“Şam kimi əridi ömrün illəri” – ustad şair Əşrəf Veysəllinin yeni şeirləri Featured

 

 “Ədəbiyyat və incəsənət” portalı Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəllinin yeni şeirlərini oxucularına təqdim edir. 83 yaşlı şairin şeirlərində uzun illər yağı taptağı altında qalan doğma Füzulu rayonunun, eləcə də digər torpaqlarımızın azadlığından doğan sevinc və iftixar, eyni zamanda ömrün ixtiyar yaşının nisgili, keçmiş günlərin həsrəti dil açır.

 

 

 

ORDA BİR KƏND VAR İDİ...

 

Orda bir kənd var idi, - hər tərəfi gül- çiçək,

 

Yalların yamacında, dağlar dibində bir kənd.

 

Orda bir kənd var idi, - ucaboy, enlikürək,

 

Papağını yan qoyan, əli cibində bir kənd.

 

 

 

Yol qırağında bir ev nur içində üzərdi,

 

Qoynunda bir cilvəli hamıya naz satardı.

 

Ayağına dəyən daş ürəyimi əzərdi,

 

Yoluna çıxan tikan gözlərimə batardı.

 

 

 

Hər dərdin öz loğmanı, hər dərdin öz dərmanı,

 

Hər ağrının-acının öz əlçarəsi vardı.

 

Toylarının Əbdülü, Cəmili və İmranı,

 

Qəmbəri və Məliyi, Aslanı, MirAslanı

 

Vaylarının yasini – Molla Qarası vardı.

 

 

 

Ona gəc baxanın da xoş baxardı üzünə,

 

Toylar barışdırardı sevgililər küsəndə.

 

Yüz yaşlı qocanın da nur gələrdi gözünə

 

Bacıxanımla Pərzad qol qaldırıb süzəndə.

 

 

 

Orda bir kənd var idi, - xoşbəxtdi övladları,

 

Şöhrəti dolaşardı şəhərləri, kəndləri.

 

Hanı əmim Şəfinin zərif zarafatları,

 

Hanı Balaş dayının məzəli söhbətləri?..

 

 

 

Analar qurd ürəkli Yavərlərindən deyər,

 

Gözəllərin gözündə dan yeri sökülərdi.

 

"Şuşanın dağları"nı oxusaydı Qulubəy

 

Şuşanın dağlarından dumanlar çəkilərdi.

 

 

 

Neçə mərmini yeyib, neçə qurşunu udub,

 

Ağız açıb, bir kəsdən köməklik istəməzdi.

 

Yaralı çağında da üz-gözünü turşudub,

 

Doğma balasına da "ağrıyıram" deməzdi.

 

 

 

Orda bir kənd var idi,..

 

bəs o kənd hanı indi?-

 

Daşını da daşnaqlar daşıyıb aparıblar.

 

O goreşən vəhşilər mənim sevdiyim kəndi

 

Qarabağdan hayana qaşıyıb aparıblar?!

 

 

 

Orda bir kənd var idi.. şükür! - yenə olacaq,

 

Onun ümid gülləri bir daha solmayacaq.

 

Qoynunda yaraşıqlı evlər ucaldılacaq,

 

Ancaq mənim sevdiyim o kənddən olmayacaq!..

 

 

 

ÜZ- ÜZƏ GƏLMİŞİK...

 

Ay sözügerçəyim, məni bağışla,-

 

O gün bu dünyanın yalan günüydü.

 

Bütün çiçəklərin, bütün güllərin,

 

Bütün çəmənlərin solan günüydü.

 

 

 

Yağırdı sinəmə qəm löyün-löyün,

 

Bağrımın başında dərd düyün-düyün...

 

Əgər inanmırsan, günü də deyim,

 

Deyim filan ayın filan günüydü.

 

 

 

Gözüm çox yamanı, yaxşını görüb,

 

Ömrün payızını, qışını görüb...

 

O gün-əzrayılın işini görüb,

 

Üzümə qımışıb, gülən günüydü.

 

 

 

Külli kainatın dağılan, uçan,

 

Ürəyi min yerdən sızlayan, sancan,

 

Düzlərin ayağım altından qaçan,

 

Dağların üstümə gələn günüydü.

 

 

 

Onsuz bircə gün də gün görməmişəm,

 

Dolub gözlərimə çən, - görməmişəm.

 

Üz- üzə gəlmişik...

 

mən görməmişəm,

 

Bağışla, -

 

anamın

 

ölən

 

günüydü.

 

 

 

GÖZÜMLƏ ÇƏKDİYİM ŞƏKİLLƏR

 

Sınaq məktəbiydi xeyirdə, şərdə,

 

İnsanlar mehriban yaşayardılar.

 

Uzaqdan baxanda ermənilər də

 

Adam balasına oxşayardılar.

 

 

 

Sevgiylə döyünər ürəklərimiz,

 

Ömrün ən mübarək çağıydı orda

 

Gah "Qaya Bulaq"dı görüş yerimiz,

 

Gah da ki "Dodanın bağı"ydı orda.

 

 

 

Gəlişin əridər həsrət buzunu,

 

Alışıb yanardım bulaq başında.

 

Qınayan olmasa ömrüm uzunu

 

Heykələ dönərdim bulaq başında...

 

 

 

İllər uçub getdi..,

 

illər qanadlı,

 

Dözülməz olubdur dözümlü dünyam.

 

Bir az Şahnisəli, bir az Cavadlı,

 

Bir az da Əzizli, Kazımlı dünyam...

 

 

 

Ömrümüz bir köhnə nağıla döndü,

 

Bir zaman necə də təzə- təridi.

 

Hər ötən ilimiz bir kino lenti,

 

Günlərimiz rəngli şəkillər idi.

 

 

 

Əriyib dibinə çökən gözlərim

 

Fikrimi dumanlı dağlara çəkir.

 

O rəngli şəkillər çəkən gözlərim

 

İndi gördüyünü ağ-qara çəkir...

 

 

 

Şam kimi əridi ömrün illəri...,

 

Şirin xəyallardan qopa bilmirəm.

 

Gözlərim çəkdiyi o şəkilləri

 

Hara qoymuşamsa tapa bilmirəm.

 

 

 

HANI O YUVALAR...

 

Sözümü, sirrimi bilməzdi heç kim,

 

Əsən küləklərlə uçub gələrdim.

 

Açıq darvazanı görməzdi eşqım,

 

Tikanlı çəpərdən keçib gələrdim.

 

 

 

Xəlvət gəlişimi Qızıl it duyar,

 

Yeməli nə atsam qapıb məzdəyər.

 

Sonra da guya ki, gedər yuxuya,

 

Vurardı özünü görməməzliyə.

 

 

 

Sənsə neçə kərə ev yığışdırar,

 

Silib, süpürərdin eşiyinizi.

 

Məni görən kimi bığları qaçar,

 

Gözləri gülərdi pişiyinizin.

 

 

 

Bəlkə yüz yerindən sızlar ürəyim,

 

Səni görməyəndə xəstə olardım.

 

Kasıb komamızın bir gözü daim

 

Sizin evinizin üstdə olardı.

 

 

 

Saman tayasında, ot mərəyində

 

Neçə sirlərimiz lal oldu, qaldı.

 

O bulaq başında, dağ ətəyində

 

Görüş yerlərimiz qal oğlu qaldı...

 

 

 

Niyə titrəyirsən, Kazımın qızı,

 

Ağlamaq yadından çıxıbmı sənin.

 

Son görüş gecəsi darvazanızı

 

Bağlamaq yadından çıxıbmı sənin?..

 

 

 

Biz harda yatmışıq,

 

Harda batmışıq?

 

Daha o evimiz, çəpərimiz yox.

 

İlaxır çərşənbə papaq atmışıq,

 

Hələ o papaqdan xəbərimiz yox.

 

 

 

Hanı qurduğumuz yuvalar, hanı,

 

Quş olub qoynuna uça bilmirik.

 

Cənnət Qarabağın qapılarını

 

Elə bağlayıblar,..

 

aça bilmirik.

 

 

 

SÖZÜN QƏLƏBƏSİ

 

Vətən, təbrik edirəm, təbrik edirəm səni

 

Qəlbindəki duyğunun, hissin qələbəsidir.

 

Susmuş bulaqlarında hərarətin, hənirin

 

Sönmüş ocaqlarında közün qələbəsidir.

 

 

 

Yurdu bizə əmanət qoyub babalarımız,

 

Çox qanları su ilə yuyub babalarımız.

 

"Səbr Allahın adıdır" deyib babalarımız,

 

Otuz illik həsrətin dözüm qələbəsidir.

 

 

 

Nə yaxşı! - gördüklərim nə yuxudur, nə röya,

 

Günəş də gülümsəyir nurunu yaya-yaya.

 

Bu işıqlı dünyaya, yaraşıqlı dünyaya

 

Zülmətlərdən boylanan gözün qələbəsidir.

 

 

 

Billur kimı suları dərələrdə lillənən,

 

İstəkləri gül açan, arzuları dillənən,

 

Əngin səmalarında bayrağımız yellənən

 

Ərgünəşin, Murovun, Kirsin qələbəsidir.

 

 

 

"Heyratı"nın sədası öz dünyamdan qoparır,

 

Bu yaşımda məni də "Cəngi" cəngə aparır.

 

Tarzənin sinəsində tar da tufan qoparır.

 

Aşığın köksündəki sazın qələbəsidir.

 

 

 

Biz Vətənə can demir, canı qurban deyirik,

 

Yüzillik düşmənini 44 günə əyirik!,,

 

Bu şanlı qələbəmiz şər üstündə xeyirin,

 

Sərt qışın üzərində yazın qələbəsidir.

 

 

 

Vurğunuyuq burdakı hər döngənin, guşənin,

 

Başına dolanarıq bizi başa düşənin.

 

Xocalının, Ağdamın, Xocavəndin, Şuşanın,...

 

İntiqamın, qisasın, hirsin qələbəsidir.

 

 

 

Aynasından ay, ulduz asılan körpələrin,

 

Oyuncaq dünyaları pozulan körpələrin,

 

Taleyinə şəhidlik yazılan körpələrın,

 

Yelləncəkdə yellənən qızın qələbəsidir.

 

 

 

Hamı zəfər eşqində, qələbə həvəsində,

 

Od yağır komandirin " Atəş!, Atəş!" səsindən...

 

Qəhrəman əsgərlərin döyüş səlnaməsində

 

Qızıl hərflə yazılan qızıl qələbəsidir.

 

 

 

Öz fərmanı olurmuş hər vaxtın, hər zamanın,

 

Möcüzəsi var imiş Şuşamızda dumanın.

 

Dilinə qurban olum Ali Baş Komandanın,

 

Cəsarət meydanında sözün qələbəsidir!

 

 

 

ŞUŞA DÖYÜŞÜ

 

Bu da əsrimizin Şuşa döyüşü,-

 

Bu da nəslimizin təzə mərdliyi.

 

Sözdü, - danışsalar, gözdü, - görsələr,

 

Tanrım gətirməsin gözə mərdliyi.

 

 

 

Bu bir haqq savaşı, - möcüzə döyüş,

 

Necə də yaraşır gör bizə döyüş...

 

Bu da əlbəyaxa, üz-üzə döyüş,

 

Çevirə bilmirəm sözə mərdliyi.

 

 

 

Keçib keçilməyən o şırımları,

 

Aşıb aşılmayan aşırımları ,

 

Keçirib qoluna ildırımları

 

Özəl ordumuzun özəl mərdliyi.

 

 

 

Sevinc duyğuları qəmləri təklər,

 

Coşub yallı gedər yallar, gədiklər...

 

Tarzən öz tarını "cəngi"yə köklər,

 

Aşıq təlim edər saza mərdliyi.

 

 

 

Nəmli gözləriylə odlar götürən,

 

Qisasa səsləyən, vəcdə gətirən,

 

Şəhid tabutları altına girən

 

Analar öyrətdi bizə mərdliyi.

 

 

 

Dünya yalanlardan bezər sonucda,

 

Haqqı, ədaləti çözər sonucda.

 

Hərbi dərsliklərə yazar sonucda,

 

Bu ər döyüşünü, gözəl mərdliyi.

 

 

 

SƏNİ KİMƏ TAPŞIRIM

 

Səni kimə tapşırım, harda bəsləyim səni,

 

Sarı simə tapşırım, tarda bəsləyim səni.

 

Gəzdirim pərdə-pərdə, dinləsin göydə, yerdə,

 

Çahargahda, Şüştərdə, Şurda bəsləyim səni.

 

 

 

Bu saf, təmiz eşqimiz ay kimi, günəş kimi...

 

Qon gözümə yaş kimi, torda bəsləyim səni.

 

Ürəyim dar qəfəsdə, can üstə, son nəfəsdə,

 

Bir salamat yer göstər, orda bəsləyim səni.

 

 

 

QOCALIĞIN SON NƏĞMƏSİ

 

Güzgüdə gördüyüm qocadan soruşdum: bu dünyanın axırı necə olacaq?

 

Cavab verdi ki, axıra qalanlar bilər.

 

 

 

Paltar da ağırlıq edir,

 

alığımı alın, gedim.

 

Əyni yuxa, başı açıq,

 

Ayaqları yalın gedim.

 

 

 

Qayalardan atın məni,

 

dəryalara qatın məni.

 

Nə on əlli tutun məni,

 

nə ardımca gəlin,

 

gedim.

 

 

 

Dəhmərləyir zaman atı,

 

gümanımız iman adı...

 

Olun Allah amanatı,

 

di salamat qalın,

 

gedim.

 

 

 

Zəhmətimi itirməyin,

 

minnətimi götürməyin.

 

Məni yola gətirməyin,

 

məni yola salın,

 

gedim.

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.