1990-ci ildən 2005-ci ilədək “YUĞ” Dövlət Teatrında, 2006-2007- ci illərdə Milli Akademik Dram teatrında, 2000-ci ildən 2011-ci ilə qədər “İBRUS” Teatrında calışan, teatr səhnəsində “Heydərbabaya salam”, “Şirəbənzər”, “Buninin sonuncu döyüşü”, “Müsyo İbrahim və Quran çiçəkləri” kimi tamaşalarda, “Otel otağı”, “Küçələrə su səpmişəm”, “Hökmdarın taleyi”, “Qaranlıqlar çiçəyi”, “Əli və Nino” kimi bir çox bədii və sənədli filmlərdə, seriallarda çəkilən, özəl səs tembrinə və ifa tərzinə malik olan Mehriban Zəki saz aləti ilə “Kitabi-Dədə-Qorqud” eposu, Füzuli, Yunus Emrə və bir çox müasir şairlərin şeirlərinə bəstə qoşaraq ifa da edir. O, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən YUNESKO-nun “Kitabi-Dədə Qorqud”un 1300 illik yubiley tədbirində iştirak edib, 2013-cü ildə YUNESKO-da Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş konsert proqramında Məhsətinin obrazını canlandıraraq şeirlərini sazla, sözlə ifa eləyib.
Mehriban Zəki 1993-cü ildə Aşqabadda keçirilən “Novruz 93” Teatr Festivalında “Xatun” mono-tamaşasına görə “Ən yaxşı teatr rolu”, 1996-cı ildə Alma-Atada keçirilən Cambul Cabayev Festivalında “Ən yaxşı dastançı”, 2005-ci ildə “Şərq-Qərb” Kinofestivalında “Küçələrə su səpmişəm” filmində “Ən yaxşı qadın obrazı” nominasiyası üzrə mükafatları alıb. İstedadlı aktrisa 1998-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2003-cü ildə Prezident mükafatı alıb.
Səmimi qəlbdən təbrik edirik Mehriban xanımı!