Kölgə və sümük" filmi) yer tutur.
 10-luğu Lily James ("Rebecca" filmi) tamamlayır.

Cümə, 03 Dekabr 2021 07:27

Nyu-York.

BMT-yə humanitar yardım üçün 41 milyard dollar lazımdır. Dünyada pandemiya davam edir, konfliktlər bitmir, iqlim dəyişir, daha çox insanın köməyə ehtiyacı var. Bu barədə BMT rəsmisi Martin Qriffits məlumat verib.

Böyük Vətən müharibəsindən üzü bəri Rusiyada ölüm antirekordu yenilənib. Moskva yaxınlığında yeni salınmış Sokol qəbiristanlığında yeni qəbirlər bu antirekorda dəlalət edir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “Vedomosti" qəzetinə istinadən məlumat verir.
2020-ci ilin dekabr ayından 2021-ci ilin noyabr ayına qədər ölkədə 2,4 milyondan çox adam ölüb. Bu, 1945-ci ildən bəri ən pis göstəricidir.
Bununla yanaşı, qəzetin məlumatına görə, Miqrasiya nəzərə alınmadan əhalinin təbii azalması son bir il ərzində 990.000 nəfər həddini aşıb.
Müharibədən sonrakı dövrdə rekord ölüm halını ekspertlər, təbii ki, ilk növbədə, koronavirus ilə əlaqələndirirlər.
Rosstat tərəfindən nəşr olunan Səhiyyə Nazirliyinin məlumatına görə, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına qədər COVİD-19 diaqnozu ilə 400 mindən çox adam ölüb və bu, ümumi ölüm hallarının  üçdə iki hissəsidir.
Bununla yanaşı, bir sıra müşahidəçilər qeyd edirlər ki, ölümlərin böyük hissəsi virusun özünün yox, xəstəlikdən sonra kəskinləşən xroniki xəstəliklərin payına düşüb.

Ötən ilin oktyabrında Prezident İlham Əliyevin təsis etdiyi monitorinq qruplarında Mədəniyyət Nazirliyinin əməkdaşları da təmsil olunurlar. Monitorinqlər nəticəsində işğaldan azad edilən ərazilərdə tarix mədəniyyət abidələrimiz, eləcə də mədəniyyət müəssisələrimiz aşkar edilir.
Bu sözləri mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təxminən 400-ə yaxın mədəniyyət abidəsi, 160-a yaxın yeni tarixi mədəniyyət abidəsi aşkar edilib. Eyni zamanda, 800-dən çox mədəniyyət müəssisəsinin yerləri müəyyənləşdirilib: “Təəssüflər olsun ki, tarix-mədəniyyət abidələri və müəssisələrinin 90-95 faizinin vəziyyəti acınacaqlıdır, demək olar ki, tamamilə dağıdılıb. Bu da bizim üzərimizə böyük öhdəlik qoyur ki, bunların hamısını yenidən bərpa edək. Monitorinqin nəticələrinin təhlili bitəndən sonra beynəlxalq təşkilatlara müraciət edəcəyik. Məqsədimiz Ermənistanın bu vəhşiliklərə və qəsdən Azərbaycanın mədəni-tarixi abidələrini dağıtmasına görə məsuliyyətə cəlb edilməsinə nail olmaqdır”.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin teatr forumunda iştirak edib.
Teatrın mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, sənət ocağının beynəlxalq tədbirdə iştirakı Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilib.
Forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edib, master- klasslar və sərgi təşkil olunub.
Beynəlxalq forumda Akademik Milli Dram Teatrının “Manqurt” və “Bir, iki, bizimki...” tamaşaları böyük uğurla nümayiş olunub və alqışlarla qarşılanıb.
Qeyd edək ki, forumda iştirak üçün Azərbaycandan tamaşa seçimi iki il əvvəl beynəlxalq ekspert heyəti tərəfindən müəyyənləşdirilib. Belə ki, festival çərçivəsində gənc rejissorların quruluş verdiyi səhnə əsərləri arasında seçim edən ekspertlərin qərarı ilə Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində təqdim olunan “Manqurt” və “Bir, iki, bizimki...” tamaşalarının iştirakı müəyyənləşib.
Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər.
“Bir, iki, bizimki...” tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Dekabrın 2-də Beynəlxalq Əlillər Günü ərəfəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “İnklüziv teatr” beynəlxalq layihəsinin iştirakçıları yaradıcılıq hesabatı ilə geniş auditoriya qarşısında çıxış ediblər.
Teatrdan AzərTAC-a bildirilib ki, onlar hazırladıqları “Çamadan əhvalı” tamaşasını nümayiş etdiriblər.
Xatırladaq ki, Akademik Musiqili Teatrının "İnklüziv teatr layihəsi" BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı – UNESCO tərəfindən "Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı" çərçivəsində qəbul edilib.
Beynəlxalq layihənin rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Layihənin əsas məqsədi ölkədə eşitmə və nitq qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud uşaqları, eləcə də yeniyetmə və gəncləri bədii yaradıcılığa cəlb etməkdən, bu insanların sosiallaşmalarına, cəmiyyətə inteqrasiya olmalarına kömək etməkdən ibarətdir.
İndiyə qədər layihə iştirakçıları teatrın “Yaradıcılıq studiyası”nın tərkibində fəaliyyət göstərən “Jest” inklüziv teatr studiyasında məşqlər edirlər və bunun üçün teatrda onlara tam şərait yaradılıb.
Studiyanın üzvləri burada aktyor sənəti, rəqs, bədən dili, illüziya sənəti, klounada və sair istiqamətlərdə məşğələlər keçirlər. Bu işdə onlara respublikanın aparıcı incəsənət ustaları kömək edirlər. Studiya üzvləri ilə tanınmış aktyor, Respublikanın Xalq artisti Pərviz Məmmədrzayev, baletmeyster Respublikanın Əməkdar artisti Emin Əliyev, tanınmış illüziya ustası, beynəlxalq festivallar laureatı Tofiq İsgəndərli məşğul olur.
Layihənin prodüseri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov studiya üzvlərinə teatr və sirk sənəti barədə ətraflı nəzəri məlumatlar verir.
Studiya üzvlərinin seçilməsində, onlarla ünsiyyət qurulmasında teatrın tərəfdaşı kimi çıxış edən "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova və Musiqili Teatrın könüllülər dəstəsinin üzvləri hər gün məşqlərdə iştirak edərək surdotərcüməçi kimi pedaqoqlara köməklik göstərir.
“İnklüziv teatr”ın gənc üzvləri öz tamaşalarını eşitmə əngəlli insanlara həsr edir, onların da həyata inamla baxmalarını, cəmiyyətə qaynayıb-qarışmaq üçün çalışmalarını arzulayırlar.
Onların ən böyük arzusu isə, gələcəkdə ölkəmizdə eşitmə əngəlli insanların peşəkar “Mimika və jest” teatrının yaradılmasıdır.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 1-də Avropa Şurasının (AŞ) Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes ilə görüşüb.
Səfiri salamlayan nazir Azərbaycanla Avropa Şurası arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.
AŞ ilə ölkəmiz arasında birgə fəaliyyətin əhəmiyyətini qeyd edən Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qarşılıqlı uğurlu əməkdaşlığı bir daha vurğulayıb.
Daha sonra Anar Kərimov ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kompaniyası haqqında söz açıb. Bildirib ki, bu kompaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Nazir bu qlobal layihədə Avropa Şurasını da tərəfdaş təşkilat kimi görmək istədiyini dilə gətirib.
Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Fransaya səfəri davam edir. Nümayəndə heyəti “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclasında iştirak edib.
Mədəniyyət Nazirliyi məlumat veriri ki, iclasda  Büro üzvləri seçilib, Katibliyin fəaliyyəti üzrə hesabatı müzakirə edilib, bərabər təmsilçilik, prosedur qaydalarına düzəlişlər və Komitə üzvlərinin seçilməsi kimi məsələlər müzakirəyə çıxarılıb.
O cümlədən, Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə İkinci Protokolun Komitəsinin hesabatı dinlənilib. Hesabatın təqdimatından sonra üzv dövlətlərin nümayəndələri Komitənin işinə və bilavasitə hesabatın məzmununa münasibətdə öz fikirlərini bildiriblər. Azərbaycan nümayəndə heyəti adından çıxış edən Dövlət Xidmətinin rəisi Azad Cəfərli Komitənin ikiillik fəaliyyətinin məhsuldarlığını vurğulayıb, Komitə sədri xanım Najat Rhandinin xidmətlərini müsbət qiymətləndirib. Hesabatda istinad olunan UNESCO-nun Texniki Missiyası ilə bağlı əldə olunmuş irəliləyişlərdən bəhs edib. Mədəni irsin qorunmasının Azərbaycan dövlətinin gündəliyinin əsas bəndlərindən biri olduğunu, sülhə, əmin-amanlığa, rifaha və davamlı inkişafa zəmin hazırladığını vurğulayıb. O, “Mədəniyyət naminə sülh” kampaniyasına başlanıldığını, UNESCO Katibliyi ilə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Texniki Missiyanın səfəri ilə bağlı müzakirələrin uğurla irəlilədiyini, belə bir Missiyanın son 30 il ərzində işğal faktına görə bloklandığını və 1 il öncə ölkəmizin suveren ərazilərinin işğaldan azad edilməsi münbit şərait yaratdığını diqqətə çatdırıb.
Bildirib ki, ötən il 10 noyabr tarixində imzalanmış üçtərəfli razılaşma 30 illik münaqişəyə son qoyub. Hazırkı post-münaqişə dövrü uzunsürən hüquqi və faktiki boşluqların aradan qaldırılması üçün ən münasib bir zamandır. Azərbaycan işğal zamanı tamamilə dağıdılmış və viran qoyulmuş ərazilərinə mədəniyyəti və inkişafı qaytarmaq, sülhü daha da möhkəmləndirmək əzmindədir. UNESCO Katibliyi ilə müzakirələrdəki əhəmiyyətli irəliləyiş ikitərəfli formatdan istifadə edilməsi, konstruktivliyin saxlanılması və siyasiləşdirməyə yol vermədən mədəni irsin qorunması marağından çıxış edilməsi ilə şərtlənir.
Qeyd edib ki, Azərbaycan Texniki Missiyanın ən qısa zamanda baş tutmasında maraqlıdır və bu ilin avqustunda təqdim etdiyi təkliflərə UNESCO Katibliyinin dəyərli fikirlərini bildirməsini gözləyir. Ölkəmizlə UNESCO Katibliyi arasındaki bu prosesin bundan sonra da ikitərəfli formatda davam etdirilməsi, siyasiləşdirmədən kənar tutulması və uğurla başa çatdırılması üzrə ehtiyac duyulan müvafiq addımlar atılacaqdır.
Daha sonra iclasda Ermənistan tərəfi söz götürərək saxta məlumatlar səsləndirib, Şuşada Azərbaycan tərəfinin kilsə və digər abidələri bombaladığını, dağıntılar törətdiyini, UNESCO Katibliyinin isə Missiyanın göndərilməsi barədə məlumat təqdim etməsini sorğu etmişdir.
Ermənistan nümayəndəsinə cavab olaraq Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev 30 illik işğal dövründə bu Missiyanın Ermənistan tərəfindən qarşısının alındığını bildirib. Səfərlə əlaqədar təhlükəsizlik məsələlərinin aktuallığını diqqətə çatdıraraq, bunun səbəbinin işğal dövründə yüz minlərlə qadağan edilmiş minaların ərazilərimizdə yerləşdirilməsi olduğunu vurğulayıb.
Azərbaycan nümayəndəsi aparılan konstruktiv dialoqa kölgə salmamağa və onu siyasiləşdirməməyə çağırıb.
Növbəti bənd üzrə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının İkinci Protokolu üzrə Komitənin üzvlüyünə seçkilər keçirilib. Seçkilər nəticəsində ölkəmiz növbəti dörd illik müddətə Komitənin üzvü seçilib. Azərbaycanla yanaşı Salvador, Qətər, Ukrayna, Yaponiya və Finlandiya da növbəti dörd il ərzində Komitə üzvü olmağa layiq görülüb.
Ölkəmizin Zəfər qazandığı və Böyük qayıdışı günbəgün reallaşdığı bir dövrdə Ermənistanın və onlara dəstək verən qərəzli tərəflərin ölkəmizə qarşı “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasından və İkinci Protokolundan istifadə etməklə UNESCO çərçivəsində təxribatların və saxta iddiaların qarşısını almaq üçün müvafiq Komitədə təmsilçilik müstəsna əhəmiyyət kəsb edir.

ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) dekabrın 2-də günün ikinci yarısında növbəti panel iclasla işini davam etdirdi.
Mədəniyyət Nazirliyinin məlumatına görə, “Sülh Əlaqələndiriciləri” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan Kristof Basın moderatorluğu üçün keçən plenar sessiya "Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?” mövzusuna həsr olunmuşdu.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxışında öncə nazir Ceyhun Bayramovun tədbir iştirakçılarına salamlarını çatdırdı. Qeyd etdi ki, ölkəmizdə yüz illərdir sülh və əmin-amanlıq şəraitində yaşayan milli azlıqlar var. 2008-ci ildən Prezident İlham Əliyev təşəbbüsü ilə “Bakı Prosesi”nə başlanılmışdı. İllər boyunca bu əsas platforma əsasında müxtəliflik və tolerantlıq təbliğ olunur. 2017-ci ildə BMT-nin Baş katibi "Bakı Prosesi"ni dünyada bu məqsədlə yaradılmış əsas platforma kimi dəyərləndirib. Son 12 il ərzində “Bakı Prosesi” çərçivəsində 300-ə yaxın tədbir keçirilib. Bununla bərabər, hər iki ildən bir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Bakı Forumu da təşkil edilir. Bu il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvin 880 illiyi qeyd edilir. Nizaminin əsərlərində sülh və tolerantlıq kimi ideyalar tərənnüm olunur: “Budur bizi həvəsləndirən. Biz ölkə olaraq özümüzü güclü, qüdrətli görürük. Bu ideyaları daima səsləndiririk. Sülh özü ilkin şərtdir. Bütün mədəniyyətlərin irəli getməsi üçün əsasdır. Bu, imtiyaz deyil, hüquqdur, haqdır”.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tolerantlıq Nazirliyinin baş direktoru Afra Məhəmməd əl-Sabri dedi ki, dinlərarası dialoq bütün dünyada cəmiyyətləri bir araya gətirə bilər: “BƏƏ bütün dinlərə və mədəniyyətlərə qapı açır. Biz mədəni müxtəlifliyə töhfə verən ölkə olaraq bir-birimizin təcrübəsindən yararlanaraq bütün dünyaya öz ideyalarımızı bəyan etməliyik. Mütərəqqi dəyərlər paylaşılmalıdır. Bütün insanlarda gələcəyə inam yaratmalıyıq”.
İstanbul Beynəlxalq Sivilizasiyalar Araşdırmaları Mərkəzinin sədri Bekir Karlığa dedi ki, bu gün dünyamız böyük aşınmalar yaşayır. Bunun səbəblərini bəziləri siyasət və iqtisadiyyatda arayır. Amma əsas səbəb mədəniyyətdir. Mədəniyyət tamlıqdır. Burada düşüncə, din, sənət, hüquq, ədəbiyyat, dövlət sistemi və birgəyaşayış qaydaları var. Birgəyaşayış mədəniyyətin önəmli sahəsidir. Multikultural dəyərlərə sahib çıxmaqla sülhə nail olmaq mümkündür.
“Təhsil vasitəsilə insanlar üçün yüksək imkanlar” təşkilatının baş icraçı direktoru Xavier Nunez Gonzalez forumu zamanında keçirilən layihə adlandırdı və hədəfə çatacağına əminliyini ifadə etdi. Azərbaycan öz tarixi və mədəni irsini qorumaqla BMT-nin müvafiq xartiyasını əməl olunmasını təşviq edir.
Dünya Kilsələr Şurası Beynəlxalq əlaqələr komissiyasının direktoru Piter Prov qeyd etdi ki, birgəyaşayışda dinlərarası əməkdaşlıq önəmli məsələdir. Azərbaycan bu işdə nümunədir: “2014-cü ildə İraqa səfərimiz zamanı çoxsaylı icmalarla söhbət etdik. Orada gənclər bizim gələcəklərinin olmadığını deyirdilər. Ölkələrdə gənclərdə sabaha inamı sülh, inklüzivlik və təhsil yaradır. Təhsil çox önəmli bir amildir. O, konkret olaraq gələcəyin qarantıdır. Sülhə çağırış dini mənsubiyyətdən asılı olmayaraq bərabər olmalıdır. Biz insanların səsini beynəlxalq cəmiyyətə çatdırmalıyıq. Mədəni müxtəliflik bizə bəxş edilən çox qiymətli hədiyyədir və biz bunu dəyərləndirib təşəbbüsləri dəstəkləməliyik”.
Böyük Britaniyanın Koventri Universitetində Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun qurucusu və rəhbəri, professor Mayk Hardi videoformatda foruma qoşularaq qlobal təşəbbüslə bağlı fikirlərini bölüşdü. “Biz sülh cəmiyyətinin dayanıqlı olaraq inkişafından danışırıqsa, onu təmin etmə yolları, təşəbbüsləri də dəstəkləməliyik”, - deyə M.Hardi bildirdi.
 
“Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması”
 
Beynəlxalq tədbirin “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” mövzusunda üçüncü panelində moderator, “Ələddin layihəsi”nin icraçı direktoru Abe Radkin sessiya iştirakçılarını salamlayaraq forumun məhsuldar olduğunu diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycanın Qələbəsi regionda siyasətə yeni dinamizm qatıb. Bu səbəbdən sülhə çağırış olan “Mədəniyyət naminə sülh” layihəsi alqışlanası təşəbbüsdür.
Sülh Məkanlarının Avropa Şəbəkəsinin prezidenti Eduardo Basso Avropada çoxtərəfli tərəfdaşlıq nümunələrindən bəhs etdi. Dedi ki, tərəfdaşlıq prosesi bir-birinə qarşı duran alyanslara mənsub olmuş keçmiş düşmənlər və ya aralarında uzun müddət ərzində regional, ərazi, siyasi, etnoslararası və ya dini mübahisələrin olduğu ölkələr arasında dialoqun və anlaşmanın bərqərar olmasını nəzərdə tutur. E.Basso təqdim olunan qlobal layihənin əhəmiyyətini yüksək qiymətləndirdi.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin sədri Fərid Şəfiyev diqqətə çatdırdı ki, mədəni irs nümunələrinin dağıdılması, talan edilməsi beynəlxalq hüquqa ziddir. Fevral ayında İrəvanda Azərbaycan xalçalarının erməni nümunələri kimi sərgilənməsi beynəlxalq hüquqa hörmətsizlikdir: “Düşünürük ki, bu platformanın səmərəli olması üçün bərabər yanaşma gərəkdir”.
Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Sultanbay Raev Qarabağ Zəfərini bütün türk xalqlarının qələbəsi kimi dəyərləndirdi: “Prezident İlham Əliyev Türk dünyasının beynəlxalq aləmdə tanınmış siyasətçisi kimi qəbul edilir. Onun Türk dünyasını yaxınlaşdırmaq yolunda atdığı addımlar təqdirəlayiqdir. Günümüzün ən aktual məsələsi, təbii ki, sülhdür. İşğal və təcavüzlərə qarşı bütün bəşəriyyət birlikdə mücadilə aparmalıdır. Sülh şəraitində yaşamaq bütün insanlığın haqqıdır”.
BMT-nin Sülh Universitetində Beynəlxalq hüquq departamentinin direktoru Mihir Kanade uzun illər Azərbaycanın Qarabağ bölgəsindən olan qaçqınlarla görüşdüyünü dedi. O, dayanıqlı sülh üçün mədəniyyət amilinin mühümlüyünü vurğuladı.
Asiya Əməkdaşlıq Dialoqunun Baş katibi Pornçai Danvivatana qeyd etdi ki, sülh özü dayanıqlı inkişafın komponentidir. Xalq diplomatiyası sülhün bərqərar olmasında vacib amildir. Turizm, mətbəx, kino rentabelli şəkildə sülhün bərqərar etməlidir.
Son panel iclasda çıxış edən mədəniyyət naziri Anar Kərimov forum iştirakçılarına təşəkkürünü bildirdi. Nazir dedi ki, bir sıra beynəlxalq təşkilatın dəstəklədiyi “Mədəniyyət naminə sülh” təşəbbüsü ilə bağlı təqdimatda 20-dən çox məruzə dinlənildi. Forumda “Biz sülhü təşviq etmək üçün nələr etməliyik” sualına cavab aldıq. Bizim ümumi rifahımız sülhdən keçir. Məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan sülh naminə mədəniyyət prosesini özü beynəlxalq təşəbbüs olaraq təbliğ edir. Bizim bu yeni konsepsiyamız beynəlxalq aləmdə tanınıb daha da geniş dəstək alacaq. Sonda bir daha bütün iştirakçılara təşəkkür edirəm və əminliyimi bildirirəm ki, bu, hələ yolun başlanğıcıdır və konkret nəticələrə rəvac verəcək. Gələn il Bakıda növbəti Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək və ümid edirəm ki, bu proses artıq gələcək fəaliyyətlər üçün bir zəmin yaradır”.
Bununla da “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu öz işini başa vurdu. Bu beynəlxalq tədbir də bir daha Azərbaycanın bütün bəşəriyyət üçün xoş niyyətini, sülh və əmin-amanlıq istəyini nümayiş etdirdi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.