Super User
Çarli Çaplin və Bethoven
Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:
16 dekabr
“Üzünə şokolad çəkilmiş hər şeyin günü”
Maraqlı təyinatdır, şokoladsevərlər təqvimə şokolad günündən savayı ayrıca belə bir gün də salıblar. Qlazur adlanan şokolad örtüyü həqiqətən qənnadı məmulatlarına təkrarsız dad gətirir. Mən üstünə şokolad çəkilmiş ekleri seçirəm, siz də öz seçiminizi edin.
Bizim FHN və Çaplin
Bu gün Azərbaycanda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır. Özlərini oda-alova, uçqunlara, selə-suya ataraq təhlükədə olanları xilas edən bu fədakar insanları təbrik edirik.
Mərkəzi və Şimalı amerikalılar Las Posades festivalına başlayacaqlar, xristian ənənələrinin daim yaşadılmasına dəyər verəcəklər. Amerikalılar da dinc duran deyillər, onların bugünkü mətbəx bayramları Milli yaşıl Çili bibəri günü adlanır. Bu gün yeməklər ağızları yandırıb yaxacaq. Amma ayrıca Şokolad gününü də qeyd edəcəklər amerikalılar, bir növ, yanan ağızlara şirinlik gətiriləcək; Hindistanda və Banqladeşdə Qələbə, Tailandda idman günüdür həm də.
1913-cü ilin bu günündə gənc britaniyalı aktyor Çarli Çaplin həyatında ilk dəfə filmə şəkilib, “ Yaşamaq uğrunda mübarizə” adlanırdı həmin film. 1899-cu ildə İtaliyada “Milan” klubu yaradılıb, ölkəmizdəki “Milan”sevərlər, haydı, şənlənin. 1872-ci ildə rus generalı, bolşeviklərin qənimi Anton Denikin doğulub.
Dahi Bethoven
Və bu yerdə tək musiqisevərlər, incəsənətsevərlər yox, dünyanın hər bir şüurlu sakini 1770-ci ilin bu günündə dünyaya gəlmiş dahi alman bəstəkarı, “Aylı sonata” kimi insan tərəfindən yaranışı belə şübhə doğuran ilahi bir şedevr ortaya qoymuş Lüdviq Van Bethoveni alqışlasın!
Şəhid jurnalist Salatın Əsgərovanın bu gün 60 illiyidir
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Salatın Əziz qızı Əsgərova “Молодежь Азербайджана” (Azərbaycan gəncləri) qəzetində çalışırdı, 90-cı illərin əvvəllərində onun işıqlandırdığı məsələlər ölkənin ən vacib problemləri ilə bağlı idi, Qarabağ dərdi, torpaqlarımızın bütövlüyü yazılarının başlıca mövzularına çevrilmişdi. Tez-tez cəbhə xəttinə gedərək qaynar nöqtələrdən operativ materiallar hazırlayan Salatının ailəsi, iş yoldaşları dəfələrlə bunun qarşısını almağa çalışsalar da, ona mane ola bilməmişdilər.
1991-ci il yanvar ayının 9-da içərisində Salatın Əsgərovanın olduğu maşın Laçından Şuşaya gələrkən, yolun 6-cı kilometrində, Qaladərəsi kəndi yaxınlığında erməni quldurları tərəfindən yaxın məsafədən atəşə məruz qaldı. Tanınmış jurnalist vəhşicəsinə qətlə yetirildi, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi. Xatirəsi kifayət qədər əbədiləşdirilib Salatın Əsgərovanın: Bakı şəhərində adına küçə var, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır, “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya barelyefi vurulub, yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.
Abdulla Şaiqin 140 illiyinə həsr edilmiş “Arazdan Turana” məqalələr toplusunun təqdimat mərasimi keçirilib
Abdulla Şaiqin Mənzil-Muzeyində Abdulla Şaiqin 140 illiyinə həsr edilmiş virtual konfransın materiallarından ibarət məqalələr toplusunun yer aldığı kitabın təqdimat mərasimi keçirilib.
Xatırladaq ki, 2021-ci il martın 18-də keçirilən konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə həyata keçirilmişdi. Yubiley konfransında Abdulla Şaiqin pedaqoji və ictimai fəaliyyəti, geniş ədəbi yaradıcılığının müxtəlif qolları haqqında məruzələr və çıxışlar səsləndirilmişdi.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, təqdim olunan yeni “Arazdan Turana” kitabında sözügedən konfransda səslənən çıxışlar və elmi məruzələr, ədibin şeirləri və Abdulla Şaiqin Mənzil-Muzeyinin əsas fondunda qorunan fotoşəkillər yer alıb. Kitabın layihə rəhbəri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevadır. Kitab Milli Məclisin Mədəniyyət Komitəsinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Abdulla Şaiqin Mənzil-Muzeyinin, RHİM İB-nin, “NƏFƏS” İB-nin, ABAİ İB-nin dəstəyi ilə nəşr edilib.
Kitabın təqdimat mərasimində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Millət vəkili, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəniyyət Nazirliyinin Muzey və daşınar mədəni irs sektorunun müdiri Altun Mikayıllı, Azərbaycan Türk Ocaqları Başqanı Akif Aşırlı, ADPU-nin professorları, pedaqoji elmlər doktoru Fərrux Rüstəmov və f.ü.f.d. Təranə Rəhimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Arzu Hacıyeva çıxış ediblər.
Təqdimat mərasimində Abdulla Şaiqin Azərbaycan maarifçiliyinin inkişafında, yeni nəslin tərbiyəsində olan xidmətləri qeyd edilib, şairin irsinin geniş təbliği məqsədilə müxtəlif dillərdə çap məhsullarının hazırlanmasının əhəmiyyəti vurğulanıb.
“Nizami Gəncəvi əsərlərində ümumbəşəri dəyərlər və mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçirilib
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Azərkitab” Kitab Mərkəzində “Nizami Gəncəvi əsərlərində ümumbəşəri dəyərlər və mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, mərkəzin 2021-ci ilin ikinci yarı ili üzrə İş planına əsasən təşkil edilmiş tədbirin məqsədi dahi mütəfəkkirin yaradıcılığının dünya ədəbiyyatı, elm, mədəniyyət və incəsənətinin inkişafında rolu, zəngin fəlsəfi irsi, əsərlərində əks olunan humanizm, tolerantlıq, multikulturalizm, ümumbəşəri dəyərlərin müzakirəsi olub.
Dəyirmi masanı salamlama nitqi ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli açıb. Tədbirdə Norveçli tərcüməçi, Nizami Gəncəvi tədqiqatçısı Raqnhild Tori, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, “Kulina” jurnalının baş redaktoru Tahir Əmiraslanov, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Alla Bayramova, Azərbaycan Milli Konservatoriyasının “İctimai fənlər” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Cənubi Azərbaycan şöbəsinin müdiri Sayman Aruz, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Filialının müdiri Gülnarə İsmayılova, Gəncə Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Vüsal İsgəndərov, həmçinin onlayn formatda Bakı şəhər və regional mədəniyyət idarələrinin və Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbir zamanı uzun illər Nizaminin əsərlərini tədqiq edən Ragnhild Thori mütəfəkkirin poemalarının təhlili barədə geniş məlumat verib. Xanım tədqiqatçı Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini kiçik yaşlı oxucuların anlayacağı üsluba uyğunlaşdırmış və zəngin miniatürlərlə bəzədilmiş kitabın 2012-ci ildən etibarən müxtəlif vaxtlarda cəmi 6600 nüsxədə 3 dildə nəşr olunmasından bəhs edib. Azərbaycanda olarkən yığcam formaya salınmış əsərin Gəncə şəhərində təhsil alan məktəblilər tərəfindən xarici dildə səsləndirildiyi və Şəkinin Kiş qəsəbəsində uşaqların ifasında səhnələşdirildiyi barədə məlumat verib.
Məlumat üçün qeyd edək ki, xarici tədqiqatçı geniş araşdırmalar zamanı “Xəmsə”də yer alan əsərlərin təkcə baş qəhrəmanlarını deyil, eyni zamanda digər obrazların da ruhi-psixoloji portretini dəqiq təhlil edib, süjet xətti boyunca dəyişən halların xronologiyasının müfəssəl izahını oxucuların diqqətinə çatdırmağa nail olub.
Daha sonra iştirakçı alim-mütəxəssislər tərəfindən Nizami irsində Azərbaycana məxsus musiqi alətləri, Nizami Gəncəvi dövrü və nəsilinin şəcərəsi, Nizami dövrü-mətbəx mədəniyyətimiz, Musiqi Nizami xəmsəsinin səhifələrində, Nizaminin Gəncəsi, Nizaminin yaradıcılığında multikulturalizm, ümumbəşəri dəyərlər, Nizami Gəncəvi əsərlərində türkçülük nümunələri və digər istiqamətləri əhatə edən çıxışlar dinlənilib. Eyni zamanda dahi Nizami irsinin beynəlxaq arenaya tanıdılmasında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanıb.
Tədbirin ədəbi-bədii hissəsində Bakı şəhər M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin “Fantaziya” simli kvartetin ifası, M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasının solisti Talıb İsgəndərovun ifasında “Mümkünmüdür”, Bakı şəhər C. Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, prezident təqaüdcüsü Atilla Məmmədovun ifasında “Sevgili canan”, Müslim Maqomayevin ifasında “Sənsiz” romansları, “Nizami” filmindən fraqment və Bakı şəhəri V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin “Aysel” rəqs kollektivi tərəfindən “Yeddi gözəl” baletindən vals təqdim olunub. Bundan əlavə, Nizami Gəncəvi əsərlərində adları çəkilən Azərbaycan musiqi alətlərindən ibarət sərgi də nümayiş olunub.
Yekunda qeyd etmək istərdik ki, tədbir hibrid formatda – canlı və onlayn təşkil olundu. Tədbir “ZOOM” plotforması vasitəsilə 100-dən artəq izləyici auditoriya tərəfindən izlənilirdi.
Berlin
“Şam kimi əridi ömrün illəri” – ustad şair Əşrəf Veysəllinin yeni şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəllinin yeni şeirlərini oxucularına təqdim edir. 83 yaşlı şairin şeirlərində uzun illər yağı taptağı altında qalan doğma Füzulu rayonunun, eləcə də digər torpaqlarımızın azadlığından doğan sevinc və iftixar, eyni zamanda ömrün ixtiyar yaşının nisgili, keçmiş günlərin həsrəti dil açır.
ORDA BİR KƏND VAR İDİ...
Orda bir kənd var idi, - hər tərəfi gül- çiçək,
Yalların yamacında, dağlar dibində bir kənd.
Orda bir kənd var idi, - ucaboy, enlikürək,
Papağını yan qoyan, əli cibində bir kənd.
Yol qırağında bir ev nur içində üzərdi,
Qoynunda bir cilvəli hamıya naz satardı.
Ayağına dəyən daş ürəyimi əzərdi,
Yoluna çıxan tikan gözlərimə batardı.
Hər dərdin öz loğmanı, hər dərdin öz dərmanı,
Hər ağrının-acının öz əlçarəsi vardı.
Toylarının Əbdülü, Cəmili və İmranı,
Qəmbəri və Məliyi, Aslanı, MirAslanı
Vaylarının yasini – Molla Qarası vardı.
Ona gəc baxanın da xoş baxardı üzünə,
Toylar barışdırardı sevgililər küsəndə.
Yüz yaşlı qocanın da nur gələrdi gözünə
Bacıxanımla Pərzad qol qaldırıb süzəndə.
Orda bir kənd var idi, - xoşbəxtdi övladları,
Şöhrəti dolaşardı şəhərləri, kəndləri.
Hanı əmim Şəfinin zərif zarafatları,
Hanı Balaş dayının məzəli söhbətləri?..
Analar qurd ürəkli Yavərlərindən deyər,
Gözəllərin gözündə dan yeri sökülərdi.
"Şuşanın dağları"nı oxusaydı Qulubəy
Şuşanın dağlarından dumanlar çəkilərdi.
Neçə mərmini yeyib, neçə qurşunu udub,
Ağız açıb, bir kəsdən köməklik istəməzdi.
Yaralı çağında da üz-gözünü turşudub,
Doğma balasına da "ağrıyıram" deməzdi.
Orda bir kənd var idi,..
bəs o kənd hanı indi?-
Daşını da daşnaqlar daşıyıb aparıblar.
O goreşən vəhşilər mənim sevdiyim kəndi
Qarabağdan hayana qaşıyıb aparıblar?!
Orda bir kənd var idi.. şükür! - yenə olacaq,
Onun ümid gülləri bir daha solmayacaq.
Qoynunda yaraşıqlı evlər ucaldılacaq,
Ancaq mənim sevdiyim o kənddən olmayacaq!..
ÜZ- ÜZƏ GƏLMİŞİK...
Ay sözügerçəyim, məni bağışla,-
O gün bu dünyanın yalan günüydü.
Bütün çiçəklərin, bütün güllərin,
Bütün çəmənlərin solan günüydü.
Yağırdı sinəmə qəm löyün-löyün,
Bağrımın başında dərd düyün-düyün...
Əgər inanmırsan, günü də deyim,
Deyim filan ayın filan günüydü.
Gözüm çox yamanı, yaxşını görüb,
Ömrün payızını, qışını görüb...
O gün-əzrayılın işini görüb,
Üzümə qımışıb, gülən günüydü.
Külli kainatın dağılan, uçan,
Ürəyi min yerdən sızlayan, sancan,
Düzlərin ayağım altından qaçan,
Dağların üstümə gələn günüydü.
Onsuz bircə gün də gün görməmişəm,
Dolub gözlərimə çən, - görməmişəm.
Üz- üzə gəlmişik...
mən görməmişəm,
Bağışla, -
anamın
ölən
günüydü.
GÖZÜMLƏ ÇƏKDİYİM ŞƏKİLLƏR
Sınaq məktəbiydi xeyirdə, şərdə,
İnsanlar mehriban yaşayardılar.
Uzaqdan baxanda ermənilər də
Adam balasına oxşayardılar.
Sevgiylə döyünər ürəklərimiz,
Ömrün ən mübarək çağıydı orda
Gah "Qaya Bulaq"dı görüş yerimiz,
Gah da ki "Dodanın bağı"ydı orda.
Gəlişin əridər həsrət buzunu,
Alışıb yanardım bulaq başında.
Qınayan olmasa ömrüm uzunu
Heykələ dönərdim bulaq başında...
İllər uçub getdi..,
illər qanadlı,
Dözülməz olubdur dözümlü dünyam.
Bir az Şahnisəli, bir az Cavadlı,
Bir az da Əzizli, Kazımlı dünyam...
Ömrümüz bir köhnə nağıla döndü,
Bir zaman necə də təzə- təridi.
Hər ötən ilimiz bir kino lenti,
Günlərimiz rəngli şəkillər idi.
Əriyib dibinə çökən gözlərim
Fikrimi dumanlı dağlara çəkir.
O rəngli şəkillər çəkən gözlərim
İndi gördüyünü ağ-qara çəkir...
Şam kimi əridi ömrün illəri...,
Şirin xəyallardan qopa bilmirəm.
Gözlərim çəkdiyi o şəkilləri
Hara qoymuşamsa tapa bilmirəm.
HANI O YUVALAR...
Sözümü, sirrimi bilməzdi heç kim,
Əsən küləklərlə uçub gələrdim.
Açıq darvazanı görməzdi eşqım,
Tikanlı çəpərdən keçib gələrdim.
Xəlvət gəlişimi Qızıl it duyar,
Yeməli nə atsam qapıb məzdəyər.
Sonra da guya ki, gedər yuxuya,
Vurardı özünü görməməzliyə.
Sənsə neçə kərə ev yığışdırar,
Silib, süpürərdin eşiyinizi.
Məni görən kimi bığları qaçar,
Gözləri gülərdi pişiyinizin.
Bəlkə yüz yerindən sızlar ürəyim,
Səni görməyəndə xəstə olardım.
Kasıb komamızın bir gözü daim
Sizin evinizin üstdə olardı.
Saman tayasında, ot mərəyində
Neçə sirlərimiz lal oldu, qaldı.
O bulaq başında, dağ ətəyində
Görüş yerlərimiz qal oğlu qaldı...
Niyə titrəyirsən, Kazımın qızı,
Ağlamaq yadından çıxıbmı sənin.
Son görüş gecəsi darvazanızı
Bağlamaq yadından çıxıbmı sənin?..
Biz harda yatmışıq,
Harda batmışıq?
Daha o evimiz, çəpərimiz yox.
İlaxır çərşənbə papaq atmışıq,
Hələ o papaqdan xəbərimiz yox.
Hanı qurduğumuz yuvalar, hanı,
Quş olub qoynuna uça bilmirik.
Cənnət Qarabağın qapılarını
Elə bağlayıblar,..
aça bilmirik.
SÖZÜN QƏLƏBƏSİ
Vətən, təbrik edirəm, təbrik edirəm səni
Qəlbindəki duyğunun, hissin qələbəsidir.
Susmuş bulaqlarında hərarətin, hənirin
Sönmüş ocaqlarında közün qələbəsidir.
Yurdu bizə əmanət qoyub babalarımız,
Çox qanları su ilə yuyub babalarımız.
"Səbr Allahın adıdır" deyib babalarımız,
Otuz illik həsrətin dözüm qələbəsidir.
Nə yaxşı! - gördüklərim nə yuxudur, nə röya,
Günəş də gülümsəyir nurunu yaya-yaya.
Bu işıqlı dünyaya, yaraşıqlı dünyaya
Zülmətlərdən boylanan gözün qələbəsidir.
Billur kimı suları dərələrdə lillənən,
İstəkləri gül açan, arzuları dillənən,
Əngin səmalarında bayrağımız yellənən
Ərgünəşin, Murovun, Kirsin qələbəsidir.
"Heyratı"nın sədası öz dünyamdan qoparır,
Bu yaşımda məni də "Cəngi" cəngə aparır.
Tarzənin sinəsində tar da tufan qoparır.
Aşığın köksündəki sazın qələbəsidir.
Biz Vətənə can demir, canı qurban deyirik,
Yüzillik düşmənini 44 günə əyirik!,,
Bu şanlı qələbəmiz şər üstündə xeyirin,
Sərt qışın üzərində yazın qələbəsidir.
Vurğunuyuq burdakı hər döngənin, guşənin,
Başına dolanarıq bizi başa düşənin.
Xocalının, Ağdamın, Xocavəndin, Şuşanın,...
İntiqamın, qisasın, hirsin qələbəsidir.
Aynasından ay, ulduz asılan körpələrin,
Oyuncaq dünyaları pozulan körpələrin,
Taleyinə şəhidlik yazılan körpələrın,
Yelləncəkdə yellənən qızın qələbəsidir.
Hamı zəfər eşqində, qələbə həvəsində,
Od yağır komandirin " Atəş!, Atəş!" səsindən...
Qəhrəman əsgərlərin döyüş səlnaməsində
Qızıl hərflə yazılan qızıl qələbəsidir.
Öz fərmanı olurmuş hər vaxtın, hər zamanın,
Möcüzəsi var imiş Şuşamızda dumanın.
Dilinə qurban olum Ali Baş Komandanın,
Cəsarət meydanında sözün qələbəsidir!
ŞUŞA DÖYÜŞÜ
Bu da əsrimizin Şuşa döyüşü,-
Bu da nəslimizin təzə mərdliyi.
Sözdü, - danışsalar, gözdü, - görsələr,
Tanrım gətirməsin gözə mərdliyi.
Bu bir haqq savaşı, - möcüzə döyüş,
Necə də yaraşır gör bizə döyüş...
Bu da əlbəyaxa, üz-üzə döyüş,
Çevirə bilmirəm sözə mərdliyi.
Keçib keçilməyən o şırımları,
Aşıb aşılmayan aşırımları ,
Keçirib qoluna ildırımları
Özəl ordumuzun özəl mərdliyi.
Sevinc duyğuları qəmləri təklər,
Coşub yallı gedər yallar, gədiklər...
Tarzən öz tarını "cəngi"yə köklər,
Aşıq təlim edər saza mərdliyi.
Nəmli gözləriylə odlar götürən,
Qisasa səsləyən, vəcdə gətirən,
Şəhid tabutları altına girən
Analar öyrətdi bizə mərdliyi.
Dünya yalanlardan bezər sonucda,
Haqqı, ədaləti çözər sonucda.
Hərbi dərsliklərə yazar sonucda,
Bu ər döyüşünü, gözəl mərdliyi.
SƏNİ KİMƏ TAPŞIRIM
Səni kimə tapşırım, harda bəsləyim səni,
Sarı simə tapşırım, tarda bəsləyim səni.
Gəzdirim pərdə-pərdə, dinləsin göydə, yerdə,
Çahargahda, Şüştərdə, Şurda bəsləyim səni.
Bu saf, təmiz eşqimiz ay kimi, günəş kimi...
Qon gözümə yaş kimi, torda bəsləyim səni.
Ürəyim dar qəfəsdə, can üstə, son nəfəsdə,
Bir salamat yer göstər, orda bəsləyim səni.
QOCALIĞIN SON NƏĞMƏSİ
Güzgüdə gördüyüm qocadan soruşdum: bu dünyanın axırı necə olacaq?
Cavab verdi ki, axıra qalanlar bilər.
Paltar da ağırlıq edir,
alığımı alın, gedim.
Əyni yuxa, başı açıq,
Ayaqları yalın gedim.
Qayalardan atın məni,
dəryalara qatın məni.
Nə on əlli tutun məni,
nə ardımca gəlin,
gedim.
Dəhmərləyir zaman atı,
gümanımız iman adı...
Olun Allah amanatı,
di salamat qalın,
gedim.
Zəhmətimi itirməyin,
minnətimi götürməyin.
Məni yola gətirməyin,
məni yola salın,
gedim.
Anar Kərimov Vasitəçilik və Mədəniyyətlərarası Dialoq üzrə Xüsusi Səfiri Ramon Blekua ilə görüşüb
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 14-də İspaniyanın Vasitəçilik və Mədəniyyətlərarası Dialoq üzrə Xüsusi Səfiri Ramon Blekua ilə görüşüb.
Səfiri salamlayan nazir ölkələrimiz arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb. Birgə fəaliyyətin əhəmiyyətini qeyd edən Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qarşılıqlı uğurlu əməkdaşlığı bir daha vurğulayıb.
Daha sonra A. Kərimov ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyası haqqında söz açıb. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Nazir səfir Ramon Blekuanı da bu qlobal çağırışa qoşulmağa dəvət edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Ramon Blekua "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal çağırışına dərin marağını ifadə edib. Bu layihə çərçivəsində əməkdaşlığın mühüm olduğunu və Azərbaycanın zəngin mədəni irsinin qorunmasının vacibliyini bildirib. Səfir həmçinin qeyd etdi ki, mədəniyyət xalqları, ölkələri, ümumiyyətlə bəşəriyyəti birləşdirən ən güclü vasitədir.
Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.
Qənirə Paşayeva Əməkdar artist Novruz Qartalı ziyarət edib
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist, tanınmış aktyor Novruz Qartalı (Əliyev) ziyarət edib.
AzərTAC xəbər verir ki, Novruz Qartalın səhhəti, müalicəsinin gedişi ilə yaxından maraqlanan komitə sədri, dövlətin, Heydər Əliyev Fondunun sənətçilərə, onların qayğılarına hər zaman həssas yanaşdığını vurğulayaraq, Əməkdar artistin qayğılarına, o cümlədən sosial-məişət şəraitinə də həssas münasibət göstəriləcəyindən əmin olduğunu bildirib.
Aktyorun 90-cı illərdə ardıcıl olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, hospitallarda hərbçilərimiz qarşısında maraqlı proqramlarla çıxışlar etdiyini minnətdarlıqla xatırlayıb.
Əməkdar artistin “92 dəqiqə gülüş”də Xəstə, “On min dollarlıq keyf”də Dayıoğlu, “Hərənin öz ulduzu”nda Kələntər, “Dəli dünya”da tın-tın Əsəd, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər, “Bankir adaxlı”da Dilənçilər padşahı, “Əlin cibində olsun”da Dilənçi, “Məhəbbət oyunu”nda Daşdəmirov, “Şeytanın yubileyi”ndə Şirvan, “Kələkbazlar”da Əlipaşa və b. rollarını xatırladan Q.Paşayeva ona tezliklə sağlamlığına qovuşmasını diləyib.
Ziyarətdə RHİM İB sədri Arzu Bağırova da iştirak edib.
Bakı Kitab Mərkəzində “Müharibənin səsi” kitabının təqdimatı olub
Bakı Kitab Mərkəzində yazıçı, “Qızıl qələm” mükafatı laureatı Nərminə Məmmədzadənin “Müharibənin səsi” kitabının təqdimatı olub.
Mərkəzdən bildiriblər ki, kitab “Olmayan müsahibə” layihəsi çərçivəsində üç dildə nəşr edilib və 44 günlük Qarabağ müharibəsinin qəhrəman şəhidlərinin xatirəsinə həsr olunub.
Kitaba daxil olunmuş 50-dən çox qısa müsahibə real hadisələrə əsaslanır. Müəllif hər müsahibədə bir şəhidin ruhu ilə söhbət aparır. Hər bir hekayə bir igidin səsidir, o şəhidlərimizin nurlu simalarını bizə açır, əbədi yaşadır. Müsahibələrdən biz mərhum qəhrəmanların kim olduğunu, onların uşaq illəri, yaxınları, dostları, ailələləri, arzu və istəkləri haqqında öyrənirik.
Təqdimatda çıxış edən Nərminə Məmmədzadə kitabın böyük ürək yanğısı ilə yazıldığını bildirdi.
Tədbirdə, həmçinin şəhidlərin ailə üzvləri, mərkəzin direktoru Günel Rzayeva, şairə Şahrun Süleymanlı, yazıçı Nailə Balakişiyeva, eləcə də musiqiçilər Murad Hüseynov və Cavid Məmmədov çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.
Sonda gecədə iştirak edən bütün şəhid ailələrinə kitablar hədiyyə olunub.
Kitabların satışından əldə edilən bütün vəsait “YAŞAT” Fonduna yönəldiləcək.
Teatr Xadimləri İttifaqında Nizami Gəncəvinin 880 illiyi qeyd olunub
Dekabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAC xəbər verir ki, tədbiri Xalq artisti Hacı İsmayılov açaraq Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək bu il ölkəmizdə dahi şairə həsr olunan bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Bildirib ki, bugünkü tədbir də Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Milli Konservatoriyanın təşkilatçılığı ilə reallaşır.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Nizami Gəncəvi yaradıcılığından, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyətindən bəhs edib. “Nizami Gəncəvi mənəvi zənginliyi hər şeydən üstün tutub. O, özünün ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Mübaliğəsiz demək olar ki, Nizami Gəncəvi dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim üçün, eləcə də gələcək nəsillər üçün daim ilham mənbəyi olacaq”, - deyə M.Nağıyev vurğulayıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva yüksək milli-əxlaqi, bədii-estetik, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıb.
Tədbirdə Nizami Gəncəvinin sözlərinə həsr olunmuş musiqi nömrələri səsləndirilib, “Hünərim bir asimandır” adlı tamaşa təqdim olunub.