Super User

Super User

Ötən həftə ABŞ-da ən çox baxılan film məşhur amerikalı rejissor Stiven Spilberqin musiqili romantik dram əsəri olan “West Side Story” (“Qərb sayağı hekayə”) olub.
“West Side Story” açılış həftəsonunda 10,5 milyon dollar gəlir əldə edib.
Ardıcıl iki həftə kassa lideri olan “Enkanto: Sehrli Dünya”, üçüncü həftəsində 9,4 milyon dollarlıq gəlirə imza ataraq sırada ikinci yerdə qərarlaşıb. Beləliklə, “Enkanto: Sehrli Dünya”nın ABŞ və Kanadadakı ümumi gəliri 71 milyon dolları keçib.
“Ruh ovçuları: O biri dünya”, dördüncü həftəsində satış kassalarında üçüncü yerdədir. Həftə sonu 7,1 milyon dollar gəlir əldə edən filmin ABŞ və Kanadada ümumi gəliri 112 milyon dolları keçib.
Kino mütəxəssisləri qarşıdakı həftədə olacaq iki premyeranın - “Hörümçək adam: Geriyə yol yoxdur” və “Matrix: Dirilmə” filmlərinin rekord nəticə göstərəcəyini qeyd edirlər.

Macar şairi Şandor Petefinin “Məni yandıracaq içimdəki od” kitabının təqdimat mərasimi barədə qeydlər

“Azərkitab” kitab mərkəzində macar ədəbiyyatının klassiki Şandor Petefinin Azərbaycan dilinə qocaman şair-tərcüməçi Ağasəfa tərəfindən tərcümə edilmiş “Məni yandıracaq içimdəki od” kitabının təqdimatı keçirildi.
Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu”, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Nəfəs” və “Masallı Təhsil Fondu” ictimai birliklərinin dəstəyi ilə çap olunan kitabın təqdimat mərasiminin aparıcısı
Mədəniyyət Komitəsinin eksperti, şair Əkbər Qoşalı idi.
“Ədəbiyyat və incəsənət” portalına “Azərkitab”dan verilən məlumata görə tədbirdə Macarıstanın ölkəmizdəki səfirinin müavini Dr. Tamaş Vasari, Millət vəkillərimiz, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Mədəniyyət Nazirliyimizin təmsilçiləri, şair-yazıçılarımız, alimlərimiz, sənətçilərimiz, QHT və KİV nümayəndələri iştirak edirdi.
Öncə tədbirin aparıcısı Əkbər Qoşalı Azərbaycan-Macarıstan ədəbi-mədəni əlaqələrindən və Macarıstanın son illər ortaq türk qurumlarında təmsil olunmasından söz açdı, ürək sözlərini bölüşdü.
Tədbirin təşəbbüsçüsü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, təqdimatı keçirilən kitabın layihə rəhbəri və önsöz müəllifi Qənirə Paşayeva təqdimat mərasimində geniş çıxış etdi.
O, Macarıstana səfərlərindən, orada Turan Qurultaylarında iştirakından, parlamentdə görüşlərdən və getdikcə güclənən ölkələrarası əlaqələrdən söz açaraq dedi:
-Əlbəttə, bu gün ən böyük təşəkkürlərimiz Aöasəfa müəllimə ünvanlanıb. Qocaman şair-tərcüməçi, pedaqoq Sovet dövründə Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Təsəvvür edin: elə bir nüfuzlu təhsil ocağının məzunu Xızının bir kənd məktəbində müəllimlik etməyi tərcih edib, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub, Xızıda öz xeyirxahlığı ilə ün qazanıb. Təbii ki, öz bədii yaradıcılığından qalmayan ustad ədibimiz müxtəlif kitablarla da çıxış edib. Macar ədəbiyyatının klassiki Şandor Petefinin yaradıcılığına müraciət etməsi bütün digər səbəblərlə yanaşı, Şandor Petefinin taleyinin Mikayıl Müşfiq taleyi ilə oxşarlıq təşkil etməsi ilə bağlıdır. Şandor Petefinin də fiziki ömrü qısa sürüb, onun da qəbri yoxdur... Şandor Petefi ilə Mikayıl Müşfiq, Lorka və bir sıra başqa şairlərin tale oxşarlığı, onların yaradıcılıq mətn-mündəricəsindəki oxşarlıqla, mübarizə əzm və iradələri ilə də şərtlənir. Ağasəfa müəllimin Şandor Petefi yaradıcılığına yalnız sevgi ilə deyil, məhz peşəkarlıqla yanaşması tərcümə etdiyi hər şeirdə hiss olunur.
Ona bu kamil tərcümə işi üçün bir daha təşəkkür edirəm. Təşəkkürüm eyni zamanda kitabın redaksiya heyətinədir: Kitabın məsləhətçiləri – “Şöhrət” ordenli ziyalımız, şair, pedaqoq Ofelya Babayevaya, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırovaya, məsləhətçilər – Ə.Kərim adına Poeziya Evinin direktoru, şair İbrahim İlyaslıya, Komitəmizin eksperti, Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı Əkbər Qoşalıya, buraxılışa məsul – “Nəfəs” İB sədri Firəngiz Balakişiyevaya və mətnləri bilgisayarda yığan, səhifələyən Vüsal Hicranoğluna peşəkar işlərinə, dəstəklərinə görə təşəkkür edir, uğurlar diləyirəm”!
Sonra Macarıstanın Azərbaycandakı Səfirinin müavini Dr. Tamaş Vasari, Millət vəkilləri – Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Prof.Dr. Kamilə Əliyeva, “Masallı Təhsil Fondu”nun sədri Məşhur Məmmədov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məsul əməkdaşı Paşa Aydayev, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Sumqayıtdakı Əli Kərim adına Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, “Şöhrət” ordenli pedaqoq, şair, ictimai xadim, Prezident təqaüdçüsü Ofelya Babayeva, “Azərkitab”ın rəhbəri Sabir Həsənov, BDU-nun kafedra müdiri Prof.Dr. İradə Hüseynova, Mədəniyyət Nazirliyi İctimai Şurasının sədri Gəray Əlibəyov, yazıçı Yunus Oğuz, Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucu-başqanı Umud Rəhimoğlu, “Vektor” nəşr evinin rəhbəri, şair Elçin İsgəndərzadə çıxış etdilər, ürək sözlərini bölüşdülər.
Daha sonra tərcüməçisi Ağasəfa macar ədəbiyyatının klassikinin həyatı və yaradıcılığı, poeziyasının məziyyətləri haqqında danışdı, kitabın nəşri və təqdimat mərasiminin təşkilində zəhməti keçənlərə təşəkkür etdi.
Qeyd edək ki, kitab “CBS” poliqrafiya müəssisəsində çap edilib.

Çərşənbə axşamı, 14 Dekabr 2021 09:40

“Bir nəfəs qədər" tamaşasının premyerası olub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Qarabağ müharibəsi şəhidlərinə, qazilərə, əsgər övladlarımına və Zəfərimizin əsas simasına çevrilən analara həsr olunan "Bir nəfəs qədər" tamaşasının premyerası olub. Samir Qulamovun pyesi əsasında səhnələşən tamaşa SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanıb. Səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev iştirak ediblər.

Çərşənbə axşamı, 14 Dekabr 2021 09:39

Bu gün Xudu Məmmədovun anım günüdür

 

Azərbaycanın tarix boyu yetişdirdiyi ən işıqlı şəxsiyyətlərindən biri olan Xudu Məmmədovun bu gün doğum günüdür, sevgi və iftixar ilə anırıq bu dahi şəxsiyyəti. Ağdamın Mərzili kəndində 1927-ci ildə dünyaya göz açan, bütün şüurlu həyatını Azərbaycan elminin inkişafına, eləcə də xalqın milli-azadlıq hərəkatına sərf edən Xudu müəllim professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru idi, kimyanın silikat birləşmələri üzrə misilsiz tədqiqatlar ortaya qoymuşdu, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsinin və 3 monoqrafiyanın müəllifiydi. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilmişdi. 1969-cu ildə gizli Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri olan Xudu müəllim 80-ci illərin sonlarında Azərbaycan Xalq Cəbhəsinin formalaşmasında böyük rol oynamışdı, xalqın imperiya buxovlarından qopması uğrunda hərəkatının öncüllərindən birinə çevrilmişdi. Təəssüf ki, 1988-ci ilin 15 oktyabrında onu itirdik. Ruhu şad olsun!

 

Parisdə UNESCO-nun mənzil –qərargahında qurumun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 16-cı sessiyası Büronun ötən həftə məsləhətləşmələrindən sonra işə başlayıb.
AzərTAC xəbər verir ki, Azərbaycan iclasda Komitənin üzvü kimi iştirak edir. Ölkəmiz UNESCO yanında Daimi Nümayəndəliyimizin rəhbəri, səfir Elman Abdullayev və nümayəndəliyimizin əməkdaşları tərəfindən təmsil olunur.
Onlayn keçirilən iclasa dünyanın müxtəlif ölkələrindən 900-ə qədər iştirakçı qeydiyyatdan keçib.
Komitənin 16-cı sessiyasına UNESCO üzrə Şri Lanka Milli Komissiyasının Baş Katibi Punçi Nilame Meqasvate sədrlik edir.
Komitənin 16-cı sessiyası çərçivəsində aidiyyəti siyahılara daxil edilməsi üçün üzv dövlətlər tərəfindən namizədliyi təqdim edilmiş elementlərə baxılacaq. Bildirilir ki, 48 element Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına, 6 element təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmək üçün namizədliklər, eləcə də Cibuti, Monqoliya və Timor-Leste tərəfindən irəli sürülmüş yaxşı mühafizə təcrübələrinin reyestrinə daxil edilmək üçün 5 təklif və 100 min USD-dən çox miqdarda 3 beynəlxalq yardım sorğusu iclasın gündəliyində yer alıb.
Həmçinin iclasda Latın Amerikası və Karib hövzəsi ölkələrində Konvensiyanın həyata keçirilməsinə dair dövri hesabatları, Qeyri-Maddi Mədəni İrs- QHT Forumunun hesabatı dinləniləcək və 2003-cü il Konvensiyasının siyahıya salma mexanizmlərində islahatlar kimi məsələlərə baxılacaq.
Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 16-cı sessiyası dekabrın 18-dək davam edəcək.

Çərşənbə axşamı, 14 Dekabr 2021 09:36

Rəşid Beybudov və Rac Kapur

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:

 

14 dekabr. Ümumdünya meymunlar günü

 

Bu heyvanlara qayğını və sevgini artırmaq üçün rəssamlar Keysi Qore və Erik Millikinin təşəbbüsü ilə təqvimə salınan Meymunlar günündə Azərbaycanda ən çox sevinən, yəqin ki, Tarqovıda canlı dekor olub, adamlarla şəkil çəkdirərək sahibinə pul qazandıran Ceki adlı şimpanze olacaq. Mən heyvanxanadakı meymunları demirəm, çünki qəfəsdə olanlara nə bayram.

 

14 dekabr. Yeyib-içmə günü

 

ABŞ-da Milli Marselsayağı uxa günüdür. Deyilənə görə bu balıq şorbası çox dadlı olur, nuşi can. Üstəlik, ABŞ-da Milli peçenye günüdür. Peçenyenin müxtəlif növlərindən dadmaq bu gün aktual olacaq. Dübarə nuşi can. Lap üstəlik, ABŞ-da həm də Milli sous günüdür. Acika, xardal, sarımsaq-qatıq, ketçupla mayonez, barbekyü, sezar, pendir sousları, svit çili – bilgimiz bundan o yana getmir, halbuki amerikalılar mətbəxlərində 72 cür sousdan istifadə edirlər. Təkrarən nuşi can.

 

14 dekabr. Qara rəng bolluğu

 

2011-ci ilin bu günü Azərbaycan musiqisevərləri üçün qara gəlib, xalq mahnılarının, muğam və təsniflərin təkrarsız ifaçısı, “Sona bülbüllər” manhısı ilə musiqi tariximizə möhür vurmuş Qədir Rüstəmov İstanbulda vəfat edib. 1999-cu ilin bu günü Venesuelada da qara gətirib, Varqasda dəhşətli sel on minlərlə insanı həyatdan alıb, evləri dağıdıb, bütün infrastrukturu məhv edib. 1992-ci ilin bu günü üstəlik, Gürcüstanda qara gəlib, Abxaziyada yerli separatçılarla rus ordusu Tkvarçelidə Gürcüstanın hökumət qoşunu ilə qanlı savaşa girib, çox sayda insan, o cümlədən 25 uşaq həlak olub. 1989-cu ilin bu günü hətta Ermənistanda da qara gətirib, Sovet fiziki, Nobel mükafatı laureatı Andrey Saxarov vəfat edib, həyat yoldaşı erməni olan ermənipərəst akademikin ölümünə təbii ki, ermənilər bərk üzülüblər. 1960-cı ildə Parisdə təhsildə diskriminasiya ilə mübarizəyə dair Konvensiya imzalanıb. 1939-cu ildə Finlandiyaya hücum etdiyinə görə SSRİ-ni Millətlər Liqasından xaric ediblər. 1928-ci ildə Danimarkanın “Kopenhagen” gəmisi Montevideo limanından çıxıb, 59 nəfər heyət üzvü və gəmi izsiz yoxa çıxıb.

 

14 dekabr. Kapur, Behbudov, Vaşinqton.

 

Azərbaycanda uzun illər mədəniyyət hind kinosu təsiri duyub, insanlar hind kinolarından tərbiyə alıblar. Yaşlı nəsil bu gün ehtiramla tarixin ən məşhur hind kino ulduzu Rac Kapuru anacaq, çünki o, 1924-cü ilin bu günündə anadan olub. Rac Kapurdan 9 il əvvəl - 1915-ci ildə isə Tiflisdə Rəşid adlı bir azərbaycanlı oğlan dünyaya gəlib. Sonradan bütün dünyanı öz məlahətli səsi ilə heyran edən Rəşid Behbudovun müəmmalı ölümünün sirri hələ də açılmır təəssüf ki. 1911-ci ildə norveçli Amundsenin ekspedisiyası it kirşələri ilə tarixdə ilk dəfə Cənub qütbünü fəth edib. 1903-cü ildə tarixdə ilk dəfə Çimalı Korolinada Rayt qardaşları təyyarə düzəldib uçmağa cəhd ediblər, amma təyyarə göyə qalxmağa başlayarkən dərhal da yerə gəlib. 1883-cü ildə Aykido döyüş incəsənətinin banisi, yapon Morixey Uesiba doğulub. 1799-cu ildə 14 dekabrı amerikalılar matəmlə qeyd ediblər, ABŞ-ın ilk prezidenti Corc Vaşinqton 67 yaşında dünyadan köçüb. 1503-cü ildə adını uşaqdan böyüyə hamımız əzbər bildiyimiz Mişel de Nostrdam – Nostradamus dünyaya gəlib, bu fransız astroloqu və gələcəkgörəninin 600 il əvvəl verdiyi proqnozlar bu gün də sıravi insanları qorxu-hürkü altında saxlamaqdadır. 1287-ci ilin 14 dekabrında da dəhşətli sel faktına rast gəlinir, sel Niderlandda, Şimal dənizinin səddini uçuraraq 50 min insanı məhv edib. 557-ci ildə isə Konstantinopol – indiki İstanbul güclü zəlzələyə məruz qalıb, hədsiz dağıntılar olub.

 

Varisin “Həftənin təqvimi” yazısından

 

Heydər Əliyev Sarayında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin "Planet parni iz Baku" KVN teatrının kollektivi ilə görüşü keçirilib.
AzərTAC xəbər verir ki, görüş kollektivin 20 illik yubileyi münasibətilə təşkil olunub.
Kollektivi salamlayan Elnur Əliyev əlamətdar yubileylə bağlı mədəniyyət naziri Anar Kərimovun təbriklərini çatdırıb, kollektivə uğurlar arzulayıb.
Mədəniyyət Nazirliyinin qarşıya qoyduğu məqsəd və vəzifələrdən söz açan nazirin birinci müavini yeniliklər barədə çöz açıb. Bildirib ki, nazirlik tərəfindən yeni strategiya hazırlanır və bu strategiyanın devizlərindən biri də “İnsan mədəniyyətindən kənarda heç nə etmir, çünki insanı insan edən onun mədəniyyətidir” fikridir: “Bu gün mədəniyyət sahəsində hər kəsin qarşısında milli kimliyimizi qorumaq missiyası dayanır. Unutmamalıyıq ki, hər bir millət öz milli dəyərləri ilə dünya ölkələri arasında seçilə bilir. Bu gün 44 günlük müharibədən sonra Qələbə qazanan xalqın nümayəndələri olaraq hər birimiz bu zəfərdə mədəniyyət amilinə də diqqət çəkməliyik. Vətənə sevgi mədəniyyəti, vətənpərvərlik mədəniyyəti bizə bu böyük Qələbəni yaşatdı”.
Elnur Əliyev həmçinin nazirliyin təşəbbüsü ilə həyata keçirilən yeni layihələrdən də söz açıb. Diqqətə çatdırıb ki, yaxın zamanlarda işğaldan azad edilmiş ərazilərdə, həmçinin hərbi hissələrdə teatr tamaşalarının nümayişi nəzərdə tutulub. Teatr cəmiyyətin aynasıdır. Elə bir cəmiyyət yoxdur ki, orada teatra maraq olmasın. Biz teatr sahəsində yeniliklər tətbiq edərək onun populyarlaşdırılmasına zəmin yaratmalıyıq. Bu mənada yaxın 20 ildə “Planet parni iz Baku” KVN teatrının da cəmiyyət üçün faydası az olmayıb. Teatrın tamaşaları hər zaman böyük maraq və sevgi ilə qarşılanıb. Vaxtilə “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun Moskvadakı çıxışları hər azərbaycanlının qəlbini fərəh hissi ilə doldururdu. Onlar Rusiya səhnəsində mədəniyyətimizin müxtəlif janrlarını nümayiş etdirirdilər. Daha sonra bu missiya “Planet parni iz Baku” KVN teatrı tərəfindən davam etdirildi.
Nazirin birinci müavini mədəniyyət sahəsində həyata keçirilən islahatlardan da söz açıb. Azərbaycan Film Komissiyasının fəaliyyəti, yaradıcı sənayelərin təbliği baxımından atılan yeni addım və layihələr haqqında məlumat verib.
Daha sonra Elnur Əliyev kollektivi təbrik edərək 20 illik fəaliyyətlə əlaqədar Mədəniyyət Nazirliyinin fəxri fərmanını teatrın rəhbəri, Əməkdar artist Tahir İmanova təqdim edib.
Tahir İmanov Mədəniyyət Nazirliyi tərəfindən göstərilən diqqətə görə minnətdarlığını ifadə etdi. O, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin onların yaradıcılığına hər zaman diqqətlə yanaşdığını qeyd edərək bir müddət əvvəl dövlət başçısının sərəncamı ilə “Planet parni iz Baku” KVN teatrın üzvlərinə verilən “Tərəqqi” medalına görə Prezidentə təşəkkürünü bildirib.
Tahir İmanov teatrın yaradılmasında xüsusi xidmətləri olan Anar Məmmədxanovun xatirəsini ehtiramla yad edərək onun ənənələrinin kollektiv tərəfindən məsuliyyətlə davam etdirildiyini deyib. Aktyor bu illər ərzində hər bir tamaşanın uğurla baş tutmasında köməyini əsirgəməyən Heydər Əliyev Sarayının kollektivinə də minnətdarlığını dilə gətirib.
Teatrın üzvü, Əməkdar artist Bəhram Bağırzadə çıxışı zamanı fəaliyyətlərinə göstərilən diqqətə görə ilk növbədə ölkə rəhbərliyinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Daha sonra görüş gələcək planlar və perspektivlər, yeni layihələr ətrafında mövzuların müzakirəsi ilə davam edib.
Görüşdən sonra media nümayəndələrinə müsahibə verən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, 20 yaşlı kollektivin teatr məkanında özünəməxsus yeri var. Kollektiv hər zaman azərbaycançılıq ideologiyasına sadiq qalıb. Görüşün əhəmiyyətini yüksək qiymətləndirən Elnur Əliyev deyib ki, nazirlik olaraq məqsədimiz odur ki, mədəniyyət sahəsi həm peşəkarlar, həm də investorlar üçün mümkün qədər cəlbedici olsun: “Ən vacibi isə bu sahənin peşəkarlar üçün cəlbedici olmasıdır. Bununla bağlı planlarımızı bölüşdük. İnanıram ki, gələcəkdə bu görüşün nəticələrini görə biləcəyik”.

Almaniyanın paytaxtı Berlində onlayn formatda keçirilən mərasimsə
Bosniya və herseqovinalı rejissor Jasmila Zbaniç 34-cü Avropa Film Mükafatı çərçivəsində “2021-ci ilin Avropa rejissoru” mükafatını qazanıb.
 Jasmila Zbaniçin rejissoru olduğu “Quo vadis, Aida?” filmi isə “Ən yaxşı Avropa filmi” mükafatına layiq görülüb.
Filmdə baş rolda Aida obrazını canlandıran aktrisa Jasna Duriçiç “Ən yaxşı aktrisa” mükafatını qazanıb.

Bazar ertəsi, 13 Dekabr 2021 09:16

El Kennedi. “Çağırış”

“Sevgi və oyun seriyasından” çıxan növbəti kitab kəskin süjet xətti ilə fərqlənir. Əvvəlki kollecdən Sammer Hayvord di-Laurentis bacısının evində yanğın törətməsi ittihamı ilə  qovulur. Qız hər şeyi inkar edir, qardaşının günahsız olmasını bəyan edir, amma hələ də təhsil müəssisəsi qardaşını öz qrupuna bərpa etmir. Atası məsələyə qarışır, üsyankarlıq ortaya qoyur, bütün əlaqələrini birləşdirir. Lakin burada da ailəni məyusluq gözləyir…
Kolin Fitsceraldın həyatı isə tam əksidir. O, səs – küylü əyləncə məclislərinin daimi nümayəndəsidir, video-oyununa aşiq olan sakit, təvazökar bir introvertdir. Bununla belə, onu kollecdən qovmaq rəhbərliyin ağlına belə gəlmir.
Qarşılıqlı rəğbət onların arasında birdən-birə yaranır, lakin heç kim ilk addımı atmağa cəsarət etmir. Üstəlik, üfüqdə hamının diqqətini qazanmaq üçün fəal cəhdlər göstərən Xanter peyda olur.
Gənclərin münasibətləri necə olacaq və Fitzi frendzonların kralı olacaqmı?
Son dərəcədə maraqlı, kəskin süjetli bir tineycer romanı.

Bazar ertəsi, 13 Dekabr 2021 09:16

Rəşad Mehdiyev

“Baxış”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.