Super User
Heydər Əliyev Sarayında “Beş qapı” tamaşası təqdim olunacaq
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, dekabrın 29-da Heydər Əliyev Sarayında “Beş qapı” tamaşası təqdim olunacaq.
AzərTAC xəbər verir ki, Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında hazırlanan tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Heydər Əliyev Sarayının “Nizami Gəncəvi İli” çərçivəsində keçirəcəyi yekun tamaşanın ssenari müəllifi Şahin Musaoğlu, bəstəkarı Tamilla Əhədova və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Müəllifin “Xəmsə”yə müraciətinin məqsədi Nizami irsindən bəhrələnməklə yanaşı, ayrı-ayrı poemalarda əks etdirilən hadisələrin beş qapı vasitəsilə açılmasına və təbliğinə yönəlib. Tamaşada hər qapı bir poemanın konsepsiyasına uyğun məzmun və ideyanı özündə birləşdirən teatral, xoreoqrafik, pantomim elementlərdən ibarət təsvirlərin qısa təhlili və canlandırılmasını nəzərdə tutur.
Qeyd edək ki, tamaşanın aktyor heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrdən ibarətdir. Layihənin yaradıcı heyəti əmindir ki, ilk böyük səhnə təcrübələri olmasına baxmayaraq, gələcəyin aktyor və aktrisaların öz rollarının öhdəsindən məharətlə gələcəklər.
Tanınmış balet ustası Tamilla Şirəliyevanın 75 yaşı tamam olur
Nə olsun ki, içimizdə baletsevən çox azdır. Gəlin tanınmış balet ustası Tamilla Şirəliyeva 75 yaşının tamam olması münasibəti iləsəmimi qəlbdən təbrik edək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbində görkəmli balet ustası Qəmər Almaszadənin sinfini bitirən Tamilla xanım həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb, Moskvada Xoreoqrafiya Məktəbində təkmilləşmə kursu keçib. 1978-ci ildən Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xoreoqrafiya incəsənəti kafedrasında da dərs deyir. 1998-ci ildən kafedranın dosentidir. O, Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Məhmənə banu (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Aişə, Fuyetta (“Yeddi gözəl” və “İldırımlı yollarla”, Qara Qarayev), Şəhrizad (“1001 gecə”, Fikrət Əmirov), eləcə də Maşa, Odetta-Odiliya, Şahzadə Florina (“Şelkunçik”, “Sonalar gölü” və “Yatmış gözəl”, Pyotr Çaykovski) rollarını məharətlə ifa edib. Eyni zamanda Qara Qarayevin “Leyli və Məcnun”, Tofiq Bakıxanovun “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət” baletlərinə quruluş verib. Tamilla Şirəliyeva “1001 gecə” baletində Şəhrizadın partiyasının ifasına görə 1981-ci ildə SSRİ Dövlət mükafatı alıb. O, 21 may 1970-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 10 yanvar 1978-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib. Bu gün növbəti təltifini də gözləyirik.
Azərbaycan nümayəndə heyəti UNESCO-nun komitə iclasında iştirak edib
Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdə olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, nümayəndə heyəti 2-3 dekabr tarixlərində UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında iştirak edib.
Komitənin gündəliyində əsas məsələlərdən biri olan milli hesabatın müzakirəsi zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək bildirib ki, protokolun icrası barədə milli hesabatların təqdim edilməsinə Azərbaycan tərəfi böyük önəm verir. Azərbaycan tərəfinin təqdim etdiyi milli hesabatda işğaldan azad olunmuş ərazilərdə yerləşən milli irsimizlə bağlı məqamlar öz əksini tapıb. Vurğulayıb ki, hazırda ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə işğalçı tərəfindən dağıdılmış tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi və bərpası üzrə tədbirlər görülməkdədir. Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinq prosesinə əsas maneə təhlükəsizlik məsələsi, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən abidələrin ətrafına yerləşdirilmiş müxtəlif tipli, həmçinin piyadalar əleyhinə minalardır.
Xidmət rəisi bildirib ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərdə abidələrin qorunması ilə əlaqədar mütəşəkkil və sistemli bir fəaliyyəti həyata keçirir. Post-müharibə dövründə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfi öz nümunəvi təcrübəsini digər dövlətlərlə də paylaşmağa hazırdır.
Komitə iclası zamanı abidələrin qorunması üzrə monitorinqin və nəzarətin həyata keçirilməsi üzrə alt komitənin mandatının uzadılması qərara alınıb və Azərbaycan tərəfi də bu qərara öz dəstəyini verib.
Komitənin iclası zamanı Azərbaycan təmsilçiləri həm mahiyyəti üzrə, həm də təşkilati məsələlərlə bağlı dəfələrlə çıxışlar və şərhlər etmiş, Komitənin 12 üzvü arasında fəallarından olmuşdur.
“Dədə Ələsgər” kitabının təqdimatı olub
Milli Məclisin Mədəniyyət komitəsinin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Nəfəs” ictimai birliklərinin dəstəyi ilə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə nəşr olunmuş “Dədə Ələsgər” kitabının təqdimatı olub.
AzərTAC xəbər verir ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzində keçirilən tədbirin aparıcısı Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı qüdrətli söz ustadının 200 illik yubileyi münasibətilə ölkə başçısının müvafiq Sərəncamının əhəmiyyətindən söz açaraq Aşıq Ələsgər irsinə dövlət qayğısından danışıb. O, Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Mədəniyyət komitəsi tərəfindən qüdrətli söz ustadı Aşıq Ələsgərə həsr olunmuş bir sıra mühüm tədbirlər təşkil etdiyini bildirib, “Dədə Ələsgər” kitabının nəşrinin və təqdimat mərasiminin də bu çərçivədə reallaşdığını vurğulayıb.
Mərasimdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Ələsgər yaradıcılığı, şəxsiyyəti haqqında geniş məruzə ilə çıxış edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbirdə geniş çıxış edib. O, bu il 200 illiyi keçirilən ustadlar ustadı Aşıq Ələsgərin uzun illərdir erməni işğalında qalan və dağıdılan məzarından da danışıb. Komitə sədri deyib ki, Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dönəmində ermənilər ciddi vandallıq əməlləri törətdiyi kimi Göyçədə də Aşıq Ələsgərin məzarı ilə öz xislətləri üzrə davranıblar.
Ümummilli liderimiz Heydər Əliyevin “Yalnız yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək” sözlərini xatırladan komitə sədri, Aşıq Ələsgər yaradıcılığının məhz yüksək mədəniyyətin örnəyi olduğunu, həmişəyaşarlıq simvolu olduğunu deyib: “Ölkə başçısı fevral ayında Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında, bu günlərdə isə Bakıda heykəlinin ucaldılması ilə bağlı Sərəncam imzaladı. Bu, aşıq sənətinə, ümumən mədəniyyətə dövlətimizin, şəxsən dövlət başçımızın yüksək münasibətinin ifadəsidir. UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın səyləri ilə Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini də burada minnətdarlıqla xatırlatmaq istərdim.
Aşıq Ələsgər Göyçədən türk dünyasına doğan sənət Günəşi idi. Onun yaradıcılığı sənətkarın insanlığa, hadisələrə, dünyaya baxışını aydın şəkildə göstərir.
Sənətkarın doğma yurdu Göyçə bu gün inzibati, siyasi-hüquqi sınırlarımız içində olmasa da, mədəniyyət, sənət coğrafiyamıza aiddir. Bizim Göyçədəki maddi-mədəni irsimiz, tarixi abidələrimiz son onilliklər boyu dağıdılıb və ya dağılmaq üzrədir. İnşallah Qarabağda, Şərqi Zəngəzurda olduğu kimi, Göyçədə də mədəni irsimizə sahib çıxacaq, onları bərpa edəcək, yenilərini tikəcək və Aşıq Ələsgərin bir abidəsini də orada yüksəldəcəyik.
Tədbirdəki digər çıxışlarda Aşıq Ələsgər irsi Azərbaycan mədəniyyəti tarixi üçün xüsusi hadisələrdən biri kimi dəyərləndirilib, şeirlərindən örnəklər səsləndirilib, sənətkarın mükəmməl şair, aşıq, dilçi, qüdrətli söz yaradıcısı olmasına diqqət çəkilib. Natiqlər Aşıq Ələsgər yaradıcılığının qorunması və təbliğ edilməsini dövlət mədəniyyət siyasətimizin tərkib hissəsi kimi şərh ediblər.
Aşıq Ələsgər ustaddan dərs almış, özü sağlığında ustadlaşmış qüdrətli sənətkar kimi xarakterizə olunub. Vurğulanıb ki, sənətkar milli, dini mənlik şüurunun gözəl tərənnümçüsü, ustad təbliğatçısı və mükəmməl yaradıcılarından, onu zənginləşdirənlərdən biri olub.
Sonda “Dədə Ələsgər Ocağı”nın rəhbəri Xətai Ələsgər çıxış edərək, bir ildə Aşıq Ələsgər haqqında iki sərəncam verən dövlət başçısına, aşıq sənətinin təbliği işinə yerli və beynəlxalq səviyyədə xüsusi dəstək göstərən Birinci vitse-prezidentə minnətdarlıq ifadə edib. O, gözəl nəşr və təqdimat üçün zəhməti keçən hər kəsə, Milli Məclisin Mədəniyyət komitəsinə təşəkkür edib, Q.Paşayevaya rəhbərlik etdiyi qurum adından təşəkkür plaketi verib.
Qeyd edək ki, Aşıq Ələsgərin nəvəsi, mərhum filoloq alim İslam Ələsgərin vaxtı ilə topladığı əsərlər və yazısı əsasında “CBS”-də çap olunan nəfis tərtibatlı “Dədə Ələsgər” kitabının layihə rəhbəri və “Ön söz” müəllifi Qənirə Paşayeva, nəşrə məsul Arzu Bağırovadır. Kitabın məsləhətçisi Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, redaktoru Araz Yaquboğlu, rəyçiləri Əziz Ələkbərli, Xətai Ələsgər və Əkbər Qoşalıdır.
Kitab respublikanın aparıcı kitabxanalarına, digər bir sıra mədəniyyət ocaqlarına hədiyyə olunacaq.
Görkəmli aktrisamız Mərziyyə Davudovanın 120 illiyidir
Bu gün Azərbaycanın görkəmli aktrisası Mərziyyə Davudovanın 120 illiyidir. “Ədəbiyyat və incəsənət” portalı xəbər veriri ki, 1901-ci ildə azərbaycanlıların sıx yaşadığı Həştərxanda anadan olan, rus-tatar məktəbində təhsil alan Mərziyyə Davudova teatr fəaliyyətinə də təhsil illərində başlayıb, həvəskarların hazırladıqları tamaşalarda oynayıb. 1918-ci ildə Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən aktrisanın rolunu bəyənərək onu Bakıya dəvət edib.
Azərbaycan teatrının ilk peşəkar aktrisalarından sayılan Mərziyə Davudova 1920-ci ildə Bakıya gəlib və o gündən ta ki ömrünün sonunadək Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. O, 1956-1961-ci illərdə Azərbaycan Тeatr Cəmiyyətinin (indi Azərpaşa Nemətin sədrlik etdiyi Teatr Xadimləri İttifaqının) sədri olub. Xüsusən Cəfər Cabbarlının səhnə əsərlərində yaratdığı obrazlarla (“Aydın” (Gültəkin), “Oqtay Eloğlu” (Firəngiz), “Od gəlini” (Solmaz), “Sevil” (Sevil), “Almaz” (Almaz), “Solğun çiçəklər” (Gülnisə), “1905-ci ildə” (Sona)) adını teatr tarixinə yazıb. 1928-ci ildən filmlərə də çəkilib, kino aktrisası kimi də məşhurlaşıb. Kinoda əsasən müxtəlif xarakterli ana rollarında çıxış edən Mərziyyə xanımı xüsusən 1955-ci ildə lentə alınmış “Bəxtiyar” filmindən yaxşı tanıyırıq. O, 1933-cü ildə Azərbaycan SSR-nin “Əməkdar artisti”, 1936-cı ildə “Xalq artisti”, 1949-cu ildə “SSRİ Xalq artisti” fəxri adlarına, 1948-ci ildə “Stalin” mükafatına, 1959-cu ildə “Şərəf nişanı” ordeninə layiq görülüb. Mərziyyə Davudova 1962-ci il yanvar ayının 6-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!
Mədəniyyət nazirimiz Şeyx Əhməd Əl Tayiblə görüşüb
Xəbər verdiyimiz kimi mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasına rəsmi səfərdədir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, səfər çərçivəsində Anar Kərimovun Misirin aparıcı Əl-Azar Universitetinin baş İmamı Şeyx Əhməd Əl Tayiblə görüşü baş tutub.
Görüşdə Azərbaycanla Misir Ərəb Respublikası arasındakı dostluq münasibətinin qədim köklərə dayandığını bildirən A. Kərimov Mədəniyyətlərarası Dialoqun inkişafında Misirin mühüm rolundan söz açıb. O, həmçinin Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi haqda danışıb. Mədəniyyətlərarası Dialoq Forumları barədə məlumat verərək, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğunu bildirib. 2022-ci ildə növbəti Forumun keçiriləcəyinin planlaşdırıldığını qeyd edən mədəniyyət naziri Şeyx Əhməd Əl Tayibi də bu beynəlxalq layihəyə qoşulmağa dəvət edib.
A. Kərimov eləcə də işğaldan azad olunmuş ərazilərimizdə erməni barbarlığının sübutu olan dağıdılmış dini məbədlərimizdən, mədəniyyət abidələrimizdən söz açıb. Bu vandalizmin nəinki Azərbaycana, eləcə də İslam dünyasına qarşı törədildiyini bildirib. Həmçinin qeyd edib ki, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü çərçivəsində Azərbaycan daim sülhü təbliğ etməyə, bölgədə əmin-amanlığa nail olmaq yolunda faydalı addımlar atmağa hazırdır, və bu istiqamətdə bir sıra işlər görülür.
Anar Kərimovu salamlayan Şeyx Əhməd Əl Tayibi nazirin dəvətini məmnuniyyətlə qəbul etdiyini xüsusi vurğulayıb. Azərbaycanın illər boyu Mədəniyyətlərarası Dialoqun inkişafında gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.
Tərəflər həmçinin İslam dininə qarşı bəzi qüvvələrin apardığı yanlış təbliğatı qınayaraq, dinimizin sülh və barışığa çağırış olduğunu, və bunu ən gözəl nümunələrlə dünyaya çatdırmağın önəmindən danışıblar.
Görüş bir sıra digər mühüm məsələlərin müzakirəsi ilə davam edib.
“Avişai Kohen trio” Heydər Əliyev Mərkəzində çıxış edib
Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olub.
AzərTAC xəbər verir ki, cazsevərləri bir araya toplayan konsertdə Avişai Kohen (kontrabas), Elçin Şirinov (piano), Roni Kaspi (baraban) çıxış edib.
İsraildə doğulan, ABŞ-da fəaliyyət göstərən müğənni və bəstəkar Avişai Kohen son 20 ildə dünyanın ən yaxşı bas ifaçısı kimi tanınsa da, onun məhz bəstəkar kimi yaratdığı musiqi əsərləri şöhrət qazanıb, böyük auditoriya toplayıb, caz pərəstişkarlarını özünə cəlb edib.
“Avişai Kohen trio”nun Bakı konsertində yeni “Arvoles” albomundan kompozisiyalar təqdim edilib.
Avişai Kohenlə birlikdə səhnəni Azərbaycandan pianoçu və bəstəkar Elçin Şirinov bölüşüb. Elçin Şirinov son 3 ildə Avişai Kohenlə sıx əməkdaşlıq edir və onun iştirakı ilə trio dünyada şöhrət qazanıb. Elçin Şirinov fəal şəkildə “Avişai Kohen trio”nun yeni albomunun yaranmasında iştirak edib.
Trionun digər iştirakçı isə İsraildə dünyaya gələn, hazırda ABŞ-da yaşayan baraban ifaçısı Roni Kaspidir. Roni Kaspi ABŞ, Meksika, Kanada və digər ölkələrdə çıxış edib.
Böyük faciələr günü
8 dekabra təsadüf edən tarixi hadisələri və əlamətdar günləri diqqətinizə çatdırırıq:
Ümumdünya iqlim günü
Təqvimdə mayın 15-də də belə bir gün qeyd olunur, daha təntənə ilə qeyd olunan həmin gündə iqlimin qorunması, onun yad təsirlərdən xilası işləri təşviq edilir, ilin sonuna yaxın - bu gün isə yenidən bu qlobal məsələ xatırlanmaqla ona ikiqat diqqət ayrılmasına nail olunur. İqlim günü bir ekoloji tədbirdir, metereoloqların hazırkı və sonrakı nəsillərin xilası naminə iqlim dəyişikliklərinə yol verməməyə çağırışı hesabına ərsəyə gəlib. Uzun danışmayacağam, tək elə sos siqnalı ilə gündəmdə dayanan qlobal istiləşmənin, Arktika buzlaqlarının əriməyə başlamasının (buzlaqlar son 40 ildə 33 faiz nazilib), yağıntı normasının sürətli sıçrayışının, dəniz səviyyəsinin yüksəlməsinin bəşəriyyətin mövcudiyyatına təhlükəsi aşkar deyilmi? Climate crisis (iqlim tənəzzülü) Demokl qılıncı kimi başımızın üstündədir. İqlim dəyişkənliyinin başlıca səbəbi əlbəttə ki insandır, onun təsərrüfat fəaliyyətidir. Və biləsiniz, nəhəng zavodların atmosferə buraxdıqları zəhərli qazlar deyil əsas baiskar, burada ön sırada parnik (istixana) qazları dayanır, deməzsənmiş, biz xiyar-pomidor tamahı ilə gələcəyimizi məhv edirik.
“Məlumun olsun ki...” günü
Bu gün hər kəs kiməsə bu frazayla başlayan qiymətli bir xəbər, informasiya çatdırmağa borcludur. “Məlumun olsun ki, koronavirusla mübarizədə yeni effektiv üsul tapılıb” kimi qlobal, eləcə də “Məlumun olsun ki, dostun filankəs dünən filan işi törətdi” kimi lokal məlumatlanmadan asılı olmayaraq məlumatvermə zəruridir. Gəlin biz də bu ənənəyə qoşulaq. Kimisə nədəsə xəbərdar etmək çox vacibdir, inanın. Bəzən səndə gizlənən bir informasiya kiminsə xilasına da çevrilə bilir.
Xor günü
Çox sayda solistin birlikdə mahnı ifa etməsidir xor. Tarixi çox qədimdir, antik Yunanıstanda, Bizansda xor ənənələri zəngin olub. Bir çox xalqlarda masa arxasında xorla oxuma mədəniyyəti də var. Bir dəfə Gürcüstanda qonaq olarkən masa arxasındakı gürcülər (azı otuz nəfər olardılar) bir nəfər kimi “Suliko” mahnısını oxudular. Onda bir gürcüstanlı soydaşımız söylədi ki,” Bu hal ruslarda, almanlarda, şotlandlarda və qeyrilərində də var. Düşmən millət də masa arxasında xorla oxuyur. Təkcə biz xorla oxumuruq, çünki xor – birlik, ümumi mənafe deməkdir, bizdəsə birlik yoxdur, bizdə hər kəs ayrıca oxumaq, öz sözünü eşitdirmək istəyir.”
Lennon, Bakıxanov, Horatsiy
Bu gün finlər fin musiqisi gününü qeyd edəcəklər. Qırğızlar radio və televiziya işçiləri gününü. Yaponlar Budda bayramı olan Bodxi gününü. Özbək dostlarımız Konstitusiya, fransızlar maariflənmə və savadlanma, bolqar və makedonlar tələbə gününü qeyd edəcəklər. O ki qaldı amerikalılara, “haydı mətbəxə” şüarı ilə onlar milli bulka gününü qutlayacaqlar. Bu azmış kimi, onlar bu gün milli barmen gününü də bayram eləyəcəklər.
2013-cü ilin bu günündə Kiyevdə, Yevromaydanda xalq kütləsinin gücü ilə bolşevik diktatoru Leninin abidəsi uçurdulub. 1980-ci ildə Londonda 25 yaşlı Mark Çepmen həyat yoldaşı Yoko Ono ilə evinə qayıdan Con Lennonu bir neçə güllə ilə qətlə yetirərək bəşər tarixində ən səbəbsiz bir cinayətə imza atıb. 1941-ci ildə Polşada faşistlər ilk dəfə yəhudiləri öldürmək üçün qazdan istifadə ediblər. 1934-cü ildə sovet kişilərinin ucdantutma simpatiya bəslədikləri aktrisa, “İşdə məhəbbət macərası”, “12 stul” filmlərində şəkilmiş Alisa Freyndlix doğulub. 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində Tofiq adlı bir oğlan uşağı dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun nəticəsi idi. Bu oğlan böyüyüb, adını Azərbaycan musiqisinin qızıl salnaməsinə yazdırıb. Gəlin Azərbaycanımızın görkəmli bəstəkarını, professorunu bu gün yada salaq, ruhu şad olsun deyək; 1865-ci ildə böyük fin bəstəkarı Yan Sibelius, 1861-ci ildə dünya kinematoqrafiyasının banilərindən biri, fransız Corc Melyes, eradan əvvəl 65-ci ildə isə Roma ədəbiyyatının qızıl dövrünün nümayəndəsi Horatsiy dünyaya gəliblər.
Böyük faciələr günü
8 dekabr həm də bəşər tarixində böyük faciələr günü kimi tanınır, nədənsə məhz həmin gün onlarca irili-xırdalı qəzalar, yanğınlar, təbii fəlakətlər baş verib. Bir neçəsini xatırlayaq: 1966-cı ildə Egey dənizində yunanlara aid “Heraklikon” gəmisi qəzaya uğrayıb, 264 insan həlak olub. 1963-cü ildə Ginnesin rekordlar kitabına düşən ən ölümcül ildırımvurma hadisəsi baş verib, Elkton səmasında ildırıma tuş gələn Boinq 707 təyyarəsindəki 81 nəfər həlak olub. 1881-ci ilin 8 dekabrında dünya tarixinin daha bir qara səhifəsi yazılıb. Vyana şəhərindəki Rinqteatrda – komik opera teatrında dəhşətli yanğın baş verib, 850 insan yanıb kül olub. Bununla da 8 dekabrın faciələri tükənmir. 1863-cü ildə Çilinin La-Kampana kilsəsində yanğın baş verib, 2000 insan həyatını itirib.
Varisin “Həftənin təqvimi” yazısından
“Titrəmə” və “Anya” adlı iki filmimiz beynəlxalq festivalda mükafat qazanıb
Türkiyənin İstanbul şəhərində 9-cu Beynəlxalq İpəkyolu Film Festivalının Mükafatları təqdim olunub. Bu il mükafat üçün müxtəlif ölkələrdən 3089 film ilə rekord sayda müraciət qəbul edilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, bu dəfəki festival Azərbaycan üçün düşərli olub. Mükafatlandırmanın final mərhələsinə Azərbaycandan 2 film keçib: Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri.
Türkiyə Respublikasınn Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliği”nin (SETEM) təşkilatçılığıı ilə keçirilən mükafatlandırma mərasimi dekabr ayının 6-da İstanbulda baş tutub. Rejissor Amil Amalın “Titrəmə” filmi beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “ən yaxşı film” mükafatına layiq görülüb.
Film bir ayağını mina partlayışı zamanı itirmiş əsgər barəsindədir. Ayağını itirən əsgər bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. Filmin ssenari müəllifləri Amil Amal, Aqşin Evrən, Ayşad Səfərəliyev, təsvir rejissoru Əli Sultanov, bədii rəhbəri və prodüseri Cəmil Quliyevdir. Filmdə əsas rolları Bəhruz Vaqifoğlu və İlqar Cahangirli canlandırır. “Titrəmə” Mədəniyyət nazirliyiin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.
Lətif Lətifsoyun “Anya” filmi isə beynəlxalq qısametrajlı sənədli film kateqoriyasında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.
Filmdə vaxtilə kənddə rus dili və ədəbiyyatı müəllimi olan yaşlı Anyanın həyatından epizodlar təqdim edilir, onun düşüncə və xəyallarndan bəhs olunur. Film budan əvvəl 38-ci Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” bölməsində iştirak edib. Məlumat üçün bildirək ki, Lətif Lətifsoy "Azərbaycanfilm" kinostudiyasının PR meneceri vəzifəsini həyata keçirir.
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumrespublika konfransı keçirilib
Dekabrın 7-də İçərişəhərdə “Art Garden” restoranında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş yekun ümumrespublika konfransı keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi konfrans çərçivəsində Xarici İşlər Nazirliyinin təşkilati, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının maliyyə dəstəyi ilə işıq üzü görmüş respublikamızın tanınmış Nizamişünas alimləri və klassik Azərbaycan, eləcə də rus tədqiqatçılarının elmi araşdırmalarının toplandığı “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitabın təqdimatı olub.
AzərTAC xəbər verir ki, konfrans ölkəmizdə bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı müvafiq Sərəncamına əsasən təşkil edilib.
Tədbiri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin Aparat rəhbəri Read Qasımov açaraq bildirib ki, 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bütün ilboyu eyni xarakterli layihələr reallaşdırılmış və nəticədə “Bir əsrlik Nəsimi araşdırmaları” adlı elmi məqalələr toplusu nəşr olunmuşdur. İnanırıq ki, “Nizami Gəncəvi İli”nin sonunda ərsəyə gələn “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı araşdırmalar toplusu da elm və sənət tariximiz üçün çox faydalı olacaq.
Konfransda kitabın elmi redaktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov bildirib ki, Nizami Gəncəvi lap çoxdan yalnız Azərbaycanın övladı olmaq çərçivəsindən çıxıb: “Onun ədəbi yadigarları bəşəriyyətin ən qiymətli sərvətləri xəzinəsinə daxil olub, özü isə bütün xalqların, insanlığın övladı olmaq mərtəbəsinə ucalıb. Nizamidən sonra onun əsərlərinə yüzlərlə nəzirələr yazılıb, Hindistanda Əmir Xosrov Dəhləvi Nizami poemalarına cavab olaraq ilk beşliyi yaratmaqla, əslində, həm də Nizami məktəbinin bünövrəsini qoydu. Əmir Xosrov həm də Nizamiyə cavab yazmağın düsturunu müəyyənləşdirdi: süjet, obrazlar qalmalı, təməl prinsipləri qorunmalıdır”.
Nizaminin dünya dillərinə ən çox tərcümə edilmiş klassiklərdən olduğunu söyləyən R.Hüseynov deyib ki, bu dillərin sırasına zaman ötdükcə yeni-yeni dillər əlavə olunacaq. “Nizami əsərləri ilə yalnız əsrlər boyu təkrarlanacaq ədəbi model deyil, həm də düşüncə, millət quruculuğu, mənəviyyat quruculuğu, dövlət quruculuğu modeli yaratdı. O ideyaları ki, onları Nizami səkkiz əsr əvvəl təbliğ edirdi, bu gün də arzulanandır. O keyfiyyətlər ki, Nizami səkkiz əsr əvvəl onları insanlarda, cəmiyyətdə görmək istəyirdi, bu gün də insanlıq həmin dəyərlərin daha artıq bərqərar olması yolunda mübarizə aparır. Nizami daim bizdən bir addım irəlidədir, həmişə də bizdən bir addım qabaqda olacaq və hər zaman da bizi daha aydın gələcəyə yönəldəcək”, - deyə akademik qeyd edib.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu deyən Xalq yazıçısı Anar vurğulayıb ki, böyük şairə həsr olunan hər bir tədbir Nizami bayramıdır: “Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami hər zaman bu xalq xidmət edib. Nizami də Homer və Firdovsi, Yunis Əmrə və Nəvai, Rustaveli və Puşkin kimi bütün dünyanın fəxridir, amma ilk növbədə, əlbəttə, öz xalqının övladıdır”.
Konfransda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, professorlar Vilayət Quliyev, Şəfəq Əlibəyli, Zümrüd Dadaşzadə, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova və başqaları Nizami yaradıcılığı haqqında danışaraq kitab barədə fikirlərini bölüşüblər.
Diqqətə çatdırılıb ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır.
Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.
Vurğulanıb ki, ölkəmizdə yubileyinin 880 illiyi silsilə tədbirlərlə qeyd olunan dahi şairin irsinə həsr olunmuş “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitab “Nizami Gəncəvi İli”nə gözəl bir töhfədir. Kitabdan elmi-mədəni, geniş ictimai auditoriya, həmçinin ali məktəblərin müəllim və tələbələri yararlana bilərlər.
Qeyd edək ki, iki fəsildən – “Nizami Gəncəvi klassik araşdırmalarda” və “Nizami Gəncəvi müasir tədqiqlərdə” ibarət kitabın redaktoru akademik Rafael Hüseynov, “Ön söz” müəllifi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, işçi qrupun rəhbəri filologiya üzrə fəlsəfə doktoru İradə Musayevadır.