Dekabrın 2-də Beynəlxalq Əlillər Günü ərəfəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “İnklüziv teatr” beynəlxalq layihəsinin iştirakçıları yaradıcılıq hesabatı ilə geniş auditoriya qarşısında çıxış ediblər.
Teatrdan AzərTAC-a bildirilib ki, onlar hazırladıqları “Çamadan əhvalı” tamaşasını nümayiş etdiriblər.
Xatırladaq ki, Akademik Musiqili Teatrının "İnklüziv teatr layihəsi" BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı – UNESCO tərəfindən "Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı" çərçivəsində qəbul edilib.
Beynəlxalq layihənin rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Layihənin əsas məqsədi ölkədə eşitmə və nitq qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud uşaqları, eləcə də yeniyetmə və gəncləri bədii yaradıcılığa cəlb etməkdən, bu insanların sosiallaşmalarına, cəmiyyətə inteqrasiya olmalarına kömək etməkdən ibarətdir.
İndiyə qədər layihə iştirakçıları teatrın “Yaradıcılıq studiyası”nın tərkibində fəaliyyət göstərən “Jest” inklüziv teatr studiyasında məşqlər edirlər və bunun üçün teatrda onlara tam şərait yaradılıb.
Studiyanın üzvləri burada aktyor sənəti, rəqs, bədən dili, illüziya sənəti, klounada və sair istiqamətlərdə məşğələlər keçirlər. Bu işdə onlara respublikanın aparıcı incəsənət ustaları kömək edirlər. Studiya üzvləri ilə tanınmış aktyor, Respublikanın Xalq artisti Pərviz Məmmədrzayev, baletmeyster Respublikanın Əməkdar artisti Emin Əliyev, tanınmış illüziya ustası, beynəlxalq festivallar laureatı Tofiq İsgəndərli məşğul olur.
Layihənin prodüseri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov studiya üzvlərinə teatr və sirk sənəti barədə ətraflı nəzəri məlumatlar verir.
Studiya üzvlərinin seçilməsində, onlarla ünsiyyət qurulmasında teatrın tərəfdaşı kimi çıxış edən "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova və Musiqili Teatrın könüllülər dəstəsinin üzvləri hər gün məşqlərdə iştirak edərək surdotərcüməçi kimi pedaqoqlara köməklik göstərir.
“İnklüziv teatr”ın gənc üzvləri öz tamaşalarını eşitmə əngəlli insanlara həsr edir, onların da həyata inamla baxmalarını, cəmiyyətə qaynayıb-qarışmaq üçün çalışmalarını arzulayırlar.
Onların ən böyük arzusu isə, gələcəkdə ölkəmizdə eşitmə əngəlli insanların peşəkar “Mimika və jest” teatrının yaradılmasıdır.