Super User

Super User

İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Azərbaycanın böyük el sənətkarı, saz və söz sərrafı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim təşkil edib.
AzərTAC xəbər verir ki, İğdırdakı Azərbaycan Mədəniyyət Evində keçirilən mərasimdə yerli ictimaiyyətin tanınmış nümayəndələri, Azərbaycan və Türkiyədən tanınmış sənətçilər iştirak ediblər.
Rəsmi hissədə İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, araşdırmaçı-yazıçı Songül Dündar və “Dünya söz akademiyası” dərnəyinin sədri, professor Hayrettin İvgin çıxış ediblər.
Sonra tədbir çərçivəsində Azərbaycan və Türkiyəni təmsil edən görkəmli saz və söz adamları - azərbaycanlı aşıq Ramin Qarayev və tanınmış el sənətkarları Səlahəddin Dündar və Günay Yıldızın ifalarında zəngin bədii proqram olub.

“İdman da bir incəsənətdir” söyləyənlər əsla yanılmayıblar. Elə hərəkətlərin qrasiyasına və mükəmməlliyinə hesablanmış kikboksinqi götürək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ukraynanın Kiyev şəhərində WAKO təqviminə uyğun olaraq Kikboksinq üzrə beynəlxalq turnir -  "Wizard open" keçirilib.
Turnirə Azərbaycan kikboksinq federasiyasının idmancıları və hakimlər kollegiyasının sədri, beynəlxalq "A" dərəcəli hakim Aydın Ağabəyov da hakim kimi dəvət edilib.
Aydın Ağabəyov turnirin final döyüşlərini və qala gecəsini idarə edib. O, yarışın seçilmiş hakimi kimi Ukrayna Kikboksinq federasiyasının prezidenti Olga Pavlenko tərəfindən mükafat alıb.

Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən çoxlu sayda dünya, Azərbaycan klassiklərinin və müasir yazarların əsərlərinə kitab treyleri çəkilir. Bu kitab treyleri “Kitabxanaçı məsləhət edir” aksiyası çərçivəsində kitabxananın sosial şəbəkələrinə və yutub kanalına yerləşdirilir. Bu “book trailer”lərin çəkilməsində əsas məqsəd kitaba, mütaliəyə olan marağı artırmaq, gənc nəsli maraqlı, faydalı, mütaliəsi mühüm olan yerli və dünya ədəbiyyatı ilə tanış etməkdən ibarətdir. Hazırlanan hər bir kitab treylerlərində müəllifin adının, əsərin süjet xəttinin, əsər haqqında maraqlı nüansların, əsərin motivləri əsasında çəkilmiş filmlərin adlarının və onlar haqqında məlumatların verilməsi vacibdir.
Kitabxanadan AzərTAC-a bildirilib ki, Respublika Gənclər Kitabxanasının sosial şəbəkə istifadəçiləri kitabxananın instaqram səhifəsində və yutub kanalında İlyas Əfəndiyev, Anar, Əlibala Hacızadə, Varis Yolçuyev, Rövşən Abdullaoğlu, Elxan Elatlı, Xalid Hüseyn, Edqar Po, Aqata Kristi, Rəşad Nuri Güntəkin, Fenimor Kuper, Kolin Makkalou, Fyodr Dostoyevski, Con Boyne, Qabriel Qarsiya Markes, Sumeyya Koc, Teador Drayzer, Jül Vern və s. müəlliflərin çoxlu sayda əsərlərinə çəkilmiş “book trailer”ləri artıq izləyiblər.
Son dövrlərdə isə kitabxana əməkdaşları “Kitabxanaçı məsləhət edir” rubrikası altında Ernest Heminqueyin "Əcəl zəngi", Remarkın “Üç yoldaş”, Tatyana De Rosneyin “Saranın açarı”, Conatan Sviftin “Qulliverin səyahəti”, Qurban Səidin “Əli və Nino”, Viktor Hüqonun “Gülən adam” və s. əsərlərə “book trailer”lər hazırlanıb. Azərbaycan və dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərinə həsr olunan bu materiallar Azərbaycan və rus dillərində tərtib edilir və geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulur.

Şənbə, 18 Dekabr 2021 10:02

Mikayıl Abdullayev

“Qırx birin iyunu”

 

Bu ad kimə tanış deyil ki? Hər gün Nizami metrosunda divarlardakı heyrətamiz mozaikalar gözünüzü oxşamırmı? Bax onlar Mikayı Abdullayevin əl işləridir. O, 1921-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olub. 1935-1939- cu illərdə Azərbaycan Rəssamlıq Texnikumunda görkəmli rəssam Əzim Əzimzadənin sinfində təhsil alıb. 1939-cu ildə ilk dəfə ənənəvi “Bahar” sərgisinə qatılıb, nümayiş olunan tabloları böyük rəğbətlə qarşılanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub, S.V.Gera­simov kimi görkəmli rəssamlardan dərs alıb. İlk fərdi sərgisi 36 yaşında, Moskvada keçirilib. 1957-ci ildə “Hindistan silsiləsi”nə və 1958-ci ildə yaratdığı “Sevinc” tablosuna görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb. Yaradıcılığının ən məhsuldar dövrü 60-cı illərə təsadüf edir. 1974-cü ildə “Yeddi gözəl” silsiləsinə görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Rəssam dahi Nizamidən başlamış müasir şair və nasirlərimizə qədər bir çox sənətkarların portretlərini yaradıb, “Kitabi-Dədə Qorqud”, “Molla Nəsrəddin lətifələri”,  “Leyli və Məcnun”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Şəbi hicran” əsərlərinə çəkdiyi illüstrasiyalarla Azərbaycan kitab qrafikası sənətinə böyük töhfələr verib. XX əsrin böyük cinayəti hesab etdiyi 20 Yanvar faciəsindən təsirlənən rəssam 1992-ci ildə “Nakamların dəfni” əsərini yaradıb.

 

Mikayıl Abdullayevin əsərləri Moskva, Berlin, Paris, London, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və Brüsselin sərgi salonlarında nümayiş etdirilib, o, müxtəlif fəxri adlara, təltif­lərə layiq görülüb. SSRİ Rəssamlıq Akademiyasının akademiki, SSRİ Rəssamlar İttifaqının katibi seçilib, 1971-ci ildə C.Nehru adına Beynəlxalq mükafat laureatı olub, sovetin müxtəlif orden, medal və fəxri fərmanlarına layiq görülüb. 1955-ci ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi”, 1963-cü ildə “Xalq rəssamı” fəxri adlarını alıb. 1997-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.

 

2002-ci il avqust ayının 21-də Bakı şəhərində vəfat etmiş dahi rəssam Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!

 

Şənbə, 18 Dekabr 2021 09:54

“Titanik” və Kazemir Maleviç

 

Sabah bazar günü – qeyri-iş günü olduğundan sabaha olan əlamətdar hadisələri də bu gün diqqətinizə çatdırırıq:

 

19 dekabr.

 

Ümumdünya kasıblara yardım günü

 

Statistikaya görə, 20-ci əsrin sonlarında planet əhalisinin dörddə biri – milyard yarım insan yoxsulluq, dilənçilik həddində olub. Yoxsulluğun ləğvi barədə proqramların genişmiqyaslı icrasına isə BMT 10 il əvvəl başlayıb. Yoxsulluq deyiləndə bura təkcə boş ciblər, boş qazanlar aid edilmir, işsizlik, mənzilsizlik, yaxşı təhsilə və müalicəyə imkanın olmaması da özündə yoxsulluğu ehtiva edir.

 

Azərbaycanda rəsmi statistikaya görə yoxsul adam demək olar ki yoxdur, hamı yağ-bal içində yaşayır. Təsadüfən, kiminsə beləsi rastına çıxsa, Allahın və BMT-nin xatirinə, lütfən bu gün ona yardım etsin.

 

Həmişəyaşıl bitkilər günü

 

Həmişəyaşıl bitkilər günüdürsə, nəzərə almalıyıq ki, ölkəmizdə həmişəyaşıl şam və küknar ağacları yetəri qədərdir. Yarpaq tökməyən sitrus bitkiləri də çoxdur. Xüsusən, subtropik cənub zonamız həmişəyaşıl bitkilər üçün vətəndir. Talış dağlarının qoynundakı Hirkan meşələri sözügedən bitkilərin ən unikallarını öz qoynunda bəsləməkdədir. Üstəlik, Azərbaycanda çox nadir Eldar şamı da yetişməkdədir. Odur ki, bu bayram bizlərə xüsusən düşərlidir.

 

Bakıda tez-tez ağacəkmə kampaniyası keçirilir, ən müxtəlif əlamətdar hadisələrə həsr edilən bu aksiyalarda minlərlə həmişəyaşıl ağac əkilir. Bu gün də bir aksiya keçirmək, düşünürəm ki, yerində olardı.

 

Brejnev və “Titanik”

 

BMT bu günə daha bir bayram düzənləyib – Təminat günü. Bu günün məğzi odur ki, insan yaranışından bəri özünü bütün zəruri şeylərlə vaxtında təmin etməlidir. Qida, mənzil, istilik, tibbi ləvazimatlar, nəqliyyat və sair bu qəbildəndir. Burada informasiya təminatı da başlıca rol oynayır. Amerikalılarda isə başlıca məsələ ilin hər bir günündə mətbəx bayramlarına sevinməkdir, bu gün Milli şüşə konfet günüdür, üstəlik, Milli yulaf keksi günüdür.

 

1997-ci ilin bu günündə məşhur “Titanik” filmi ekranlara çıxıb, prokatın 25-ci günündə artıq öz büdcəsinə 200 milyon dollar toplamaqla rekorda imza atıb; 1941-ci ildə 15 yaşlı İngiltərə şahzadəsi Yelizaveta “Zoluşka” tamaşasında baş rol alaraq əsgərlər qarşısında çıxış edib, onları qələbəyə ruhlandırıb; 1917-ci ildə Monreal və Toronto arasındakı matçla Milli Hokkey Liqası fəaliyyətə başlayıb.

 

19 dekabrda dünyaya gələn tanınmışların siyahısına da bir nəzər salaq: 1969-cu ilin bu günündə əfsanəvi cazmen Vaqif Mustafazadənin yadigarı, tanınmış caz ifaçısı Əzizə Cəfərzadə; 1962-ci ildə detektiv romanları ilə ölkədə xeyli populyar olan yazıçı Elxan Elatlı, 1927-ci ildə  görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilov, 1915-ci ildə dünyaşöhrətli fransız müğənni Edit Piaf; 1906-cı ildə “Şiroko şaqaet Azebidjan” deyərək Azərbaycanı faciələrə sürükləyən sovet rəhbəri Leonid Brejnev doğulublar.

 

Dünyaşöhrətli energetik alimimizin yubileyi

 

19 dekabrda tanınmış azərbaycanlı alim Kamal Abdullayevin də 85 illiyidir. Yüksək minerallı və çirkab suların emalı və sənayedə istifadəsi, dəniz suyunun istilik elektrik stansiyalarında kompleks emalı kimi qiymətli tədqiqatlar müəllifi olan Kamal Abdullayev 50-dən artıq elmlər namizədi və 4 elmlər doktoru yetişdirib, 4 monoqrafiyanın və 300-dən artıq elmi əsərin, 20-dən artıq ixtiranın müəllifidir. O, 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və keçmiş İttifaqın “Əlaçı fəxri energetik” adı, elmi nəticələrinə görə isə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları ilə təltif olunub. 2000-ci ildə ekologiya sahəsindəki elmi işlərinə görə “M.Lomonosov” adına və “Y.Məmmədəliyev” adına medallara, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2010-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. Kamal Abdullayevin adı Amerikada çap olunmuş “XX əsrin məşhur alimləri” ensiklopediyasına düşüb və eyni zamanda o, 2012-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutunun “Elmin açarı” mükafatına layiq görülüb. 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Kamal müəllimə cansağlığı və yüz yaş arzulayırıq.

 

“Qara kvadrat”ın doğuluşu

 

Ən nəhayət, 1915-ci ilin 19 dekabrında ünlü rəssam, abstraksizmin bir qolu olan suprematizmin banisi Kazemir Maleviç Petroqradda 39 iş ortaya qoyub ki, bunlardan biri də məşhur “Qara kvadrat” olub. Bilirsinizmi, fitri istedadı olan bu Rusiyada yaşayan polyak rəssamı gənc ikən Moskva rəngkarlıq məktəbində oxumaq istəyib, onu “istedadsızsan” deyə ora qoymayıblar. Gedib işləyib, səfalət içində yaşayaraq rəsmlər çəkməkdə davam edib, inadla yenidən həmin məktəbin qapısını açıb, yenə də onu qəbul etməyiblər. Gedib teatrda dekorasiyalar çəkən, sərgilərə qatılan Kazemir tədricən rəssam kimi tanınıb, vaxt gəlib, “Qara kvadrat” rəsmini çəkərək dünyaca şöhrətlənib, varlanıb. Onun məşhur ikən sərgisinə bir vaxtlar məktəbə girməsinə imkan verməyən müəllimlər də gəlib təzim edərək əl çalıblar.

 

Baxın, həyat budur. Sən zəif ikən üstünə yeriyənlər sən güclənəndə qarşında təzim edirlər. Tanrı sizləri həmişə güclü etsin!

 

Varisin “Həftənin təqvimi” yazısından

 

Türkiyənin populyar “Dibace.net” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) görkəmli Azərbaycan şairi Almas İldırımın türk dilinə tərcümə edilmiş “O mənimdir əzəldən”, “Əlvida, Bakı”, “Türküm” şeirlərinin və şairin yaradıcılığı haqqında məlumatın yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şeirlərin türk dilinə tərcümə müəllifi Mərkəzin türk dili üzrə mütəxəssisi Sənan Nağıyevdir.

Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası olacaq.
Teatrdan AzərTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı – müamiləçi obrazının ifaçısı Azərbaycanın və Kalmıkiyanın (RF) Əməkdar artisti, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Şövqi Hüseynov, səhnə və geyim üzrə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti isə Elməddin Dadaşovdur.
Həyatın dərin qatlarındakı mənaları özündə birləşdirən monotamaşada zamanın qəddar qanunlarından törəyən müxtəlif hadisələr bütün çılpaqlığı ilə göstərilir.
Səhnə əsərində dünyaşöhrətli bəstəkar Alfred Şnitkenin “Uçuş” simfonik əsərindən istifadə olunub.

Şənbə, 18 Dekabr 2021 09:50

Spilberq və Nikulun

 

Bu günə təsadüf edən əsas əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

18 dekabr.

 

Beynəlxalq mühacir günü

 

İnternational Migrants Day 2000-ci ildən qeyd olunur. 1990-cı ilin həmin günündə mühacirlərin və onların ailələrinin hüquqlarının müdafiəsi Konvensiyası qüvvəyə minib. BMT-nin Baş Assambleyası bu zümrədən olan insanların müdafiəsinə qalxmaqla onlara qarşı tətbiq edilən ayrı-seçkiliyə son qoymağa cəhddə bulunub. Son hesablamalara görə, planetin hər 35-ci sakini mühacirdir.

 

Hazırda öz ölkələrindəki zülm və istibdaddan, müharibələrdən kütləvi şəkildə qaçan əfqanlar, suriyalılar dünya sərhədlərini didib-dağıtmaqdadırlar. Təbii ki, azərbaycanlılar da çoxsaylı mühacirləri ilə diqqət mərkəzində olmalıdırlar. Xüsusən, Rusiyada mühacirlərimizin sayı çoxdur, qeyri-rəsmi məlumatlara görə hətta iki milyon civarındadır. Güzəran dalınca qürbətə üz tutanlarımız əfsus ki milyonlarladır. Ən çox adamı ağrıdan da xaricə olan “beyin axınıdır”.

 

Beynəlxalq ərəb dili günü

 

BMT bu günü təqvimə salmaqla yanaşı, həm də ərəb dilini Baş Assambleyanın və onun komitələrinin rəsmi dilləri sırasına da aid edib. Dinimizin dilinin bu qədər ucalması əlbəttə ki, mütərəqqi haldır. İstəyərdim ki, başında zat aliləri Allahşükür Paşazadə dayanan dini qurumlarımız bu fakta diqqət yetirsinlər, ucdantutma ərəbcə bilməyən mollaların peyda olmasına göz yummasınlar. Bir əhvalat danışım. Tələbəlik vaxtı bir dəfə Qazaxın Yuxarı Salahlı kəndinə getmişdim, yas mərasimi idi, bir molla əlində tutduğu kağızdan “Quran” kəlmələrini izhar edirdi, camaat da kirimişcə onu dinləyirdi. Təsadüfən gözüm onun “şparqalkasına” sataşdı, gördüm orda ərəb əlifbası (yəni bizim əski əlifba) ilə Səməd Vurğunun şeiri yazılıb : “El bilir ki sən mənimsən, Yurdum yuvam məkənimsən...” Ehmalca qoluna toxunub qulağına pıçıldadım ki, əlindəki vərəqdə şeir yazılıb. Yalvar-yaxar elədi, dedi çörəyimə bais olma.

 

Qətərin milli günü

 

Nefti və qazı ilə xalqını xoşbəxt edən Qətər dövlətinin bu gün bayramıdır, müstəqilliklərinin ildönümüdür. 1878-ci ilin 18 dekabr günü müstəqil Qətərin qurulduğu gündür. Qətər dövləti quruluşca monarxiyadır. Ərazisi tamamilə səhralıq olan Qətərdə neft və qaz pulları ilə əsl cənnət yaradılıb. Neft və qaz Qətəri Ümumi Daxili Məhsula görə dünyanın lider dövlətinə şevirib. Qətər adambaşına düşən gəlirə görə də dünya lideridir, bu rəqəm bizlərin yuxusuna belə girməyən həddədir – 88222 ABŞ dolları!!! Orada yerli əhali məmurları və biznes sahiblərini çıxmaq şərti ilə demək olar ki işləmir, neft və qazdan adambaşına hesablanan aylıq gəlirlə bəy balası kimi yaşayır, bütün qara işləri gəlmə qasrtobayterlər görürlər.

 

Əslində Qətər barədə çox danışmaq olar, amma qibtə və paxıllıqdan susmağa üstünlük verirəm.

 

Spilberqdən Stalinə qədər

 

Ruslarda “ZAQS” işçiləri, yəni kəbinkəsənlər günüdür. Moldovanlarda polis günü, anqolalılarda mədəniyyət festivalı günləridir. Britaniyalılar Milli Stilton pendiri gününü qeyd edəcəklər. Amerikalılar isə onların açığına Milli Peçenyebişirmə gününü qeyd edəcəklər, üstəlik, “Mən bal sevirəm” gününü qeyd edəcəklər, hələ üstəlik Milli qızartma çoşka gününü də qeyd edəcəklər.

 

Vyetnamlıların bu gün matəm günüdür, 1972-ci ildə ABŞ prezidenti Nikson Şimali Vyetnamın bombalanması əmrini verib, 1600 vətəndaş həlak olub; 1940-cı ildə 3-cü reyx məşhur Barbarossa planını təsdiqləyib; 1963-cü ilin bu günündə dünyaca məşhur Amerika aktyoru Bred Pitt dünyaya gəlib. Onunla eyni gündə ad gününü dünyaca məşhur Amerika rejissoru Stiven Spilberq də qeyd edir. Stiven Breddən 17 yaş böyükdür. 1921-ci ilin bu günündə komedik filmlərinə günü bu gün də sevə-sevə baxdığımız məşhur sovet aktyoru Yuri Nikulin doğulub. 1878-ci ilin 18 dekabrı isə dünyaya İosif Stalin adlı tarixin ən qəddar diktatorlarından birini bəxş edib.

 

18 dekabrda dünyadan köçənlərdən isə çex prezidenti, həm də dramaturqu Vaslav Qaveli (2011), island şairi, island himninin müəllifi Mattias Yokumsonu (1920) və dünyaşöhrətli İtaliya skripka ustası, 1200 skripka düzəltmiş Antonio Stradivarini (1737) göstərə bilərik.

 

Varisin “Həftənin təqvimi” yazısından

 

 

1990-ci ildən 2005-ci ilədək “YUĞ” Dövlət Teatrında, 2006-2007- ci illərdə Milli Akademik Dram teatrında, 2000-ci ildən 2011-ci ilə qədər “İBRUS” Teatrında calışan, teatr səhnəsində “Heydərbabaya salam”, “Şirəbənzər”, “Buninin sonuncu döyüşü”, “Müsyo İbrahim və Quran çiçəkləri” kimi tamaşalarda,  “Otel otağı”, “Küçələrə su səpmişəm”, “Hökmdarın taleyi”, “Qaranlıqlar çiçəyi”, “Əli və Nino” kimi bir çox bədii və sənədli filmlərdə, seriallarda çəkilən, özəl səs tembrinə və ifa tərzinə malik olan Mehriban Zəki saz aləti ilə “Kitabi-Dədə-Qorqud” eposu, Füzuli, Yunus Emrə və bir çox müasir şairlərin şeirlərinə bəstə qoşaraq ifa da edir. O, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən YUNESKO-nun “Kitabi-Dədə Qorqud”un 1300 illik yubiley tədbirində iştirak edib, 2013-cü ildə YUNESKO-da Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş konsert proqramında Məhsətinin obrazını canlandıraraq şeirlərini sazla, sözlə ifa eləyib.

 

Mehriban Zəki 1993-cü ildə Aşqabadda keçirilən “Novruz 93” Teatr Festivalında “Xatun” mono-tamaşasına görə “Ən yaxşı teatr rolu”, 1996-cı ildə Alma-Atada keçirilən Cambul Cabayev Festivalında “Ən yaxşı dastançı”, 2005-ci ildə “Şərq-Qərb” Kinofestivalında “Küçələrə su səpmişəm” filmində “Ən yaxşı qadın obrazı” nominasiyası üzrə mükafatları alıb. İstedadlı aktrisa 1998-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2003-cü ildə Prezident mükafatı alıb.

 

Səmimi qəlbdən təbrik edirik Mehriban xanımı!

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.